Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Rəhbəri TYŞMK-nin TK-nin üzvləri ilə görüşdə vurğuladı:

Qəzzadakı vəhşiliklərə qarşı dayanmaq hamının vəzifəsidir

İslam İnqilabının Rəhbərinin iki gün əvvəl, yəni 22 ordibehişt 1404-cü il tarixində (12 may 2025-ci il) Təcili Yardım Şəhidlərinin Milli Konqresinin Təşkilat Komitəsinin üzvləri ilə görüşdə verdiyi bəyanat bu gün həmin tədbirin keçirildiyi məkanda yayımlandı.

Bu görüşdə təcili yardım işçilərinin insani xüsusiyyətlərin və insansevərliyin təcəssümü olduğunu deyən Həzrət Ayətullah Xamenei mədəniyyət formalaşdırılması vasitəsilə İran xalqının fədakarlıq və insansevərlik ruhiyyəsinin davam etdirilməsinin zəruriliyini vurğuladı: “Bu ruhiyyənin əks tərəfi sionist rejimin Qəzzada törətdiyi cinayətlər və vəhşiliklər, habelə Qərbin bu rejimə verdiyi dəstəkdir. Bu qəddarlıqlara və batil cəbhəyə qarşı dayanmaq isə hamının vəzifəsidir”.

Həzrət Ayətullah Xamenei Konqresin Təşkilat Komitəsinin təcili yardım şəhidləri ilə bağlı kitablar nəşr etdirilməsi, filmlər çəkilməsi və kompüter oyunlarının yaradılması kimi təşəbbüsləri barədə verdiyi hesabata işarə edərək dedi: “Bu gözəl və ruhlandırıcı əsərlərin hazırlanması təklikdə kifayət etmir, elə etmək lazımdır ki, bu məhsulların ən azı 20 milyon izləyicisi olsun”.

İnqilabın Rəhbəri qeyd etdi ki, təşəbbüskar və motivasiyalı gənclərin sənaye, siyasət, quruculuq, ədəbiyyat və incəsənət kimi müxtəlif sahələrə daxil olması ölkənin hazırki inkişaf və nailiyyətlərinin səbəbidir: “Əzmkar və motivasiyalı gənclər var olduqca ölkədə həyata keçirilə bilməyəcək heç bir iş yoxdur”.

Həzrət Ayətullah Xamenei dedi: “Təcili yardım işçiləri güllə yağışı altında özlərini qorumağı deyil, yalnız başqalarını xilas etməyi düşünürdülər. Onlardakı heyrətamiz fədakarlıq ruhiyyəsi elə bir həddə idi ki, bəzən hətta düşmənin yaralı əsirlərinə də kömək edirdilər. Bu davranış insanlığa yad olan dünyanın tam əksidir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Müqəddəs Müdafiə dövründə ön cəbhə xəttlərinə yaxın ərazilərdə yerləşən səyyari xəstəxanaların həkimləri və tibb bacılarının fədakar fəaliyyətlərini yalnız incəsənət dili ilə təsvir etmək mümkündür. O, İran övladlarının gördüyü böyük işlərin dünya ictimaiyyətinə tanıtdırılması sahəsində yol verilən səhlənkarlığı tənqid edərək əlavə etdi: “Tarixi və qəhrəmanları olmayan bəzi ölkələr özlərinin saxta qəhrəmanlarını böyük təbliğat və reaklamlar vasitəsilə təbliğ etdikləri halda, biz özümüzün həqiqi qəhrəmanlarımızı tanıtmalı və bunu ümumi bir mədəniyyətə çevirməliyik ki, yardım və köməyin həm islami, həm də insani bir vəzifə olduğu məlum olsun. Bu proses dayanmadan bütün nəsillərdə davam etdirilməlidir”.

İnqilabın Rəhbəri qeyd etdi ki, fədakarlıq və yardım ruhiyyəsinin tam əksi sionist cinayətkarların özünü təcili yardım maşınlarına hücum, xəstəxanaların bombalanması, müdafiəsiz xəstələrin və uşaqların qətlə yetirilməsində göstərən vəhşi xisləti və davranışdır: “Bu gün dünyanın idarəçiliyi bu insan surətində olan heyvanların əlindədir. İran İslam Respublikası bu vəhşiliklərə və qəddarlıqlara qarşı durmağı özünə vəzifə bilir”.

Həzrət Ayətullah Xamenei mülki şəxslərə qarşı törədilən cinayətlərə etiraz etməyin hər kəsin vəzifəsi olduğunu vurğuladı: “Bu vəzifə hissidir ki, hərəkətə və qəlblərdəki ümid çırağının yanmaqda davam etməsinə səbəb olur. Təbii ki, bu mövqe qərblilər kimi düşmənləri İran İslam Respublikasına qarşı çıxmağa vadar edib. Əgər biz onların vəhşiliyinə etiraz etməsək, bizimlə düşmənçilik etməyəcəklər”.

O bildirdi ki, Qərbin hegemonlarının əsas problemi onların batil mədəniyyətinin İran İslam Respublikası tərəfindən rədd edilməsidir: “Batil məhv və yox olmağa məhkumdur. Amma bu işin gerçəkləşməsi üçün hərəkət etmək və müqavimət göstərmək lazımdır. Batilin irəliləməsinə səbəb olan hərəkətsizlik, qaçma, gülümsəmə və batili tərifləməkdən çəkinmək lazımdır”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /