Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

HƏCC ƏMƏLLƏRİ

  • MÜQƏDDİMƏ
  • BİRİNCİ HİSSƏ: HƏCCƏTUL-İSLAM VƏ NİYABİ-HƏCC
  • İKİNCİ HİSSƏ: UMRƏNİN ƏMƏLLƏRİ
  • ÜÇÜNCÜ HİSSƏ: HƏCCİN ƏMƏLLƏRİ
  • HƏCC VƏ UMRƏ BARƏSİNDƏ SUAL-CAVAB
    • İstitaət
    • Niyabi həcc
    • İfrad həcci və mufrədə umrə
      Çap versiyası  ;  PDF
       
      İfrad həcci və mufrədə umrə

       

      Sual 27. Əgər bir şəxs Məkkəyə daxil olmaq üçün “qəməri ayları”ndan birinin axırıncı günündə ehram bağlasa, amma mufrədə umrənin qalan əməllərini sonrakı ayın birinci gecəsi və ya gündüzü, yaxud da başqa günlərində yerinə yetirsə, bu umrə əvvəlki qəməri ayı, yoxsa yeni qəməri ayı üçün hesablanacaqdır? Əgər bu şəxs yeni qəməri ayının axırınadək Məkkədən xaric olub, yenidən Məkkəyə daxil olsa, ehram bağlamadan yenidən Məkkəyə daxil ola bilərmi, yoxsa daxil ola bilməz? Əvvəlki və ya sonrakı ayın rəcəb ayı, yaxud da başqa qəməri aylar olmasının bir fərqi vardırmı?
      Cavab: Bir şəxs umrənin əməllərini hansı ayda yerinə yetiribdirsə, həmin ay ehram bağlamadan yenidən Məkkəyə daxil ola bilər. Deməli, əgər bu şəxs qəməri ayının axırıncı günü ehram bağlasa, amma təvafı və umrənin digər əməllərini sonrakı ayda yerinə yetirsə, umrə yeni ay üçün hesablanacaqdır. Əgər o, həmin ay ərzində Məkkədən xaric olsa, ehram bağlamadan yenidən Məkkəyə daxil ola bilər. Amma rəcəb ayı istisna təşkil edir. Belə ki, hədislərin zahirinə əsasən, əgər bir şəxs rəcəb ayının axırıncı günü ehram bağlasa, onun umrəsi “rəcəbiyyə umrəsi” hesab olunur. Beləliklə, ehtiyat-vacibə görə, əgər bu şəxs şaban ayı ərzində Məkkədən xaric olsa, Məkkəyə daxil olmaq üçün ehram bağlamalıdır. Bu ehtiyata başqa aylarda da riayət etmək yaxşıdır.

       

      Sual 28. Əgər bir şəxs həcc aylarından birində, məsələn, şəvval ayında öz təməttu umrəsini yerinə yetirsə, amma sonrakı ay Məkkədən xaric olsa, təməttu umrəsini yenidən yerinə yetirməlidir. Bu hökmü nəzərə alaraq, aşağıdakı suallar qarşıya çıxır:
      1- Əgər bu şəxs təməttu umrəsini yenidən yerinə yetirsə, əvvəlki umrə mufrədə umrəyə çevrilirmi və onu tamamlamaq üçün “nisa təvafı”nı yerinə yetirmək lazımdırmı?
      2- Əgər bu şəxs təməttu umrəsini yenidən yerinə yetirməsə, əvvəlki təməttu umrəsi düzgün hesab olunmurmu və o, təməttu həcci yerinə yetirə bilməzmi?
      3- Yeni təməttu umrəsi üçün ehramının miqatı da beş miqatdan biridirmi? Yoxsa “Ədnəl-hill”də ehram bağlamaq olar?

      Cavab:
      1) Əvvəlki umrənin mufrədə umrəyə çevrilməsi sübuta yetməyibdir, odur ki, Nisa təvafını yerinə yetirməyin şəri əsası yoxdur. Amma onu yerinə yetirmək ehtiyata (ehtiyat-müstəhəbə) müvafiqdir.
      2) Əvvəlki umrə təməttu həcci üçün lazımi təməttu umrəsi hesab olunmur, odur ki, təməttu həcci düzgün deyildir.
      3) Belə görünür ki, bu şəxs beş miqatdan birində ehram bağlamalıdır.

       

      Sual 29. Bir şəxs şəvval və ya zil-qədə ayında təməttu umrəsini yerinə yetirir və Mədinəyə qayıdır, sonrakı ayda yenidən Məkkəyə gəlir. O, Şəcərə məscidində hansı niyyətlə ehram bağlamalıdır? Mufrədə umrə, yoxsa təməttu umrəsi, yoxsa boynunda olan umrə niyyətilə?
      Cavab: Suala əsasən, o, miqatda təməttu umrəsi üçün ehram bağlamalıdır və onun həccinin təməttu umrəsi elə bu umrə olacaqdır.

       

      Sual 30. Bir şəxs bir aydan çox müddətdə Məkkədə qalıbdır və onun əvvəlki umrəsindən bu qədər vaxt ötübdür. O, bir işlə əlaqədar Ciddə şəhərinə gedir və geri qayıdarkən ehram bağlamadan Məkkəyə daxil olur. Onun vəzifəsi nədir?
      Cavab: Hal-hazırda onun üzərinə xüsusi bir vəzifə gəlmir. Amma əgər o, bilərəkdən ehram bağlamadan Məkkəyə daxil olubsa, haram iş görmüşdür və tövbə etməlidir.

       

      Sual 31. Bir şəxsin həcci düzgün olmayıbdır və o, həccin qəzasını yerinə yetirməkdən ötrü sonrakı il Məkkəyə gəlmişdir. Bu şəxsin boynunda həcc olduğu halda, o, mufrədə umrə yerinə yetirə bilərmi?
      Cavab: Maneəsi yoxdur.
       
      Sual 32. Bir qadın heyzdir və bilir ki, heyz ilə əlaqədar olaraq mufrədə umrənin əməllərini yerinə yetirə bilməyəcək və əməlləri yerinə yetirmək mümkün olanadək yol yoldaşları onu gözləməyəcəkdir. Bilir ki, təvaf və təvaf namazı üçün naib tutmaq məcburiyyətində qalacaq və yalnız səy və təqsiri özü yerinə yetirə biləcəkdir. Bu qadın mufrədə umrə üçün ehram bağlaya bilərmi?
      Cavab: Onun mufrədə umrə üçün ehram bağlamasının maneəsi yoxdur. Bu halda o, təvaf və təvaf namazı üçün naib tutmalıdır.

       

      Sual 33. Əgər bir qadın miqatda heyz halında olsa və təməttu umrəsini öz vaxtında yerinə yetirə bilməyəcəyinə yəqinliyi olsa, hansı niyyətlə ehram bağlamalıdır?
      Cavab: O, ifrad həcci niyyətilə ehram bağlaya bilər. Həmçinin “ma fiz-zimmə” niyyətilə ehram bağlaya bilər. Amma birinci halda əgər gözlənilən vaxtdan daha tez heyzdən paklansa, təməttu umrəsi üçün yenidən ehram bağlamalıdır. İkinci halda isə əgər gözlənilən vaxtdan daha tez heyzdən paklanmasa, onun ehramı həcc üçün olacaqdır. Amma əgər gözlənilən vaxtdan daha tez heyzdən paklansa, həmin ehramla təməttu umrəsini yerinə yetirə bilər.

       

      Sual 34. Vacib və ya müstəhəb ifrad həcci yerinə yetirən və bundan qabaq dəfələrlə umrə yerinə yetirən şəxs bu ifrad həcci üçün daha bir umrə yerinə yetirməlidirmi?
      Cavab: Ona umrə yerinə yetirmək vacib deyildir. Amma onun həcci təməttu həccindən ifrad həccinə çevrildiyi təqdirdə, umrə yerinə yetirmək ona vacib olur.

       

    • Məkkədən xaric olmaq və Məkkəyə daxil olmaq
    • Miqatlar
700 /