Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
    • BEŞİNCİ FƏSİL: XÜMS
      • Altmış altıncı dərs: Xümsün mənası və vacibliyi
      • Altmış yeddinci dərs: Qazancın xümsü
      • Altmış səkkizinci dərs: Məunə
      • Altmış doqquzuncu dərs: Məunəyə daxil olmayan xərclər
      • Yetmişinci dərs: Məunəyə daxil olan xərclər
        Çap versiyası  ;  PDF
         
        Yetmişinci dərs: Məunəyə daxil olan xərclər

         

        Məunəyə daxil olan xərclər
        1. İstifadəsi zamanı aradan gedən və aradan getməyən mallar
        Gündəlik məişət ehtiyacı olaraq istifadə edilən qənd, şəkər tozu, düyü, yağ və s. bu kimi “istifadəsi zamanı aradan gedən mallar” əgər il ərzində istifadə etmək məqsədilə illik qazancdan alınarsa və istifadə olunarsa, məunə hesab olunur və onlara xüms düşmür. Amma bu malların xüms ilinin sonunadək istifadə olunmayan miqdarı məunə hesab olunmur. Əgər satılıb-alınmağa qabil olarsa, onların xümsü verilməlidir. “İstifadəsi zamanı aradan getməyən mallar”, məsələn, yaşayış evi, ev əşyaları, şəxsi avtomobil, qadının qızıl zinət əşyaları və s. bu kimi əşyalar əgər məişət ehtiyacı ünvanında illik qazancdan alınarsa və istifadə olunarsa, məunə hesab olunur və onlara xüms düşmür.
         
        Diqqət:
        “İstifadəsi zamanı aradan getməyən mallar”a xüms düşməməsinin meyarı, insanın öz ürfi şəninə uyğun bir şəkildə bu mallara ehtiyacının olmasıdır, hətta ola bilər ki, il ərzində onlardan istifadə etməmişdir. Beləliklə, əgər xalça və ya qab-qacaq təsadüfən il ərzində istifadə olunmazsa, lakin qonaq qarşılamaq üçün onlara ehtiyac vardırsa, onlara xüms düşmür. Amma “istifadəsi zamanı aradan gedən mallar”a xüms düşməməsinin meyarı, onlardan istifadə etməkdir. Beləliklə, xüms ilinin sonunadək bu malların istifadə olunmayan və qalan miqdarına xüms düşür.
        • Əgər bir neçə cilddən ibarət kitabın (məsələn, “Vəsailuş-şiə” kitabının) bütün cildlərinə ehtiyac varsa və ya ehtiyac olan cild təklikdə satılmadığı üçün bütün cildləri almaq lazımdırsa, bu halda onlara xüms düşmür. Əks təqdirdə, hal-hazırda ehtiyac duyulmayan cildlərin xümsü verilməlidir. Kitabın hər cildindən bir neçə səhifəni oxumaq onlara xümsün düşməməsi üçün kifayət etmir.
        • Ehtiyac sayılan yaşayış evi “məunə” hesab olunur. Beləliklə, əgər üçmərtəbəli yaşayış evinin bir mərtəbəsində ev sahibinin özü və digər iki mərtəbəsində onun övladları yaşayırsa, bu evə xüms düşmür.
        • Şəxsi istifadə və məişət ehtiyaclarını təmin etmək ücün illik qazancdan alınan avtomobil insanın ürfi şəninə uyğun olan ehtiyaclardan olduğu təqdirdə, “məunə” hesab olunur və ona xüms düşmür. Amma əgər iş fəaliyyətilə məşğul olmaq və qazanc əldə etmək üçün alınarsa (məsələn, taksi, yük maşını, avtobus və s.), bu, “iş vasitəsi və aləti” hökmündədir və ona xüms düşür.
        • İllik qazancdan alınan və xüms ilinin sonunadək xarab olmadan qalan dərmanlar əgər ehtiyac duyulan zaman istifadə etmək üçün alınarsa və həqiqətən də ehtiyac zamanı istifadə olunarsa, “məunə” hesab olunur və onlara xüms düşmür.
         
        2. Qazancdan tədricən alınan yaşayış tələbatları
        Əgər bir şəxsin müəyyən məişət ehtiyaclarını, o cümlədən yaşayış evi, ev əşyaları, cehizlik və bu kimi əşyaları ehtiyac yarandığı zaman birdəfəyə almağa imkanı yoxdursa və buna görə də o, bu əşyaları bir neçə ilin qazancından tədricən alıb, ehtiyac yaranan zamana saxlamalıdırsa, onun hər il öz ürfi şəninə uyğun aldığı miqdar “məunə”dir və ona xüms düşmür.
         
        Müxtəlif məsələlər:
        1. Əgər bir məntəqənin adət-ənənəsinə görə oğlan evi (bəy evi) ev əşyalarını almalıdırsa və onlar bu əşyaları illər ərzində tədricən alıb yığırlarsa, gələcək ailə həyatı üçün ev əşyalarını almaq ürfə görə məunə hesab olunduğu təqdirdə, bu əşyalara xüms düşmür.
        2. Bir şəxsin yaşayış evi yoxdur, amma torpaq sahəsi vardır və bu torpaq sahəsinin alındığı xüms ili başa çatıbdır. Əgər o, bu torpaq sahəsini ehtiyacı olan evi tikmək məqsədilə il ərzindəki qazanc ilə alıbdırsa, ona xüms düşmür. Hətta əgər o, bu torpaq sahəsini satıb, onun puluna başqa bir ev alarsa, yenə də bu pula xüms düşmür. Amma əgər bu torpaq sahəsini illik qazanc ilə alsa da, aldığı vaxt məqsədi onu satmaq və pulu ilə ev tikmək və ya bu pulu ev tikmək məqsədilə saxlamaq olubdursa, ehtiyata görə, bu torpaq sahəsinin xümsünü verməlidir.
        3. Yaşayış evini tikmək üçün ehtiyac olan torpaq sahəsinə xümsün düşməməsində torpaq sahəsinin bir və ya bir neçə sahə olması, yaxud bir və ya bir neçə ev olması arasında fərq yoxdur. Bu məsələdə meyar, şəxsin ürfi şəninə uyğun olaraq bu evə “ehtiyac”ının olması, həmçinin maddi imkanına görə bu evi tədricən tikməsidir.
        4. Şəxsi yaşayış evi olmayan bir şəxs illik qazancından torpaq sahəsi alıb, orada ev tikməyi nəzərdə tutubdur. Əgər o, evi tikməyə başlasa, lakin evin tikintisi tamamlanmamışdan qabaq xüms ili başa çatsa, tikinti materiallarına xərclədiyi məbləğə xüms düşmür.
        5. Əgər bir şəxs ehtiyacı olan, həmçinin onun şəninə uyğun olan evi alsa, bu ev onun məunəsi sayılır və ona xüms düşmür, baxmayaraq ki, hələ bu evə köçə bilməmişdir və ya bir neçə müddətdən sonra orada yaşamaq fikrindən daşınmışdır.
         
        3. Qaytarılmamış borc
        1. Əgər bir şəxsin illik qazancından artıq qalsa, hətta az olsa belə, bu məbləğin xümsünü verməlidir, baxmayaraq ki, onun məunə üçün aldığı borc və ya kreditləri vardır. Amma əgər o, borcunu həmin ilin gəlirindən xüms ilinin sonunadək və ya il tamamlanandan bir qədər sonra qaytararsa, ürfə görə həmin ilin gəlirini elə həmin ilin xərclərinə sərf etmək sayıldığı təqdirdə, bu məbləğə xüms düşməyəcəkdir.
        2. Əgər bir şəxs yeni xüms ilində qazanc əldə etməmişdən qabaq məişət ehtiyacları üçün borc alsa və ya xüms düşməyən pulu (məsələn, irs qalan pulu) xərcləsə, ehtiyat-vacibə görə, bu məbləği yeni xüms ilində əldə etdiyi qazancdan çıxa bilməz və onun xümsünü verməlidir.
        3. Əgər bir şəxs yeni xüms ilində qazanc əldə etdikdən sonra xüms düşməyən pulu məişət ehtiyaclarına sərf etsə, bu məbləği yeni xüms ilində əldə etdiyi qazancdan çıxa bilər.
        4. İllik qazancı borca sərf etməyə, hətta borc qeyri-məunə üçün olsa belə, icazə verilir. Amma əgər borc xüms ilinin sonunadək qaytarılmazsa, bu məbləğ borc alınan ilin qazancından çıxılmır və qazancdan artıq qalan məbləğin xümsü verilməlidir. Lakin məunə üçün olan və mövcud qazancdan sonra alınan borc isə – istər borc almaq şəklində olsun, istər alış zamanı ödənişi öhdəyə götürərək yaranan borc şəklində olsun və s. – istisna təşkil edir.
         
        4. İcarədə verilən girov pul
        1. Əgər icarəçinin icarə verən şəxsə girov ünvanında verdiyi pul icarəçinin illik iş qazancından olarsa, icarəçinin xüms ili başa çatdıqda bu pula xüms düşür. O, nə zaman bu pulu geri ala bilsə, xümsünü verməlidir. Amma əgər icarəçinin ev icarəyə götürmək üçün bu pula ehtiyacı olarsa, ehtiyacı aradan qalxanadək xümsün ödənişini yubada bilər.
        2. Həcc və ya ümrə ziyarətinə getmək üçün növbəyə dayanan şəxslər banka müəyyən məbləğdə pul depozit qoyurlar ki, növbələri çatdığı zaman bu pulu və onun faizini götürüb həccə və ya ümrəyə getsinlər. Əgər onlar depozit qoyduqları ildə həccə və ya ümrəyə getsələr, bu pula xüms düşmür. Yox əgər onların növbəsi özlərinin xüms ili başa çatdıqdan sonra çatsa, depozit qoyulan məbləğ il ərzindəki gəlirdən olduğu təqdirdə, ona xüms düşür. Amma pulun üzərinə gələn faizə gəlincə, əgər ziyarətə getməmişdən qabaq onu almaq mümkün deyildirsə, bu məbləğ hansı ildə alınarsa, həmin ilin qazancı hesab olunacaqdır. Əgər həmin ildə xərclənərsə, ona xüms düşmür.
         
        Suallar:
        1- Məunəyə xüms düşməməsinin meyarı il ərzində ondan “istifadə olunması”dır, yoxsa il ərzində ona “ehtiyac”ın olması kifayət edir, baxmayaraq ki, il ərzində ondan istifadə olunmamışdır?
        2- Əgər illik qazancdan alınan dərmanlar xüms ilinin sonunadək xarab olmadan qalarsa, onlara xüms düşürmü?
        3- Yaşayış üçün şəxsi evi olmayan bir şəxs özünə ev tikdirmək üçün torpaq sahəsi alır, lakin ev tikdirmək üçün kifayət qədər pulu olmadığına görə onun xüms ili başa çatır. O, bu torpaq sahəsini də satmamışdır. Bu torpaq sahəsinə xüms düşürmü?
        4- Əgər işçinin qazancından onun illik xərclərindən artıq qalsa, nağd və ya kredit borcları olduğu təqdirdə, artıq qalan qazanca xüms düşürmü?
        5- Əgər icarəçinin icarə girovu ünvanında verdiyi pul onun illik qazancından olsa və bu pul icarə verən şəxsdə bir neçə il qalsa, bu pulu geri aldıqdan sonra onun xümsü dərhal verilməlidirmi? Əgər şəxs bu pul ilə başqa bir evi icarəyə götürmək istəsə, nə etməlidir?
        6- Həcc ziyarətinə ad yazdırmaq və növbə tutmaq üçün ödənilən və ödəniş tarixindən bir neçə il keçən pula xüms düşürmü?
      • Yetmiş birinci dərs: Qazancın xümsünün hesablanması və ödənilməsi
      • Yetmiş ikinci dərs: Sərmayənin xümsü
      • Yetmiş üçüncü dərs: Xüms düşən digər mallar
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /