Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslamın qadına baxışı məntiqli və rasionaldır

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər xalqın minlərlə qadın təmsilçisi ilə görüşdə İslam dininin qadınların ailədəki rolunun müxtəlif yönlərinə, onların cəmiyyət, siyasət və müxtəlif səviyyələrdəki idarəetmə fəaliyyətlərinə məntiqi və rasional baxışına aydınlıq gətirərək vurğuladı: “İslamda kişilər kimi qadınların da hər növ sosial fəaliyyəti icazəlidir. Yalnız ailə vəzifəsinə və cinsi cazibə təhlükəsindən qorunmaq kimi iki mühüm şərtə riayət edilməlidir”.

Həzrət Ayətullah Xamenei Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövlud ərəfəsinə təsadüf edən bu görüşdə hər iki dünyanın ən üstün xanımının şəxsiyyətinin böyüklüyünün dərkedilməz olduğunu dedi: “Mötəbər bir hədisə əsasən, Allah-taala Həzrət Fatimənin (s.ə) qəzəbi ilə qəzəblənir, razılığı ilə razı olur. İnsan üçün bundan daha üstün bir fəzilət təsəvvür edilə bilməz. Deməli, Allahın razılığını qazanmaq istəyən hər kəs bu xanımın tövsiyələrini və dəsrlərini, ailə, qızlıq, analıq və həyat yoldaşı meyarlarını, sosial və siyasi sahələrdəki davranışlarını özünə örnək etməlidir”.

O qeyd etdi ki, qadının şəxsiyyəti, dəyərləri, hüquq və vəzifələri, azadlıqları, məhdudiyyətləri çox həyati və təyinedici bir məsələdir. Bu çox mühüm məsələ ilə bağlı iki mövqe mövcuddur – İslam və Qərbin bir-birinə zidd olan mövqeyi.

İslam İnqilabının Rəhbəri Qərbin mədəni sisteminin qadınlara xas olan mühüm məsələlər haqqında mübahisə etməkdən qaçdığını dedi: “Qərblilərin qadınlarla bağlı heç bir məntiqləri olmadığı üçün qadınlara dair hər hansı sual və mövzu ilə qarşılaşdıqda öz sözlərini mübahisə və hay-küy qoparmaqla, siyasi və qeyri-siyasi şəxsləri satın almaqla, incəsənət, ədəbiyyat və virtual məkandan istifadə etməklə, qadınlara dair beynəlxalq mərkəzlərə nüfuz etməklə təlqin etməyə çalışırlar”.

Həzrət Ayətullah Xamenei Qərbdə mövcud olan əxlaqi fəsadın rəsmi və dəhşətli statistikasına işarə edərək dedi: “Qərbdə ailəni məhv edən məsələlər günbəgün qabardıldığı halda, nə üçün hicablı qadınlara hücum edənlər pislənmir, onlarla bağlı ciddi ölçü götürülmür?”.

O, İslamın qadına münasibətinin Qərbin tamamilə əksinə olaraq məntiqli və rasional olduğunu dedi: “Qadın məsələsi İslamın güclü nöqtələrindən biridir. Qadın məsələsində bizim cavabdeh olduğumuz təsəvvür oluna bilməz”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, insani dəyərlər kontekstində qadınla kişinin bərabər olması məsələsi İslam dininin güclü məntiqi və rasional kateqoriyalarındandır: “İnsani dəyərlər və mənəvi yüksəliş məsələsində qadın və kişi mütləq şəkildə bir-birindən üstün deyil. Hər ikisi eyni istedadları və qətiyyələtləri ilə mənəvi yüksəliş dərəcələrini qət etmək iqtidarındadır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Allah-taala Qurani-Kərimdə bəzən qadını mənəviyyat məsələlərində kişidən üstün tutmuş, Fironun həyat yoldaşını və Həzrət Məryəmi (s.ə) bütün mömin insanlara nümunə kimi tanıtdırmışdır. Bu mövqe kişilərin maddi və fiziki şərtlərə əsaslanaraq özlərini üstün tutma cəhdini inkar edir”.

O qeyd etdi ki, cəmiyyət arasında olmaq, sosial məsuliyyət yükünü qəbul etmək qadın və kişinin bərabər rola malik olduğunu göstərən cəhətlərəndir: “Böyük İmamın təbirincə desək, ölkənin siyasi həyatı və əsas müqəddəratında rol oynamaq qadınların haqqı və məsuliyyətidir. Yeri gəlmişkən, hədislərə əsasən, cəmiyyətə xidmət göstərmək, müsəlmanların problemlərinin həlinə çalışmaq, o cümlədən bu gün Qəzza məsələsi ilə ciddi məşğul olmaq hər kəsin vəzifəsidir. Buna görə də vəzifə və ümumi məsuliyyət hissində qadınla kişi arasında heç bir fərq yoxdur”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, fiziki və mənəvi imkanlarına əsasən, qadın və kişi ailədə fərqli vəzifələrə malikdirlər: “Bu əsasla bəzilərinin mütləq şəkildə irəli sürdüyü “gender bərabərliyi” şüarı səhvdir. Doğru olan “gender ədaləti”dir”.

Həzrət Ayətullah Xamenei ədalət anlayışına, yəni hər bir nəsnənin öz yerində qararlaşdırılması məsələsinə işarə edərək qadına xas olan övlad dünyaya gətirilməsi və övlad tərbiyəsinin qadının ruhi, fiziki və emosional strukturuna uyğun olduğunu dedi: “Qadın və kişinin ailə vəzifələri fərqli olsa da, onların ailə hüquqları Qurani-Kərimin aşkar mətninə əsasən, bərabərdir”.

O vurğuladı ki, ev qadının asayiş və rahatliq tapdığı yerdir: “Kişinin pis davranışı, söyüş söyməsi və ya fiziki xəsarət yetirməsi heç bir vəchlə qəbul edilə bilməz”.

Həzrət Ayətullah Xamenei ailədə bu cür xəsarətlərə yol verilməsi hallarının qarşısını almaq üçün sərt cəza qanunlarının qəbul edilməsini təklif etdi. O, parlamentdə bir qanunun təsdiq mərhələsində olduğunu vurğulayaraq dedi: “Bu qanun diqqət mərkəzində saxlanmalıdır. Biz də göstəriş veririk ki, ailə mühitini qadınlar üçün dözülməz edən kişilər üçün sərt cəzalar nəzərdə tutulsun”.

O, qadınların ayrı-ayrı vəzifələrdə, sosial və dövlət idarəçiliyində təmsil olunması ilə bağlı suallara işarə edərək dedi: “Bu sahədə də cins məsələsi yoxdur. Qadınların bu vəzifələrdə təmsil olunması ilə bağlı heç bir məhdudiyyət yoxdur”.

İnqilabın Rəhbəri bildirdi ki, ictimai və siyasi məsuliyyətlərin qadın və kişilərə həvalə edilməsinin yeganə meyarı layiqlikdir: “Nazirlik və parlament kimi qurumlarda təcrübəli, daha yaxşı və layiqli bir xanım varsa, onun rəhbərlik etməsi üçün İslam nöqteyi-nəzərindən heç bir məhdudiyyət yoxdur”.

O vurğuladı ki, qadınların vəzifələrdə çalışmasının şərti bu işlərin onların əsas qadınlıq vəzifələrinə, yəni evdarlıq, övlad dünyaya gətirmək və analıq vəzifələrinə maneçilik yaratmamasıdır: “Hətta həkimlik və müəllimlik kimi bəzi peşələr qadın və qızlar üçün vacibi-kifayidir. Bəzən qadının tutduğu vəzifə onun evdarlığı, övlad dünyaya gətirməsi və bu qəbildən olan vəzifələrinə maneçilik yaradarsa, ölkənin məsul şəxsləri bu iki vəzifənin heç birinin yerdə qalmamasının həlli yolunu tapmalıdırlar”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Təbii ki, bu vəzifələr bir yerə sığışa biləndir. Elm və icra sahələrində uğurlu və elit qadınlar tanıyırıq ki, yaxşı övladlar tərbiyə ediblər”.

O, qadının ailə vəzifələrinin zəruriliyini vurğuladıqdan sonra İslam dininin qadının sosial fəaliyyəti ilə bağlı həssaslığının cinsi cazibə təhlükəsi olduğunu dedi: “İslamın hicab məsələsinin vacibliyi ilə bağlı israrının əsas yönlərindən biri cinsi cazibə təhlükəsinin məhdudlaşdırılmasıdır. Bu həssaslıq gözlənilməlidir. Buna görə də hicab məhdudiyyət deyil, bir növ qadının təhlükəsizliyini qorumaqdır”.

İnqilabın Rəhbəri insan nəslinin və həyatının davam etməsinin təminatçısı olduğu üçün analıq vəzifəsinin insan yaradılışında ən mühüm və ən üstün rola malik olduğunu vurğuladı: “Yemək bişirmək, qabları, paltarları yumaq və s. kimi ev işlərinin qadının vəzifəsi olması təsəvvürü tamamilə yanlışdır. Evdə işlər qarşılıqlı razılaşma ilə yerinə yetirilməlidir. Bəzi kişilər var ki, evdə qadınlara kömək edirlər”.

Evlilik yaşı mövzusu Həzrət Ayətullah Xameneinin toxunduğu başqa bir məsələ oldu. O qeyd etdi ki, İslama görə, evliliyin daha yuxarı yaşlara qədər təxirə salınmasından çəkinmk lazımdır: “Əlbəttə, bu heç də uşaqların evləndirilməsi anlamına gəlməməlidir. Qızlar və oğlanlar nə qədər vaxtında evlənsələr, bir o qədər yaxşıdır”.

O qeyd etdi ki, İslam Respublikası dövründə qadınların elm, ədəbiyyat, idman və incəsənət sahələrindəki nailiyyətləri inqilabdan əvvəlki dövrlə müqayisədə on dəfə çoxdur: “Biz ölkəni hələ də həqiqi mənada islamlaşdıra bilməsək də, ölkə yarıislam olsa da, bu uğurlar əldə edilib. İslam tam şəkildə gerçəkləşərsə, uğurlar bir neçə dəfə artacaqdır”.

İnqilabın Rəhbəri çıxışının sonunda qarşıdan gələn 1402-ci il isfənd seçkilərinə işarə edərək qadının bu istiqamətdə ailə və cəmiyyətdə zəruri rola malik olduğunu dedi: “Sizin ən mühüm rolunuz ailədə həyat yoldaşını və övladları seçkilərdə aktiv iştiraka və düzgün araşdırma aparmağa stimullaşdırmaqdır. Qadınlar bəzi məsələlərdə, o cümlədən insanların tanınması, strategiyaların və proseslərin müəyyən edilməsində kişilərdən daha dəqiq və incə baxışa malikdirlər. Buna görə də namizədlərin tanınmasında və seçkilərdə iştirak prosesində mühüm rol ifa edə bilərlər”.

Bu görüşdə müxtəlif sahələrin fəal və aktiv xanım təmsilçilərindən 10 nəfəri çıxış etdi. Çıxışçılar bunlardır:

- Altı şəhid anası, cənab Şeyx İbrahim Zəkzakinin həyat yoldaşı Zina İbrahim;

- İlk və peşəkar qadın teatrı qrupunun rəhbəri Məryəm Şəbani;

- Əl-Aləm kanalının reportyoru İsra əl-Buhəysi (Qəzzadan vidoereportaj hazırlamışdır);

- Qadınlar və qadın hüquqlarının tədqiqatı üzrə doktor Rüqəyyə Sadat Mömin;

- Qadınların milli futzal komandasının sabiq məşqçisi Fatimə Şərif Noqabi;

- İqtisadiyyat üzrə doktor, Tehran Universitetinin Elmi Heyətinin üzvü Mina Mehrnuş;

- İsfahan Tibbi Elmlər Universitetinin Tibb İnstitunun müəllimi Şəqaiq Həqcu;

- Dörd övlad anası, yazıçı Faizə Qəffarhəddadi;

- Parlaq istedadlardan olan tələbə Reyhanə Sadat Məhmudi;

- İran Tibb Elmləri Universitetinin sosial tibb ixtisası üzrə mütəxəssis assistent Zəhra Müvəhhidniya.

Çıxışçılar öz çıxışlarında görüş və təkliflərini irəli sürdülər. Onlar aşağıdakı məsələlərə diqqət çəkdilər:

- Qadın və ailələrə dair qanunlara düzəliş edilməsi və artıq bir neçə ildir ki, təxirə salınmış bəzi protektiv qanunların təsdiqinin sürətləndirilməsinin zəruriliyi;

- Qadınların səhnə sənətinə daxil olmasına mane olan problem və məhdudiyyətlər;

- Fələstinli reportyor məzlum Fələstin xalqına və Qəzza əhalisinə göstərdiyi misilsiz dəstəklərinə görə İran xalqı və İslam Respublikasına təşəkkür etdi. O, işağlçılar tərəfindən törədilən misli görülməmiş cinayətlərə baxmayaraq, Qəzza əhalisinin müqavimət göstərdiyini və öz torpaqlarını tərk etmədiyini vurğuladı.

- İranı gözü götürməyən bədxahların dezinformasiyalarına rəğmən, iranlı idmançı qadınların böyük bir media vasitəsinə və İslam Respubliaksının qürur mənbəyinə çevrilməsi;

- Qadın idmanına və qadın idmançılara dəstək məsələsinə daha çox diqqət ayrılması istəyi;

- Virtual məkanda xəsarətə məruz qalmalarının qarşısının alınması üçün qadınların gücləndirilməsinin zəruriliyi;

- Qadınlar üçün ixtisaslaşmış süni intellektin istehsalı və inkişafının zəruriliyi;

- İslam İnqilabından sonra qadınların bilik, təhsil və bacarıqlarının artmasına uyğun olaraq qadınların ictimai fəallıq qabiliyyətinin artırılması zərurəti;

- Ünsiyyət vasitələrindən istifadənin asanlaşdırılması ilə İslam və İslam İnqilabında qadınların mövqeyinin Qərb gənclərinə çatdırılmasında daha çox fəallıq göstərilməsinin zəruriliyi;

- Sağlamlıq və müalicə də daxil olmaqla müxtəlif sektorlarda qadınların şəxsi həyatının toxunulmazlığının qorunması, müvafiq geyimlərin istehsalı və paylanması ilə bağlı qanunların həyata keçirilməsinin zəruriliyi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /