Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin “Əmək və Zəhmətkeşlər” günü münasibətilə ölkənin fəhlə ictimaiyyəti ilə görüşü zamanı etdiyi çıxış

بِسْمِ اللهِ الرَّحْمٰن الرَّحِیمِ وَ الْحَمْدُ لِلهِ رَبَّ الْعَالَمِینَ. وَ الصَّلَاةُ وَ السَّلَامُ عَلَیٰ سَیِّدِنَا وَ نَبِیِّنَا وَ حَبِیبِ قُلُوبِنَا اَبِی‌ الْقَاسِمِ الْمُصْطَفَیٰ مُحَمَّدٍ وَ عَلَیٰ آلِهِ الْاَطْیَبِینَ الْاَطْهَرِینَ الْمُنْتَجَبِینَ سِیَّمَا بَقِیَّةِ اللهِ فِی الْاَرَضِینَ

Rəhman və rəhim Allahın adı ilə. (1)

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz, qəlbimizin dostu Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak, seçilmiş Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

Əziz qardaşlar və bacılar, çox xoş gəlmisiniz. Hər il bu hüseyniyyədə əziz zəhmətkeşlər ilə keçirilən bu görüş mənim üçün böyük əhəmiyyət daşıyır. Əmək və zəhmətkeşlər ilə bağlı olan məsələlər ölkənin taleyində mühüm rol oynayır.

İlk öncə İmam Əbul-Həsən ər-Rzanın (ə) mübarək mövludu münasibətilə sizi təbrik edirəm. Bu görüşün bu mübarək mövlud gününə təsadüf etməsini xeyirə yozaq. Həmçinin xalqın, xüsusən də fəhlə və zəhmətkeşlərin problemlərinə önəm verən və bu məsələləri diqqətdə saxlayan əziz şəhidimiz cənab Rəisinin də xatirəsini hörmətlə yad edirəm.

Cənab nazirin burada qeyd etdiyi məsələlərin hamısı doğru idi. Yəni onun burada bir-bir sadaladığı mövcud boşluqlar, ehtiyaclar, görülməsi lazım olan işlər və s. bunların hamısı doğrudur. Yeganə qeyd etmək istədiyim bir məqam var və o da budur ki, bu sözlərin ünvanı onun özü, nazirlik və digər dövlət idarələridir. Bu işləri həyata keçirmək üçün Allah-Taalanın onlara kömək edib, uğurlar nəsib etməsini ürəkdən dua edirəm. Əgər əzmkarlıq və ciddiyyət göstərsələr, sözsüz ki, bacaracaqlar.

Fəhlə və zəhmətkeşlərin problemləri ilə bağlı olan bir çox mühüm sözlər söylənilmiş və təbii ki, bir sıra yaxşı işlər də görülmüşdür. Bununla belə, bəzi məqamları vurğulamaq lazımdır, təkrar olsa belə, təkrar etmək lazımdır. Qeyd etdiyim bir neçə məqamı diqqətinizə çatdırmaq istəyirəm.

Birinci məqam “dəyərləndirmə” ilə əlaqəlidir. Bu sözün ünvanı, yəni fəhlə və əməyin dəyərləndirilməsi, ilk növbədə siz zəhmətkeşlərsiniz. Belə ki, özünüzün dəyərini bilin. Bilin ki, gördüyünüz iş, əslində, yaradılış aləminin, cəmiyyətin, mənəvi tələbatların və dini dəyərlərin hansı hissəsini doldurur.

Mövzulardan biri fəhlə və zəhmətkeşin dəyəridir. İşinə görə deyil, insanlıq baxımından onun daşıdığı dəyərdir. Fəhlə və zəhmətkeş iki mühüm xüsusiyyətə malikdir ki, bunların hər biri Allah-Taalanın dərgahında bəyənilir. Birincisi budur ki, fəhlə halal çörəyini və gündəlik ruzisini öz zəhməti ilə əldə etməyə çalışır. Başqalarına yük olmur, müftəxorluq və talançılıq etmir, başqalarının malını mənimsəmir. Müxtəlif sahənin zəhmətkeşləri öz zəhmətilə, hər biri müəyyən bir şəkildə çörəyini qazanır. Bu isə bəyənilən bir əməldir, mühüm bir işdir. İnsan belə yaşamalıdır. Bu, hər bir insanın həyatı üçün örnəkdir, yəni özünə, öz gücünə arxalanaraq yaşamaq. Bu, bir xüsusiyyətdir.

İkinci xüsusiyyət də mühümdür və o da bundan ibarətdir ki, fəhlə və zəhmətkeş başqalarının ehtiyaclarını ödəyir. Siz cəmiyyət üçün sənaye, kənd təsərrüfatı, xidmət və s. sahələrdə məhsullar istehsal edir və onların istifadəsinə verirsiniz. Yəni başqalarının həyatına kömək edirsiniz. İnsanlıq baxımından bu iki xüsusiyyət olduqca dəyərlidir. Məsələn, əgər biz ibadət əhli olan, amma öz həyatı, güzəranı və ailəsi üçün heç bir əziyyət çəkməyən birisini zəhmət çəkən, çalışan bir fəhlə ilə müqayisə edib dəyərləndirmək istəsək, fəhlə ondan üstündür. Bu, bir dəyərləndirmədir. Bu, fəhləlik və insanlıq baxımından fəhləyə aid olan bir dəyərləndirmədir.

Əməyin dəyərləndirilməsinə gəlincə isə bu mövzu böyük əhəmiyyət daşıyır, çox önəmlidir. İş insan həyatının idarə olunmasında əsas dayaqlardan biridir. İş olmazsa, insan həyatı iflic olar. Sözsüz ki, burada kapital və elm də rol oynayır, amma kapital və elm işçi qüvvəsi olmadan, işçi olmadan heç bir işə yaramır, ondan heç bir fayda əldə olunmur. İşçi kapitalın cisminə ruh verir. Bu ilin şüarını “İstehsala investisiya” adlandırdıq. Elə isə ən yaxşı kapital işçidir. Qoy investorlar investisiya yatırsınlar, amma onu da bilsinlər ki, bu maddi investisiya işçinin iradəsi, fiziki gücü və istəyi olmadan heç bir yerə varmayacaq. Əməyin rolu budur: əmək cəmiyyətin həyatının əsas sütunlarından biridir. Məhz buna görə də və sizin də bildiyiniz kimi, hər bir cəmiyyətin bədxahları, o cümlədən İran İslam Respublikasının bədxahları İnqilabın əvvəlindən bu günədək fəhlə cəmiyyətini İran İslam Respublikasında işdən çəkindirə və soyuda bilərlər deyə, müxtəlif fəaliyyətlər aparmışlar; ilk günlərdən etibarən. Bununla bağlı xatirələrim vardır ki, indi onları deməyin yeri deyil. O vaxtlar fəhlə sinfini ələ keçirərək öz nəzarəti altına almaq, sonra isə birdən-birə hansısa sektorun fəaliyyətini tamamilə dayandırmaq və ya iflic etmək istəyən qüvvələr kommunistlər, marksistlər idi. Hansı sektoru tətil edirdilərsə, iflic olurdu. Eyni səbəb bu gün də davam edir. O gün bu işi görənlər kommunistlər idisə, bu gün bunu edən CİA və Mossadın agentləridir. Əlbəttə, həm o gün, həm də bu gün bizim fəhlə ictimaiyyətimiz onların qarşısında möhkəm dayanmış və var qüvvəsi ilə müqabil tərəfin ağzının üstünə vurmuşdur.

Dedik ki, ən mühüm kapital işçi qüvvəsidir. Başqa sözlə desək, işçinin rolu puldan, elmi araşdırmalardan və sairədən daha çoxdur. Elə isə biz bu kapitalla nə etməliyik? Bu, işçilər qarşısında daşıdığımız vəzifələrin başında gəlir. Belə ki, bu vəzifənin bir hissəsi mənim, bir hissəsi nazirin, bir hissəsi sahibkarın, bir hissəsi xalqın, başqa bir hissəsi isə medianın öhdəsinə düşə bilər. Bir sözlə, işçi qarşısında müəyyən vəzifələr mövcuddur.

Yaxşı işləmək, işini düzgün görmək, başqalarına kömək etmək və öz ayaqları üstündə dayana bilmək üçün işçilərin müəyyən ehtiyacları vardır. Həmin ehtiyaclardan biri əmək təhlükəsizliyidir, digəri isə fiziki təhlükəsizlikdir. Bəzən işçilərin başına gələn hadisələr insanı dərindən narahat edir. Bunlar zərbədir. Ehtiyaclardan biri fiziki təhlükəsizlikdir. Bu ehtiyaclardan bir başqası isə dolanışıq problemlərinin həllidir. Bu ehtiyaclar təmin edilməlidir. Mən bunlardan bəzisinə qısaca toxunub keçmək istəyirəm.

Birinci mövzu əmək təhlükəsizliyidir. İşçi bu işdə qalıb işləyəcəyini bilməlidir ki, özü üçün hansısa planlar qura bilsin. O, işdə “nə vaxta kimi”, “nə qədər” qalacağının nigarançılığını keçirməməlidir. İşini davam etdirəcəyi başqalarının istəyindən asılı olmamalıdır. Əmək təhlükəsizliyi bu deməkdir. Bu təhlükəsizlik təmin olunmalıdır. Bir dönəm, bir neçə il bundan əvvəl müxtəlif bəhanələrlə çoxsayda fabrikin fəaliyyəti dayandırıldı. Bu addım əmək təhlükəsizliyinə ziddir. Bəzən bizə hansısa fabrikin bağlanması ilə bağlı məlumat verilirdi. Soruşurduq, deyirdik “niyə?”. Bəhanələr gətirirdilər ki, xammal yoxdur, ya avadanlıqlar köhnəlib və s. Təbii ki, bu kimi problemlər var, amma bu problemləri həll etmək mümkündür. Bu problemlər həll olunmalıdır. Fabrik və istehsal müəssisələrinin fəaliyyəti dayandırılmamalıdır.

Bir dönəm də – mən əvvəllər bu mövzuya toxunmuşam (2) – fabrik və istehsal müəssisələrinin fəaliyyətinin dayandırılması xaincəsinə bir hərəkət idi. Bu işi müəssisənin torpaq ərazisi bahalaşdığına görə edirdilər. Avadanlıqları birtəhər satıb, işçiləri də bir şəkildə satın alıb, torpaq sahəsindən daha çox gəlir əldə etmək istəyirdilər. Pul üçün edirdilər! Pul üçün, şəxsi maraqlar üçün bu işi görürdülər. Belə hallarda həm nəzarət, həm ədliyyə orqanları ayıq olmalıdır. Bu, əsas və mühüm işlərdən biridir. Hökumət qurumlarının da müəyyən vəzifələri vardır, istər Əmək və İctimai Rifah Nazirliyi olsun, istərsə də digər aidiyyəti qurumlar olsun. Bunun qarşısı alınmalıdır. Mənə verilən məlumata görə, şəhid Rəisinin hökuməti dövründə 8000 fabrik yenidən fəaliyyətə başlamışdı. Deməli, bu iş mümkündür. Deməli, tamamilə bağlanmış və ya 25-30 faiz potensial ilə işləyən istehsal müəssisələrini yenidən dirçəltmək mümkündür. O əziz şəhidin qürurverici işlərindən biri bu idi. Bu məsələni mənimlə də bəlkə dəfələrlə müzakirə etmişdi. Odur ki, məsələlərdən biri əmək təhlükəsizliyidir.

Əmək təhlükəsizliyi məsələsi ilə yanaşı bunu da diqqətinizə çatdırmaq istəyirəm: Diqqət edin! Fəhlənin əmək təhlükəsizliyi sahibkarın əmək təhlükəsizliyi ilə yanaşıdır. Yəni sahibkarın da əmək təhlükəsizliyi təmin olunmalıdır. Biz elə etməyək ki, sahibkar investisiya yatırımının və sərmayəsini qorumasının onun zərərinə tamamlanacağını düşünsün. Onun da əmək təhlükəsizliyi olmalıdır. Düzgün iş, düzgün siyasət budur ki, biz elə edək, həm fəhlə və işçilərin, həm də qarşı tərəfin əmək təhlükəsizliyi təmin olunsun.

Mənim qeyd etdiyim ikinci lazımlı mövzu fəhlə və işçilərin “peşə ixtisaslarının artırılması”dır. Görməli olduğumuz işlərdən biri fəhlələrimizin peşəkar bir işçiyə çevrilməsi istiqamətində çalışmaqdır. Əgər fəhlə öz işində məharətli və peşəkar olarsa, daha yaxşı, daha keyfiyyətli və daha gözəl məhsul istehsal olunacaq və bu da təbii olaraq istehsalçının, fəhlənin və cəmiyyətin xeyrinə olacaq. Bu, hamının xeyrinə nəticələnəcəkdir. Bu, vacib məsələlərdən biridir. Bizdə peşə ixtisaslarının öyrədilməsi üçün texniki və peşə məktəbləri də var. Bu barədə yol boyu hörmətli nazir də mənə dedi, özümün də məlumatım var. Bu sahədə texniki və peşə məktəblərinin olması çox yaxşıdır. Bizim gənclərimiz, hətta yeniyetmələrimiz arasında elələri var ki, universitet təhsilini texniki və peşə məktəblərindən üstün tutmur və burada çalışırlar. Onlar ən yaxşı işçilərdir. Onlar ölkələrinə, özlərinə xidmət edə biləcək, həm özlərinin və həm də xalqın həyat səviyyəsini yüksəldə biləcək ən yaxşı insanlardır. Bizim belə imkanlarımız var. Əlbəttə, texniki və peşə məktəblərindən əlavə, böyük şirkətlər də – bu, önəmlidir və mən bunu dəfələrlə təkidlə demişəm – özlərinin əsas işləri ilə paralel olaraq ixtisas artırma üçün müəssisələr yarada bilərlər. Bunu da etmək olar. Bu, görülməsi lazım olan işlərdən biridir. Böyük şirkətlər bu işi həyata keçirə bilərlər. Kurslar təşkil edə bilərlər. İşçilərə lazımi ixtisasları vermək üçün qısa müddətli kurslar, təlimlər təşkil edə bilərlər ki, onlar işi daha yaxşı və bacarıqla yerinə yetirə bilsinlər.

Digər bir məsələ də, qeyd etdiyim kimi, işçinin fiziki təhlükəsizliyidir; işçinin fiziki təhlükəsizliyi. Bu son iki-üç ildə mədənlərlə bağlı acı xəbərləri eşitmişik, amma bu xəbərlər təkcə ora ilə məhdudlaşmır. Başqa yerlərdə də hadisələr baş verir və mənə məlumat verirlər. Başqa fabrik və istehsal müəssisələrində də təhlükəsizlik məsələsi olduqca mühüm məsələlərdəndir. Bunu diqqət mərkəzində saxlamaq lazımdır. Həm sosial təminat, həm də texniki tələblər baxımından elə davranılmalıdır ki, bütün işçilərin təhlükəsizliyi təmin olunsun.

Digər mühüm məqamlardan biri də işçilərə dəstək məqsədilə yerli məhsulun istehlakı məsələsidir və mən neçə illərdir ki, bunun üzərində təkidlə dayanıram (3). Bu haqda “Altıncı İnkişaf Proqramı”nda (4) da qeyd olunub. Əlbəttə, bəziləri ona düzgün əməl etmədilər, amma əməl olunduğu qədər də faydalı olmuşdu. Biz ölkə daxilində istehsal olunan məhsulu almaqla, əslində, yerli işçi və yerli investora kömək etmiş oluruq. Əgər ölkə daxilində həmin məhsul varsa, amma biz onun xarici analoqunu seçib alırıqsa, bu o deməkdir ki, biz o ölkənin işçisinə, investoruna kömək edir və onu öz işçimizdən üstün tuturuq. Bu insafdır? Bu insanlıqdır?

Əlbəttə, bununla bağlı bəzi bəhanələr də var. Məsələn, yerli məhsulun keyfiyyəti belədir, elədir deyirlər. Xeyr, bəzi hallarda yerli məhsulun keyfiyyəti daha yaxşıdır. Hazırda bəzi məhsullarımızın, məişət və digər sahələrə aid əşyalarımızın keyfiyyəti xarici məhsullardan yüksək olmasa da, heç də onlardan geri qalmır. Gəlin, bu düşüncəni mədəniyyət halına gətirək. Qoy, iranlı İran məhsulundan istifadə etməyi özünə borc bilsin. Yalnız o hallarda xarici məhsul alınsın ki, daxildə istehsal olunmur. Hər kəs ölkə daxilində istehsal olunan məhsullardan istifadə etməyi öz vəzifəsi hesab etsin. Gəlin, bunu mədəniyyətə çevirək.

Eşitdiyimə görə, bu yaxınlarda dövlət qurumlarından biri yerli məhsulların analoqu olan xarici məhsulların idxalına qoyulan qadağanın qaldırıldığını bildirib. Niyə qaldırılsın? Ölkə daxilində istehsal olunan məhsulun istifadəsi geniş yayılmalıdır. Əgər keyfiyyəti yaxşı deyilsə, keyfiyyətini yaxşılaşdırmağa çalışın. Mən neçə il bundan əvvəl burada “yerli avtomobillər çox benzin istifadə edir” deyə, etiraz edənlərə demişdim (5) ki, əgər iqtisadi və elmi blokada dövründə, dünyanın elm adamlarının iranlı alim və tələbələrin üzünə qapıları bağladıqları bir vaxtda iranlı alimlər böyük nailiyyətlər əldə edirsə, iranlı gənc belə bir raket, belə bir silah, belə bir məhsul istehsal edirsə və bununla düşmən təəccüblənib “bu işin (bacarığın) qarşısında hörmət əlaməti olaraq baş əyirəm” deyirsə (6), onda o, az benzin istifadə edən, keyfiyyəti yaxşı olan avtomobil də istehsal edə bilər. Bunun üzərində işləməliyik, bunun üzərində təkidlə dayanmalıyıq. Ən asan olanı (daha zəhmətsiz olanı) “yolu açaq ki, xaricdən ölkəyə məhsul daxil olsun” deməyimizdir. Bu düşüncə ölkənin, fəhlə sinfinin, ümumiyyətlə, bütün ölkənin zərərinədir. Odur ki, işçi və fəhlələrə dəstəyin ən mühüm nümunələrindən biri yerli məhsuldan istifadə etməyimiz və bunu bir mədəniyyətə çevirməyimizdir.

Məncə, səlahiyyətli orqanlar tərəfindən hərtərəfli və geniş proqramın hazırlanmasını tələb edən və işçinin – həm işçinin, həm də sahibkarın – xeyrinə olan zəruri işlərdən biri də istehsaldan əldə olunan mənfəətə işçinin ortaq edilməsidir. Əgər işçi bilsə ki, bu məhsulun mənfəəti nə qədər çox olsa, onun da mənfəəti çox olacaqdır, o zaman işi daha yaxşı yerinə yetirmək üçün onda motivasiya yaranacaqdır. Yəni bu düşüncə işçiyə işi daha yaxşı, mükəmməl və keyfiyyətli şəkildə yerinə yetirməsi üçün motivasiya verəcəkdir. Bu isə mənim dəfələrlə söylədiyim bu hədisin nümunəsi olacaqdır:

رَحِمَ اللهُ اِمرَاً عَمِلَ عَمَلاً فَاَتقَنَه

“Hansısa bir işi mükəmməl şəkildə görən şəxsə Allahın rəhməti olsun”. (7)

Sağlam və yaxşı iş. Günümüzdə məhsul istehsalı ilə məşğul olan bəzi fabriklər öz məhsullarının üzərinə fabrikin yaranma tarixini yazırlar. İftixar edirlər ki, fabrikləri, məsələn, yüz il bundan əvvəl işə düşüb. Əgər bir istehsal müəssisəsi – mən indi sənaye istehsalını misal çəkdim, digər istehsallar da sənaye istehsalı kimidir, bəzi xidmət sektorları da belədir – elə bir şəkildə fəaliyyət göstərə bilsə ki, onun yüz illik alıcısı vardır və bu keçmişi ilə fəxr edir, bu, ən yaxşı işdir. Bu, işçinin fabrik və müəssisənin mənfəətində ortaq olması ilə əldə olunur. Önəmli işlərdən biri də budur.

Onun (8) toxunduğu digər diqqətəlayiq məsələlərdən biri də fəhlə və işçilərin mənzil təminatı məsələsidir. Əgər böyük fabriklər fəhlə mənzil kooperativləri ilə – əgər belə bir kooperativlər varsa, harada varsa – əməkdaşlıq etsələr, bu, işçiyə ən böyük köməkdir. Əgər belə kooperativlər yoxdursa, onu yarada bilər və ya yaradılmasına köməklik göstərə, yaxud da böyük fabriklərin ətrafında işçi evləri tikə bilərlər. Bununla da ən mühüm narahatçılıqlardan biri olan mənzil narahatçılığı aradan qalxar və işçilər bu cəhətdən arxayın olarlar. Fəhlə və işçilərə edilə biləcək ən mühüm köməklərdən biri budur.

Diqqətinizə çatdırmaq üçün qeyd etdiyim mövzulardan bir başqası isə iş mühiti mədəniyyətidir. Baxın, marksist və kommunistlərin fəlsəfəsində iş mühiti ziddiyyət və düşmənçilik mühiti sayılır. Yəni işçi fabrik sahibi ilə düşmən olmalıdır. Onların fəlsəfəsi budur. Cəmiyyətin inkişafı ümumilikdə bir-birinə zidd olan iki şeyin yanaşı hərəkətidir və ziddiyyətdir. Onların fikrincə, ziddiyyət qanunu tarix boyu sosial, siyasət və iqtisadiyyat məsələlərinə hakim olub. Bu yanlış ideya ilə uzun illər boyu insanları geri saldılar, həm özlərini, həm də bir çox dünya insanlarını bədbəxt etdilər. İslam dini isə bunun tam əksini deyir.

İslam yaşayış, iş və tarix mühitini uzlaşma və həmrəylik mühiti hesab edir. Qurani-Kərimi araşdıranlar Quranda “zövciyyət” və “zövc” sözünü axtarıb araşdırsınlar:

سُبحانَ الَّذی خَلَقَ الاَزواجَ کُلَّها مِمّا تُنبِتُ الاَرضُ وَ مِن اَنفُسِهِم وَ مِمّا لا یَعلَمون

“Yerin yetişdirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən cütlər yaradan Allah pakdır, müqəddəsdir! (Eyibsiz və nöqsansızdır!)” (9)

Yəni aləmdə mövcud olan hər şeydə həmrəylik, həmkarlıq və qarşılıqlı əlaqə vardır. Eyni məsələ iş mühitinə də aiddir. Odur ki, qarşılıqlı əlaqə olmalıdır. Hər iki tərəf təkcə sözdə deyil, səmimi şəkildə bir-birinə kömək etməlidir. 

Sonuncu məqam da ondan ibarətdir ki, biz işçilərdən danışarkən təkcə sənaye işçisi nəzərdə tutulmasın. Tikinti və kənd təsərrüfatı işçiləri, meyvə-tərəvəz satıcıları, günümüzdə evin daxilində əmək fəaliyyəti ilə məşğul olan qadınlar – belə ki, yeni kommunikasiya və texnologiya vasitələrindən istifadə edərək çoxları evdən işləyib qazanc əldə edirlər – işçi hesab olunurlar. Onların hamısı həm sosial təminat, həm də digər müxtəlif təminatlar baxımından diqqətdə saxlanılmalıdır.

Hal-hazırda dünyada xalqlara qarşı yeridilən qərəzli siyasət haqqında da qısaca danışmaq istəyirəm. Fələstin problemini unutdurmağa çalışırlar. Müsəlman xalqlar buna imkan verməməlidir, buna yol verməməlidir. Müxtəif şayiələrlə, gündəmə yeni məsələlər gətirməklə, mənasız və yersiz sözlərlə ictimai fikri Fələstin problemindən yayındırmağa çalışırlar. İctimai fikir Fələstin məsələsindən yayınmamalıdır. Sionist rejimin Qəzza və Fələstində törətdiyi cinayətlər gözardı ediləsi hərəkətlər deyildir. Bütün dünya bunun qarşısında dayanmalıdır, həm sionist rejimin, həm də onu dəstəkləyənlərin qarşısında dayanmalıdır. (10) Bəli, siz düz başa düşmüsünüz, amerikalılar sözün həqiqi mənasında onları dəstəkləyirlər. İndi siyasət dünyasında ictimai düşüncədə əks təsəvvür yarada biləcək nələrsə deyirlər, nələrsə söyləyirlər, amma reallıq bu deyildir.

Reallıq bundan ibarətdir ki, Fələstinin, Qəzzanın məzlum xalqı bu gün təkcə sionist rejimi ilə qarşı-qarşıya deyildir. Onlar Amerika ilə, İngiltərə ilə qarşı-qarşıyadırlar. Bu cinayətkarı bu cür gücləndirən məhz onlardır. Onların vəzifəsi bu cinayətkarın qarşısını almaq idi. Onları silahla, müxtəlif vasitələrlə təmin edən sizsiniz. Nə isə çatışmayanda, sizdən alırlar, sizin tərəfinizdən onlara hər cür köməklik edilir. İndi ki, cinayət etdiklərini, bu qədər qətl, bu qədər cinayət törətdiklərini görürsünüz, elə isə mütləq qarşısında dayanmalısınız. Amerikanın vəzifəsi bu cinayətlərin qarşısını almaqdır. Onlar isə nəinki bunu etmir, əksinə, hələ bir kömək də edirlər. Odur ki, dünya sözün həqiqi mənasında həm sionist rejimin, həm də onu dəstəkləyənlərin, o cümlədən Amerikanın qarşısında dayanmalıdır. Bəzi şüarlar və sözlər, bəzi keçici hadisələr Fələstin probleminin unudulmasına mane olmamalıdır.

Əlbəttə, inanıram ki, Allah-Taalanın yardımı və qüdrəti ilə Fələstin sionist işğalçılarına qalib gələcək. Bu hadisə mütləq baş verəcək. Batil indi at oynatsa da, bir neçə gün hökmranlıq etsə də, amma məhv olacaq. Mütləq məhv olacaq. Buna şübhə ola bilməz. Bu gördüyünüz hadisələr, onların etdikləri, Suriya və digər yerlərdəki irəliləyişləri, bütün bunlar onların gücünün deyil, əksinə, zəifliyinin göstəricisidir və daha da zəifləmələrinə səbəb olacaqdır, inşallah. İnanıram ki, İran milləti və inanclı xalqlar bu günu – Fələstinin işğalçılar üzərindəki qələbəsini öz gözləri ilə görəcəklər, inşallah.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

_______________________

(1) Görüşün əvvəlində Dr. Əhməd Meydəri (Kooperasiya, Əmək və İctimai Rifah Naziri) məruzə ilə çıxış etmişdir. 
(2) Prezident və Nazirlər Kabinetinin üzvləri ilə görüş (07/06/1397- red: 29/08/2018)
(3) Fəhlə və zəhmətkeşlər ilə görüşdəki çıxış (19/02/1401 - red: 09/05/2022)
(4) “Altıncı İnkişaf Proqramı” (09/04/1394 - red: 30/06/2015)
(5) “İstehsalçılarla videogörüş” (17/02/1399 - red: 06/05/ 2020)
(6) 2015-ci ildə Yossi Rabin (sionist rejimin Raketdən Müdafiə Təşkilatının keçmiş sədri) “Bu raketləri istehsal edən mühəndislər önündə hörmət əlaməti olaraq baş əyirəm” sözünə istinad. 
(7) “Məsaili Əli ibn Cəfər və mustədrəkatuha”, səh. 93 (kiçik fərqlə) 
(8) Kooperasiya, Əmək və İctimai Rifah Naziri
(9) “Yasin” surəsi, 36-cı ayədən
(10) İştirakçılar “Ölüm olsun Amerikaya” şüarını səsləndirir.