Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

ABŞ-ın regiondakı cinayətkar varlığına son qoyulmalıdır

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər Qum şəhərinin minlərlə sakini ilə görüşdə qeyd etdi ki, bu gün səhər ABŞ-ın İraqdakı iki hərbi bazasına edilən raket hücumları bir sillə idi. O, sonra vurğuladı ki, əsas mübarizə ABŞ-ın regiondakı cinayətkar və dağıdıcı varlığına son qoymaq istiqamətində aparılmalıdır: “Hacı Qasim Süleymaninin mənəviyyatı və şəhadətinin böyük bərəkətlərindən biri İran və İraqın şəhərlərində təşkil edilən vida mərasimlərindəki dirçəliş oldu. Bu yola salmalar İslam İnqilabının diri olduğunu dünyaya göstərdi. Mən o əziz şəhidin böyük ruhunun İran və region üçün etdiklərinin qarşısında hörmətlə baş əyirəm”.

Həzrət Ayətullah Xamenei İslam və İranın iftixarı olan sərkərdəsi Hacı Qasim Süleymaninin şəhadətinə işarə edərək o əziz şəhidin xoşbəxtlik içərisində yüksək mələkut aləminə yüksələn böyük, cəsur və yaxşı bir dost olduğunu dedi.

İnqilabın Rəhbəri general Şəhid Süleymaninin xüsusiyyətlərindən danışarkən şücaət və tədbirin ona xas olan iki əsas xüsusiyyət olduğunu dedi: “Bəzilərinin şücaəti var, ancaq şücaətdən istifadə etmək üçün lazımi qədər tədbir və ağılları yoxdur. Bəziləri tədbirlidirlər, ancaq iş və əməl adamı deyillər, iş üçün cəsarət və ürəkləri yoxdur”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hacı Qasim Müqəddəs Müdafiə uğrunda ömrünün sonuna qədər şücaətlə özünü təhlükənin ortasına atırdı. Ancaq eyni zamanda tədbir, təfəkkür və məntiqlə hərəkət edirdi. Təkcə hərb meydanında yox, siyasət meydanında da şücaət və tədbiri qoşa idi, sözləri qənaətbəxş, məntiqli və təsirli idi. Mən bu həqiqəti dəfələrlə siyasi arenanın fəallarına demişəm”.

O bildirdi ki, iftixarımız olan Hacı Qasim Süleymaninin ixlası onun bütün xüsusiyyətlərindən yüksək idi: “O, şücaət və tədbirini Allah üçün sərf edirdi, riyakar deyildi. Biz də bu mühüm xüsusiyyət hesab edilən ixlasa nail olmaq üçün çalışıb məşq etməliyik”.

O, Hacı Qasimin məsələ çevrilmiş ixlası ilə bağlı bunları dedi: “Müxtəlif məsul şəxslərlə təşkil edilən iclaslarda o, küncdə və gözdən iraq bir yerdə elə otururdu ki, onu tapmaq və görmək üçün axtarmalı idiniz”.

İnqilabın Rəhbəri qeyd etdi ki, bütün şəraitlərdə, hətta müharibə meydanında da şəriət qaydalarına ciddi riayət etmək Hacı Qasim Süleymaninin digər xüsusiyyətlərindən idi: “O, cəngavər və hərb meydanına hakim bir komandan idi. Ancaq müharibə meydanında da kiməsə qarşı zülm və təcavüzə yol verilməməsi üçün şəriət qanunlarına tam riayət edirdi. Halbuki çoxları hərb meydanında ehtiyatlı davranmır və şəriət qanunlarına riayət etmirlər”.

İnqilabın Rəhbəri komandan Süleymaninin ətrafındakı adamlar, döyüşçülər və həmkarlarının canını qorumaq üçün diqqətlə davranmasına işarə edərək dedi: “Hacı Qasim Süleymaninin mühüm xüsusiyyətlərindən biri də bu idi, daxili məsələlərdə partiya, cinah və bu kimi məsələlərə qoşulmurdu. Lakin güclü inqilabçı idi, İmamın işıqlı və mübarək xəttinə bağlı idi, inqilab və inqilabçılıq onun qəti qırmızı xətti idi. Hacı Qaism həqiqətən, inqilabda ərimişdi. Bəziləri bu gerçəkləri zəif göstərməyə çalışmasınlar”.

O bildirdi ki, ABŞ-ın Qərbi-Asiyadakı qeyri-qanuni planlarını puça çıxarmaq şəhid Süleymaninin tədbir və şücaətinin bir nümunəsidir: “Hacı Qasimin düşmənləri bu gerçəyi yaxşı bilirlər”.

Həzrət Ayətullah Xamenei dedi: “Hacı Qasim amerikalıların pul, siyasi imkan və nüfuzları, habelə geniş təşkilatlanmaları ilə formalaşdırdıqları bütün planlar qarşısında dik dayanaraq onları puça çıxardı”.

O, komandan Süleymaninin Fələstin məsələsindəki misilsiz rolundan danışrkən əlavə etdi: “Amerikalılar Fələstini unutdurmaq üçün çalışırdılar. Elə iş görmək istəyirdilər ki, fələstinlilər mübarizə aparmağa cürətləri olmayacaq dərəcədə zəifləsinlər. Ancaq bu böyük insan fələstinlilərin əllərini doldurdu, onlara mübarizə cürəti və qüdrəti bəxş etdi”.

İnqilabın Rəhbəri fələstinli rəhbərlərin bu məsələ ilə bağlı təkrar açıqlamalarına işarə edərək dedi: “Hacı Qasim elə bir iş gördü ki, Qəzza kimi kiçik bir bölgə iddialı sionistlər qarşısında dayandı. Nəticədə, sionist rejimi 48 saatdan sonra atəşkəs elan edilməsini istəmək məcburiyyətində qaldı”.

Həzrət Ayətullah Xamenei general Süleymaninin ABŞ-ın İraqdakı planlarının iflasa uğramasında orynadığı təyinedici rola işarə edərək dedi: “Amerikalılar istəyirdilər ki, İraqda ya diktatura rejiminə, ya da özlərinin dedikləri kimi süd verən inəkləri olan Səudiyyə kimi bəzi rejimlərə bənzər rejim olsun. Lakin Hacı Qasim İraqın mömin və şücaətli gəncləri və İrqadakı mərcəiyyətin yardımına gedərək bu planın qarşısında dayanıb onu iflasa uğratdı”.

İnqilabın Rəhbəri əlavə etdi: “Livanda da amerikalılar istəyirdilər ki, Livanı onun müstəqilliyinin ən mühüm amili olan Hizbullahdan məhrum etsinlər. Bununla da sionistlər müdafiəsiz qalmış Livanı bəzi nöqtələr kimi asanlıqla işğal etsinlər. Lakin Hizbullah gündən günə daha da güclənərək bu gün Livanın həm əli, həm də gözünə çevrilmişdir. Bizim şücaətli və tədbirli şəhidimizin bu məsələdəki rolu böyük və yüksək olmuşdur”.

O vurğuladı ki, bu gün xalqlar oyaqdır: “Şəhid Süleymani mömin, cəsur, ilahi və işıqlı siması olan şəhid Əbu Mehdi Əl-Mühəndis kimi əziz dostları ilə birlikdə böyük işlər görə bildilər”.

İslam İnqilabının Rəhbəri şəhid Süleymani haqqında etdiyi çıxışın bir hissəsini onun əzəmətli şəhadətinin bərəkətlərindən danışmağa həsr etdi: “Bu əziz şəhid hər dəfə hesabat verəndə mən qəlbdə və dildə onu tərifləyirdim. Ancaq indi onun şəhadətinin bərəkətləri və bu şəhadətin ölkə və region üçün bəxş etdikləri qarşısında hömətlə təzim edirəm”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, o qiymətli şəhid və onun yoldaşlarının dəfn mərasimindəki böyük bərəkətlər və dirçəliş onun mənəviyyatının nəticəsidir: “İranlıların, habelə iraqlıların Kazimeyn, Bağdad, Nəcəf və Kərbəladakı yola salma mərasimlərini, habelə bu tikə-tikə olmuş bədənlə olan vida mərasimini gördünüz. O böyük şəhidin pak ruhuna səmimi qəlbdən təşəkkür edirəm”.

O vurğuladı ki, Hacı Qasim Süleymaninin şəhadəti və o misilsiz vida mərasimləri İnqilabın diri olduğunu bütün dünyaya göstərdi: “Bir qrup insan İranda İslam İnqilabının sonunun çatdığını göstərməyə çalışırdı. Əlbəttə, bir qrup insan da bunun baş verməsinə səy göstərir. Lakin Hacı Qasimin şəhadəti göstərdi ki, İnqilab diridir. Hamı Tehran və digər şəhərlərdə nə qiyamət qopduğunu gördü”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, şəhid Süleymani öz şəhadəti ilə toz basmış gözləri açdı və düşmənləri İran xalqının əzəməti qarşısında xar olmağa məcbur etdi: “İran xalqı vida mərasimindəki misilsiz iştirakı ilə bu əzəmətli mücahidi, terrorizmlə mübarizənin komandanı və sərkərdəsini bir terrorçu kimi təqdim edən insafsız, yalançı və hədyan danışan amerikalılar və düşmənlərin ağzından vurdu”.

İslam İnqilabının Rəhbəri ötən gün Kermanda Süleymaninin dəfni zamanı baş vermiş acı hadisə üçün dərindən təəssüf hissi keçirdiyini dedi: “Bu əziz kermanlı həmvətənlərin ailəsinə başsağlığı verirəm. Ümidvaram ki, bu həlak olanların pak ruhları şəhid Süleymani ilə məhşur olacaq”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında ABŞ-ın İraqdakı terrorçu hərbiçilərinin bazalarına edilmiş raket hücumlarına işarə edərək dedi: “İntiqam məsələsi başqadır. Dünən onlara bir sillə vuruldu. Ancaq mübarizə işində bu hərbi fəaliyyətlər bu şəkildə kifayət etmir. ABŞ-ın regiondakı cinayətkar varlığına son qoyulmalıdır”.

İsalm İnbqilabının Rəhbəri vurğuladı ki, region xalqları və xalqın öz içərisindən çıxmış hökumətlər heç tərəddüd etmədən ABŞ-ın bu cinayətkar varlığını qəbul etmirlər: “Onların region və dünyanın hər hansı tərəfindəki varlığının müharibə, ixtilaf, fitnə, dağıntı, infrastrukturların sıradan çıxmasından başqa heç bir nəticəsi olmamışdır. Onlar bu cinayət və dağıntını əziz İran və İslam Respublikası üçün də arzu və israr edirlər. Müzakirə və masa arxasında əyləşmək məsələsi bu müdaxilə və iştiraklar üçün bir girişdir. Buna görə də amerikalıların regiondakı varlığına son qoyulmalıdır”.

O bildirdi ki, hazırki şəraitdə xalqın hər bir fərdinin vəzifələrindən biri düşməni tanımaqdır: “Düşməni tanımaqda səhvə yol vermək olmaz. Baxmayaraq ki, hamı düşmənin imperializm, sionizm və ABŞ-dan ibarət olduğunu bilir. Lakin xalqın düşmənlə bağlı fikirini dəyişdirmək üçün mürəkkəb təbliğat metodlarından geniş şəkildə istifadə edilməsinə səy göstərilir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, hazırki şəraitdə xalqın hər bir fərdinin mühüm vəzifələrindən biri düşmənin planından xəbərdar olmaq və onunla mübarizə metodlarını bilməkdir: “Xalqın istəyi, köməyi, müsbət rəyləri və iradəsi olmadan İran İslam Respublikasının bir mənası yoxdur. Buna görə də xalq düşmənin planı və onunla mübarizə yollarını bilməlidir”.

O, ölkənin hərbi, elmi, siyasi və iqtisadi sahələrində şücaətli və tədbirli şəxslərin varlığına işarə edərək dedi: “Bu adamların sözlərini dinləmək, onların ölkə səviyyəli təkliflərinə diqqət və əməl etmək lazımdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Böyük İmam İslam İnqilabının fəthlər fəthinin mömin, şücaətli və səmərəli gənclər yetişdirməsi olduğunu qeyd etdiyi kimi, bu gün ölkədə İmamın məktəbində yetişmiş belə insanlar çoxdur. Onların potensialından düşmənin planlarına qarşı mübarizədə isitfadə etmək lazımdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, düşmən ABŞ, sionist rejim, imperializm sistemi altında toplanmış kompaniyalar, qarətçilər və zalımlar toplusundan ibarətdir: “Regionun daxili və xaricindəki hökumətlər nə qədər ki, düşmənə xidmət yolunda hərəkət etməyiblər, onları düşmən hesab etmək olmaz”.

O bildirdi ki, düşmənin əsas planı xalq və gənclərin iradə və əzmində boşluq yaratmaqdır: “Onlar çalışırlar ki, xalqın iman və dini qeyrətində tərəddüd yaratmaqla İslam Respublikasının hücum və müdafiə gücünü aradan aparsınlar. Təbii ki, amerikalıların planı təkcə bu hiylə ilə məhdudlaşmır. Onlar siyasət, iqtisadiyyat və təhlükəsizlik sahəsində də İslam dövlətinə zərbə endirmək niyyətindədirlər”.

İslam İnqilabının Rəhbəri dedi ki, İran xalqının düşmənlərinin aban hadisələrindən əvvəlki planları onların təhlükəsizliklə bağlı planlarındandır: “Aban hadisələrindən qabaq bir ABŞ ünsürü bir qrup muzdur və vətənini satmış iranlı ilə Avropanın, sözün əsl mənasında mənfur və xəbis olan kiçik bir ölkəsində bir yerə toplaşıb, bir neçə gün sonra baş vermiş hadisələr üçün hazırladıqları planları ortaya qoymuşdular”.

O əlavə etdi: “Benzin məsələsinə görə xalqın övqatı təlx idi. Xalqın sayca az olan bir qismi etiraza qalxan kimi qərəzli insanlar, aldanmışlar və düşmənin öncədən hazırladığı əlaltıları, pul verdikləri muzdurlar müharibə odu yandırmaq üçün dövlət və xalqa məxsus olan mərkəzləri dağıtmaq, od vurub viraq qoymaq planının icrasına başladılar”.

Həzrət Ayətullah Xamenei İranın işinin bitməsi xəyalı ilə həmin hadisələrin birinci günü sevinən amerikalıların sevincinə işarə edərək dedi: “Təbii ki, iki gündən sonra İranın yox, onların özlərinin işinin bitdiyi məlum olduqda çox kədərləndilər”.

İslam İnqilabının Rəhbəri yenidən hər kəsə düşmənin planı qarşısında ayıq, əsas nöqtələrin, yəni İslam və İnqilabın fikri prinsipləri və milli vəhdət məsələlərini diqqət mərkəzində saxlamağı tövsiyə etdi: “Xoşbəxtlikdən şəhid Süleymani və onunla birlikdə şəhid olmuş mücahidlərin tabutları altında görünən bu vəhdət qorunmalıdır. Xalqın strategiyası inqilabçı kişilər, şəhidlər İnqilab dəyələrini xatırladan ünsürlərə hörmət və ehtiram olmalıdır”.

O vurğuladı ki, düşmənlərin cəbhəsinin İran xalqına qarşı düşmənçiliyi mövsümi düşmənçilik yox, zati və həmişəlikdir: “Çıxış yolu ondadır ki, düşmənin zərbə vura bilməməsi üçün biz siyasi, iqtisadi, hərbi və təhlükəsizlik sahələrində güclü olmalıyıq. Buna görə də “Əgər biz bir addım geri atsaq, bir qədər yumşalma yolu tutsaq, amerikalılar düşmənçilikdən əl çəkərlər” kimi xəyal quran bəzi insanlar aşkar şəkildə yanlışa yol verirlər”.

Həzrət Ayətullah Xamenei habelə “Amerikanı qəzəbləndirəcək bir iş görməyin” kimi yanlış bir analizə işarə edərək dedi: “Bu fikir doğru deyil və Allahın Qurani-Kərimdə buyurduğuna ziddir. Allah buyurur ki, abırlı fidanlar, mömin gənclərin inkişafı əsasən, ona görədir ki, düşmənlər əsəbləşsinlər. Təbii ki, onlar da hər şeydən çox elm, cihad, xidmət və hərbi sahələrdəki gənclərə görə qəzəblidirlər”.

İslam İnqilabının Rəhbəri İslam Şurası Məclisinin dünən ABŞ-ın terrprçu rejiminə qarşı qəbul etdiyi qərarı yaxşı qiymətləndirərək dedi: “İraq parlamentinin ABŞ-ın İraqdan çıxarılması ilə bağlı qəbul etdiyi qərar da çox yaxşı idi. Ümidvarıq ki, Allah onlara bu hərəkəti davam etdirmək uğuru bəxş edəcək”.

İslam İnqilabının Rəhbəri çıxışının əvvəlində 19 dey 1356-cı il tarixinin çox mühüm və tarix yaradan bir hadisə olmasına işarə edərək dedi: “Bu böyük hadisənin təsirinin dərinliyi və xatirəsini həmişə yadda saxlamalı, bu cür hadisələrdən dərs çıxararaq keçmişi bələdçi və gələcəyin çırağı etməliyik”.

O bildirdi ki, 19 dey 1356-cı il tarixində Qumda baş vermiş hadisə Qum əhalisinin rəhimsiz diktatura rejimi qarşısındakı duruşu idi: “Qum əhalisi o gün xalqın əzəmətli rəhbəri olan İmam Xomeyninin (r.ə) mərcəiyyət məqamını müdafiə etmək üçün əliyalın və yalnız iman və dini qeyrətinə söykənərək sinəsini sipər etdi”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Həmin gün nə Qumun qiyamçıları, nə də xəyallarında onları damadağın etmiş diktatura rejimi heç vaxt düşünməzdi ki, bu hərəkət İranda, hətta regionda və dünyada hansı böyük çevrilişin mənşəyi olacaq. Ancaq Allahın iman və dini qeyrətə əsaslanan bu hərəkətə verdiyi bərəkət ardınca ərbəinlərin formalaşmasına, sonda da böyük İmamın rəhbərliyi altında inqilabın qələbəsinə səbəb oldu”.

O vurğuladı: “Hər zaman yadımızda olmalıdır ki, Böyük İslam İnqilabının başlanğıcı Qum əhalisinin zahirən kiçik görünən həmin ixlaslı hərəkəti olmuşdur. Bu hərəkət ilahi qüdrətin yardımı və hidayəti ilə tarix yaradan sonluqla nəticələndi. Bu hidayət və yardım iman və dini qeyrətə əsaslanan bütün hadisələrdə olacaqdır”.

İnqilabın Rəhbəri İran xalqının dünyanın hegemonları qarşısındakı dolu əlinə işarə edərək dedi: “Hərbi vasitələrin də o zaman həqiqi və həlledici təsiri olacaq ki, iman və dini qeyrətə əsaslanmış olsun”.

Həzrət Ayətullah Xamenei Allahın izni ilə az sayın çox böyük cəbhəyə qalib gələcəyi ilə bağlı verilmiş ilahi vədə işarə edərək dedi: “Bu doğru vədin gerçəkləşməsi iman və dini qeyrətlə şərtlənir”.

O, təbliğat işləri üzrə məsul şəxslərə, Qum və digər regionların böyük alimlərinə, habelə xalqın bütün nümayəndələrinə, mədəniyyət sahəsinin aktiv gənclərinə Qum əhalisinin 19 dey 1356-cı il tarixli hadisələri kimi dərslərin diri saxlanmasına çalışmağı israrla tövsiyə etdi: “Hər zaman xatirimizdə olsun ki, məzlumcasına da olsa, iman və dini qeyrətə əsaslanan başlanğıc Allahın yardımı ilə böyük hadisələrə səbəb ola bilər”.

İslam İnqilabının Rəhbəri Qurani-Kərimin Allahın yardımı və nemətlərinin unudulmaması ilə bağlı ayələrinə istinad edərək dedi: “Bəni-İsrail mənəvi güc və Allahın yardımı ilə Fironun qaniçmiş rejiminin təzyiqindən xilas oldu. Lakin zaman keçdikcə Allaha təvəkkül və etimadı, səbir və qətiyyəti əldən verdilər. Nəticədə, zillət, miskinlik və ilahi qəzəbə düçar oldular”.

O bildirdi ki, mömin gənclərin kəmiyyət və keyfiyyəti, İnqilaba bağlılığı İnqilabın əvvəlki illərində olduğundan daha çoxdur: “Yolu doğru qət etmək üçün diqqətli olmaq lazımdır. Bu da Quranın bu böyük dərslərinin unudulmaması ilə şərtlənir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /