Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Şərqi Azərbaycan əhalisi ilə görüşdəki çıxışı

بسم الله الرّحمن الرّحیم الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین

Rəhman və Rəhim Allahın adı ilə. 

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə, pak, seçilmiş Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

Əziz Təbriz, Azərbaycan əhalisi, xüsusilə də gənclər və şəhid ailələri, çox xoş gəlmisiniz. Azərbaycandan bu hüseyniyyəyə inamlı addımlarla təşrif gətirmiş gənclərin buradakı bu iştirakı Təbriz və Azərbaycanda İnqilabın keçmiş və hazırkı nəsilləri arasında sıx bağlılığın müjdəsidir. Bu da sizin şəhər və ostanınızın özünəməxsus üstünlüklərindən biridir. 

Mən İnqilab dövründə nə vaxt Təbrizə və ya Azərbaycanın digər şəhərlərinə səfər edirdimsə, bu insanların hisslərində, düşüncə və baxışlarında başqa yerlərdə çox az rast gəlinən bir imtiyazın, bir üstünlüyün olduğuna şahid olurdum. 1356-cı ilin 29 bəhmən (1) (red: 18.02.1978) hadisəsinin özü də unudulmayacaq tarixi bir hadisədir. Vəziyyəti düzgün qiymətləndirmək, vaxtında hərəkətə keçmək, fədakarlıq və s. kimi keyfiyyətlər bu hadisənin xüsusiyyətlərindəndir. Allah bu şəhərin imam-cüməsi mərhum Ali Haşimə rəhmət etsin, görüşlərin birində o, bu xüsusiyyətləri düzgün bir şəkildə izah etmişdi, açıqlamışdı; mən özüm də bu xüsusiyyətləri öz gözlərimlə görmüşəm, şahidi olmuşam. 

Mən əsas tövsiyəmi elə bəri başdan diqqətinizə çatdırım: vəziyyəti düzgün qiymətləndirmək, vaxtında proseslərə qoşulmaq xüsusiyyətini əldən verməyin; bu, çox mühüm bir üstünlükdür. Azərbaycan canlıdır, diridir. Canlı və coşqulu bir xalq isə heç vaxt düşmənin siyasi oyunlarının və müxtəlif hiylələrinin təsiri altına düşməz. Allaha şükürlər olsun ki, sizlər vəziyyəti düzgün qiymətləndirmək və vaxtında hərəkətə keçmək xüsusiyyətini hələ də qoruyub saxlamısınız. Mənə verilən məlumata əsasən, bu il 22 Bəhmən yürüşündə bütün şəhərlərdə iştirakçıların sayı əvvəlki illərə görə daha da artmışdır, təbrizlilər isə bu yürüşdə ikiqat sayla iştirak ediblər. 

Əzizlərim! Bizim builki və bugünkü görüşümüz müstəsna bir görüşdür; əvvəlki illərdən fərqlidir. Bu il heyrətamiz bir il oldu. Bu il İran xalqı bir neçə mərhələdə, bir neçə dəfə bütün dünyaya öz əzəmətini, iradəsini, qətiyyətini və imkanlarını – 12 günlük müharibədən tutmuş bu son hadisələrə qədər – nümayiş etdirdi.

Əlbəttə, bu günlər Ramazan ayının astanasındayıq. Bu da mübarək günlərdən biridir. Bu il ölkəmizin vətəndaşları, o cümlədən siz, Azərbaycanın qeyrətli, qətiyyətli, əziz insanları İranı izzətləndirdiniz, ölkənizi dünyada başıuca etdiniz. O ki, deyirəm “izzətləndirdiniz”, bu, sadəcə dildə deyilən bir söz deyildir. Bu, siyasi məsələlərlə əlaqəli digər ölkələrə səfər edən ölkə rəsmilərimizin dedikləri sözlərdir. Rəsmilərimiz deyirlər ki, görüşdüyümüz, İran haqqında danışıqlar apardığımız siyasətçilərin gözündə bu gün İran xüsusi bir yer tutub və bu, məhz həmin müqavimətin və güc nümayişlərinin sayəsində baş vermişdir. 

Bu gün mən iki mövzu haqqında fikirlərimi sizinlə bölüşmək istəyirəm. Bunlardan biri təxminən bir ay əvvəl, 40 gün bundan əvvəl baş verən fitnə haqqındadır; bu hadisə ətrafında mütləq danışmaq, onu təhlil etmək lazımdır. Əlbəttə, bir neçə gün bundan əvvəl mən bu barədə çıxış etmişdim, (2) bu gün də bu mövzuya qısaca toxunacağam; amma analitiklər, fikir sahibləri bu hadisə ilə bağlı müəyyən işlər görməlidirlər. Digəri isə Amerika haqqında olacaq; əslində tənəzzülə doğru gedən, süqut etməkdə olan bu sistem, bu imperatorluq haqqında bir neçə cümlə danışacağam. 

Fitnəyə gəlincə, mən sizə bir kəlmə deyəcəyəm: Əzizlərim! Bu, baş vermiş uğursuz bir çevriliş idi. Elə deyildi ki, məsələn, təsəvvür edək ki, bir qrup gənc və ya qeyrisi haralardasa aqressivləşərək hərəkətə keçmiş, ya etiraza qalxmış və ya iğtişaş törətmişdilər. Xeyr, məsələ bu deyilənlərdən daha böyükdür, daha ciddidir. Bu, əslində bir çevriliş idi, intəhası, bu çevriliş İran xalqının ayaqları altında əzilib yox oldu. 

Hadisə qısaca bundan ibarətdir: İki ölkənin – Amerika və işğal olunmuş Fələstinin, yəni qondarma sionist rejimin – kəşfiyyat və casusluq orqanları bəzi digər ölkələrin (tanıdığımız ölkələrin) kəşfiyyat orqanlarının köməyi ilə zamanla ölkəmizdə kriminal ünsürləri və ya bu işlərə meyilli olan insanları axtarıb tapmışdılar. Onları ölkədən çıxartmış, müəyyən məbləğlər ödəmiş, silahlarla təmin etmiş, təxribat təlimləri keçmiş, hərbi və ya dövlət əhəmiyyətli obyektlərdə təxribat törətmək üçün giriş təlimi keçmiş, daha sonra yenidən İrana geri göndərmişdilər. Sonra oturub gözləmişlər ki, fürsət yaranar-yaranmaz həmin ünsürlər fəaliyyətə keçsinlər. Həmin dəstələrin də işi bundan ibarət idi, bir qrup sadəlövh gənc və ya qeyrilərini təsir altına salsınlar, aqressivləşdirsinlər və qarşıdurma meydanlarına çıxmağa məcbur etsinlər. Nəhayət, onlar üçün belə bir fürsət yarandı; təxminən bir ay yarım bundan əvvəl o dəstələr meydanlara töküldülər və bu sadəlövh, təcrübəsiz gəncləri önə verdilər. Haralara? Strateji mərkəzlərə: hərbi, infrastruktur, yanacaq anbarlarına, hərbi və dövlət obyektlərinə. Bunları önə verdilər və özləri də müxtəlif silahlarla – tapança, şəxsi silah, tüfəng, qumbara və s. ilə meydana girdilər və siyasətləri də bu idi ki, sərt və amansız olsunlar; İŞİD kimi. Amansızlıqla hərəkət etməyi qərara almışdılar. Ona görə də insanı diri-diri yandırır, azyaşlı uşağı atasının qucağında öldürür və s. bu kimi amansız işlərə əl atırdılar. Təəssüflər olsun ki, onların bu amansız hərəkətlərinin nəticəsində həmvətənlərimizin bəzisi öz həyatlarını itirdilər. 

Bəs əsas məqsəd nə idi? Məqsəd dövlətin sütunlarını zəiflətmək, sarsıtmaq, strateji obyektləri, “Səda və Sima”nı (dövlət teleradiosunu) və s. bu kimi yerləri ələ keçirmək idi. Bu onların görmək istədikləri iş idi. Əlbəttə, hüquq-mühafizə orqanları, Bəsic, Sepah (Keşikçi Korpusu), həmçinin Bəsic və Sepahın üzvü olmayan çoxlu sayda gənc onların qarşısını aldı. Hətta bəziləri onların qarşısına əliyalın çıxdı, bəziləri də şəhid oldu; bəs sonda nə oldu? Sonda düşmən qəbul etsə də, etməsə də, ölkə daxilində çox böyük hazırlıqlar, səylər və xərclər hesabına hazırladıqları çevriliş məğlubiyyətə uğradı. Baş vermiş hadisə bundan ibarət idi. Məsələ kiçik bir məsələ deyildi, olduqca mühüm bir məsələ idi. 

Yaşananlar düşmənin məğlubiyyəti və İran xalqının qələbəsi idi; bu, hamıya bəlli oldu. Daha sonra heyrətamiz 22 Dey və 22 Bəhmən yürüşündə xalqın göstərdiyi bu möhtəşəm davranış həqiqətən də İlahi bir əlamət idi. Bu, bir siyasət idi. Başqa siyasətləri də var. Mən qətiyyətlə demirəm, amma onu demək istəyirəm ki, əgər İran xalqı düşmənin bədxah fəaliyyətlərinə və məkrli planlarına bu şəkildə qalib gələ bilirsə, bu qalibiyyəti həmişə hazırlıqla, ayıq-sayıqlıqla və milli birliklə qoruyub saxlamağı bacarmalıdır. 

Axıdılan qanlara gəlincə, biz axıdılan qanlara görə yasa qərq olmuşuq, matəm içindəyik. Əlbəttə, bu qanları axıdılanların bir qrupu da elə fitnə-fəsad törədənlərin, təxribatçıların özləri idilər; qruplardan biri bunlar idi, hansı ki, əcəl aman vermədi və cəhənnəmə vasil oldular, onların hesabları Allah qarşısındadır, bu qrupla işimiz yoxdur. Digər bir qrup da onlarla birlikdə olmayanlar idi; həyatlarını itirən əslində üç qrup idi. Mən həyatlarını itirənləri üç qrupa ayırıram. Bir qrup təhlükəsizlik qüvvələri və dövlət müdafiəçiləri idi; istər hüquq-mühafizə orqanları olsun, istər Bəsic, istər Sepah və istərsə də bu qüvvələrlə birlikdə hərəkət edib şəhid olanlar olsun. Bunlar ali dərəcəli şəhidlərdirlər; bir qrup bunlardır. Digər bir qrup isə təsadüfi yoldan keçənlər idi. Hansısa şəhərdə fitnəkarlar fitnə törətdikdə təkcə onlarla qarşı-qarşıya duran insanları öldürmürlər ki; yolda işinə, evinə gedən günahsız insanları da hədəf alırlar. Şəhid olanların bəziləri də bunlardır. Bunlar da şəhid hesab olunur, çünki düşmən fitnəsi nəticəsində həyatlarını itirmişdilər. Bu güllə hansı tərəfdən atılırsa-atılsın, nəticədə düşmənin törətdiyi fitnə zamanı baş vermişdi, ona görə də ikinci qrup da şəhid sayılır. Üçüncü qrup isə fitnəkarlarla eyni sırada olan aldanmış, sadəlövhcəsinə davranmış, təcrübəsiz insanlar idilər. Mən bunu demək istəyirəm ki, onlar da bizim özümüzünkülərdir, onlar da bizim övladlarımızdır. Onlardan bəzisi əməllərinə görə peşman da olmuşdu. Hətta bəzisi mənə: “O gün etiraz üçün küçəyə çıxmışdım, haqqınızı mənə halal edin!” deyə, məktub da yazmışdı. Bu insanlar həbsdə də deyildilər; azadlıqda idilər, amma buna rəğmən peşman olmuşdular, səhvlərini başa düşmüşdülər. Məsullarımız bu qrupdan öldürülənləri də şəhid sayırlar; düz də edirlər. Beləliklə, həyatlarını itirmiş “şəhid” hesab etdiklərimizin dairəsi genişlənir; fitnəkarlar, dəstə başçıları, düşməndən pul, silah və s. alanlar istisna olmaqla. Digərləri isə – istər təhlükəsizlik qüvvələrimiz olsun, istər yoldan keçənlər olsun, istərsə də hətta fitnəkarlarla bir neçə addım atmış olanlar olsun – onların hamısı bizim öz övladlarımızdır və biz onlar üçün Allahdan rəhmət, məğfirət diləyirik. Onlar səhvə yol verdilər, Allah-Taala günahlarından keçər, inşallah.

Demək, amerikalıların əli ilə İŞİD adında bir təzahür meydana gəlmişdi, belə ki, amerikalılar özü də etiraf etmişdilər ki, İŞİD-i müəyyən üsullarla biz yaratmışıq. Əlbəttə, hal-hazırda İŞİD az-çox aradan qaldırılıb, lakin bu qrup da yeni İŞİD-çılardılar; odur ki, ehtiyatlı olmaq, ayıq olmaq lazımdır! Həm məsul şəxslər, həm də adi vətəndaşlar ehtiyatlı və sayıq olmalıdırlar. Xüsusilə də gənclər kimin onlara nə söylədiyinə, nə təklif etdiklərinə diqqət yetirməlidirlər. 

Əgər ölkədə bu fitnə-fəsad törədənlərin əsas qruplarından hələ də kimlərsə varsa – mütləq vardır – onlar hökmən təqib olunmalı, cəzalandırılmalı və mühakimə olunmalıdırlar; xalq bunu tələb etməlidir. 

Məhkəmə və təhlükəsizlik orqanlarının borcudur ki, istər sözləri ilə, istər əməli ilə, istərsə də təhlilləri ilə düşmənlə əlbir olan, həmkarlıq edən, həmrəy olan o şəxslərə qarşı ədalətli hüquqi tədbirlər həyata keçirsinlər. Mən yersiz sərt davranmağın tərəfdarı deyiləm, amma yersiz yumşaq davranmaq da ölkəni bir çox zərərlərə düçar edə bilər. Zənnimcə, böyük ehtimalla Amerikanın İslam Respublikasına qarşı növbəti planları məhz bu üslubda, bu qəbildən olan işlərdən ibarət olacaq. Əlbəttə, mən buna da əminəm ki, Allah-Taalanın yardımı sayəsində bu qəbildən olan işlər İran xalqının əli ilə məhv ediləcəkdir; şübhəsiz! Allaha şükürlər olsun ki, xalq canlıdır, diridir, ayıq və hazırlıqlıdır. 

Süqut etməkdə olan Amerika imperatorluğuna gəlincə, Amerika həqiqətən də dağılmaq üzrədir! Bir çox iqtisadi, siyasi, ictimai problemləri vardır. Əlli faizdən artıq Amerika vətəndaşı hazırkı prezidentlərini qəbul etmir; bunlar bir ölkənin qarşılaşdığı mövcud problemlərdir, onlar problemlər məngənəsində boğulurlar. Mən bircə kəlmə deyəcəyəm, o gün də demişdim (3) bizim Amerika ilə problemimiz budur: onlar İranı mədəyə ötürmək istəyirlər. İran xalqı, İslam Respublikası isə buna mane olur. Onlar İran xalqı üzərində hökmranlıq etmək arzusundadırlar. Amerika prezidentinin dediyi sözlər – indi qeyd edəcəyəm – bəzən hədələməsi, bəzən “bu iş mütləq olmalıdır, o iş olmamalıdır” deməsi, onların İran xalqı üzərində hökmranlıq etmək istəməsindən xəbər verir. 

İran xalqı İslamdan və şiəlikdən öyrəndiklərini yaxşı bilir; nəyi nə vaxt etməli olduğuna yaxşı bələddir. İmam Hüseyn (ə) buyurduğu kimi:

مِثلی لا یُبایِعُ مِثلَ یَزید

Yəni “Mənim kimi birisi Yezid kimi birisinə beyət etməz”. (4) İran xalqı da əslində belə deyir ki, bizim kimi bir xalq, belə bir mədəniyyətlə, belə bir tarixi keçmişlə, belə bir təhsillə bu gün Amerikada hakimiyyətdə olan pozğun şəxslərlə beyət etməyəcəkdir. 

İndiyə kimi onların pozğunluğu haqqında eşitdiklərimiz bir tərəfə, o “bədnam” (5) ada haqqında eşitdiklərimiz başqa bir tərəfə! Həqiqətdə bunlar Qərb sivilizasiyasının reallığının göstəricisidir. Bizim Qərb sivilizasiyasını, Qərb liberal demokratiyasını qınamağımız buna görədir. 200-300 ildir “tərəqqi edirlər”in nəticəsi də belə olur. Əlbəttə, bu ada onların pozğunluğundan yalnız bir nümunədir; bu kimi nümunələrdən olduqca çoxdur. Bu məsələ bir vaxtlar gizli idi, amma sonda aşkara çıxdı, gələcəkdə də aşkara çıxacaq belə nümunələr çoxdur.

Amerika məsələsinə gəlincə, Amerika dövlətinin, həmçinin Amerikada fəaliyyət göstərən sionist rejimin təbliğat atmosferi bu günlərdə İran haqqında demək olar ki, təhdidlə doludur. “Belə edəcəyik, elə edəcəyik” deyə, təhdid yağdırırlar. Sizlər, Təbriz əhalisi və İran xalqının əksəriyyəti 22 bəhməndə həmin təhdidlərin cavabını verərək sübut etdiniz ki, bu təhdidlər mənasızdır və əks təsirə malikdir, onların təhdidləri əksinə, motivasiyaya səbəb olur. Xalqın 22 Bəhmən yürüşündə kütləvi iştirakı Amerika rəsmilərinin boş və mənasız açıqlamalarına güclü bir cavab oldu. 

Bunu onlar özləri də çox yaxşı başa düşürlər. Daima müharibə olacağı ilə, “belə olacaq elə olacaq” deyə, daima təhdidlər yağdıran Amerikanın özü də bilir ki, bu sözlərin arxasında dayanacaq bir gücü yoxdur. Onlar iqtisadi, siyasi problemləri və beynəlxalq nüfuzları səbəbindən belə bir iş görə bilməzlər; bunu bilirlər. Hər hansısa bir səhvə yol verərlərsə, onları hansı aqibətin gözlədiyini də bilirlər. 

Pozğun və zalım Amerika imperiyasının süqutunun digər əlamətlərindən biri də onların məntiqsizliyidir. Bir hökumət hər hansısa bir işi görmək istəyəndə onun arxasında məntiq olmalıdır; bunlarda isə məntiq yoxdur. Onların məntiqsizliyinin nümunələrindən biri də ölkəmizin daxili işlərinə müdaxilə etmək məsələsidir. Əvvəla, İranın daxili məsələlərinə müdaxilə etmək istəyirlər. Bizim üçün əhəmiyyət daşıyan daxili məsələlərimizdən biri silahlanma məsələsidir. Biz çəkindirici silahlara sahib olmalıyıq. Hər hansısa bir ölkə çəkindirici silaha sahib olmazsa, düşmən tapdağının altında əzilib yox olacaqdır. Çəkindirici silaha sahib olmaq bizim xalqımız üçün vacibdir. Amerikalılar əbəs yerə müdaxilə edərək deyirlər ki, siz filan növ raketə sahib olun, filan növ raketə sahib olmayın, filan yerə qədər uzaqmənzilli olsun, bu yerdən artıq olmasın. Bundan sizə nə? Bunun sizə nə dəxli var? Bu məsələ İran xalqına aid bir məsələdir. 

Yaxud da dinc məqsədlər üçün istifadə edilən nüvə sənayesi məsələsini götürək. Sülhməramlı nüvə müharibə üçün deyil, ölkənin inkişafı üçün nəzərdə tutulmuşdur; kənd təsərrüfatı, səhiyyə, enerji və enerji dayanıqlı sahələr üçündür. İran xalqı öz işini görür, bundan sizə nə? Axı bunların sizə nə dəxli var? (6) “Bu bizim haqqımızdır” – dediyiniz bu şüarın özü də Beynəlxalq Atom Enerjisi Agentliyinin nizamnamələrində tanınmışdır. Yəni bütün dünya ölkələrinin öz sərhədləri daxilində nüvə təsisatlarına, hətta uranın zənginləşdirilməsinə sahib olmaq hüquqları var. Bu bizim hüquqlarımızdan biridir. Elə isə niyə amerikalılar müdaxilə edirlər? Bu, Amerikanın həm bugünkü, həm də keçmiş rəsmilərinin – fərqi yoxdur – düşüncələrinin qeyri-sabitliyindən xəbər verir; niyə görə müdaxilə edirlər? Daha qəribəsi odur ki, müdaxilə edərək deyirlər: “Gəlin sizin nüvə enerjiniz barəsində birlikdə danışıqlar aparaq, amma danışıqların nəticəsi də belə olmalıdır, siz nüvə enerjisinə sahib olmamalısınız!” Əgər həqiqətən də danışığa getmək lazımdırsa –əslində danışığa heç bir lüzum da yoxdur – hansısa danışıq baş tutacaqsa, onların nəticəsini əvvəlcədən müəyyən etmək yanlış və axmaqlıqdır. Siz ki, deyirsiz: “Filan məsələdə razılığa gəlmək üçün gəlin danışıqlara gedək”, bəs niyə əvvəlcədən nəticəni müəyyənləşdirirsiniz? “Mütləq bu razılığa gəlməliyik!” deyirsiniz. Bu, axmaqlıqdır; bu cür axmaqcasına işləri Amerika rəsmiləri, bəzi senatorları, prezidenti və digərləri edirlər və yolun onlar üçün bir dalan olduğunu heç düşünmürlər. Onlara elə gəlir ki – bunu Amerikanın prezidenti də daima dilə gətirir – onların orduları dünyanın ən güclü ordusudur. Dünyanın ən güclü ordusu belə, bəzən elə ağır bir sillə yeyə bilər ki, yerindən qalxa bilməz! Durmadan dilə gətirirlər ki, biz İran istiqamətinə hərbi gəmi göndərmişik. Əlbəttə, gəmi təhlükəli bir qurğudur, amma ondan daha təhlükəlisi həmin gəmini dənizin dibinə batıra bilən silahdır. 

Amerika prezidenti son çıxışlarının birində etiraf etdi ki, 47 il keçməsinə baxmayaraq Amerika İslam Respublikasını məhv edə bilməyib. O öz xalqına şikayət edib ki, Amerika 47 ildir İslam Respublikasını aradan qaldıra bilməyib; bu, yaxşı bir etirafdır. Mən isə deyirəm ki, bunu sən də bacarmayacaqsan. 

İslam Respublikası canlı bir xalqdır. İslam Respublikası xalqdan ayrı bir hökumət deyildir. İslam Respublikası İran xalqına söykənir; o xalqa ki, sarsılmazdır, möhkəmdir, inkişafı istiqamətində istənilən zəhməti çəkməyə, səy göstərməyə hazırdır və Allaha şükürlər olsun, bu 47 il ərzində irəliləmiş, inkişaf etmişdir. İslam Respublikası o günlər zəif bir fidan ikən siz onu kökündən qoparıb məhv edə bilmədiniz; bu gün isə Allaha şükürlər olsun, İslam Respublikası artıq qollu-budaqlı, barlı, mübarək bir ağaca çevrilmişdir. 

Çıxışımın sonunda hörmətli dövlət rəsmilərimizə, məsul şəxslərimizə bunu demək istəyirəm ki, nə qədər çalışır, səy göstərirsinizsə, bunu ikiqat artırın, çoxaldın. Bizim hədsiz imkanlarımız var. Ölkədəki bu inflyasiyanın mövcudluğu məntiqsizdir; milli valyutanın dəyərinin bu dərəcədə düşməsi məntiqsizdir. Bu problemlər öz həllini tapmalıdır və Allahın izni ilə də həllini tapacaqdır. Hörmətli rəsmilərimiz bir sıra işlərə başlanğıc veriblər; həmin işlər ciddiyyətlə, diqqətlə, bütün yönləri diqqətdə saxlanılmaqla davam etdirilməli, daxili problemlər aradan qaldırılmalı və biznes mühitində sabitlik yaradılmalıdır. 

Əgər təhlükə varsa, Allahın izni ilə onu zərərsizləşdirən qurumlar da mövcuddurlar, iş başındadırlar. Qoy vətəndaşlar heç bir narahatlıq çəkmədən öz işlərini görsünlər, həyatlarına davam etsinlər, biznes mühitində stabillik yaratsınlar, təhsillə, ticarətlə məşğul olsunlar. Ölkədə əmin-amanlıq, özünəgüvən hissi, stabillik hökm sürməlidir:

فَاَنزَلَ اللهُ سَکینَتَهُ عَلی‌ رَسولِهِ وَعَلَی المُؤمِنین‌

“Allah Peyğəmbərinə və möminlərə öz dərgahından arxayınlıq (qəlb rahatlığı, mənəvi möhkəmlik) göndərmişdir...” (7)

İnşallah, Uca Allah xalqımızın hər bir üzvünə arxayınlıq, qəlb rahatlığı nəsib edəcək və yardım edəcəkdir; həmçinin məsullarımıza da öz vəzifələrini yerinə yetirməkdə kömək olacaqdır. 

Mən bu uzun yolu qət edib gələn əziz şəhidlərimizin ailələrinə bir daha “xoş gəlmisiniz” deyirəm. Ümid edirəm ki, hamı həyatda uğurlar qazanar və Allah-Taala əziz şəhidlərimizi də Peyğəmbərlə (s) məhşur edər.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

_______________________________

1) Qumun 12 dey qiyamında şəhid olmuş insanların qırx mərasimini keçirmək üçün Təbrizdə təşkil olunmuş mərasim Pəhləvi rejiminin silahlı məmurları tərəfindən amansızlıqla yatırılmışdır.
2) İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə xalqın müxtəlif təbəqəsi ilə görüşdəki çıxışı (12.11.1404) (red: 01.02.26)
3) İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə xalqın müxtəlif təbəqəsi ilə görüşdəki çıxışı (12.11.1404) (red: 01.02.26)
4) “Luhuf”, səh. 23 (az fərqlə)
5) Virciniya adalarından birində ABŞ-in gənc qadın və yetkinlik yaşına çatmayan qız uşaqlarından cinsi istifadə məqsədi ilə yaratdığı istismar yuvası; bu ada sahiblərinin qonaqlarının əksəriyyəti dünyanın hər yerindən və cəmiyyətin ən yüksək təbəqələrindəndir. 
6) İştirakçıların şüarı: “Nüvə enerjisi bizim tam haqqımızdır”.
7) “Fəth” surəsi, 26-cı ayədən