Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Həzrət Fatimeyi-Zəhranın (ə) mövlud günü münasibəti ilə etdiyi çıxış

بسم الله الرّحمن الرّحیم الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی
محمّد و علی آله الطّیّبین الطّاهرین المعصومین سیّما بقیّة الله فی الارضی

Rəhman və Rəhim Allahın adı ilə. (1)

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə, pak, məsum Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

Çox xoş gəlmisiniz, əziz qardaş və bacılar. Burada iştirak edən əziz qardaşların çıxışından, ifasından böyük zövq aldıq. Dərin mənalı və məzmunlu şeirləriniz məclisi günümüzün tələbinə uyğunlaşdırdı. Bəzən iştirakçısı çox olan məclislər olur, amma həmin məclislər günün tələbləri ilə səsləşmir. Bu məclis isə bu zamana, bu dövrə uyğundur. Sizin bu şeirləriniz, davranışınız, çıxışlarınız, izdihamınız və coşqunuz məclisi günün tələbinə uyğunlaşdırdı.

Sizi xanımlar xanımı Siddiqeyi-Tahirənin (ə) mövludu, həmçinin əziz və dahi İmamımızın (r.ə) doğum günü münasibəti ilə təbrik edirəm. Həzrət Siddiqeyi-Tahirə (ə) haqqında mən çox qısa danışacağam, çünki bu ilahi və səmavi xanımın fəzilət, məziyyət və üstünlükləri sözlə ifadə edilə bilən bir şey deyildir; bu bizim düşüncə, təsəvvür və dərkimizin fövqündə durur. Amma bunu deyə bilərəm ki, o Xanım (ə) nümunəvi bir insan idi. Məgər biz də eyni şeyi etmək istəmirikmi? Məgər Fatimə (ə) kimi yaşamaq istəmirikmi? O Xanım (ə) nümunəvi bir insan idi; odur ki, biz də bu nümunəvi insanın rəftarına, davranışına uyğun hərəkət etməli, davranmalıyıq. O Xanım (ə) dindarlıqda, təqvada, ədalətsevərlikdə, cihadda nümunə idi. Fatimeyi-Zəhranın (ə) apardığı cihad ən çətin cihadlardan biri idi. Müqayisə etmək istəsək, bəlkə də Peyğəmbərin (s) bütün qəzvələri bir tərəfdə, Fatimeyi-Zəhranın (ə) cihadının digər tərəfdə durduğunu deyə bilərik. O Xanım (ə) cihad nümunəsi idi. O Xanım (ə) həqiqətləri açıqlamaqda nümunə idi. Mədinə məscidindəki o təsirli, tutarlı xütbəsi misli-bərabəri olmayan, aydın və ibrətamiz bir xütbə idi. O, qadınlıq vəzifəsini yerinə yetirməyi, həyat yoldaşına qayğı göstərməyi, övlad tərbiyə etməyi, Zeynəb kimi bir övladı, bir şəxsiyyəti yetişdirməyi və bir çox digər İslam dəyərlərini özündə cəmləşdirmişdi. Bunlar o Xanımın (ə) zahiri – anlayacağımız və görə biləcəyimiz xüsusiyyətləridir; o Xanımın (ə) batini və səmavi xüsusiyyətləri isə bizim dərkimizdən yüksəkdə durur və vəsf olunmazdır, təsvirə sığmır. 

İndi isə məddahlıq sənəti haqqında bir neçə kəlmə deyəcəyəm. Mənim məddahlıq haqqındakı bugünkü söhbətim qısa olacaqdır. 

Günümüzdə məddahlıq sənəti olduqca mühüm sahələrdən birinə çevrilmişdir və bu sahə ilə bağlı araşdırma aparmaq çox yaxşı olardı. Artıq bu gün məddahlıq sadəcə oxumaqdan, insanları ağlatmaqdan və s. bu kimi şeylərdən ibarət deyildir. Bu gün məddahlıq ölkəmizdə öyrənilməyə və araşdırılmağa layiq bir fenomenə çevrilmişdir. “Araşdırma” dedikdə, nə nəzərdə tutulur? “Araşdırma” dedikdə, “dərindən anlamaq, mahiyyətinə varmaq” – yəni hansısa bir şeirin, dini nəğmənin, davranışın arxasında hansı hərəkətin dayandığını müəyyənləşdirmək nəzərdə tutulur. “Nöqsanlı cəhətləri” müəyyən etmək; bu, bizi bəzi zəif cəhətlərdən xəbərdar edə bilər. “İnkişaf mərhələlərini araşdırmaq” – yəni məddahlıq sənətinin irəliləməsi, inkişafa doğru hərəkət etməsi üçün hansı fəaliyyətləri həyata keçirə bilərik. Bunlar tədqiqatçı toplumunun bu sahədə görməli olduqları və görə biləcəkləri işlərdir. Günümüzdə bunlar vacibdir. 

Təbii ki, məddahlıq sənəti keçmişdə də var idi. Bizim gənclik illərimizdə də məddahlar var idi, əlbəttə, bu cür geniş şəkildə, bu sayda, belə məlumatlı, belə savadlı olmasalar da, hər halda fəaliyyət göstərirdilər. Sözsüz ki, onların da özlərinə məxsus üstünlükləri vardı; məsələn, uzun və fəsahətli qəsidələri əzbərdən oxuyardılar. Amma ümumilikdə bizim gənclik illərimizdəki məddahlıqla indiki məddahlıq arasında çox böyük fərq var. Bu gün məddahlıq cəmiyyətimizdə heyrətamiz bir fenomenə çevrilmişdir. Bunları ona görə deyirəm ki, hörmətli məddahlarımız gördükləri işin mahiyyətini başa düşsünlər. Əlbəttə, başa düşüblər də; bugünkü şeirlər, səsləndirilən fikirlər göstərdi ki, məddahlar hansı mövqe tutduqlarını, hansı vəzifəni öhdələrinə götürdüklərini bilirlər. Bu gün bir neçə onillikdən sonra olduqca mühüm olan bu məddahlıq fenomeni artıq ölkədə effektli bir ünsür, element kimi ortaya çıxmışdır. Bizim buna ehtiyacımız var. Bizim beynimizə, düşüncəmizə, qəlbimizə təsir göstərən amilləri gücləndirməyə ehtiyacımız var; bunun üçün birincisi, bilgimiz, məlumatımız olmalıdır, ikincisi isə biz həmin amilləri gücləndirməliyik. İndi isə əsas demək istədiklərimi diqqətinizə çatdıracağam.

Sözsüz ki, bütün mədhiyyələr eyni səviyyədə deyildir; aşağı səviyyəli, yüksək səviyyəli olanları vardır. Bütün fenomenlər belədir, hamısı eyni səviyyədə deyildir; bəziləri çox yaxşıdır, bəziləri yüksəkdir, bəziləri isə orta səviyyəlidir. Amma təxminən belə demək mümkündür ki, günümüzdə məddahlıq “müqavimət ədəbiyyatı”nın dayaq nöqtələrindən biridir. Bu gün məddahlıq müqavimət ədəbiyyatının dayaq nöqtəsinə çevrilmişdir. Əgər hansısa bir mövzu ilə əlaqəli bir fikir, ideya varsa və həmin fikrə, ideyaya uyğun istifadə ediləcək ədəbiyyat yoxdursa, həmin fikir, ideya tədricən öləcək, yox olub gedəcəkdir. Fikrə uyğun bir ədəbiyyat yaratmaq böyük bir sənətdir. Bu ədəbiyyatı – müqavimət ədəbiyyatını – formalaşdıran, təbliğ edən və gələcək nəsillərə ötürən mərkəz və dayaq nöqtələrindən biri məddahlıq və heyət fenomenidir.

Bəs “milli müqavimət” nə deməkdir? “Milli müqavimət ədəbiyyatı” dedikdə, nəyi nəzərdə tuturuq? Bu gün “müqavimət cəbhəsi” ifadəsi işlədilir, bu nə deməkdir? Onlar nəyə müqavimət göstərirlər? “Milli müqavimət” dedikdə, düşmənin hansısa bir xalqı diz çökdürmək üçün insan həyatının istənilən sahəsində tətbiq etdiyi təzyiq nəzərdə tutulur. “Müqavimət” dedikdə, biz bu təzyiq qarşısında dayanmağı nəzərdə tuturuq; məqsəd dirənmək, müqavimət göstərmək, möhkəm dayanmaq, düşmənin ayağını kəsmək, qolunu qırmaqdır.

Mümkünlüyü haqqında danışdığımız bu təzyiq nə olursa olsun, onlar arasında heç bir fərq yoxdur. Düşmən bu təzyiqi bəzən hərbi yolla həyata keçirir ki, bunun da şahidi olduq. Gənclərimiz bunu görməmişdilər, amma artıq gördülər. Biz isə qırx il bundan əvvəl görmüşdük. Müəyyən bir şərti zorla qəbul etdirmək üçün İslam Respublikasına hərbi təzyiq göstərmək! Bu təzyiq hərbi, iqtisadi və ya media təbliğatı vasitəsi ilə ajiotaj yaratmaq ola bilər. Sosial mediaya baxın, xarici radioları dinləyin, təkcə jurnalist və müxbirlərin deyil, eyni zamanda dünyanın yüksək rütbəli hərbiçilərinin və siyasi rəsmilərinin açıqlamalarına da baxın; bütün bunlar bir nöqtəyə, bir mərkəzə yönəlmişdir və bu da – başda İran olmaqla – xalqların dirəniş və müqavimətidir. Hazırda vəziyyət belədir. Ona görə də bu təzyiqlər hərbi, iqtisadi – məsələn, sanksiya – media, sosial şəbəkələr, casus yetişdirmək və s. vasitələrlə ola bilər. Bu təzyiqlər bəzən öz ərazilərini genişləndirmək məqsədi – məsələn, bu gün amerikalıların bəzi Latın Amerikası ölkələrinə etdikləri kimi – daşıya bilər. Bəzən yeraltı sərvətlərə sahib olmaq üçün – məsələn, hansısa ölkənin neft ehtiyatlarını əldə etmək üçün – təzyiq göstərirlər. Bəzən mədəni, dini məqsədi daşıya bilər; bəzən yaşam tərzinin dəyişdirilməsi məqsədi daşıyır ki, bunlar əsasən media vasitəsi ilə həyata keçirilir. Və yaxud da ən önəmlisi kimliyin dəyişdirilməsi məqsədi daşıya bilər. Qacarların dövründən İrana gələn qərblilər yüz illər boyunca İran xalqının kimliyini – dini, tarixi və mədəni kimliklərini dəyişdirməyə çalışmışlar; Rza Xan ilk addımı atdı, amma uğur qazanmadı. Ondan sonra gələnlər isə daha siyasətlə davrandılar, bir sıra işlər gördülər, amma onlar da uğur qazanmadılar; nəhayət İslam İnqilabı gəldi və hamısının qolundan tutub ölkədən qovdu. İran xalqının kimliyini dəyişmək üçün təzyiq göstərirlər. Hər halda istənilən vəziyyətdə müqavimət aparmaq zəruridir. Dedik ki, “müqavimət” nə deməkdir? Müqavimət – davam gətirmək, möhkəm dayanmaq, dirənmək, təslim olmamaq, təzyiq amillərini uğursuzluğa düçar etməkdir; müqavimətin mənası budur. Bu gün bizim daim müqavimət cəbhəsindən danışmağımız məhz bunu açıqlayır. Müqavimət bir vaxtlar İrana aid idi, bu gün isə region ölkələrinə, hətta regiondan kənar ölkələrə də yayılmışdır. Müqavimət tədricən geniş miqyas almışdır. 

Əlbəttə, İslam İnqilabının qələbəsinin və İslam Respublikasının qurulmasının lap əvvəlindən İran xalqı müqavimət və əzmkarlıq göstərə bildi, düşmənin təzyiqi qarşısında tab gətirməyi və təslim olmamağı bacardı. Hər yola əl atdılar; bu barədə dəfələrlə danışdığım, təkrar etdiyim üçün nə iş gördüklərini indi yenidən təkrarlamaq istəmirəm. Düşmənin İran xalqına qarşı etdiyi bəzi işləri digər ölkələrə, xalqlara qarşı etsəydilər, həmin ölkələr alt-üst olmuşdu, amma İran xalqı möhkəm dayandı, İslam Respublikası var gücü ilə, bütün qətiyyəti ilə müqavimət göstərdi. 

Bizim mədhiyyə sənəti İnqilabın əvvəlindən bu istiqamətə doğru hərəkət etdi; bu bütün məddahlara aid deyil, amma başlanğıc oldu, müharibə vaxtında isə özünün ən yüksək zirvəsinə çatdı. Müharibə vaxtı şəhidlərin hər biri İran xalqını qorumaq üçün bir bayrağa çevrildi; özü də məddahlar sayəsində. Bu işi məddahlar gördülər. Cənazə gətirildikdə əgər məddahlar olmasaydılar, o qəhrəmanlıq şeirləri fəzada əks-səda etdikdən sonra qəlbləri ovsunlamasaydı, o şəhid unudulardı. Məddahlarımız Zeynəbsayağı iş gördülər. Kərbəlanı ölməz edən və tarixdə yaşadan Zeynəb oldu. Bu iş İnqilabın əvvəllərindən etibarən başladı, bu günə qədər davam etdi və bu gün də davam edir. Sözsüz ki, məddahlıq məclislərinin hamısı bizim bugünkü məclisimiz kimi olmamışdır və deyil də, bunu bilirik. Amma hər halda İrandakı bütün məclislərdə müqavimət anlayışına və təzahürünə doğru bir təmayül, bir baxış, bir hərəkət var. 

İndi isə xülasə olaraq bunu demək istəyirəm; mən ancaq bu cümləni deyəcəyəm, o da budur ki, biz bu gün hərbi münaqişədən əlavə – necə ki, baş verdi, siz də şahid oldunuz, bəziləri durmadan onun təkrarlanacağının ehtimalını verirlər; bəziləri isə bilərəkdən elə hey bu nöqtəni qabardır ki, xalqın ürəyinə şəkk-şübhə salsınlar, insanlarda nigarançılıq, təşviş yaratsınlar, inşallah, məqsədlərinə nail ola bilməyəcəklər də – daha geniş miqyasda media və təbliğat münaqişəsinin də mərkəzindəyik. Kiminlə? Geniş bir cəbhə ilə. Biz təbliğat müharibəsinin, mənəvi müharibənin ortasındayıq. Düşmən başa düşmüşdür ki, bu mülkü, bu İlahi və mənəvi torpağı hərbi və sərt təzyiq vasitələri ilə ələ keçirmək mümkün deyil. Başa düşmüşdür ki, əgər ələ keçirmək, müdaxilə etmək, uğur qazanmaq istəyirsə, insanların qəlblərini, zehinlərini və düşüncələrini dəyişdirməlidir; ona görə də bu xətti izləyirlər. Əlbəttə, biz qarşılarında möhkəm dayanmışıq, amma bugünkü təhlükə bundan ibarətdir, xətt budur, düşmənin məqsədi budur. Düşmənin məqsədi ölkəmizdəki İslamın parlaq prinsiplərini yox etməkdir. Məqsədi budur ki, İnqilab və inqilabi hədəfləri, İnqilab vasitəsi ilə əldə olunmuş nəticələri və İmamın (r.ə) xatirəsini tədricən insanların yaddaşından silsin. Bunun üçün çalışırlar, bunun üçün işləyirlər, milyardlarla pul xərcləyirlər; bunu dilə gətirmirlər, amma biz bilirik. Yazarlardan, incəsənət adamlarından, roman yazarlarından, Hollivud və bu kimi yerlərdən, müxtəlif vasitələrdən istifadə edirlər ki, İran gənclərinin düşüncəsini dəyişsinlər. Bizimlə bu sahədə qarşı-qarşıya dayanan bu fəal cəbhə, geniş bir cəbhədir. Əlbəttə ki, mərkəzində Amerika dayanır, ərtafında isə bəzi Avropa ölkələri, kənarında isə Avropada və başqa ölkələrdə var-dövlət axtaran muzdurlar, xainlər, vətənsizlər və bu işi özlərinə peşə seçənlər yerləşiblər. Biz bunlarla qarşı-qarşıyayıq.

Odur ki, İnqilab cəbhəsi və müqavimət xidmətçiləri düşmənin bu mövqeyindən xəbərdar olmalı və strategiyanı onun nizam, plan və məqsədinə uyğun tənzimləməlidir. Bizim hərbi məsələlərdəki strategiyamız düşmənin hədəfinə əsasən müəyyənləşdirilməlidir; hansısa bir yerə hücum etmək istədiyini görəndə hərbi strategiyamızı elə bir şəkildə müəyyənləşdirməliyik ki, düşmən məğlubiyyətə uğrasın. Bu iş təbliğat sferasında da həyata keçirilməlidir. Təbliğat sferasındakı strategiyamız düşmənin düz hədəf aldığı istiqamətdə irəliləməlidir və o hədəflər İslam, Şiə və İnqilab maarifindən ibarətdir. Düşmən bu prinsipləri hədəf almışdır; bunların qarşısında mütləq dayanmaq lazımdır. Əlbəttə ki, bu asan iş deyil, amma xoşbəxtlikdən, elmi sferalarda çalışan, əsərlər yazan və nəticələr əldə edən bir çox alimimiz var ki, ölkənin məddah ictimaiyyəti onların bu əsərlərindən tamamilə istifadə edə, faydalana bilərlər.                     

Siz məddahlar iştirak etdiyiniz heyəti – xüsusilə də gənclərin heyətə maraq göstərdikləri bu vaxtlarda – İnqilab və digər dəyərlərin bağlılıq mərkəzinə çevirə bilərsiniz. Günümüzdə gənclərin heyətə olan marağı xeyli artıb; keçmişdə isə belə deyildi. Xoşbəxtlikdən, günümüzdə gənclər müxtəlif şəhərlərdə – bu barədə mənim də məlumatım var, ya televizorda görürəm, ya da eşidirəm – heyətlərə cəlb olunur, oralarda fəaliyyət göstərirlər. Bu, qiymətləndirilməlidir, təqdir olunmalıdır və gənc nəsil inadkar, hiyləgər və – təəssüflər olsun – geniş imkanlara sahib olan düşmənin hədəflərindən qorunmalıdır. 

Mən sizə tövsiyə edirəm ki, məddahlıq mərasimlərində məsum İmamlarımızın (ə) həyatını və İslam maarifini daha da qabardasınız. Mənim fikrimcə, İmamlarımız (ə) iki mühüm işi həyata keçirmişlər: bunlardan biri dini maarifin açıqlanmasıdır, hansı ki, bunun sayəsində İslam maarifi qalıcı olmuşdur. Əgər məsum İmamlar (ə) İslam maarifini açıqlayıb izah etməsəydilər, bu gün İslamdan, İslamın həqiqi elmindən heç bir şey qalmazdı. Biri bu idi, digəri isə mübarizə idi. İmamlarımız (ə) mübarizə aparırdılar. Bu mövzuda çox danışmışam. İmamlarımızın (ə) hamısı mübarizə aparmışlar. Əmirəl-möminin Əlidən (ə) sonra istər imam Həsən Müctəba (ə), istər Seyyidüş-şühəda (ə), istərsə də digər İmamlarımız (ə) olsun, İmamlarımızın (ə) hamısının həyatı mübarizə aparmaqla keçmişdir; xilafət sistemi ilə, həqiqət düşmənləri ilə, hər biri də özünəməxsus bir metodla. Hər biri fərqli bir yolla, amma bütün İmamlar (ə) mübarizə aparmışlar. Bu xüsusiyyətlər İmamların (ə) həyatında, yaşayışlarının təsvirində bəyan olunmalıdır, bu barədə danışılmalıdır. Ona görə də tövsiyələrimdən biri dini, mübarizə və inqilabi maarifin açıqlanması, çatdırılması ilə bağlıdır. 

Digər bir tövsiyəm də budur ki, düşmənlə mübarizədə onun şübhə yaratdığı məsələlərdə müdafiə mövqeyi tutmaqla kifayətlənməyəsiniz. Sözsüz ki, müdafiə lazımdır, düşmənin şübhə yaratmaq cəhdlərini rədd etmək lazımdır, amma düşmənin özünün də bir çox zəif cəhətləri vardır. Həmin zəif cəhətləri hədəf almalı, onlara hücum etməlisiniz, poetik anlayışlarla hücum etməlisiniz. Xoşbəxtlikdən, bu gün bəzi qardaşlar bu sahədə yaxşı istedada sahib olduqlarını nümayiş etdirdilər. 

Başqa bir tövsiyəm də budur ki, məddahlıq minbərini İslamın güclü yönləri ilə, maarifi ilə zənginləşdirin: istər şəxsi, istər sosial, istər siyasi məsələlərdə olsun, istərsə də düşmənlə mübarizədə olsun. İslam bu sahədə mühüm, dərin biliyə, güclü yönlərə malikdir. Yəni söhbətinizi, çıxışınızı dinləyən insanlar Qurandan, Quran elmlərindən böyük həcmdə faydalanaraq istifadə etsinlər. Məddahlıq sənətini dini, dini məfhumları və inqilabi məsələləri yaymaq üçün effektli və önəmli bir vasitəyə çevirin. Bu iş hal-hazırda müəyyən dərəcədə həyata keçirilir, amma bunu daha da genişləndirməli, gücləndirməli, ictimailəşdirməlisiniz ki, bu bütün vəziyyətlərdə mövcud olsun. Bəzən minbərdə oxuduğunuz gözəl formalı və məzmunlu bir növhənin dinləyicinin qəlbində buraxdığı təsir bir neçə deduktiv, fəlsəfi, məntiqli minbər və çıxışlardan daha güclü və daha qalıcı olur. 

Gözəl ifa tərzindən söhbət düşdü. Diqqətli olun ki, bu məsələdə səhvə yol verməyəsiniz. Diktatura dövrünün musiqilərinin, ifa tərzlərinin dini məfhumlarımıza yol tapmasına yol verməyin. Mədhiyyə musiqisi sizə məxsusdur, sizə aiddir, sizin yaradıcılığınızın məhsuludur. Düşmənlərinizə aid olan şeylər – axı siz onlara qarşı etiraza qalxmısınız, xalqınız o maarifin, o mədəniyyətin əleyhinə qalxmışdır – işinizə, bəyanınıza nüfuz etməsin. 

Beləliklə, gördüyüm, hiss etdiyim odur ki, xoşbəxtlikdən, ölkənin inkişafı üçün vacib vasitələr arasında məddahlıq fenomeni özünəməxsus yer tutur. Siz işləyirsiniz, səy göstərirsiniz, artıq qeyd etdiyim kimi bunun araşdırmaya ehtiyacı var. Bu sahənin nöqsanlı cəhətləri mütləq araşdırılmalı, inkişaf etdirməyin yolları axtarılıb tapılmalı, bu iş üçün uyğun məzmun və hətta uyğun musiqi hazırlanmalıdır. Biz məddahlıq sənətini qorumalıyıq, onu inkişaf etdirməli və bu fenomendən istifadə etməliyik. 

Sizə onu da deyim ki, İslam Respublikası Allahın lütfü ilə inkişaf edir. Bizim bir çox problemlərimiz var; Xuzistandakı toz-dumanlı havadan danışdılar; (2) bu, ən kiçik problemlərimizdən biridir. Ölkənin hər tərəfində çoxlu çatışmazlıqlar var, buna rəğmən ölkə irəliyə doğru addımlayır, inkişaf edir. İran xalqı gündən-günə İslama nüfuz qazandırır və göstərir ki, İslam dirənişdir, qüdrətdir, həqiqət və saflıqdır, xeyirxahlıq və ədalətpərvərlikdir; İran xalqı tədricən bunları nümayiş etdirir. Əlbəttə, ölkədəki əsas dəyişikliklər həmişə gözə çarpmır, çünki bu inkişaflar tədricən baş verir, uzunmüddətlidir, qısamüddətli deyil; bir anda baş vermir ki, insan görə bilsin, bunlar tədricən baş verir. Amma mən onu demək istəyirəm ki, Allahın köməyi ilə cəmiyyətimiz inkişaf edir. Bu günün gəncləri dini məsələlərdə – İnqilabın əvvəlləri istisna olmaqla – müəyyən dövrdəkindən daha çox inkişaf etmiş, irəliləmişlər və bundan sonra daha da irəliləyəcəklər. Şəhidlərin müqəddəs ruhu və İran xalqı üçün bu yolu açan dahi İmamımızın (r.ə) ruhu şad olsun. 

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. 

_______________________________

(1)    Görüşün əvvəlində bir qrup Əhli-beyt məddahı öz şeir və mədhiyyələrini ifa etdilər.
(2)    Xuzistan haqqında şeir oxuyan məddahın şeirinə istinad