Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Rəhbəri:

SEPAH özünəməxsusuluğu olan bir fenomendir

İslam İnqilabının Rəhbəri bu gün səhər İslam İnqilabı Keşikçilər Ordusunun rəhbərliyi və komandanlarının iyirmi dördüncü qurultayının iştirakçıları ilə görüşdə SEPAH-ın yaranması, inkişafı, böyüməsi, böhranlı vəziyyətlərdən çıxmaq bacarığına malik olması, hərbi, xalq, xidmətlər və quruculuq sahələrindəki fəaliyyətinin özünəməxsus və qürurverici olduğunu dedi. 

O, düşmənin böhran yaratmaq, ölkənin təhlükəsizliyinə ziyan vurmaq, əhalinin həyatını qarışdırmaq istiqamətindəki siyasətinin davam etdiyinə işarə edərək vurğuladı: “Milli vəhdət, xalqın iştirakını təmin etmək, əhaliyə, xüsusilə zəif təbəqələrə yardım göstərilməsi, məsul şəxslərin gecə-gündüz bilmədən göstərdikləri mücahid fəaliyyəti, İnqilabın məqsədlərinin gerçəkləşdirilməsinə ümid, istək və bu istiqamətdə edilən hərəkətin davam etdirilməsi işığında düşmənin məğlubiyyəti və xalqın qələbəsi qətidir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İran xalqına İnqilabın həqiqətlərini unutdurmaq dünyanın şeytanlarının məqsədlərindəndir. O, böyük tarixi inqilablar arasında SEPAH-a xas olan xüsusiyyətləri özündə ehtiva edən bir qurumun təşkilinin eksklüziv olduğunu dedi: “Bütün təşkilatlarda nöqsan və zəiflik var. Amma ölkə tarixində heç bir hərbi birlik bu həddə mənəvi, siyasi, əxlaqi və insani sağlamlığa malik olmamışdır”.

Ali Baş Komandan SEPAH-ın daxili inkişafı və artımının da misilsiz olduğunu dedi. O, bu qurumun qısa zaman ərzindəki təşkilati genişlənməsini şərh edərək vurğuladı: “SEPAH təşkil olunduqdan iki il sonra fədakar ordunun əməkdaşlığı və yardımı ilə bir neçə böyük əməliyyatda, o cümlədən “Fəthül-mübin”, “Xürrəmşəhrin azad edilməsi” əməliyyatlarında təyinedici rol oynayaraq İnqilabın müdafiə qüdrətini düşmənə göstərə bildi”.

O, SEPAH-ın inkişafı, artımı və daxili strukturunun möhkəmlənməsi prosesinin davam etdiyinə toxunaraq dedi: “Bu təşkilat hal-hazırda çox böyük və tam təchizata malik bir mərkəzə, dünyanın ən böyük anti-terror təşkilatına çevrilmişdir. Dünyanın böyük ordularının çoxu onun göstərdiyi fəaliyyətlərə bənzər addımlar atmaqda acizdirlər”.

SEPAH-ın çoxşaxəli və cəzbedici bir funksiyaya malik olduğunu deyən İnqilabın Rəhbəri böhranlı vəziyyətlər üzərindəki qalibiyyətin bu qurumun fəaliyyətinin davamlılıq yönlərindən olduğunu dedi.

Həzrət Ayətullah Xamenei İslam İnqilabının qələbəsi ərəfəsində ABŞ, Fransa, İngiltərə və Almaniya dövlət başçılarının Fransanın Qvadelupa adasında təşkil etdikləri konfransa işarə edərək dedi: “Onlar kukla rejimin xilasının mümkünsüz olduğunu anladılar, amma arasıkəsilməz ardıcıl böhranlar strategiyasını planlaşdırmaqla bu böhranların yeni İran dövlətində hakimiyyət başına gələn hər bir hökuməti iflasa uğradacağına ümid edirdilər”.

İnqilabın Rəhbəri İnqilabın ilk dövrlərində ölkənin ayrı-ayrı regionlarındakı böhranlar, iğtişaşlar, qarışıqlıq və terrorçu qruplaşmaların genişmiqyaslı fəaliyyətlərinə işarə edərək dedi: “ABŞ-ın İrandakı casus yuvasının sənədləri də göstərdi ki, bu hadisələr Qərbin İranda ardıcıl böhranlar yaratmaqla bağlı strategiyası çərçivəsində baş verir”.

O qeyd etdi ki, SEPAH həmin böhranlı vəziyyətlərə son qoyan və böhranlı vəziyyətlərin mövcud olduğu əyalətlərin əhalisini xilas edən amil olmuşdur: “Düşmənlər ardıcıl böhranlar yaratmaqla İnqilabı zədələmək, etibardan salmaq, sonra da 28 mordad çevrilişinə bənzər bir addımla İnqilaba son qoymaq niyyətində idilər. Amma SEPAH 28 mordad çevrilişinin təkrarlanmasının qarşısını alaraq İranın doğru yoldan sapmasına imkan vermədi. Buna görə də düşmənlər SEPAH-a qarşı bu qədər kinli və qəzəblidirlər”.

Ali Baş Komandan SEPAH-ın müqəddəs müdafiədəki fəaliyyətinin də parlaq və çox mühüm olduğunu dedi: “İmkanların günbəgün artması SEPAH-ın fəaliyyətinin başqa bir yönüdür. Bu da İranın təhlükəsizliyini təmin edir və İrana çəkindirmə qüdrəti bəxş edir”.

İnqilabın Rəhbəri “hərbi seçim masanın üzərindədir” cümləsinin təkrarının azalması və təkrar edilməməsinin SEPAH-ın çəkindirmə qüdrəti və imkanlarından qaynaqlandığını dedi: “Hamı bilir ki, bu cümlə artıq yüngül, mənasız və dəyərsizdir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, SEPAH-ın quruculuq və infrastruktur sahəsindəki fəaliyyəti də qürurverici, parlaq və müəyyən cəhətlərdən bənzərsizdir: “İnqilab keşikçiləri ümimi xidmətlər, məhrumiyyətlərin aradan qaldırılması, təbii fəlakətlər və korona kimi hadisələrdə var gücləri ilə xalqa xidmət göstərdi”.

SEPAH-ın ölkənin ümumi mühiti və gənclərin cəzb edilməsindəki effektivliyi onun fəaliyyətinin digər yönlərindən biridir. İnqilabın Rəhbəri bu barədə belə qeyd etdi: “Gənclər SEPAH-ın simasında elmlə əməlin, idealizmlə realizmin, sərt və təchiz olunmuş güclə yumşaq gücün, yəni xalqın çulğalaşdığını gördükdə nümunə götürür və cəzb olunurlar. Hərəmi və təhlükəsizliyi müdafiə edən gənclər və şəhidlər SEPAH-ın, Hacı Qasim, Höcəci və İbrahim Hadi kimi şəxsiyyətlərin bu cazibələrinin nəticəsidir”.

O, Keçikçilər Ordusunun transmilli təsirlərinin də dərin və çox mühüm olduğunu dedi: “SEPAH-ın ayrı-ayrı yönlərdəki fəaliyyətləri və cazibələri düşməni narahat edir, onu SEPAH-ı gözdən salmaq üçün yalanlar uydurmağa, şayiə yaymağa, boş-boş hay-küy salmağa vadar edir”.

Ali Baş Komandanın bu görüşdə SEPAH-a xatırlatma etdiyi bаşqa bir məsələ özünü qorumanın zəruriliyi ilə bağlı oldu.

O, Allahı unutmaq, özünü böyük tutmaq, doğru yoldan sapma, Allahın nemətlərinə, yardımlarına diqqətsizlik, ümidsizlik və şübhə kimi nöqsanlara işarə edərək özünü qoruma, yəni təqvalı olmağın bütün təşkilatların və hər kəsin vəzifəsi olduğunu dedi: “Şəxsiyyət zəiflikləri həssas məqamlarda insanın yerə çırpılmasına səbəb olur. Buna görə də İnqilabın qorumazdan əvvəl daim özümüzdən muğayat olub, özümüzü qorumalıyıq”.

Həzrət Ayətullah Xamenei SEPAH-ın rəhbərliyinə diqqətli olmağı, dəyərləri, SEPAH-ın mühüm yönlərini qorumağı tövsiyə etdi. O, Peyğəmbərin (s) uca və möhtərəm həyat yoldaşlarının əzab və mükafatlarının ikiqat olduğunu ifadə edən Quran ayəsinə işarə edərək dedi: “Biz əmmaməlilər və siz sepahçılar da beləyik. Çünki bizim yaxşı işimizin və yanlışımızın xarici təsiri ikiqatdır, bu bizim diqqətliliyimizin əhəmiyyətini ikiqat edir”.

İnqilabın Rəhbəri SEPAH-ın əvvəlki nəslinin fədakarlıqlarına işarə edərək onun bugünkü gənc və qürurverici nəsillərinə tövsiyə verdi: “Çalışın, elmi, əməli və mənəvi keyfiyyətlərinizi, hətta keçmişdəki o yaxşı nəsillərdən də üstün edəsiniz”.

Həzrət Ayətullah Xameninin bu görüşdə etdiyi çıxışının digər hissəsi belə bir mühüm suala cavab oldu: “İslam İnqilabı düşmənçiliklərin oyanmasına və İnqilabın qorunması zərurətinin yaranmasına səbəb olan hansı xüsusiyyətlərə malikdir?”

İranda İslamın siyasi hakimiyyətinin bu suala aydın bir cavab olduğunu deyən Ali Rəhbər siyasi İslama xas olan cəhətləri şərh etdi: “Zülmə və zalıma qarşı çıxmaq, məzluma kömək etmək siyasi İslamın bariz xüsusiyyətlərindəndir. Bu da bünövrəsi və binası işğal, zülm, zorakılıq və işgəncə üzərində inşa edilmiş sionist rejim kimi bir rejimi İslam Respublikası kimi bir dövlətlə düşmənçiliyə vadar edir”.

İnqilabın Rəhbəri qeyd etdi ki, İslam dövlətininin xalqların maraqları və sərvətlərinə əl uzadılmasına qarşı çıxması müstəmləkəçilərin İslam dövləti ilə düşmənçilik etməsinə səbəb olan xüsusiyyətlərdəndir: “Müstəmləkəçiliklə mübarizədə Quran bizə göstəriş verir ki, xalqlarla, hətta eyni inanc və davranışa malik olmadığınız xalqlarla münasibətdə ədalətli davranaq”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, İngiltərə və Fransa kimi ölkələrin əsrlər boyu sərvət toplaması və inkişafı digər ölkələri işğalı, müstəmləkə altına alması və istismarı nəticəsində olmuşdur: “Bir siyasi analitik: “İslam Respublikası nə edib ki, filan ölkə onunla düşməndir”, - deyə bir sual verir. Bu sualın cavabı aydındır. Keçmişi bəlli olan müstəmləkəçi Əhrimənin İslam dövləti ilə münasibəti yaxşı ola bilməz”. 

Dərisinin rəngi, irqi və yaşadığı regiondan asılı olmayaraq bütün insanlara hörmət Quranın başqa bir göstərişidir. İnqilabın Rəhbəri bu məsələyə toxunaraq dedi: “Quranın məntiqinə əsasən, qaradərili insanın digər insanlardan heç bir fərqi yoxdur. Buna görə də irqi ayrıseçkilik məntiqini rüsvayçı şəkildə yayan qərblilər İslam dövləti ilə mehriban ola bilərlərmi?”

O, bədxahların siyasi İslama qarşı düşmənçiliyinin başqa bir amilini qeyd edərək Quranın düşmənçilik məqsədi güdməyən ölkə və hökumətlə sülh və barışıq münasibətini sürdürmək göstərişini vurğuladı: “İslam dövləti düşməçilik məqsədi güdməyən hər bir dövlətin - hətta həmfikir olmasa belə - sözünü qəbul edir, amma hiyləgərlik, yalan, kələk, arxadan xəncər zərbəsinin vurulacağını hiss etdikdə əsla qəbul etmir və xəyanətə qarşı eyni münasibəti bəsləyir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İslam dövləti ilə düşmənçiliyin başqa bir mühüm amili İslam dövlətinin həssas Qərbi-Asiya regionunda müqavimət hərəkətlərinə nümunə, öndə və irəlidə olmasıdır: “Əgər İslam Respublikası nümunə olmasaydı, bu düşmənçiliklər az olardı”.

O, İnqilabın qələbəsindən əvvəl 1967-ci ildə baş vermiş altı günlük müharibə və 1973-cü ilin müharibəsində üç dövlətin texniki təchizatı yüksək olan ordularının kiçik sionist rejimi qarşısındakı məğlubiyyətinin müqayisəsini apararaq dedi: “İslam İnqilabından sonra iş o yerə çatdı ki, həmin rejim Livan Hizbullahını məğlub etmək üçün 33 gün çalışdı, amma bacarmadı və rüsvyaçı şəkildə qaçmağa məcbur oldu”.

İnqilabın Rəhbəri vurğuladı ki, İnqilabla İnqilabdan əvvəlki dövrlər arasındakı məsafə 1967-ci ilin 6 günlük müharibəsi ilə 33 günlük müharibə arasındakı məsafə qədərdir: “Bu gün iş elə bir yerə çatıb ki, Fələstinin işğal altında olan ərazilərində və İordan çayının qərb sahilində gənclər sionist rejimi aciz qoyacaq bir şəkildə hərəkət və hücumlar təşkil edirlər”.

O, siyasi İslamın xəbis, kinli, xəyanətkar və yalançı Əhrimən qarşısındakı mövqeyinin, təbii ki, düşmən yaradan mövqe olduğunu dedi: “Düşməni tanımaqla həm mühafizə marağı dərinləşir, həm də qarşı tərəfi tanımaqda səhvə yol vermirik. Çünki daha öncə bəzən məruz qaldığımız və təkrar etməli olmadığımız çətinliklərdən biri düşməni tanımaqda səhvə yol verməyimiz olmuşdur. Buna görə də Böyük İmamın dərin bəsirəti ilə buyurduğu kimi, var gücümüzlə ABŞ-ın başına çığırmalıyıq”.

Həzrət Ayətullah Xamenei çıxışının son hissəsində bir neçə mühüm və ümumi tövsiyə verdi.
O, İnqilabdan sonra əldə edilmiş çoxlu nailiyyət və imkanlara, həyata keçirilmiş yaxşı işlərə işarə edərək dedi: “Nailiyyətlərin əhəmiyyətini və qədrini bilməli, amma qürurlanmamalıyıq”.

O qeyd etdi ki, Qərbin İranda böhranlar yaratmaq istiqamətindəki strateji siyasəti davamlı siyasətdir: “Onlar daim ölkədə böhran yaratmaq istəyindədirlər. Bir gün seçkiləri, bir gün benzini, bir gün də qadını bəhanə edirlər. Bu gün böhran yaradan vasitələr daha da inkişaf etmişdir”.

İnqilabın Rəhbəri bildirdi ki, düşmənin böhran yaratmaqda əsl məqsədi ölkənin təhlükəsizliyinə zərbə vurmaqdır: “Təhlükəsizlik olmadan iqtisadiyyat, məşğulluq, infrastruktur işlər, müəssisələrin, elm, universitet və tədqiqat mərkəzlərinin fəaliyyəti də olmaz. Buna görə də onların əsl məqsədi ölkənin təhlükəsizliyinə zərbə vurmaq, əhalinin həyatının axarını pozmaqdır”.

O, böhranı hazırlayan və yaradan əsl amilin CİA, Mossad və İngiltərənin Mİ6 casus şəbəkələri olduğunu dedi: “Əlbəttə, onlar daxili və xarici nökərlərdən, diqqətsiz və qərbpərəst ünsürlərdən də iştifadə edirlər. Amma hadisənin əsas rəhbəri casus şəbəkələridir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, düşmənin planları qarşısındakı vəzifələrimizi dərk etməliyik: “Bu günkü vəzifəmiz daim İnqilabı qorumaqdır. Bu günkü mühüm vəzifəmiz milli vəhdət, xalqın iştirakını təmin etmək, əhaliyə, xüsusilə zəif təbəqələrə kömək etməkdir. Bu günkü vəzifə məsul şəxslərin gecə-gündüz bilmədən, yorulmadan mücahid fəaliyyəti göstərməsidir”.

O, ölkənin zirvəyə doğru hərəkətində çətin yollardan və boğazlardan keçməkdə olduğunu vurğulayaraq dedi: “Sərt yamacların olmasına baxmayaraq, biz yolun çoxunu qət edib zirvələrə yaxınlaşmışıq. Buna görə də bu gün yorulmaq və ümidsizliyə qapılmaq vaxtı deyil, istək, ümid və hərəkət vaxtıdır. Ölkə rəhbərliyi bu ruhiyyə ilə hərəkət etməlidir”.

İnqilabın Rəhbəri məsul şəxslərin tənqidi məsələsinə də toxunaraq dedi: “Demirik, tənqid olmamalıdır. Sadəcə, tənqid məsul şəxslərə etimadla müşayiət olunmalıdır. Çünki məsul şəxslər şövqləri, bacarıqları, Allaha təvəkkülləri və və bütün gücləri ilə çalışırlar”.

O, sonda vurğuladı: “Bu günə qədər qət edilmiş yolu qüdrətlə davam etdirsək, düşmən üzərindəki qələbə qətidir”.

Görüşün əvvəlində Vəliyyi-fəqihin SEPAH-dakı nümayəndəsi Höccətül-İslam vəl-müslimin Hacı Sadiq çıxış edərək keşikçiliyin İslam İnqilabının bütün sahələrini əhatə etdiyini vurğuladı. O qeyd etdi ki, bu inqilabçı qurum düşmənlərin İran xalqına qarşı olan bütün planları və hər növ hücumları qarşısında durmuş və duracaqdır.

SEPAH-ın baş komandanı 1398-ci ildə şəhid Hacı Qasim Süleymaninin də iştirakı ilə SEPAH komandirlərinin İnqilabın Rəhbəri ilə olan sonuncu görüşü yada salaraq düşmənlərin İslam coğrafiyasındakı bütün strategiyalarının iflasının bu uca şəhid və onun silahdaşlarına borclu olduğunu dedi. O, düşmənlərə səslənərək vurğuladı: “SEPAH şəhidlərin intiqamını alacaq və Amerikanı regiondan mütləq çıxaracaq”.

General-mayor Səlami SEPAH-ın hərbi, təhlükəsizlik, informasiya, elm, iqtisadiyyat, quruculuq, səhiyyə, xidmət, təbliğat və ümid sahələrindəki imkanları və fəaliyyətinin ayır-ayrı yönləri ilə bağlı açıqlama verdi.
 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

700 /