Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Təcili Tibbi Yardım şəhidlərinin xatirəsinə həsr olunmuş milli konqresin təşkilat komitəsinin üzvləri ilə görüşü zamanı etdiyi çıxışı

بسم‌اللّه‌الرّحمن‌الرّحیم. الحمد للّه ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین الهداة المهدیّین سیّما بقیّة اللّه فی الارضین

Rəhman və Rəhim Allahın adı ilə. (1)

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə, pak, məsum, hidayət edən və hidayət olunan, seçilmiş Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

Kollektivinizin həyata keçirdiyi bu mühüm işə görə sizə öz minnətdarlığımı bildirirəm. Başqa sözlə, uzun illər boyu həm Müqəddəs Müdafiə, həm də ondan sonrakı dövrlərdə təcili tibbi yardım sahəsinin şəhidləri üçün təşkil edilən anım mərasimlərinə görə təşəkkür edirəm. Olduqca vacib və mühüm bir iş görülüb. Və imid edirəm ki, bu iş öz istənilən effektini verəcəkdir, inşallah.

Cənab Kulivəndin bu gözəl məruzəsində qeyd etdiyi bu təşəbbüslər, həyata keçirilmiş bu işlər mütləq öz auditoriyası və dinləyicisini tapmalıdır. Sirf hansısa bir zəmində təşəbbüs göstərmək, gözəl bir obraz yaratmaq, ya yaxşı bir kitab yazmaq, ya da gözəl bir film çəkmək kifayət etməz. Bu dedikləriniz insanı vəcdə gətirir və çox yaxşı işlərdir. İntəhası, elə bir iş görməlisiniz ki, 80 milyonluq bir ölkədə 20 milyonluq bir auditoriyanız olsun. Yəni bu ideyanı, bu işi genişləndirməlisiniz. Mühüm olan budur. Yollarını tapmalısınız və siz bunu bacararsınız. Əgər gənclərimiz hal-hazırda infrostrukturu olan sahələrdə – infrostrukturu olmayan yerləri demirəm – dərindən düşünə bilsələr, ayrı-ayrı həll yolları və təşəbbüslər axtarıb tapsalar, sözsüz ki, ən yaxşı nailiyyətləri əldə edəcəklər. Biz bunu həm sənaye, ədəbiyyat və incəsənət sferasında, həm siyasət və quruculuq sferasında, həm də digər müxtəlif sferalarda sınamışıq.

Əgər gənclərimiz motivasiya və əzmlə işə girişərlərsə, qətiyyət göstərib işin arxasınca gedərlərsə, qeyri-mümkün olan heç bir iş olmaz. Ölkədə infrostrukturu olmayan yerlərdə belə, o infrostrukturu tədricən yaratmaq mümkündür. Bu gün ölkənin müxtəlif sektorlarında müşahidə etdiyiniz həmin o nailiyyətlərin heç birinin bir zamanlar milli infrostrukturu yox idi. Məsələn, hal-hazırda bizim şəhidlərimiz haqqında minlərlə oxunaqlı kitablarımız var. Həqiqətən də, maraqlı kitablardır; insan bunlardan istənilən birini oxuduqda nə qədər maraqlı olduğunun şahidi olur. Həqiqətən də, belədir. Halbuki inqilabdan əvvəl bizim incəsənət sahəsində bədii yaradıcılıqda fəaliyyətimiz üçün, xüsusilə də təhkiyə janır üçün zəmin yox idi. Olsaydı da, olduqca az, nadir və aşağı səviyyədə idi. Bu gün isə işin səviyyəsi yüksəkdir. Bu infrostrukturları bizim gənclərimiz, bizim sənət adamlarımız yaratdı. Odur ki, həm irəliləyə bilərsiniz, həm də həyata keçirə bilərsiniz, inşallah.

Təcili yardım işçiləri və onların üstün cəhətləri haqqında az danışılıb; inşallah, bundan sonra sizin bu katibliyin və həyata keçirdiyiniz bu işlər sayəsində sayı daha da çoxalar. Bu haqda mən qısaca danışmaq istəyirəm.

Döyüşçünün təlim və silaha ehtiyacı var. Amma ona bu təlimi, bu silahı verən şəxs bu xidməti bir qayda olaraq ona savaş meydanından kənarda göstərir. Bununla yanaşı döyüşçünün təcili yardıma, sarğıya, qanaxmasının dayandırılmasına, klinikaya və xəstəxanaya çatdırılmasına və s. yardımlara da ehtiyacı var. Döyüşçüyə bu xidməti göstərən, bu yardımı edən şəxs savaş meydanının tam ortasındadır. Bu iki növ yardım arasındakı fərq son dərəcə əhəmiyyətlidir. Təcili yardım işçiləri güllə və qəlpə yağışı altında başqasının həyatını xilas etməyi düşünür. Çünki bizim döyüşçümüzün iki vəzifəsi var: biri düşməni geri oturtmaq, digəri isə öz canını qorumaq. Amma bizim təcili yardım işçisi isə öz canını qorumağı düşünmür; o, başqalarını qorumaq, başqalarının həyatını xilas etmək üçün döyüş meydanına atılır. Bəzən döyüşçülərin xatirə dəftərlərində təcili yardım işçilərinin etdikləri yardımlar haqqındakı epizodları oxuyanda insan həqiqətən də, heyrətlənir! Təcili yardım işçilərinin o çətinliklərlə, o əziyyətlərlə etdikləri fədakarlıqları və gördükləri işləri mütləq insanlara anlatmaq lazımdır ki, bunları bilsinlər, anlasınlar.

Təcili tibbi yardım işçiləri haqqındakı digər bir məqam da budur ki, onlar insani xüsusiyyətlərin və insansevərliyin təcəssümüdürlər. Hətta biz bəzən təcili yardım işçilərinin əsir düşmüş və yaralı düşmənə də tibbi yardım göstərdikləri hallarla rastlaşmışıq. Bu çox mühüm bir işdir. Düşmən döyüş meydanına sizi öldürmək üçün gəlir. Bunun qarşılığında sizin də onu öldürmək istəməniz lazımdır. Amma bunun əksinə olaraq, siz təcili yardım çantasını çiyninizə salıb, ön cəbhəyə yaxın ərazilərə gedib orada səhra hospitalını qurub tibbi yardımla məşğul olursunuz. Əslində bu hərəkətinizlə dünyadakı insanlıqdan uzaq vəziyyətin tam əksinə davranıb, humanizim nümayiş etdirmiş olursunuz. Mən özüm ön cəbhənin yaxınlığındakı – indi ön cəbhədən neçə km uzaqlıqda olduğu yadımda deyil – səhra hospitalında yardımla məşğul olan, orada əməliyyat otağı quran həkimlərin, tibb bacılarının şahidi olmuşam. Onların bu hərəkəti insanı heyrətə salırdı. Düşmən güllələri və yaxın mənzilli minaatanları onların olduğu yerə qədər gəlib çatırdı və onlar bu güllələrin altında əməliyyat otağı qururdular! Bu, olduqca önəmli məqamdır. Müqəddəs Müdafiə dövründə hər an çantaları hazır olan həkimlər vardı. Hansısa hərbi əməliyyatın olacağını və əsgərlərin gedəcəyini onlara xəbər verər-verməz, telefonla evlərinə xəbər verib: “biz getdik”, – deyirdilər. Çantalarını alıb yola düşürdülər. Yəni bunlar həqiqətən də,  dillə deyilə biləcək şeylər deyildir. Bunları yalnız incəsənət vasitəsi ilə saxlamaq, təsvir etmək və çatdırmaq mümkündür.

Bu gün xalqımızın öz içərisindən baş qaldıran, bu xalqın övladlarının yaratdığı bu böyük hərəkatı, bu əhəmiyyətli hadisələri xalqımızın bilməsinə ehtiyac var; bunu bilməyə ehtiyac var. Amma biz bu sahədə bir az səhlənkarlıq etmişik, ona görə də bir çoxlarının bu həqiqətlərdən xəbərləri yoxdur. Və hələ bundan daha artığı, bu reallıqları dünyaya da çatdırmaqda səhlənkarlıq etmişik.  Baxırsan ki, bəzi ölkələrin ortabab qəhrəmanları var. Həmin qəhrəmanları necə də böyüdürlər, haqlarında kitablar nəşr edirlər, hekayələr, povestlər yazırlar. Bəzi ölkələrin heç qəhrəmanları da yoxdur, amma “qəhrəman” yaradırlar, tarixləri yoxdur, “tarix” yaradırlar. Bizim isə həm qəhrəmanlarımız var, həm tariximiz var, həm də şanlı keçmişimiz var. Odur ki, biz bu həqiqəti mütləq çatdırmalıyıq, mütləq göstərməliyik. Bu mühüm və vacib vəzifələrdən biridir. Bu, növbəti vəzifəmizdir, yəni həm tanımalıyıq, həm tanıtmalıyıq, həm də bunu ümumi mədəniyyətə, bir mədəniyyət normasına çevirməliyik. Başqa sözlə desək, məlum olmalıdır ki, yardım etmək həm İslami, həm də insani bir vəzifədir. Və bu iş gələcək nəsillərə də ötürülməli və daim davam etdirilməlidir. Bu isə sizin qrupların işidir. Ümid edirəm ki, bu konqres, bu anım mərasimləri bu kimi işlərin inkişafı və həyata keçirilməsi üçün yaxşı bir başlanğıc olacaqdır. 

Bu fədakarlıq ruhiyyəsini siz təcili tibbi yardım maşınlarını, xəstəxanaları, yaralıları bombalayan, öldürən, günahsız və müdafiəsiz uşaqları çəkinmədən qətl edən insanabənzər heyvanlarla müqayisə edin! Bu gün dünyanın idarəçiliyi belələrinin əlindədir. Bu gün İran İslam Respublikasının apardığı fəaliyyətlər, göstərdiyi dirəniş və  dəfələrlə adını hallandırdığı “yeni sivilizasiya” dünyadakı mövcud vəziyyət ilə mübarizə aparmaq üçündür. Kim iddia edə bilər, kim həqiqətən də inana bilər ki, bu vəhşiliklərin, bu qaniçənlərin qarşısında insanın heç bir vəzifəsi yoxdur?! Kim bunu deyə bilər? Hamımızın bir vəzifəsi var. Bu gün dünya idarəçiliyinin iddiasını edənlərin, yaxud dünya ölkələrinə hökumət edənlərin davranışları budur: uşaqları, yaralıları qətl etmək, xəstəxanaları dağıtmaq, mülki insanları bir göz qırpımında öldürmək. Yaxşı, əgər müharibə aparırsınızsa, bu savaş hərbi qüvvələr arasında olmalıdır. Bəzən hətta bu da ədalətli olmur, zalımcasına olur; yəni bu hərəkət zalımcasına atılmış bir addımdır. Amma nəticə etibari ilə müharibə hərbi qüvvələr arasında baş verir. Bəs dinc əhalini niyə öldürürsünüz? Niyə vurursunuz? Evləri niyə dağıdırsınız? Dünyanın idarəçiliyi bu gün bunların əlindədir.

Bu, bizim çiynimizə düşən həmin o böyük məsuliyyətdir. Bizi hərəkətə vadar edən bu məsuliyyət hissidir. Bu məsuliyyət hissidir ki, qəlbimizdəki ümid çırağını sönməyə qoymur. Və bu qalstuklu, odekolonlu, gözəl görünüşlü vəhşi qərbliləri İran İslam Respublikasına qarşı dirənməyə və düşmənçiliyə vadar edən daşıdığımız bu məsuliyyət hissidir. Problem bundadır. Başqa sözlə desək, əgər siz bu vəhşiliklərə qarşı çıxmasanız, onlarla anlaşsanız, hətta tərifləsəniz, sizinlə heç bir düşmənçilik etməzlər. Problem bundadır ki, siz bu batil mədəniyyəti rədd edirsiniz və siz haqlısınız, rədd də etməlisiniz.

İnşallah, bu batil yox olacaqdır. Batil qalıcı deyil, gedəsidir, şübhəsiz. İntəhası, bunun reallaşması üçün hərəkət etmək lazımdır. Belə deyil ki, batilin öz-özünə yox olub getməsini oturub gözləməliyik. Xeyr, Allah-Taala batilin yox olacağını dedikdə, bu ona qarşı dayandıqda, mübarizə apardıqda, əleyhinə çalışdıqda o qalıcı olmur, müqavimət göstərməyə gücü yetmir.

وَ لَو قاتَلَکُمُ الَّذینَ کَفَروا لَوَلَّوُا الاَدبارَ ثُمَّ لا یَجِدونَ وَلِیًّا وَ لا نَصیرًا

“Əgər (Məkkə əhlindən sonra) o kafirlər sizinlə döyüşə girişsəydilər, mütləq arxa çevirib qaçacaq, özlərinə nə dost, nə də havadar tapacaqdılar.” (2)

Əgər siz sinənizi sipər etsəniz, müqavimət göstərsəniz, sözsüz ki, arxasına baxmadan qaçacaq. Amma əgər dirənməsəniz, ya xoş üz göstərsəniz, ya üzünə gülümsəsəz, ya qarşısından qaçsanız, ya da etdikləri əməllərinə görə tərifləsəniz, onda yox olmayacaq, əksinə gündən-günə daha da arsızlaşacaq.

Ümid edirəm, Allah-Taala bu yolda sizə uğur bəxş edəcək, vəzifələrimizi dərk etməkdə, bu vəzifələrə əməl edə bilməkdə bizə kömək edəcək, inşallah.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
___________________
(1) Bu görüşün əvvəlində cənab Pirhüseyn Kuliəvəndi (Qızıl Aypara Cəmiyyətinin sədri) məruzə ilə çıxış etmişdir. 
(2) “Fəth” surəsi, 22-ci ayədən