Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin qadınlarla görüşündəki çıxışı

بسم الله الرّحمن الرّحیم 

و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین.

Rəhman və Rəhim Allahın adı ilə (1)

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salavat və salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pak və pakizə, seçilmiş Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

Əziz qadınlar, bacılar, qızlar və mənim övladlarım, çox xoş gəlmisiniz. Sizin hamınız mənim övladlarımsınız. Sabahkı İranın, sabahkı dünyanın qurucuları sizlərsiniz. Bu toplantı bu anadək çox dolğun və faydalı bir toplantı oldu. Mən proqram icra edənlərin hamısına öz təşəkkürümü bildirirəm. Surud oxuyan əziz qızlara təşəkkür edirəm. Surudun həm sözləri və bəstəsi yaxşı idi, həm də onlar çox gözəl ifa etdilər. Hörmətli Quran qarisinə öz təşəkkürümü bildirirəm. Gözəl və səlis danışığı olan hörmətli aparıcıya öz təşəkkürümü bildirirəm. Bu toplantıda iştirak edən şəhid analarına, həyat yoldaşlarına və övladlarına səmimi qəlbdən təşəkkür edirəm və onlara öz dərin hörmətimi çatdırıram. Burada çıxış edən Xanım Zəkzakiyə öz təşəkkürümü bildirirəm. O,  altı şəhid anasıdır. Onun üç övladı bir hadisədə, üç övladı başqa bir hadisədə şəhid olublar. Bu qadın dağ kimi dayanıb dözdü, illərcə həbslərə və bir çox çətinliklərə sinə gərdi. Burada videoçarxını izlədiyimiz o fələstinli qadına (2) öz təşəkkürümü bildirirəm. Toplantının idarə heyətindən xahiş edirəm ki, ona mənim təşəkkürümü çatdırsınlar. Çatdırsınlar ki, mən “Allah qüvvət” versin deyirəm və daima, hər gecə onlar üçün dua edirəm.

Burada danışılan mövzular olduqca yaxşı mövzular idi. Yəni həqiqətən, əgər mən heç bir söz danışmasam və bu xanımların söhbəti ilə kifayətlənsək, toplantı öz bəhrəsini vermişdir. İdman, qadın haqları, dini incəsənət, kiberməkan və süni intellektin təhdidləri, ölkənin müxtəlif sahələr üzrə elitaları və onlar üçün xüsusi proqramların hazırlanması, evdar analar və qadınların dəyərləndirilməsi, keberməkanın təəssüfdoğuran vəziyyəti, qadın həkimlərin və xəstəxanalarda qadın posiyentlərin nəzərə alınması barəsində danışılan sözlərin hamısı doğrudur. Şikayətlər bizə deyilməlidir. Əgər təkliflər də varsa, bizə söylənilməlidir. Bu işləri biz icra etmirik, dövlət məsullarının işidir. Amma biz də tapşırıq veririk, təkid edirik və məsullardan istəyirik ki, bu məsələləri diqqətdə saxlasınlar, inşallah. Ümid edirəm ki, bu məsələlər öz həllini tapacaqdır.

Bu toplantı Xanım Fatimə Zəhranın (s.ə) mövludunun yaxınlaşması münasibətilə təşkil olunubdur. Mən o Xanım (s.ə) barəsində bir neçə cümlə danışmaq istəyirəm. Sonra isə qadın mövzusu barəsində qeyd vərəqlərində yazdığım məsələləri bizə ayrılan vaxt ərzində qısaca danışacağam.

Aləmlərin qadınlarının və cənnət qadınlarının sərvəri olan Xanım Fatimə Zəhra (s.ə) barəsində – belə ki, bu ləqəblər o Xanım (s.ə) üçün hədislərdə keçibdir – istər Həzrət Peyğəmbərin (s), istər Əmirəl-möminin Əlinin (ə), istərsə də digər İmamların (ə) söylədikləri kəlamların hər biri bu şəni uca Xanımın (s.ə) ölçüyə sığmayan ucalığını əks etdirir. Həqiqətən də Xanım Fatimə Zəhranın (s.ə) uca şəxsiyyəti Peyğəmbərin Əhli-beytindən, Peyğəmbərin (s) özündən və övladlarından başqa heç bir insanla ölçülə bilməz. Onun məqamı çox ucadır. Mən yalnız bir hədisi diqqətinizə çatdırıram və siz bu hədisi dəfələrlə eşitmisiniz. Bu hədis həm şiə, həm də sünni qaynaqlarında qeyd olunubdur. Hədis belədir:

إِنَّ اللهَ لَيَغْضَبُ لِغَضَبِ فَاطِمَةَ وَ يَرْضَىٰ لِرِضَاهَا

“Həqiqətən Allah Fatimənin qəzəbi ilə qəzəblənir, onun razılığı ilə razı qalır”. (3)

Bu o deməkdir ki, Allahı razı etmək istəyən hər bir insan, hər bir müsəlman şəxs Xanım Fatimə Zəhranı (s.ə) razı edən işləri görməlidir. Əgər bu Xanımın (s.ə) tövsiyələrinə, davranışlarına, yanaşmalarına və duyğularına əməl olunarsa, Mütəal Allah razı olacaqdır. Həqiqətən də bir insan üçün – istər kişi olsun, istərsə də qadın olsun – bundan böyük hansı bir üstün keyfiyyət təsəvvür oluna bilər?! Mənim fikrimcə, müsəlman qadın Xanım Fatimə Zəhradan (s.ə) daha yaxşı və üstün örnək tapa bilməz. Hətta dünyada heç bir qadın o Xanımdan (s.ə) daha yaxşı və üstün bir örnək tapa bilməz. Onun uşaqlıq dövrü, yeniyetməliyi və gəncliyi, ailədə davranışı, atası, yoldaşı, övladı və qulluqçusu ilə rəftarı, ictimai fəaliyyəti, siyasi mövqeyi, xilafət məsələsində mövqeyi örnəkdir. Daha əhəmiyyətlisi budur ki, bütün bu nümunəvi davranışlar və fəaliyyətlər qısa bir ömür ərzində – ən çoxu 25 il ərzində baş vermişdir. Rəvayətlərdə Xanım Fatimə Zəhranın (s.ə) yaşı 18 yaş ilə 25 yaş arasında qeyd edilibdir. Bu Xanım (s.ə) bir örnəkdir. Bizim qızlarımız və qadınlarımız, İslam cəmiyyətinin əziz xanımları bu ruhiyyə və stimul ilə Xanım Fatimə Zəhranın (s.ə) yolunu getməlidirlər. Həm evdarlıqda, həm ictimai və siyasi fəaliyyətlərdə, həm elm və hikmətdə – əlbəttə, elm və hikmət o Xanıma (s.ə) ilahi ilham yolu ilə verilib, biz isə onu kəsb etməliyik və sözsüz ki, əgər çalışsanız, sizə də ilahi ilhamla yardım olunacaqdır – ümumiyyətlə, hər bir sahədə siz o Xanımı (s.ə) özünüzə örnək tutun, biz örnək tutaq və onun yolunu gedək. Bu bir neçə cümlə o məqamı uca Xanım (s.ə) barəsində idi.

İndi isə qadın mövzusuna toxunaq. Həmd olsun Allaha ki, sizlər bilikli və təhsillisiniz, İslamda “qadın” mövzusunda açıqlanan müxtəlif məsələlərdən məlumatınız vardır. Mənim bu məsələlər barəsində danışmağıma elə də ehtiyac yoxdur. Buna rəğmən, mən də bu mövzuda bir neçə cümlə danışmaq istəyirəm.

“Qadın” mövzusunda qadının şəxsiyyəti, dəyərləri, hüquqları, vəzifələri, azadlıqları və məhdudiyyətləri kimi məsələlər olduqca mühüm və taleyüklü məsələlərdir. Bu gün dünyaya obyektiv bir baxışla baxdıqda, bu məsələlərdə iki növ yanaşmanın olduğunu görürük. Biri qərbin geniş yayılan yanaşmasıdır və təkcə qərb ölkələrində deyil, başqa ölkələrdə də yayılmışdır. Başqa bir yanaşma isə İslamın yanaşmasıdır. Bu iki yanaşma bir-birinə tamamilə ziddir. Bu iki yanaşma iki ayrı-ayrı cərəyandır və sözügedən məsələlər barəsində hər birinin özünəməxsus baxışı vardır, bu barədə verilən sualları özünəməxsus şəkildə cavablandırır. Odur ki, bütün bu məsələlər barəsində müzakirə aparmaq və nəticə əldə etmək mümkündür. Lakin burada bir məqam vardır və mənim fikrimcə diqqətəlayiq bir məqamdır. Bu məqam ondan ibarətdir ki, qərbin mədəniyyət sistemi bu məsələlərdə müzakirəyə açıq deyildir. Onlar müzakirə aparmaqdan boyun qaçırırlar. Qərbin mədəniyyət sistemi bu məsələlər barəsindəki sualları müzakirə etmək üçün irəli çıxmır. Onlar qalmaqal yaratmaqla, incəsənət və kinodan istifadə etməklə, basqı göstərməklə, kiberməkandan istifadə etməklə və bu kimi yollarla hərəkət edirlər. Məntiqi əsası olmayan baxışlarını, yanaşmalarını əllərində olan vasitələrlə irəli aparırlar. Onlar bu məsələləri müzakirə etmək, bu barədə olan sualları cavablandırmaq istəmirlər. Səbəbi isə budur ki, qərbin mədəniyyət sistemi bu mövzuda heç bir məntiqi əsasa söykənmir. Hazırkı dövrdə qərbdə və qərbi təqlid edən bir çox başqa ölkələrdə qadına qarşı günü-gündən pisləşən və kütləviləşən bu davranışların heç bir məntiqi əsası yoxdur. Elə buna görə də müzakirəyə açıq deyildirlər, məntiq ortaya qoymurlar.

Nə üçün qərbdə və qərbyönlü mühitlərdə qadının öz qadınlıq hörmətini, şəxsiyyətini qorumağa qarşı laqeydlik günü-gündən artır, qadına qarşı hər gün ötən günlə müqayisədə daha çox hörmətsizlik edilir? Nə üçün Avropada və Amerikada rəsmi iclaslarda, toplantılarda qadın hətta yarıçılpaq şəkildə iştirak edə bilər, amma kişi tam geyimdə, üstəlik adi və ya kəpənək qalstuk da taxaraq iştirak etməlidir? Axı nə üçün? Axı nə üçün qadın o vəziyyətdə rəsmi iclasa gələ bilər, kişi isə məsələn, şortikdə iclasa gələrsə, adətlərə zidd davranmışdır? Səbəb nədir? Qadının qısa ətəkdə iclasa gəlməsinin iradı yoxdur, amma kişinin geyimi bir az qısa olsa, bunun iradı vardır? Nə üçün? Nə üçün qərb mühitində pozğunluq günü-gündən daha çox yayılır? Bu, baş verir. Nə üçün həmcinsbazlıq mütərəqqi bir yanaşma kimi tanınır? Belə ki, əgər kimsə buna qarşı çıxarsa, geridə qalmış insan, geridə qalmış millət kimi qələmə verilir? Axı nə üçün? Həm siyasi dairələrdə, həm ictimaiyyətdə, məsələn, ölkə başçıları və məsulları bunu təbliğ edirlər, hətta bəziləri belə olmaqla fəxr edirlər. Nə üçün? Axı bu, hansı məntiqə söykənir? Nə üçün qərb mühitində üçtərəfli və ya dördtərəfli cinsi əlaqə – bunu onların dedikləri statistikaya və bizim əlimizdə olan məlumatlara əsasən söyləyirəm, yəni gizli bir məlumat deyildir, aşkar bir məlumatdır – günü-gündən artır? Ailəni dağıdan hər bir amil qərbdə günbəgün çoxalmaqdadır. Bunlar ailənin bünövrəsini dağıdan amillərdir. Cinsi azadlıq və cinsi münasibətlərdə ifratçılıq ailəni dağıdır. Mən bir neçə il bundan əvvəl (4) Amerikanın dövlət başçılarından birinin kitabına (5) istinadən söyləmişdim ki, statistika – cinsi təcavüzün, əxlaqsızlığın statistikası sözün həqiqi mənasında qorxuncdur. Cinsi təcavüzün cəzası yoxdur, təcavüzkara cəza verilmir. Amma hicabın cəzası vardır! Bir rəzil, lotu fərd hicablı bir qadını incidir, sonra bu iş məhkəməlik olur, bu lotu məhkəmədə bıçaq çəkib hicablı qadını qətlə yetirir. Bunun iradı yoxdur! (6) Bu qatilə bir neçə il həbs cəzası verilir, elə bu qədər! Hicab əleyhinə mübarizə aparmaq isə pis bir iş ünvanında məzəmmət olunmur. Nə üçün? Bunlar cavabsız suallardır. Onlar bu sualları cavablandırmırlar. Çünki bu məsələlərin məntiqi əsası yoxdur. Amma bir iranlıdan, Avropada və ya Amerikada təşkil olunan böyük bir toplantıda iştirak edən iranlı bir rəsmidən soruşulur ki, siz həmcinsbazlığı qəbul edirsiniz? Bu şəxs: “Xeyr” – dediyi zaman hoydu-hoyduya götürülür. Bunun səbəbi nədir? Axı bu məsələnin hansı məntiqi əsası vardır? Bu sual cavabsızdır. Yəni qərbin qadınla və qadına aid məsələlərlə bağlı rəftarlarının arxasında heç bir məntiq dayanmır. Elə bu səbəbdən də bu mövzuda müzakirədən, dialoqdan və fikir mübadiləsindən qaçırlar.

Qeyd etdim ki, onlar öz yanaşmalarını müxtəlif vasitələrlə irəli aparırlar və bu işləri də çox yaxşı bilirlər: kino və seriallar çəkirlər, kitablar və məqalələr yazırlar, pul xərcləyirlər, elm, incəsənət və siyasət sahəsindəki simaları danışdırırlar, qadınlara aid beynəlxalq təşkilatlar yaradırlar. Bu beynəlxalq təşkilatlar da onların düşüncə və yanaşması ilə razılaşmayan ölkələrə qiymət verirlər, onları mühakimə edirlər və qiymətləndirmə cədvəlində onlara axırıncı yerləri verirlər.

Bu barədə söz çoxdur və mən bu məsələlər barəsində çox danışmışam. Dünən mənə bir kitab gətirdilər. Kitab mənim söhbətlərimdən olan çıxarışlar idi. Çap olunubdur, mən onu görməmişdim. Baxıb gördüm ki, araşdırdığım və bu gün burada danışmaq istədiyim məsələlərin əksəriyyəti bu kitabda mövcuddur, yəni əvvəllər bu barədə dəfələrlə danışılıbdır. Mən bu barədə çox danışmışam. Bir cümlədə deyim ki, olduqca mühüm və taleyüklü bir mövzu olan “qadın” mövzusu barəsində qərb siyasətinin və mədəniyyətinin yanaşması iki amildə xülasələşir: mənfəətçilik və ləzzəttələblik. Bunların hər birinin öz izahı vardır. “Mənfəətçilik” barəsində mən əvvəllər də danışmışam və indi bu barədə danışmağa zaman yoxdur. 

Bir sözlə, bu, qərbin “qadın” mövzusuna olan yanaşmasıdır. İslamın yanaşması isə bunun tam əksinədir. İslamın yanaşması məntiqə söykənir, dəlil-sübuta əsaslanır. Bu mövzuda aydın açıqlamalar verir. “Qadın” mövzusu İslamın məziyyətlərindəndir. Bəziləri elə düşünməsinlər ki, biz qadınla bağlı məsələlərə cavab tapmalıyıq. Xeyr! İslam dininin qadınla bağlı bütün məsələlərdə məntiqi və əqli əsası vardır. İstər kişi-qadın cinsi məsələsini bir kənara qoyduğu məqamlarda, istərsə də kişi-qadın cinsi məsələsini qabartdığı məqamlarda məntiqə əsaslanır. 

İslam dini bəzi məqamlarda kişi-qadın cinsi məsələsini tamamilə kənara qoyur. Yəni bu məqamlarda söhbət kişi və qadın olmaqdan getmir, insanlıq ləyaqətindən gedir:

وَ لَقَدْ كَرَّمْنَا بَنِى آدَمَ

“Biz Adəm övladını ləyaqətli etdik...” (7)

Burada kişi, ya qadından söz getmir. İnsani dəyərlər baxımından qadın və kişi eynidir:

وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَ يَنْهَوْنَ عَنِ الْمُنْكَرِ ... (8) 

إِنَّ الْمُسْلِمِينَ وَالْمُسْلِمَاتِ وَالْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَالْقَانِتِينَ وَالْقَانِتَاتِ ... (9) 

Onların hamısı mənəvi dərəcələrə yüksəlişdə Mütəal Allah qarşısında eynidirlər, yəni bu baxımdan nə kişi qadından üstündür, nə də qadın kişidən üstündür. Bu yolda onların hər ikisinə eyni istedad verilibdir və bu yolu qət etmək onların himmətinə bağlıdır. Elə qadınlar vardır ki, heç bir kişi onlara çata bilməz. Bu məqamda cins rol oynamır. Hətta mənəvi məqamlarda bəzən Mütəal Allah müəyyən səbəblərə görə qadını kişidən üstün tutmuşdur. Oxunan bu ayədə olduğu kimi:

وَ ضَرَبَ اللهُ مَثَلًا لِلَّذِينَ آمَنُوا اِمْرَأَةَ فِرْعَوْنَ

“Allah iman gətirənlərə Fironun qadınını məsəl çəkir...” (10)

Musa peyğəmbərin (ə) əhvalatlarında onunla ünsiyyətdə olan bəzi şəxslərin adı Quranda çəkilibdir, məsələn, Harun peyğəmbər (ə), Həzrət Xızır, Musa peyğəmbərin (ə) dostu və başqaları. Amma onların heç biri barəsində bu ifadə işlənməmişdir: “məsəl”, yəni nümunə və örnək. Mütəal Allah bütün imanlı insanlar üçün iki qadını nümunə və örnək olaraq göstərmişdir. Onlardan biri Fironun qadınıdır, digəri isə Xanım Məryəmdir:

وَ مَرَيَمَ ابْنَتَ عِمْرَانَ الَّتِى اَحْصَنَتْ فَرْجَهَا

“İmranın qızı Məryəmi, iffətini qoruyan qadını ...” (11)

Burada Mütəal Allah müəyyən səbəbə görə Musanın özünü nümunə və örnək olaraq təqdim etməmişdir, əksinə, Fironun qadınını, yəni Musanın analığını nümunə olaraq göstərmişdir. Həmçinin İsanın özünü deyil, onun anasını nümunə olaraq göstərmişdir. Bu, bir növ qadını üstün tutmaqdır. Bunun müəyyən səbəbi vardır. Səbəbi isə mənim fikrimcə, aydındır. Çünki kişi cinsinin nümayəndələrində malik olduqları bir sıra fiziki xüsusiyyətlərə görə “özünü üstün tutmaq” kimi bir hal mövcuddur. Xüsusilə də Quranın nazil olduğu dövrdə, bu daha qabarıq idi. Mütəal Allah isə bu məsələni inkar etmək istəyir. Axı, bu nə deməkdir? Səsi qalın, boyu hündür və kürəyi enli olduğuna görəmi kişi üstündür və onun dəyəri çoxdur? Xeyr, belə deyildir. O, bu qadının yolunu getməli və onu özünə nümunə götürməlidir. Bir hədisdə oxuyuruq ki, bir kişi Həzrət Peyğəmbərin (s) yanına gəlib, ondan soruşur: 

مَنْ اَبَرَّ؟

“Ən çox kimə yaxşılıq edim?”

Həzrət Peyğəmbər (s) ona buyurur:

اُمَّكَ

“Anana yaxşılıq et”. (12)

Bu şəxs yenidən soruşur ki, ondan sonra kimə yaxşılıq edim? Həzrət Peyğəmbər (s) yenə də: “Anana yaxşılıq et” – deyə buyurur. Bu şəxs üçüncü dəfə də soruşur ki, daha sonra kimə yaxşılıq edim? Həzrət Peyğəmbər (s) yenə də: “Anana yaxşılıq et” – deyə buyurur. Yəni o Həzrət üç dəfə “ana” deyə vurğulayır. Bu şəxs dördüncü dəfə soruşur ki, ondan sonra kimə yaxşılıq edim? Bu zaman Həzrət Peyğəmbər (s): “Atana yaxşılıq et” – deyə buyurur. Yəni ana atadan üç pillə irəlidir. Bu isə qadının ailədəki yeridir. Həzrət Peyğəmbərin (s) kəlamı məhz bu məna üzərində dayanır. Demək istəyirəm ki, mənəvi və ilahi yüksəlişdə, həqiqi insani dəyərlərdə kişi-qadın cinsinin heç bir rolu yoxdur. Yalnız bir məqamda onlardan biri digərindən üstün tutulubdur ki, o da qadının kişidən üstün tutulmasından ibarətdir. Mənim bildiyim qədər təkcə elə bu məqamdır. Sadalanan məqamlar kişi-qadın cinsinin inkar edildiyi məqamlardır.

İctimai məsuliyyətlər baxımından da vəziyyət eynidir. İmam Xomeyni (r.ə) bir yerdə qeyd edibdir ki, siyasətdə və ölkənin ümumi taleyində rol ifa etmək qadının haqqı və vəzifəsidir. (13) Yəni o, ölkənin taleyində və əsas məsuliyyətlərində qadınların rol oynamasını vacib hesab etmişdir. Bunun özü çox geniş bir mövzudur. Bir sözlə, bu kimi sahələrdə kişi ilə qadın arasında heç bir fərq yoxdur.

İctimai məsələlərdə rol oynamaq da bu qəbildəndir:

مَنْ اَصْبَحَ وَ لَمْ يَهْتَمَّ بِاُمُورِ الْمُسْلِمِينَ فَلَيْسَ بِمُسْلِمٍ

“Əgər sübh açılsa və müsəlmanların işləri müsəlman olan bir şəxsi düşündürməsə, o, müsəlman deyildir”. (14)

Burada “müsəlman deyildir” ifadəsi həm kişiyə, həm də qadına şamildir. Sizlər – istər evdar qadınlar, istər işçi qadınlar, istər sənətkar qadınlar və s. sübh açılandan etibarən öz cəmiyyətinizi düşünməlisiniz. Yəni cəmiyyətin hansı vəziyyətdə olduğuna əhəmiyyət verməlisiniz. Əlbəttə, nə qədər kömək edə biləcəyiniz, hansı işi görə biləcəyiniz fərdə görə dəyişə bilər. Hər bir fərd müəyyən bir işi görmək imkanına malikdir. Amma cəmiyyətin vəziyyətinə əhəmiyyət vermək, cəmiyyəti düşünmək hamıya şamildir. Bu məsələdə də kişi-qadın cinsi rol oynamır. Yaxud bu kəlam:

مَنْ سَمِعَ رَجُلًا يُنَادِى يَا لَلْمُسْلِمِينَ

“Hər kim bir kişinin (bir fərdin) “Ey müsəlmanlar!” – deyə çağırdığını eşitsə, ...” (15)

Burada söhbət edən o xanım dedi ki, Fələstin və Qəzza hadisəsinə görə bizim yolumuz bağlıdır, yoxsa biz də gələrdik. Fərz edin, bu xanım həkimdir və ora gedib xəstələrin, yaralıların, uşaq və qadınların müalicəsi ilə məşğul ola bilər. Hər kəs müəyyən bir işi görə bilər. Amma insanların vəziyyətinə əhəmiyyət vermək, məsuliyyət hiss etmək məsələsi ümumidir və kişi-qadın tanımır. İslam dini bu məsələləri aydın və dəqiq şəkildə bəyan etmişdir. Bu məsələlər İslamda aydın məsələlərdir.

Ailədə vəzifələrə gəlincə, burada məsələ fərqlidir. Ailədə vəzifələr kişi-qadın üçün bərabər deyildir, onların hər birinin müxtəlif növ vəzifələri vardır. Fiziki və psixoloji imkanları onların hər birinə müəyyən növ vəzifələr həvalə etmişdir. Burada kişi-qadın cinsi rol oynayır. “Gender bərabərliyi” şüarı mütləq mənada olduğu təqdirdə yanlışdır. Gender bərabərliyi hər məsələdə doğru deyildir. Müəyyən məsələlərdə gender bərabərliyi var, müəyyən məsələlərdə isə yoxdur və ola da bilməz. Doğru olan “cinsi ədalət”dir. “Cinsi ədalət” hər məsələdə doğrudur. Ədalət – hər bir şeyi öz yerində qərarlaşdırmaqdır. Qadının psixoloji, fiziki və emosional quruluşu müəyyən işləri görməyə imkan verir. Uşaq dünyaya gətirmək və böyütmək qadının işidir. Kişi bu işləri görmək imkanına malik deyildir, Mütəal Allah kişini bu işlər üçün xəlq etməyibdir. Kişi başqa işləri görmək üçün xəlq edilib, məsələn, evdən xaricdə olan işləri görmək, evin problemlərini həll etmək və s. Amma ailə haqları baxımından kişi və qadın bərabərdir:

وَ لَهُنَّ مِثْلُ الَّذِى عَلَيْهِنَّ بِالْمَعْرُوفِ ... (16) 

Yəni ailədə kişinin nə qədər haqqı vardırsa, qadının da bir o qədər haqqı vardır. Bu, Quran ayəsidir. Deməli, kişi və qadın ailə haqları baxımından bərabərdirlər, amma ailə vəzifələri baxımından bərabər deyildirlər. Bunu da qeyd etməliyəm ki, müəyyən məsələlər qadınlar barəsində daha ciddi riayət olunmalıdır. Xanımların söhbətlərində bu məsələlərdən bəzilərinə işarə olundu, mən də bəzilərini qeyd vərəqlərində yazmışam.

Bu məsələlərdən biri qadınların əmniyyət və təhlükəsizliyidir. Ailə daxilində qadınların təhlükəsizliyinin təmin edilməsi məsələsidir. Qadın kişinin yanında özünü asayiş və əmniyyətdə hiss etməlidir. Evin dörd divarı dinclik və əmniyyət məkanıdır. Əgər ərin rəftarları qadının özünü əmniyyətdə hiss etməsindən məhrum edərsə, qadın özünü təhlükədə hiss edərsə, ər nalayiq sözlər danışarsa və bundan daha pisi və faciəlisi, kişi öz qol gücünə əl atarsa, bu, birmənalı olaraq qəbulolunmazdır. Bunun qarşısını almağın yolu nədir? Yolu, ciddi qanunlardır. Mən bunu dəfələrlə demişəm. (17) Ciddi qanunlar qəbul olunmalıdır. Bu məsələlər həyata keçməlidir. Biz də tapşırıq veririk, siz də bu məsələlərin həyata keçməsi istiqamətində çalışın. Evin daxilində qadın üçün güvənsiz atmosfer yaradan kişiyə ağır cəza kəsilməlidir. Evdən xaricdə də, bu belə olmalıdır. Məsələlərdən biri bu idi.

Başqa bir məsələ ictimai fəaliyyət və idarəetmə məsələsidir. Bunu bəzi xanımlar məndən soruşublar. Bu məsələdə də kişi-qadın cinsi rol oynamır. Müxtəlif idarəçilik işlərində, müxtəlif ictimai və dövlət işlərində qadınların fəaliyyət göstərmələri üçün heç bir məhdudiyyət yoxdur. Məsələn, amerikalılar bizim qonşu ölkələrdən birindən tələb edibdir ki, idarələrdə işçilərin iyirmi beş faizi qadın olmalıdır. Məcburi olaraq belə olmalıdır. Bu, yanlışdır. Nə üçün iyirmi beş faiz? Otuz beş faiz də ola bilər, iyirmi faiz də ola bilər. Rəqəm və faiz müəyyən etmək əsassızdır. Burada meyar, “meritokratiya”dır (daha bilikli və bacarıqlı şəxslərin seçilməsi, iş başına gətirilməsidir). Bəzən elə ola bilər ki, bilikli, təcrübəli və bacarıqlı bir qadın nazir vəzifəsinə namizədliyi irəli sürülən bir kişidən bu vəzifəyə daha münasibdir. Bu halda həmin qadın nazir olmalıdır. Millət vəkilliyində də məsələ eynidir. Məsələn, bir-iki qadın və bir-iki kişinin namizədliyi irəli sürülüb. Baxmaq lazımdır ki, kim bu vəzifəyə daha layiqdir. Layiqlik nəzərə alınmalıdır. Burada kişinin qadından və ya qadının kişidən heç bir üstünlüyü yoxdur. Həmçinin heç bir məhdudiyyət də yoxdur. İslamın baxışı budur. Meyar, “meritokratiya”dır.

Bəli, qadın bu işlərdə fəaliyyət göstərə bilər, amma elə olmalıdır ki, qadın özünün mühüm və əsas işindən, yəni evdarlıq və övlad tərbiyəsi işindən məhrum qalmamalıdır. Bu məqam hətta qadınlar üçün “kifayi-vacib” olan peşələrdə, məsələn, həkimlik peşəsində də riayət olunmalıdır. Qadın həkimlərinin olması vacibdir. Kifayət sayda qadın həkimlər yetişənədək qadınlar tibb oxumalıdırlar. Həmçinin müəllimlik qadınlar üçün “kifayi-vacib” dir. Bəzən ola bilər ki, bu “kifayi-vacib” qadının evdarlığı, övlad tərbiyə etməsi, evdar bir qadın üçün lazım olan məzuniyyətlər ilə toqquşa bilər. Yaxud qadının həm ictimai, həm də ev işlərini görə bilməsi üçün iş saatları uyğun olmaya bilər. Əgər belə hallar yaranarsa, ölkə məsulları bunun üçün həll yolu tapmalıdırlar. Yəni kadrların sayını o qədər artırmalıdırlar ki, məsələn, məktəbdə beş gün işləməli olan bir müəllimə müəyyən səbəblərə görə dörd gün işə gələ bildikdə, boşluq yaranmamalıdır. Onun yerini əvəz edə bilən başqa müəllimələr olmalıdır. Həkimlikdə də bu belədir. Bir sözlə, ictimai işlərdə, idarəçiliklərdə, mühüm peşələrdə, qadınlar üçün “kifayi-vacib” olan peşələrdə heç bir məhdudiyyət mövcud deyildir. Əgər bu fəaliyyətlər qadınların ev işləri ilə toqquşarsa, bunu hansısa bir yolla həll etmək lazımdır, belə ki, bu işlərdən heç biri ixtisara düşməməlidir. Mənim nəzərimcə, bu işlərin bir-biri ilə ziddiyyəti yoxdur. Mən qadınlar tanıyıram ki, ağır ictimai məsuliyyətləri qəbul etmişlər – istər akademik və elmi işlər olsun, istərsə də qeyri-elmi işlər olsun – və eyni zamanda bir neçə övlad böyütmüşlər. Bu işin öhdəsindən çox yaxşı da gələ bilmişlər. Bir sözlə, bu işlərin bir-biri ilə ziddiyyəti yoxdur.

İslamın baxışında iki mühüm məsələ vardır. Dedik ki, bütün sahələrdə, istər ictimai, istər siyasi, istərsə də digər sahələrdə qadınların üzünə yol açıqdır. Amma bunun kənarında iki mühüm məsələ də vardır və İslam dini bunlara çox həssas yanaşır. Məsələlərdən biri ailədir və biz bu barədə danışdıq. Digər məsələ isə cinsi cazibə təhlükəsidir. Cinsi cazibə təhlükəsi! İslam dini bu məsələyə həssas yanaşır. İslam dini bizi ictimai mühitin çox təhlükəli uçurum olan cinsi cazibə uçurumuna çevrilməsi və nəticədə, qadın və ya kişinin problemlərlə qarşılaşmasından çəkindirir. Özümüzü qorumalıyıq.

Hicab məhz bundan ötrüdür. Hicab cinsi cazibə təhlükəsinin qarşısını ala bilər. Elə bu səbəbdən İslam hicab məsələsi üzərində təkidlə dayanır. “Əhzab” surəsində iki yerdə hicab məsələsinə toxunulur:

وَ إِذَا سَأَلْتُمُوهُنَّ مَتَاعًا فَسْئَلُوهُنَّ مِنْ وَرَاءِ حِجَابٍ ... (18) 

Peyğəmbərin (s) evinə gedən şəxslər – məsələn, qonaq gediblər və yeməyi almaq istəyirlər – Peyğəmbərin (s) qadınları ilə üzləşməsinlər, pərdə arxasından yeməyi alsınlar. Bu məsələyə diqqət olunub. “Əhzab” surəsinin başqa bir ayəsində də bu məna mövcuddur.

Beləliklə, bu iki həssas məsələyə riayət olunmalıdır. Həm hicab məsələsinə, sözün həqiqi mənasında riayət olunmalıdır, həm də ailə məsələsinə riayət olunmalıdır. Evdə olmaq və analıq vəzifəsini yerinə yetirmək! Bəlkə də deyə bilərəm ki, bəşər həyatında “analıq” vəzifəsi ən üstün vəzifədir. Çünki əgər ana olmazsa, uşaq dünyaya gəlməzsə, hamiləlik və südvermə olmazsa, insanın nəsli kəsilər. Deməli, “analıq” rolu insanın maddi varlığı aləmində ən mühüm roldur. İslam dini bu vəzifəyə əhəmiyyət verir. Siz də buna əhəmiyyət verin. Bu vəzifəni yerinə yetirin. Cinsi cazibə məsələsinə də əhəmiyyət verin.

Bir çox işlər anlaşma ilə yerinə yetirilir. Bəziləri elə düşünürlər ki, evdə işləmək qadının vəzifəsidir. Xeyr, belə deyildir. Evdə işləmək, birmənalı olaraq, qadının vəzifəsi deyildir. Yemək bişirmək, paltar yumaq, təmizlik işlərini görmək qadının vəzifəsi deyildir. Kişi və qadın bu işlərdə anlaşmalı və razılığa gəlməlidirlər. Bəzi kişilər, xoşbəxtlikdən, bu işləri görürlər. Evdə iş görür, qadına kömək edir və evin bəzi işlərini öz öhdələrinə götürürlər. Hər halda, bu işlər qadının vəzifəsi deyildir. Bunu hamı bilməlidir.

İslami mənbələrdə təkid olunur ki, izdivac yaşı çox yuxarı qalxmamalıdır və gənclər mümkün qədər tez izdivac etməlidirlər. Bu tövsiyə də cinsi cazibə təhlükəsinin qarşısını almaqdan ötrüdür. Əlbəttə, bu, uşaqların izdivac etmələri anlamında deyildir, belə ki, bu məsələ bəzən gündəmə gətirilir. Xeyr, uşaqların izdivac etməsindən söhbət getmir. Gənc kişi və qadının, qız və oğlanın öz vaxtında izdivac etməsi İslamın baxışında bəyənilir. Bu, onların özü üçün də çox yaxşıdır, cəmiyyət üçün də çox yaxşıdır. 

Deməli, hicaba qadının məhrumluğu amili kimi baxmamalıyıq. Hicab məhrumluq deyildir, əksinə, “bəhrələnmək”dir. Hicab əmniyyət və təhlükəsizliyi təmin edir. Hal-hazırda İran İslam Respublikasında, baxmayaraq ki, biz hələ sözün həqiqi mənasında “islami” ola bilməmişik – mən bunu dəfələrlə demişəm, biz yarımçıq islamıq – buna rəğmən, siz görürsünüz ki, elə bu İslam Respublikasında qadınların inkişafı əvvəlki dövr ilə müqayisə oluna bilməz. Elmi sahələrdə, araşdırmalarda, ictimai fəaliyyətlərdə, incəsənətdə, idman sahəsində, ümumiyyətlə, bütün sahələrdə bu qədər alim, universitet müəllimi, ziyalı və yazıçı qadın vardır. Müxtəlif səpkilərdə – praktiki, incəsənət, poeziya, şeir və s. səpkilərdə əsərlər yazırlar. İnqilabdan qabaq bizdə bunun onda biri belə yox idi. Mən ictimai mühitdə fəal olan bir şəxs kimi bunları bilirəm. Bu gün Allaha həmd olsun ki, bu sahələrdə ölkəmiz zəngindir. Bu, İslamın bərəkəti sayəsindədir. Qeyd etdim ki, İran İslam Respublikası yarımçıq bir İslam ölkəsidir və biz hələ də İslama mükəmməl şəkildə əməl edə bilməmişik. Amma əgər İslama mükəmməl şəkildə əməl etsək, hazırda sahib olduğumuz bacarıq və imkanlar bir neçə dəfə artar və vəziyyət indikindən daha çox yaxşı olar.

Söhbətimin sonunda mən seçkilər məsələsinə toxunmaq istəyirəm. Bu seçkilərdə – mən bir neçə gün əvvəl də bu məsələ üzərində dayandım (19) – siz əziz qadınlar rol ifa edə bilərsiniz, təsir göstərə bilərsiniz. Sizin ən mühüm rolunuz isə evin daxilindədir. Analar təsir göstərə bilərlər, onlar öz övladlarını, həyat yoldaşlarını seçkilərdə aktiv iştirak etməyə və düzgün seçim etməyə sövq edə bilərlər. Qadınlar bəzən insanları tanımaqda, strategiya və cərəyanlarda kişilərdən daha diqqətli və zərif şəkildə məsələləri incələyirlər, müəyyən detalları görürlər. Odur ki, seçkilərə namizədlərin araşdırılmasında, seçkilərdə iştirak etməkdə qadınlar həm evin daxilində, həm də evdən xaricdə rol ifa edə bilərlər.

(Sizinlə görüşdüyümə görə) çox şadam. Söhbət bir qədər uzandı və zöhr keçdi. Hamınız müvəffəq olun, inşallah.

Salam olsun sizə, Allahın rəhməti və bərəkəti olsun sizə.

______________________

1) Xanım Fatimə Zəhranın (s.ə) mövludu və Qadınlar Günü ilə əlaqədar təşkil edilən görüşün əvvəlində on qadın və gənc qız öz baxışlarını və təkliflərini açıqladılar.
2) Xanım Əsra əl-Buhəysi (Əl-Aləm telekanalının müxbiri) Qəzzadan görüntülü reportaj yayımladı.
3) “Əmali”, səh. 95, Şeyx Mufid
4) Ölkənin seçilən xanımlarından bir qrupu ilə görüşündəki çıxışı (30/01/1393)
5) “A call to action” (Fəaliyyətə çağırış), Cimmi Karter
6) 1388-ci il tir ayında Mərvə Şərbininin qətlə yetirilməsinə işarə olunur. O, Almaniyada yaşayan Misir əsilli qadın idi. Rus əsilli olan almaniyalı Aleks Vinz məhkəmə zalında ona on səkkiz bıçaq zərbəsi endirərək qətlə yetirdi. Bu qadın etdiyi təhqirə görə ondan məhkəməyə şikayət etmişdi.
7) “İsra” surəsi, ayə 70
8) “Tövbə” surəsi, ayə 71 (İmanlı kişi və qadınlar bir-birinin dostudurlar, onlar bir-birini yaxşı işlərə çağırır, pis işlərdən isə uzaqlaşdırırlar.)
9) “Əhzab” surəsi, ayə 35 (Müsəlman kişi və qadınlar, imanlı kişi və qadınlar, ibadətkar kişi və qadınlar ...)
10) “Təhrim” surəsi, ayə 11
11)  “Təhrim” surəsi, ayə 12
12) “Kafi”, c. 2, səh. 159
13) O cümlədən “İmamın səhifəsi”, c. 6, səh. 301; “Qum qadınları ilə gürüşü”ndəki çıxışı (13/12/1357)
14) “Kafi”, c. 2, səh. 163 (cüzi fərqlə)
15) “Kafi”, c. 2, səh. 164
16) “Bəqərə” surəsi, ayə 228
17) O cümlədən “Müxtəlif təbəqələrdən olan qadınlarla görüşü”ndəki çıxışı (14/10/1401)
18) “Əhzab” surəsi, ayə 53
19) “Kerman və Xuzistanın müxtəlif təbəqələrindən olan bir qrup camaat ilə görüşü”ndəki çıxışı (2/10/1402)