Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Nouşəhrdəki İmam Xomeyni (r.ə) adına Dənizçilik Akademiyasında etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Sizi – əziz gənclərimizi, Silahlı Qüvvələrin İran İslam Respublikası Ordusunun sıralarında xidmət edən enerji və stimul dolu zabitlərini akademiyadan məzun olmağınız münasibətilə təbrik edirəm. Həmçinin bu yola yenicə qədəm qoyub hərbi akademiyalarda təhsilinə başlayan gəncləri də təbrik edirəm. Siz şərəfli bir yol tutmusunuz. Bu, elə bir yoldur ki, azad düşüncəyə malik hər bir insan ona nəzər salanda, onun necə bir yol olduğunu biləndə qəlbində ona pərəstiş edir. Bu, bəşəriyyət üçün mütləq, zəruri, həyat əhəmiyyətli bir ehtiyac olan İslamın uca amallarını müdafiə yoludur. Siz bu yola, özü də onun çox həssas, riskli bir sferasına qədəm qoymusunuz. Silahlı Qüvvələr İslam dövlətinin, bu ilahi hökumət quruluşunun, ilahi və islami sivilizasiyanın məkrli planlar quran, bədxah düşmənlərə qarşı mübarizədə nizəsinin iti ucluğudur. Əziz gənclərimiz bu meydanda güclü stimulla, böyük həvəs və maraqla, məlumatlılıq və gözüaçıqlıqla iştirak edir, bu dünyada qürura, axirətdə isə ilahi əcrə nail olurlar. Əzizlərim! Bu, bərəkət dolu, nurlu bir yoldur. Bu yolun qədrini bilin. Silahlı Qüvvələrin, İran İslam Respublikası Ordusunun hansı sferasında fəaliyyət göstərdiyinizdən, xidmət etdiyinizdən, yaxud xidmətə başlayacağınızdan asılı olmayaraq, bunu əvəzində Uca Yaradandan əcr qazanacağınız, dünya və axirətdə üzünüzə nur saçacaq gözəl bir əməl bilin.

Həmçinin İran İslam Respublikası Ordusunun möhtərəm rəsmilərini, bu akademiyanın rəhbərliyini sizin kimi gənclərin yetişdirilməsi yolunda çəkdikləri zəhmətlərə, qatlaşdıqları çətinliklərə görə təbrik etməyi, onlara “Yorulmayasınız!” deməyi lazım bilirəm. Bu gün də bu meydanda nümayiş olunan proqramlar həm gözəl, həm də təşəbbüs dolu idi. Arzu edirəm ki, inşallah, uğur qazanasınız və irəli atdığınız hər addımla ölkəni, dayağınız olan dəyərli xalqımızı bir addım irəli aparmağı bacarasınız. Bu gün ölkəmizdə inkişaf və tərəqqiyə böyük sevgi, dinamizm, təşəbbüs və novatorluğa güclü meyl dalğalanır. Müxtəlif sferalarda – elmdə, texnologiyada, cürbəcür sahələrdə göstərilən təşəbbüslərdə, siyasi və ictimai məsələlərdə hər kəs yeniliklər yaratmağın, yeni təşəbbüslərlə çıxış etməyin yollarını düşünür. Əziz tələbələr, İslam Respublikası Ordusunda və bütövlükdə Silahlı Qüvvələrdə xidmət edən dəyərli zabitlər! Bu meydan sizin üçün də açıqdır. Siz həm gəncsiniz, cavanlıq enerjisi kimi bir ilahi nemətdən yararlanırsınız, həm elmi sferada fəaliyyət göstərmək imkanına maliksiniz, həm də Silahlı Qüvvələrin sıralarında xidmət etmək kimi bir iftixar nəsibiniz olub, öhdənizə düşən vəzifəyə əməl edirsiniz. Bu meydan sizin üçün də açıqdır. Siz həm gəncsiniz, cavanlıq enerjisi kimi bir ilahi nemətdən yararlanırsınız, həm elmi sferada fəaliyyət göstərmək imkanına maliksiniz, həm də Silahlı Qüvvələrin sıralarında xidmət etmək kimi bir iftixar nəsibiniz olub, öhdənizə düşən vəzifəyə əməl edirsiniz. Əmirülmöminin (ə) ordunun döyüşçüləri haqda buyurur ki, onlar «حصون الرعيّة» – ölkəni və xalqı qoruyan möhkəm hasardırlar[1] .

Zaman keçdikcə İslam Respublikasının qurulması və möhkəmlənməsi yolunda çalışmağın dəyəri və əhəmiyyəti daha çox aşkara çıxır. Bu gün İslam dininin və İslam ümmətinin düşmənləri bu böyük, coşub-daşan hərəkatla qarşıdurmada gerilədiklərini hiss edirlər. Buna görə də sərsəm işlərə əl atırlar. Baş vermiş sonuncu hadisə – sonuncu peyğəmbərin (s) nurlu şəxsiyyətinin təhqir edilməsi olayı tariximizin ibrətamiz faktlarındandır və ibrət olaraq da qalacaq. İmperialist dövlətlərin başında duranlar bu addımı mühakimə etmədikləri, bu böyük cinayət qarşısında öhdələrinə düşən vəzifəni yerinə yetirmədikləri halda, bu ağır təqsirdən boyun qaçırmaq istəyirlər. Bu cinayətə heç bir aidiyyətləri olmadıqlarını iddia edirlər. Biz kimlərəsə, hansısa dövlətlərin başçılarına, hansısa rəsmilərə günahlarını sübut etməkdə israrlı deyilik, lakin imperializmin başında duranların, Amerika və bəzi Avropa dövlətlərinin siyasətçilərinin davranış tərzi xalqların bu məsələdə məhz onları təqsirləndirməsinə səbəb olub. Onlar özlərini təmizə çıxarmalıdırlar, bu böyük cinayətdə iştirak etmədiklərini sübut etməlidirlər. Sübut üçün isə təkcə dildə deyilən sözlər kifayət deyil; bunu əməldə sübut etməli, bu təcavüzlərin qarşısını almalıdırlar. Əlbəttə ki, onlar bunu etməyəcəklər. Səbəbi isə aydındır: imperialistləri İslam dinini və bu dinin müqəddəslərini təhqir etməyə sövq edən motivlər var. Onları bu tip sərsəm davranışlara əl atmağa vadar edən səbəb möhtəşəm islami oyanış hərəkatıdır. Onlar bəhanə gətirirlər ki, guya  azadlığa hörmətlə yanaşdıqlarına görə ayrı-ayrı fərdlər tərəfindən yol verilən bu böyük günahların qarşısını ala bilmirlər. Buna dünyada kim inanar? Kim inanar ki, imperialist prinsiplərinin heç bir vəchlə pozulmaması üçün konkret qırmızı xətlərin mövcud olduğu ölkələrdə (o ölkələrdə ki, həmin qırmızı xətlərə kəskin formada və son dərəcə tələbkarlıqla riayət olunur, bu xətlərin keçilməsinin qarşısı zor və aqresiya gücünə alınır) İslamın müqəddəs şəxsiyyətlərinin təhqir olunmasına son qoymaq lazım gələndə söz azadlığı buna yol vermir?

Bu gün əksər Qərb ölkələrində naməlum Holokast hadisəsini sual altına salmağa heç kim cürət etmir. Aldığımız məlumata görə, Amerikada psixoloji və sosioloji mənbələrə istinadən homoseksualizm əleyhinə nə isə yazıb dərc etdirmək istəyən şəxslər bunu edə bilmirlər, qarşısı alınır. Bunlar söz azadlığının necə tərəfdarıdırlar? Sionistlərin xəbis siyasətlərinə, xalqların mənəviyyatının və gənc nəslin fəsada sürüklənməsinə, yaxud Holokast kimi  bir məsələyə gələndə, söz azadlığı məna kəsb etmir və heç kimin bu xəbis və rəzil siyasət əleyhinə nə isə yazıb dərc etdirməyə nə haqqı, nə də cürəti çatmır. İslamın müqəddəslərini təhqir etməyə, öz aləmlərində, bu müqəddəsləri müsəlman ölkələrindəki gənclərin gözündə yüngülləşdirməyə gələndə isə söz azadlığından keçə bilmirlər! Buna heç kim inanmaz. Heç kim inanmaz ki, 30 il Hüsni Mübarək kimi birini himayə etmiş, 35 il İranda bütün cinayətlərinə rəğmən, Məhəmmədrza Pəhləvi kimi birinə arxa olmuş Amerika rejimi demokratiya tərəfdarıdır. Heç kim inanmaz ki, onların İraqa və Səddam Hüseynə hücum etmələrinin səbəbi diktatura ilə mübarizədir. Diktatorları yetişdirən elə bunlar özləridir! Yaşadığımız müsəlman regionundakı diktatorlar müxtəlif dövrlər ərzində məhz onlara arxalanaraq öz xalqlarına qarşı zülm və zorakılıq edə biliblər. Bunlar demokratiyanın bərqərar olmasını istədiklərini necə iddia edə bilirlər? Onlara heç kim inanmaz!

Bu gün beynəlxalq ictimaiyyət Amerika və İsrailin siyasətlərinin əleyhinədir? Düzdür, dövlətlər nələrisə nəzərə alıb səslərini çıxarmırlar, amma xalqların ürəyi doludur. Bunun kimi münasib bir situasiya, bir boşluq yaranan kimi, görəcəksiniz ki, xalq Amerikadan asılı mərkəzlərin əleyhinə çıxır. Xalqlar Amerikanın müxtəlif ölkələrdəki siyasi və ictimai mərkəzlərinə nifrət bəsləyir.

Zəmanəmizin imperialistlərinin İslam dini ilə, bu parlaq günəşin doğuşu ilə mübarizəsi, heç şübhəsiz, İslamın qələbəsi ilə sonuclanacaq. Bu məsələdə İslam Respublikasının öhdəsinə böyük vəzifələr düşür. Bu məsuliyyətin çox həssas bir hissəsi isə sizin – bu meydanda toplaşmış, eləcə də bütövlükdə Silahlı Qüvvələrin sıralarında xidmət edən gənclərin çiynindədir. Ümidvaram ki, Uca Yaradan sizin hamınıza işinizdə uğurlar nəsib edəcək! Allah bu 32-33 il ərzində bu yolda canını fəda etmiş əziz şəhidlərimizin də simasını daim nurlandırsın, ruhlarını Məhşərə övliyaları ilə birgə gətirsin! Bu yolu hamımızın üzünə açmış əziz imamımızı (r.ə) da övliyaları ilə birgə məhşur etsin!

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun!

______________________________________
[1] Nəhcül-bəlağə, 53-cü məktub