Rəhman və Rəhim Allahın adı ilə. (1)
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak, seçilmiş Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.
Əziz qardaş və bacılar, çox xoş gəlmisiniz! Hər il ölkənin möhtərəm müəllim və təhsil sahəsinin rəsmiləri ilə bu görüşü keçirməkdə məqsədimiz müəllimin məqamına olan hörmətimizi ifadə etməkdir. Başqa sözlə, bu görüşü keçirməklə və səsləndirilən fikirləri eşitməklə müəllim cəmiyyətinə olan öz hörmət və ehtiramımı bildirmək istəyirəm. Təbii ki, eyni zamanda bu görüş təhsil qurumunun bir sıra problemlərini gündəmə gətirmək üçün də bir fürsətdir. Allaha şükürlər olsun, məncə, cənab nazir təhsil qurumunun ən önəmli məsələlərini açıqladı. Allah-Taalaya şükür etməliyik ki, bu dönəmdə ələlxüsus möhtərəm Prezident (2) təhsil məsələlərinə xüsusi diqqət göstərir. Mən dəfələrlə demişəm ki, biz təhsil sisteminə nə qədər sərmayə yatırsaq, əslində bu, xərc deyil, investisiyadır; bu daha çox mənfəət əldə etmək üçün əvvəlcədən platforma yaratmaq kimidir. Xoşbəxtlikdən möhtərəm prezident bu düşüncəyə ürəkdən inanır. Hörmətli nazir də təhsil qurumunun aparıcı məsullarından biridir. O da təhsil sisteminə aid olan məsələlərlə tamamilə tanışdır. Bunlar bir fürsətdir. Bu fürsətlərin dəyərləndiriləcəyinə ümid edirəm.
Onun dediyinə görə, bir sıra işlərə start verilib, bəzilərinin də icrasına başlanılacaqdır. Mənim təkidim, tövsiyəm isə budur ki, işləri nəticəyə çatdırmağı öz qarşınıza prinsip olaraq qoyasınız. Mən həmişə ölkə rəhbərlərinə, vəzifəli şəxslərə bunu tövsiyə edirəm. Bura gələn məsul şəxslərin bir çoxu burada yaxşı danışır, yaxşı çıxışlar edirlər. Amma səsləndirilən həmin fikirlərin nəticəsi görünmür. Odur ki, nəzarət edin ki, təhsil qurumu ilə əlaqədar bu gözəl fikirlərin, yerində deyilmiş və tamamilə düzgün nəzərlərin hər biri izlənilərək həyata keçirilsin, reallaşdırılsın. Təbii ki, biz təhsil qurumunda qısa müddət ərzində reallaşacaq nəticələr axtarmırıq, təhsil qurumu təbiət etibarı ilə belə deyildir. Amma proses və metodlar nə etdiyimizi, hansı istiqamətdə irəlilədiyimizi bizə mütləq göstərməlidir.
Mən əvvəlcə müəllimlərlə bağlı bir neçə məqama toxunacağam, ardınca isə təhsil qurumu haqqında qeyd etdiyim bir neçə məqamı diqqətinizə çatdıracağam.
Müəllimlərlə bağlı birinci məsələ budur ki, ölkənin bütün qurumları müəllimə hörmət etməyə borcludur. Bu, kiçik və əhəmiyyətsiz bir məsələ deyil; iltifat deyil. Bu cür dəyərləndirmə ölkənin ümumi axarına öz təsirini qoyur. Müəllimə hörmət etmək vacibdir. Bu hörmət məişət, maddi və s. – onların qeyd etdiyi kimi – yardımdan tutmuş ictimai rəyin formalaşmasına kimi olan sferaları əhatə etməlidir. Yəni biz ictimai rəyin formalaşmasında bir sıra təşəbbüslər göstərməliyik ki, müəllim insanların gözündə gözəl, yüksək ruhiyyəli, sevimli bir obraza çevrilsin. Belə ki, əgər kimdənsə, yaxud hansısa bir gəncdən soruşulanda ki, “Siyahıdakı bu ixtisaslardan hansını seçərdin?”, o, müəllimlik peşəsini son sıraya qoymasın. Bəzən belə də olur. Müəllimlik peşəsi cəlbedici, cazibədar olmazsa, ixtisas axtarışında olan gənc məcbur qalmadıqca bu peşə haqqında qətiyyən düşünməyəcək. Biz bunun əksini etməliyik. Bu hörmət elə bir şəkildə təsvir olunmalıdır ki, ictimai düşüncədə müəllim şəxsiyyətinə olan maraq və istək, müəllim obrazının təsviri cazibədar olsun. İnsanlar müəllimi fəal, dinamik, yüksək ruhiyyəli, uğurlu, məğrur və başıuca bir şəxsiyyət olaraq görsün. Sözsüz ki, bütün bunları həyata keçirməyin yolları vardır. Deməklə, xatırlatmaqla bunlar həll olmur. Mütəxəssislər bir araya gələrək bu haqda fikirləşməlidirlər. Bunun üçün medianın, incəsənətin xidmətinə ehtiyac var. Qoy bu sahədə filmlər çəksinlər, kitablar nəşr etsinlər. Məsələn, bir şəhid haqqında kitab nəşr edirik, insanlar o kitabı oxuduqda həmin şəhidi sevdikləri kimi, bir müəllim haqqında da – məsələn, roman şəklində ¬– kitab nəşr edək ki, insan onu oxuduqda müəllimi sevsin. Animasiyalar, filmlər, seriallar və s. sahələrdə müxtəlif media işləri görülsün. Bunlar dövlət qurumlarının, teleradio şirkəti “Seda və Sima”nın, incəsənət qurumlarının, Mədəniyət və İrşad nazirliyi və digər təbliğat qurumlarının öhdəsinə düşür. Bu işlər mütləq görülməlidir. Bəs bu işləri kim izləməlidir? Təhsil nazirliyi. Təhsil nazirliyinin öhdəliklərindən biri bu işləri izləməkdir. Məqsəd isə şərəfli müəllim obrazının canlandırılması olmalıdır. Bu, birinci məsələ.
Əgər bu işləri lazımınca yerinə yetirə bilsək, ilk növbədə sinifdə tədrislə məşğul olan müəllim qürur hissi keçirəcək və o, daha yorğunluq hiss etməyəcəkdir. İkincisi, dediyim kimi, iş axtarışında olan istedadlı gəncin ağlına gələn ilk iş “müəllimlik” peşəsi olacaqdır. Beləliklə, təhsil sahəsinə istedadlı insanlar daxil olacaq və müəllimlik peşəsinin səviyyəsi yüksələcəkdir. Bu, müəllimlərlə bağlı bir məqam.
Növbəti məqam, məşğul olduğu işin əhəmiyyətini müəllimin özünün anlaması, dərk etməsidir. Artıq bu ünvan siz əzizlərimə və bütün ölkənin müəllimlərinə aiddir. Müəllim buna diqqət etməlidir ki, o, sinifdə şagirdə təkcə dərslik kitabını öyrədən bir şəxs deyil. Müəllim müxtəlif metodlarla, bilərəkdən və bilməyərəkdən öz şagirdinə təsir göstərir. Siz əxlaqınızla, davranışınızla, sinifdə özünü aparma tərzinizlə, şagird ilə rəftarınızla, dərsi necə tədris etməyinizlə, təvazökarlığınızla və ya təkəbbürlüyünüzlə, yüksək ruhiyyənizlə, əzmkarlığınız, ya da ruh düşkünlüyü və laqeydliyinizlə şagirdə təsir göstərirsiniz və onu təsir altına salırsınız. Gənclərin və yeniyetmələrin şəxsiyyətinin formalaşmasına təsir göstərən qüvvələrdən biri müəllimdir. Necə ki, ana-ata uşağa təsir göstərir, bəzi hallarda və müəyyən bir dönəmdə müəllim ata-anadan daha çox şagirdə təsir göstərir. Siz bu düşüncə ilə sinif otağına daxil olmalısınız və auditoriyanıza hansı təsiri qoyduğunuzu bilməlisiniz. Bu yanaşma təbii olaraq sizi öz davranışınıza, danışıq və rəftarınıza xüsusi diqqət yetirmənizə sövq edəcəkdir. Bu da digər bir məsələ.
Müəllimlər haqqında son olaraq deyəcəyim məsələ Pedaqoji Universitet və müəllim yetişdirən mərkəzlərlə bağlıdır. Əlbəttə, möhtərəm nazir izah etdi, bir sıra məsələlərə toxundu. Mənim də universitet məsələləri haqqında müxtəlif məlumatlarım var. Pedaqoji Universitet mühüm əhəmiyyət daşıyır: birincisi ona görə ki, Pedaqoji Universitet Təhsil Nazirliyinə aiddir. Bəzi toplantılarda bu universiteti hansısa başqa universitetə birləşdirmək haqqındakı irəli sürülən fikirlər məqsədəuyğun deyil. Bu universitet Təhsil Nazirliyinə aiddir və ona aid olaraq da qalmalıdır. Pedaqoji Universitet təsir dairəsi çox böyük olan qüvvələrin yetişdirildiyi bir mərkəzdir. Şəhid Rəisinin (Allah ondan razı olsun) dönəmində bu universitetə qəbulla bağlı bir sıra qaydalar, meyarlar qoyulmuşdu. Bu meyarların zəifləməsinə yol verməyin. Bu universitetdə iş keyfiyyəti elə olmalıdır ki, cəmiyyətdə “nümunəvi və ehtiyac duyulan müəllim” kadrının orada yetişdirilməsi həm mümkün olsun, həm də reallaşsın. Ona görə də bu universitet böyük əhəmiyyət daşıyır. Bu universitet elm, iman, əxlaq və davranış baxımından ən yaxşı müəllimlərin fəaliyyət göstərdiyi, get-gəl etdikləri yer olmalıdır. Bu universitetdə elmi, əxlaqi, ideoloji və mədəni cəhətdən görkəmli müəllimlər fəaliyyət göstərməlidirlər. Bu universitet çox mühüm bir yerdir.
Mən bu illər ərzində bu universitetin əhəmiyyəti üzərində dəfələrlə dayanmışam və yenə də israr edirəm ki, bu universitetin fəaliyyətinin zəifləməsinə imkan verməyin. Əlinizdən gəldiyi qədər Pedaqoji Universitetin fəaliyyətinin yaxşılaşmasına çalışın. Bu, müəllimlər haqqında.
Təhsil qurumu haqqında mən bəzi məqamları qeyd etmişəm. Əlbəttə ki, deyiləcək sözlər və ediləcək xəbərdarlıqlar bunlardan daha çoxdur. Amma mən hələlik burada qeyd etdiyim bir neçə məqamı diqqətinizə çatdıracağam.
Birinci məqam bundan ibarətdir ki, Təhsil Nazirliyi dövlətə aid bir qurumdur. Bilik, texnologiya, peşə, dini maarif və inanc baxımından gənc və yeniyetmələrin səviyyəsini artırmaq ən azı müəyyən bir mərhələyədək – məsələn, orta məktəbi bitirənə qədər – İslam Respublikasının vəzifəsidir. Bu, vəzifədir. Əvvəllərdən xatırladığım qədər bəzi dairələrdə, hətta təhsil qurumunun özündə belə, buranın bəzi bölmələrinin başqa qurumlara verilməsi ilə bağlı söz-söhbətlər gedirdi; başqa sözlə desək, yəni təhsil qurumunda feodal sistem yaradaq. Bu, qəbuledilməzdir. Nəticə budur ki, yeni nəslin intellektual və mədəni cəhətdən tərbiyə olunması dövlətə aiddir, dövlətin borcu və haqqıdır. Bu işi dövlət orqanları həyata keçirməlidir.Təhsil qurumunu standartlara, dəyər və prinsiplərə əsasən qurmalı və ölkə gənclərini yönləndirməlidirlər. Bizim təhsil qurumunda hansısa siyasi tendensiyanı hakim mövqeydə qərarlaşdırmağımız düzgün deyil. İllər əvvəl bəzi yüksək vəzifəli şəxslər dəfələrlə yanıma gələrək bu mövzuda mənə israr edirdilər. Gətirdikləri dəlilləri də bundan ibarət idi ki, təhsil qurumuna ayrılan büdcə çox olduğu üçün dövlətə ağırlıq edir. Halbuki təhsil qurumu dövlətin iftixarıdır. Dövlət təhsil qurumuna nə qədər vəsait xərcləyə bilirsə, bununla fəxr etməlidir. “Təhsil qurumunun məsrəfi çoxdur” deyə, biz təhsil qurumunu dövlətin əlindən almalıyıq? Razılaşmağım üçün mənə israr edirdilər, mən isə qəti şəkildə rədd etdim. Əgər təhsil sistemi strukturu daxilindəki qərarverici instansiyalarda belə bir düşüncədə olan şəxslər varsa, mütləq öz düşüncələrini dəyişməlidirlər. Təhsil qurumu dövlətə məxsusdur, dövlətə aiddir, dövlətin əsasıdır. Odur ki, bu məsələdə dövlət həm borcludur və mütləq cavabdehlik də daşımalıdır, həm də ölkədə yaxşı bir təhsil qurumu yarada bilib inkişaf etdirməklə qürur duymalıdır. Bu, birinci məqam.
İkinci məqam, Təhsil Nazirliyinin idarəçilik üsulu ilə bağlıdır. Mənim əzizlərim! Altı yaşından on səkkiz yaşına kimi milyonlarla qız və oğlan təhsilə cəlb olunurlar, təhsil qurumunun ixtiyarında olurlar. Əgər bu yeni nəsil, bu milyonlarla nəhəng cəmiyyət yaxşı tərbiyə olunmazsa, biz Allah-Taalanın və gələcək nəsillərin qarşısında nə cavab verəcəyik? Təhsil qurumunun idarəçilik üsulu elə olmalıdır ki, onları elmi (faydalı elm), mədəni, dini və mənəvi baxımdan sözün həqiqi mənasında yetişdirsin. Əlbəttə, burada bir sərgi təşkil olunmuşdu; cənablar hazırlamışdılar. Mən görüşə gəlməmişdən əvvəl baxdım və gördüm ki, xoşbəxtlikdən bu qurumda görülməsi lazım olan bəzi məsələlərə diqqət yetirilib. Məsələ diqqətlə izlənilməlidir. Təhsil qurumundakı mövcud və keçmiş idarəçilik üsulu buna cavab vermir. “Yeddinci İnkişaf Proqramı”na əsasən hökumətin qarşısına qoyulan vəzifələrdən biri Təhsil Nazirliyinin yeni idarəçilik üsulunun layihələndirilməsi ilə bağlıdır. Bu, vəzifələrdən biridir. Müəyyən işlər görülmüşdür və görülməkdədir də. Bunu dəyərləndirin. İran İslam Respublikasının özünəməxsus hərtərəfli idarəçilik metodlarına ehtiyacı var. Bu optimal, lazımlı və ehtiyac duyulan təhsil modelini islahat və tələblərə uyğun olaraq ən yaxşı şəkildə izləyərək mütləq nəticəyə çatdırın.
Əlbəttə, eşitdiyimə görə, “təhsildə islahatlar haqqında qanuna dəyişikliklər layihəsi” hazırda gündəmdədir, üzərində işlənilir. Çox yaxşı. Həm bu layihə çərçivəsində sözün həqiqi mənasında dəyişikliklər edin, həm də həmin sənədin icrası üçün yol xəritəsinin hazırlanması prosesinin yarımçıq qalmasına, dayandırılmasına imkan verməyin. Şəhid Rəisinin hökuməti dönəmində bu işə başlamışdılar; yol xəritəsinin icrasına dair xəbərdarlıqlar edilmişdi, izlənilmişdi və bir sıra işlər görülmüşdü. İş məharət və məsuliyyətlə görülməlidir. Yəni təhsil qurumunun müvafiq strukturunu hazırlayanlar bilməlidirlər ki, (işin irəliləməsi üçün) bu xüsusiyyətlərə ehtiyac var: bu şəxslər ilk növbədə peşəkar, təhsil qurumuna bağlı biri olmalı və bu sistemi dərindən bilməlidirlər. İkincisi, məsuliyyətli olmalıdırlar; dinə, ölkənin suverenliyinə qarşı məsuliyyət hissi keçirməlidirlər. Bu yeni metod bizim gənc və yeniyetmələrimizi elmli, imanlı, iransevər, zəhmətkeş, gələcəyə ümidli yetişdirməlidir. Bu işi bu şəkildə həyata keçirməlidirlər.
Digər bir məqam dərslik haqqındadır. “Müəllim” və “dərslik” əslində bu iki amil birlikdə təhsil qurumunda həlledici rol oynayır. Dərslik olduqca önəmlidir. Mən indiyə qədər dərsliklə bağlı – həm müəllimlərlə olan bu kimi ümumi görüşlərdə, həm də keçmiş Təhsil Nazirliyinin rəsmiləri ilə keçirdiyim xüsusi toplantılarda – dəfələrlə tövsiyələr vermişəm, israr etmişəm. Bəzi işlər görüblər. Məsələn, İslam alimlərindən bəzisinin adını kitaba əlavə ediblər, ya da mənim xəbərdarlığımdan sonra cəsus yuvasının sənədlərindən bir neçə vərəq kitaba artırıblar. Bunlar yetərli deyil. Bu işlər lazımlıdır, amma kifayət deyil. Kitab şagirdi tərbiyə etməli, yetişdirə bilməlidir. Bunun üçün ilk növbədə kitab cəlbedici olmalıdır. Əgər siz həm ibtidai, həm də orta məktəbin gənc və yeniyetmə şagirdlərinə müraciət etsəniz, görərsiniz ki, dərs kitabları onlar üçün maraqlı və cəlbedici deyil. Odur ki, məzmun maraqlı olmalıdır. Başqa sözlə desək, elmi cəhətdən ən çətin mövzuları ən maraqlı, sadə üsullarla başa salmaq mümkündür. Belədir. Ömrümüz öyrətmək, dərs demək, dinləmək və bu kimi işlərlə keçib. Ən çətin elmi mövzuları sadə, maraqlı və dinləyicinin bəyəndiyi şəkildə anlatmaq mümkündür. Bu, dərsliyin məzmunu haqqında.
Növbəti məsələ dərslik kitablarının üz qabığının dizaynı haqqındadır. Kitabın formatı, üz qabığı zövqlə, yaradıcılıqla, gözəl və estetik prinsiplərə uyğun hazırlanmalıdır. Halbuki hazırda bu belə deyil. Hazırkı dərslik kitablarımızın üz qabığının dizayn və formatı cəlbedici deyildir. Bəs mühüm olan məsələlərdən biri də dərslik məsələsidir. Deməli, məsələlərdən biri də kitabdır. Kitabları hazırlayan şəxslər, kitabların mövzularını hazırlayanlar müəssisələr yüz faiz dini və siyasi inanca, İslam və İnqilabın prinsiplərinə, əsaslarına və dəyərlərinə lazımi həddə bağlılığa sahib olmalıdırlar. Belə şəxslər gəlib kitabları tənzimləməlidirlər. Bu da digər bir məqam.
Digər bir neçə məqam da var ki, mən onlar haqqında çox təfərrüata varmaq istəmirəm. Daimi tövsiyələrimdən biri olan texniki-peşə təhsili ixtisaslarının sayına gəlincə isə bir az əvvəl qeyd etdilər ki, bu rəqəmi 50%-ə çatdırmaq istəyirlər. Bu, yaxşıdır. Amma həm bu texniki-peşə ixtisaslarının sayını, həm bu sahədə çalışan, təhsil alan, zəhmət çəkən, əmək bazarına daha tez daxil ola biləcək, bu bazara daha çox faydası toxunacaq şəxslərin sayını və həm də gənclər arasında işsizliyin qarşısının alınmasına səbəb olacaq məsələləri ciddi şəkildə izləyin.
Digər bir məqam da “təhsildə ədalət prinsipi”nin əhəmiyyəti ilə bağlıdır. Allaha şükürlər olsun ki, bu söz ölkə rəsmilərinin dilində tez-tez səslənir. Mənim “təhsildə ədalət prinsipi” məsələsinə dərin inamım var. Amma bunu nəzərə alın ki, “təhsildə ədalət prinsipi” dedikdə, bu bizim üstün istedadları diqqətdən kənarda saxlamaq anlamına gəlməməlidir. Bəziləri “təhsildə ədalət” anlayışını səhv başa düşürlər. Məsələn, “Parlaq İstedadların İnkişafı üzrə Milli Təşkilat” kimi fenomenə ölkənin ehtiyacı var. Ölkə bu kimi fenomenlərə ehtiyac duyur. Siz istedadlı gəncləri axtarıb tapmalı, onlara istedadlarına uyğun yardım etməlisiniz ki, onlar inkişaf edərək daha da yüksəlsinlər. Bəziləri digərlərinə görə daha çox hərəkət edə bilir; daha az vaxt sərf etməklə, zehinlərində elmə daha çox yer ayıra bilirlər. Belələrini buraxmaq olmaz. Belələrini məcbur etmək olmaz ki, onlar da eyni ümumi axınla hərəkət etsinlər. Xeyr, bu heç də təhsil ədalətinə zidd addım deyil. Ədalət “hər şeyi öz yerinə qoymaq” deməkdir. Ədalətin mənası budur. Daha çox öyrənmək qabiliyyəti olanlara daha çox öyrətmək ədalətdir. Əgər siz öyrənmə qabiliyyəti çox olana az öyrətsəniz, o zaman ədalətə zidd hərəkət etmiş olarsınız.
Sonuncu məqam isə “tərbiyə işləri üzrə müavin” məsələsi ilə bağlıdır. Bu mənim hər zaman dediyim sözdür və hər zaman israr etdiyim məsələdir. Bəziləri səhlənkarlıq üzündən, diqqətsizlik ucbatından bir müddət “tərbiyə işləri üzrə müavin” məsələsinə etinasız yanaşdılar. Bununla bağlı bir sıra yanlış arqumentlər də açıqlamışdılar ki, rədd edilmişdi. Xöşbəxtlikdən bu gün cənab nazir “tərbiyə işləri üzrə müavin” və bu kimi məsələlər haqqında açıqlamalar verdi. İnşallah, bu məsələni izləyin və ən yaxşı şəkildə həyata keçirin. Bunlar təhsil qurumu haqqında.
Bir neçə cümlə də bu son günlərdə regional və beynəlxalq arenada açıqlanan siyasi danışıqlar haqqında demək istəyirəm. Amerika prezidentinin regiona son səfəri zamanı səsləndirdiyi bəzi sözlər heç cavablandırmağa belə layiq deyil. Dediyi söz o qədər səviyyəsizdir ki, bununla həm danışanın özünün, həm də Amerika millətinin utancına səbəb olur. Bunlarla işim yoxdur. Amma bir-iki cümlə üzərində dayanmaq istəyirəm.
Tramp dedi ki, “Sülh yaratmaq üçün gücdən istifadə etmək istəyir”. Yalan dedi. O və Amerika rəsmiləri, Amerika hökuməti Qəzzanı qətliam etmək üçün, istədikləri yerdə müharibəni qızışdırmaq və öz muzdurlarını dəstəkləmək üçün gücdən istifadə etdilər. Onlar bunun üçün gücdən istifadə etdilər. Onlar nə vaxt sülh yaratmaq üçün gücdən istifadə ediblər? Bəli, gücdən sülh və təhlükəsizlik yaratmaq məqsədi ilə istifadə etmək mümkündür. Elə buna görə də “düşmənlərə göz dağı olsun” deyə, biz hər gün özümüzün və ölkəmizin güc-qüdrətini artıracağıq, inşallah. Amma onlar belə etmədilər. Onlar gücdən istifadə edərək on tonluq bombaları sionist rejimə verdilər ki, bu bombaları Qəzza uşaqlarının, xəstəxanaların, dinc əhalinin evlərinin üzərinə, eləcə də Livana və mümkün olan hər yerə atsınlar. Bu bir məsələ.
Amerikanın prezidenti bu ərəb ölkələrinə bir format təklif edir ki, onun təbirincə bu ölkələr bu formatla Amerika olmadan on gün belə yaşaya bilməz. Belə də dedi. Dedi ki, “Amerika olmazsa, bunlar on gün belə öz hakimiyyətlərini saxlaya bilməzlər”. Bunları hakimiyyətdə saxlayan Amerikadır. İndi də öz sövdələşmələrində, davranış və təkliflərində həmin formatı yenidən onlara diktə edir, zorla qəbul etdirməyə çalışır ki, onlar Amerikasız yaşaya bilməzlər. Heç şübhəsiz, bu format uğursuzluğa uğrayıb. Region xaqlarının əzmi, iradəsi sayəsində Amerika bu bölgədən çıxmalıdır və çıxacaq da! Sözsüz ki, bu regionda fəsadın, döyüş və qarışıqlıqların səbəbkarı sionist rejimidir. Bu regionun təhlükəli və ölümcül xərçəng şişi olan sionist rejimi mütləq kökündən qopardılmalıdır və qopardılacaq da.
İran İslam Respublikasının konkret prinsipləri, mənəvi dəyərlər sistemi var. Ətrafımızda baş verən bütün bu enişli-yoxuşlu proseslərə baxmayaraq, İran İslam Respublikası bu prinsiplərə arxalanaraq ölkəni inkişaf etdirmişdir. Bugünkü İran 30 il, 40 il, 50 il bundan əvvəlki İran deyil. Bu gün Allahın yardımı və lütfü sayəsində, düşmənlərin acığına, digərlərinin istəklərinin əksinə olaraq, İran inkişaf edib və bundan sonra daha da inkişaf edəcəkdir, inşallah. Bunu hamı görəcək; gənclərimiz bunu ən yaxşı şəkildə görəcək və inşallah, hamı arzuolunan İran İslam Respublikasının qurulmasında əməkdaşlıq edəcəkdir.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
_____________________
(1) Görüşün əvvəlində cənab Əlirza Kazimi (Təhsil Naziri) hesabatla çıxış etmişdir.
(2) Cənab Məsud Pezeşkian