Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
  • ORUC
    • Orucu vacib edən şərtlər
      Çap versiyası  ;  PDF
       
      Orucu vacib edən şərtlər

       

      Məsələ 787. Orucu vacib edən şərtlər aşağıdakılardır:
      1- Şəri həddi-büluğa çatmaq; 2- Ağıllı olmaq; 3- Oruc tutmağa qadir olmaq; 4- Huşsuz vəziyyətdə olmamaq; 5- Səfərdə olmamaq; 6- Qadının heyzli və nifaslı olmaması; 7- Orucun ziyanlı olmaması; 8- Orucun əziyyətli olmaması.
      Məsələ 788. Oruc tutmaq yuxarıdakı şərtlərə malik olan şəxslərə vacib olur. Deməli, həddi-büluğa çatmayan uşağa, dəli insana, huşunu itirən şəxsə, oruc tutmağa qüvvəsi çatmayan insana, səfərdə olan şəxsə, heyzli və nifaslı qadına, oruc tutmağın ona ziyanı və ya əziyyəti (çox böyük çətinliyi) olan şəxsə oruc tutmaq vacib deyildir.
      Məsələ 789. Əgər uşaq Ramazan ayında sübh azanından qabaq həddi-büluğa çatsa, həmin günün orucunu tutmalıdır. Amma əgər sübh azanından sonra həddi-büluğa çatsa, həmin günün orucu ona vacib olmur.
      Məsələ 790. Şəri büluğ yaşına yeni çatan qızlara[1] oruc tutmaq vacibdir. Çətin olduğuna, halsızlıq yaratdığına və bu kimi başqa səbəblərə görə onlar orucu tərk edə bilməzlər. Amma əgər oruc tutmağın onlara ziyanı olarsa və ya böyük çətinlik yaradarsa, bu hallarda oruc tutmamalarına icazə verilir.
      Məsələ 791. Heyzli və ya nifaslı qadının orucu düzgün deyildir. Hətta əgər bir qadın şəri məğribə bir neçə dəqiqə qalarkən heyz olsa və ya uşaq dünyaya gətirsə, onun orucu pozulur. Həmçinin əgər bir qadın sübh namazının vaxtı daxil olduqdan bir neçə dəqiqə sonra heyzdən və ya nifasdan paklanarsa, həmin günün orucu düzgün deyildir.
      Məsələ 792. Əgər bir şəxs orucun ona ziyanı olduğunu bilsə və ya məntiqi ehtimal etsə (yəni orucun ona ziyanı olacağından qorxsa), oruc tutmaq ona vacib olmur. Əksinə, bəzi hallarda oruc tutmaq ona haramdır. Bu yəqinlik və ya qorxu, istər şəxsi təcrübə əsasında, istər etibarlı həkimin sözləri əsasında hasil olsun, istərsə də bunun başqa bir məntiqi əsası olsun, fərqi yoxdur. Əgər bu şəxs oruc tutsa, orucu düzgün deyildir. Yalnız o halda düzgün olar ki, qəsdi-qürbət ilə oruc tutmuş və sonradan orucun ona ziyanı olmadığı məlum olmuşdur.
      Məsələ 793. Əgər bir şəxs orucun ona ziyanı olmadığını bilib oruc tutsa, amma məğribdən sonra orucun ona ziyanı olduğunu başa düşsə, onun orucu düzgün deyildir və orucun qəzasını tutmalıdır.
      Məsələ 794. İnsanın özü müəyyən etməlidir ki, oruc tutmaq onda xəstəlik yarada bilər, yaxud onun xəstəliyini ağırlaşdıra bilər, yaxud oruc tutmağa onun qüvvəsi çatmır və ya orucun ona ziyanı vardır. Deməli, əgər həkim bir şəxsə: “Orucun sənə ziyanı vardır” – desə, amma həkimin sözü bu şəxsdə orucun ona ziyanı olacağına dair əminlik və ya qorxu yaratmasa, yaxud da bu şəxs öz təcrübəsi əsasında orucun ona ziyanı olmadığını bilsə, bu şəxs oruc tutmalıdır. Həmçinin əgər həkim bir şəxsə: “Orucun sənə ziyanı yoxdur” – desə, amma bu şəxs orucun ona ziyanı olduğunu bilsə və ya məntiqi bir əsasla orucun ona ziyanı olacağından qorxsa, bu şəxs oruc tutmamalıdır. Oruc tutmaq ona haramdır.
      Məsələ 795. Əgər xəstə bir insan Ramazan ayında gündüz vaxtı sağalsa, həmin gün oruc niyyəti edib oruc tutması lazım deyildir. Amma əgər zöhrdən qabaq sağalarsa və bu vaxtadək orucu pozan bir iş görməyibdirsə, niyyət edib oruc tutması ehtiyat-müstəhəbə müvafiqdir. Ramazan ayından sonra isə bu orucun qəzasını tutmalıdır.
      Məsələ 796. Müstəhəb oruc o halda düzgündür ki, insanın boynunda Ramazan ayının qəza orucu, həmçinin ehtiyat-vacibə görə, başqa bir vacib oruc olmamalıdır.
      Məsələ 797. Əgər boynunda qəza orucu olan bir şəxs bilməsə ki, qəza orucu olan şəxsin müstəhəb oruc tutması düzgün deyildir və bu səbəbdən müstəhəb oruc tutsa, onun orucu düzgün deyildir. Tutduğu oruc qəza orucunun yerinə belə hesab olunmur.
      Məsələ 798. Əgər bir şəxs boynunda qəza orucunun olub-olmadığını bilməsə və bu səbəbdən üzərinə düşən vəzifə (həm qəza, həm də müstəhəb oruc) niyyətilə oruc tutsa, amma əslində, onun boynunda qəza orucu olsa, tutduğu oruc qəza orucu hesab edilir.
      Məsələ 799. Əgər bir şəxsin boynunda Ramazan ayının qəza orucu olsa, amma o, bunu unutsa və müstəhəb oruc tutsa, gündüz ərzində bunu xatırladığı təqdirdə, onun müstəhəb orucu pozulur. Əlbəttə, əgər zöhrdən qabaq bunu xatırlasa, Ramazan ayının qəza orucunun niyyətini edə bilər. Amma əgər zöhrdən sonra xatırlasa, qəza orucunun niyyətini etməsi düzgün deyildir.
       

      [1] Məşhur rəyə görə, qızlarda şəri büluğ yaşı qəməri təqvimi ilə doqquz yaşın tamamlanmasıdır (miladi təqvim ilə 8 il 8 ay 23 gün edir).
    • Orucun vacib əməlləri
    • Oruc tutan şəxsə məkruh olan işlər
    • Orucun qəzası və kəffarəsinin vacib olduğu hallar
    • Orucu bilərəkdən pozmağın kəffarəsi
    • Yalnız orucun qəzasının vacib olduğu hallar
    • Orucun qəzasının hökmləri
    • Təxir kəffarəsi
    • Ata və ananın qəza orucunun hökmləri
    • Müsafir orucunun hökmləri
    • Orucun vacib olmadığı şəxslər
    • Ayın əvvəlinin sübuta yetməsi yolları
    • Orucun qisimləri
    • Orucun və mübarək Ramazan ayının bir sıra hökmləri
    • Etikaf
700 /