Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbəri Həcc ziyarətinin təşkilatçıları və ziyarətçilərlə görüşdə:

İslam ümməti üçün birlikdən daha üstün bir mənfəət yoxdur

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər saatlarında Həcc ziyarətinin təşkilatçıları və Allah evinin ziyarətçilərindən bir qrupu ilə görüşdə qeyd etdi ki, Allahın həcc əməlini vacib etməkdə məqsədi bəşəriyyətin idarəçiliyi üçün kamil və istiqamətverici bir nümunə təqdim etməkdir: “Bütün bəşəriyyətin maraqlarını təmin etmək məqsədi daşıyan bu vacib əməlin zahiri şəkli və tərkibi tamamilə siyasi, ayrı-ayrı tərkib hissələrinin məzmunu isə mənəvi və ibadidir. İslam ümmətinin bu gün İslam dünyasının problemlərinin həlli kontekstindəki ən böyük mənfəəti "birlik və həmrəylik"dir. Əgər bu birlik olsaydı, Qəzza və Yəmən kimi hadisələr baş verməzdi”.

Həzrət Ayətullah Xamenei çıxışının əvvəlində Bəndər-Abbasda baş vermiş son dərəcə acı hadisədə həyatlarını itirmiş şəxslərin ailələrinə bir daha başsağlığı verərək bu həmvətənlərə və zərərçəkmişlərə səbir və təskinlik dilədi: “Allah-taala insana müxtəlif hadisələr qarşısında göstərdiyi səbrə görə minlərlə qat artıq mükafatlar verir”.

O, təbii və qeyri-təbii fəlakətlər zamanı qurumların aldıqları xəsarətlərin digər qurumların səyi və imkanları ilə kompensasiya oluna biləcəyini vurğulayaraq əlavə etdi: “İnsanın qəlbini yandıran məsələ əzizlərini itirmiş ailələrdir. Bu məsələ baş vermiş hadisəni bizim hamımız üçün bir müsibətə çevirdi.

İnqilabın Rəhbəri çıxışının davamında bildirdi ki, həcc ziyarətçiləri üçün həccin məqsədlərini və ayrı-ayrı yönlərini bilmək bu çox mühüm əməlin düzgün şəkildə yerinə yetirilməsi üçün müqəddimədir. O, Qurani-Kərimin ayrı-ayrı ayələrinə istinad edərək dedi: “Quranda həccdən bəhs edən ayələrin bir çoxunda "ناس" (insanlar) ifadəsinin işlədilməsi göstərir ki, Allah bu vacibi yalnız müsəlmanlar üçün yox, bütün bəşəriyyətin idarəçiliyi üçün təyin etmişdir. Buna görə də həccin düzgün şəkildə yerinə yetirilməsi bəşəriyyətə xidmət sayılır”.

O, həcci bizə tanıtdıran nüanslara aydınlıq gətirərkən qeyd etdi ki, onun zahiri forması tamamilə siyasi xarakter daşıyır, çünki insanları hər il bəlli bir zaman və məkanda xüsusi məqsədlər üçün bir yerə toplayır. Bu da öz növbəsində siyasi mahiyyət daşıyır.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Həccin siyasi forması və tərkibi ilə yanaşı, onun ayrı-ayrı hissələrinin məzmunu tamamilə mənəvi və ibadidir. Onların hər biri insan həyatının müxtəlif cəhətlərinə və zəruri yönlərinə simvolik və öyrədici şəkildə işarə edir”.

O, bu simvolları izah edərkən qeyd etdi ki, “Təvaf” dərsi tövhid mərkəzinin ətrafında dövrə vurulmasının zərurətini əks etdirir: “Təvaf bəşəriyyətə öyrədir ki, həyatın bütün sahələri — hökumət, məişət, iqtisadiyyat, ailə və həyatın bütün məsələləri tövhidin ətrafında inşa edilməlidir. Belə olarsa, artıq bu qəddarlıqlar, uşaq qətlləri və tamahkarlıqlardan əsər-əlamət qalmaz və dünya gülüstana çevrilər”.

İnqilanın Rəhbəri qeyd etdi ki, Səfa və Mərvə arasında səy insanın problemlər dağları arasında dayanmadan çalışması və heç vaxt dayanıb duruxmamasının zəruriliyinə bir işarədir.

Həzrət Ayətullah Xamenei Ərəfat, Məşər və Minaya doğru hərəkətin daimi hərəkət və durğunluqdan uzaq olma dərsi olduğunu dedi: "Qurban ayini insanın bəzən ən əziz adamlarını qurban verməsi, ya da hətta özünün qurban olmasının vacibliyinə simvolik bir işarədir”.

O qeyd etdi ki, Allah “Rəmyi-cəmərat” (Daş qırıqlarının atılması) ayini ilə insanın cin və insanlardan olan şeytanları tanımasının, şeytanı gördüyü yerdə vurub məhv etməsinin zəruruliyini göstərir.

İnqilabın Rəhbəri ehram libası geyinməyin insanların Allah qarşısındakı təvazökarlığını və eyniləşdirilməsini simvolizə etdiyini dedi: “Bütün bu əməllər bəşəriyyətin həyatına yön verir”.

İnqilabın Rəhbəri Qurani-Kərimin bir ayəsinə istinad edərək həcc toplantısının məqsədinin müxtəlif insani faydaları dərk etmək olduğunu dedi: “Bu gün İslam ümməti üçün vəhdətdən daha üstün bir mənfəət yoxdur. Əgər birlik və həmrəylik olsaydı, Qəzza və Fələstindəki bu faciələr baş verməzdi, Yəmən bu şəkildə təzyiqə məruz qalmazdı”.

O, İslam ümmətinin ayrılığı və parçalanmasının müstəmləkəçilər, ABŞ, sionist rejim və digər istismarçıların öz mənfəətlərini və çıxarlarını millətlərə zorla qəbul etdirmələrinə zəmin yaratdığını dedi: “İslam ümmətinin birliyi ilə İslam ölkələrinin təhlükəsizliyi, inkişafı, əməkdaşlığı və qarşılıqlı yardımlaşması mümkün olur. Həcc fürsətinə bu aspektdən baxmaq lazımdır.

Həzrət Ayətullah Xamenei həccin həqiqəti və məqsədlərinin izah edilməsində İslam hökumətlərinin, xüsusilə də evsahibliyi edən ölkənin rolu və vəzifəsinin böyük və mühüm  olduğunu qeyd etdi: “Ölkələrin məsul şəxsləri, alimlər, ziyalılar, yazarlar və ictimai rəyə təsir göstərən şəxslər həccin həqiqətlərini insanlara çatdırmaq məsuliyyəti daşıyırlar”.

İnqilabın Rəhbərindən əvvəl çıxış edən Vəliyyi-fəqihin həcc və ziyarət məsələləri üzrə nümayəndəsi, iranlı hacıların rəhbəri Höccətül-İslam vəl-müslimin Seyid Əbdül-fəttah qeyd etdi ki, builki həccin şüarı “Həcc – Qurana xas davranış, İslam həmrəyliyi və məzlum Fələstinə dəstək”dir. O bu qurumun cari ildə həcc ziyarətçiləri üçün nəzərdə tutduğu proqramlara da aydınlıq gətirdi.

Həcc və Ziyarət İdarəsinin rəhbəri cənab Bəyat hesabatında dedi: “Bu il 86 min iranlı 23 aeroportdan 574 karvan şəklində vəhy torpaqlarına yola düşəcək.

Keçən 8 ay ərzində 210 min nəfərin fərdi ümrə ziyarəti, həcc xidmətçilərinin və qərargah qüvvələrinin səmərəliliyinin artırılması, builki həcc ziyarətində iştirak edə bilmələri üçün xaricdə yaşayan iranlılara 2 karvanın ayrılması, iranlı zəvvarlara daha yaxşı xidmət göstərilməsi üçün həcc işçiləri və xidmətçilərinin tam hazırlığı məsələləri Həcc İdarəsinin məsul şəxslərinin bu görüşün əvvəlində etdikləri çıxışların əsas məzmununu təşkil etdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /