Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
    • BEŞİNCİ FƏSİL: XÜMS
      • Altmış altıncı dərs: Xümsün mənası və vacibliyi
      • Altmış yeddinci dərs: Qazancın xümsü
      • Altmış səkkizinci dərs: Məunə
      • Altmış doqquzuncu dərs: Məunəyə daxil olmayan xərclər
      • Yetmişinci dərs: Məunəyə daxil olan xərclər
      • Yetmiş birinci dərs: Qazancın xümsünün hesablanması və ödənilməsi
      • Yetmiş ikinci dərs: Sərmayənin xümsü
        Çap versiyası  ;  PDF
         
        Yetmiş ikinci dərs: Sərmayənin xümsü

         

        Sərmayənin xümsünün hesablanması və verilməsi
        Sərmayənin xümsünü ilk dəfə hesablamaq üçün mövcud olan bütün malları və nağd pulu xüms ilinin sonunda hesablayıb qiyməti çıxarmaq və bu məbləğin xümsünü vermək lazımdır. Növbəti ildə isə mövcud olan sərmayəni əvvəlki ildə xümsü verilən əsas sərmayə ilə müqayisə etmək lazımdır. Əgər inflyasiya miqdarından əlavə, əsas sərmayədə artım olarsa, artan məbləğ qazanc hesab olunur və ona xüms düşür. Amma əgər əsas sərmayədə artım olmazsa, deməli, qazanc olmamışdır və xüms vermək vacib olmur. Məsələn, bir şəxsin sərmayəsi doxsan səkkiz baş qoyun və müəyyən məbləğ nağd pul idi və o, bu malın xümsünü vermişdir. Əgər xüms ilinin sonunda mövcud qoyunların qiyməti ilə nağd pul birlikdə əvvəlki ildə xümsünü verdiyi doxsan səkkiz baş qoyunun qiyməti və nağd puldan çox olarsa, artan məbləğdən inflyasiya miqdarı çıxıldıqdan sonra qalan məbləğə xüms düşür.
         
        Diqqət:
        • Sərmayənin xümsü hesablanarkən malların (yəni nağd pul şəklində olmayan sərmayənin) qiyməti mümkün olan hansısa bir şəkildə, hətta təxmini olsa da, çıxarılmalıdır. Bu işin çətin olduğunu əsas götürüb, onu yerinə yetirməməyə icazə verilmir.
        • Əgər bir şəxs bir neçə sahədə iş görür və qazanc əldə edirsə, məsələn, həm obyekt icarəyə verib icarə pulu alır, həm ticarət edir, həm də əkinçilik işi ilə məşğuldursa, bu işlərin sərmayəsini və gəlirini-çıxarını ayrıca hesabladığı təqdirdə, xüms ilinin sonunda hər sahədən əldə etdiyi qazancı hesablamalı və onun xümsünü verməlidir. Əgər o, bir sahədə gördüyü işdə ziyana düşsə, başqa sahədə gördüyü işin qazancından bu ziyanı çıxa bilməz. Amma əgər müxtəlif sahələrdə gördüyü işlərin sərmayəsini və gəlirini-çıxarını vahid büdcə olaraq hesablayırsa, bu sahələrin qazancını ümumilikdə hesablamalı və sərmayədə artan məbləğin xümsünü verməlidir.
        • Əgər xüms ilinin əvvəlində sərmayənin bir hissəsi aradan getsə, amma qalan sərmayədən müəyyən məbləğ qazanc əldə edilsə və bu qazanc şəxsin illik xərclərindən artıq qalsa, sərmayədən aradan gedən məbləği ilin sonunda artıq qalan məbləğdən götürmək olar.
        • Əgər bir şəxsin sərmayəsi deyil, başqa bir malı aradan getsə, o, aradan gedən malın qiymətini sərmayədən əldə etdiyi qazancdan çıxa bilməz. Amma əgər onun həmin ildə bu mala ehtiyacı olsa, il ərzində iş qazancı ilə onu ala bilər.
         
        Qazancın xümsünün düzgün hesablanmasında şəkk etmək
        Ötən illərin qazancının xümsünü düzgün hesabladığına şəkk edən bir şəxs öz şəkkinə etina etməməlidir və ona yenidən xüms vermək vacib olmur. Amma əgər onun qazanc barəsində şəkki olsa, belə ki, mövcud qazancın xümsü verilmiş ötən illərin qazancı olduğuna, yoxsa bu ilin qazancı olduğuna və xümsünün verilmədiyinə şəkk etsə, bu halda ehtiyata görə, onun xümsünü verməlidir. Lakin əgər aydın olsa ki, həmin qazancın xümsünü vermişdir, ona xüms düşməyəcəkdir.
         
        Xümsün verilməsində şəkk etmək
        Əgər bir şəxs hansısa bir şeyin xümsünü verib-vermədiyinə dair şəkk etsə, bu şey “xüms düşən bir mal” olduğu təqdirdə, onun xümsünü verdiyinə əmin olmalıdır.
         
        Müsalihə (razılaşma)
        Əgər bir şəxs qazancına xüms düşüb-düşmədiyini bilməsə, məsələn, yaşadığı evi iş qazancı ilə aldığına əmin olsa, amma bu qazancı il əsnasında ev almaq üçün sərf etdiyini, yoxsa il başa çatdıqdan sonra və qazancın xümsünü verməmişdən qabaq sərf etdiyini bilməsə, ehtiyat-vacibə görə, xüms işləri məsulu və ya onun vəkili ilə müsalihə etməlidir.
         
        Diqqət:
        • Əgər qazanca və ya mala xüms düşdüyü məlumdursa, bu halda müsalihəyə yer qalmır. Müsalihə şəkk zamanı baş tuta bilər.
         
        Dəstgərdan[1]
        Əgər bir şəxs xüms verməlidirsə, amma maddi imkanı çatmadığına görə hal-hazırda onu verə bilmirsə, o, boynunda olan xüms borcunu xüms işləri məsulu və ya onun vəkili ilə dəstgərdan edə bilər. Sonralar zaman və miqdar baxımından imkanı çatdıqca onu tədricən verməlidir.
         
        Diqqət:
        • Əgər bir şəxs xüms düşməyən bir malından xüms versə, onun xüms verdiyi məbləğ şəri qaydada sərf olunduğu təqdirdə, onu hal-hazırda malına düşən xümsün yerinə hesab edə bilməz. Bəli, əgər onun xüms verdiyi pul və ya mal sərf olunmayıbsa, onu geri istəyə bilər.
         
        Suallar:
        1- Sərmayənin xümsünün hesablanması və verilməsi qaydasını izah edin.
        2- Ötən illərin malına düşən xümsü düzgün hesabladığına dair şəkk edən bir şəxsin vəzifəsi nədir?
        3- Müsalihə hansı halda baş tuta bilər?
        4- Dəstgərdan nə zaman edilir?
        5- Əgər bir şəxs xüms düşməyən malından xüms versə, bu məbləği hal-hazırda onun malına düşən xümsün yerinə hesab edə bilərmi?
         

        [1] Dəstgərdan – fiqh termini olub, xüms və ya zəkatı mal sahibindən almaq və yenidən ona qaytarmaq mənasını bildirir. Müt.
      • Yetmiş üçüncü dərs: Xüms düşən digər mallar
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /