بسم الله الرّحمن الرّحیم الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّة الله فی
الارضین
Rəhman və Rəhim Allahın adı ilə. (1)
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.
Qum elmi-teoloji mərkəzinin təqdirəlayiq fəaliyyətlərindən biri də, həqiqətən, yeri görünən bu anım mərasimi idi. Mərhum Naini bir vaxtlar Nəcəf mühitini özünəməxsus sözləri, düşüncələri ilə təsiri altına almışdı. Amma sonradan demək olar ki, o, teoloji fəaliyyətdən, elmi təfəkkürdən və bu sahədəki məşhurluqdan tamamilə uzaqlaşdı və onun şəxsiyyətinə çox az diqqət yetirildi. Əlbəttə, Qumun görkəmli şəxsiyyətlərinin onu hörmətlə yad etdiklərinin şahidi olmuşuq və Nəcəfdəki tələbələrinin də mərcəyi-təqlid dərəcəsinə yetişdiklərindən də məlumatımız vardır. Amma bununla yanaşı, bu xüsusiyyətlərinə rəğmən cənab Naininin (Allah ondan razı olsun) şəxsiyyətinə çox az diqqət göstərilmişdir. İndi siz belə bir tədbir təşkil etmisiniz; inşallah, onun şəxsiyyətinin elmi, praktiki və siyasi yönləri bu fəaliyyətlər sayəsində hamıya məlum olar.
Mərhum Naini, sözsüz ki, qədim Nəcəf teoloji məktəbinin ən uca sütunlarından biridir. Min illik tarixə sahib olan Nəcəf teoloji mərkəzinin enişli-yoxuşlu yolları olmuşdur. Müəyyən dövrlərdə bəzi görkəmli din xadimləri orada fəaliyyətlə məşğul olmuşlar, amma bəzən – məsələn, Hillə və digər yerlərlə müqayisədə – bu kimi şəxsiyyətlərin fəaliyyət göstərmədiyi vaxtlar da olmuşdur. Amma təxminən 200 ildən bəri, yəni mərhum Behbəhaninin Nəcəfdə yaşayan şagirdləri – mərhum Behbəhani özü Kərbəlada yaşayırdı, amma onun bu görkəmli, bu məşhur tələbələri Nəcəfdə yaşayırdılar, oranın sakini idilər – mərhum Bəhrul-Ulum və Kaşifəl-Ğitanın dövründən indiyə kimi Nəcəf teoloji mərkəzi elmi baxımdan daha çox canlanmış, daha da dirçəlmiş və bizim fiqh və üsul elmi tariximizdə əvəzolunmaz şəxsiyyətlər – Şeyx Ənsari, mərhum Sahibi Cavahir (2) və ya mərhum Axund (3) və s. kimi böyük şəxsiyyətlər – yetişdirmişdir. Bu görkəmli şəxs, yəni mərhum Naini belə şəxsiyyətlərdən biridir; yəni o, həmin bu dövrün ən üstün və görkəmli şəxslərindən idi.
Onun peşəkar fəaliyyətində, yəni fiqh, xüsusilə də üsul elmi sahəsindəki ən mühüm xüsusiyyətlərindən biri “sistemləşdirmək” idi. Yəni o, üsul elmini yeni elmi forma ilə, yeni bir baxışla, yeni bir qayda, yeni bir tərtib ilə, hər bir mövzuya ön sözlər yazmaqla izah edərdi. Ondan əvvəlki üsul alimlərinin kitablarında, fiqhi əsərlərində belə üsluba nadir hallarda rast gəlinirdi. Yəni mən bu elmi belə bir tərtiblə, belə bir qayda ilə açıqlayan birini xatırlamıram; məsələn, hansısa din alimi izah etmək istədiyi mövzunu müqəddimə ilə, xüsusi ardıcıllıq və nizamla davam edib tamamlasın. Əllamə Naininin tamamilə mükəmməl bir üslubu vardı. Bəlkə də mərhum Axundun dövründən sonra tələbə və din alimlərinin onun dərslərinə – belə ki, onun dərsləri Nəcəfin birinci dərəcəli dərsləri idi – axın etməsinin səbəblərindən biri onun intellektual və elmi cəhətdən müəyyən sistemə və bəlağətli ifadə tərzinə sahib olması idi. Baxmayaraq ki, o, Nəcəfdə üsul elmini farsca tədris edirdi – axı Nəcəfdə dərslər ərəbcədir, amma o, farsca dərs verirdi – bir çox ərəb dilli tələbələr onun dərslərində iştirak edirdilər. Belə bir xoşbəxtlik mənə nəsib olmamışdır, amma eşitdiyimə görə, özü milliyyətcə ərəb olan mərhum Şeyx Hüseyn Hilli (Allah ondan razı olsun) üsul dərslərini fars dilində tədris edirdi, çünki bu dərsi müəllimindən farsca mənimsəmişdi! Əllamə Naininin belə bir özünəməxsus izahı və aydın düşüncə tərzi vardı.
Vicdanla desək, onun “Üsul elmi”nə gətirdiyi yeniliklər heyrətamiz dərəcədə çoxdur, olduqca çoxdur. Onun “Üsul elmi”nin müxtəlif bölümlərində etdiyi yeniliklər – istər mərhum Şeyx Ənsarinin fikirləri ilə bağlı etdiyi açıqlamalar olsun, istərsə də özünün birbaşa açıqladığı məsələlər olsun – say etibarı ilə olduqca çoxdur. Bu mövzular elmi baxımdan müzakirəyə açıq mövzulardır. Bu, bir məqam.
Mənim fikrimcə, cənab Naininin ən mühüm xüsusiyyətlərindən biri onun tələbələr yetişdirməsidir. Mən belə bir xüsusiyyətə sahib olanlarla az rastlaşmışam. Bəli, bu son zamanların məşhurları arasında mərhum Axund Xorasaninin tələbələri də çox olmuşdur, onun görkəmli tələbələri – say baxımından deyil, üstünlük baxımından – çox idi. Mərhum cənab Naini də belə idi; onun da görkəmli tələbələri çox idi. Yəni üstün keyfiyyətə sahib tələbələr yetişdirmək çox önəmli cəhətdir. Mənim xatırladığım qədər təxminən h.q. 1377-ci illərdə Nəcəfin mərcəyi-təqlidlərinin hamısı onun tələbələri olmuşdur; cənab Xoyi (4), mərhum Həkim (5), mərhum seyid Əbdülhadi (6) və o dövrün müasirlərindən olan mərhum ağa Mirzə Baqir Zəncani, ya şeyx Hüseyn Hilli, mərhum ağa Mirzə Həsən Bocnurdi kimi görkəmli şəxslərin hamısı cənab Naininin tələbələri idilər. Əlbəttə, bu böyük şəxsiyyətlərin bəzisi başqa din alimlərindən də dərs almışdılar. Məsələn, mərhum Həkim kimi; o, eyni zamanda cənab Ziyanın görkəmli tələbələrindən idi. Amma bu şəxslərin, bu mərcəyi-təqlidlərin çoxu cənab Naininin tələbələri olmuşdu. Çox sayda tələbələrə sahib olmaq və böyük dini şəxsiyyətlər yetişdirmək ona xas cəhətlərdən biri idi. Bu onun elmi xüsusiyyətləri haqqında idi ki, bir-iki cümlə ilə mən diqqətinizə çatdırdım.
Amma onu nadir şəxsiyyətə çevirən və onda son dövrlərin müctəhidlərində olmayan mühüm bir cəhət var – keçmişdəki alimlər arasında belə bir xüsusiyyətə sahib olan kimsəni xatırlamıram – və bu da onun siyasi yanaşmaya sahib olması ilə bağlıdır; başqa sözlə desək, onun siyasi düşüncəsidir. Siyasi düşüncə siyasi tendensiyadan fərqlidir. Bəzi müctəhidlər siyasi tendensiyalı idilər. Mərhum ağa Axund, mərhum ağa Şeyx Abdullah Mazandarani və s. bunlar siyasi tendensiyalı idilər. O vaxtlar, hətta tələbələr arasında belə, siyasi tendensiya vardı. Bunun səbəbi Misir, Şam və bu kimi şəhərlərin nəşriyyatlarının Nəcəfin kitabxanalarına yol tapması, bu nəşriyyatların Seyid Camal, Məhəmməd Əbduh kimi şəxslərin düşüncələrinin təsiri altında olması və yeni fikirləri gətirməsi idi. Mərhum Nəcəf Quçani xatirələrində qeyd edirdi ki, orada çoxsayda siyasi tendensiyalı tələbələr vardı. Din alimləri arasında da siyasi tendensiyalılar vardı. Amma siyasi tendensiya, siyasi maraq, hətta siyasi fikir söyləmək başqa bir şeydir, siyasi düşüncəyə sahib olmaq isə başqa bir şeydir. Cənab Naini siyasi düşüncəyə, təfəkkürə sahib bir şəxs idi. Onun “Tənbihul-Ümmə” kitabı həqiqətən də diqqətdən kənarda qalmışdır. Bu kitabı yenidən çap etdirən mərhum Taliqaniyə Allah rəhmət etsin, eşitdiyimə görə, bu kitabın məşhur olan və toplanmış əvvəlki çapı dövrün tələbləri üçün yararsız idi. O, bu kitabı yenidən çap etdirdi, mətnaltı qeydlər qoydu və s. Amma bu kitab mühüm kitab olmasına baxmayaraq, indiyə kimi diqqətdən kənarda qalmışdır. Onun bu kitabda toxunduğu məsələləri mən indi qısaca diqqətinizə çatdıracağam.
Əvvəla, o, İslam hökumətinin qurulmasının tərəfdarı idi. Yəni bunun özü İslam hökumətinin təşkil olunması üçün bir fikirdir, bir ideyadır. Əlbəttə, o, hökumətin quruluşunu konkret olaraq açıqlamır, amma İslam hökumətinin təşkil olunmağının vacibliyini “Tənbihul-Ümmə” kitabında açıq-aşkar qeyd edib. Bunun özü olduqca mühüm bir məqamdır.
İkinci vacib məqam budur ki, təşkil olunacaq bu İslam hökumətinin əsası “Vilayət” məsələsi olmalıdır. O, monarxiya diktaturası qarşılığında “Vilayət hökuməti” ifadəsini işlədib. Məncə, o, monarxiya diktaturası, monarxiya hökuməti qarşısında“Vilayət hökuməti”, “İslama və vilayətə əsaslanan hökumət” ifadəsini işlədib; yəni təşkil olunmalı olan bu hökumətin forması, məğzi “Vilayət”dən ibarətdir ki, bunun özü də çox mühüm və eyni zamanda geniş müzakirəyə açıq məsələdir. O, bunu açıq şəkildə bildirib. Bu da başqa bir məqam.
Digər çox vacib məqam isə “milli nəzarət” məsələsidir. O, hesab edir ki, hökumət nəzarət altında olmalıdır; məsul şəxslərin hamısı məsuliyyət daşıyırlar və nəzarət altında olmalıdırlar. Yaxşı, bəs bunlara kim nəzarət etməlidir? Onun ifadəsi ilə bu nəzarəti qanunverici orqan olan “Nümayəndələr Məclisi” həyata keçirməlidir. “Nümayəndələr Məclisi” fəaliyyət baxımından hazırkı “Şura Məclisi”nə bənzəyir. Bəs “Nümayəndələr Məclisi”ni kim təşkil etməlidir? Bu, xalq tərəfindən təşkil olunmalıdır; yəni xalq seçkilərdə iştirak etməklə “Nümayəndələr Məclisini” təşkil etmiş olur. Bundan sonra “Nümayəndələr Məclisi” qanunlar qəbul etməli, qərarlar verməlidir. Amma bu qanunvericilik görkəmli din alimləri tərəfindən – yəni Keşikçilər Şurası tərəfindən təsdiqlənmədikcə heç bir etibarı yoxdur; o, bu cür izah edir. O, izah edir ki, “Nümayəndələr Məclisi”nin qəbul etdiyi qanunlar din alimləri və İslam fəqihləri tərəfindən təsdiqlənmədikcə etibarlı hesab olunmur.
“Nümayəndələr Məclisi”ni xalq seçməlidir; o, qeyd edir ki, bu əməl “vacib müqəddimə” (xalqın seçkilərdə iştirakını vacib edən zəruri səbəblər) olduğuna görə xalqın bu seçkilərdə iştirakı vacibdir; O, “vacib müqəddimə” ifadəsini işlədir və bunun zəruri olduğunu qeyd edir. Ona görə də bu seçki vacibdir. O, yaxşı işlərə dəvət, pis işlərdən çəkindirmək, hesablamaların aparılması, tam məsuliyyət hissi ilə işə yanaşmaq və s. kimi məsələlərə əsaslanaraq xalq seçkilərinin vacib olduğunu bildirir.
Sizin də gördüyünüz kimi, o, siyasi ideya olaraq elə bir hökumət təsvir edir, elə bir hökumət təqdim edir ki, bu hökumət, əvvəla, bir hökumətdir, qüdrətdir, ikincisi, xalqa dayanıqlıdır, xalqın seçimidir, üçüncüsü isə dini məfhumlara, İlahi qayda-qanunlara əsaslanır. Bunlar – yəni İslama və xalqa əsaslanan hökumət – olmadan, bu hökumətin qurulmasının mənası yoxdur. Əgər İslama və xalqa əsaslanan bu hökuməti günümüzün ifadəsi ilə demək istəsək, bu, “İslam Respublikası” olardı. “Respublika” dedikdə – xalq, “İslam” dedikdə isə İslam dini nəzərdə tutulur. Əlbəttə, o, bu kimi ifadələri nə işlədib, nə də açıqlayıb. Amma onun sözü budur: xalq tərəfindən seçilən və xalqın ciddi nəzarəti altında olan dindar, saleh və mömin insanlardan ibarət hökumət təşkil olunsun. Hər bir sahəyə məsullar təyin olunmalı, cavabdehlik daşımalı və sualları cavablandırmalıdırlar. "Nümayəndələr Məclisi" də qanunlar qəbul etməlidir və bu qanunlar da din alimləri tərəfindən təsdiqlənmədikcə heç bir etibarı yoxdur. Bunlar onun sözləridir. Bunlar çox önəmli məsələlərdir.
Biz böyük şəxsiyyət Naininin fikirlərini oxuyuruq, istifadə edirik, onları həm öyrənir, həm də öyrədirik, amma bu fiqhi prinsiplərə diqqət etmirik. Diqqət etməliyik ki, o, əsassız danışmır, fiqhi metodla danışır. Yəni qeyd etdiyim bütün bu məsələləri o, bir fəqih kimi fiqhi prinsiplərə dayanaraq izah edir, bu şəkildə açıqlayıb isbat edir. O, həm dini mətnlərin dəlalət etdiyi məsələləri, həm də ürfi mülahizələri nəzərə alaraq, bir fəqihin göstərməli olduğu diqqəti, dəqiqliyi göstərir. Necə ki, bu, fiqh sahəsində məqbul bir metoddur və o da bu mövzularda eyni metodla hərəkət etmişdir. Mənim fikrimcə, o nadir şəxslərdəndir; ümumiyyətlə, din alimlərimiz arasında belə bir fərd yoxdur. Bu kitaba rəy yazan mərhum Axund da bunu tamamilə təsdiqləyir. Cənab Axund da sıradan bir şəxsiyyət deyildir və bu kitabı o da tamamilə təsdiqləmişdir. Fikrimcə, o, bu kitabı oxumuş və ondan istifadə etmişdir; yəni ümumiyyətlə, bu kitabdan o yararlanmışdır. Hesab edirəm ki, “Tənbihul-Ümmə” kitabı olduqca mühüm bir kitabdır. Bunlar onun şəxsiyyəti haqqında olan xüsusiyyətlər idi.
Bu kitabın ortadan yığışdırılmasına gəlincə, bunun məsuliyyəti buna səbəb olanların üzərinə düşür. Hadisədən də belə məlum olur ki, bu həqiqətən də baş vermişdir. Çünki şayiələrdən başqa, mərhum atamın (7) Nəcəfdə olan, ora gedib-gələn, onu tanıyan dostlarından da eşitmişdik ki, bu kitabı o öz əli ilə çox böyük zəhmətlə toplamışdır; bu kitab əldə olmasın deyə, kimdə vardısa, pulla almışdı. Bunun səbəbi nə idi? Belə bir fiqhi bacarığa, arqument gücünə malik olan bir fəqih bir kitab yazsın sonra da heç bir səbəb olmadan öz fikrindən daşınıb, o kitabı ortadan yığışdırsın; bunu təsəvvür etmək sadəlövhlük olardı! Bu, heç də məntiqli deyil. Fəqihlərin fiqhi nəzərləri dəyişə bilər, amma kitabı ortadan yığışdırmağın başqa bir səbəbi vardır. Bu səbəb də ondan ibarət idi ki, Nəcəfdə inikas olunan məşrutə hadisəsi (konstitusiyalı hökumət) və mərhum Axundun, eləcə də mərhum Şeyx Abdullah Mazandaraninin və digərlərinin bütün həyatlarını qurban verdikləri o hadisə reallıqda baş verənlərdən fərqli idi.
Ümumiyyətlə, Nəcəfdə baş verən o hadisədə heç “Məşrutə” adı hallanmırdı da. Onların istədikləri ədalətli hökumət idi, zülmün aradan qaldırılması idi, zülmə qarşı dirəniş və mübarizə idi. “Məşrutə” və buna bənzər sözləri ingilislər ortaya atmışdılar; bu adı dilə gətirən də, davranışları təyin edən də onlar idi. Bir işi ki, ingilislər görəcək, o işin hara varacağı da məlumdur; araya müxtəlif ixtilaflar, davalar düşəcək, ardınca da vəziyyət elə bir yerə gəlib çatacaq ki, Şeyx Fəzlullah kimi şəxslər edam olunacaq, mərhum seyid Abdullah Behbəhani kimilər terror ediləcək, Səttərxan, Baqirxan kimiləri o cür aradan götürüləcək; Səttərxan bir cür, Baqirxan da başqa cür. Bunlar Nəcəfdə inikas olunanda bu şəxslər bu hadisəni dəstəklədiklərinə görə peşmançılıq hissi keçiriblər. Mən belə hesab edirəm ki, cənab Naini belə bir mərhələdə mövqe tutubdur. O, görüb ki, özünün arqumentlərə əsaslanan, elmi fiqhi kitabı ilə qəbul etmədiyi, mübarizə aparmalı olduğu bir şeyə kömək edibdir. Və bu da ingilislərin İranda yaratdıqları həmin o konstitusiyalı hökumət, təşkil etdikləri parlament və bunların ardınca baş vermiş, məsələn, mərhum Şeyx Fəzlullah Nuri və digərlərinin şəhadəti ilə nəticələnmiş hadisələr idi.
Mənim fikrimcə, o tayı-bərabəri olmayan bir fəqihdir, böyük din alimidir. Elmi baxımdan o, olduqca yüksək bir mövqedə dayanır; onun elmi haqqında danışıldı, etiqadına, dindarlığına və digər xüsusiyyətlərinə toxunuldu. Eşitdiyimə görə, yəni belə deyilər ki, onun mərhum Axund Molla Hüseynqulu ilə də əlaqəsi var imiş; o, Samirradan Nəcəfə gəldikdə mərhum Axund Molla Hüseynqulu ilə görüşərmiş. Samirrada olan, yaşayan mərhum Molla Fəthəli ilə də əlaqəsi olub; amma bu əlaqə bir az fərqlı imiş. Hər halda, onun bu böyük şəxsiyyətlərlə belə bir əlaqəsi varmış. İsfahanda da olduğu müddətdə mərhum Cahangirxanla da əlaqə saxlamışdır. Deyilənlərə görə, o, Cahangirxandan da təhsil almışdır; yəni fəlsəfə və bu kimi dərslərlə məşğul olmuşdur. O, mənəviyyat insanı idi. Bir neçə gün bundan əvvəl cənablardan bir söz eşitdim, bəzi böyük şəxsiyyətlərin dilindən nəql edirdilər ki, o, gecə namazını böyük mənəvi hal ilə qılarmış. Onun Həmədanda yaşayan kürəkəni – ailədən biri olan və bu kimi şeyləri gözləri ilə görən mərhum Ağanəcəfi – cənab Naininin gecə namazı haqqında danışırdı ki, o gecə namazını başqa bir mənəvi halla qılarmış; Allaha yalvarışı, Onunla münacatı başqa imiş. Aydın məsələdir ki, bütün bu xüsusiyyətlər düzgün yolu tapmaqda, bu yolda irəliləməkdə və nəticəyə çatmaqda insana kömək edir.
Ümid edirəm ki, inşallah, sizin istər Qumda, istər Nəcəfdə, istərsə də Məşhəddə təşkil etdiyiniz olduqca maraqlı olan bu konfransınızın nəticəsi uğurlu olacaqdır. Məşhəddə də yaxşı iş həyata keçirmisiniz. Mərhum Milani Məşhəddə həqiqətən də cənab Naininin adını canlandırmışdır. Çünki Məşhəddə daha geniş yayılan düşüncə cənab Axundun düşüncə tərzi idi. Bunun səbəbi isə mərhum Axundun oğlunun orada yaşaması idi. Əlbəttə, mərhum Mirzənin ən görkəmli tələbələrindən olan mərhum Mirzə Mehdi İsfəhani Məşhədə gəldikdən sonra cənab Naininin düşüncələrini gətirərək yeni sözlərlə, yeni düşüncələrlə, yeni arqumentlərlə Axundun mühitə hakim düşüncəsini yox edib. Uzun illər hər iki şəxsdən – həm mərhum Axundun oğlundan, həm də mərhum cənab Mirzə Mehdidən dərs alan mərhum atam söhbət edərdi ki, Mirzə Mehdi Məşhədə gəldikdən sonra Axundun geniş yayılmış düşüncələrinin təsirində olan üsul sahəsindəki atmosfer tamamilə dəyişdi. Amma mərhum Mirzə Mehdidən sonra cənab Naininin adı artıq hallanmadı. Cənab Milani mərhum Naininin düşüncələri haqqında danışar, müzakirə edər, bəzən irad tutar, bir çox hallarda isə onun fikirlərini təsdiqləyərdi.
Hər halda, Məşhəddə də bir filial açmağınız çox yaxşı olmuşdur, Nəcəf də ki, aydın məsələdir. Ümid edirəm ki, bu yolda Allah-Taala sizə uğur bəxş edəcəkdir.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
__________________________
(1) Bu görüşün əvvəlində Höccətul-İslam vəl-müslimin Əlirza Ərafi (Ölkə üzrə Elmi-Teoloji Mərkəzlərin müdiri) məruzə ilə çıxış etmişdir.
(2) Ayətullah Şeyx Məhəmmədhəsən Nəcəfi (“Cəvahirul-Kəlam” kitabının müəllifi)
(3) Axund Xorasani kimi tanınan Ayətullah Molla Məhəmmədkazım Xorasani
(4) Ayətullah seyid Əbülqasim Xoyi
(5) Ayətullah seyid Möhsin Həkim
(6) Ayətullah seyid Əbdülhadi Şirazi
(7) Ayətullah seyid Cavad Hüseyni Xamenei
