Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Rəhbəri minlərlə müəllim və pedaqoqla görüşdə dedi:

Dövlətin təhsil və tərbiyəyə sərf etdiyi hər bir məbləğ sərmayə və iftixardır

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər minlərlə müəllim və pedaqoqla görüşdə müəllimin simasının layiqli şəkildə təsvir edilməsinin, ictimai fikirdə cazibədar, yüksək əhval-ruhiyyəli və sevilən bir müəllim obrazının yaradılmasının zəruriliyini, bunun üçün aidiyyəti qurumların bədii və media fəaliyyətinin zəruri olduğunu vurğuladı. O, Təhsil və Təlim-Tərbiyə Nazirliyinin bəzi vəzifələrinin digər qurumlara həvalə edilməsi ilə bağlı mövcud olan görüşlərin yanlış olduğunu vurğulayaraq dedi: “Təhsil və Təlim-Tərbiyə Nazirliyinin yeni strukturu elə tənzimlənməli və yenilənməlidir ki, elmli, imanlı, İransevər, zəhmətkeş və gələcəyə ümidli bir nəslin yetişməsi ilə nəticələnsin”.

Həzrət Ayətullah Xamenei ABŞ Prezidentinin son açıqlamalarına işarə edərək onun güc yolu ilə sülh yaradılması iddiasının yalan olduğunu bildirdi. O, ABŞ-nin ərəb ölkələrinə ABŞ-dən daimi asılılıqla şərtlənən bir model diqtə etdiyini vurğulayaraq dedi: “Heç şübhəsiz ki, bu model iflasa uğrayıb və region xalqlarının iradəsi sayəsində həm ABŞ bu bölgədən çıxacaq, həm də fəsad, müharibə və ixtilaflar səbəbi olan sionist rejim adlı xərçəng şişi kökündən yox ediləcək”.

O vurğuladı: “İslam Respublikası öz gücünü artıracaq və düşmənlərin acığına qat-qat böyük nailiyyətlər əldə edəcək”.

Həzrət Ayətullah Xamenei çıxışının əvvəlində bu görüşün müəllimlərə təşəkkür və müəllim məqamına hörmət məqsədi daşıdığını qeyd edərək təhsil sahəsinə sərf olunan hər bir xərcin, əslində, ölkənin gələcəyi üçün sərmayə yatırmı olduğunu vurğuladı: "Xoşbəxtlikdən hörmətli Prezident təhsil və təlim-tərbiyə məsələlərinə xüsusi diqqət göstərir. Hörmətli nazir də bu quruma aid məsələlərlə tanışlığı olan aparıcı rəhbərlərdəndir".

Yaxşı məqsədlərin və düşüncələrin gerçəkləşməsinin səbir və ciddi izlənmə ilə şərtləndiyini vurğulayan Həzrət Ayətullah Xamenei çıxışının davamında müəllimlərlə bağlı bir neçə nüansa aydınlıq gətirdi.

İnqilabın Rəhbəri müəllimlərə həm maddi dəstək göstərilməsi, həm də ictimai fikirdə təşəbbüskar, gözəl, yüksək əhval ruhiyyəli və sevilən bir müəllim obrazının yaradılmasının müəllimlərə hörmət göstərilməsi istiqamətində mühüm bir vəzifə olduğunu dedi: "Müəllimə hörmət, ehtiram və müəllim obrazının təsviri elə bir şəkildə olmalıdır ki, cəmiyyət müəllimi cazibədar, fəal, zəhmətkeş, məğrur və başıuca bir şəxsiyyət olaraq görsün. Müəllimlik peşəsi gənclərin ən çox sevdiyi peşələr siyahısının ön sıralarında yer almalıdır".

O, müəllim obrazının bu şəkildə təqdim edilməsində nağıl kitabları, filmlər və animasiyalar kimi media və incəsənət işlərinə ehtiyac duyulduğunu bildirdi: “Bu işlərin həyata keçirilməsi İRİB və Maarif Nazirliyi kimi təbliğat qurumlarının öhdəsinə düşür, əlbəttə, Təhsil və Təlim-Tərbiyə Nazirliyi də bu prosesdə iştirak etməlidir".

İnqilabın Rəhbəri digər nüansa aydınlıq gətirərkən müəllimlərin fəaliyyət və tədris işinin əhəmiyyətinin düzgün şəkildə dərk edilməsinin vacibliyini vurğuladı: “Müəllim təkcə dərslik kitabını öyrədən adam deyil, onun əxlaqı, davranışı, sinifdə özünü aparma tərzi, dərs keçmə keyfiyyəti, habelə təvazökarlıq və ya təkəbbür, yüksək əhval ruhiyyə və ya ruh düşkünlüyü kimi fərdi xüsusiyyətləri şagirdə və onun şəxsiyyətinin formalaşmasına, hətta ata və anasından da çox təsir göstərir. Əgər müəllim bu dərk və düşüncə ilə sinfə daxil olarsa, danışığına və davranışına xüsusilə diqqət yetirəcək".

Həzrət Ayətullah Xamenei başqa bir nüansdan danışarkən Pedoqoji Universitet və müəllim yetişdirən mərkəzlərin mühüm əhəmiyyət daşıdığını vurğuladı: “Bu universitet Təhsil və Təlim-Tərbiyə Nazirliyinə aiddir. Onun başqa qurumlara birləşdirilməsi barədə irəli sürülən fikirlər məqsədəuyğun deyil”.

O, Şəhid Rəisinin dövründə bu universitetə qəbulla bağlı meyarlar müəyyən edilməsinə işarə edərək vurğuladı: “Bu meyarların zəiflədilməsinə imkan verməyin. Bu universitet ehtiyac duyulan nümunəvi müəllim yetişdirə biləcək keyfiyyətdə olmalıdır”.

İnqilabın Rəhbəri çıxışının başqa bir yerində Təhsil və Təlim-Tərbiyə Nazirliyi ilə bağlı bir neçə mühüm nüansa toxundu.

Həzrət Ayətullah Xamenei birinci nüansı qeyd edərkən vurğuladı ki, Təhsil və Təlim-Tərbiyə Nazirliyi dövlətə aid bir dövlət qurumudur. İslam hökumətinin vəzifəsi şagirdlərin elmi, texniki, peşə və iman səviyyəsini inkişaf etdirməkdir: “Bəzən bəzi dairələrdə, hətta nazirliyin öz daxilində də Təhsil və Təlim-Tərbiyə Nazirliyinin bəzi şöbələrinin başqa qurumlara verilməsi ilə bağlı fikirlər səsləndirilir. Bu isə bir növ qəbuledilməz bir feodal sistemin yaradılması deməkdir”.

O, bu işi həyata keçirmək üçün təhsil və təlim-tərbiyənin böyük xərclər bahasına başa gəldiyini bəhanə edən yüksək rütbəli bəzi keçmiş rəsmilərin istəklərinə qətiyyətlə qarşı çıxdığını dedi: “Yeni nəsli intellektual və mədəni cəhətdən tərbiyə etmək dövlətin vəzifəsi və haqqıdır. Təhsil və Təlim-Tərbiyə Nazirliyi də dövlətə aiddir. Dövlət bu vəzifənin yerinə yetirilməsinə görə cavabdehlik daşımaqla yanaşı, təhsil, təlim-tərbiyə və onun inkişafına xərc çəkməklə qürur duymalıdır”.

6 yaşdan 18 yaşa qədər olan milyonlarla qız və oğlanın Təhsil və Təlim-Tərbiyə Nazirliyi ilə əlaqəsinin misilsiz bir fürsət olduğunu deyən Həzrət Ayətullah Xamenei belə bir sual səsləndirdi: “Əgər əhalinin belə böyük milyonluq hissəsi düzgün tərbiyə olunmasa, Allah və gələcək nəsillər qarşısında nə cavab verəcəyik?”

O, bu baxış bucağından çıxış edərək ikinci nüansa, yəni Təhsil və Təlim-Tərbiyə Nazirliyinin strukturunun yaxşılaşdırılması məsələsindən danışdı.

İnqilabın Rəhbəri vurğuladı ki, Təhsil və Təlim-Tərbiyə Nazirliyinin strukturu şagirdlərin elmi, mədəni və iman cəhətindən tərbiyə edilməsinə xidmət etməlidir. O, mövcud strukturun bu cəhətdən yetərli və səmərəli olmadığını bildirdi: “Yeddinci İnkişaf Proqramına əsasən, hökumətin qarşısında duran vəzifələrdən biri Təhsil və Təlim-Tərbiyə Nazirliyinin yeni təşkilati strukturunun layihələndirilməsidir. Bu işin tələblərə cavab verən islahatlar strategiyası ilə ən yaxşı şəkildə izlənməsi zəruridir”.

İnqilabın Rəhbəri Təhsil və Təlim-Tərbiyə Nazirliyində islahat sənədinə düzəliş edilməsinin və Şəhid Rəisinin vaxtından başlamış bu sənədin yol xəritəsinin dayandırılmamasının zəruri olduğunu dedi: “Yeni təhsil və təlim-tərbiyə strukturunu həm bu sistemdə işləmiş və onun mexanizmini dərindən bilən peşəkar, həm də dinə və ölkənin müstəqilliyinə sadiq olan insanlar hazırlamaladır ki, yeni struktur əsasında elmi, imanlı, İransevər, zəhmətsevər və gələcəyə ümidli gənclər və yeniyetmələr yetişsin”.

Həzrət Ayətullah Xamenei dərsliklərin əhəmiyyətinə və əvvəlki tövsiyələrinə işarə edərək dərsliklərə İslam alimlərinin adları və ya casus yuvası sənədlərinin bəzi vərəqləri kimi məsələlərin salınmasının lazımlı, amma yetərsiz olduğunu dedi: “Dərslik məzmun baxımından maraqlı və cəlbedici olmalıdır. Elmi cəhətdən ağır mövzular sadə və şirin dillə şagirdə ötürülməli, kitabın forması və dizaynı da estetik prinsiplərə uyğun hazırlanmalıdır. Halbuki hal-hazırda belə deyil”.

O vurğuladı: “Dərsliklərin hazırlanması ilə məşğul olan müəssisə və məsul şəxslər yüz faiz dini və siyasi imana, həmçinin İslam və İnqilab prinsiplərinə, İslam və İnqilab dəyərlərinə lazımi həddə bağlı olmalıdırlar”.

İnqilabın Rəhbəri bacarıqlı gənclərin iş bazarına daha tez daxil olmasına və gənclər arasında işsizliyin qarşısının alınmasına səbəb olan texniki və peşə təhsili mərkəzlərinin genişləndirilməsinin zəruri olduğunu dedi.

O, Təhsil və Təlim-Tərbiyə Nazirliyində diqqət yetirilməsi vacib olan başqa bir nüansa aydınlıq gətirkən dedi: "Ölkənin məsul şəxslərinin öz çıxışlarında daha çox diqqət yetirdikləri təhsildə ədalət məsələsi daim vurğulanan nüans olmuşdur. Əlbəttə, təhsildə ədalət üstün istedadlıların diqqətdən kənarda saxlanması demək deyil. Məsələn, Parlaq İstedadların Yetişdirilməsi Milli Təşkilatı və gənclərə köməklik göstərilməsi kimi fenomenə diqqət daha böyük sıçrayışlar istiqamətində ədalətə zidd deyil, əksinə, təhsil ədalətinin özüdür”.

Həzrət Ayətullah Xamenei Təhsil və Təlim-Tərbiyə Nazirliyi ilə bağlı sonuncu məqamı qeyd edərkən tərbiyə işləri üzrə müavinliyin diqqətdən kənarda qalması və yanlış arqumentlərlə onun keçmişdə ləğv edilməsi məsləsinə işarə edərək dedi: “Xoşbəxtlikdən, hal-hazırda tərbiyə məsələlərinə yaxşı diqqət yetirilir. Bu sahədə aparılan işlər ən yaxşı şəkildə həyata keçirilməli və davam etdirilməlidir”.

O, çıxışının son hissəsində ABŞ prezidentinin bölgəyə etdiyi son səfəri zamanı səsləndirdiyi bəzi fikirlərə toxunaraq bildirdi: “ABŞ prezidentinin bu səfər zamanı səsləndirdiyi bəzi fikirlər cavablandırılmağa dəyməyəcək qədər səviyyəsiz, onun özü və amerikalılar üçün biabırçılıqdır”.

İnqilabın Rəhbəri Trampın gücdən sülh üçün istifadə etmək istədiyini ifadə edən fikirlərinin yalan olduğunu dedi: “O və ABŞ hökumətləri gücdən nə vaxt sülh üçün istifadə ediblər? Onlar gücdən Qəzzada qətliam, mümkün olan hər yerdə müharibə törətmək və öz muzdurlarını dəstəkləmək üçün istifadə ediblər”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, gücdən sülh və təhlükəsizlik üçün istifadə etmək mümkündür: “Bu əsasla İslam Respublikası düşmənlərin acığına hər gün öz gücünü və ölkənin qüdrətini artıracaq. Amma onlar gücdən istifadə edib 10 tonluq bombaları sionist rejimə verdilər ki, Qəzzanın uşaqlarının, xəstəxanalarının, dinc əhalinin evlərinin üzərinə, eləcə də Livana və mümkün olan digər yerlərə yağdırsınlar”.

O, ABŞ prezidentinin daha öncə səsləndirdiyi: “ABŞ olmasa, region dövlətləri öz həyatlarını 10 gün belə davam etdirə bilməzlər” fikrinə işarə edərək dedi: “O, hal-hazırki sövdələşmələri və təkliflərində bu modeli onlara qəbul etdirməyə çalışır. Halbuki sözügedən model, heç şübhəsiz ki, iflasa uğrayıb. Bölgə xalqlarının iradəsi ilə ABŞ bu bölgədən getməlidir və gedəcəkdir”.

İnqilabın Rəhbəri vurğuladı ki, sionist rejim bölgədə fəsad, müharibə və qarşıqlıq səbəbidir: “Təhlükəli və ölümcül xərçəng şişi olan sionist rejim bu bölgədən mütləq təmizlənməlidir və təmizlənəcək”.

Həzrət Ayətullah Xamenei İran İslam Respublikasının bu enişli-yoxuşlu bölgədəki hərəkətinin əsasını təşkil edən dəyərlər sistemi və prinsiplərin bəlli və aydın olduğunu dedi: “Müasir İran keçmişlə müqayisə edilə bilməz. Allahın lütfü ilə düşmənlərin acığına və onların istəklərinin əksinə olaraq əziz İran inkişaf edib, bundan sonra da gənclərimiz özlərinin əməkdaşlığı ilə ölkənin dəfələrlə çox inkişaf etdiyini görəcəklər”.

Görüşün əvvəlində hesabat xarakterli çıxış edən Təhsil və Təlim-Tərbiyə naziri bu qurumun fundamental islahat sənədinin icrasında nəzərdə tutulan proqramlar və prioritetlər barədə məlumat verdi.

İslahat proqramlarının icrası və təhsil bərabərsizliyinin azaldılması məsələlərində Təhsil və Təlim-Tərbiyə Nazirliyinin Prezidentin xüsusi dəstəyindən yararlanması, peşə bacarıqları dərslərinin və əhalinin cari ehtiyaclarına diqqətin artırılması ilə dərs proqramlarının yenidən hazırlanması, dövlət məktəblərinin keyfiyyətinin yüksəldilməsinə təmərküzləşmə, pedoqoji mərkəzlərin elmi və infrastruktur standartlarının yaxşılaşdırılması, 85 min yeni müəllim və əməkdaşın işə qəbulu üçün icazənin alınması, imkanları aşağı olan bölgələrdə Parlaq İstedadların Yetişdirilməsi Milli Təşkilatı məktəblərinin əhatə dairəsinin genişləndirilməsi, sosial zərərlərin qarşısını alan ən mühüm mərkəz olan məktəblərin xüsusi roluna diqqət yetirilməsi cənab Əlirza Kazıminin bu görüşdə verdiyi hesabatın əsas mövzuları oldu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /