Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbəri Şəhid Rəisi və digər xidmət şəhidlərinin ailələri ilə görüşdə:

Şəhid Rəisinin xidmətləri İran xalqının etibar, milli qürur və izzət mənbəyi idi

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər şəhid Rəisi və digər xidmət şəhidlərinin, habelə son onilliklərdə şəhid olmuş məsul şəxslərin ailələri ilə görüşdə şəhidlərin anılmasının və hörmətlə yad edilməsinin əsas məqsədinin düşünmək və dərs almaq olduğunu dedi.

O, şəhid prezidentin qəlbi, dili və əməli xüsusiyyətlərindən söz açaraq bildirdi: “Əziz Rəisi ilahi hökumət rəhbərinə xas olan xüsusiyyətlərin kamil nümunəsi idi.  O, yorulmaz səyləri ilə xalqa, millətin qüruruna, izzətinə və etibarına xidmət göstərdi. Bu yol və davranış bizim bütün məsul şəxslərimiz, gənclərimiz və gələcək nəsillər üçün böyük bir dərsdir”.

Həzrət Ayətullah Xamenei habelə dolayı müzakirələrin amerikalı tərəfinə cəfəngiyyat danışmaması ilə bağlı xəbərdarlıq etdi: “Amerikalıların “İrana zənginləşdirmə icazəsi vermərik” tipli sözləri çox böyük səhvdir. İslam Respublikası özünün bu sahədəki siyasətini və yolunu davam etdirəcək”.

Dövlət rəsmilərindən bir qrupunun da iştirak etdiyi bu görüşdə o, keçən il 30 ordibehişt (19 may) faciəsində şəhid Rəisi ilə birlikdə Allah dərgahına ucalmış şəhid Ali-Haşim, şəhid Əmir Abdullahiyan, şəhid olmuş uçuş heyəti, Şərqi Azərbaycan valisi və Mühafizə Komandanını ehtiramla yad edərək dedi: “Firon hakimiyyətindən uzaq durub ilahi hakimiyyət yolunda hərəkət etmək ölkə idarəçiliyi istiqamətində mühüm bir meyardır və şəhid Rəisi bunun tam nümunəsi idi”.

İnqilabın Rəhbəri Quran ayələrinə istinad edərək bildirdi: “Özünü üstün tutub xalqı alçaltmaq və öz məsuliyyətini xalqın kürəyinə yükləmək firon hökumətinə xas olan xüsusiyyətlərdəndir. Şəhid Rəisi isə bu xüsusiyyətlərin tam əks mövqeyində idi. O özünü xalqın sırasında, bəzən isə onlardan daha aşağıda görür və bu baxışla ölkəni idarə edirdi”.

Ali Rəhbər bütün gücünü Allahın bəndələrinə xidmətə sərf etmək və məsuliyyətdən irəli gələn siyasi və ictimai mövqedən hər növ sui-istifadənin yolverilməzliyinin Şəhid Rəisinin böyük dərsi olduğunu dedi: “İslam dövlətində belə xüsusiyyətlərə malik insanlar az deyil, bu xüsusiyyətlər və dərslər ümumi bir mədəniyyətə çevrilməlidir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, hər bir insanın qəlbi, dili və əməli onun şəxsiyyətini səciyyələndirən 3 əsas komponentdir: “Rəisi itaətkar və Allahı zikr edən bir qəlb, açıq və düzgün bir dil, daimi və yorulmaq bilməyən əməl sahibi idi”.

O qeyd etdi ki, dua, təvəssül və Allahla ünsiyyət rəhbər olduğu və olmadığı bütün dövrlərdə əziz Rəisiyə xas olan xüsusiyyətlər idi: “Onun qəlbi xalqa qarşı sevgi ilə dolu idi. Xalqın gözləntilərindən şikayətlənməzdi və ya ona qarşı bədbinlik hiss etməzdi, daim üzərinə düşən ağır vəzifələri yerinə yetirmək qayğısı çəkərdi. Yəni onun qəlbi Allahla və xalqla idi, İslami vəzifələri yerinə yetirmək narahatlığı çəkirdi”.

İnqilabın Rəhbəri qeyd etdi ki, Rəisinin məhkəmə sisteminə rəhbərlik və prezident seçkilərində iştirak etmə qərarını qəbul etməsinin yeganə məqsədi ilahi vəzifəni yerinə yetirmək olmuşdur: “Çoxları vəzifələrini yerinə yetirmək niyyətində olduqlarını deyirlər, amma biz bu xüsusiyyəti Rəisidə görürdük”.

O, Şəhid Rəisinin daxildə, hətta diplomatiya sahəsində də şəffaf və dürüst olduğunu dedi: “Rəisi şəffaf mövqe tutur və düşmənin İranı hədə-qorxu, şirnikləndirmə və hiylə ilə danışıqlar masasına gətirdiyini iddia etməsinə imkan vermirdi”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, qarşı tərəfin birbaşa danışıqlarda israrlı olmasının əsas məqsədi İranı bir növ təslim olmuş kimi göstərməkdir: “Şəhid Rəisi bu icazəni onlara vermədi. Onun dövründə də indiki kimi nəticəsi olmayan dolayı danışıqlar aparılırdı. İndi də bu danışıqların nəticə verəcəyini güman etmirik və nə olacağını bilmirik”.

İnqilabın Rəhbəri dolayı danışıqlarda amerikalıların cəfəngiyyat danışmaqdan çəkinməli olduğunu vurğulayaraq dedi: “Amerikalıların “İrana zənginləşdirmə icazəsi verməyəcəyik” tipli sözləri çox böyük səhvdir. Ölkədə heç kəs onun-bunun icazəsini gözləmir. İslam Respublikası özünün bu sahədəki siyasətini və yolunu davam etdirəcək”.

O, habelə amerikalılar və bəzi qərblilərin İranda zənginləşdirilmənin həyata keçirilməməsi ilə bağlı israrlarına işarə edərək dedi: “Onların bu israrının əsl məqsəd və niyyətinin nə olduğunu başqa bir vaxt xalqımıza açıqlayacağam”.

Həzrət Ayətullah Xamenei Şəhid Rəisinin şəffaf və dürüst davranışına işarə edərək dedi: “Bu davranışın əhəmiyyətini anlamaq üçün onu Qərb ölkələrinin bəzi məsul şəxslərinin yalançı çıxışları ilə müqayisə etmək lazımdır. Onların sülh və insan haqları barədəki qışqırıqları dünyanın qulağını kar edib. Amma Qəzzada 20 mindən çox məzlum uşağın öldürülməsinə göz yumur və cinayətkarlara kömək edirlər”.

İnqilabın Rəhbəri Şəhid Rəisinin əməli və işgüzar fəaliyyətlərdəki aktivliyi onun üstün cəhətlərindən başqa bir yönü olduğunu dedi: “Şəhid Rəisi özünü tamamilə iş və fəaliyyətə həsr etmişdi. O, keyfiyyətli və davamlı iş və xidmət yolunda yorulmaq bilmir, gecə-gündüz tanımırdı. Hətta dəfələrlə ona gərgin iş rejiminin sağlamlığına zərər verəcəyindən ehtiyatlı olmasını tövsiyə etsək də, o, işdən yorulmadığını deyirdi”.

O bildirdi ki, Şəhid Rəisinin su təchizatı, yol tikintisi, iş yerlərinin yaradılması, fəaliyyətini dayandırmış və bağlanmış istehsal müəssisələrinin yenidən işə salınması, yarımçıq qalmış və təxirə salınmış layihələrin təkmilləşdirilməsi kimi müxtəlif xidmətləri xalqın açıq şəkildə hiss etdiyi birbaşa xidmətlər idi: “Şəhid Rəisi həm də ölkənin nüfuzu, milli qüruru və etibarına xidmət göstərmiş, onu ucaltmışdır”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, beynəlxalq maliyyə mərkəzlərinin verdiyi hesabata əsasən, 13-cü hökumətin əvvəlində İranda iqtisadi inkişaf artımı sıfıra yaxın rəqəmlə ifadə edildiyi halda, hökumətin sonuna yaxın bu rəqəmin təqribən 5 faizə çatması milli qürur, milli izzət səbəbi və ölkənin inkişafının göstəricisidir.

“Şəhid Rəisinin BMT Baş Assambleyasında Qurani-Kərimi və şəhid general Süleymaninin şəklini əlində tutub havaya qaldırması da İran xalqını ucaldan mühüm addımlardan idi”.

O, çıxışını bir növ yekunlaşdırarkən Şəhid Rəisi və onun gənc həmkarlarının davranışlarında İnqilabın ilk illərində şəhid olmuş məsul şəxslərin, o cümlədən Şəhid Rəcainin gənc həmkarlarının nuraniyyəti, ruhiyyəsi, motivasiyası və məsuliyyət hissinin yenidən canlanması və təzahür etməsinin İnqilabın gücünü göstərən çox qiymətli bir amil olduğunu dedi: “İnqilab vasitəsilə fədakar və bacarıqlı insanların yetişməsinin davam etməsi Böyük İmamın ən böyük zəfəridir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, 30 ordibehişt (19 may) faciəsində şəhid olmuş uçuş heyətinin üzvləri İnqilab qələbə çaldığı vaxt ya gənc və yeniyetmə idilər, ya da hələ dünyaya gəlməmişdilər. Bu gənclər və ölkənin ayrı-ayrı yerlərində yüz minlərlə digər gəncin yetişməsi İslam İnqilabının imtiyazıdır: “Bu, 40 il bundan əvvəl 90 yaşlı Şəhid Ayətullah Əşrəfi İsfahaninin şəhid olduğu eyni yolda Arman Əliverdi kimi 19 yaşlı gənci könüllü edə bilən İslam İnqilabının qüdrətidir”.

O, belə davamlı səfərbəredici güc və qüdrətə malik olan bir inqilabın məğlubedilməz olduğunu vurğuladı: “Biz bu İnqilabın, onun insan yetişdirən gücünün, ondan qaynaqlanan nailiyyətlərin və İran xalqının böyük hərəkətinin qədrini bilməli, İran xalqının bu əbədi dərsinin bəşəriyyət və digər xalqlar üçün də gerçəkləşməsi və sabitləşməsi üçün Allahdan bu yolun davamlılığına kömək etməsini diləməliyik”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /