İslam İnqilabının Ali Rəhbəri bu gün səhər saatlarında “Əmək və İşçi Həftəsi” münasibətilə minlərlə fəhlə və işçi ilə görüşdə qeyd etdi ki, istehsala investisiya şüarı iş və fəaliyyətin ən mühüm sərmayəsi, cəmiyyətin möhkəmliyi və davamlılığının sütunlarından biri olan fəhlələrə ciddi diqqət göstərilməsi ilə şərtlənir. O, işçilərin iş təhlükəsizliyi və təhlükəsizlik şəraitinin təmin edilməsi, peşə bacarıqlarının artırılması və işçilərin istehsal mənfəətinə ortaq edilməsi kimi zəruri şərtlərə işarə edərək dedi: “İran malı və məhsullarının istifadəsi ölkədə bir mədəniyyətə çevrilməlidir. Əlbəttə, mədəniyyət formalaşdırmaqla yanaşı, yerli məhsulların keyfiyyəti də artırılmalıdır”.
Həzrət Ayətullah Xamenei həmçinin ABŞ və İngiltərənin dəstəyi ilə sionist rejimin Qəzza və Fələstin xalqına qarşı həyata keçirdiyi davamlı cinayətlər və amansız qırğınlara işarə edərək vurğuladı: “Xalqlar sionist rejim və onun himayədarları qarşısında durmalı və Fələstinlə bağlı məsələlərin unudulmasına imkan verməməlidirlər”.
Çıxışının əvvəlində Həzrət İmam Rzanın (ə) mübarək mövludunun ildönümü münasibətilə hər kəsi təbrik edən İnqilabın Rəhbəri xalqa, xüsusilə fəhlə sinfinə aid məsələlərə böyük əhəmiyyət verən şəhid Rəisinin xatirəsini yad edərək əmək, rifah və sosial kooperasiya nazirinin bu görüşdəki çıxışının, iş mühiti və fəhlə cəmiyyətindəki boşluqlar və ehtiyaclarla bağlı verilən açıqlamaların doğru, diqqətə alınmalı və nəzarətə götürülməli məsələlər olduğunu dedi: “Əgər aidiyyəti şəxslər əzmkarlıq və qərarlılıq göstərsələr, bu problemləri ortadan qaldırmaq və narahatlıqlara son qoymaq mümkündür”.
İnqilabın Rəhbəri iş və fəhləlik məsələlərinin ölkənin taleyi ilə əlaqəli olduğunu bildirərək iş və fəhlənin dəyərinin əhəmiyyətindən danışdı: “Əziz işçi və fəhlələr öz dəyərlərini bilməlidirlər, çünki talançılıq, müxtəxorluq və başqasının malına əl uzatmaqdan çəkinərək halal ruzi və çörək qazanmaq, habelə məhsul istehsal etmək və xidmətlər vasitəsilə cəmiyyətin ehtiyaclarını ödəmək insani yöndən fəhlə üçün Allah-taalanın nəzərində gözəl əməl hesab olunan iki qiymətli və mühüm xüsusiyyətdir”.
Həzrət Ayətullah Xamenei iş və zəhmətin dəyərini izah edərkən dedi: “Əmək insan həyatının idarə olunması və davamlılığının əsas sütunudur. O olmasa, həyat iflic olar. Buna görə də iş görülməsində elm və kapital hər nə qədər mühüm və əhəmiyyətli olsa da, fəhlə olmadan iş irəliləyə bilməz. Məhz fəhlə və işçidir ki, sərmayəyə ruh verir”.
O, cari ilin "İstehsala investisiya" adlandırıldığını xatırladaraq istehsalın əsas sərmayəsi və cəmiyyətin möhkəmliyi və davamlılığının sütunlarından birinin məhz fəhlə olduğunu bildirdi və vurğuladı ki, maliyyə yatırmı fəhlənin iradəsi və bacarığı olmadan heç bir nəticə verməz: “Bu səbəbdən də cəmiyyətlərin düşmənlər, o cümlədən İslam Respublikasına qarşı olan bədxah qüvvələr İnqilabın əvvəlindən bu günədək daim fəhlə cəmiyyətini İslam Respublikasında işləməkdən çəkindirməyə və soyutmağa çalışmış və çalışmaqda davam edirlər”.
İnqilabın Rəhbəri İnqilabın ilk illərində kommunist yönümlü cərəyanların istehsalı dayandırmaq və iflic etmək cəhdlərinə işarə edərək dedi: “Bu gün də həmin niyyətlər mövcuddur, lakin həm o vaxt, həm də bu gün fəhlə və zəhmətkeşlərimiz onların qarşısında durub ağızlarına möhkəm yumruq endirdilər”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, fəhlə kimi mühüm bir sərvəti qorumağın əsas şərti müxtəlif qurumların öz vəzifələrini yerinə yetirməsidir. O, fəhlələrin iş təhlükəsizliyi məsələsinə toxunaraq dedi: “Fəhlə bilməlidir ki, işi davam edəcək və o öz həyatı ilə bağlı plan qura biləcək. O, habelə əmin olmalıdır ki, onun işinin davamlılığı başqalarının iradəsindən asılı deyil”.
Həzrət Ayətullah Xamenei bir neçə ilə əvvəl bəzi fabrik və istehsal müəssisələrinin müxtəlif bəhanələrlə bağlanmasının iş təhlükəsizliyinə zidd olduğunu dedi: “Bu müəssisələrin bağlanmasına xammal çatışmazlığı və ya avadanlıqların köhnəlməsi kimi bəhanələr gətirilirdi. Halbuki müəssisələr dayanmalı deyil, bu problemlər həll edilməlidir”.
O, istehsalın dayanması və fəhlələrin işdən çıxarılması bahasına, mənfəət əldə etmək məqsədilə bəzi fabriklərin qiymətli torpaqlarının satılması məsələsinə toxunaraq vurğuladı: “Nəzarət və məhkəmə orqanları, habelə hökumət strukturları bu kimi hadisələrin təkrar baş verməsinin qarşısını almaq üçün diqqətli olmalıdırlar”.
İnqilabın Rəhbəri tamamilə bağlanmış və ya yarımçıq fəaliyyət göstərən təxminən səkkiz min fabrikin şəhid Rəisinin hökuməti dövründə yenidən dirçəldilməsinə toxunaraq dedi: “Bu təşəbbüs göstərdi ki, fabriklərin bağlanmasının və ya istehsal gücünün azalmasının qarşısını almaq mümkündür. Bu o əziz şəhidin qürurverici işlərindən biri idi”.
Həzrət Ayətullah Xamenei iş təhlükəsizliyi məsələsinə başqa bir aspektdən, yəni sahibkarın da təhlükəsizliyinin təmin olunmasının vacibliyi aspektindən yanaşaraq dedi: “Elə davranmaq olmaz ki, sahibkar sərmayə yatırmı və qoyulan sərmayənin qorunmasının onun ziyanına olduğunu düşünsün”.
Fəhlələrin təhlükəsizliyinin təmin olunmasını mühüm bir məsuliyyət olduğunu bildirən İnqilabın Rəhbəri son illər mədənlərdə baş vermiş acı hadisələrə işarə edərək dedi: “Əldə olunan məlumatlara görə, təhlükəsizlik problemi mədənlərlə məhdudlaşmır. Bütün istehsal müəssisələrində çalışan işçilərin təhlükəsizliyi həm texniki tələblər, həm də sosial təminat vasitəsilə ciddi şəkildə diqqət mərkəzində saxlanmalı və təmin olunmalıdır”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, fəhlə cəmiyyətinin qarşısında duran digər vəzifə bacarıq və peşə vərdişlərinin artırılmasıdır: “Fəhlələrin peşə vərdişlərinə yiyələnməsi üçün Texniki Peşə İdarəsi və onun tədris müəssisələri çox yaxşı imkanlara malikdir. Əlbəttə, bu tədris mərkəzləri ilə yanaşı, böyük şirkətlər də əsas fəaliyyətlərinin paralelində fəhlələrin peşə bacarıqlarını artırmaq üçün kurslar və təlimlər təşkil edə bilərlər”.
İnqilabın Rəhbəri fəhlə və işçilərə mühüm bir dəstək kimi daxili məhsulların istifadəsinin vacibliyinin dəfələrlə vurğulandığına işarə edərək dedi: “Bəzi insanlar bu məsələyə düzgün əməl etmədilər. Halbuki ona əməl edilən hallarda bu, ölkə üçün faydalı oldu. Çünki yerli məhsul almaq iranlı fəhlə, işçi və investora köməkdir, amma xarici məhsul almaq, əslində, xarici fəhləyə, işçiyə və investora köməkdir. Bu da insafa və insanlığa ziddir”.
Həzrət Ayətullah Xamenei bəzi yerli məhsulların çox yüksək keyfiyyətə malik olmasına işarə edərək vurğuladı: “İranlının iran istehsalı olan məhsuldan isitfadə etməsini geniş bir mədəniyyətə çevirməliyik. Yalnız o hallarda xarici mal alınsın ki, həmin məhsulun yerli istehsalı mövcud deyil”.
O, dövlət qurumlarından birinin daxili istehsalı olan malların idxalına qoyulan qadağanın aradan qaldırılması ilə bağlı məktubunu tənqid edərək bildirdi ki, idxalatın yolunu açmaq asan bir seçim olsa da, ölkənin və fəhlə cəmiyyətinin zərərinədir: “Hətta ölkədə istehsal edilən bir məhsulun keyfiyyəti yaxşı deyilsə, həmin məhsulun keyfiyyətini yaxşılaşdırmağa çalışın. Belə ki, illər öncə daxili avtomobillərin keyfiyyətinə etiraz edənlərə demişdik: elmi və iqtisadi mühasirəyə baxmayaraq, iranlı gənc elə bir raket və məhsul istehsal edə bilər ki, düşmən hörmət əlaməti olaraq onun qarşısında fərəqət dayandığını deyər. Bu əsasla o, daha keyfiyyətli və daha az istehlakı olan avtomobil istehsal edə bilər”.
İnqilabın Rəhbəri qeyd etdi ki, fəhlə və sahibkarın xeyrinə olan mühüm məsələlərdən biri fəhlənin istehsaldan əldə olunan mənfəətə ortaq edilməsidir. Bunun məsul şəxslər tərəfindən tam və əhatəli proqram tərtib etməsinə ehtiyacı var: “Əgər fəhlə istehsal olunan məhsulun mənfəətində onun da payının olduğunu hiss etsə, bu, onun motivasiyasının, işin keyfiyyətinin və etibarlılığının armtasına, həmin istehsal vahidinin uzun illər qalmasına səbəb olar”.
Həzrət Ayətullah Xamenei fəhlələrin mənzil təminatının ya mənzil kooperativləri, ya da istehsalat müəssisələrinin ətrafında xidməti evlərin yaradılması yolu ilə həyata keçirilməsinin vacibliyini vurğuladı.
O, başqa bir nüansa aydınlıq gətirərkən iş mühiti mədəniyyəti məsələsinə işarə edərək dedi: “Marksist fəlsəfədə iş və yaşayış mühiti ziddiyyət və düşmənçilik mühiti sayılır. Fəhlə müəssisə sahibinə düşmən kimi baxmalıdır. Bu yanlış düşüncə ilə uzun illər həm özləri, həm də dünyanın inkişafına mane oldular. Amma İslam iş və yaşayış mühitinə uzlaşma, həmrəylik və qarşılıqlı əməkdaşlıq mühiti kimi baxır. Buna görə də iş yerində hər iki tərəf səmimi şəkildə işin inkişafına kömək etməlidir”.
İnqilabın Rəhbəri fəhlə və işçi ilə bağlı məsələlərin təkcə sənaye fəhlələri ilə məhdudlaşmadığını vurğulayaraq əlavə etdi: “Tikinti, kənd təsərrüfatı, meyvə-tərəvəz və göy-göyərti sahəsində çalışan işçilər, ev şəraitində çalışıb yeni kommunikasiya vasitələrindən istifadə edərək öz məhsullarını satışa çıxaran xanımlar sosial təminat və qeyd olunan digər zəruri tələbələr baxımından diqqət mərkəzində olmalıdırlar”.
Həzrət Ayətullah Xamenei çıxışının sonunda Fələstin məsələsinin unutdurulması məqsədi güdən qərəzli siyasətlərə işarə edərək dedi: “Müsəlman xalqlar müxtəlif şayiələr, mənasız və dəxli olmayan sözlərin ortaya atılması ilə ictimai fikrin Fələstin, Qəzza məsələsi və sionist rejimin cinayətlərindən yayındırılmasına imkan verməməlidirlər”.
O, dünyanın sionist rejim və onun himayəçiləri qarşısında dayanmasının vacibliyini vurğulayaraq dedi: “ABŞ, sözün həqiqi mənasında, sionist rejimi dəstəkləyir və siyasət aləmində bəzən başqa mənalar çıxarıla biləcək açıqlamaların verilməsinə baxmayaraq, həqiqət budur ki, məzlum Fələstin və Qəzza əhalisi təkcə sionist rejimlə deyil, həm də ABŞ və İngiltərə ilə qarşı-qarşıyadır. Onlar cinayət, qətl və qırğınların qarşısını almaq əvəzinə, silah və digər vasitələr göndərərək cinayətkara kömək edir və onu daha da gücləndirirlər”.
İnqilabın Rəhbəri vurğuladı ki, bəzi şüarlar, sözlər və keçici hadisələr Fələstin məsələsinin unudulmasına səbəb olmamalıdır: “Allahın lütfü, izzəti və cəlalı ilə Fələstin sionist işğalçılara qalib gələcək və batilin bir neçə günlük hökmranlığı sona yetəcək. Habelə Suriyada gördükləri işlər onların gücünün deyil, əksinə zəifliklərinin göstəricisidir və daha da zəifləmələrinə səbəb olacaq”.
Həzrət Ayətullah Xamenei İran və mömin xalqların bir gün Fələstinin qəsbkarlar üzərindəki qələbəsini öz gözləri ilə görəcəklərinə ümidvar olduğunu dedi.
Bu görüşün əvvəlində çıxış edən kooperasiya, iş və sosial rifah naziri fəhlə və işçilərin vəziyyətinin yaxşılaşmasını bütün cəmiyyətin vəziyyətinin yaxşılaşması kimi qiymətləndirdi: “İşçilər ölkənin iqtisadi siyasətlərini irəli aparan qüvvədir, siyasətlərin işlənib hazırlanmasında və həyata keçirilməsində onların iştirakı istehsal və sənayenin həlledici açarıdır”.
İş və istehsalla bağlı qəbul edilmiş qərarların praktiki icrası, 1404-cü ildə iş qəzalarının 8% azaldılması məqsədi, işçilərin alıcılıq gücünün qorunması, ərzaq talonlarının paylanması, vasitələrin ortadan qaldırılması ilə iş mədəniyyətinin gücləndirilməsi, təhsil və səhiyyə sistemində islahatlar aparılaraq işçi cəmiyyətinin xərclərinin azaldılması, fəhlə və işçilərin mənzil məsələsinin diqqətdə saxlanması, incəsənət adamlarından fəhlə və işçinin məqamının qiymətləndirilməsi istiqamətində işlər görülməsinin istənilməsi məsələləri cənab Meydərinin bu görüşdəki çıxışının əsas istiqamətlərini təşkil edən mövzular oldu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir