بسم الله الرّحمن الرّحیم و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین
Rəhman və Rəhim Allahın adı ilə.
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə, pak, seçilmiş Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.
Bu görüş 13 Aban münasibəti ilə təşkil olunmuşdur. Əlbəttə, İmamın (r.ə) sürgün edilməsi 1343-cü, tələbələrin qətliamı isə 1357-ci ilin bu günü baş vermişdi. Amma bizim üçün mühüm və tarixi əhəmiyyət daşıyan məsələ cəsus yuvasının ələ keçirilməsi idi. Mən bu görüşdə bu hadisəni aydınlaşdırmağa çalışacağam. Amma söhbətə başlamazdan əvvəl həzrət Zəhranın (ə) və həzrət Zeynəbin (ə) mübarək adı çəkildiyi üçün siz gənclərə bunları deməyi münasib görürəm ki, bu şəxslərin adlarını dilə gətirməklə və onları qəlbən xatırlamaqla kifayətlənməyəsiniz. Həqiqi şiə olaraq əməli şəkildə onlara tabe olasınız. Bunun üçün birinci addım bu iki şəxsiyyətin və digər Məsumların (ə) Allah-Taala qarşısında necə ibadət etdikləridir. Harada olursunuzsa olun, ətrafınızdakı insanları Allahın saleh bəndələrinin bəyəndikləri şəkildə namazlarını qılmaları üçün təşviq edin. Əziz qızlarıma, görüşdə iştirak edən xanımlara tövsiyə edirəm ki, hicab məsələsini dinin, İslamın, həzrət Zəhranın və həzrət Zeynəbin mirası olduğunu ətrafınızdakı insanlara başa salasınız. Hamıya tövsiyə edirəm ki, Quranla ünsiyyət yaratmağı yaddan çıxarmasınlar. Dəfələrlə demişəm, yenə də deyirəm. Quranın istənilən yerindən, hətta yarım səhifə olsa belə, hər gün Quran oxuyun; Quranı açın, yarım səhifə, bir səhifə, istədiyiniz, dilədiyiniz qədər oxuyun. Mənəviyyat aləmi ilə əlaqənizi, rabitənizi qoruyub saxlayın. Bu keşməkeşli dövrdə gənclərimiz “Amerikaya ölüm olsun”u sözün həqiqi mənasında yalnız o halda deyə bilərlər ki, daxili, dini, etiqadi, Allah-Taalaya və İlahi qüdrətə etimadları möhkəm olsun. Gənc o zaman dövrün fironlarının zülm, güc və hiddəti qarşısında dayana bilər ki, qəlbi Allahla olsun, Allaha bağlı olsun. Bu bağlılığı qoruyun. Buradakı bu bir qrup gənc – bu bir neçə min gənc, sizin hamınız və ümumiyyətlə, ölkə gəncləri – əgər bu məqama diqqət etsəniz, hesab edirəm ki, həm dünyəvi məsələlərdə, həm ölkəmizin idarəçiliyində, həm də düşmənlə mübarizədə daha çox və daha yaxşı irəliləyişlər əldə edərik.
13 Aban hadisəsinə gəlincə, 13 Aban hadisəsi və Amerika səfirliyinin gənclər tərəfindən ələ keçirilməsinə iki nöqteyi-nəzərdən baxmaq mümkündür: biri tarixi baxımdan, digəri isə kimlik baxımından. Bu, real bir hadisədir, biz bu hadisəni düzgün başa düşmək, düzgün dərk etmək istəyirik. Tarixi nöqteyi-nəzərdən, şübhəsiz ki, ölkənin gələcək tarixində bu gün xalq üçün qürur və qələbə günü olaraq həkk olacaqdır; şəksiz! Bu gün gənclərimizin dünya siyasətçilərinin qorxub çəkindikləri o güc qarşısında cəsarət göstərərək, qorxmadan – bir az sonra izah edəcəyim dəlilə, sübuta əsasən – onların səfirliyinə hücum etdikləri gündür. Bu gün qürur günüdür, qələbə günüdür. Tariximizdə qələbə günlərimizlə yanaşı, zəiflik və tənəzzül günlərimiz də olub, bunların hər ikisini yadda saxlamaq lazımdır. “Tariximiz” dedikdə, min və ya iki min illik tarixi nəzərdə tutmuram. Müstəmləkəçiliyin meydana çıxdığı, dünyada istismar və imperializmin geniş yayıldığı dövrdən bəri biz də kənarda qalmadıq və ölkəmizdə bir sıra hadisələr yaşandı. Bu hadisələrin bəzisi İran xalqı üçün əhəmiyyətli, zəfər və iqtidarın nümayişi, bəzisi isə acı hadisələrdir ki, bir az sonra onlar haqqında sizə danışacağam.
Biz həm ürəkaçan hadisələri, həm də acı hadisələri yaddaşımıza həkk etməli, onları xatırlamalı, öz milli yaddaşımızda qoruyub saxlamalıyıq. Zirvədə durduğumuz günləri, könülaçan günləri xatırladıqca özümüzdə güvən yaranır, özümüzü qüdrətli və bacarıqlı hiss edirik. Məsələn, elə istismar xarakterli “Tənbəki” müqaviləsinin ləğvini götürək. Bu, ölkədə Mirzə Şirazi vasitəsi ilə həyata keçirilən mühüm bir hadisə idi. Biz bu hadisəni xatırlayanda özümüzü güclü hiss edirik, başa düşürük ki, xalqımız o dövrün İngiltərəsi kimi böyük bir dövləti – o vaxt İngiltərə dünyanın bütün güclərindən daha böyük və daha qüdrətli idi – məğlub edə biləcək gücə sahibmiş. Ya da “Vusuqəd-dövlət” müqaviləsinin etibardan salınmasını götürək; “Vusuqəd-dövlət” müqaviləsi də ölkənin bütün ixtiyarını ingilislərə verən bir müqavilə idi. Ölkənin bir neçə aparıcı siyasətçisi rüşvət almış və ingilislərlə bu müqaviləni bağlamışdı. Mərhum seyid Həsən Mudərris və silahdaşlarının səyləri nəticəsində bu müqavilə ləğv olundu. Bu müqavilənin ləğv olunduğu gün gözəl bir gündür, çünki onlar ingilislərin planlarını alt-üst etmişdilər.
Bu günlərin milli yaddaşda qorunub-saxlanılması olduqca vacibdir. Siz bu hadisələri düzgün bilməyə bilərsiniz. Ola bilsin ki, siz əziz gənclərin “Vusuqəd-dövlət” hadisəsi və ya Mirzə Şirazinin tütünü haram edən fətvası haqqında düzgün məlumatınız olmasın. Mən israrla tövsiyə edirəm ki, tələbə, şagird və bəsici kollektivləri, kitabsevərlər bu hadisələri mütaliə etsinlər, müzakirələr aparsınlar, ölkədə hansı hadisələrin baş verdiyini öyrənsinlər. Bu mənim sizə olan ciddi tövsiyəmdir.
Dedik ki, kulminasiya nöqtəsində duran, ürəkaçan, inkişaf və qələbə ilə nəticələnən hadisələr bu səbəbə görə yaddaşlara həkk olunmalıdır. Acı hadisələri də unutmamalıyıq. Niyə görə? Ona görə ki, o hadisələrin həyatımızda yenidən təkrarlanmaması üçün diqqətli olmalıyıq. Məsələn, hansı acı hadisələr? 1299-cü ildə Rza Xanın vasitəsi ilə baş vermiş çevriliş kimi; o vaxt bir çevriliş baş verdi. Yəni ingilislər Rza Xanın əli ilə İranda çevriliş etdilər. Bu çevriliş üç-dörd ildən sonra ölkədə pəhləvilərin hakimiyyətə gəlməsinə, o qədər faciələrin, məşəqqətlərin, misli görünməmiş zülm və diktaturanın, həmçinin xaricilərin ölkə üzərində ağalığına gətirib çıxartdı. Bəli, acı günlər idi. Ona görə də gərək diqqətli olaq, unutmayaq, bilək, başa düşək ki, o gün nə baş vermişdi; bu hadisələrə səbəb olan hansı müqəddimələr hazırlanmışdı. Odur ki, bunları da yaddaşımıza həkk edib qorumalıyıq.
13 Aban tarixi baxımdan belə bir gündür. 13 Aban tələbələrimizin Amerika səfirliyini ələ keçirdikləri gündür. Bu gün bizim tariximizdə, milli yaddaşımızda qalmalı olan günlərdən biridir; bu gün unudulmamalıdır, bütün xalqımız o hadisədən xəbərdar olmalıdır. Xoşbəxtlikdən, ölkədə informasiya mənbələrimiz də mövcuddur. O günlərə aid olan bir çox məsələləri ayrı-ayrı və ya bu zəmində yazılmış kitablardan oxuyub öyrənmək mümkündür. Bu dediklərim tarixi baxımdan olan yanaşma idi.
O ki, qaldı kimlik baxımından olan yanaşmaya, bu yanaşma daha çox əhəmiyyət daşıyır. Səfirliyin ələ keçirilməsi həm ABŞ dövlətinin əsl kimliyini üzə çıxardı, həm də İslam Hərəkatı və İnqilabının həqiqi kimliyini aydın şəkildə ortaya qoydu. Bu hadisənin kimliyə qoyduğu təsir bundan ibarətdir. Əlbəttə, Amerikanın imperialist mahiyyəti biz iranlılara məlum idi; elə deyildi ki, biz Amerikanın kim olduğunu bilməyək – bir az sonra bu məsələyə toxunacağam – amma bu hadisə bu məsələni bizə daha da aydınlaşdırdı. İstəyirəm ki, siz əziz gənclər bu məsələni bütün incəliklərinə qədər dərk edəsiniz; ona görə də diqqətlə qulaq asın.
İlk öncə mən “imperializm” (istikbar) sözünü izah edim. “İmperializm” nə deməkdir? “Qlobal imperializm” dedikdə, buradakı imperializm (istikbar) hansı mənada işlənir? “İstikbar” sözü Quranda istifadə olunmuş bir sözdür, Quranda işlədilmişdir. Mənə də bildirildiyi kimi, “İstikbar” və onunla eyni köklü olan sözlər Quranda təxminən əlli dəfə təkrar edilmişdir. “İstikbar” – özünü üstün hesab etməkdir. “İstikbar” sözünün mənası budur. Yəni hansısa bir dövlət, bir şəxs, qrup özünü digərlərindən üstün görür. Sözsüz ki, bu pis xüsusiyyətdir, amma əgər bu xüsusiyyət başqalarına zərər vermirsə, düşmənçiliyə də səbəb olmur. İlk olaraq özünü bəyənən, təkəbbür edən də İblis olmuşdur. Allah-Taala Adəmi yaratmaq istədiyini buyurduqda, İblis deyib ki, “mən Adəmdən üstünəm, ona görə də Adəmə səcdə etməyəcəyəm” və beləliklə, Allah-Taalanın lənəti sonsuza qədər ona şamil oldu. “İstikbar” – yəni özünü digərlərindən üstün görmək. İntəhası, özünü üstün hesab etmək iki cürdür: bəzən bir dövlət, bir şəxs özünü başqalarından üstün hesab edir, amma başqaları ilə işi də olmur; əslində, bu xüsusiyyət də yaxşı deyil, təkəbbür, özünü bəyənmə yaxşı bir şey deyil, amma düşmənçiliyə də səbəb olmur, sadəcə pis xüsusiyyətdir. Amma bəzən də əksinə olur; hansısa bir dövlət, şəxs, qrup, quldur özünü digərlərindən üstün görür və başqalarına tənə vurur, başqalarının həyati maraqlarına müdaxilə edir, başqalarının hansı işi görəcəyini müəyyənləşdirir; bu cür özünü bəyənmə pisdir. Hansısa bir dövlət özünə – məsələn, bir vaxtlar İngiltərə, günümüzdə isə Amerika kimi dövlətlər – güclü dövləti və ayıq-sayıq xalqı olmayan bir ölkədə, məsələn, on hərbi baza təsis etmək, müxtəlif imkanlar yaratmaq, neftini, sərvətini və yeraltı mənbələrini talamaq hüququ verir. Bu, özünü üstün görməkdir. Bizim düşmən olduğumuz, etiraz etdiyimiz, əleyhinə şüar verdiyimiz həmin bu “özünü üstün hesab etməkdir.” Beləliklə, bizim ölkəmiz də Amerika dövlətinin təkəbbürü, imperialist xisləti ilə üz-üzə gəlibdir. İkinci Dünya Müharibəsinə qədər Amerika digər dövlətlərin işlərinə müdaxilə edən bir dövlət deyildi. İkinci Dünya Müharibəsindən sonra Amerika dövləti qeyd etdiyim mənada imperialist dövlətə çevrildi; hər yeri işğal etməyə, hər yerə əl uzatmağa, hər yerə girməyə, maraqlarının tələb etdiyi hər yerə müxtəlif vasitələrlə, bəzən hiddət və qaşqabaqla, bəzən təbəssümlə, bəzən zor gücünə, bəzən rüşvətlə girməyə və öz maraqlarını digər xalqların maraqlarından üstün tutmağa başlayıb. Amerika belə bir durumdadır. İş elə gətirib ki, o, bu dövrdə – müzakirə etdiyimiz dövr 1356-57-ci illərdir – İnqilabın meydana gəlməsi ilə İran İslam Respublikasının qarşısında dayanıb. Əlbəttə, biz iranlıların Amerikanın tarixi düşmənçiliyi ilə keçmişdən təcrübəmiz var idi; yəni elə deyil ki, Amerikanın təkəbbürlü xislətindən xəbərimiz olmayıb. Biz, Amerikanı 28 Mordad hadisəsindən tanımışdıq.
28 Mordad hadisəsi mühüm bir hadisə idi. 28 Mordad haqqında mən bir söz deyim; bir çoxları hələ də 28 Mordad çevrilişinin əhəmiyyətindən və İrana vurduğu zərbədən xəbərsizdirlər, buna diqqət etmirlər. Sadəcə 28 Mordad hadisəsinin adını bilirlər ki, belə bir çevriliş həyata keçirilib. Ölkəmiz “Məşrutə” inqilabından sonra, təxminən 40 il ərzində hərc-mərclik və anarxiya içərisində süründü, xarici dövlətlərin müdaxiləsinə və Rza Xanın zülm və amansız diktatorluğuna məruz qaldı; təxminən 42 il. Yəni İran xalqı bu bir neçə onillikdə belə bir vəziyyətdə yaşadı. Təxminən 1328-29-cu illərdə ölkədə bəzi hadisələr baş verdi və Allahın lütfü sayəsində ölkəmizdə ilk dəfə olaraq milli bir dövlət quruldu; Müsəddiq dövləti. Milli dövlət. Milli dövlət təşkil olundu və ingilislərin qarşısında dayandı. O vaxtlar İngiltərə, əslində dünyanın ağası idi, o, bütün güclərdən daha üstün, daha güclü və daha böyük idi. Demək olar ki, müftə şəkildə ingilislərin ixtiyarında olan ölkə neftini Müsəddiq dövləti, o vaxtın təbiri ilə desək, onlardan geri alıb “milliləşdirdi”. Yəni öz dövlətimizin sərəncamına verildi. Beləliklə, ölkədə milli dövlət quruldu.
Bu üç il ərzində – 1329-cu ildən 1332-ci ilə qədər İngiltərə və onun müttəfiqləri bu dövləti devirmək üçün onlara böyük təzyiq göstərdilər. Bu təzyiqlər əsnasında Müsəddiq sadəlövhcəsinə bir qərar qəbul etdi, diqqətsizliyə yol verdi; özünü İngiltərənin şərrindən xilas etmək üçün Amerikaya üz tutdu, onlardan yardım istədi. Amerikalılar da onun üzünə gülümsədilər, onu xoş qarşıladılar. Əlbəttə, “Truman Doktrinası”nın dördüncü müddəası və buna bənzər başqa şeylərin də olması Amerikanın ona kömək edəcəyini düşünməyə səbəb olmuşdu. Amerikalılar Müsəddiqin üzünə gülümsədilər, amma onun səhlənkarlığından, diqqətsizliyindən yararlanaraq arxada ingilislərlə əlbir olub, ölkədə çevriliş təşkil etdilər. 40 ildən sonra ölkədə qurulmuş milli dövləti devirdilər və ölkədən qaçmış şahı yenidən ölkəyə qaytardılar. Bu, İran xalqına ağır zərbə oldu. 28 Mordad bu deməkdir. Yəni xalq tərəfindən seçilmiş, İngiltərə və digər xarici müstəmləkəçilərin ixtiyarında olmaq istəməyən, milli dövlətinin olmasını istəyən bu dövləti amerikalılar min bir hiylə ilə devirdilər, yox etdilər. Amerikalılar İran xalqına ağır bir zərbə vurdular. Bu, 28 Mordad hadisəsidir. İran xalqı Amerikanı o vaxtdan tanıyırdı; Amerikanın ölkə üçün nə qədər təhlükəli bir varlıq olduğunu bilirdi. Odur ki, biz Amerikanı 28 Mordad hadisəsindən tanıyırıq, bu bizim üçün yeni deyildir. Demək istədiyim odur ki, çevriliş baş verdikdən və qaçaq Məhəmməd Rzanı ölkəyə qaytardıqdan sonra 25 il ərzində xalqa qarşı tətbiq olunan bütün bu sərt, amansız diktaturada Amerika Məhəmməd Rzanın köməkçisi, dəstəkçisi və təşviqedicisi idi.
İran xalqının bu cür əsl düşməninin burada səfirliyi var idi; İran xalqının əsl düşməninin. İnqilab baş verən zaman İnqilaba qarşı ilk olaraq çıxanlar da amerikalılar olub. Amerika Senatında İran xalqının və İnqilabın əleyhinə qətnamə qəbul olunub (1), ardınca da Məhəmməd Rzaya Amerikaya girməsinə izn veriblər. Onu müalicə adı ilə xəstəxanaya yerləşdirmişdilər, amma siyasi və təhlükəsizlik orqanlarının onunla əlaqəsi davam edirdi. Bunu başa düşən İran xalqı qəzəbləndi; Amerikaya qarşı nümayişlər təşkil etdilər. Niyə görə? Ona görə ki, xalq hiss etmişdi ki, 28 Mordad hadisəsi yenidən təkrarlanacaq. İnsanlar hiss etmişdilər ki, Məhəmməd Rzanın ora aparılması Amerikanın sahib olduğu bütün mümkün üsullarla onu yenidən İrana qaytarmaq üçün bir zəmindir.
Buna görə də qəzəblənən xalq küçələrə axışdı, nümayişlər keçirdilər; bu nümayişlərin bir hissəsini də tələbələr təşkil etmişdilər. Onlar səfirliyə daxil olub, oranı ələ keçirmişdilər. Əlbəttə, onların səfirlikdə qalmaq niyyəti yox idi; hamı bu məqama diqqət etsin. Tələbələr səfirlikdə qalmaq istəmirdilər. Onlar sadəcə bu hərəkətlə şahın Amerikaya buraxıldığına görə İran xalqının nə qədər qəzəbləndiyini dünyaya göstərmək istəyirdilər; vəssəlam. Onlar oraya girib, orada bir-iki gün qalıb sonra da getmək niyyətində idilər; bu, tələbələrin qərarı idi. Lakin onlar səfirliyə girəndən sonra orada elə sənədlər tapıblar ki, məsələnin deyilənlərdən daha ciddi olduğunu başa düşüblər. Problem sadəcə Amerika Senatının qətnamə qəbul etməsində deyildi; səfirlik İnqilabı boğmaq üçün məkrli təxribatlar, məkrli planlar hazırlamaq üçün layihə mərkəzi imiş! Yəni planlarını reallaşdırmaq üçün təxribatla məşğul olurdular. Səfirlik artıq səfilrik deyildi. Bəli, bütün səfirliklərin məlumat mərkəzləri var və onlar fəaliyyətdə olduqları ölkə haqqında məlumatları toplayaraq öz ölkələrinə ötürürlər; bu, normaldır, bunda heç bir problem yoxdur. Amerika səfirliyinin işi sadəcə bu deyildi; səfirliyin binası İnqilab əleyhinə təxribat otağı idi: bəzi şəxsləri tapıb təhrik etmək, təşkilatlandırmaq, əvvəlki rejimdən qalma narazı şəxslərdən istifadə etmək və mümkün olarsa, bəzi hərbiçiləri toplayıb onları İnqilaba qarşı hərəkətə keçirmək. Tələbələr bunu başa düşdülər; bunu başa düşəndə də səfirlikdə qalmaq qərarına gəldilər və səfirliyi öz nəzarətləri altına aldılar.
Bəziləri deyir ki, “Nə üçün səfirliyi ələ keçirdilər? Amerika ilə bizim problemimiz də oradan başlandı”. Bu söz, mənim fikrimcə, doğru deyildir. Əvvəla, bizim Amerika ilə problemimiz 13 Abandan deyil, 28 Mordad hadisəsindən qaynaqlanır. İran xalqının Amerika ilə müxalifəti o vaxtlara gedib çıxır. İkincisi, 13 Aban əslində İnqilaba qarşı qurulan böyük təxribat və təhlükəni üzə çıxardı ki, bunu da tələbələrimiz həyata keçirdilər; sağ olsunlar! Onlar səfirlikdə nə baş verdiyini öyrənmək üçün kağız doğrayıcı aparatla doğranmış bu sənədləri çox böyük çətinliklə bir yerə toplayıb yanaşı qoymuşdular.
Amerika İnqilabın baş verməsinə dözə bilmirdi; çünki İnqilab Amerikanın boğazından yağlı bir tikəni çəkib çıxarmışdı. Yağlı bir tikə Amerikanın ixtiyarında idi. İran bütünlüklə Amerika hakimiyyətinin və gücünün nəzarəti altında idi; onun neftini, yeraltı sərvətlərini, resurslarını, pullarını talayırdılar, istədikləri malları istədikləri qiymətə İrana satırdılar. Vəziyyət belə idi. İndi bu yağlı tikə Amerikanın əlindən alınmışdı. İnqilab Amerikaya qarşı ayağa qalxdı. Amerikalılar da asanlıqla əl çəkmək istəmirdilər. Ona görə də təxribatlar başladı və Amerika İnqilabın ilk günlərindən etibarən İran xalqına qarşı öz fəaliyyətini başlatdı; təkcə İslam Respublikasına qarşı deyil, bütün İran xalqına qarşı; xalqa qarşı fəaliyyətə başladılar. Münasibətləri kəsməyə başladı – münasibətləri ilk kəsən Amerika oldu – sonra sanksiyalar, daha sonra bir-birinin ardınca müxtəlif işlər həyata keçirdilər. Həqiqətən də, Amerikanın bu illər ərzində etdiklərini bilən, yəni bunları xatırlayan və unutmayan hər kəs İmamın (r.ə) “Var gücünüzlə Amerikaya qarşı səsinizi yüksəldin” (2) sözünün mahiyyətini dərk edəcəkdir.
Amerikanın İranla olan düşmənçiliyi təkcə dildə deyildi, sadəcə sanksiyadan ibarət deyildi; onların düşmənçiliyi praktiki düşmənçilik idi. Amerikalılar bacardıqları qədər, əllərindən gəldiyi qədər İslam Respublikasına qarşı məkrli planlar hazırladılar, İslam Respublikasının prinsipial düşmənlərinə bacardıqları qədər kömək etdilər. İran xalqının maraqlarına əllərindən gəldiyi qədər zərbə vurdular. Amerikanın imperialist təbiəti ilə İnqilabın azadlıq tələb edən təbiəti bir-birinə uyğun gəlmirdi. Mən bunu demək istəyirəm: İslam Respublikası ilə Amerikanın fərqi taktiki, hansısa bir vəziyyətdən doğan fərqlilik deyildir. Bu, fundamental və əsaslı fərqlilikdir. Amerika İranın 300 nəfərlik sərnişin təyyarəsini dənizdən vurub, (3) Səddam kimi birini İrana hücuma vadar edib və ona hər cür köməklik göstərib, ölkəmizə birbaşa hücum edib. Amerika İslam Respublikasının əleyhinə hər cür təbliğat aparır; bacaranda hər cür işi görür. Bu, İslam Respublikasının Amerika ilə qarşıdurmasıdır.
Bəziləri tarixi əksinə yazırlar; Amerika və İslam Respublikası arasındakı düşmənçiliyin səbəbini sizin həmin “Amerikaya ölüm olsun” şüarından qaynaqlandığını deyirlər! Bir xalqın “Amerikaya ölüm olsun” şüarı səsləndirdiyi üçün o düşmənin də belə hərəkət edəcəyini düşünmək sadəlövhlükdür. Xeyr, “Amerikaya ölüm olsun” şüarı elə də mühüm bir məsələ deyil ki, amerikalılar ona görə İranla düşmənçilik etsinlər, ədavət aparsınlar, qarşıdurma yaratsınlar. Problem prinsipial fərqliliklərdədir, prinsipial uyğunsuzluqdadır. Məsələ iki cərəyanın – Amerika və İslam Respublikası cərəyanının – maraqlarının toqquşmasındadır.
Bəziləri soruşurlar: “Yaxşı, cənab, biz indiyə kimi Amerikaya təslim olmamışıq, elə isə onunla heç vaxt əlaqələrimiz olmayacaq? Biz həmişə Amerikaya qarşı çıxacağıq?” Bu sualın cavabı budur ki, əvvəla, Amerikanın imperialist xisləti bizi təslim görməkdən başqa heç bir şeyi qəbul etmir. Bunu Amerikanın bütün prezidentləri istəyirdilər, amma dillərinə gətirmirdilər. Hazırkı prezident (4) isə dilə gətirdi; dedi ki, “İran təslim olmalıdır”. Bu söz əslində Amerikanın həqiqi mahiyyətini ortaya qoydu. Bu qədər geniş imkanlara, bu qədər sərvətə, bu qədər intellektual və dini təcrübəyə malik, bu qədər ağıllı və motivasiyalı gənci olan xalqın – İran kimi bir xalqın təslim olması nə deməkdir?
Uzaq gələcək barəsində mən bir söz deyə bilmərəm, amma hamı bunu bilməlidir ki, hal-hazırda bir çox problemlərin yeganə çarəsi “güclənməkdir”; ölkəni gücləndirmək lazımdır. Hökumət öz səlahiyyətində olan işləri var gücüylə həyata keçirməlidir; silahlı qüvvələr öz işini güclü şəkildə aparmalıdır, gənclər təhsil və elmi fəaliyyətdə işlərini cidd-cəhdlə görməlidirlər. Əgər ölkə güclənərsə, düşmən belə bir güclü xalqla mübarizə aparmağın faydasız olduğunu və zərərə uğrayacağını hiss edərsə, o zaman ölkə toxunulmazlıq, təhlükəsizlik əldə edəcəkdir; şübhəsiz! Ona görə də hərbi, elmi, idarəçilik sahəsində güclü olmaq lazımdır; bu sahələrdə iş görülməlidir. Bunun üçün siz gənclərin də motivasiyasının olması vacibdir; demək istəyirəm ki, bu motivasiyanı, bu ruhiyyəni əldən verməyin.
Amerikalılar deyirlər ki, – əlbəttə, həmişə yox, bəzən deyirlər – biz İranla əməkdaşlıq etmək istəyirik. İranla əməkdaşlıq və məlun sionist rejimi ilə əməkdaşlıq və onlara yardım etmək bir-biri ilə uyğun gəlmir. Amerika son zamanlarda bütün dünyanın gördüyü, bütün dünyanın başa düşdüyü, qınadığı bu vəziyyətdə məlun sionist rejimə kömək edir, onu dəstəkləyir, himayə edir. Belə bir vəziyyətdə İran ilə əməkdaşlıq mənasızdır, qəbuledilməzdir. Bəli, əgər Amerika sionist rejimə olan yardımını tamamilə dayandırarsa, hərbi bazalarını regiondan çıxararsa, regiona müdaxilədən əl çəkərsə, o vaxt bu məsələ üzərində düşünmək olar. Sözsüz ki, bu məsələ nə indiyə aid, nə də yaxın gələcəyə aid bir məsələ deyildir.
Əziz gənclərimiz, sizə bunu demək istəyirəm: ölkənin bu günü, dünəni və sabahına aid olan əsas siyasi məsələlər haqqında məlumat və biliyinizi artırın. Qeyd etdiyim həmin məlumat dairələrinin – ökənin keçmişi, baş verən hadisələri, o yerlərdə ki, zərərə uğramışıq, o yerlərdə ki, qazanmışıq, o yerlərdə ki, zəiflik göstərmişik, o yerlərdə ki, gücümüzü nümayiş etdirmişik – hər birinin nəticələrini sözün əsl mənasında araşdırın. Bundan əlavə, ölkədə elm inkişaf etməlidir.
Bir neçə il əvvəl bizim elmi inkişafımız çox yaxşı idi, hazırda isə bir qədər yavaşıma müşahidə olunur. Ölkə universitetlərinin məsul şəxslərinə, tədqiqatçılara, tələbələrə bunu demək istəyirəm ki, elmi inkişafın yavaşımasına imkan verməyin. Bizə bu inkişaf tempi lazımdır. Ölkə həm elmi cəhətdən, həm də hərbi cəhətdən mütləq inkişaf etməlidir. Allahın yardımı sayəsində hərbiçilərimiz gecə-gündüz çalışırlar, zəhmət çəkirlər və inşallah, indikindən daha çox inkişaf edəcəklər. Allah-Taalanın yardımı sayəsində ölkə güclü bir xalq olduğunu, bütün imkanlarına rəğmən heç bir qüdrətin İran xalqını təslim edib, diz çökdürə bilməyəcəyini göstərəcəkdir. Bu yolda Allah da bizə kömək edəcəkdir.
Allah ilə rabitənizi gücləndirin; namazla, Quranla, dini təlimlər vasitəsi ilə İlahi yardımı özünüzə cəlb edin, inşallah, özünüz və xalqınız üçün daha yaxşı bir gələcək yaradın.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
_______________________________
(1) 18.05.1979-cu ildə İrana qarşı qəbul edilmiş 164 saylı qətnamə.
(2) “Səhifeyi-İmam”, c.11, səh. 121. “Tehranın Keşikçilər Korpusunun üzvləri ilə görüşü zamanı etdiyi çıxış” (25.11.1979)
(3) 03.07.1988-ci ildə Bəndər Abbasdan Dubaya uçan İ.İ.R-nın sərnişin təyyarəsi Fars körfəzində ABŞ-ın “Vincennes” hərbi gəmisindən raketlə hədəf alınmış və 290 sərnişin – 66-sı azyaşlı, 53-ü qadın olmaqla şəhid edilmişdir. Bir müddət sonra ABŞ dövləti gəmi komandiri Vilyam Rocersi “Şücaət” medalı ilə mükafatlandırmışdır.
(4) Donald Tramp
