Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Ayətullah Seyid Məhəmmədhadi Milaninin anım konqresinin təşkilat komitəsinin üzvləri ilə görüşü zamanı etdiyi çıxış

بسم‌اللّه‌الرّحمن‌الرّحیم و الحمد للّه ربّ العالمین و صلّی اللّه علی محمّد و آله الطّاهرین سیّما بقیّة اللّه فی الارضین

Rəhman və Rəhim Allahın adı ilə. 

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə, pak Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

Çox xoş gəlmisiniz, hörmətli cənablar. Mərhum cənab Milaniyə (Allah ona rəhmət etsin) həsr olunmuş anım mərasiminin keçirilməsində təşəbbüs göstərən hörmətli iştirakçılara, xüsusilə cənab Mərviyə və digər iştirakçılara dərin minnətdarlığımı bildirirəm. 

Cənab Milani iyirmi il ərzində Məşhəddə elmi, ictimai, siyasi və s. fəaliyyətlərlə məşğul olduğuna baxmayaraq, vəfatından sonra Məşhəddə ondan elə bir iz görünmədi. Mən bəzən Məşhədlə əlaqəli məsələlərlə qarşılaşdığım vaxtlarda bunun şahidi olurdum. Halbuki bir vaxtlar o, Məşhədin ən önəmli, əsas şəxslərindən biri idi, yəni teoloji mərkəzin zirvəsi hesab olunurdu. Amma vəfatından sonra adı və xatirəsi daha az xatırlandı. Onun kiçik oğlu – mərhum Seyid Məhəmmədəli də az-az görünürdü, onu müxtəlif toplantılarda və bu kimi yerlərdə az görürdük; görünür, o da vəfat edib. Ona görə də təşkil etdiyiniz bu anım mərasimi onun haqqında araşdırma aparmaq, iş görmək, əsərlərini canlandırmaq üçün olduqca yaxşı bir fürsətdir. Bu şəxsiyyətlə bağlı bir neçə məqamı qeyd etmişəm; bunları sizinlə bölüşmək istəyirəm. 

Əvvəla, o, hərtərəfli bir şəxsiyyət idi; onun şəxsiyyəti çoxşaxəli idi. İnsan onun hər cəhəti, hər yönü haqqında söhbət edə bilər. Bir tərəfdən onun şəxsi keyfiyyətləri və əxlaqi xüsusiyyətləri, digər tərəfdən isə onun elmi nailliyyətləri, elmi mövqeyi barədə müzakirə aparmaq, söhbət etmək olar. Digər bir yönü onun irfan, süluk əhli olmasıdır; əlbəttə, sağlığında biz buna diqqət etməmişdik, bundan xəbərimiz yox idi. Mən sonralar bildim ki, o, irfan, mənəviyyat, təfəkkür, ibadət və s. sahibi olan insan imiş; bu xüsusiyyətləri onun sağlığında başa düşmək olmurdu. Bu da bir cəhət. Digər bir cəhət isə onun şəxsiyyətinin ictimai və siyasi tərəfidir. Onun bütün bu cəhətləri haqqında danışmaq mümkündür və mən onların hər birinə qısaca toxunacağam. 

Birinci mövzuya gəlincə, onun şəxsiyyəti və irfan əhli olması haqqında bunu demək olar ki, o, həqiqətən də üstün, müstəsna bir şəxsiyyət idi. Əvvəla, o, olduqca təmkinlə, mətinlə hərəkət edər, danışar, addım atardı, eyni zamanda da çox təvazökar idi. Onda həm təvazökarlıq, həm mətanət və vüqar vardı, həm də insan onda mənəvi aramlıq müşahidə edirdi; hətta baş verən çətin vəziyyətlərdə belə, insan ondakı mənəvi aramlığı hiss edirdi. 

Onun digər bir xüsusiyyəti dostlara qarşı sədaqətli olması və dostluq münasibətlərinə dəyər verməsi idi. O, dostlarına qarşı diqqətli idi. O, Təbrizdə mənim atamla eyni məktəbdə oxuyub. (1) O, Nəcəfdə anadan olub; atası “Məkasib” əsərinə şərh yazan, dövrünün görkəmli şəxsiyyəti və mərcəyi-təqlidi, təxminən 1321-1322-ci illərdə vəfat etmiş mərhum Şeyx Məhəmmədhəsən Mamaqaninin kürəkəni idi. Bəs o özü Nəcəfdə dünyaya gəlmişdi, amma atası Təbrizə gəlmiş, bir-iki il Təbrizdə qalmış sonra yenidən Nəcəfə qayıtmışdı. Həmin bir-iki il ərzində mənim mərhum atam və Təbrizin digər bir din alimi mərhum Seyid İbrahim Dərvazei – onun oğlu Seyid Mehdi Dərvazei Tehranda yaşayırdı; bəlkə buradakı cənablardan bəzisi onu tanıyar – o oğlan ilə eyni məktəbdə oxumuşdular. Bu baxımdan, onun mərhum atamla yaxşı münasibəti, xüsusi bir əlaqəsi var idi. O, dəfələrlə səhər tezdən ora gələrdi və bəzən səhər yeməyini də orada yeyərdi. Bir dəfə mərhum Seyid İbrahim Dərvazei Məşhədə gəlmişdi, hər üçü mərhum atamın evində görüşmüşdülər. O, sədaqətli insan idi, köhnə dostluqlara dəyər verirdi. 

O, olduqca xoşsöhbət, maraqlı müsahib idi; yəni onunla həmsöhbət olmaq xoş idi. İncə ruhu və poetik zövqü vardı. Bəzən onunla birbaşa əlaqəsi olmayan bəzi kitablarda onun özünün də şeir yazdığını görmüşdüm; təbii ki, şeirlər ərəb dilində idi. O, şair ruhlu insan idi, poetik zövqə sahib idi; yəni görkəmli və seçilən şəxsiyyətin məcmusu idi. Onu da qeyd etmək istərdim ki, o, Şeyx Məhəmmədhəsən Mamaqaninin nəvəsi və “Sahibe-rical” kitabının müəllifi Mamaqaninin kürəkəni idi; mərhum Şeyx Abdullah Mamaqaninin kürəkəni olub. Bəzən dərslərdə dayısı haqqında “mərhum Ağa dayı Rical kitabında belə deyibdir” ifadəsini işlədərdi. Bir sözlə, o, alim ailəsində böyümüşdü. 

Mərhum Ayətullah Milani (Allah ona rəhmət etsin) şübhəsiz ki, elm sahəsində öz dövrünün çox görkəmli alimi idi; o, böyük din alimi idi. Onun yararlandığı əsas elm ustadları mərhum cənab Naini və Şeyx Məhəmmədhüseyn İsfahani olmuşdur. Onları “Mirzə Ustad, hacı Şeyx Ustad” adlandırırdı; dərslərdə onlara bu adla istinad edirdi. Onun fiqhi düşüncə metodu mərhum Naininin düşüncə metoduna daha yaxın idi. Amma üsul dərsində iştirak etmədiyim üçün üsul metodunun necə olduğunu bilmirəm, lakin fiqh dərsində onun metodu daha çox mərhum cənab Naininin metoduna bənzəyirdi, onun kimi müzakirə edirdi, onun kimi danışırdı, onun kimi işləyirdi. 

Dərslərdə olduqca sakit, təmkinli idi, gözəl danışıq tərzi vardı. “Gözəl danışığı vardı” dedikdə, yəni dərsi ardıcıl surətdə deyil, səlis, aydın və anlaşılan tərzdə başa salırdı. O, olduqca gözəl nitqə sahib idi; yəni onun dərsinə qulaq asan hər bir tələbə dərsi həqiqətən də başa düşürdü. O, dərslərini bu tərzdə başa salırdı. Böyük və görkəmli bir müəllim idi. Həqiqətən də Məşhədin teoloji məktəbini dirçəldən o oldu. Bir zamanlar mərhum Ağazadə (2) və Hacı Ağa Hüseynin (3) vaxtında Məşhəd teoloji mərkəzi özünün ən yüksək zirvəsində idi. Amma onların şəhadətindən sonra uzun müddət durğunluq yarandı; başqa sözlə desək, fiqh və üsul sahəsində elə bir dərs yox idi ki, şövqlü bir tələbəni Məşhəd teoloji mərkəzinə bağlasın. O, teoloji məktəbi gəlib dirçəltdi. Məşhəd teoloji mərkəzi həqiqətən də mərhum Milaniyə borcludur. Doğrudan da, teoloji mərkəzi o dirçəltdi və orada tədrislə məşğul olmağa başladı. Gecələr fiqh dərsini tədris edirdi, əvvəlcə Hacı Molla Haşim məscidində “icarə” mövzusunda dərs verdi – o vaxtlar mən xaric dərslərinə (red: teoloji təhsil sisteminin ən son və yüksək mərhələsi; bu dərslər könüllüdür və ən yüksək səviyyəli din alimləri “müctəhid” dərəcəsinə çatmaq üçün bu dərslərdə iştirak edirlər) getmirdim, iştirak etmirdim – sonra “namaz” mövzusunda təfsilatlı şəkildə tədrisə başladı və bu, bir neçə il, bəlkə də 7-8 və ya 10 il davam etdi. Ondan sonra da “zəkat”, “xüms” və s. mövzuların tədrisinə başladı. Məncə, onlardan bəzisi çap da olunmuşdu. Çap olunmuş “namaz” mövzusunu görmüşəm, deyəsən, gördüyüm “müsafir namazı” idi. İntəhası, gördüyüm o yazılar onun elmi səviyyəsini tam əks etdirmirdi; yəni onun elmi səviyyəsi çap olunmuş bu yazılardan daha yüksək və üstün idi; o, bir alim kimi olduqca güclü idi və doğrudan da elmi cəhətdən çox üstün bir şəxsiyyət idi. 

O, görkəmli alim olmaqdan əlavə, teoloji mərkəzlərə də xüsusi və ciddi nəzərlə yanaşırdı. Teoloji mərkəzdə fəaliyyətə başladığı ilk gündən etibarən istedadlı tələbələrin axtarışında olmuşdu. Məşhədə gəldiyi ilk vaxtlarda istedadlı tələbələrin təsnifini aparmışdı və bu da onun üçün müəyyən problemlər yaratmışdı. Bu təsnifdə məqsədi istedadlı tələbələri axtarıb-tapmaq və onlara xüsusi diqqət göstərmək idi. Bu məqsədlə o, mədrəsə də təsis etmişdi; deyəsən, iki-üç mədrəsə təsis etmişdi. O, mədrəsələri təsis etdiyi vaxtda onunla çox sıx əlaqəm olmadığına görə, həmin mədrəsələrin vəziyyəti haqqında geniş məlumata malik deyiləm. Amma onu bilirəm ki, bu məsələyə, teoloji mərkəzlərə və s. diqqətlə yanaşırdı. Bu da onun şəxsiyyətinin elmi cəhəti haqqında.

Süluk, irfan əhli olmasına gəlincə, onun mərhum Seyid Əbdülqəffar Mazandarani ilə əlaqəsi vardı. Seyid Əbdülqəffar İraq və Nəcəfin alimlərindən olan mərhum Qazi (4) və onun kimi bəzi din alimləri ilə eyni səviyyədə duran bir şəxs idi. Ona istinadən çap olunan bu kitabda – bu kitabı mən bir neçə il bundan əvvəl görmüşdüm, onun yazdığı məktubları, deyəsən, mərhum Seyid Məhəmmədəli toplayıb çap etdirmişdi – Seyid Əbdülqəffar ona bir neçə məktub yazmış və müəyyən göstərişlər vermişdi. Buradan da mərhum Milaninin ondan suallar soruşduğu, onunla mənəvi bağlılığının olduğu aydınlaşır. Əlbəttə, biz o vaxtlar onun irfan, mənəviyyat və s. əhli olan insanlarla əlaqə saxladığını görürdük; biz dəfələrlə bunun şahidi olmuşduq. Məsələn, mərhum Hacı Molla Ağacan (5) Məşhədə gələndə onunla görüşərdi, minbərə çıxardı. Mən özüm mərhum Milaninin evində Hacı Molla Ağacanın minbərə çıxdığını görmüşdüm və ya başqaları ilə məsələn, Məşhəddə “Nur” (6) adı ilə tanınan cənab Nəqibi ilə də əlaqəsi var idi. Onun bu cür əlaqələri vardı və bunları görmək olurdu. Amma biz cənab Milaninin süluk yolunda hansısa bir ustaddan bəhrələnməsini, ya da məsələn, süluka aid olan xüsusi əməllər, xüsusi ibadətlər etməsini o vaxt təxmin etməmişdik, demə, o, süluk əhli imiş. Onun belə biri olduğunu insan sonradan başa düşür. 

Mərhum Təbatəbainin (7) də onunla sıx əlaqəsi vardı. Cənab Təbatəbai təxminən hər il yay aylarında Məşhədə gələrdi və fikrimcə, iki-üç həftə orada qalardı və həmin müddətdə də Milaninin namazlarında iştirak etməyə xüsusi diqqət göstərərdi. Mərhum Milani şam və xüftən namazlarını yay aylarında ziyarətgahın “Yeni səhn”ində, yəni indiki “Azadlıq səhn”ində qılırdı. Mərhum Təbatəbai o namazlarda iştirak etməyə önəm verirdi və cənab Milani ilə çox yaxın münasibəti vardı. Bu da onun irfan əhli olması haqqındaki sözə digər bir sübut. Onun kəramətləri haqqında da mötəbər vasitələrdən bir çox hadisələr nəql olunmuşdur; mən özüm də bir neçə hadisəni tam mötəbər mənbələrdən eşitmişdim. Biri mərhum Hacı Ağa Murtəza Hairi vasitəsi ilə yazılmış və çap edilmişdir, digərləri də buna bənzər hadisələr idi. Bütün bunlardan məlum olur ki, o, dərin mənalar axtarışında olan, incə irfani mətləblərə diqqət yetirən, aydın mənəvi baxışı olan bir şəxsiyyət olub. Bu da onun süluk, irfan əhli olması haqqında bir mətləb. 

Onun siyasi və ictimai şəxsiyyət olması məsələsinə gəlincə, o, mübarizələrin başlanğıcından etibarən hərəkatın sütunlarından biri idi. 1341-1342 illərdə ruhanilərin mübarizəsi başladığı vaxtlarda mərhum Milani həqiqətən də hərəkatın əsas sütunlarından biri sayılırdı. Əvvəla, onun bəyanatları məzmun baxımından olduqca güclü idi. Biz o vaxtlar “Höccətiyyə” mədrəsəsində idik, orada elan lövhəsi vardı, bəyanatları ora vurardılar, biz də oxuyardıq. Bir dəfə gördüm ki, cənab Milani tərəfindən bir bəyanat gəlib. Mətni o qədər güclü, möhkəm və təsirli idi ki, mətnin gözəlliyi və təsir qüvvəsi insanı həyəcana gətirirdi. O, belə bir şəxsiyyət idi; onun fars dilində olan yazılarının hamısı bu cür idi. İndi onun ərəb dilində yazılarını görüb-görməməyim yadıma gəlmir. Amma fars dilində olan yazıları cox güclü, çox təsirli və çox gözəl idi. İmam Xomeynini (r.ə) həbs edəndən sonra, ona qarşı çox ağır və sərt ittihamların irəli sürülməsi ehtimal olunduğu bir vaxtda, bütün şəhərlərdən görkəmli din alimləri Tehrana gəldilər. Sözsüz ki, bu qrupun başında duran cənab Milani idi; sözsüz. Cənab Şəriətmədari (8) də oradaydı və o da mərcəyi-təqlid idi, amma alimlər arasında cənab Milaniyə olan diqqət və etibar çox aydın hiss olunurdu və olduqca yüksək idi. Sözsüz ki, Tehrana gəlmiş bu bir qrup alimlərin ən üstünü və ən nüfuzlusu mərhum Milani (Allah ona rəhmət etsin) idi.

1342-ci ilin əvvəllərində, həmin ilin xordad ayının 15-də o hadisə baş verəndə, o, prosesin tam içində idi. İmam Xomeyni (r.ə) mənə tapşırdı ki, Məşhədə gedim və alimlərin hər biri ilə təkbətək görüşüb peyğamını onlara çatdırım. İki peyğam idi: biri cənab Milani və mərhum Hacı Ağa Həsən Qumiyə məxsus idi, o biri də ümumi peyğam idi. İndi o peyğamlar nə idi, bununla işim yoxdur. Cənab Milaniyə məxsus olan o peyğamı gedib ona çatdırdım; dedim ki, İmam Xomeyni (r.ə) tapşırıb ki, imam-camaatlardan tələb etsin “Feyziyyə” hadisəsini məhərrəm ayının yeddisindən, dini heyətlər isə doqquzundan xalqa açıqlasınlar. Bu ona çatdırdığım peyğam idi. O, dedi ki, “Doqquzuncu günündən? Mən bunu əvvəldən tapşırmışam”. Sonra ad çəkdi ki, “Mən bu şəxslərə, yəni cənab Xomeyniyə, cənab Şəriətmədariyə və cənab Nəcəfiyə artıq demişəm”. Aydın görünürdü ki, o, prosesin tam içində idi və Qumda İmam (r.ə) vasitəsi ilə ortaya çıxan, geniş yayılan və həyata keçirilən ideyaya o da sahib idi. Yəni onun mübarizədə iştirakı bu cür bir iştirak idi və bu məsələ ilə əlaqədar onun da müəyyən planları var imiş. Təbii ki, onun planı İmamın (r.ə) planından bir az fərqli idi, amma hər halda, o da bu məsələ ilə bağlı müəyyən planlar çəkmişdi, proqramlar hazırlamışdı. 

Siyasi və ictimai məsələlərdə o, genişürəkli, pozitiv, dialoqa açıq bir insan idi. Yəni siyasi mübarizə və müzakirə dünyasında fəal olan müxtəlif insanlarla əlaqə saxlayırdı. Məsələn, mərhum Mühəndis Bazərgan ilə, Dr. Səhabi və bu kimi şəxslərlə əlaqəsi vardı. Mən iki-üç dəfə Məşhəddən Tehrana getmək istəyəndə vidalaşmaq üçün yanına getmişdim. O mənə dedi ki, “Tehrana gedəndə cənab Mühəndis Bazərganı – o vaxtlar o, həbsdə idi; 1343-1344-cü illər idi – görmək üçün həbsxanaya da gedəcəksən?” Dedim: “Bəli”. Dedi ki, “Məndən də salam deyərsən”. O, iki-üç dəfə mənim vasitəmlə cənab Mühəndis Bazərgana salam göndərmişdi. Aydın idi ki, bu qruplarla da əlaqəsi vardı. Əlbəttə, “Milli Cəbhə” və bu kimi siyasi cərəyanlara mənsub edilməkdən ciddi şəkildə çəkinirdi. Özü mənə demişdi ki, əgər kimsə məni “Milli Cəbhəyə” mənsub edərsə, həmin adamdan razı qalmaram və bağışlamaram da. Belə idi, amma hər halda onlarla əlaqəsi vardı. 

Bizə elə gəlirdi ki, bəzi illərdə o, mübarizədən bir qədər geri çəkilib; buna görə biz hətta ona etiraz da etdik. Amma indi məktublar nəşr olunandan sonra məlum olub ki, demə, o vaxtlar o, cənab Şəriətmədari və digər alimlərlə çoxlu yazışmalar aparıbmış və bu fəaliyyət ilə məşğul imiş; ancaq biz onun bu fəaliyyətindən xəbərsiz idik. İnsanların İmam Xomeyninin (r.ə) azad edilməsi üçün Tehranda toplaşmış mərcəyi-təqlidlərə dəstək məqsədi ilə yazdıqları o məktublarda bəlkə də hamıdan çox onun adı çəkilirdi və ən çox diqqət də ona göstərilirdi. 

Onun İmama (r.ə) dəstək məqsədi ilə yazdığı məktub, fikrimcə, tarixi bir sənəddir. 1343-cü ildə İmamı (r.ə) Türkiyəyə sürgün edəndə, o, evində məclis təşkil edərək Məşhədin alimlərini evinə dəvət etmişdi. O dövrdə bizlərdən mübarizədə iştirak edən bir neçə nəfər gənc də dəvət olunmuşdu; mən də dəvət olunmuşdum. Məşhəd alimlərindən mərhum Hacı Şeyx Müctəba (9) və digərləri də iştirak edirdilər. Oğlu qalxıb İmama (r.ə) yazılmış məktubu oxudu. Heyrətamiz bir məktub idi; İmamı (r.ə) dəstəkləyən və sürgün edilməsinə görə təəssüfünü bildirən olduqca güclü və qəti bir məktub idi. Həmin məktubdan bu sözlər yadımda qalıb: 

اَلسُّکوتُ اَخُو الرِّضا و مَن لَم یَکُن مَعَنا کانَ عَلَینا

“Susmaq – razılıq əlamətidir, bizdən olmayan bizə qarşıdır”. (10) 

Bu cümləni orada işlətmişdi. Əbuzər sürgün edildiyi vaxt həzrət Əmirəl-mömininin (ə) söylədiyi sözlərdən də gətirmişdi, (11) Əmirəl-mömininin sözlərini orada qeyd etmişdi. Fikrimcə, bu məktub mötəbər bir sənəddir. O özü də orada oturmuşdu, oğlu qalxıb məktubu oxudu və hamı eşitdi. 

Bir sözlə, o, həqiqətən də elmi, əxlaqi, mənəvi, siyasi və ictimai baxımdan hərtərəfli bir insan idi. O, bir çox üstün xüsusiyyətlərə malik və Məşhəd teoloji mərkəzi üzərində unudulmaz haqqı olan böyük bir şəxsiyyət idi. 

Ümid edirəm ki, inşallah, təşkil etdiyiniz bu anım mərasimi onun şəxsiyyətini indiyə kimi təqdim olunduğundan daha artıq şəkildə insanlara tanıda biləcəkdir.

_________________________

(1)  Ayətullah Seyid Cavad Xamenei
(2)  Ayətullah Mirzə Məhəmməd Ağazadə Xorasani
(3)  Ayətullah Seyid Təbatəbai Qumi
(4)  Ayətullah Seyid Əli Qazi
(5)  Ayətullah Molla Ağacan Zəncani
(6)  Hüccətül-İslam Seyid Əbdülhüseyn Nəqibi Sistani
(7)  Ayətullah Seyid Məhəmmədhüseyn Təbatəbai, “Əl-Mizan” təfsirinin müəllifi
(8)  Ayətullah Seyid Məhəmmədkazim Şəriətmədari
(9)  Ayətullah Hacı Şeyx Müctəba Qəzvini
(10)  “Biharul-ənvar”, c. 74, səh. 421
(11)  İbn Əbil-Hədid, “Nəhcül-bəlağənin şərhi”, c. 8, səh. 253