Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Sionist rejimlə əlaqələrin normallaşdırılması qumarı uduzulmağa məhkumdur

İslam İnqilabının Rəhbəri peyğəmbərlərin sonuncusu Həzrət Muhəmməd (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud ildönümü münasibətilə dövlətin məsul işçiləri, İslam ölkələrinin səfirləri, “Vəhdət konfransı”nın qonaqları, cəmiyyətin ayrı-ayrı təbəqələrindən olan bir qrup şəxslə görüşdə qeyd etdi ki, hegemon dövlətlərin Qurani-Kərimə qarşı təhqir planlarını həyata keçirməsinin səbəbi onların bu ilahi kitabın təlimlərindən qorxmasıdır. O vurğuladı ki, ABŞ və hegemon dövlətlərin müdaxiləsinə qarşı mübarizə yolu İslam ölkələrinin vəhdəti, əsas məsələlərdə vahid xətt üzrə hərəkət etməkdir: “Sionist rejimlə əlaqələrin normallaşdırılması qumarı uduzan at üzərində qoşulan mərc kimi uduzulmağa məhkumdur. Çünki Fələstin hərəkatı bu gün həmişəkindən daha canlı və daha hazırlıqlıdır. Qəsbkar rejim ölüb getməkdədir”.

İslam İnqilabının Rəhbəri bu görüşdə hər kəsi böyük Peyğəmbər (s) və Həzrət İmam Sadiqin (ə) mövlud gününə həsr edilmiş bu böyük və işıqlı bayram münasibətilə təbrik edərək bildirdi ki, insan ağlı o uca şəxsiyyətin zəkasını dərk etməkdə, dili o cənabın fəzilətlərini ifadə etməkdə acizdir: “Əzəmətli peyğəmbərin parlaq günəşinin bütün insanların boynunda haqqı var. Hamı ona borcludur. Çünki Peyğəmbər (s) mahir və bilikli bir həkim kimi yoxsulluq, cəhalət, zülm, ayrıseçkilik, şəhvət, imansızlıq, məqsədsizlik, əxlaqi fəsadlar, sosial problemlər kimi əsas xəstəliklərin əlacının elmi və əməli reseptini bəşəriyyətə təqdim etmişdir”.

O, həyat haqqının qiymətinə işarə edərək bütün ağıl sahiblərinin nəzərində bu haqqın ən yüksək insani haqq olduğunu dedi: “Allah-taala Quranda buyurur ki, Peyğəmbər (s) sizin dünya və axirət xoşbəxtliyinizi təmin etmək üçün sizə əbədi həyat bəxş edir. Bu həyat tükənməz və xəsarətə uğramaz. Buna görə də hamımız Peyğəmbərə (s) borcluyuq. Onun bəşəriyyət üzərində həyat haqqı var”.

İnqilabın Rəhbəri Qurani-Kərimin bir ayəsinə isitnad edərək Peyğəmbərə olan borcun “Allah yolunda kamil cihad” vasitəsilə ödənilə biləcəyini dedi: “Cihadın mənası təkcə silahlı cihadla məhdudlaşmır. Cihad elm, siyasət,  mərifət və əxlaq meydanlarını əhatə edir. Cihad vasitəsilə bu meydanlarda o müqəddəs zata olan borcu mümkün qədər ödəmək olar”.

O vurğuladı ki, bu gün İslama qarşı düşmənçilik həmişəkindən daha aşkardır. Bu düşmənçiliklərin bir nümunəsini Qurana qarşı olan cahilcəsinə təhqirdə görmək olar: “Cahil bir əbləh təhqir edir, bir dövlət də hamilik edir. Bu da onu göstərir ki, məsələ sırf səhnədə görünən təhqiramiz bir addımdan ibarət deyil”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “O nadan və cahil insanla işimiz yoxdur. O, pərdə arxasındakı ünsürlərin məqsədlərini həyata keçirmək üçün özünü ən ağır cəzalara və edama məhkum edir. Əsas işimiz bu cinayətləri və mənfur işləri planlaşdıranlarladır”.

Həzrət Ayətullah Xamenei Quranın bu addımlarla zəiflədilə biləcəyi xəyalının boş və Quranın düşmənlərinin ifşasına səbəb olduğunu dedi: “Quran insan düzəldən, insan ayıldan hikmət və mərifət kitabıdır. Quranla düşmənçilik, əsl həqiqətdə, bu uca məqamla düşmənçilikdir. Quran quldur dövlətlər üçün təhdiddir. Çünki Quran həm zülmü, həm də zülmə məruz qalmış insanın zülmə boyun əyməsini qınayır”.

O, Qurana qarşı təhqirin söz azadlığı kimi tez-tez təkrar edilən iddialarla yozulmağa çalışılmasının yalan və yanlış, iddiaçıların isə abrının getməsinə səbəb olduğunu dedi: “Söz azadlığı bəhanəsi ilə Quranın təhqir edilməsinə icazə verilən ölkələrdə sionist simvollarına da etiraz edilməsinə icazə verilirmi? Bunların dünyanın zalım, cinayətkar və qarətçi sionistlərinin hakimiyyəti altında olduğunu daha hansı aydın dillə sübut etmək olar?”

İnqilabın Rəhbəri çıxışının başqa bir yerində vəhdət həftəsinə işarə edərək İslam ölkələrinin rəhbərləri və siyasətçilərini, İslam dünyasının ekspertləri və elitasını bu suallar üzərində düşünməyə çağırdı: “İslam ölkələrinin vəhdətinə düşmən olan kimdir? Müsəlmanların vəhdəti kimlərə zərər vurur? Vəhdət kimlərin əluzunluğuna, talançılığına və müdaxilələrinə mane olur?”

O vurğuladı ki, İslam ölkələrinin vəhdəti Qərbi-Asiya və Şimali-Afrika regionunda ABŞ-ın oğurluğu, hegemonluğu və müdaxilələrinə mane olur: “Bu gün ABŞ region dövlətlərinə siyasi və iqtisadi zərbə vurur, Suriyanın neftini oğurlayır, zalım, vəhşi və qəddar İŞİD-i öz düşərgələrində qoruyub himayə edir ki, ehtiyac yarandıqda yenidən meydana çıxarsın. ABŞ ölkələrin işlərinə müdaxilə edir. Amma hamımız bir olsaq, İran, İraq, Suriya, Livan, Ərəbistan, Misir, İordaniya, Fars Körfəzi ölkələri siyasi və ümumi məsələlərdə vahid bir xətt izləsək, hegemon dövlətlər daxili işlərimizə və xarici siyasətimizə nəinki müdaxilə, heç cürət də edə bilməz”.

Həzrət Ayətullah Xamanei əlavə etdi: “Dəfələrlə qeyd etdiyimiz kimi, heç kəsi müharibəyə və hərbi addım atmağa təhrik etmirik, bundan qorunuruq da. Buna görə də birlikdə və bir olmağa çağırış ABŞ-ın müharibə odunu qızışdırmasının qarşısını almaq üçündür. Onlar müharibə odunu qızışdırırlar. Regionun bütün müharibələri xarici faktordan qaynaqlanır”.

O bildirdi ki, İslam dünyasının bütün rəhbərləri və görkəmli şəxsiyyətlərinin həyat əhəmiyyətli vəhdət məsələsi, habelə regionun digər problemi, yəni sionist rejimin davamlı cinayətləri üzərində dərindən düşünməsi zəruridir: “Bu gün adıçəkilən rejim təkcə İran İslam Respublikasına deyil, ətrafında olan bütün ölkələrə, Misir, Suriya və İraqa qarşı kin və qəzəblə doludur”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, bu kin və qəzəbin səbəbi ölkələrin ayrı-ayrı vaxtlarda onların Nildən Fərata qədər olan əraziləri qəsb etmək məqsədinin gerçəkləşməsinə mane olmasıdır: “Onlar kin-küdurət və qəzəblə dolublar. Quranın təbirincə desək: “Qəzəblənin və qəzəbinizdən ölün”. Onlar ölməkdədirlər. Allahın köməkliyi ilə bu ayə qəsbkar rejim haqqında gerçəkləşməkdədir”.

O, Fələstinin qəsb edilməsi, xalqın öz evlərindən didərgin salınması, işkəncələrə məruz qalması və qətlə yetirilməsinin İslam dünyasının son bir neçə onillikdəki birinci məsələsi olduğunu vurğuladı: “İslam Respublikasının qəti qənaəti budur ki, sioist rejimlə əlaqələrin normallaşdırılması qumarını fəaliyyətlərinə örnək etmiş hökumətlər zərərə uğrayacaqlar. Bu rejim getməkdə olduğu halda, onlar uduzan at üzərində mərc qoşurlar”.

Həzrət Ayətullah Xamenei fələstinli gənclərin, qəsb və zülmə qarşı olan hərəkatın bu gün daha canlı və daha hazırlqlı olduğunu dedi: “İnşallah, bu hərəkat nəticə əldə edəcək. Böyük İmam qəsbkar rejimi xərçəngə bənzədirdi. Bu rejimin kökü Fələstin xalqı və bütün regiondakı müqavimət qüvvələrinin öz əli ilə kəsiləcək”.

O, çıxışının sonunda Allahın yardımı ilə İslam ümmətinin öz təbii və insani istedadlarından şərəf və ləyaqətlə maksimum dərəcə isitfadə edə biləcəyini dedi.

Görüşün əvvəlində çıxış edən ölkə başçısı insan və cəmiyyəti düzəltmək üçün Əziz Peyğəmbərin (s) tövhid, ədalət, düşmənçiliklərə qarşı müqavimət, habelə məqsəd uğrunda dirəniş prinsiplərinə əsaslanaraq ciddi cəhdlə çalışmasının böyük Peyğəmbərin (s) mühüm dərslərindən olduğunu dedi: “İslam dünyasının düşüncə, vəhdət, müqavimət, təkfirin rədd edilməsi və saziş üzərində birləşməsi yeni İslam sivilizasiyasının formalaşmasının müjdəçisi olacaq”.

Cənab Rəisi ilahi yardım və hidayətin İran İslam Respublikasının təcrübəsində təzahür etdiyini vurğulayaraq Allaha təvəkkülün, xalqa etimadın, İslam dünyasının nisbi məziyyətlərindən istifadə edilməsinin bədxahların iradəsi qarşısında qələbənin və inkişafın amilləri olduğunu dedi: “Bəzi hökumətlərin sionist rejimlə saziş bağlaması onlara əmin-amanlıq gətirməyəcək. Çünki bu rejim məhv olmaqdadır. Müqavimətin qələbəsi yaxındır”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /