Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
    • BEŞİNCİ FƏSİL: XÜMS
      • Altmış altıncı dərs: Xümsün mənası və vacibliyi
      • Altmış yeddinci dərs: Qazancın xümsü
      • Altmış səkkizinci dərs: Məunə
        Çap versiyası  ;  PDF
         
        Altmış səkkizinci dərs: Məunə

         

        Qeyd olunduğu kimi, qazancın xümsü hesablanarkən “məunə” qazancdan çıxılır və ona xüms düşmür.
         
        Məunə nədir?
        Xüms mövzusunda “məunə” dedikdə, (qazanc üçün çəkilən xərclər deyil) insanın özünün və himayəsində olan ailəsinin məişət ehtiyacları, məsələn, yemək-içmək, geyim, ev, ev əşyaları, minik vasitəsi, kitab, normal sayılan səfərlər, sədəqə, hədiyyə, nəzir, kəffarə, qonaqlıq və s. üçün çəkdiyi illik xərclər nəzərdə tutulur.
         
        Məunənin şərtləri
        Məunənin şərtləri aşağıdakılardır:
        1- Ehtiyac;
        2- İllik xərclər;
        3- İllik xərclərin həmin ilin qazancından çıxılması;
        4- Xərclərin insanın vəziyyətinə uyğun olması;
        5- Xərclənmiş məbləğin məunə hesab olunması.
         
        1- Ehtiyac
        Hər növ xərc “məunə” hesab olunmur. Məunə – dünya və axirət işlərini həll etməkdən ötrü ehtiyac duyulan xərclərə şamil olur. Odur ki, ehtiyac duyulmayan əşya və məhsullara çəkilən xərclər məunə hesab olunmur. O cümlədən haram sayılan malların, məsələn, qızıl kişi üzüyü, haram musiqi alətləri və qumar vasitələrinin alınması üçün çəkilən xərclər məunə hesab olunmur.
         
        2- İllik xərclər
        “Məunə” dedikdə, insanın gündəlik və ya aylıq xərcləri deyil, illik xərcləri nəzərdə tutulur. Odur ki, qazancdan illik məişət ehtiyaclarına çəkilən xərclərdən artıq qalan məbləğin xümsü hesablanır.
         
        3- İllik xərclərin həmin ilin qazancından çıxılması
        Məunə – il ərzində həmin ilin qazancından çıxılaraq məişət ehtiyaclarına sərf edilən xərclərdir. Başqa sözlə, cari ilin xərcləri əvvəlki və ya sonrakı illərin qazancından çıxılmamalıdır. Deməli, əgər insan hansısa bir ildə qazanc əldə edə bilməyibdirsə, həmin ilin məunəsini əvvəlki və ya sonrakı illərin qazancından çıxa bilməz.
         
        4- Xərclərin insanın vəziyyətinə uyğun olması
        Məunə – insanın öz vəziyyətinə görə normal sayılan xərclərdir. Beləliklə, bu xərclər bir tərəfdən yalnız zəruri vasitələrə və ilkin ehtiyaclara şamil olmur. Digər tərəfdən də bədxərcliyə, israfçılığa, insanın öz vəziyyətindən artıq olan xərclərə (məsələn, şan-şöhrət məqsədi daşıyan qonaqlıqlar, cehizlik, toy və yas məclislərinə) şamil olmur.
         
        5- Xərclənmiş məbləğin məunə hesab olunması
        “Məunə” dedikdə, insanın özü və himayəsində olan ailəsi üçün çəkdiyi xərclər – bu xərclər istər az olsun, istərsə də çox olsun – nəzərdə tutulur. Çəkilməyən xərclər isə məunə hesab olunmur, baxmayaraq ki, əgər insan bu xərcləri çəksəydi, onun ürfi və ictimai vəziyyətindən artıq olan xərclər hesab olunmayacaqdı. Beləliklə, simiclik edən və özünün və ailəsinin vəziyyətinə uyğun olan xərcləri çəkməyən bir şəxs xərcləyə biləcəyi, amma xərcləmədiyi məbləği məunə hesab edə bilməz.
         
        Diqqət:
        • Kişinin öz həyat yoldaşına aldığı qızıl zinət əşyaları əgər normal miqdarda olarsa və kişinin şəninə uyğun olarsa, məunədən hesab olunur və onlara xüms düşmür.
        • Əgər bir şəxs il ərzindəki gəliri ilə övladlarının gələcəyi üçün, məsələn, bir ev alarsa, evin alınmasına çəkilən xərc onun ürfi şəninə uyğun olduğu təqdirdə, ona xüms düşməyəcəkdir.
        • Əgər bir şəxs baha qiymətə bir mülk alsa və onun təmiri üçün də böyük məbləğdə pul xərcləsə, daha sonra bu mülkü öz həddi-büluğa çatmayan övladına bağışlayıb rəsmi şəkildə onun adına keçirsə, mülkün alınması və təmiri üçün çəkdiyi xərc ilin qazancından olduğu və onu həmin ildə övladına bağışladığı, habelə bu bəxşiş onun ürfi şəninə uyğun olduğu təqdirdə, ona xüms düşməyəcəkdir. Əks təqdirdə, onun xümsünü verməlidir.
        • İnsanın xeyriyyəçiliyə, məsələn, məktəb tikintisinə, seldən zərər çəkənlərə və s. xərclədiyi pul, bu pulu bağışladığı ilin xərclərindən hesab olunur və ona xüms düşmür.
         
        Ehtiyacdan xaric olan məunə
        “Ehtiyacdan xaric olan məunə” dedikdə, bu misalı göstərmək olar ki, bir şəxs yaşamaq üçün bir ev tikir və ya alır, amma sonra dövlət balansında olan bir evə köçür və daha bu evə ehtiyacı olmur. Bu halda:
        1- Əgər bu şəxs bu evi il ərzindəki gəlir ilə, yaxud xüms düşməyən və ya xümsü verilmiş pul ilə alıbdırsa, ona xüms düşməyəcəkdir.
        2- Əgər bu şəxs bu evi xüms düşən, amma xümsü verilməyən gəlir ilə alıbdırsa, bu evin alınmasına xərclədiyi pulun xümsünü inflyasiya miqdarını da hesablayaraq verməlidir.
         
        Məunənin satışından əldə edilən pul
        “Ehtiyacdan xaric olan məunə” barəsində qeyd edilənlər “məunənin satışı”na da aiddir. Beləliklə, ev, avtomobil və s. bu kimi insanın özünün və ailəsinin ehtiyacı olan vasitələr əgər il ərzindəki qazanc, yaxud xümsü verilmiş pul və ya xüms düşməyən pul (irs qalan, hədiyyə verilən pul) ilə alınarsa, amma sonralar zərurət yarandığına görə, ya daha yaxşı bir mala çevirmək məqsədilə, ya da bu kimi başqa məqsədlərlə satılarsa, onun satış puluna, həmçinin qiymət artımı nəticəsində əldə edilən gəlirə xüms düşməyəcəkdir. Bəli, əgər sözügedən vasitələr xüms düşən, amma xümsü verilməyən gəlir ilə alınıbdırsa, onun alınmasına xərclənən pulun xümsü inflyasiya miqdarı da hesablanaraq – hətta onlar satılmasa belə – verilməlidir.
         
        Diqqət:
        Öz minik vasitəsini satan şəxs:
        1- Əgər bu minik vasitəsi məunə olubdursa (yəni şəxsi istifadə və məişət ehtiyaclarını təmin etmək üçün olubdursa, habelə bu şəxsin ürfi şəninə uyğun olubdursa), onun satış pulu “məunənin satışından əldə edilən pul” hökmündədir.
        2- Əgər bu minik vasitəsi iş vasitəsi olubdursa, xüms ilinin sonunda onun qiymətinə xüms düşür. Qiymət artımına gəlincə, inflyasiya miqdarı çıxıldıqdan sonra bu məbləğ satış ilinin gəliri hesab olunur.
         
        Suallar:
        1- Məunə nədir?
        2- Məunənin şərtləri hansılardır?
        3- Kişinin öz həyat yoldaşı üçün aldığı qızıl zinət əşyalarına xüms düşürmü?
        4- Ehtiyacdan xaric olan məunənin şəri hökmü nədir?
        5- Əgər bir şəxs evini satsa və bu pulu banka depozit qoyub gəlirindən istifadə etmək istəsə, xüms ili çatdıqda bu pulun şəri hökmü nədir? Əgər bu pulu ev almaq üçün saxlasa, bu halda onun şəri hökmü nədir?
        6- Əgər məişət ehtiyacı sayılan vasitələr, məsələn, avtomobil, xalça və s. xümsü verilməyən pul ilə alınıbdırsa, bu vasitələr satıldığı halda onun satışından əldə edilən pulun xümsü dərhal verilməlidirmi?
      • Altmış doqquzuncu dərs: Məunəyə daxil olmayan xərclər
      • Yetmişinci dərs: Məunəyə daxil olan xərclər
      • Yetmiş birinci dərs: Qazancın xümsünün hesablanması və ödənilməsi
      • Yetmiş ikinci dərs: Sərmayənin xümsü
      • Yetmiş üçüncü dərs: Xüms düşən digər mallar
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /