Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Qum əhalisi ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

الحمدلله ربّ العالمین والصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة‌الله فی الارضین

Əziz qardaşlar, əziz bacılar, əziz və şanlı Qum əhalisi, çox xoş gəlmisiniz. Artıq 40-41 ildir ki, hər il bu mərasim möhtəşəm bir şəkildə keçirilir. O son dərəcə mühüm və tarixi hadisə ilə əlaqədar olaraq, hər ilin 19 dey günü ölkənin dörd bir yanında camaatımızın diqqəti Qum əhalisinə yönəlir. 19 dey məsələsi və həmin gün Qumda baş vermiş proseslərlə bağlı bir-iki cümlə deyim, bir-iki cümlə də bu günlərin əziz şəhidi Şəhid Süleymani barədə danışacağam.

Biz 19 dey məsələsi ətrafında düşünməli, bu hadisədən dərs götürməliyik. Bu gün bura təşrif gətirmiş siz qardaş və bacılarımın əksəriyyəti o vaxt heç dünyaya gəlməmişdiniz, o günü görməmisiniz, lakin o günün xatirəsi hələ də yaşayır. Biz bu yaşayan xatirədən dərs götürməliyik. Keçmişimiz həmişə bizim gələcək yolumuzun bələdçisi və çırağı olmalıdır. 19 dey hadisəsi belə baş verdi ki, Qum əhalisi İslam İnqilabının o zaman İrandan kənarda olan böyük və şanlı rəhbərini mərcə-təqlid olaraq dəstəkləmək üçün amansız şah rejiminin silahlı qüvvələrinin qarşısında durub sinəsini sipər etdi. Camaatın heç nəyi yox idi, camaat əliyalın idi. Bəs onları bu meydana çəkib gətirən nə olmuşdu? İman və dini qeyrət; baxın, bunlar iki açar sözdür: iman və dini qeyrət. O camaat – əlbəttə ki, söhbət qumlulardan gedir – küçələrə çıxıb polislə, şah diktaturasının qüvvələri ilə qarşı-qarşıya gəldi, bir qrup insan şəhid oldu, yaralananlar oldu və hakim rejim özlüyündə bunları tar-mar etdiyini düşündü. Lakin o zaman heç kimin – nə o qiyam edən qumluların, nə də başqalarının ağlına gəlməzdi ki, onların o hərəkəti nəinki yalnız ölkədə, bəlkə bütün dünyada necə nəhəng bir kataklizmin mənşəyi olacaq. Olmadımı? Oldu. Həmin gün camaatın yalnız iman və dini qeyrətdən irəli gələn o addımına Allah-taala böyük bir hərəkatla bərəkət verdi. Proseslərin davamı gəldi. Şəhidlərin 40 mərasimləri ard-arda xalqı meydanlara çəkib gətirdi, dahi lider İmam Xomeyni artıq start götürmüş hərəkata rəhbərlik etdi və proseslər növbəti ilin, yəni 1357-ci ilin bəhmən ayında böyük bir qiyamla nəticələndi. İxlaslı qumlulardan bir qrupunun başlatdığı hərəkat belə böyük bir inqilaba çevrildi. Əlbəttə, burada bir sıra amillər var, lakin önəmli olan odur ki, bu hərəkat iman və dini qeyrətdən irəli gələn bir xalq hərəkatından başlanğıc götürüb. Biz bunu həmişə yadda saxlamalıyıq. Biz öz iman və dini qeyrətimizin bərəkəti sayəsində böyük işlər həyata keçirə bilərik. Necə ki Şəhid Süleymani və yoldaşlarının şəhid edilməsi ilə bağlı böyük bir hadisə baş verdi, böyük bir iş həyata keçirildi, dünyanı silkələyən, dünyanı dəyişən, tarixin, ölkəmizin və regionumuzun, bəlkə də, dünyanın tarixinin – bu barədə sonralar mühakimə yürütmək mümkün olacaq – istiqamətini dəyişən bir inqilab oldu. Allahın yardımına bu gözlə baxmaq lazımdır; həyatımızda baş verən bütün olaylarda Allahın hidayətini və qüdrətli əlini bu cür dəyərləndirməliyik. O gün xalq əliyalın idi. Allaha şükürlər olsun ki, bu gün biz əliyalın deyilik, əlimiz doludur. Bu gün İran xalqı dünyanın hegemon gücləri qarşısında lazımi qədər təchiz olunub, lakin təkcə hərbi gücə arxalanmaq olmaz. Hərbi güc və texnika yalnız o zaman faydalı olur ki, bayaq dediyim o iman və dini qeyrətə söykənsin. Yalnız o zaman hərbi texnika öz təsirini göstərib işləri yoluna qoyur. Bu gün geniş düşmən cəbhəsi qarşısında biz bunu daim yadda saxlamalıyıq. Allah-taala buyurur:

کَم مِن فِئَةٍ قَلیـلَةٍ غَلَبَت فِئَـةً کَثیرَةً بِاِذنِ‌ الله

“Neçə dəfə olub ki, az bir dəstə Allahın izni (iradəsi) ilə çox bir dəstəyə qalib gəlib! Allah səbir edənlərlədir!” (“Bəqərə” surəsi, 249-cu ayə)

Qum hadisəsi bu şərif ayənin göstəricisidir. Bəzən azsaylı bir dəstə iman və dini qeyrətə arxalandığı zaman Allahın qüdrəti ilə çox geniş bir cəbhəyə qalib gəlir.

Bu ibrətverici hadisənin yaddaşlardan silinməsinə imkan verməyin. Mənim əzizlərim! İstər ölkənin təbliğat qurumlarının rəsmiləri olsun, istər Qumun və ölkənin digər bölgələrinin din alimləri, istər mədəniyyət sahəsində fəaliyyət göstərən gənclər, istərsə də sıravi vətəndaşlar. Gözümüzün önündə baş vermiş bu misilsiz ibrət dərsinin unudulub getməsinə imkan verməyin. Bu, zülmə məruz qalmaqdan başlanğıc götürmüş, iman və dini qeyrətə söykənən bir hərəkatın və Allah-taalanın bu hərəkata bərəkət verərək ard-arda əmələ gətirdiyi o əzəmətli hadisələrin ibrət dərsidir. Allah-taala Quranın müxtəlif yerlərində keçmiş ümmətlər haqda danışarkən bu məqamı – keçmiş təcrübələri unutmamaq, yaddan çıxarmamaq məsələsini vurğulayır. Buyurur:

وَ لا یَکـونوا کَالَّذینَ اوتُوا الکِتابَ مِن قَبلُ فَطالَ عَلَیهِمُ الاَمَدُ فَقَسَت قُلوبُهُم

“Onlar özlərindən əvvəl kitab verilən kimsələr (yəhudilər və xaçpərəstlər) kimi olmasınlar. Onlarla (öz peyğəmbərləri arasında) uzun bir müddət keçmiş və (öyüd-nəsihəti unutduqları üçün) qəlbləri sərtləşmişdi”. (“Hədid” surəsi, 16-cı ayə)

Bəni-İsrail bir vaxtlar özündə elə bir mənəvi-güc tapmışdı ki, övladları, kişi və qadınları Fironun işgəncəsi altında olduğuna baxmayaraq, Fironu məğlub edə bilmiş, müqavimət göstərib mübarizə aparmış və nəticədə Allah-taala yollarını açaraq onlara o cür böyük qurtuluş nəsib etmiş, Fironu və onun tərəfdarlarını dənizin sularına qərq etmişdi. Həmin Bəni-İsrail bir müddət sonra:

فَطالَ عَلَیهِمُ الاَمَدُ فَقَسَت قُلوبُهُم

– öyüd-nəsihəti unutduqları üçün qəlbləri sərtləşmişdi. Bir qədər vaxtın keçməsi ilə o əvvəlki mənəvi haldan uzaqlaşmışdılar, qəlbləri sərtləşmiş və ağırlaşmışdı. O təvəkkülü, Allaha olan o etimadı, Allah yolunda o şəkildə hərəkət etmək gücünü, o səbri, o dözümü əldən vermişdilər və nəticədə:

وَ ضُرِبَت عَلَیهِمُ الذِّلَّةُ وَالمَسکَنَةُ وَ باءو بِغَضَبٍ مِنَ‌ الله

“Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular”. (“Bəqərə” surəsi, 61-ci ayədən)

Bu barədə çoxlu ayələr var, bu onlardan yalnız biridir. Həzrət Musa Bəni-İsrailə deyir:

اَفَطالَ عَلَیکُمُ العَهد

“ Yoxsa (mənim sizdən ayrılmağımdan) uzun bir müddət keçdi?” (“Taha” surəsi, 86-cı ayədən)
 – dünənə qədər Fironun təzyiqi altında idiniz, məgər indi çox uzun bir müddət keçib ki, siz hər şeyi unudub:

اِجعَل لَنا اِلهًا کَما لَهُم ءالِهَة

“Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!" (“Əraf” surəsi, 138-ci ayə)
– dediniz?

Bütün bunlar ibrət dərsidir. Bunu mən daim təkrarlayıram. Əlhəmdulillah, bu gün ölkəmizdə mömin, dini dəyərlərə, inqilabi amallara sadiq və bağlı olan gənclərin sayı və keyfiyyəti yüksəkdir, inqilabın əvvəlində olduğundan da artıqdır. Bu gün bu var, biz gənclərimizdən heç də narazı deyilik. Amma diqqətli olmaq lazımdır ki, gedilən yol düzgün qət olunsun. Müqəddəs Quranda Allahın və Peyğəmbərinin bizə ilahi yardımla bağlı öyrətdiyi o böyük dərsi yaddan çıxarmayaq, daim xatırlayaq:

وَ مَن یَتَوَکَّل عَلَی اللهِ فَهُوَ حَسبُه

“Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər”. (“Talaq” surəsi, 3-cü ayə)

O əziz şəhidimizə gəlincə, mən Şəhid Hacı Qasim Süleymani ilə bağlı iki-üç məqamı qeyd etmək istəyirəm. Birincisi, onun öz şəxsiyyəti ilə bağlı. Bu günlərdə o böyük insan, bizim o gözəl, dəyərli, şücaətli, uca mələkut aləminə qovuşmuş xoşbəxt dostumuz barədə çox danışılıb, çox doğru, tam surətdə həqiqəti əks etdirən fikirlər də deyilib, lakin mən önəmli hesab etdiyim bir neçə məqamı vurğulamaq istərdim:

Əvvəla, Şəhid Süleymani həm şücaətli, həm də tədbirli bir insan idi. Ondakı sırf şücaət deyildi. Bəzi insanlar şücaətli olur, amma onlarda bu şücaəti işlətmək üçün lazımi səviyyədə ağıl və tədbir olmur. Bəziləri isə əksinə, tədbirli olur, amma iş görən olmurlar, əməli işə keçməkdə ürəkli olmurlar. O əziz şəhidimiz isə həm ürəkli idi (qorxub-çəkinmədən təhlükənin düz üstünə gedirdi; təkcə indiki dövrdə baş verən hadisələrdə yox, Müqəddə Müdafiə savaşında “Sarullah” diviziyasına komandanlıq edərkən də belə idi; özü də, diviziyası da), həm də tədbirli bir insan idi. Ətraflı düşünürdü, tədbir tökürdü, gördüyü hər bir iş üçün məntiqi var idi. Ondakı bu şücaət və tədbir tandemi özünü təkcə müharibə meydanında yox, eyni zamanda siyasət meydanında da göstərirdi. Mən bunu siyasətçilərimizə dəfələrlə demişəm. Onun davranışlarını, atdığı addımları görürdüm. Siyasət arenasında da həm şücaətli, həm də tədbirli idi. Effektli, inandırıcı, təsirli danışığı var idi. Onun ixlası isə bütün bu keyfiyyətlərindən də yüksəkdə dururdu. Çox ixlaslı bir insan idi. Öz şücaət və tədbirliliyini Allah yolunda sərf edirdi. Özünü göstərməyi xoşlayan, riyakar biri deyildi. İxlas çox önəmlidir. Bizlər də özümüzdə ixlası məşq etdirməliyik.

Şəhid Süleymaninin digər bir xüsusiyyəti isə bu idi ki, o, hərb sənətinə tam bələd olan cəngavər bir komandan olmaqla yanaşı, eyni zamanda şəriətin hüdudlarını qatı surətdə gözləyən bir insan idi. Döyüş meydanında bəzən insanlar Allahın müəyyən etdiyi hüdudları unudur, “Bu sözlərin yeri deyil”, – deyirlər. O isə belə deyildi, çox diqqətli idi. Silah işlətməli olmadığı yerdə silahdan istifadə etmirdi. Kiməsə haqsızlıq və ya zülm etməkdən çox ehtiyatlanırdı. Elə şeylərdən ehtiyatlanırdı ki, bir qayda olaraq döyüş meydanında insanlar o şeylərə əhəmiyyət verməyi lazım bilmirlər. O isə ehtiyatı gözləyirdi. Özü təhlükənin düz üstünə gedirdi, amma başqalarının canından əlindən gəldiyi qədər muğayat olurdu. Yaxınlarını, ətrafındakıları, əsgərlərini, başqa millətlərdən olan silahdaşlarını həmişə qoruyurdu.

Bu günlərdə əsasən Şəhid Süleymaninin regiondakı fəaliyyəti, mübarizəsi barədə danışıldı, lakin daha bir mühüm məqam odur ki, o, ölkədaxili məsələlərdə heç bir siyasi partiya, yaxud cinahla əlaqəli olmasa da, qatı inqilabçı idi. İslam İnqilabı, bu inqilabın amalları onun üçün qəti qırmızı xətt idi. Qoy bəziləri Şəhid Süleymaninin bu cəhətini arxa plana keçirməyə çalışmasınlar, bu onun gerçəkliyidir. O, təpədən-dırnağa qədər inqilabçı idi, inqilabi ideyalar onun üçün qırmızı xətt idi. Müxtəlif adlarla cürbəcür partiya və siyasi cinahların bölgüsündən uzaq idi, amma inqilaba gəlincə, qatı inqilabçı idi, inqilaba, mərhum İmam Xomeyninin (r.ə) nurlu və mübarək kursuna həddən ziyadə bağlı və sadiq idi.

Onun şücaət və tədbirliliyinin bir nümunəsi də budur ki – bəzi dostları bunu bilməsələr də, düşmənləri çox yaxşı bilir – o, region xalqlarının köməyi ilə və ya region xalqlarına etdiyi kömək sayəsində Amerikanın Qərbi Asiya regionundakı bütün qanunsuz planlarını neytrallaşdırdı. Bu adam Amerikanın öz pulu, genişmiqyaslı təbliğatı, diplomatik imkanları gücünə, dünya siyasətçiləri, xüsusilə də zəif ölkələr üzərindəki hegemonluğu sayəsində hazırladığı bütün planların üzərindən xətt çəkməyi, Qərbi Asiya regionu üçün hazırlanmış bu planların hamısını neytrallaşdırmağı bacardı.

Amerikalıların Fələstinlə bağlı planı və layihəsi bundan ibarət idi ki, Fələstin məsələsini unutdursunlar, fələstinliləri mübarizə aparmağa cürət edə bilməyəcəkləri qədər zəif bir vəziyyətdə saxlasınlar. Şəhid Süleymani isə fələstinliləri əlidolu bir vəziyyətə gətirdi. O elə etdi ki, kiçik bir region, Qəzza zolağı kimi bir ovuc yer tam iddialı şəkildə İsrail rejiminin qarşısında durub onların başına böyük bir bəla oldu. Belə ki İsrail cəmi 48 saat sonra atəşkəs təklif etdi. Bunu edən Hacı Qasim Süleymani olub. Fələstinliləri əlidolu edən o olub. O elə edib ki, fələstinlilər qarşı dura, müqavimət göstərə bilsinlər. Bunu bizim fələstinli qardaşlarımız elə mənim öz yanımda dönə-dönə qeyd ediblər. Əlbəttə ki, mən bunu bilirdim, amma onlar da gəlib bizim yanımızda təsdiqləyiblər. Fələstin liderləri hamısı ölkəmizə çoxsaylı səfərlərində bunu vurğulayıblar. Amma buna baxmayaraq, onun gördüyü işlə əlaqəli rəsmilərlə keçirdiyimiz iclaslarda – adi rəsmi iclaslarda – Hacı Qasim bir küncdə otururdu, heç gözə dəymirdi. Nəyisə soruşub dəqiqləşdirmək lazım gələndə bütün zala göz gəzdirib onu tapmaq lazım olurdu. Özünü göstərməyi, gözə soxmağı xoşlamazdı. Amerikanın İraq, Suriya və Livanla bağlı planları bu əziz şəhidimizin köməyi və fəaliyyəti sayəsində puç oldu. Amerikalılar elə bilirdilər ki, İraq da tağut dövrünün – Pəhləvi rejiminin İranı, yaxud hazırkı Səudiyyə kimi olacaq; neftlə dolu bir ölkə tamamilə onların ixtiyarında olacaq və istədikləri kimi hərəkət edəcəklər. O adam demişkən, “sağmal inəkləri” olacaq. İraqın bu cür olmasını istəyirdilər. Lakin İraqın mömin və şücaətli insanları, İraq gəncləri, mərcə-təqlidləri bu olaylara qarşı çıxdılar, Hacı Qasim Süleymani də fəal bir müşavir kimi bütün bu səfərbərlik cəbhəsinə öz yardımını çatdırdı, kömək etdi, orada onlara böyük bir dayaq oldu. Suriya və Livanda da eynilə. Amerikalılar Livanı suverenliyinin ən vacib amilindən – yəni müqavimət qüvvələrindən, “Hizbullah”dan məhrum etmək niyyətindədirlər. Məqsədləri isə Livanı İsrailin qarşısında müdafiəsiz vəziyyətə salmaq və sionistlərin Beyruta qədər gedib çıxmasını təmin etməkdir; necə ki əvvəllər, illər öncə gedib çıxmışdılar. Allaha şükürlər olsun ki, “Hizbullah” günü-gündən daha da gücləndi. Bu gün Livanın vuran əli də, görən gözü də “Hizbullah”dır. Və bizim əziz şəhidimiz Qasim Süleymaninin də bunda böyük rolu olub. O, tədbirli, şücaətli bir mücahid, canıyanan bir qardaş idi.

Əlhəmdulillah, xalqlar ayıq-sayıqdır. Bu gün xalqlar sayıqdır, lakin əziz şəhidimiz Qasim Süleymaninin və onun yerlərdəki silahdaşlarının rolu əvəzsiz idi. Elə Şəhid Əbu Mehdi kimi silahdaşlarının; yeri Behişt olsun, nurani, mömin, şücaətli bir insan idi. Ona baxanda siması sanki duada deyildiyi kimi:

(1) و بَیِّض وَجهِی بنورک

– Allahın nuru ilə nurlanmşdı. Əbu Mehdi belə bir insan idi; çöhrəsi Allaha bağlı bir mənəviyyatdan xəbər verən nurla işıqlanmışdı. Şəhid Süleymani o böyük işləri bu cür mömin, şücaətli, nurlu insanlarla birgə həyata keçirə bilmişdi. Şəhid Süleymani barədə bu qədər. Əlbəttə, əziz şəhidimiz barədə bundan da çox danışmaq olar, amma hələlik kifayətdir.

Şəhid Süleymani ilə bağlı digər bir mühüm mövzu isə bu əzəmətli şəhadətin bərəkətli nəticələridir. O əziz şəhidimiz hər dəfə mənə məruzə edəndə – istər yazılı məruzələri olsun, istər şifahi məruzələri – mən onun gördüyü işləri həmişə həm ürəyimdə, həm də dildə alqışlayırdım. Bu gün isə mən onun öz şəhadəti ilə nəinki təkcə ölkəmiz, hətta regionumuz üçün gördüyü, başlanğıc verdiyi işin qarşısında baş əyirəm. (2) Çox böyük bir iş görüldü, qiyamət qopdu. Onun mənəviyyatı şəhadətini bu cür yüksəklərə qaldırdı. İranda və İraqda şəhidlər necə möhtəşəm şəkildə son mənzilə yola salındı! Tikə-tikə olmuş o nəşi (3) Kazimeyndə, Nəcəfdə, Bağdadda, Kərbəlada necə müşayiət etdilər! Onun pak ruhuna qəlbimizin dərinliklərinə qədər təşəkkür edirik.

Onun şəhadəti ölkəmizdə İslam İnqilabının hələ də canlı olduğunu bütün dünyaya görk etdi. Bəziləri vəziyyəti belə qələm vermək istəyirdilər ki, guya İranda inqilab ölüb, yox olub aradan gedib, sona çatıb – əlbəttə ki, bir qrup adam da bunun həqiqətən baş verməsi üçün çalışır – amma Qasim Süleymaninin şəhadəti göstərdi ki, inqilab hələ də yaşayır. Gördünüz, Tehranda nələr oldu?! Gördünüz, ölkənin başqa şəhərlərində nə həngamə qopdu?! Əlbəttə ki, Kirmanda baş vermiş o acınacaqlı hadisə, kirmanlı həmvətənlərimizdən bir qrupunun dünyasını dəyişməsi mənə çox təsir etdi, mən buna dərindən təəssüflənir və ölənlərin ailə üzvlərinə başsağlığı verirəm. Ümidvaram, o hadisə nəticəsində həlak olanların pak ruhları da Məhşər meydanında Şəhid Süleymani ilə birgə olacaq. (4) Şəhid Süleymani öz şəhadəti ilə toz basmış gözləri açdı. Düşmənlər İran xalqının əzəməti qarşısında özlərini xar olmuş hiss etdilər. Ola bilsin ki, üzə vurmurlar, amma çıxılmaz vəziyyətdədirlər. İran xalqı o dəyərli mücahidi və terrora qarşı mübarizənin o şanlı komandanını terrorçu kimi qələmə verməyə çalışan düşmənin, o insafsız, yalançı, boş-boş danışan amerikalıların ağzından vurdu; onların danışdıqlarına, həqiqətən də, bir məna vermək olmur. 

Diqqət ediləsi daha bir mühüm məqam da var: yaxşı, bəs indi bizim vəzifəmiz nədir? Axı önəmli bir hadisə baş verib. İntiqam və sair bu kimi məsələlər başqa söhbətdir; dünən gecə bunlara möhkəm bir sillə vurulub, (5) bu, başqa məsələdir. Bu tip hərbi əməliyyatlar o böyüklükdə bir olay üçün kifayət etmir. Bu qarşıdurmada mühüm olan odur ki, Amerikanın bu regiondakı fəsad törədən iştirakına birdəfəlik son qoyulmalıdır. Onlar bu regiona müharibə gətirdilər, konflikt gətirdilər, fitnə gətirdilər, şəhərləri xaraba qoydular, infrastrukturu dağıtdılar. Əlbəttə ki, dünyanın hansı nöqtəsinə ayaq basıblarsa, gördükləri iş bu olub. Hazırda öz regionumuz gözlərimiz önündədir. O fəsadı, o dağıntıları əziz İranımıza, İslam Respublikasına da çəkib gətirməkdə israrlıdırlar. Daim bunun üçün çalışırlar. Müzakirəyə bu cür can atmaları, İranı danışıqlar masasına oturtmaq üçün göstərdikləri səylər də hamısı bu ölkəyə müdaxilə, burada iştirakın başlanğıcını qoymaq məqsədi daşıyır. Buna son qoyulmalıdır. Region ölkələri Amerikanın burada iştirakını qəbul etmir. Region xalqları, bu xalqların seçimi əsasında formalaşmış dövlətlər bunu qəbul etmir. Heç şübhəsiz, bu belədir. 

Digər bir aspektdən yanaşdığımız zaman daha bir mühüm məsələ də var. İran xalqı, İslam Respublikasının əhalisi olaraq bizim öhdəmizə düşən vəzifə nədən ibarətdir? Əvvəla, düşməni tanımaq. Düşmənimizi tanımalıyıq. Düşməni tanımaqda səhvə yol verməyin. “Düşmənin kim olduğunu hamımız yaxşı bilirik”, – deməyin. Bəli, siz düşmənin kim olduğunu bilirsiniz. Düşmən imperialistlərdir, düşmən sionistlərdir, düşmən Amerikadır. Bunu siz bilirsiniz, amma bu vəziyyəti əksinə çevirmək, xalqın yanaşmasını dəyişmək üçün mürəkkəb təbliğat metodları ilə genişmiqyaslı iş aparılır. Hər kəs diqqətli və ehtiyatlı olmalıdır. Düşməni tanımaq çox önəmlidir. Biri bu. İkincisi, düşmənin planlarını bilmək: düşmən nə iş görür, nə iş görmək istəyir? Ondan sonra isə düşmənin planlarına qarşı mübarizə metodunu bilmək. Xalqımız bunu bilməlidir. Biz xalqa arxalanırıq. Xalqın arzusu, köməyi, iradəsi, müsbət rəyi və dəstəyi olmadan İslam Respublikası heç bir şeydir, heç bir məna kəsb etmir. Xalq həm düşməni tanımalı, həm onun iş metodlarına bələd olmalı, həm də bu metodlarla mübarizənin yollarını bilməlidir. Bu isə mütəxəssislərin, düşünən beyinlərin işidir. Xoşbəxtlikdən, bu gün ölkəmizdə şücaətli və tədbirli insanlar heç də az deyil. İstər hərbi sferada, istər elm, istərsə də siyasət sahəsində bilikli, cəsarətli və tədbirli kadrlarımız var. Onların sözünü eşitmək, uyğun gördükləri işləri ölkə və cəmiyyət səviyyəsində düzgün surətdə həyata keçirmək lazımdır. Yaxşı kadrlarımız kifayət qədərdir. Sevindirici haldır ki, İmam Xomeyni məktəbinin yetirmələri günbəgün artır. Bir dəfə İmam müharibə ilə bağlı söyləmişdi ki, bu inqilabın ən böyük qələbəsi gənclərin, yenicə pöhrələnən bu fidanların yetişdirilməsidir. Bunu bir vaxtlar İmam Xomeyni söyləmişdi. Haqlı idi də, tamamilə doğru buyurmuşdu. Hikmətli bir kəlamdır. Bütün o qələbələr, həyata keçirilmiş bütün o mühüm işlər görkəmli şəxsiyyətlərin yetişdirilməsi ilə müqayisədə kiçikdir. Xoşbəxtlikdən, bu gün bizdə belə şəxsiyyətlər çoxdur. 

Düşməni tanıyaq. Mən bunu tam qətiyyətlə deyirəm: düşmən Amerikadır, İsrail rejimidir və imperializm sistemidir. İmperializm sistemi təkcə Amerikadan, yaxud hansısa dövlətlərdən ibarət deyil. Nəhəng şirkətlərdən, dünyanı talayıb zülm edənlərdən ibarət elə bir məcmu var ki, onlar haqsızlıq və işğalçılığa qarşı çıxan istənilən mərkəzin əleyhinədirlər. Düşmən bunlardır. Biz regionda, yaxud regiondan kənarda nə vaxtsa bizim əleyhimizə nə isə demiş hansısa dövləti özümüzə düşmən hesab etmirik. Bunlar düşmən deyillər. Bizim düşmənimizə əl verən və İslam Respublikasının əleyhinə olan hansısa hərəkətə yol vermədikləri halda biz onları düşmən bilmərik. Düşmən onlar deyil. Düşməni tanımaqda səhvə yol vermək olmaz. Bunu bilsək, eyni zamanda düşmənin planlarına qarşı mübarizə aparmağın yollarına da bələd olsaq, uğur qazanarıq. Düşmənin planı bizim gənclərimizin, vətəndaşlarımızın müxtəlif sferalarda əzm və iradəsini zəiflətməkdir. Düşmənin əsas planı budur: xalqın imanına və qırılmaz iradəsinə tərəddüd qurdu salmaq. Yəni söhbətimizin əvvəlində qeyd etdiyim o iki əsas amili zəiflətmək. Az öncə qeyd etdiyim kimi, iman və dini qeyrət – bunlar iki açar sözdür. Düşmən xalqımızın imanında və dini qeyrətində tərəddüd yaratmaq məqsədi güdür. Onlar yaxşı bilirlər ki, əgər buna müvəffəq olsalar, İslam Respublikasının nəinki müdafiə, hətta hücum gücünə belə, təsir etmək mümkün olacaq və bu güc yox olub aradan gedəcək. Elə buna görə də cürbəcür məkrli planlar qururlar. Əlbəttə, Amerika və onun kimilərinin məkrli planları təkcə bundan ibarət deyil. Bu, ən önəmlisidir. Siyasi və iqtisadi arenada – o sanksiyaları özünüz görürsünüz – habelə təhlükəsizlik sferasında İslam Respublikası əleyhinə müxtəlif planlar qururlar. Aban ayında baş verən olaylardan – benzin məsələsi ilə bağlı baş vermiş o hadisələrdən bir neçə gün əvvəl Avropa ölkələrindən birində – kiçik, amma həqiqətən də, şər və xəbis bir Avropa dövlətində bir amerikan ünsürü bir qrup muzdur, vətənini satan iranlı ilə görüşüb və birlikdə İslam Respublikası əleyhinə plan qurublar. Planları da bir neçə gün sonra yanacaq məsələsi ilə əlaqədar müşahidə etdiyimiz o xoşagəlməz olayları meydana gətirmək olub; yəni benzin məsələsi ilə bağlı əhalinin kefi pozulmuşdu, bir qrup adam etiraz etmək üçün küçələrə çıxmışdı. Camaat – əlbəttə ki, bir qrup adam; heç sayları da o qədər çox deyildi – meydana daxil olan kimi, bu qərəzli, yalanlara aldanmış düşmən agentləri həmin planı həyata keçirməyə başlamalı idilər. Yəni hökumət müəssisələrini və şəxsi obyektləri dağıtmalı, od vurub yandırmalı, xaraba qoymalı, adam öldürməli, konflikt yaratmalı idilər. Bu, ilkin planları idi. Əlbəttə ki, mən planın olaylardan bir neçə gün öncə cızıldığını dedim, amma əslində bu da köhnə planın təzələnməsi idi, bu işləri daha öncədən planlaşdırmışdılar, müəyyən adamları hazır vəziyyətə gətirmiş, bir qrup muzdluya pul vermişdilər. Bu cür işlər də görürlər, əllərindən nə gəlirsə, edirlər. O gün mən camaatla görüşlərimizdən birində də (6) dedim ki, İranda həmin olaylar baş verdiyi gün Amerikada, Vaşinqtonda dövlət rəsmiləri çox məmnun imişlər. Xarici diplomatlardan birinə söyləyiblər ki, İranın işi bitdi. İki gün sonra isə məlum oldu ki, özlərinin işi bitib. Çox narahat və dilxor olublar. Düşmənin planını sezmək və o planın qarşısında başlıca cəhətləri diqqətdə saxlamaq lazımdır. Başlıca cəhətlər ideoloji əsaslardan – istər bu, dini ideologiya olsun, istərsə də inqilabi prinsiplər – və milli birlikdən ibarətdir. Şəhid Süleymaninin və onun silahdaşlarının pak nəşləri qoyulmuş tabutlar altında, xoşbəxtlikdən, müşahidə etdiyimiz o milli birlik qorunub saxlanmalıdır. Xalqımız aşağıdakı tendensiyaları istiqamət götürməlidir: inqilabi ideyalar, inqilabın böyük şəxsiyyətlərinə ehtiram, şəhidlərə, eləcə də inqilabi dəyərləri andıran hər bir şeyə sonsuz hörmət.

Hamımız bunu da bilməliyik ki, bayaq adlarını sadaladığım düşmənlərin düşmənçiliyi müvəqqəti, mövsümi xarakter daşımır. Bu onların təbiətindən irəli gələn bir düşmənçilikdir, həmişəlikdir, nə vaxt bacarsalar, zərbə vuracaqlar. Əlacı da budur ki, biz özümüzü gücləndirək; hərbi cəhətdən, təhlükəsizlik baxımından, siyasi baxımdan, iqtisadi baxımdan. Özümüzü müxtəlif cəhətlərdən gücləndirməliyik ki, düşmən zərbə vura bilməsin. Yoxsa ki onun düşmənçiliyi zatındadır. Bəziləri elə bilirlər ki, biz bircə addım geri çəkilsək, bir az güzəştə getsək, amerikalılar düşmənçilikdən əl götürəcəklər. Bu, açıq-aşkar yanlış olan bir düşüncədir. Bəziləri elə bilirlər – bunu deyir, yaxud mətbuatda yazırlar – ki, biz Amerikanı əsəbiləşdirəcək addımlar atmamalıyıq. Onların bu düşüncəsi Allah-taalanın Qurani-Kərimdəki bu buyuruğuna tam əksdir:

وَ مَثَلُهُم فِی الإِنجیلِ کَزَرعٍ أَخرَجَ شَطْأَهُ فَآزَرَهُ فَاسْتَغْلَظَ فَاسْتَوی‌ عَلی‌ سُوقِهِ یُعجِبُ الزُّرَّاعَ لِیَغیظَ بِهِمُ الکُفَّارَ

“İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür”. (“Fəth” surəsi, 29-cu ayədən)

Möminlərin çoxalması, cana-qüvvətə gəlmiş bu fidanlar, bu mömin gənclər elə

لِیَغیظَ بِهِمُ الکُفَّارَ

 – düşmənləri qəzəbləndirmək üçündür. Onları daha çox qəzəbləndirən də elə budur. Elm, cihad, xalqa xidmət, hərb meydanlarında parlayan gənclərimiz onları əsəbiləşdirir. Bu şeyləri görməyə gözləri yoxdur. (7)   Ümidvaram, bu yolda səsiniz həmişə uca, diliniz kəsərli və addımlarınız möhkəm olacaq. Allah-taala yaxın günlərdə şəhid olmuş əzizlərimizə rəhmət etsin; Şəhid Süleymaniyə, Şəhid Əbu Mehdiyə, onların silahdaşlarına; istər iraqlılar olsun, istər iranlılar olsun. Xalqımızın irəliləyişinə, inkişaf və yüksəlişinə yol açan hər kəsə Allah rəhmət etsin.

Parlamentin dünən qəbul etdiyi qərar (8) çox yaxşı bir qərardır. İraq parlamentinin srağagün Amerikanın İraqdan çıxarılması barədə qəbul etdiyi qərar da çox gözəl bir qərar idi. Ümidvaram, inşallah, Allah-taala onların hamısına kömək edib güc verəcək ki, bu yolu uğurla sona çatdıra bilsinlər.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

______________________

(1)  “Allahım, üzümü öz nurunla nurlandır” (Kafi, c.4, səh.562)
(2) Görüş iştirakçıları ağlayırlar 
(3) Görüş iştirakçıları ağlayırlar
(4) Ötən gün Kirman şəhərində Şəhid Süleymaninin son mənzilə yola salınması zamanı izdihamın sıxlığından bir qrup insan həlak olmuşdur
(5) Bu gün sübh çağı İraqın Eynüləsəd bölgəsində yerləşən ABŞ hərbi bazası İİR Keşikçi Korpusu tərəfindən raket atəşinə tutulmuşdur
(6) Ali Məqamlı Rəhbərin ölkənin tibb müəssisələrində çalışan şəfqət işçiləri ilə görüşü (11.10.1398)
(7) Görüş iştirakçılarının təkbir sədalarından sonra Ali Məqamlı Rəhbər deyir: “Çox sağ olun. Bu təkbir onu göstərdi ki, artıq yorulmusunuz”. 
(8) İran parlamenti ABŞ-ın müdafiə nazirliyi olan Pentaqonun və ona bağlı bütün strukturların terrorçu kimi tanınması barədə 3-cü dərəcədə təcili qərar qəbul etmişdir