Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Dini Liderin dövlət rəsmiləri, müsəlman ölkələrin nümayəndələri və “Vəhdət” konfransının qonaqları ilə görüşündəki çıxışı

Rəhman və Rəhim Allahın adı ilə (1)

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Ağamız və peyğəmbərimiz Əbul-Qasim Mustafa Muhəmmədə və onun pak, pakizə və məsum Əhli-beytinə, seçilmiş səhabələrinə və onların layiqli ardıcıllarına Qiyamətədək salam olsun.

Görüşün bütün hörmətli iştirakçılarına, hörmətli dövlət rəsmilərinə və əziz qonaqlara xoş gəlmisiniz deyirəm. Bu gün böyük bayramdır, nurani və mübarək bir gündür. Bu gün Həzrət Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mübarək mövlud günüdür.

Həzrət Peyğəmbərin (s) uca şəxsiyyətini vəsf etmək və dərk etmək üçün mənim və mənim kimilərin dili və dərki acizdir. Bu, həqiqətən də belədir. Bu gün mən Həzrət Peyğəmbərin  (s) fəzilətlərinin qalın kitabından yalnız bir kəlməni qısa şəkildə diqqətinizə çatdıracağam. O da budur ki, varlıq aləminin bu parlaq günəşinin bütün bəşəriyyət üzərində haqqı vardır. Bu gün mən bu məsələni aydınlaşdıracağam. Bütün bəşəriyyət – istər bu dinə iman gətirənlər, istərsə də iman gətirməyənlər – o böyük peyğəmbərə borcludurlar. Nə üçün borcludurlar? O böyük şəxsiyyətin bəşəriyyətin boynunda olan haqqı nədir? Sualın cavabı budur ki, Həzrət Peyğəmbər (s) bəşəriyyətin bütün dərdlərinin dərmanını onlara təqdim etmişdir. Bu, bir həqiqətdir. Mütəal Allah buyurur:

كِتَابٌ أَنْزَلْنَاهُ إِلَيْكَ لِتُخْرِجَ النَّاسَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِ رَبِّهِمْ ...

 “Bu Kitabı sənə nazil etdik ki, insanları Rəbbin izni ilə zülmətlərdən nura çıxarasan...” (2) Ayədə sözükeçən “zülmətlər” nədir? “Zülmətlər” tarix boyunca insan həyatını qaraldan, acılaşdıran və zəhərləyən problemlərdir. Yoxsulluq zülmətdir. Zülm zülmətdir. Ayrıseçkilik zülmətdir. Şəhvətlərə qərq olmaq zülmətdir. Əxlaq pozuntuları və ictimai fəsadlar zülmətdir. Bəşər öz həyatının uzun tarixi boyunca bu zülmətlərdən əziyyət çəkmişdir. İmansızlıq zülmətdir. Hədəfsizlik zülmətdir. Bunlar bəşərin dərin dərdləridir.

Həzrət Peyğəmbər (s) bu dərdlərin dərmanını – həm nəzəri baxımdan, həm də əməli baxımdan – bəşərə təqdim etdi. Əgər bu dərdlərdən xilas olmaq istəyirsinizsə, əlacı Peyğəmbərin (s) şəriəti və Quranın təlimləridir. Bunlar bəşəriyyətin dərdlərinin əlacıdır. Bəli, Həzrət Peyğəmbər (s) bunları bəşəriyyətə təqdim etmişdir. Elə bu səbəbdən də Əmirəl-möminin Əli (ə) Həzrət Peyğəmbər (s) barəsində buyurur:

طَبِيبٌ دَوَّارٌ بِطِبِّهِ قَدْ أَحْكَمَ مَرَاهِمَهُ وَ أَحْمَى مَوَاسِمَهُ ...(3)

Bu məharətli həkim həm məlhəmləri – yəni yaranın yaxşılaşması üçün onun üzərinə sürtülən dərmanı – hazırlamış, həm də dağlamaq üçün olan vasitəni hazırlamışdır. Keçmişdə bir yara məlhəm vasitəsilə sağalmadıqda, onu dağlayırdılar. Bu həkimin hər iki vasitəsi vardır, həm məlhəmi vardır, həm də dağlamaq üçün olan vasitəsi vardır. Bunları Quran bəşəriyyətin ixtiyarına qoymuşdur. Əgər yaxşı yaşamaq istəyirsinizsə, bu şəkildə əməl edin.

Dünyanın ağıllı insanlarının məntiqində insanların bir-biri üzərində olan ən üstün haqqı – həyat haqqıdır. Bir şəxsin digər bir şəxsin üzərində olan haqqını şişirtmək istədikdə, belə deyirlər: “Bu şəxsin mənim boynumda həyat haqqı vardır”. “Həyat haqqı” nə deməkdir? Bu o deməkdir ki, məsələn, siz suda boğulmaq üzrə idiniz və o şəxs sizi xilas etmişdir. Yaxud dağıntılar altında qalmışdınız, o şəxs sizi xilas etmişdir. Yəni itirməkdə olduğunuz bu maddi həyatı o şəxs sizə geri qaytarmışdır. Bu, ən üstün haqdır. İnsanlar bu haqqı ən böyük haqq hesab edirlər. Amma görəsən, bizə geri qaytarılan bu həyat nə qədər davam edəcəkdir? Bu həyat həm məhduddur, həm də nöqsanlıdır. İnsan elə sabahkı gün ürək tutmasından və ya xərçəng xəstəliyindən, yaxud müxtəlif xəstəliklərdən bu həyatını itirə bilər. Mütəal Allah buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اسْتَجِيبُوا لِلهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ ...

“Ey iman gətirənlər! Allah və Onun peyğəmbəri sizə həyat bəxş edən bir şeyə çağırsalar, onların çağırışını qəbul edin...” (4)

Peyğəmbərin (s) sizə təqdim etdiyi həyat həm dünya səadətini təmin edir, həm sizin qəlbinizi abad edir və ruhunuzu nurlandırır. Bu həyat sizin yaşayışınızı şirinləşdirir. Eyni zamanda bu həyat daimidir, başa çatmır, fənaya uğramır və əbədidir. İslam dininin bizə bəxş etdiyi və Həzrət Peyğəmbərin (s) bəşəriyyətə təqdim etdiyi həyatın əhəmiyyəti, məsələn, suda qərq olmaqdan və ya dağıntılar altından xilas edilərək bizə qaytarılan həyatın əhəmiyyətindən minlərlə dəfə çoxdur. Həzrət Peyğəmbərin (s) bəşəriyyət üzərində olan haqqı budur. Biz o Həzrətə (s) borcluyuq.

Bir dəstə insan Həzrət Peyğəmbərin (s) dinini tanımaq və ona iman gətirmək uğuruna nail ola bilməyiblər, qeyri-müsəlmanları nəzərdə tuturam. Onların Həzrət Peyğəmbərə (ə) öz borclarını qaytarmaq üçün yolu bağlıdır. Mütəal Allahın onlarla hansı şəkildə davranacağı da bizim söhbətimizin mövzusu deyildir. Lakin onlar öz borclarını qaytarmağa qadir deyildirlər. İslam dinini qəbul edənlər isə buna qadirdirlər, onlar öz borclarını qaytara bilərlər. Bunun yolu onlara göstərilibdir:

وَجَاهِدُوا فِي اللهِ حَقَّ جِهَادِهِ هُوَ اجْتَبَاكُمْ وَمَا جَعَلَ عَلَيْكُمْ فِي الدِّينِ مِنْ حَرَجٍ مِلَّةَ أَبِيكُمْ إِبْرَاهِيمَ هُوَ سَمَّاكُمُ الْمُسْلِمِينَ  مِنْ قَبْلُ ...

“Allah yolunda layiqincə cihad edin. Sizi (Özü üçün) seçən Odur və O, dininizdə sizə çətinlik qoymamışdır, atanız İbrahimin də (dini belə idi). Sizi əvvəldən müsəlman adlandıran da Odur.” (5)

Allah yolunda cihad etmək, Allaha təslim olmaq isə borcu qaytarmaqdır. Əgər Həzrət Peyğəmbərin (s) bu böyük haqqını ödəmək istəyiriksə, yolu “layiqincə cihad etmək”dir. “Cihad” – dedikdə isə yalnız ələ qılınc, avtomat və bu kimi silahlar almaq nəzərdə tutulmur. Əksinə, bütün meydanlarda olan cihad nəzərdə tutulur. Maarif meydanında cihad, əxlaq meydanında cihad nəzərdə tutulur. Bizim əxlaqa və elmə yiyələnməyə çox böyük ehtiyacımız vardır. Biz cihad etməyi bacararıq. Əgər Mütəal Allahın “Allah yolunda layiqincə cihad edin” əmrinə tabe olsaq, bu halda deyə bilərik ki, Həzrət Peyğəmbərin (s) o böyük haqqını bacardığımız qədər ödəyə bilmişik. Bir sözlə, biz İslam yolunda cihad etməliyik. 

Bu gün İslam ilə düşmənçilik həmişə olduğundan daha aşkar şəkildədir. Keçmişdə də İslam ilə düşmənçilik aparırdılar. Amma indi daha açıq və aşkar şəkildə bunu edirlər. Bu düşmənçiliyin cahilcəsinə olan bir nümunəsi Qurani-Kərimə qarşı hörmətsizlikdir. Gördüyünüz kimi, əbləh bir cahil bu hərəkəti açıq şəkildə yerinə yetirir və bir dövlət də onu himayə edir. Bu onu göstərir ki, məsələ təkcə Qurani-Kərimə qarşı açıq şəkildə hörmətsizlik deyildir. Bu nümunəni vurğulamaqda mənim məqsədim, diqqəti bu işi görən o cahil insana yönəltmək deyildir. O, səhnə arxasında olan ünsürlərin mənfur məqsədlərini təmin etdiyinə görə özünü ən ağır cəzaya – edama məhkum etmişdir. Mənim onunla işim yoxdur. Məsələ, səhnə arxasında olan və bu kimi cinayətləri, mənfur əməlləri planlaşdıran ünsürlərdir. Onlar bu kimi əməllərlə Quranı zəiflədə biləcəklərini düşünürlər. Amma çox səhv edirlər. Əslində, özlərini gözdən salırlar, özlərinin daxili simalarını üzə çıxarırlar.

Quran hikmət və maarif kitabıdır, insanı kamilləşdirən kitabdır. Quran ilə düşmənçilik edənlər, əslində, hikmət və maarif ilə düşmənçilik edirlər, insanın kamilləşməsinə düşmən kəsiliblər. Quran zülmə qarşıdır və insanları zülm ilə mübarizə aparmağa təşviq edir:

لَا تَظْلِمُونَ وَلَا تُظْلَمُونَ

“Nə zülm edin, nə də zülm görün.”(6)

Quran insanları ayıldır. Quran ilə düşmənçilik edənlər insanların oyanışına qarşıdırlar, zülm ilə mübarizəyə qarşıdırlar. Onlar bu kimi əməllərlə özlərini rüsvay edirlər. Quran günü-gündən daha da aşkara çıxır və bundan da çox aşkara çıxacaqdır.

Söz yox ki, Quran azğın hakimiyyətlər üçün bir təhdiddir. Qeyd etdiyim kimi, Quran həm zülmü məhkum edir, həm də zülm ilə razılaşan insanı məzəmmət edir. Bu isə zalım hakimiyyətlər üçün təhlükəlidir. Bəli, Quranın onlar üçün təhlükəsi və təhdidi vardır. “Söz azadlığı” şüarı altında – bu yalan və yanlış təkrar sözlər altında Qurana qarşı hörmətsizliyə haqq qazandırmaq istəyənlər dünya xalqları yanında özlərini biabır edirlər. Görəsən, Qurana qarşı hörmətsizlik etməyə icazə verilən ölkələrdə sionizmin rəmzlərinə də hörmətsizlik etməyə icazə verilirmi? Axı bundan yaxşı hansı şəkildə və hansı sözlərlə isbat edək ki, bu ölkələr qəsbkar, zalım, cinayətkar və qarətçi dünya sionistlərinin – istər qəsb olunmuş o ərazilərdə yaşayan, istərsə də dünyanın müxtəlif məntəqələrində yaşayan sionistlərin hökmü altındadırlar. 

Bu bir neçə cümlə İslamın əziz Peyğəmbəri (s) barəsində idi. Bu toplantının mövzusu isə “müsəlmanların vəhdəti”dir. Müsəlmanların vəhdəti barəsində çox sözlər danışılıbdır, biz də danışmışıq, başqaları da danışıbdır, hamı danışıbdır. Bu gün mən bu mövzu barəsində bir məqama qısaca toxunmaq istəyirəm. 

Müsəlmanların vəhdətinə düşmən kəsilənlər kimlərdir? Mən bu sualın cavabı üzərində dayanmaq istəyirəm. Görəsən, müsəlmanların vəhdəti kimlərə ziyan vurur? Gəlin, bu məsələ üzərində düşünək. Müsəlmanların vəhdətinə düşmən kəsilənlər o qüvvələrdir ki, müsəlman ölkələri birləşdiyi təqdirdə, onlar ziyan görəcəkdirlər. Başqa sözlə, əliuzunluq edə bilməyən, qarətçilik edə bilməyən və bu səbəbdən də sıxıntıya düşən qüvvələrdir. Bəli, müsəlmanların vəhdətinin düşməni bunlardır. Müsəlman ölkələri geniş coğrafi ərazini əhatə edir. Amma mən öz məntəqəmizi, yəni Asiyanın qərb və Afrikanın şimal hissəsini əhatə edən məntəqəni nəzərdə tutaraq deyirəm ki, əgər bu məntəqənin ölkələri birləşsələr, görəsən, hansı beynəlxalq qüvvə bizə qarşı daha zorakılıq edə bilməyəcək, oğurluq edə bilməyəcək, ölkələrin daxili və xarici siyasətinə müdaxilə edə bilməyəcəkdir? Bu, hansı qüvvədir? Məlum məsələdir ki, bu, Amerikadır.

Əgər İran, İraq, Suriya, Livan, Fars körfəzi sahilindəki ölkələr, o cümlədən Ərəbistan, Misir, İordaniya vahid ana xətt üzərində hərəkət etsələr, zorakı qüvvələr onların daxili və xarici siyasətinə müdaxilə edə bilməzlər. Amma indi müdaxilə edirlər. Hal-hazırda Amerika ölkələrin iqtisadiyyatına və siyasətinə ziyan vurur. Suriyanın neftini oğurlayıb aparır. Vəhşi və qaniçən zalım İŞİD-i öz hərbi ordugahlarında yerləşdirib qoruyurlar ki, əgər bir gün yenə onlara ehtiyac olarsa, onları yenidən meydana çıxarıb onun-bunun canına salsınlar. Amerika bu işləri görür. Amerika dövlətlərin xarici siyasətinə müdaxilə edir və onlara “Bu işi görün, bu işi görməyin” – deyə, diktə edir. Hətta bəzi ölkələrin daxili siyasətinə belə müdaxilə edir. Əgər biz biləşsək və vahid yol seçsək, Amerika bu işləri görə bilməyəcəkdir, müdaxilə etməyə cürəti çatmayacaqdır. Bu məsələ üzərində düşünmək lazımdır. 

Ölkə başçıları, siyasətçilər, ziyalılar bu məsələ üzərində düşünməlidirlər, bu işin xeyirlərini ölçüb-biçməli və dəyərləndirməlidirlər. Heç şübhəsiz, heç bir ölkə istəmir ki, xarici bir qüvvə onun daxili işlərinə və siyasətinə müdaxilə etsin, ona nəyisə diktə etsin. Bu, məlum məsələdir. Amma tabe olmaq məcburiyyətindədirlər. Nə üçün? Çünki tənhadırlar. Əgər ölkələr əl-ələ versələr, bir-birilərinə arxa-dayaq olsalar, birləşsələr və eyni yolu getsələr, Amerika kimi qüvvələrin müdaxilələrinin qarşısını ala bilərlər. Bu, mümkün olan bir işdir.

Bu da hamıya məlumdur və biz bunu dəfələrlə demişik ki, biz heç kimi müharibəyə və hərbi əməliyyatlara təşviq etmirik. Biz bu işdən çəkinirik. Amma mən deyirəm ki, Amerikanın müharibə yaratmasının qarşısını almaqdan ötrü, gəlin, birləşək. Onlar müharibə yaradırlar. Məntəqədə olan müharibələr, istisnasız olaraq, xarici qüvvələrdən qaynaqlanır. Sərhəd məsələlərində olan ixtilaflar və bu kimi məsələlər bu neçə illər ərzində məntəqədə müşahidə etdiyimiz toqquşmalara səbəb ola biləcək məsələlər deyildir. 

Onlar təhrik edirlər, araya girirlər, pul xərcləyirlər, şər qüvvələri mülki əhalinin üstünə hücuma qaldırırlar. Ölkələrin ziyalıları, siyasətçiləri, başçıları bu məsələ üzərində hökmən düşünməlidirlər. Bu məsələ bütün bu ölkələr üçün əhəmiyyətli bir məsələdir, taleyüklü bir məsələdir. Vəhdətə görə heç bir ölkə heç nəyi əldən verməyəcək, əksinə, nəyisə əldə edəcəkdir.

Sionist rejimi də digər bir məsələdir. Bu, məntəqəmizin problemlərindən biridir. Amerika haqqında bəzi məqamları vurğuladıq. Sionist rejimi kin və qəzəb ilə dolub daşır. Təkcə bizə qarşı deyil, bütün ölkələrə qarşı belədir. Bizə qarşı olan kin-küdurəti və aqressiyası göz qabağındadır. Biz onlara çox əhəmiyyət vermirik. Amma sionist rejimi öz ətrafında olan ölkələrə qarşı xoş məramda deyildir. Onlar Misirə də nifrət edirlər, Suriyaya da nifrət edirlər, İraqa da nifrət edirlər. Niyə? Çünki onların hədəfi “Nildən Fərata qədər” idi. Amma bu istək gerçəkləşmədi. Adı çəkilən ölkələr müxtəlif dönəmlərdə müxtəlif səbəblərə görə bu istəyin gerçəkləşməsinə icazə vermədilər. Ona görə də sionist rejimi kin-küdurət ilə dolub daşır. Quran buyurur:

قُلْ مُوتُوا بِغَيْظِكُمْ

“Qəzəbinizlə ölün!”(7)

Qəzəblənin və qəzəbiniz içində boğulub ölün. Elə bu cür də olacaqdır. Yəni artıq ölməkdədirlər. Allahın köməkliyi ilə Quranın: “Qəzəbinizlə ölün!” – sözü sionist rejimi barəsində gerçəkləşməkdədir. Müsəlmanların vəhdətinin isə bu məsələyə mühüm təsiri vardır.

Bu gün Fələstin problemi İslam dünyasının mühüm problemidir. Bu problem yeni deyildir, artıq neçə on ildir ki, davam edir. Artıq neçə on ildir ki, Fələstin problemi İslam dünyasının, sözün əsl mənasında, birinci problemidir. Bir milləti öz ev-eşiyindən çıxarıblar, onların torpaqlarını qəsb edib, orada məskunlaşıblar. Minlərlə fələstinlini öldürüblər, onlara işgəncələr veriblər, onları həbs ediblər və didərgin salıblar. Bu, kiçik bir məsələ deyildir. İslam dünyasının birinci problemi Fələstin problemidir.

İran İslam Respublikasının qəti fikri budur ki, sionist rejimi ilə əlaqələri adiləşdirmək qumarına qatılan dövlətlər, hökmən uduzacaqlar və onlar çox böyük səhv edirlər. Avropalıların dili ilə desək, uduzan at üzərində mərc bağlayıblar. Bu gün sionist rejiminin durumu elə bir durum deyildir ki, kimisə onunla əlaqələrin qurulmasına təşviq etsin. Bu səvhi etməməlidirlər. Qəsbkar rejim devrilməlidir. Bu gün Fələstin Hərəkatı ötən yetmiş il ərzində olduğundan daha fəaldır. Gördüyünüz kimi, bu gün fələstinli gənclər və Fələstin Hərəkatı – qəsbkarlığa, zülmə və sionizmə qarşı olan bu hərəkat – həmişə olduğundan daha fəaldır, daha hazırlıqlıdır. İnşallah, bu hərəkat qələbə çalacaqdır. İmam (Allah ondan razı olsun) qəsbkar sionist rejimini “xərçəng”ə bənzətmişdi.(8) Heç şübhəsiz, fələstin xalqının özü və məntəqədəki müqavimət qüvvələri Allahın fəzli ilə bu xərçəngin kökünü kəsəcəklər, inşallah. 

Ümid edirəm ki, Mütəal Allah İslam ümmətinə başıucalıq, şərafət və əzəmət bəxş edəcək və bununla da İslam ümməti malik olduğu bənzərsiz təbii sərvətlərdən və insan resurslarından ən mükəmməl şəkildə faydalanacaqdır.

Salam olsun sizə, Allahın rəhməti və bərəkəti olsun sizə. 

__________________________________
1. Görüşün əvvəlində Huccətul-İslam vəl-muslimin Seyid İbrahim Rəisi (ölkə prezidenti) çıxış etdi.
2. “İbrahim” surəsi, ayə 1 
3. “Nəhcul-bəlağə”, xütbə 108
4. “Ənfal” surəsi, ayə 24 
5. “Həcc” surəsi, ayə 78 
6. “Bəqərə” surəsi, ayə 279
7. “Ali-İmran” surəsi, ayə 119
8. “Səhifeye-Emam”, c. 15, s. 519 (Müxtəlif xalq təbəqələri ilə görüşündəki çıxışından  4/11/1360)