Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Dini Liderin dövlət rəsmiləri, müsəlman ölkələrin nümayəndələri və müxtəlif təbəqələrdən olan insanlarla görüşündəki çıxışı

Rəhman və rəhim Allahın adı ilə.(1)

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox-çox pakizə və pak, seçilmiş Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

Şərafətli və böyük bayram olan Məbəs bayramını hörmətli və əziz toplantı iştirakçılarına, İran xalqına və bütün dünya müsəlmanlarına təbrik deyirəm. Məbəs bayramı tarixin ən böyük hadisəsinin xatırlatmasıdır. Cəsarətlə demək mümkündür ki, dünyada tarix boyunca bəşəriyyət üçün baş verən ən mübarək və əzəmətli hadisə əziz İslam Peyğəmbərinin besəti (peyğəmbərliyə seçilməsi) olmuşdur. Biz o Həzrətin (s) dünyaya gəlməsi barəsində də bu sözü deyirik, amma bunun özü də besətin bərəkətinə bağlıdır. Nə üçün insan Həzrət Peyğəmbərin (s) besətinin bu qədər dəyərli olduğunu iddia edə bilir? Çünki besət bəşərin dünya və axirət səadətinin kamil və son proqramını təqdim etmişdir. Bəşərin səadətinin – istər dünya, istərsə də axirət səadətinin kamil, son və daimi proqramı besət vasitəsilə təqdim olundu.

Bu hadisədə müşahidə olunan ilk möcüzəvi və qeyri-adi hal elə bir əlverişsiz mühitdə besətin baş verməsi idi. Besətin başlanğıcı bu heyrətamiz hal ilə yanaşı idi. O gün dünya bəşəriyyət üçün başdan-ayağa azğınlıq, sapqınlıq və müsibət idi. Əmirəl-möminin Əli (ə) Həzrət Peyğəmbərin (s) besətinin baş verdiyi o günkü cahiliyyət dövrü barəsində buyurur:

وَالدُّنْيَا كَاسِفَةُ النُّورِ ظَاهِرَةُ الْغُرُورِ...

Dünya zülmət içində idi. İnsanlarda elm və inkişaf yox idi.

قَدْ دَرَسَتْ مَنَارُ الْهُدَى

Peyğəmbərlərin gətirdikləri hidayət köhnəlmişdi, ona müdaxilə olumuşdu, korlanmışdı və təhrif edilmişdi.

وَ ظَهَرَتْ اَعْلَامُ الرَّدَى

Bəşəriyyətin süqutunun nişanələri görünməkdə idi. (2)

Söhbət dünyadan gedir (وَالدُّنْيَا كَاسِفَةُ النُّورِ), təkcə ərəb mühitindən və Ərəbistan yarımadasından getmir. Yəni Əmirəl-mömininin (ə) bu kəlamı o dövrün İran mədəniyyəti, Roma mədəniyyəti və dünyada mövcud olan digər böyük mədəniyyətlərə də şamil olur. Bəli, besət baş verdi. Besətin necə baş verməsi barəsində isə çox danışmışıq və danışıblar. (3) Yəni Peyğəmbərin daxili aləminin “inbias”ı və daha sonra bu “inbias”ın cəmiyyətə cərəyan etməsi kimi mövzular ayrı mövzulardır.

Besət baş verdi. Bu besətin iş proqramı hansı şəkildə idi? Mən bu məsələ barəsində danışmaq istəyirəm. Quranın müxtəlif ayələrində bu məsələyə aydınlıq gətirilib. Həmin ayələrdən biri “Cümə” surəsindəki bu ayədir:

هُوَ الَّذِى بَعَثَ فِى الْأُمِّيِّينَ رَسُولًا مِنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَ يُزَكِّيهِمْ وَ يُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ ... (4)

Besətin iş proqramı bu idi. “يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ”, yəni ilk iş qeyb aləmi və uluhiyyət ilə rabitə qapısını açmaq idi. Maddiyyat dörd divarı arasında sıxışıb qalan, maddiyyatdan qeyri bir şey tanımayan və qeyri-maddi aləmdən xəbərdar olmayan insanı bu dörd divar arasından çıxarıb, geniş rübubi mərifət fəzasına daxil etmək idi. İlk mərhələ bu idi, yəni iman. İlk addım imandır.

İnsan bu məhdud və dar maddi aləmin dörd divarından xaric olduqdan sonra növbə “təzkiyə”yə (təmizlənmə işinə) gəlir: “يُزَكِّيهِمْ”. Təzkiyə – bir şeyin eyib və nöqsanlarını aradan qaldıraraq onu yüksəltmək və inkişaf etdirmək anlamındadır. Yəni bir şeyin mənfi cəhətlərini kənarlaşdırmaq və onu cilalayıb inkişaf üçün hazırlamaq, onu inkişaf etdirmək deməkdir. Təzkiyənin mənası budur. Bəs görəsən, təmizlənməsi gərəkli olan şey nədir? Burada yalnız insanın əxlaqi baxımdan təmizlənməsi nəzərdə tutulmur. Bunu bilmək lazımdır. Təzkiyə – insanın daxili aləmindən, əxlaqımızdan, cəmiyyətdən, inanclardan, əməl və rəftarlardan, həyat tərzindən çirkinliklərin və mənfi cəhətlərin təmizlənməsidir. Budur təzkiyənin mənası. Yəni bütün sahələrdə fərd və cəmiyyətin islahı üçün hərtərəfli hərəkətdir. Bu hərəkət həm siyasəti, həm iqtisadi əlaqələri, həm ictimai əlaqələri əhatə edir. Bu hərəkət cəmiyyətdəki ədalətsizliyin, dünya səviyyəsindəki ədalətsizliyin, dövlət səviyyəsindəki ədalətsizliyin, xalq kütləsi arasındakı ədalətsizliyin islahına şamil olur və ictimai təbəqələşməni və fasilələri inkar edir. Təzkiyə bunların hamısına şamil olur: “يُزَكِّيهِمْ”

Təzkiyədən sonra təlim məsələsi gəlir. Əlbəttə, belə deyildir ki, bunlar zaman baxımından biri-digərindən sonra gəlirlər, əksinə, bunlar yanaşıdırlar. Təlim nədir? Təlim odur ki, zülmətlər, nöqsanlar, eyiblər və yanlışlıqlar aradan qaldırıldıqdan sonra zehn və ruh hazır olduğu zaman, fəza hazır olduğu zaman İlahi hikmət və elm nurunun təcəlli etməsinə şərait yaranır. İlahi hikmətlər mövzusu isə geniş bir mövzudur. Həqiqətdə, təzkiyə fəzanı təmizləyir, təlim isə mənəvi baxımdan, mərifət və elm baxımından insanı zənginləşdirir, cəmiyyəti zənginləşdirir və İslamın istədiyi insanı yetişdirir. İslamın insandan istədiklərinə və insan üçün istədiklərinə müvafiq olan bir insan tərbiyə olunur və yetişir. Bizim və bütün cəmiyyətin hazırkı problemləri məhz bu məsələlərdir.

Burada mühüm bir məqam vardır və o da bundan ibarətdir ki, bu besət, bu dəyişilmə, yəni yaxşılıqların, gözəlliklərin və aydınlığın yayılması, digər tərəfdən zülmətlərin, müsibətlərin, bədbəxtliklərin və s. aradan getməsi “bir dəfə” baş verən hadisə deyildir. Yəni “Besət bir dəfə baş verdi və başa çatdı, ondan sonra baş verənlər ilk besətin nəticələridir” – deyə bilmərik. Bu, belə deyildir. Bu ayə belə demir. Ayə belə deyir:

هُوَ الَّذِى بَعَثَ فِى الْأُمِّيِّينَ رَسُولًا مِنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَ يُزَكِّيهِمْ وَ يُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَ إِنْ كَانُوا مِنْ قَبْلُ لَفِى ضَلَالٍ مُبِينٍ. وَ آخَرِينَ مِنْهُمْ لَمَّا يَلْحَقُوا بِهِمْ ...(5)

Bu besət həm o insanların arasında mövcud olmuş, həm də onlardan sonrakı insanların arasında mövcuddur. Ayənin əvvəlində olan “və” bağlayıcısı “الْأُمِّيِّينَ” və “آخَرِينَ مِنْهُمْ” sözlərini bir-birinə bağlayır:

بَعَثَ فِى الْأُمِّيِّينَ وَ آخَرِينَ مِنْهُمْ

“آخَرِينَ مِنْهُمْ” hansı insanlardır? O insanlardır ki, hələ dünyaya gəlməyiblər: “لَمَّا يَلْحَقُوا بِهِمْ”. Bu o deməkdir ki, besət bu günədək bizə xitab edir. Besət bizim aramızda da mövcuddur. Yəni İslamın əziz Peyğəmbəri (s) elə indi də təzkiyə və təlim işini görür. Biz elə indi də besətin müxatəbiyik. Bəşər tarixi boyunca bu, mövcud olacaqdır. Bəşəriyyət həmişə Həzrət Peyğəmbərin (s) təlim-tərbiyəsinin, təzkiyəsinin müxatəbidir.

Həzrət Peyğəmbər (s) o günlərdə insanları bütlərdən uzaqlaşmağa və onları sındırmağa dəvət etmişdir, bu gün də bizə bu xitabı edir. Ən başlıca büt isə bizim öz bütümüzdür, bizim daxilimizdə olan bütdür, nəfs və istəklər bütüdür. İmamın (Allah ondan razı olsun) sözü ilə desək, bizim daxilimizdəki təhlükəli heyvan olan nəfs bütüdür. Başlıca təhlükə budur. Yəni ilk öncə onunla mübarizə aparmaq lazımdır. Bizə ən yaxın düşmən, elə “nəfs” adlı düşmənimizdir. Biz öz nəfsimizlə mübarizə aparmalıyıq. Sonra isə ətrafdakı azğınlıqlarla mübarizə aparmalıyıq. İlk öncə özümüzə ən yaxın olan yerin, yəni öz cəmiyyətimizin islahı ilə məşğul olmalıyıq. Bəziləri irad bildirirlər ki, siz dünyanı islah etmək istəyirsiniz, elə isə əvvəlcə özünüzü islah edin. Əlbəttə, əvvəlcə özümüzü islah etməliyik, əvvəlcə öz cəmiyyətimizi islah etməliyik. Özümüzü islah etməyimiz İslamın əziz Peyğəmbərinin (s) və İslamın besətinin bizdən olan tələbidir. Əgər biz özümüzü islah etsək və bəşəriyyətə islami bir örnək göstərsək, bu, insanları cəzb edəcəkdir.

Təzkiyə və təlim isə iki müqabil tərəfdən ibarətdir: bir tərəf dəvət edəndir, digər tərəf isə dəvət olunandır. Əgər dəvət edən tərəf dəvət edərsə – əlbəttə ki, dəvət edən mövcuddur və Həzrət Peyğəmbər (s) bu gün də bizim hamımızı dəvət etməkdədir –  amma dəvət olunan tərəf dəvəti qəbul etməzsə, heç bir hadisə baş verməyəcəkdir. Bizim inqilabımızda dəvət olunan tərəf dəvəti qəbul etdi. Hörmətli İmam (r.ə) Həzrət Peyğəmbərin (s) sözünü və besətini insanlara çatdırdı, xalqdan mübarizə etməyi istədi. Xalq da onun dəvətini qəbul etdi. Buna görə də, bu böyük hərəkat baş verdi, belə böyük bir iş baş tutdu. Sonra da bizim xalq Allahın tövfiqi və Rəbbin fəzli ilə düz yolda öz hərəkatını davam etdirdi. Nailiyyətlərimiz oldu, əlbəttə, bəzi yerlərdə səhlənkarlıqlarımız oldu və buna görə də uğur qazanmadıq.

Bu ilahi qanun davam etməkdədir. Bu qanun daimidir. Biz Həzrət Peyğəmbərin (s) dəvətini qəbul etdiyimiz vaxtadək bu təzkiyə və təlim hasil olacaqdır, bu inkişaf və tərəqqi mövcud olacaqdır. İnkişaf isə yalnız mənəvi inkişaf və axirətlə bağlı inkişaf deyildir. Xeyr, belə deyildir.

رَبَّنَا آتِنَا فِى الدُّنْيَا حَسَنَةً وَ فِى الْآخِرَةِ حَسَنَةً ... (6)

Həm dünya, həm də axirət inkişafıdır, dünya və axirət səadətidir. İnsanın və cəmiyyətin dünyası və axirəti üçün ən yaxşı həyat modeli təqdim olunubdur. Beləliklə, əgər biz – dəvət olunanlar dəvəti qəbul etsək, bütün bunlar baş verəcəkdir. Dəvət edən tərəf mövcuddur və Həzrət Peyğəmbər (s) elə indi də bizi dəvət edir. Biz ayədə sözü keçən “sonrakılar”ıq:

وَ آخَرِينَ مِنْهُمْ لَمَّا يَلْحَقُوا بِهِمْ

Biz bu dəvəti qəbul etməliyik. Məbəs bayramı günündə biz bu məqamı diqqətdə saxlamalıyıq ki, əziz İslam Peyğəmbəri (s) bizə xitab etməkdədir. Əgər biz onun dəvətini qəbul etməsək, ayənin davamında qeyd edilənlər kimi olacağıq:

مَثَلُ الَّذِينَ حُمِّلُوا التَّوْرَاةَ ثُمَّ لَمْ يَحْمِلُوهَا ... (7)

Onlara Tövrat verildi – Tövratda nur var idi, İlahi hikmət var idi, İlahi dəvət var idi, Tövrat İlahi göstərişlərin məcmusu idi – amma onlar buna əməl etmədilər. Əgər biz də əməl etməsək, onlar kimi olacağıq. Söylədiklərim besət barəsində idi.

Mən bunu demək istəyirəm ki, hal-hazırda dünyanın bu dəvətə, bu besətə ehtiyacı vardır. Bu gün dünyada insanların yaşayışı yaxşı yaşayış deyildir. Ola bilər ki, bəzi dünya ölkələrində müəyyən qədər zahiri görünüş vardır, amma bu zahiri görünüş o cəmiyyətlərin xoşbəxtliyinin göstəricisi deyildir. O cəmiyyətlərdə də digər cəmiyyətlərdə olduğu kimi yoxsulluq vardır, ayrıseçkilik vardır, zülm və haqsızlıq vardır. Bu gün bəşər maddiyyat dörd divarı arasında sıxışıb qalıbdır. Bəşərin Həzrət Peyğəmbərin (s) bu təzkiyəsi və təliminə, bu besətinə çox böyük ehtiyacı vardır. Biz məsuliyyət daşıyırıq. Bizim üzərimizə düşən məsuliyyət bundan ibarətdir ki, biz özümüzü formalaşdırmalı və İslami bir ölkənin və cəmiyyətin necə idarə olunduğunu dünyaya göstərməliyik. Sözün həqiqi mənasında (bu dəvətə) əməl etməliyik. Necə ki, bəzi məsələlərdə əməl etdik və Allaha həmd olsun ki, bu da dünya üzərində öz təsirini qoydu. Səhlənkarlıqlarımız da olubdur, Allaha həmd olsun ki, uğurlarımız da olubdur.

Bir cümlə də Qəzza barəsində deyim. Qəzza müsibəti, təəssüflər olsun ki, davam edir. Bu müsibət İslam dünyasının müsibətidir, hətta bundan da irəli, bəşəriyyətin müsibətidir. Bu hadisə dünyanın hazırkı sisteminin nə qədər səhv bir sistem olduğunu göstərir. Belə ki, dünya qüdrətlilərinin əsas hissəsi bu gün cinayətkar və əli qana bulaşan sionist rejiminin arxasında dayanıbdır. Sionistlərin tərəf müqabili mübarizə aparan qruplaşma deyildir, əksinə, onlar uşaqları, qadınları, xəstələri, xəstəxanaları və yaşayış evlərini hədəfə alıblar. Amerika onların arxasında dayanıbdır, İngiltərə onların arxasında dayanıbdır, Avropa ölkələrinin çoxu onların arxasında dayanıbdır. Həmçinin bu ölkələrə tabe olan və onların arxasınca düşən ölkələr də sionistlərin arxasında dayanıbdır. Baxın, dünyanın hazırkı sisteminin nə qədər səhv bir sistem olduğunu elə bu Qəzza hadisəsindən başa düşmək mümkündür. Bu, qalıcı ola bilməz, davamlı ola bilməz. Bu sistem aradan gedəcəkdir.

Qəzza hadisəsi qərb mədəniyyətini dünyada rüsvay etdi. Bu hadisə göstərdi ki, onların mədəniyyətində ağlasığmaz həddə mərhəmətsizlik hökm sürür. Gördüyümüz kimi, onlar xəstəxanaları raketlərlə vururlar, bir gecədə yüzlərlə insanı qətlə yetirirlər. Üç-dörd ay ərzində otuz min nəfər insanı – hansı ki, onların əksəriyyəti qadınlar və uşaqlardır – müəyyən bir məntəqədə qətlə yetiriblər.

Sionist rejiminin arxasında Amerika dayanıbdır. Sionistlərin özləri də bunu etiraf edirlər. Deyirlər ki, əgər Amerikanın silah-sursatı olmasaydı, sionist rejimi bir gün belə bu müharibəni davam etdirə bilməzdi. Elə ilk gündən Amerikanın silah-sursatı bunlara göndərildi. Bunlara pul və silah göndərildi, siyasi dəstək verildi, digər köməkliklər edildi. Onlar da cinayətkardırlar və bu acı hadisənin məsuliyyətini daşıyırlar.

Həll yolu isə yalnız odur ki, dünyanın böyük qüdrətləri, sionistlərin tərəfdarı olan qüdrətlər bu hadisədə özlərini kənara çəksinlər. Fələstin mübarizəçiləri meydanı necə idarə edəcəklərini özləri yaxşı bilirlər. Necə ki, bu günədək meydanı idarə etmişlər və Allaha həmd olsun ki, onlara əsaslı və ağır zərbələr endirmişlər. Sionistlər isə oranın zülmə məruz qalan və müdafiəsiz əhalisini hədəfə almışdır.

Dövlətlərin üzərinə düşən vəzifə sionistlərə edilən siyasi, media, silah və ərzaq köməkliklərini kəsməkdir. Bu, dövlətlərin üzərinə düşən vəzifədir. Millətlərin üzərinə düşən vəzifə isə üzərilərinə düşən bu böyük vəzifəni yerinə yetirmələri üçün dövlətlərə təzyiq göstərməkdir. Bu iş həyata keçirilməlidir. İnşallah, Allahın tövfiqi ilə Qəzza əhalisinin qələbəsi günü-gündən daha çox görünəcəkdir. Ümidvaram ki, Fələstinin zülmə məruz qalan əhalisi, Qəzzanın zülmə məruz qalan əhalisi və Fələstinin digər bölgələri qələbəni görsünlər və öz düşmənlərini diz üstə çökdürsünlər.

Salam olsun sizə, Allahın rəhməti və bərəkəti olsun sizə.

___________________
1) Bu görüşün əvvəlində Höccətül-İslam vəl-müslimin Seyid İbrahim Rəisi (ölkə prezidenti) çıxış etdi.
2) “Nəhcül-bəlağə”, xütbə 89
3) O cümlədən “Ölkə rəsmiləri və müsəlman ölkələrin səfirləri ilə görüşündəki çıxışı” (16/02/1395)
4) “Cümə” surəsi, ayə 2
5) “Cümə” surəsi, ayə 2 və 3: “Savadsızlar arasına onların özlərindən olan bir elçini göndərən Odur. (Elçini göndərdi ki,) Allahın ayələrini onlara oxusun, onları təmizləsin və onlara Kitab və hikmət öyrətsin. Onlar, heç şübhəsiz, bundan qabaq açıq-aşkar azğınlıqda idilər. (Bu elçi) hələ onlara qovuşmayan başqa insanlar üçün də göndərilmişdir.”
6) “Bəqərə” surəsi, ayə 201: “Ey Rəbbim! Bu dünyada da bizə yaxşılıq əta et, axirətdə də bizə yaxşılıq əta et...”
7) “Cümə” surəsi, ayə 5: “Tövrata əməl etmək üzərilərinə vəzifə qoyulan, amma bu vəzifəyə əməl etməyən insanların məsəli...”