Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam İnqilabı - “Besət”in çağırışına verilmiş müsbət cavabın səmərəsidir

Sonuncu peyğəmbər həzrət Muhəmməd Mustafanın (s) peyğəmbərliyə təyin edildiyi mübarək “Məbəs” günü münasibətilə İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei dövlət işçiləri və rəhbər heyəti, İslam ölkələrinin nümayəndələri, habelə müxtəlif təbəqələrdən olan bir qrup insanla görüşdə qeyd etdi ki, Peyğəmbərin (s) dəvəti və besətini qəbul etmək dünya və axirət xoşbəxtliyinə səbəb olur.

O, acı Qəzza hadisəsinə və sionist rejimin cinayətlərinin hələ də davam etdiyinə işarə edərək dedi: “Qəzza bəşəriyyətin faciəsidir. Bu faciə dünyanın mövcud sisteminin tamamilə puç, davamsız və məhvə məhkum olduğunu göstərir”.

İslam İnqilabının Rəhbəri bu görüşdə İran xalqını və bütün müsəlmanları mübarək “Məbəs” bayramı münasibətilə təbrik edərək “Besət”in tarixin ən mübarək və ən böyük hadisəsi olduğunu dedi: “Böyük peyğəmbərin peyğəmbərliyə seçilməsi ilə insanın dünya və axirət xoşbəxtliyinin son, kamil və əbədi nüsxəsi təqdim edildi”.

O, “Besətin” böyük mədəniyyət və sivilizasiyaların hamısının tənəzzül və süqutundan xəbər verən əlamətlərin görünməyə başladığı bir vaxtda başdan-başa zülm, azğınlıq və cəhalətə bulaşmış bir mühitin içərisindən baş qaldırmasının xariqül-adə bir hadisə olduğunu dedi: “Besət proqramı dar maddi çərçivə ilə əhatə olunmuş insanın qeyb və ilahiyyat aləmi ilə əlaqəsinə yol açır, onun imanı, ardınca nəfsinin təmizlənməsi, yəni nöqsanlar, çirkinliklər, pisliklər və batilin ortadan qaldırılması ilə yüksəlişini təmin edir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, nəfsi təmizləmə bütün siyasi, iqtisadi və sosial sahələrdə fərd və cəmiyyətin islahını, müxtəlif ədalətsizliklərin və sinfi təbəqələşmələrin inkarını ehtiva edən hərətərəfli bir prosesdir: “Nəfsi təmizləmə insan və cəmiyyətin öyrənməsinə zəmin yaradır, cəmiyyət mərifət və mənəviyyat baxımından zənginləşir, nəticədə İslamın istədiyi insan modeli formalaşır”.

O, Qurani-Kərimin ayələrinə istinad edərək Peyğəmbərin besəti və dəvətinin bütün zamanları əhatə etdiyini dedi: “Əziz Peyğəmbər (s) hal-hazırda da öyrədir və nəfsi-təmizləmə aparır. Yəni o dövrdə insanları bütlərdən uzaq durmağa çağırdığı kimi, bu gün eyni çağırış və dəvətlə çıxış edir”.

İnqilabın Rəhbəri qeyd etdi ki, nəfslə mübarizə və nəfsani istəklər bütünün sındırılması əziz Peyğəmbərin (s) çağırışının qəbul edilməsi istiqamətində atılan ilk addımdır: “Bəziləri bildirir ki, dünyanı düzəltmək və islah etmək üçün insan əvvəlcə özünü və yaşadığı cəmiyyəti düzəltməlidir. Doğru fikirdir. Belə ki, dünyaya islah edilmiş və düzəlmiş bir cəmiyyət nümunəsi təqdim etmək digərlərinin həmin nümunəyə və modelə cəzb olunmasına səbəb olur”.

O bildirdi ki, İslam İnqilabının gerçəkləşməsi böyük İmamın (r.ə) besət və dəvət mesajının xalq tərəfindən müsbət qəbul etməsinin nəticəsidir: “Davamında xalqımız Allahın lütfü və yardımı sayəsində özünün doğru yoldakı hərəkətini davam etdirdi. Peyğəmbərin çağırışına müsbət cavab verilməsi nə zaman davam etdirilərsə, mənəvi və axirət inkişafı ilə məhdudlaşmayan inkişaf davam edəcək. Bununla da dünya və axirətin ən yaxşı həyat nümunəsinə nail olmaq olar”.

Həzrət Ayətullah Xamenei müasir dünyada haqqın boğulması və zülmə rəvac verilməsinə işarə edərək vurğuladı ki, bu vəziyyətdən xilas olmanın və insanların həyatının yaxşılaşdırılması Peyğəmbərin (s) dəvətinin qəbul edilməsi, Onun təlimi və nəfsi təmizləmə proqramından istifadə edilməsi ilə şərtlənir: “Bizim vəzifəmiz özünü düzəltmək və ölkəni İslam modeli əsasında idarə etdiymizi göstərməkdir. Bu sahədə dünyaya təsir göstərən uğurlarımız olmuşdur. Əlbəttə, çatışmazlıqlarımız da var”.

İslam İnqilabının Rəhbəri çıxışının başqa bir yerində Qəzza faciəsinin hələ də davam etdiyinə işarə edərək onun İslam dünyasının, hətta bəşəriyyətin faciəsi olduğunu və mövcud dünya sisteminin puçluğunun zirvəsini göstərdiyini dedi: “Bu gün ABŞ, İngiltərə, bir çox Avropa dövlətləri və onların ardıcılları sionist rejimin qana batmış cinayətkar əllərinin arxasındadır. Buradan da dünyanın mövcud sisteminin puç, davamsız və məhvə məhkum olduğunu anlamaq olar”.

O vurğuladı ki, xəstəxananın bombalanması və 30 minə yaxın Qəzza sakininin qətlə yetirilməsi Qərb mədəniyyəti və sivilizasiyasının rüsvayçılığına səbəb oldu: “Bu cinayətlərin arxasında ABŞ-ın pulu, silah-sursatı və siyasi yardımları dayanır. Sionistlər özləri də etiraf edirlər ki, ABŞ-ın silah-sursat yardımı olmasaydı, müharibəni bir gün belə davam etdirə bilməzdilər. Buna görə də amerikalılar cinayətkardırlar və bu acı hadisəyə görə məsuliyyət daşıyırlar”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, Qəzza böhranının son həlli yolu dünyanın böyük dövlətlərinin və Qərb tərəfdarlarının bu hadisədən uzaqlaşdırılmasından keçir: “Fələstinli mübarizlər özləri meydanı idarə etmək iqtidarındadırlar. Bu günə qədər də meydanı idarə etdikləri üçün onlara ciddi zərbə endirilməmişdir”.

O vurğuladı ki, hökumətlərin vəzifəsi siyasi, təbliğat və silah yardımlarını kəsmək, sionistlərə istehlak mallarının göndərilməsini dayandırmaqdır: “Xalqların vəzifəsi hökumətlərinə təzyiq göstərmək və bu böyük vəzifəyə məcbur etməkdir”.

Görüşün əvvəlində çıxış edən dövlət başçısı Höccətül-İslam Rəisi “Besət” hadisəsinin Allah-taalanın ən böyük neməti olan hidayət nemətinin təcəllası olduğunu, əziz Peyğəmbərin (s) təkəllahlığa dəvətinin düşüncəyə, ədalətə və ilahi dəyərlərə çağırışla müşayiət olunduğunu dedi.

O, “Fəcr ongünlüyü” ilə “Məbəs” bayramının yaxınlığına işarə edərək dedi: “İmam Xomeyninin Allaha bəndəlik, yoxsulluq, fəsad və ayrıseçkiliklə mübarizəyə çağırışının İran xalqı tərəfindən qəbul edilməsi Peyğəmbərin (s) besət mesajınının qəbul edilməsinin bir təzahürüdür”.

Dövlət başçısı Qəzzada həyata keçirilən soyqırım və uşaq qətlinin qərb dövlətlərinin insan hüquqları ilə bağlı bütün iddialarının əsl simasının və BMT-nin səmərəsizliyinin üzə çıxmasına səbəb olduğunu dedi: “Əminəm ki, Qəzza və Fələstin şəhidlərinin qanı sionist rejimin və mövcud ədalətsiz sistemin sonu olacaq”.

Cənab Rəisi hökumətin daxili siyasətləri və proqramlarının ədalətin yayılması, geriliklərin ortadan qaldırılması və iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində olduğunu dedi: “Problemlərin yeganə həlli yolu daxili iradəyə əsaslanmaqdır. Hökumət ölkənin problemlərini həll etmək üçün yadların əlinə baxmır”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /