İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün səhər televiziya vasitəsi ilə etdiyi müraciətində 22 Bəhməni İran xalqının qüdrət və izzətinin təzahür etdiyi gün adlandıraraq vurğuladı ki, xalqın yürüşlərdə iştirakı və İslam Respublikasına sədaqətini ifadə etməsi düşmənin İran və milli mənafelərə qarşı tamahkarlığından əl çəkməsinə səbəb olacaqdır: “22 Bəhməndə öz iradə və müqavimət gücünüzü göstərməklə düşməni məyus edin”.
Ali Məqamlı Rəhbərin telemüraciətinin tam mətni belədir:
Rəhman və Rəhim Allahın adı ilə.
Hər il keçirilən 22 Bəhmən İran xalqının qüdrət və izzətinin nümayiş etdirildiyi bir gündür. Allaha şükürlər olsun, bu xalq motivasiyalı, iradəli, sabitqədəm, qədirbilən, öz xeyir və ziyanını bilən bir xalqdır.
İlk dəfə 22 Bəhmən hadisəsi baş verəndə İran xalqı böyük bir fəthə imza atdı və bu yolla özünü və ölkəsini yadellilərin müdaxiləsindən xilas etməyi bacardı. Bütün bu illər ərzində yadellilər həmişə keçmişdəki mövqelərini yenidən bərpa etməyə çalışmışlar, amma İran xalqı onların bu istəklərinin qarşısında var gücü ilə dayanmışdır. 22 Bəhmən bu dirənişin təcəssümüdür.
Bu yürüş dünyada bənzərsiz, misli görünməmiş bir yürüşdür. Bütün bu illər ərzində dünyanın heç bir yerində hansısa ölkənin uzun illərdən sonra hər il “Suverenlik Günü”nü və “Milli Gün”lərini belə əzəmətli izdihamla keçirməsinin şahidi olmamışıq. Bu gün İran xalqı küçələrdə yürüş etməklə özünü dünyaya göstərəcək və bu yolla İrana, İslam Respublikasına və bu xalqın mənafeyinə tamah salanları geri çəkilməyə məcbur edəcəkdir.
Milli güc raket və aviasiya gücündən daha çox xalqların iradə və müqavimət gücünə bağlıdır. Allaha şükürlər olsun ki, siz keçmişdə baş vermiş müxtəlif hadisələrdə öz müqavimətinizi, iradənizi göstərmisiniz; iradənizi bu dəfə də göstərin və düşməni məyus edin. Düşmən ümidini kəsməyincə, xalqa əziyyət verəcək, onu incidəcəkdir. Ona görə də düşməni məyus etmək lazımdır. Düşmənin məyus olması sizin vəhdətinizə, düşüncə gücünüzə, iradənizə, motivasiya və düşmənin vəsvəsələri qarşısındakı müqavimətinizə bağlıdır; bu amillər milli gücü formalaşdırır.
İnşallah, gənclərimiz müxtəlif sahələrdə – elmi, praktiki, təqva, əxlaq, maddi-mənəvi nailiyyətlərdə – daha da inkişaf edəcək, səy göstərəcək və ölkəmizi qürurlandıracaqlar. 22 Bəhmən günü bütün bunların təcəssümüdür; hamı küçələrə axışaraq şüarlar səsləndirir, həqiqətləri bəyan edir və dövlətinə olan həmrəyliyini elan edir. İran xalqı bu yolla öz sədaqətini İslam Respublikasına izhar edir.
İnanıram ki, inşallah builki 22 Bəhmən günü bütün keçmiş 22 Bəhmənlər kimi İran xalqının əzəmətini daha da artıracaq və digər xalqları, dövlətləri, gücləri və s. İran xalqı qarşısında təzim etməyə, boyun əyməyə məcbur edəcəkdir. İnşallah, belə də olacaqdır.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
20.11.1404
09.02.2026
