Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin hökumət nümayəndələri ilə görüşü zamanı etdiyi çıxış

بسم الله الرّحمن الرّحیم الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّة الله فی الارضین

Rəhman və Rəhim Allahın adı ilə. (1)

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

İlk öncə 14-cü hökumət kabinetinin bütün üzvlərinə, məsullarına və dostlara Allahdan güc-qüvvət diləyirəm. Həm fəal məsullara, həm əməkdaşlara, xüsusilə də bu 12 günlük müharibə sınağında mühüm rol oynamış və cənab Dr. Pezeşkianın da qeyd etdiyi Səhiyyə Nazirliyinə və bu kimi digər qurumlara təşəkkür edirəm. Bu 12 gün ərzində onların sözün həqiqi mənasında göstərdikləri fədakarlıqlardan biz də xəbərdarıq. Onların hamısına öz minnətdarlığımı bildirirəm.

Gərgin və məhsuldar fəaliyyətinə, işinə görə möhtərəm Prezidentə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bu şəkildə, bu motivasiya, bu ruh yüksəkliyi ilə işləmək ölkəmizin ehtiyac duyduğu şeydir. O cümlədən onun Çinə olan son səfəri olduqca uğurlu oldu və bu, ölkəmizin potensial olaraq – faktiki olaraq demirəm – həm iqtisadi, həm də siyasi baxımdan ehtiyac duyduğu mühüm sferalara yol aça bilər. Xoşbəxtlikdən, o, bu səfər vasitəsilə səmərəli nəticələri olacaq bir şəraiti yaratdı və inşallah, bunu davam etdirmək lazımdır.

Söhbətə başlamazdan əvvəl sonda diqqətinizə çatdırmaq üçün qeyd etdiyim bir məqamı bəri başdan deməyi məqsədəuyğun hesab edirəm. Həmin məqam budur: dövlət rəsmilərindən olan dostlarımız xalqla danışanda – Prezidentin bu gün etdiyi çıxış kimi – qoy ölkənin zəif cəhətləri haqqında deyil, gücü, qüdrəti və imkanları haqqında danışsınlar. Düzdür, bizim zəif cəhətlərimiz, nöqsanlarımız, çatışmazlıqlarımız var. Bunlar hansı ölkədə yoxdur ki? Amma bunlarla yanaşı güclü cəhətlərimiz, imkanlarımız da var, bir çox işlər görülüb, bir sıra fəaliyyətlər həyata keçirlib; ona görə də gəlin bunlar haqqında danışaq, bunları xalqa çatdıraq. Bu sahədə həm media, həm teleradio şirkəti, həm də hamıdan daha çox dövlət məsulları məsuliyyət daşıyırlar. Qoy bu şəxslər xalq qarşısında çıxış edərkən, mikrafon önündə dayanarkən ölkənin zəif, gücsüz, ümidsiz və s. cəhətlərini gündəmə gətirməkdən çəkinsinlər. Cənab Prezident bir az əvvəl təxminən yarım saata qədər danışdı; çıxışının hər məqamında ölkənin güclü tərəflərini vurğuladı. Əlbəttə, mən idarəçilik işləri ilə tanışam, illərlə bu sahədə olmuşam. Bilirəm ki, bir şeyi istəmək, bununla bağlı qərarlar qəbul etmək və həmin qərarları icra etmək üçün müəyyən vaxt tələb olunur; bunu hamımız bilirik. Amma insanın istəyinin, məqsədinin, motivasiyasının, qətiyyətinin olması, bacaracağına inanması və bu kimi düşüncələrə malik olması istəklərin reallaşmasında mühüm amildir. Bu, vacib məqamlardan biri idi və mən bu məsələləri qaldırdığına görə cənab Dr. Pezeşkiana səmimi qəlbdən təşəkkür edirəm.

Əziz dostlarımızdan xahiş edirəm ki, xalqa xidmət etmək fürsətinin qədrini bilsinlər. Birincisi, bu fürsət hər kəsə verilmir, ikincisi, həmişə verilmir. Bizim bir neçə illiyə bir vəzifə öhdəliklərimiz var, işimiz var, müəyyən fəaliyyət sferasına sahibik, elə bir sferaya sahibik ki, orada hərəkət edə və iş görə bilərik, xalqa xidmət göstərib Allahın razılığını qazana bilərik. Odur ki, bu fürsəti əldən verməməliyik. Gəlin xidmətlə keçən ömrümüzün hər saatından istifadə edək. Əgər bu tövsiyəyə əməl edib onu yerinə yetirsək, paralel olaraq boş işlərlə məşğul olmasaq, işdə bekarçılığa, ləngimələrə yol verməsək və diqqəti yayındıran şeylərdən qaçsaq, fikrimcə, burada deyildiyi kimi, problemlər öz həllini tapacaq, qısa və ya orta müddətdə çözüləcəkdir. Belə deyil ki, deyək ki, illərlə gözləməli olacağıq. Xüsusilə də əgər söhbət iqtisadi və xalqın güzəranı ilə bağlı olan məsələlərdən gedirsə, daha ciddi addımlar atılmalıdır.

Bu problemlərin həlli üçün xarici dəyişiklikləri də gözləməməliyik. Dünyada, siyasət, diplomatiya aləmində bir sıra hadisələr baş verir. Biz bu hadisələrin nəticəsini gözləməməliyik; öz işimizi özümüz görməliyik. Bu işlərə görə cavabdehlik daşıyan şəxslər həmin işləri həyata keçirməlidirlər. Biz isə üzərimizə düşən vəzifəni yerinə yetiməliyik. Çalışmaq və işləmək ruhiyyəsini düşmənin düşüncəmizə hakim etməyə çalışdığı atmosferə – “nə sülh, nə də müharibə” psixoloji atmosferinə qalib etməliyik. Ölkə üçün zərərli və təhlükəli olan vəziyyətlərdən biri də “nə sülh, nə də müharibə” vəziyyətidir. Əlbəttə, bu, heç də yaxşı deyil. Daim maarifləndirməklə, əməli işlər görməklə, nəticələri göstərməklə çalışmaq, əzmkarlıq və motivasiya ruhiyyəsinin bu vəziyyət üzərindəki üstünlüyünü təmin etməliyik.

Hökumətlərin ən ümdə vəzifəsi milli güc və izzət amilini möhkəmləndirməkdən ibarətdir. Bütün dünyada belədir, hökumətlərin vəzifəsi milli qüdrəti möhkəmləndirməkdir. Bunların da ən mühümü xalqın ruhiyyəsi, motivasiyası və birliyidir. Yəni bu qüdrət amillərini sadalamaq istəsək, onların arasındakı ən önəmli amil xalqın birliyə, ruh yüksəkliyinə, motivasiyaya və optimistliyə sahib olmasıdır. Bu ruhiyyəni həm işimizlə, həm danışığımızla, həm də vəzifəmizə qarşı göstərdiyimiz sədaqətimizlə xalqın düşüncəsində formalaşdırmalıyıq. Əgər xalq bu xüsusiyyəti daşıyırsa, onu daha da gücləndirməli və zəiflədilməsinin qarşısını almalıyıq.

İşlərin düzgün prioritetləşdirilməsinə diqqət yetirmək lazımdır. İş çoxdur, imkan isə – həm maddi resurslar, həm də insan resursları – adətən görüləsi işlərdən daha azdır. Prioritetlər müəyyənləşdirilməlidir. Prioritetlərdəki əsas meyarlardan biri operativlik, digəri isə infrastrukturdur. Bütün bunlar prioritetlərdir. Bəzi işlərin operativ şəkildə həll olunmağa ehtiyacı var, bəzi işlər isə infrastruktur yönümlüdür; bunlar prioritetlərdir. Bunlar nəzərdə saxlanılmalıdır. İdarəetmənin əsas prinsiplərindən biri budur ki, insan bu prioritetləri tapıb müəyyənləşdirə bilsin.

Mən həmçinin cənab Dr. Arifə (2) də öz minnətdarlığımı bildirirəm. Onun hökumət tərəfindən verilmiş qərarların izlənilib nəticəyə çatdırılması üçün təşkil etdiyi toplantılardan məlumatım var. Onun bu səyləri xüsusilə unudulmamalıdır. Həqiqətən də, o, zəhmət çəkir, çalışır və mən onun bu sahədə göstərdiyi böyük səylərdən xəbərdaram.

Hökumətlər xalqın ümumi ehtiyaclarını təmin etməkdə cavabdehlik daşıyırlar, məsuldurlar. Bu ümumi ehtiyaclar xalqın rifahının yaxşılaşdırılması, təhlükəsizlik, səhiyyə, mədəniyyət, həyat tərzi, ekologiya və s. sahələri əhatə edir. Biz bunların arasında prioritet olanları tapıb müəyyənləşdirməliyik; baxmalıyıq ki, bu əsas başlıqlardan hansı biri prioritet xüsusiyyətini daşıyır, onların arasında hansı bölüm üstünlük təşkil edir. Sizin də bildiyiniz kimi, İslam dövlətinin təşkil olunmasının səbəbi İslam maarifi və İslam qanunlarını icra etmək olmuşdur; bunun əksini iddia edən hər kəs həqiqətin əksini deyir. İlk gündən etibarən dahi İmamın (r.ə) şüarı bu idi ki, insan Allah üçün, İlahi maarif, İlahi hədəf və qanunların həyata keçirilməsi üçün çalışmalıdır. O, bunu xalqa açıqladı və xalq da dini motivasiyaya əsasən ayağa qalxıb hərəkətə keçdi. Məhz buna görə də İslam dövlətində işlər Allaha xatir və bu məqsədlərə çatmaq üçün görülməlidir.

Üzərində israrla dayanmaq istədiyim mühüm məsələlərdən biri də işlərin gedişini ardıcıl şəkildə nəzarətdə saxlamaq məsələsidir; nəzarət məsələsidir. Bəzən nəzarət Prezident səviyyəsində həyata keçirilir; Allaha şükürlər olsun ki, bu var. Prezident ostanlara etdiyi səfərlərlə, xalqla qurduğu ünsiyyətlərlə, nazirliklərə baş çəkməklə, yüksək səviyyəli məsullar və əməkdaşlarla yaxından qurduğu təmaslarla həqiqətən də bu işi, nəzarəti həyata keçirir. Bu iş həm çox əhəmiyyətlidir, həm də faydalıdır. Amma bu yetərli deyil; nəzarət aşağıdan yuxarı bütün dövlət strukturlarında həyata keçirilməlidir. Bəzən məsələn, siz bir nazir olaraq hansısa bir qərar qəbul edirsiniz və həmin işin həyata keçməsində də maraqlısınız, bununla əlaqəli müavininizə göstəriş də verirsiniz. Müavininiz də həmin işi başqa bir müdirə həvalə edir; amma işin sürəti iki-üç vasitəçiyə tapşırılmaqla yavaş-yavaş zəifləyir və tamamilə öz qüvvəsini itirir. İş “beyin”dən “barmaqların ucu”na (icraedici qüvvələrə) gəlib çatana qədər ondan heç bir əsər-əlamət qalmır! Halbuki işi “barmaqlar” (icraçı qüvvələr) həyata keçirməlidir, işi yerinə yetirən “əllər”dir, “beyin”lər isə sadəcə göstəriş verirlər. Ona görə də nəzarət mühümdür; iş “əllər”ə qədər (yəni nəticəyə varana qədər), sona kimi nəzarətdə saxlanılmalıdır; çünki fərqli yanaşmalar mövcuddur.

Xoşbəxtlikdən, Allaha şükürlər olsun ki, ölkədə konsensus yaratmaq imkanı var; bu gün bu, mümkündür. Üç qüvvənin başçıları həmfikirdirlər, həmrəydirlər, birlikdə fəaliyyət göstərməyə hazırdırlar. Qərarlar işləyib hazırlayan və qəbul edən strukturların bir çoxu birlikdə çalışırlar. Ona görə də hesab edirəm ki, bu gün konsensus yaratmaq keçmişlə müqayisədə daha asandır. Odur ki, bu fürsətdən istifadə edərək konsensusla əlaqədar olan işləri inkişaf etdirmək, bu istiqamətdə hərəkət etmək lazımdır. İşlər də həqiqətən mühüm işlərdir. Elə onun söylədiyi bir neçə məsələdən biri olan dövlət qurumlarında struktur islahatlarının aparılması, necə deyərlər yüngülləşdirilməsi məsələsidir; yəni varlığı ilə yoxluğu eyni, yaxud eyniyə bənzər olan olan bəzi strukturların ixtisar edilməsi, ya da hansısa bir təşkilatın, nazirliyin və müəssisənin işçilərinin sayının azaldılması. Bunlar həm mühüm, həm də çətin işlərdir, asan işlər deyil. Amma bu gün həmrəylik mövcud olduğuna görə bu işləri reallaşdırmaq mümkündür. Bu işlər görülməlidir, bu işləri həyata keçirmək lazımdır. Bu, böyük fürsətdir. Arada müxtəlif fikirayrılıqları, bir sıra problemlər mövcuddur, bunları həll etmək lazımdır.

İqtisadiyyat məsələsinə gəlincə, ölkənin mühüm məsələlərindən olan bu məsələ ilə bağlı bir neçə tövsiyəm var. Təbii ki, deyiləcək söz çoxdur; onların da qeyd etdiyi kimi, deyiləcək çox şey var, amma qısaca danışmaq lazımdır.

Birinci məsələ, istehsal müəssisələrinin fəaliyyətinin bərpa olunması, dirçəlməsi ilə bağlıdır. Bu sahədə mütəxəssislər, iqtisadiyyatı nəzəri və praktiki şəkildə anlayan hər bir kəs bu fikirdədir ki, istehsal ölkənin iqtisadi inkişafının açarıdır. Ona görə də istehsal məsələsinə xüsusi diqqət göstərin və müəssisələrin fəaliyyətini bərpa edin. Əlbəttə, bir az əvvəl bəzi müəssisələrin elektrik enerjisinin kəsildiyini qeyd etdilər; bəzən fövqəladə hallar yaranır, amma belə hallar istisna olmaqla istehsal məsələsinə ciddi yanaşılmalıdır. Mənim birinci tövsiyəm budur.

İkinci tövsiyəm, strateji məhsulların vaxtında və tam təminatı haqqındadır. Bu, ölkənin əsas problemlərindən biridir. Bəzən belə hallar da olub, hansısa aidiyyəti qurumun rəhbəri bizə məlumat verib ki – niyə bizim idarəmizə məlumat verdiyini bilmirəm – strateji əhəmiyyətli məhsullardan sayılan bir məhsul, məsələn, müəyyən müddət ərzində çatdırılmalı olduğu nəzərdə tutulub, amma hazırda o müddətin üçdə biri qədəri qalıb. Mən müəyyən edilmiş həmin istifadə vaxtlarının adını qeyd etmək istəmirəm, amma bunu demək istəyirəm ki, bu, riskli işdir. Biz strateji məhsulların tədarükünü vaxtında həyata keçirməliyik və məhsul ehtiyatının miqdarı da həmişə tələb olunan normaya əsasən nəzərdə tutulmalıdır. Çünki mümkün risklər mövcuddur; biz də bu risklərin hamısını qabaqcadan proqnozlaşdıra bilmirik. Bir də görürsən ki, bir problem yaranır, bu gün idxal oluna bilən məhsul, başqa vaxt idxal olunmur; bunlar haqqında fikirləşmək, bu kimi problemləri nəzərə almaq lazımdır. Ona görə də ölkədə strateji məhsulların təmin olunduğuna tam əmin olmaq lazımdır. Əgər ölkə bu məhsulların tədarükü ilə vaxtında təmin olunarsa, bu, xalqın süfrəsinə birbaşa təsir edəcək; yəni bu yolla artıq bazarlarda süni və özbaşına qiymət artımları olmayacaq və ərzaq təhlükəsizliyi təhdidi aradan qalxacaqdır. Bu, bir məsələdir.

Strateji əhəmiyyətli məhsullar haqqında bir neçə ildir səsləndirilən məsələlərdən biri də bu məhsulların idxalının rəqabət qabiliyyətli olmasıdır. Bəzi strateji məhsulların idxalı inhisarçılıq xarakteri daşıyır. İnhisarçılıq isə pisdir, bu, qurumların əl-qolunun bağlı qalmasına səbəb olur. Həm idxalın mənşəyi olan ölkələrə, həm də idxala cavabdeh olan şəxslərə rəqabət üçün şərait yaratmağa çalışmaq lazımdır. Bu, ölkəyə məhsul idxalı məsələsində kömək edəcəkdir. Bəzi mütəxəssislər deyirlər ki, əgər rəqabət aparılarsa, bu, ölkədə alışların həm valyuta, həm də rialla tənzimlənən qiymətinin azalmasına səbəb olacaqdır. Bu isə çox gözəl xəbərdir, olduqca mühüm məsələdir.

Hər halda, xalqın məişət məsələsi ölkənin ən mühüm məsələlərindən biridir. Cənab Prezidentin də bayaq qeyd etdiyi kimi, bunu elə tənzimləmək lazımdır ki, vətəndaşlar strateji məhsulların – məsələn, on, ya da bundan bir qədər az olan – əsas çeşidlərini qiymət artımı narahatlığı keçirmədən ala bilsinlər; yəni belə olmasın ki, məhsul bu gün bir qiymətə, sabah isə inflyasiyaya görə ikiqat, ya da buna yaxın bir qiymətə olsun. Bir az əvvəl dostlar elektron kuponlar haqqında danışdılar. Mütəxəssislər, bu sahədən məlumatı olanlar bu deyilənləri təsdiqləyirlər; bu sahədə mənim özümün də məlumatım yoxdur, amma hesab edirəm ki, bu işləri izləmək lazımdır. Həmçinin elektron kuponların tətbiqinə də şərait yarandığını deyirlər; yəni infrastrukturu artıq mövcud olduğu üçün ondan istifadə etmək mümkündür. Məsələn, elə bir mexanizm qəbul olunmalıdır ki, vətəndaşlar narahatçılıq çəkmədən sabit qiymətə bu elektron kuponların vasitəsi ilə on çeşid məhsulu ala bilsinlər. Bu da bu məsələ ilə bağlı digər bir tövsiyədir.

Digər məhsullara gəlincə, bazar qiymətinin tənzimlənməsi haqqında ciddi şəkildə iş görülməlidir. Yəni vətəndaş bazarın başlı-başına buraxıldığını hiss etməməlidir. Məhsul bu gün bir qiymətədir, sabah isə heyrətləndirici bir fərqlə qiymətdə artım olur; burada bir qiymət, o biri tərəfdə başqa bir qiymət! Bazarın başlı-başına buraxıldığının göstəricisi olan bu vəziyyət vətəndaşların ruhiyyəsinə zərər vurur. Bu vəziyyət hiss edilməməlidir.

Məhsul ehtiyatlarından danışmışkən, qış ayları üçün ən mühüm məsələlərdən biri olan təbii qaz ehtiyatı haqqında da danışmaq yerinə düşər. Ölkədə qış aylarında təbii yanacaq çatışmazlığının yaranmaması üçün qaz idxalı və s. istiqamətində indidən müəyyən tədbirlər həyata keçirilməlidir. Bu problemi həm Türkmənistan, həm də digər ölkələr vasitəsi ilə həll etmək olar.

Mənzil məsələsi də önəmli məsələlərdən biridir. Mənzil məsələsi həqiqətən də əsas problemlərdən biridir. Bununla bağlı bizə təkliflər verirlər; biz də icraçı olmadığımıza və bu iş ixtiyarımızda olmadığına görə, onu öz səlahiyyətli məsullarına həvalə edirik. Mənzil məsələsinin tamamilə – hətta tam həll olmasa belə – ya da qismən həlli ilə əlaqədar bizə bəzi təkliflər verilir. Bu təklifləri hörmətli məsullar eşidirlər, ona görə də məsələni izləyib, inşallah, nəticəyə çatdırsınlar.

Digər bir məsələ neftlə bağlıdır. Bir az əvvəl qeyd etdilər ki, neftin həm hasilatı, həm də ixracatı artıb. Amma bununla belə, neft hasilatının ölkə iqtisadiyyatındakı əhəmiyyətinə baxmayaraq – bu, aydındır – bu göstərici yenə də aşağıdır. Bizim neft hasilat üsullarımız köhnə üsullardır; texnikamız köhnədir, üsullar köhnədir və dünyanın neftlə zəngin olan bir çox ölkələrindən geridə qalırıq. Halbuki bu gün, neft sahəsində çalışmış gənc tələbələrin, gənc savadlı kadrların vasitəsilə, şübhəsiz ki, bir çox mühüm işlər görülə bilər. Bununla əlaqəli onlardan kömək istənilməlidir. Əvvəlki hökumətin vaxtında bu məsələdə biz bir problemlə qarşılaşmışdıq. Çətin məsələ idi. İki-üç tələbə yanımıza gəlib dedi ki, biz bu problemi həll edərik. Biz onları Dövlət Neft Nazirinin yanına göndərdik. Sonra nazir bizə bu problemin həll olduğunu söylədi. Onu demək istəyirəm ki, bəlkə də bir neçə gənc tələbə, bir neçə gənc savadlı kadr neft hasilatında, neftin çıxarılmasında və bu kimi işlərdə dönüş yarada bilər. Neft ixracatı sahəsində daha fəal olmağa ehtiyacımız var; yəni neft sahəsində alıcıların müxtəlif və çoxsaylı olması önəmli məsələlərdəndir və bu məsələ, inşallah, mütləq izlənilməlidir.

Bir neçə tövsiyə də israfla bağlı vermək istəyirəm. Biz həqiqətən də israfçılığa yol veririk! Bir neçə il bundan əvvəl insanlar israf etməsinlər deyə, mən ilin şüarının məzmununu “İsrafçılığa yol verməmək” (3) – o şüar indi dəqiq yadımda deyil – təyin etmişdim. Yanımıza gəlib dedilər ki, hər kəsdən daha çox israf edən sizsiniz, hamıdan daha çox israfa yol verən hökumətdir. Baxdıq ki, düz deyirlər; istər elektrik enerjisi, istər təbii yanacaq, istər su, istərsə inzibati idarələr, istərsə də ezamiyyət baxımından israfçılığa yol verilir. Lazımsız ezamiyyətlərə nə ehtiyac var? Bir çox ezamiyyətlərə heç ehtiyac da yoxdur. Bundan başqa zərurətdən əlavə iki qat, üç qat sayda müşayiətçilərlə təşkil olunan ezamiyyətlərə nə ehtiyac var? Əgər harasa ezamiyyətə getmək lazımdırsa, iştirakı zəruri olan məhdud sayda müşayiətçi ilə gedilsin. Yaxud da ezamiyyətə gedilən yerlərdə bahalı otellərdə qalmaq! Bunlar israfdır. Bu israflara yol verməmək lazımdır. Çünki gəlir az olanda, xərc də az olmalıdır:

چو دخلت نیست، خرج آهسته‌تر کن
که میگویند ملّاحان سرودی
اگر باران به کوهستان نبارد
به سالی دجله گردد خشک‌رودی

“Əgər gəlirin azdırsa, az xərclə. Dənizçilər belə deyirlər: əgər dağlara yağış yağmasa, quruyar bir il ərzində Dəclə çayı”. (4)
Əvvəlcə büdcəni doldurmağı, sonra xərcləməyi düşünmək lazımdır.

Sonda diqqətinizə çatdırmaq istədiyim məsələ Qəzza və məlun sionistlərin törətdikləri görünməmiş cinayətləri haqqındadır. Bütün bu cinayətlər, bütün bu törədilən faciələr insanı, doğrudan da, dəhşətə gətirir! Bu cinayətlərə görə onlar heç utanmırlar, həya etmirlər; açıq şəkildə dilə gətirirlər, deyirlər: “Biz bunu edirik, etmək istəyirik və edəcəyik də”. Buna mütləq bir çarə tapmaq lazımdır. Bəli, doğrudur, Amerika onu dəstəkləyir və Amerika böyük bir gücdür, buna şübhə yoxdur. Amma bu vəziyyətlə mübarizə yolları bağlı deyildir. Etiraz edən ölkələr – bu gün bu, həm İslam, həm də qeyri-İslam ölkələrinə addir – xüsusilə də İslam ölkələri sionist rejimlə ticarət əlaqələrini və hətta siyasi əlaqələrini də tamamilə kəsərək onu təcrid etməlidirlər. Əlbəttə, bu gün məlun sionist rejimi dünyanın ən təcrid olunmuş, ən mənfur dövlətidir; buna şübhə yoxdur. Amma daha çox şey etmək də mümkündür. Bütün yollar onun üzünə bağlanmalıdır. Bu, bütün dövlətlərin üzərinə düşən bir vəzifədir. Hesab edirəm ki, bizim diplomatiyamızın əsas istiqamətlərindən biri bu olmalıdır: təşviq etməliyik ki, dövlətlər ilk növbədə sionist rejimlə ticari əlaqələrini, daha sonra siyasi əlaqələrini kəssinlər.

Burada bir-iki cümlə də söz və qələm sahibləri ilə bağlı qeyd etmişəm və o da budur: qəzet və məqalə yazarları, teleradio və virtual məkanlarda çıxış edənlər öz ölkələrinin əleyhinə danışmağa çalışmasınlar. Ölkənin zəif cəhətlərini dilə gətirməsinlər, ölkənin güclü tərəflərini xalqa tərənnüm etsinlər. Həqiqətən də mövcud olan güclü yönlərini, imkanlarını açıqlasınlar, xalqa bunları çatdırsınlar.

Allah-Taala bu ağır və mühüm vəzifənin öhdəsindən ən yaxşı şəkildə gəlmək üçün sizin hamınıza kömək olsun, yardım etsin. Dualarım sizinlədir.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

________________________

(1) Görüşün əvvəlində prezident cənab Məsud Pezeşkian məruzə ilə çıxış etmişdir.
(2) Birinci vitse prezident cənab Məhəmmədrza Arif
(3) “İstehlak etalonun islahı”; bax: “Yeni ilin gəlişi münasibəti ilə çıxış” (01.01.1388) (red: 21.03.2009)
(4) Sədi, “Gülüstan”, 7-ci fəsil