Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Dini Liderin İslam İnqilabı Keşikçiləri Korpusunun komandirləri ilə görüşündəki çıxışı

Rəhman və Rəhim Allahın adı ilə. 

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız Əbul-Qasim Mustafa Muhəmmədə və onun çox pak və pakizə, seçilmiş Əhli-beytinə, xüsusilə də Yer üzündə Allahın qoruyub saxladığı İmama (ruhumuz ona fəda olsun).

Çox xoş gəlmisiniz. Bu gün mənim üçün çox şad və ürəkaçan bir gündür. Siz əziz insanlarla – inqilabçılar və haqq-həqiqət keşikçiləri ilə görüşdüyümə görə çox şadam. Sepahın hörmətli komandirinin və hörmətli nümayəndənin çıxışları üçün onlara öz təşəkkürümü bildirirəm. Çıxışlarında (1) çox gözəl məqamlara toxundular.

Bügünkü söhbətimin bir hissəsi Sepahın kimliyi barəsində xülasə məlumatdır. Sepah barəsində bir sıra məsələləri diqqətinizə çatdırmaq istəyirəm. Ola bilər ki, bu məsələlər dəfələrlə deyilibdir, amma xalqımızın, gənclərimizin, hətta Sepahdakı gənclərin belə, bu məsələləri bir daha eşitmələrinə ehtiyac vardır. Biz öz kimliyimizi unutmamalıyıq. Dünya şeytanlarının əsas məqsədlərindən biri bizə öz kimliyimizi unutdurmaqdır. Biz buna icazə verməməliyik. Sepah barəsində xülasə şəkildə və qısaca olaraq məlumat verəcəyəm. Sonra bir qədər də inqilab barəsində danışacağam. Hansı ki, Sepah bu inqilabı qorumaq missiyasını özünə aid bilir. Görəsən, siz Keşikçilər Korpusunun qorumaq istədiyiniz inqilab hansı xüsusiyyətlərə malikdir? Bir neçə cümlə də bu barədə danışacağam.

Sepah barəsində demək istədiyim məsələləri vərəqlərdə qeyd etmişəm. Birinci məsələ budur ki, inqilabın ilk günlərində Sepahın yaradılması tarixin böyük inqilabları arasında bənzərsiz bir hadisə idi. Böyük inqilabların, o cümlədən Fransa inqilabı, yaxud Sovetin bolşeviklər inqilabının əvvəllərində inqilabın tərəfdarları ünvanında bəzi qruplar ortaya çıxdı və baş qaldırdı, onlar müəyyən işlər də gördülər. Amma Sepah o qruplar və təşkilatlar ilə əsla müqayisə oluna bilməz. Onlar dağıdıcı idilər, özbaşına idilər, nizamsız idilər, dəyərlərə bağlı deyildilər. Sepah isə belə deyildi. Sepah elə ilk başlanğıcda İnqilab Rəhbərliyi tərəfindən yaradıldı. Bu, mühüm məsələdir. Onun idarəçiliyi və təşkilatçılığı mərkəzə tabe idi. Yaradıldığı ilk gündən mərkəzdən idarə olunurdu. Ölkənin hər tərəfində öz missiyasını yerinə yetirirdi, amma Rəhbərlik sözün əsl mənasında onu idarə edirdi.

Yaradıldığı ilk gündən Sepahın üzvləri və məsulları dinə və inqilabın dəyərlərinə malik insanlar idilər. O cümlədən fədakarlıq, yorulmaq bilmədən gecə-gündüz çalışmaq, İmama tabe olmaq kimi xüsusiyyətlərə malik idilər. Birmənalı olaraq, bundan qeyri bir rəftar onlardan görünməyibdir. Biz elə əvvəldən bu hadisələrin içində idik və baş verənləri görürdük. Bu təşkilat bənzərsiz bir təşkilat idi. 

Onun üzvləri pak və təqvalı insanlar idilər. Mən mübaliğə etmək istəmirəm. Təbii ki, hamıda müəyyən nöqsanlar və zəifliklər vardır. Müəyyən çatışmazlıqlar və zəif cəhətlər mövcud idi. Amma əldə olan faktlara əsasən, həmin vaxtadək bizim ölkəmizin tarixində, bəlkə də heç bir hərbi təşkilatda bu dərəcədə sağlamlıq – insanlıq və iman sağlamlığı görünməmişdir. Bizim ölkəmizin tarixində, mənim bildiyim qədər, bu dərəcədə mənəvi, əxlaqi və siyasi sağlamlığa malik hərbi təşkilat olmayıbdır. Sepahın yaradılması belə bir hadisə idi.

Başqa bir məsələ, Sepahın inkişaf etməsi və artmasıdır. Bu da bənzərsiz bir hadisədir. Sepah yaradılarkən bir neçə yüz nəfərdən ibarət dəstə idi. Amma iki ildən az bir müddətdə münəzzəm hərbi bölmələrə malik geniş hərbi təşkilata çevrildi. Bu, çox mühüm məsələ idi. Sepah hərbi dəstələri təşkilatlandıra bildi. Yəni kiçik və adsız dəstələrdən bölüklər, alaylar və daha böyük hərbi bölmələr yaradıldı. Bu hadisə iki ildən az bir müddətdə baş verdi. Elə bu səbəbdən az bir müddətdən sonra ordu ilə həmkarlıq edərək bir neçə böyük və həlledici hərbi əməliyyatı – Saminul-əimmə, Təriqul-Quds, Fəthul-mubin və Beytul-muqəddəs kimi əməliyyatları – uğurla başa çatdırdı. Yəni Sepahın həlledici iştirakı ilə Fəthul-mubin kimi böyük bir hərbi əməliyyatın baş verdiyi tarixdə – 61-ci ilin (hicri-şəmsi 1361-ci ilin) fərvərdin ayında Sepahın yaranmasından iki ildən bir qədər çox vaxt keçirdi. Bir sözlə, Sepah heyrət doğuran idarəçilik və fəaliyyətlə yanaşı olan inkişafa malik idi. Mən belə düşünürəm ki, bu barədə mövcud olan bu qədər yazılara və əsərlərə rəğmən, hələ də məsələlərin xırdalıqları və işin əzəməti düzgün açıqlanmayıbdır. Sepah öz fədakarlıqları ilə – burada həm düşüncə və mənəviyyat baxımından hazırlıq, həm də əməl baxımından fədakarlıq nəzərdə tutulur – inqilabın hərbi müdafiəsinin böyük qüdrətini düşmənə göstərə bildi. Bu çox əhəmiyyətli məsələ idi:

نهد جان در یکی تیر و رهاند
ز ننگ تیره روزی کشوری را(2)

Belə bir vəziyyət yaranmışdı. Bu inkişaf və möhkəmlik bənzərsiz idi. Bu, bənzərsiz bir hadisə idi. Bizim tariximizdə buna oxşar bir hadisə olmayıb. Özünəməxsusluğu ilə seçilən bu hadisə davam etdi və dayanmadı. Yəni elə olmadı ki, bir hərəkətə başlanılsın, hərəkət müəyyən qədər irəliləsin və sonra da dayansın. Xeyr, belə olmadı. Əksinə, bu hadisə bu günədək davam etməkdədir. Belə ki, təxminən dörd onillik keçməsinə baxmayaraq, biz böyük və tam təchizatlı bir müdafiə və hərbi mərkəzə, terrora qarşı dünyada ən böyük təşkilata sahibik. Bu gün Sepah dünya miqyasında terrora qarşı ən böyük təşkilatdır. Təchizatlı hərbi təşkilatdır. Fəal və heç yerdən asılı olmayan müstəqil bir təşkilatdır. Sepah elə işlər görməyə qadirdir ki, dünyanın bir çox böyük orduları bu işləri görməyə qadir deyildir. Bu, Sepahın inkişafı barəsində qısa məlumat idi.

Başqa bir məsələ Sepahın fəaliyyətinə aiddir. Bu da maraqlı və çoxcəhətli bir hadisədir. Hər şeydən öncə Sepahın ilk gündən bəri gördüyü ən mühüm işlərdən biri düşmənin yaratdığı süni böhranların qarşısında dayanmaq olubdur. Bu, çox mühümdür. Mən bir tarixi faktı diqqətinizə çatdırım. İnqilabın qələbəsindan çox az bir müddət əvvəl, təxminən bir ay əvvəl, yəni daha dəqiq desəm, 57-ci ilin dey ayının ortaları dörd ölkənin – Amerika, İngiltərə, Fransa və Almaniyanın başçıları Fransanın tabeliyində olan Gvadalup adlı bir adada təşkil edilən iclasda toplaşdılar. Bu iclas sonralar “Qvadalup iclası” adı ilə tanındı. Bu iclasın müzakirə mövzusu İranın İslam İnqilabı idi. Onlar oturub müzakirə etdilər ki, “Biz nə edək? Bu inqilabın qarşısında çıxış yolu nədir?” Onlar inqilabın qələbə çalmaq üzrə olduğunu görürdülər. Nəhayət, bu nəticəyə gəldilər ki, onların himayə etdikləri Pəhləvi rejimini xilas etmək artıq qeyri-mümkündür. Bu, birinci nəticə idi. İkinci nəticə isə bu oldu ki, inqilabın qələbə çalması artıq labüddür. Amma bu inqilab elə böhranlarla üzləşəcəkdir ki, inqilabdan sonra hakimiyyətə gələn heç bir dövlət bu böhranların öhdəsindən gəlməyə qadir olmamışdır. Bu deyilənlər həmin iclasın dərc edilən sənədlərinə istinadəndir. Bəli, onlar bu nəticəyə gəldilər. Yəni həmin iclasdan əldə edilən məlumatlar bunlar idi. Onlar dedilər ki, inqilabdan sonra hakimiyyətə gələn hər hansı bir dövlət bu böhranlar nəticəsində hökmən devrilməlidir və hakimiyyətdə qala bilməz. Sonralar casusluq yuvasının sənədləri də ortaya çıxdı. Casusluq yuvasının sənədlərində aydın bildirilirdi ki, qərblilər bu inqilabın davam etməməsi və dirçəlməməsi üçün strateji bir siyasətin planını qurmuşdular. Bu strateji siyasət ardıkəsilmədən yaranan böhranlar və hadisələrdən ibarət idi. İnqilabın qələbə çaldığı ilk illərdə biz ölkənin həm qərbində, həm şimal-qərbində, həm şimal-şərqində, həm cənubunda, həm də cənub-şərqində problemlərlə üzləşmişdik. Yəni ölkənin dörd bir yanında daim böhran mövcud idi. Bu sənədlər, əslində, baş verən o hadisələrin səbəbini və haradan qaynaqlandığını bizə açıqlayır. O hadisələr təbii surətdə yaranan hadisələr deyildi, əksinə, sözükeçən o süni böhranlar idi. Çox keçməmişdi ki, müharibə başlandı və Səddam ölkəyə hücum etdi. Kim bu böhranları, bu hadisələri və iğtişaşları yatızdıra və olkəni xilas edə bildi? Kim Kürdüstan əhalisini, Bəluçistan əhalisini, ölkənin müxtəlif bölgələrinin əhalisini bu iğtişaşların acı nəticələrindən xilas edə bildi? Kim Tehranda xalq kütləsini genişmiqyaslı terror aktlarından xilas edə bildi? Sepah! Bunu Sepah etdi. İnqilabı devirmək üçün onların hazırladıqları planı, yəni ardıkəsilmədən böhranların yaradılması siyasətini uğursuzluğa məhkum edən o təşkilat Sepah idi. Bu alovu Sepah söndürdü. Düşmənin hədəfi bu böhranlar vasitəsilə inqilabın gücünü azaltmaq idi. İnqilabın gücü azaldıqdan və inqilab zəiflədikdən sonra isə bir qiyam vasitəsilə, eynilə iyirmi səkkiz mordad qiyamı kimi bir qiyam ilə işi başa çatdırmaq istəyirdilər. Sepah iyirmi səkkiz mordad qiyamı kimi qiyamların qarşısını aldı. Sepah ölkədə başlanan düzgün hərəkətin düşmən siyasəti nəticəsində dayanmasına yol vermədi. Qərblilərin Sepaha qarşı bu qədər düşmən mövqe tutmalarının, hər zaman Sepahdan nifrətlə danışmalarının səbəbi də məhz budur. Bu, Sepahın fəaliyyətlərindən biri idi.

Sepahın Müqəddəs Müdafiədəki fəaliyyəti isə çox mühüm, geniş və ayrıca bir fəsildir. Bu barədə əsərlər yazılıb, çox yaxşı məlumatlar yığılıb. Amma biz bu gün bu barədə danışmayacağıq. Çünki bu çox geniş və ayrıca bir fəsildir.

Sepahın fəaliyyətinin başqa bir sahəsi güc və bacarıqları günü-gündən artırmaqdan ibarətdir. Sepah öz yerində saymadı, əksinə, öz gücünü və bacarıqlarını günü-gündən artırdı. Həm özünün qətiyyəti və səyi hesabına, həm də başqa təşkilatlarla həmkarlıq hesabına güclənə bildi. Bu məsələyə yalnız silah artırmaq, silah yığmaq və yeni ixtiralara imza atmaq gözü ilə baxılmamalıdır. Məqsəd, ölkəni qorumaq və ölkənin asayiş və sabitliyini təmin etməkdir. Əgər düşmən sizin zəif olduğunuzu hiss edərsə, hücuma rəğbətlənər. Amma əgər sizin güclü olduğunuzu başa düşərsə, hücum etmək niyyəti olsa belə, bir daha düşünüb-daşınar. Elə bu səbəbdən də buyurulur:

... تُرْهِبُونَ بِهِ عَدُوَّ اللهِ وَعَدُوَّكُمْ

“Allahın düşmənini və öz düşməninizi qorxudun ...”(3)

Ayədə təkid edilən imkan və güc Allahın düşmənlərini qorxutmaq üçündür, ölkənin asayiş və sabitliyini təmin etmək üçündür. Şahid olduğunuz kimi, bir müddət tez-tez deyirdilər ki, hərbi əməliyyat seçimi masanın üzərindədir. Amma indi bu sözü daha demirlər. Bu söz dəyərdən düşübdür, öz dəyərini itiribdir. Çünki bu sözün mənasız olduğunu başa düşürlər. Bu isə sizin gücünüzün və bacarıqlarınızın hesabınadır. Siz öz daxili gücünüzü artırdıqda, nəticəsi bu yerdə görünür.

Sepahın fəaliyyətinin başqa bir qolu müxtəlif sahələrdə quruculuq işləridir. Bu, Sepahın fəaliyyətinin parlaq bir fəslidir. Bu məsələyə etinasızlıq edilməməlidir. İnfrastruktur işlərində Sepah ilk sözü deyir. Ölkənin infrastruktur işlərində – yolların və avtobanların salınması, sədlərin tikilməsi, neftayırma müəssisələrinin tikintisi və bu kimi başqa işlərdə Sepah qədər bu həcmdə olan işi normal qiymətlərdən daha ucuz və normal sürətdən daha tez yerinə yetirən təşkilatlar olduqca azdır. Bu, Sepahın fəaliyyətinin çox mühüm və qürurverici bir fəslidir.

Sepahın fəaliyyətinin başqa bir qolu da ümumi xidmətlərin göstərilməsidir. Sepah müxtəlif xidmət sahələrində xalqın yanında oldu. Səhiyyə sahəsində – belə ki, bu, olduqca mühüm sahədir – Sepah böyük işlər görə bildi. Zəlzələ və sel kimi təbii fəlakətlər və korona kimi epidemiyalarda Sepah böyük köməkliklər göstərdi. Aztəminatlı təbəqənin ehtiyaclarının aradan qaldırılması istiqamətində görülən işlər isə Sepahın layiqincə tanıtdırılmayan, insanlara dolğun məlumat verilməyən fəaliyyətlərindən biridir. Sepah bu istiqamətdə böyük və genişmiqyaslı işlər görübdür.

Sepahın fəaliyyətində daha bir diqqətəlayiq məqam ölkənin ümumi atmosferi üzərində qoyduğu təsirlərdir. Təbiidir ki, qeyd edilən bu xüsusiyyətlərə malik olan Sepah kimi bir təşkilat gənc nəsil üçün cəzbedicidir. Həqiqətən də cəzbedicidir. Gənc nəsil baxıb görür ki, bu təşkilatda elm və əməl bir-birinə qaynaq olunubdur, sərt və yumşaq güc bir-birinə qaynaq olunubdur. Sərt güc – raketlər, pilotsuz təyyarələr və bu kimi təchizatlardır, yumşaq güc isə xalq ilə ünsiyyət qurmaq, insanları dinləmək və onlara yardım göstərməkdir. Bunların hər ikisi Sepahda cəmlənibdir. İnqilabın amallarını başda tutaraq, reallıqlara diqqət etmək və bu istiqamətdə çalışmaq Sepahın hədəfidir. Xalq ilə birbaşa ünsiyyətdə olmaq və könüllü olaraq xalqa yardım göstərmək Sepahın gördüyü işlərdəndir. Gənc nəsil bir təşkilatda belə xüsusiyyətləri müşahidə etdiyi zaman ona tərəf cəzb olunur. Bu məsələlər gənc nəsil üçün cəzbedicidir. Əgər siz “Hərəmin müdafiəsi” şəhidlərinin və ya bu illər ərzində asayiş və əmniyyətin qorunması uğrunda şəhadətə ucalan şəhidlərin tərcümeyi-halına nəzər salsanız, onların tərcümeyi-halını oxusanız, görərsiniz ki, Sepahın cazibəsi və keçmişi bu hərəkətin, bu inkişafın və bu şəxsiyyətlərin formalaşmasında ən mühüm amildir. Gənclər nümunə götürürlər, təsir altına düşürlər. Öz amallarına və missiyasına sadiq olan, dəyərlərə bağlı olan və daim meydanda hazır olan bir təşkilat, heç şübhəsiz, cəzbedici olacaqdır. Yalnız təşkilat deyil, təşkilatın üzvləri də cəzbedicidirlər. Sağlam qəlbi olan hər kəs üçün bu insanlar cəzbedicidir. Uca məqamlı general şəhid Qasim Süleymani insanı bir cür cəzb edir, şəhid Hücəci kimi fədakar gənc insanı bir başqa cür cəzb edir, İbrahim Hadi kimi ixlaslı və şücaətli əsgər də insanı başqa cür cəzb edir. Onların hamısı cəzbedicidirlər. Onların hər biri bir nümunədir, əbədi örnəkdir. Bu da Sepahın fəaliyyətinin başqa bir qoludur.

Əgər biz Sepahın ölkə sərhədlərindən kənarda olan təsirlərindən söz açmaq istəsək, uzun-uzadı danışmalıyıq. Əgər Sepahın varlığının, amallarının, taktikasının və gördüyü işlərin başqa ölkələrin gəncləri üzərində qoyduğu təsirlərdən danışmaq istəsək, söhbətimiz çox uzanar. Biz də indi bu mövzuya keçmək istəmirik. Amma bu mövzu olduqca mühümdür. Bunlar Sepahın fəaliyyətinin yalnız bir qismidir.

İndi siz diqqət yetirin. Düşmənin fəaliyyətinin əsas qollarından biri Sepahın simasını ləkələməkdir, Bəsicin simasını ləkələməkdir. Nə üçün? Çünki Sepah cəzbedicidir, Bəsic cəzbedicidir. Bu cəzbedicilik onları qorxudur, onları təlaşlandırır. Onlar da bu işi görməli olurlar. Yalan xəbərlər və şayiələr yaymaqla, müxtəlif hiylə və fəndlər işlətməklə gənclərin bu örnəklərə baxıb nümunə götürməklərinin, onlardan dərs almaqlarının və onların davamçılarına çevrilməklərinin qarşısını almaq istəyirlər. Bu deyilənlər Sepahın fəaliyyəti barədə idi. Bura qədər Sepah barəsində üç məsələ danışdıq – Sepahın yaranması, Sepahın inkişafı və  Sepahın fəaliyyəti.

Sepah barəsində mühüm məsələlərdən biri də “qorumaq və keşikçilik” məsələsidir. Burada İnqilabı qorumaqdan söhbət getmir, əksinə, Sepahın özünü qoruması nəzərdə tutulur. İnqilabı qorumaqdan danışmamışdan öncə Sepahın özünü qorumasından danışmaq lazımdır. Bütün insanlar büdrəyə bilər. Bütün təşkilatlar büdrəyə bilər. Hamı yorula bilər, yaxud təkəbbürlülüyə düçar ola bilər, yaxud da azğın düşüncələrə tərəf meyillənə bilər. Məsumlar (ə) istisna olmaqla, bu, hamı üçün baş verə bilər. Bütün başçılar, müdirlər, rəhbərlər, komandirlər və bizim hamımız bu deyilənlərə düçar ola bilərik. Odur ki, özümüzü qorumaq məcburiyyətindəyik. İlk növbədə özümüzü qorumalıyıq. “Özünü qoruma” Quranın dilində “təqva” adlanır. Təqva, elə bu deməkdir; yəni özünü qorumaq deməkdir. Biz özümüzü qorumalıyıq. Bir təşkilat olaraq özümüzü qorumalıyıq. Bir fərd olaraq özümüzü qorumalıyıq. Bizim diqqət yetirməli olduğumuz əsas məsələlərdən biri “özünü qoruma” məsələsi olmalıdır. Bizim müəyyən nöqsanlarımız vardır. Hər bir insanın şəxsiyyətində müəyyən nöqsanlar vardır. Bəzən bu nöqsanlar insanın zehninin, ruhunun dərinliklərində gizlənir. Birdən elə bir məqam yaranır ki, bu nöqsan özünü büruzə verir. Bizim bəzilərimiz pulu sevirik, bəzilərimiz vəzifəni sevirik. Müxtəlif istəklər bizi özünə tərəf cəzb edir. Çox vaxt özümüzün belə bundan xəbəri olmur. Qəfil bir məqam yaranır ki, bu xüsusiyyət üzə çıxır və bizi məğlub etməyə çalışır. Əgər biz mübarizə aparmasaq, bu xüsusiyyət və istəklərin qarşısında məğlub olacağıq. Onlar bizi yerə yıxacaqlar. Odur ki, özümüzü qorumalıyıq.

Sepahın malik olduğu ali keyfiyyətlər olduqca qiymətlidir. Onları qorumaq lazımdır. Sepahın müxtəlif rütbəli məsulları bu sahədə fəal olmalıdırlar, diqqətli olmalıdırlar, ayıq olmalıdırlar. Əgər Allah unudularsa, təhlükə artacaqdır. Əgər cihad ruhiyyəsi hər hansı bir səbəbə görə azalarsa, təhlükə artacaqdır. Əgər nailiyyətlər bizi məğrur edərsə, təhlükə artacaqdır. Təhlükə yaradan amillər bunlardır: Allahı unutmaq, nailiyyətlərə görə məğrur olmaq, cihaddan yorulmaq, İlahi nemətləri yaddan çıxartmaq, Allahın bizə verdiyi o böyük nemətləri yaddan çıxartmaq və bir çətinliklə üzləşdikdə ümidsiz olmaq. Bir çətinliklə qarşılaşdığımız zaman unuduruq ki, Mütəal Allah bizim yüz çətinliyimizi həll etmişdi. Bu da o çətinliklərdən biridir. Axı niyə bunu böyütməliyik?! Dualarda bizə belə təlim olunur:

اَللَّهُمَّ تَمَّ نُورُكَ فَهَدَيْتَ فَلَكَ الْحَمْدُ رَبَّنَا، وَ بَسَطْتَ يَدَكَ فَاَعْطَيْتَ فَلَكَ الْحَمْدُ رَبَّنَا، وَ عَظُمَ حِلْمُكَ فَعَفَوْتَ فَلَكَ الْحَمْدُ رَبَّنَا(4)

Allahın nemətlərini xatırlayın. Yolumuzun üstündə bir daş parçası ilə qarşılaşdıqda unuduruq ki, qaya parçaları ilə qarşılaşmışdıq və onlar yolumuzun üstündən götürülmüşdü. Allah o çətinlikləri həll etmişdi. Biz bunu unuduruq, tərəddüdə və şəkkə düşürük, ruhdan düşürük, ümidimizi itiririk. Bunlar həlakedici xəstəliklərdir. Bu xəstəliklərdən qorunmaq lazımdır.

Bu məqama da diqqət etməliyik ki, bəzi təbəqələr hansısa bir səhvə yol verdikdə, Mütəal Allah onların bir səhvini iki səhv hesablayır. Biz ruhanilər bu təbəqələrdənik. Bizim bir səhvimiz iki səhv hesablanır. Mütəal Allah Peyğəmbərin (s) qadınlarına buyurur:

يَا نِسَاءَ النَّبِيِّ مَنْ يَأْتِ مِنْكُنَّ بِفَاحِشَةٍ مُبَيِّنَةٍ يُضَاعَفْ لَهَا الْعَذَابُ ضِعْفَيْنِ ...

“Ey Peyğəmbərin qadınları! Sizlərdən kim aşkarda pis əməl yerinə yetirərsə, ona iki qat əzab verilər...”(5)

Mütəal Allah bunu Peyğəmbərin (s) qadınlarına buyurur. Peyğəmbərin (s) qadınları “Ummul-mu`minin”dirlər, möminlərin analarıdırlar. Onların rütbəsi bu qədər ucadır. Amma Mütəal Allah bu hörmətli qadınlara buyurur ki, əgər siz səhvə yol versəniz, sizə ikiqat əzab verəcəyəm. Digər tərəfdən də bu qadınlara buyurur:

وَمَنْ يَقْنُتْ مِنْكُنَّ لِلهِ وَرَسُولِهِ وَتَعْمَلْ صَالِحًا نُؤْتِهَا أَجْرَهَا مَرَّتَيْنِ ...

“Sizlərdən hər kim Allaha və Onun elçisinə tabe olsa və yaxşı əməl yerinə yetirsə, onun mükafatını ikiqat verəcəyik...”(6)

Siz sepahçılar da bu təqəbələrdənsiniz. Əgər siz yaxşı işlər görsəniz, ikiqat mükafat alacaqsınız. Bir mükafat həmin yaxşı işin özünə görə alacaqsınız, bir mükafat da başqalarına örnək olduğunuza görə alacaqsınız. Biz ruhanilər də beləyik, yaxşı əməlimizin əvəzi ikiqat hesablanır. Digər tərəfdən də, əgər səhvə yol versək, bir günah pis əməlin özünə görə yazılır, bir günah da bu əməlin qoyduğu mənfi təsirə görə yazılır. Bu incə məqama diqqət yetirmək lazımdır.

Mən Sepahın gənc nəsillərinə – Allaha həmd olsun ki, bu gün on minlərlə gənc bu illər ərzində Sepaha daxil olmuş, böyük hədəfləri izləmiş və iftixarlar yaratmışlar, böyük işləri məhz bu gənclər yerinə yetirmişlər – təkidlə tövsiyə edirəm ki, mənəviyyat, elm və əməl baxımından özlərinin əvvəlki nəsillərindən önə keçsinlər. Əvvəlki nəsillər yaxşı insanlar idilər. Onlar universiteti yarımçıq qoyub müxtəlif məntəqələrdən döyüş meydanlarına gəldilər və qələbəyə ümid olmadığı bir gündə canlarından keçdilər. Həqiqətən də qələbəyə ümid yox idi. Müqəddəs Müdafiə başlandıqdan çox az bir müddət sonra insan döyüş bölgələrinə getdikdə qəm və kədərdən, qaranlıq və zülmətdən qeyri bir şey görmürdü. Belə bir şəraitdə o gənclər öz canlarından keçdilər, döyüş meydanına daxil olub möhkəm dayandılar və beləliklə də, gedişatı dəyişdirə bildilər. Onlar İlahi hidayəti və qələbəni özlərinə cəlb edə bildilər:

وَ الَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا ...

“Bizim yolumuzda çalışanlara, heç şübhəsiz, Öz yollarımızı göstərərik...”(7)

Cihad edənlərə və çalışanlara Mütəal Allah Öz hidayətini bəxş edər, Öz köməyini və yardımını göstərər.

Oxunan bu ayələrdə buyurulur ki, əgər biz çalışsaq, Mütəal Allah kömək edəcəkdir:

تُؤْمِنُونَ بِاللهِ وَ رَسُولِهِ وَ تُجَاهِدُونَ فِي سَبِيلِ اللهِ بِأَمْوَالِكُمْ وَأَنْفُسِكُمْ ... وَ يُدْخِلْكُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ... وَ أُخْرَى تُحِبُّونَهَا نَصْرٌ مِنَ اللهِ وَ فَتْحٌ قَرِيبٌ ... (8)

Digər tərəfdən, əgər səhvə yol versək, bu səhvin nəticəsini təhlükəli məqamda ön sırada ikən görəcəyik:

إِنَّ الَّذِينَ تَوَلَّوْا مِنْكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ إِنَّمَا اسْتَزَلَّهُمُ الشَّيْطَانُ بِبَعْضِ مَا كَسَبُوا ...

“İki dəstə (Ühüddə) üz-üzə dayandığı gün sizin aranızdan (düşmənə) arxa çevirənləri, əslində, etdikləri (günah) əməllər nəticəsində Şeytan düz yoldan çıxartdı...”(9)

Ühüd döyüşündə ayaqları büdrəyən və qələbə səhnəsini məğlubiyyətə çevirərək haqq cəbhəsinə böyük xəsarət vuranların iradı bundan əvvələ qayıdırdı: “Etdikləri (günah) əməllər nəticəsində Şeytan onları düz yoldan çıxartdı”. Onların özlərinə qarşı rəftarı yaxşı rəftar olmamışdı. Bunun da nəticəsi döyüşdə, o həssas məqamda və məkanda, yəni dağın təhlükəli keçidində özünü göstərdi. Odur ki, bu məsələ, yəni özünü qorumaq məsələsi olduqca mühümdür.

İndi isə bu məsələyə – İslam İnqilabının Keşikçiləri Korpusu məsələsinə diqqət edək. Qarşıya çıxan ilk sual budur ki, görəsən, bu İslam İnqilabı malik olduğu hansı xüsusiyyətlərə görə düşmənin hücumuna məruz qalır və bu səbəbdən də onu qorumaq zəruriyyəti yaranır? Hansı amillər düşmənin İslam İnqilabı qarşısında gizli və açıq şəkildə cəbhə qurmasına gətirib çıxarır və biz də onu qorumaq üçün Keşikçilər Korpusu yaratmaq məcburiyyətində qalırıq? Bu sualın cavabı aydındır. Cavab İnqilabın siyasi hakimiyyətidir. Dünyanın bir çox yerində İslam mövcuddur. O İslam ki, hətta müstəmləkəçilərin, istismarçıların, hegemonların və böyük holdinqlərin inək-qoyunu ilə bir işi yoxdur. Onların da bu İslam ilə işi yoxdur. Baxmayaraq ki, bu İslama qarşı da səmimi deyildirlər, amma yenə də çox əhəmiyyət vermirlər. Düşməni İslam qarşısında səfərbər olmağa və cəbhə yaratmağa vadar edən amil İslamın siyasi hakimiyyətidir. Bu hakimiyyət İran millətinin qətiyyəti sayəsində və bənzəri olmayan o kişinin – sözün əsl mənasında bənzəri olmayan o məqamı uca İmamın rəhbərliyi altında bu ölkədə quruldu. İslamın siyasi hakimiyyəti düşmənləri bizim qarşımızda cəbhə qurmağa vadar etdi.

Növbəti sual budur ki, görəsən, İslamın siyasi hakimiyyəti hansı xüsusiyyətlərə malikdir? Belə ki, bu xüsusiyyətlər düşmənləri narahat edir və onları reaksiya göstərməyə vadar edir. Bu sualın cavabı çox əhəmiyyətlidir. Bunun üzərində düşünmək lazımdır. Elə bu səbəbdəndir ki, biz İslam İnqilabını nə qədər dərindən, dəqiq və aydın tanısaq, onu qorumaq üçün daha qətiyyətli olacağıq. Əlbəttə, əgər bu barədə hərtərəfli danışmaq istəsək, bir-iki saat belə yetməz. İslam hakimiyyətinin və İslam siyasətinin malik olduğu xüsusiyyətlər geniş bəhslərdir. Mən yalnız bir neçə məqama toxunacağam.

İslam hakimiyyəti zülm və haqsızlığa, zalıma qarşıdır. Bu qədər aydın və sadə bir məsələdir. Bizə buyurulur ki, zalım ilə düşmən olun. Həqiqi İslamın nümunəsi olan Əmirəl-möminin Əli (ə) dünyanın ən dəyərli iki varlığına, yəni öz iki övladına vəsiyyət edir ki, zalım ilə düşmən olun, məzlum ilə dost olun.(10) Bu, birinci məsələdir. Deməli, əgər dünyada hansısa bir siyasət, hansısa bir rejim, hansısa bir hakimiyyət zülmün üzərində qurulubdursa, məlum məsələdir ki, bu hakimiyyətə qarşı olacaqdır. Çünki bilir ki, bu hakimiyyət onun düşmənidir. Sionist rejimi zülm üzərində qurulubdur, ümumiyyətlə, onun təməli zülmdür. Onlar bir milləti öz evindən və yurdundan çıxarıb – özü də pul və satın almaqla deyil, tüfəng gücünə, işgəncə verməklə, dubinka ilə çıxarıb – onların yurdunda məskunlaşıblar. Sionist rejiminin təməli zülmdür. Məlum məsələdir ki, onlar “Zalım ilə düşmən olun” şüarını başı üstündə saxlayan bir hakimiyyətə qarşı çıxacaqdırlar. Bu, təbiidir.

İslam hakimiyyəti millətlərin, əqidəsindən və əməlindən asılı olmayaraq bütün millətlərin mənafeyinə əl uzadılmasına qarşıdır:

وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَى أَلَّا تَعْدِلُوا ...

“Bir dəstə ilə düşmənçiliyiniz sizin onlarla ədalətli davranmamağınıza səbəb olmamalıdır...”(11)

Quran buyurur ki, millətlərlə, hətta sizinlə eyni əqidədə olmasalar və sizə qarşı olsalar belə, ədalətlə rəftar edin. Onlara qarşı davranışlarınızda ədalətsiz olmayın. Elə bu səbəbdən də ədalətsizlik üzərində qurulan rejimlər bizə qarşı olacaqdır. İngiltərə bir gün Avropanın ən varlı ölkəsi idi. Necə varlanmışdı, var-dövləti haradan gətirmişdi? Hindistandan gətirmişdi, Hind yarımadasından o tərəflərdə yerləşən məntəqələrdən gətirmişdi, Amerika torpaqlarından gətirmişdi. Amerika o vaxtlar İngiltərənin işğalı altında idi. Bir sözlə, İngiltərə başqalarının sərvətini qarət edərək varlanmışdı. Fransa varlı bir dövlətə çevrilə bildi, elmi işlər görə bildi. Sərvəti haradan əldə etmişdi? Əlcəzayirdən, Mərakeşdən, Tunisdən, Fransanın müstəmləkəsi altında olan Afrika ölkələrindən, həmçinin Latın Amerikasından gətirmişdi. Digər istismarçı ölkələr də belədir. Onlar istismar üzərində qurulubdur. 

Gəmiçiliyi bildiklərinə və sahilyanı ölkələr olduqlarına görə, o yan-bu yana gedə bildiklərinə görə əvvəlcə hiylə və kələklə, sonra isə tüfəng gücünə sərvət əldə etdilər. Tüfəng gücünə millətlərin sərvətini qarət edə bildilər. Məlum məsələdir ki, bu dövlətlər və rejimlər millətlərə qarşı zülmün və onların taleyinə müdaxilənin əleyhinə olan bir hakimiyyətə düşmən kəsiləcəklər. Məsələnin mahiyyəti budur. İndi bəzi siyasi icmalçılar oturub təhlil edirlər ki, İslam İnqilabı, İslam hakimiyyəti, İslam Respublikası bu işləri gördüyünə görə filan ölkələr ona qarşıdır. Məgər bu məsələnin təhlilə ehtiyacı vardırmı?! Məsələ aydındır. Məsələ budur ki, müstəmləkəçi hegemon rejimlər İslam hakimiyyəti kimi bir hakimiyyət ilə yaxşı münasibət qurmaq istəmirlər.

İkinci məsələ budur ki, İslam hakimiyyəti “insan kəraməti”ni qəbul edir və bu baxımdan filan bölgənin insanı, filan irqə mənsub olan insan, dərisi filan rəngdə olan insan arasında fərq qoymur. Quran buyurur:

وَ لَقَدْ كَرَّمْنَا بَنِي آدَمَ ...

“Biz Adəm övladlarını hörmətli və uca etdik...”(12)

Qaradərili bölgənin qaradərili insanı da Adəm övladıdır. Onun başqa insanlarla heç bir fərqi yoxdur. Qərblilərin rüsvayçı şəkildə yaydıqları ayrıseçkilik prinsipi – belə ki, onlar indiyədək bu prinsipi davam etdirir və bu şəkildə rəftar edirlər – birmənalı olaraq Qurana və İslama ziddir. İslam hakimiyyəti bu düşüncəyə qarşıdır. İndi siz istəyirsiniz ki, Amerika dövləti kimi bir dövlət, yəni qərblilərin Amerikaya daxil olduqları vaxtdan indiyədək, təxminən üç yüz-dörd yüz il ərzində irqi ayrıseçkilik prinsipini davam etdirən bir dövlət İslam hakimiyyətinə qarşı mehriban olsun?! Halbuki İslam hakimiyyəti irqi ayrıseçkiliyin əleyhinədir. Bu da İslam hakimiyyətinin başqa bir xüsusiyyətidir.

İslam hakimiyyətinin digər bir xüsusiyyəti budur ki, İslam hakimiyyətinə qarşı düşmən mövqe tutmayan və ona qarşı müharibəyə qalxmayan, “Gəlin, müharibə etməyək” deyən bir ölkəyə, bir dövlətə qarşı düşmən mövqedə deyildir. Quran buyurur:

وَ إِنْ جَنَحُوا لِلسَّلْمِ فَاجْنَحْ لَهَا وَ تَوَكَّلْ عَلَى اللهِ ...

“Əgər sülhə gəlsələr, sən də sülhə gəl və Allaha təvəkkül et.”(13)

Əgər bir dövlət sizinlə eyni təfəkkürdə və əqidədə deyildirsə, amma eyni zamanda sizinlə düşmənçilik də etmirsə və “Gəlin, həmkarlıq edək, dinc şəkildə əlaqələr quraq” deyirsə, onunla əlaqə qurmağın maneəsi yoxdur. Quran buyurur:

لَا يَنْهَاكُمُ اللهُ عَنِ الَّذِينَ لَمْ يُقَاتِلُوكُمْ فِي الدِّينِ وَ لَمْ يُخْرِجُوكُمْ مِنْ دِيَارِكُمْ أَنْ تَبَرُّوهُمْ وَ تُقْسِطُوا إِلَيْهِمْ ...

“Allah din işlərində sizinlə müharibə aparmayan və sizi öz yurdunuzdan çıxartmayanlardan sizi uzaqlaşdırmır, əksinə, onlara qarşı yaxşılıq edin və onlarla ədalətlə davranın.”(14)

Əgər sizə qarşı müharibəyə qalxmırlarsa, sizi öz yurdunuzdan çıxartmırlarsa, sizinlə düşmənçilik etmirlərsə, onlarla həmkarlığı qəbul edin. Amma əgər qarşı tərəfin etibarlı olmadığını, yalan danışdığını və hiylə işlətdiyini görsəniz, bu halda onunla həmkarlıq etməyə haqqınız yoxdur:

فَلَا تَهِنُوا وَ تَدْعُوا إِلَى السَّلْمِ ...

“Elə isə süstlük göstərməyin və (kafirləri) sülhə çağırmayın...”(15)

Əgər müəyyən əlamətlər vasitəsilə qarşı tərəfin dürüst və sədaqətli olmadığını hiss etsəniz və başa düşsəniz ki, o, zahirdə sizə əl verir, halbuki o biri əli arxasında zəhərli qılınc tutubdur, bu halda onun həmkarlığını əsla qəbul etməyin. Yaxud əgər onlarla həmkarlıq etsəniz və müqavilə bağlasanız, amma onlar müqaviləni pozsalar, siz də eyni şəkildə davranın və onlarla müqavilənizi pozun:

وَإِنْ نَكَثُوا أَيْمَانَهُمْ مِنْ بَعْدِ عَهْدِهِمْ ...

“Əgər əhd-peyman bağladıqdan sonra öz andlarını pozsalar ...”(16)

Baxın, bunlar İslam hakimiyyətinin prinsipləridir. Bu prinsiplər hegemonlara qarşı tətbiq edildikdə, onları bizə qarşı düşmən edir. Hegemon olmayan, xəbis olmayan insanlar bu prinsipləri qəbul edirlər. Amma xəbis, kinli, əhdi pozan və yalançı insanlar, heç şübhəsiz, düşmən kəsiləcəklər. Deməli, İslam hakimiyyətinə qarşı düşmən kəsilənlər, məhz bu xüsusiyyətlərə görə ona düşmən kəsilirlər.

Kimlər İslam hakimiyyətinə qarşı təzyiq göstərir və onu basqı altında qoyur? Bu xüsusiyyətlərə qarşı çıxanlar! Deməli, biz düşmənin kim olduğunu bildik. Düşmənimizi tanıdıqdan sonra, həm bizdə İnqilabı qorumaq üçün stimul yaranır, həm də dərk edirik ki, İnqilabı kimlərdən qorumalıyıq. Qarşı tərəfi tanıyırıq və səhvə yol vermirik. Bəzən bizim yol verdiyimiz səhvlərdən biri düşməni düzgün ayırd etməməkdir. Çalışmalıyıq ki, bu səhvi etməyək. Bəzən düşməni tanımaqda səhvə yol veririk. İmam (Allah ondan razı olsun) o bəsirət gözü ilə, sözün həqiqi mənasında bəsirət gözü ilə – həqiqətən də o kişi barəsində bundan daha yaxşı bir ifadə tapmaq olmur – məsələnin dərin qatlarını görür və deyirdi: “Nə qədər bacarırsınız, Amerikanın başına fəryad çəkin”.(17) Beləliklə, məlum oldu ki, bu inqilab ilə düşmənçiliyin səbəbi nədir və düşmənçilik edənlər kimlərdir.

Bu düşmənçilik məsələsində incə bir məqam da mövcuddur. Belə ki, əgər İslam Respublikası örnək olmasaydı, bəlkə də bu düşmənçilik bir qədər az olardı. Amma İslam Respublikası örnək olubdur, qabaqcıl olubdur, bu həssas məntəqədə müqavimət hərəkatının önündə gedir. Məsələ budur. Bu da mühüm məsələlərdən biridir. Tarixə baxın. İslam qələbə çalmamışdan qabaq bu mənfur sionist rejimi altı gün ərzində öz ətrafında yerləşən və nisbətən güclü orduya malik olan bir neçə ölkəni məğlub etdi. 1967-ci ildə altı günlük müharibədə sionist rejiminin ordusu Misir, Suriya və İordaniya ölkələrinin təchizatlı qoşunlarını məğlub edə bildi və onların torpaqlarından geniş əraziləri də zəbt etdi. Bu üç ölkənin ərazisindən yüzlərlə hektar ərazini zəbt etdi. Belə bir hadisə 1973-cü ildə də baş verdi. Bu vaxt Misir və Suriya ölkələri onları qəfil yaxaladılar və ilk başlanğıcda müəyyən qədər irəlilədilər. Amma çox keçmədi ki, bu mənfur rejim onları mühasirəyə ala bildi və yenə də onları məğlub etdi. Yəni bu üç ölkə o qədər qoşunla sionist rejiminin öhdəsindən gələ bilmədi və sionist rejimi altı gün ərzində onları məğlub etdi. Amma İslam İnqilabından sonra iş o yerə çatdı ki, bu rejim 33 gün ərzində Livanda Hizbullahı məğlub etmək üçün bütün səyini göstərdi, lakin bunu bacarmadı və rüsvayçılıqla meydandan qaçmaq məcburiyyətində qaldı. Onlar Hizbullahın qarşısında dayana bilmədilər. İnqilabdan öncəki vəziyyət ilə İnqilabdan sonrakı vəziyyət arasındakı fərq, altı günlük müharibə ilə otuz üç günlük müharibə arasındakı fərq qədərdir. Bu gün vəziyyət elə bir şəkildədir ki, sionist rejimi Fələstinin işğal altında olan torpaqlarında, İordaniya çayının qərb sahillərindəki məntəqələrdə gənclərin müqaviməti və hücumu qarşısında aciz qalmışdır. Fələstinli gənclər onları aciz duruma salmışdır. İnqilab budur və ona görə də düşmənləri vardır.

Mən sonuncu məsələni də diqqətinizə çatdırım. Böyük irəliləyişlər vardır, çoxsayda yaxşı işlər görülübdür, imkanlar günü-gündən artır. Sepahın hörmətli komandiri imkanlarımız barəsində yaxşı məruzə ilə çıxış etdi. Bütün bunlar mövcuddur, hətta bundan başqa bir çox şeylər də mövcuddur ki, hesabatlarda kütləyə çatdırılmır. Mənim demək istədiyim məsələ isə budur ki, bu imkanlara və nailiyyətlərə görə bizə məğrurluq hissi gəlməməlidir. Nailiyyətlərimizə görə məğrur olmamalıyıq. Bunların qədrini bilək, əhəmiyyətini dərk edək. Bilək ki, “Qvadalup iclası”nda qəbul edilən strateji siyasət, yəni süni şəkildə ardıkəsilmədən böhranların yaradılması siyasəti hələ də davam etməkdədir və onlar bu siyasətdən əl çəkməyiblər. Onlar İslam hökuməti daxilində, bizim əziz ölkəmizdə daim böhran yaratmaq istəyirlər, bir gün seçkiləri, bir gün benzini və bir gün qadını bəhanə edərək, bir sözlə, müxtəlif bəhanələrlə böhran yaratmaq istəyirlər və bunu edirlər. Məlum məsələdir ki, vasitələr də bu gün inkişaf etmiş vasitələrdir. Bu böhranları yaratmaqda düşmənin əsas və birinci məqsədi ölkənin asayiş və əmniyyətini aradan aparmaqdır. Əmniyyət olmadığı zaman iqtisadiyyat da mövcud olmayacaq. Əmniyyət olmadığı zaman elm, universitet və araşdırma mərkəzləri də olmayacaq. Əmniyyət olmadığı zaman iş yerləri və məşğulluq da olmayacaq. Əmniyyət olmadığı zaman ölkədə infrastruktur da olmayacaq. Əmniyyət olmadığı zaman bağlanılan zavod və fabrikləri yenidən işə salmaq mümkün olmayacaq. Əmniyyət əsas sütundur. Bu böhranları yaratmaqda da məqsəd ölkənin əmniyyətinə zərbə vurmaqdır. Bunu danılmaz bir həqiqət olaraq qəbul etməliyik və bu həqiqət qarşısında öz vəzifələrimizi tanımalıyıq. Düşmən bizim ölkəmizin əmniyyətinə əl uzadır, insanların həyatında problemlər yaradır. Düşmənin fəaliyyəti bu istiqamətdədir. 

Bu siyasətin əsas icraçıları da hamıya məlumdur. Əsas icraçılar SİA (ABŞ hökumətinə tabe olan kəşfiyyat orqanı), Mossad (Kəşfiyyat və xüsusi təyinatlı əməliyyatlar həyata keçirən İsrail xüsusi xidmət orqanı), SIS (MI6 adı ilə tanınan Böyük Britaniyanın kəşfiyyat xidməti) və bu kimi orqanlardır. Onlar əsas fiqurlardır. Amma onların əlaltıları da vardır, həm ölkə daxilində, həm də ölkə xaricində əlaltıları vardır. Qərbyönümlü və ya insanların taleyinə biganə olan ünsürlər onlara xidmət göstərirlər. Amma başda olanlar onlardır, göstərişləri onlar verirlər.

Bu gün bizim vəzifəmiz İnqilabı göz qırpmadan qorumaqdır. Bu gün bizim vəzifəmiz milli vəhdəti qorumaqdır. Milli vəhdət olduqca mühümdür. Bu gün bizim vəzifəmiz insanları meydana çəkməkdir, xalq kütləsinə, xüsusilə də yoxsul təbəqəyə kömək göstərməkdir. Bu gün bizim vəzifəmiz məsulların yorulmadan çalışmasıdır. Bu, təkcə Sepaha aid deyildir. Ölkənin bütün məsulları bu gün yorulmadan, gecə-gündüz bilmədən çalışmalıdırlar. Biz bu sərt yoxuşu artıq qalxmışıq və zirvəyə yaxınlaşmışıq. Biz yorulmamalıyıq. Bu gün yorulmaq günü deyildir, ümidi itirmək günü deyildir. Bu gün şövq, ümid və hərəkət günüdür. Ölkənin müxtəlif sahələrindəki məsulları məhz bu ruhiyyə ilə hərəkət etməlidirlər. Məsullara etimad olunmalıdır. Məsullar çalışırlar, ixlas, sevgi və şövq ilə, Allaha təvəkkül edərək bütün gücləri ilə çalışırlar. Onlara etimad olunmalıdır. Yeri gələndə, tənqid etmək də olar. Mən tənqidə qarşı deyiləm. Biz əgər bu yolu davam etdirsək – Allaha həmd olsun ki, bu yolu indiyədək davam etdirmişik və bundan sonra da Allahın fəzli və tövfiqi ilə davam etdirəcəyik – düşmənə qələbə çalmağımız labüddür.

Vəssəlamu ələykum və rahmətullahi və bərəkatuh.     

____________________________________
1. İslam İnqilabı Keşikçiləri Korpusunun komandirləri və məsulları ilə iyirmi dördüncü ali iclasın təşkili münasibətilə olan bu görüşdə ilk öncə Hüccətul-islam Abdullah Hacı Sadiqi (Vəliyyi-fəqihin İslam İnqilabı Keşikçiləri Korpusundakı nümayəndəsi) və General-mayor Hüseyn Qulami (İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandiri) öz çıxışlarını məruzə etdilər.
2. Mehrdad Usta
3. “Ənfal” surəsi, ayə 60
4. “Mən la yəhzuruhul-fəqih”, c. 1, səh. 488 (Vətr namazının qunutunun duası)
5. “Əhzab” surəsi, ayə 30
6. “Əhzab” surəsi, ayə 31
7. “Ənkəbut” surəsi, ayə 69
8. “Səf” surəsi ayə 11-13
9. “Ali-İmran” surəsi, ayə 155
10. “Nəhcul-bəlağə”, 47-ci məktub
11. “Maidə” surəsi, ayə 8
12. “İsra” surəsi, ayə 70
13. “Ənfal” surəsi, ayə 61
14. “Mumtəhinə” surəsi, ayə 8
15. “Muhəmməd” surəsi, ayə 35
16. “Tövbə” surəsi, ayə 12
17. “Səhifeye-Emam”, c. 11, səh. 121. (Tehranın sepahçıları ilə görüşdəki çıxışından, 4/9/1358)