Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
    • BEŞİNCİ FƏSİL: XÜMS
      • Altmış altıncı dərs: Xümsün mənası və vacibliyi
      • Altmış yeddinci dərs: Qazancın xümsü
        Çap versiyası  ;  PDF
         
        Altmış yeddinci dərs: Qazancın xümsü

         

        Lazımi şərtlərə malik olan şəxs öz iş gəlirindən artıq qalan və məişət ehtiyaclarına sərf edilməyən məbləğin xümsünü verməlidir.
         
        Qazancın mənası
        Burada “qazanc” dedikdə, əmək fəaliyyəti nəticəsində əldə edilən və “qazanc” adlanan pul-mal nəzərdə tutulur.
         
        Qazancın növləri
        Qazancın növləri aşağıdakılardır:
        1- Əkinçilikdən əldə edilən qazanc;
        2- Ticarətdən əldə edilən qazanc;
        3- Əmlakın icarəyə verilməsi ilə əldə edilən qazanc, məsələn, ev, avtomobil, dəmiryonma dəzgahı, corabtoxuma maşını və bu kimi əmlakın icarəyə verilməsi ilə əldə edilən qazanc;
        4- Xidmət və zəhmət haqqı olaraq alınan məbləğ, məsələn, müəllimin, mühəndisin, fəhlənin və digər peşə sahiblərinin gördükləri iş müqabilində aldıqları zəhmət haqqı.
         
        Qazanc sayılmayan mallar
        1. İrs
        1. İrsə və onun satışından əldə edilən pula, hətta onun qiyməti artsa belə, xüms düşmür. Amma əgər irsi sərmayə olaraq (satmaq məqsədilə) saxlasalar, bu halda ehtiyat-vacibə görə, satış zamanı artan qiymət ilin gəliri hesab olunur və inflyasiya miqdarını çıxdıqdan sonra bu məbləğ xüms ilinin sonunadək qaldığı təqdirdə, onun xümsü verilməlidir.
        2. Azyaşlı övladlara çatan irsə xüms düşmür. Amma əgər irsdən gəlir əldə edilərsə, uşaqlar şəri vəzifə yaşına çatanadək bu gəlir onların mülkiyyətində qaldığı təqdirdə, ehtiyata görə, onların hər biri şəri vəzifə yaşına çatdıqdan sonra bu gəlirin xümsünü verməlidirlər.
         
        2. Mehriyyə
        Mehriyyəyə xüms düşmür. Mehriyyə istər müddətli olsun, istərsə də müddətsiz olsun, yaxud istər nağd pul şəklində olsun, istərsə də mal şəklində olsun, bu hökm dəyişmir və ona xüms düşmür.
         
        3. Bəxşiş və hədiyyə
        1. Hədiyyə verilən pul, mal və mülkün xümsünü vermək vacib deyildir, baxmayaraq ki, illik xərclərdən artıq qaldığı təqdirdə, onun xümsünü vermək ehtiyat-müstəhəbə müvafiqdir.
        2. Bir şeyin “bəxşiş” və “hədiyyə” adlanması onu verən şəxsin niyyətinə bağlıdır. Beləliklə, insana atası, qardaşı və ya hansısa bir qohumu tərəfindən verilən dolanışıq xərci, bəxşiş və hədiyyə niyyətilə verildiyi təqdirdə, bəxşiş və hədiyyə hesab olunur.
        3. İnsana ata, ana və ya başqaları tərəfindən hədiyyə verilən əşyalara xüms düşmür, baxmayaraq ki, onun bu əşyalara ehtiyacı yoxdur və ya ürf baxımından onun şəninə (mövqeyinə) uyğun deyildir. Bəli, əgər bu əşyaları hədiyyə vermək ata və ananın şəninə uyğun olmazsa, bu, onların məişət ehtiyaclarından hesab olunmur və bu əşyaların xümsünü verməlidirlər.
        4. Ata öz qızına cehiz ünvanında bir mənzil bağışlayır. Əgər qızına belə bir hədiyyəni bağışlamaq ürfə görə atanın şəninə uyğun olarsa və bu hədiyyəni xüms ili ərzində bağışlayarsa, onun xümsünü vermək vacib deyildir.
        5. Şəhid fondu tərəfindən şəhid ailələrinə verilən hədiyyələrə xüms düşmür. Amma əgər bu hədiyyələrdən əldə edilən qazanc ilin məişət ehtiyaclarından artıq qalarsa, bu məbləğin xümsünü vermək vacibdir. Həmçinin şəhid fondu tərəfindən şəhidlərin övladlarına verilən hədiyyələrə xüms düşmür. Amma əgər bu hədiyyələrdən əldə edilən qazancdan uşaqlar şəri həddi-büluğa çatanadək onların mülkiyyətində qalarsa, ehtiyata görə, onların hər biri şəri vəzifə yaşına çatdıqdan sonra bu qazancın xümsünü verməlidirlər.
        6. Xüms verməkdən yayınmaq niyyətilə formal olaraq verilən hədiyyəyə xüms düşür. Beləliklə, əgər xüms ili başa çatmamışdan qabaq ər və arvad illik qazanclarına xüms düşməsin deyə, onu formal olaraq bir-birilərinə hədiyyə versələr, bir-birilərinə hədiyyə verdikləri pulun-malın xümsünü verməlidirlər. (Bu iş nəticəsində vacib xüms onların üzərindən götürülmür.)
        7. Satılan bəxşiş və hədiyyənin puluna, hətta onun qiyməti artsa belə, xüms düşmür. Amma əgər onu sərmayə olaraq (satmaq məqsədilə) saxlasalar, bu halda ehtiyat-vacibə görə, satış zamanı artan qiymət ilin gəliri hesab olunur və inflyasiya miqdarını çıxdıqdan sonra bu məbləğ xüms ilinin sonunadək qaldığı təqdirdə, onun xümsü verilməlidir.
        8. İşçilərə verilən bayramlığa (yəni bayram günlərində dövlət tərəfindən bayramlıq ünvanında verilən nağd pul və ya ərzağa), hətta onlardan xüms ilinin sonunadək qalsa belə, xüms düşmür.
        9. Əgər ərzaq malları ucuz qiymətə işçilərə verilərsə və qiymət fərqi dövlət tərəfindən ödənilərsə, bu ərzaqdan xüms ilinin sonunda qalan miqdar dövlətin köməklik olaraq verdiyi miqdarda olduğu təqdirdə, ona xüms düşməyəcəkdir. Amma əgər dövlətin verdiyi köməklikdən çox olarsa, artıq miqdara günün məzənnəsi ilə xüms düşür.
         
        4. Həvəsləndirici hədiyyə
        Bankların və bu kimi müəssisələrin şəxslərə verdiyi həvəsləndirici hədiyyələrə xüms düşmür.
         
        5. Vəqf
        Vəqf olunan məkan və əşyalara – istər “ümumi vəqf” olsun, istərsə də “xüsusi vəqf” olsun[1] – xüms düşmür. Onun artımına[2] da xüms düşmür, amma əgər iktisabi şəkildə olarsa, xüms düşəcəkdir.
         
        6. Xüms və zəkat
        Dini elmlər hövzəsində təhsil alan tələbələrə mərcəyi-təqlidlərin xüms və zəkatdan verdikləri təqaüdə xüms düşmür.
         
        7. Qazanc üçün çəkilən xərclər
        Ticarət işlərində və ya digər işlərdə qazanc əldə etmək üçün ilin gəlirindən çəkilən xərclər, o cümlədən anbar xərcləri, malın yüklənməsi və daşınması xərcləri və s. həmin ilin gəlirindən çıxılır və ona xüms düşmür.
         
        8. Xümsü verilmiş mal
        Bir dəfə xümsü verilən mala yenidən xüms düşmür. Odur ki, əgər sonrakı ildə həmin mal istifadə olunmazsa və qalarsa, ikinci dəfə onun xümsü verilmir.
         
        9. Sığorta
        1. Sığortalanan şəxsə həyat sığortası və ya bədən üzvünün itirilməsinə görə sığorta ünvanında verilən pul “gəlir” hesab olunur. Odur ki, əgər bu pul illik xərclərdən artıq qalarsa, onun xümsü verilməlidir. Amma sığortalanan şəxsin ölümündən sonra onun ailəsinə verilən pul bir növ onlara yardım sayılır və iş gəliri hesab olunmur, odur ki, ona xüms düşmür.
        2. Şəxsi gəlirdən müalicə və dərmanlar üçün çəkilən xərclər sonradan sığorta şirkəti tərəfindən qaytarıldıqda, bu pul “yeni gəlir” hesab edilmir, əksinə, şəxsi gəlirin geri qayıtmasıdır. Bu pul xüms ilinin sonunadək məişət ehtiyaclarına sərf edilmədiyi təqdirdə, ona xüms düşəcəkdir. Amma əgər bu pul xüms ili başa çatdıqdan sonra geri qaytarılarsa, onun xümsü dərhal verilməlidir.
        3. Avtonəqliyyat vasitələrinin sığortası, yanğın sığortası, əkinçilik məhsullarının sığortası və s. bu kimi sığortalarda dəyən ziyanı qarşılamaqdan ötrü sığorta şirkətlərinin sığorta olunan şəxsə ödədikləri pul iş gəlirindən sayılır. Odur ki, əgər bu pul xüms ilinin sonunadək məişət xərclərinə sərf edilməzsə, onun xümsünü vermək vacibdir.
        4. Müəssisə rəhbərliyi ilə sığorta şirkəti arasında, yaxud bir şəxs (müavinəti alan şəxsdən qeyri bir hüquqi və ya fiziki şəxs) ilə sığorta şirkəti arasında bağlanan müqavilə əsasında ödənilən işsizlik sığortası puluna və bu kimi müavinətlərə xüms düşmür, çünki bu pul onu alan şəxsə hədiyyə sayılır. Amma əgər müavinəti alan şəxs ilə sığorta şirkəti arasında bağlanan müqavilə əsasında, yaxud müəssisə rəhbərliyi ilə müavinəti alan şəxs arasında olan şərt əsasında müavinət ödənilərsə, bu pula xüms düşür.
        5. Avtomobil qəzası hadisəsində xəsarət vuran şəxsin və ya xəsarət vuran şəxs tərəfindən sığorta şirkətinin xəsarət alan şəxsə ödədiyi pul iş gəliri sayılmır və ona xüms düşmür.
         
        10. Təhsil xərclərinə göstərilən maddi köməklik
        Təhsil nazirliyi tərəfindən təhsil xərclərinin qarşılanması üçün tələbələrə göstərilən maddi köməkliyə xüms düşmür. Amma təhsil aldığı illərdə elə oxuduğu təhsil müəssisəsində işə götürülən tələbələrin aldığı əmək haqqına xüms düşür.
         
        11. Borc
        Borc alınan pula xüms düşmür. Amma borcun xüms ilinin sonunadək il ərzindəki gəlirdən ödənilən, eyni zamanda borc alan şəxsin əlində qalan və ya sərmayə edilən hissəsi istisna təşkil edir və onun xümsü verilməlidir. Beləliklə, əgər bir şəxs müəyyən məbləğ borc alarsa və xüms ili başa çatmamışdan qabaq onu qaytara bilməzsə, bu pulun xümsünü verməsi vacib deyildir. Amma əgər öz illik qazancından bu borcun müəyyən hissəsini aybaay ödəyərsə və xüms ili çatdıqda borc götürdüyü pul olduğu kimi onun əlində qalarsa, ödədiyi məbləğ miqdarında borc pulun xümsünü verməlidir.
         
        Suallar:
        1- Xüms mövzusunda “qazanc” dedikdə, nə nəzərdə tutulur?
        2- İrsin xümsünün şəri hökmünü açıqlayın.
        3- Hədiyyəyə və bayramlığa xüms düşürmü?
        4- Ər və arvad mallarına xüms düşməsin deyə, xüms ili başa çatmamışdan qabaq öz illik qazanclarını bir-birilərinə hədiyyə verirlər. Bu işi gördükdə, onların qazanclarına xüms düşmür?
        5- Bankların və bu kimi müəssisələrin şəxslərə verdiyi həvəsləndirici hədiyyələrə xüms düşürmü?
        6- Sığorta şirkətlərinin dəyən ziyanın aradan qaldırılması üçün sığortalanmış şəxslərə müqavilə əsasında verdikləri pula xüms düşürmü?
         

        [1] Əgər bir məkandan və ya əşyadan faydalanmaq haqqı müəyyən şəxslər üçün, məsələn, övladlar üçün təyin olunarsa, buna “xüsusi vəqf” deyilir. Amma əgər hamı üçün təyin olunarsa, buna “ümumi vəqf” deyilir.
        [2] Artım iki cür ola bilər: 1- “Birləşik artım”, məsələn, qoyunun kökəlməsi. 2- “Ayrı olan artım”, məsələn, qoyundan doğulan quzular.
      • Altmış səkkizinci dərs: Məunə
      • Altmış doqquzuncu dərs: Məunəyə daxil olmayan xərclər
      • Yetmişinci dərs: Məunəyə daxil olan xərclər
      • Yetmiş birinci dərs: Qazancın xümsünün hesablanması və ödənilməsi
      • Yetmiş ikinci dərs: Sərmayənin xümsü
      • Yetmiş üçüncü dərs: Xüms düşən digər mallar
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /