Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Şəhid Rəisi və xidmət şəhidlərinin ailələri ilə görüşü zamanı etdiyi çıxış

Rəhman və Rəhim Allahın adı ilə.

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak, seçilmiş, məsum və möhtərəm Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

Bu məclis əziz şəhidimiz, şəhid prezidentimiz, mərhum cənab Rəisi və onunla birlikdə bu acı hadisədə şəhid olan digər xidmət şəhidlərimizin xatirəsinə həsr olunub; şəhid Ali Haşim (1), şəhid Əmir Abdullahian (2), uçuş heyətinin şəhidləri (3), Azərbaycanın hörmətli ostandarı (4), mühafizə xidmətinin komandiri (5). Bütün bu heyət belə bir gündə həqiqətən də İran xalqını dərin kədərə qərq etdi.

İnsan həyatında acılı-şirinli hadisələr bir-birinin ardınca, durmadan ötüb keçməkdədir. Burada önəmli olan budur ki, bunları düşüncə obyektinə çevirək və bu hadisələrlə əlaqədar tarixdən, öz keçmişimizdən, eləcə də bu hadisənin özündən dərs alaq. Mən şəhid Rəisi haqqında bəzi məsələləri diqqətinizə çatdıracağam. Amma bu çıxışımda məqsəd təkcə onu təqdir etmək deyil. Bəli, deyəcəklərimlə bu əziz şəhidi təqdir edəcəyəm, amma bu çıxışımın məqsədi təkcə onu dəyərləndirmək deyildir; məqsədim bu hadisədən dərs almaqdır. 

Hamı – gələcək nəsillərimiz, gənclərimiz, bu ölkəni idarə edəcək və bu xalq üçün çalışacaq gələcək məsullarımız – qoy eşitsinlər, bilsinlər və görsünlər ki, bu cür yaşamağın xalqın ruhiyyəsinə, ölkənin gələcəyinə, ölkənin vəziyyətinə nə qədər təsiri vardır. Bunlar dərsdir.

Şəhid Rəisi haqqında ilk deyəcəyim budur ki, o bu mübarək ayənin kamil nümunəsi idi: 

تِلکَ الدّارُ الآخِرَةُ نَجعَلُها لِلَّذینَ لا یُریدونَ عُلُوًّا فِی الاَرضِ وَ لا فَسادًا

“Biz o Axirət yurdunu yer üzündə təkəbbürlük etmək və fitnə-fəsad törətmək istəməyənlərə nəsib edirik ...” (6)

Bu özəllik, ölkənin idarə olunması üçün mühüm bir meyardır:

لا یُریدونَ عُلُوًّا فِی الاَرض

Yəni yer üzündə təkəbbürlük etmək istəməyənlər. Bu ayə “Qəsəs” surəsinin sonunda gəlmişdir, surənin əvvəlində isə buyurulur:

اِنَّ فِرعَونَ عَلا فِی الاَرض

“Həqiqətən, Firon yer üzündə baş qaldırmışdı ...” (7)

Sözügedən ayənin əks tərəfi budur; o, təkəbbür sahibi idi:

اَ لَیسَ لی مُلکُ مِصرَ وَ هٰذِهِ الاَنهارُ تَجری مِن تَحتی

“Ey qövmüm! Məgər Misir səltənəti, altımdan (saraylarımın altından) axıb gedən bu çaylar mənim deyilmi?!” (8)

Özünü digərlərindən üstün tutmaq, öz yükünü insanlara yükləmək, başqalarına yuxarıdan aşağı baxmaq və s. bunlar Firon hakimiyyətinin xüsusiyyətlərindəndir.

Bunun əks tərəfində isə İlahi hökumətin xüsusiyyəti dayanır:

لا یُریدونَ عُلُوًّا فِی الاَرض

“Yer üzündə təkəbbürlük etmək istəməyənlər ...”

Bu ayənin kamil nümunəsi şəhid Rəisi idi. Onun ictimai-siyasi mövqeyi olduqca yüksək idi. Səfərlərində, xalqla olan görüşlərində insanların ona qarşı necə hörmət bəslədiyini, onu necə sevdiyini özünüz də görürdünüz. Amma o özünü başqalarından üstün tutmurdu. Özünü xalqla eyni sırada, xalqdan biri kimi görür, bəzən isə özünü onlardan daha aşağıda hesab edirdi. O, ölkəyə bu yanaşma ilə rəhbərlik edirdi, bu baxışla dövləti idarə edir və öhdəliklərini həyata keçirirdi. O, bu siyasi-ictimai mövqedən özü üçün nəsə istəmirdi, nəsə  əldə etmirdi. Bütün güc-qüvvəsini xalqa xidmətə, Allahın bəndələrinə qulluğa, milli etibarın yüksəlməsinə sərf edirdi. Hamısı xidmət üçün idi və elə xidmət yolunda da Allaha qovuşdu. Bu bizim ondan öyrənməli olduğumuz və onda olan çox önəmli xüsusiyyətdir. Bəli, Allaha şükürlər olsun, özündə belə xüsusiyyətləri daşıyan insanlar İran İslam Respublikasında az deyildir. Amma biz bunlardan dərs almalıyıq, bu keyfiyyətləri ümumi mədəniyyətə çevirməliyik.

Şəhid Rəisinin itaətkar və Allahı zikr edən qəlbi, açıqsözlü və dürüst dili, yorulmaq bilməyən və daimi hərəkəti vardı. Bu üç xüsusiyyət: qəlb, dil və əməl. Bir insanın şəxsiyyətini təyin etmək üçün bu üç özəllik əsas komponentdir: qəlb, dil və əməl.

Şəhid Rəisinin qəlbi; o, bir tərəfdən zikr, itaət, dua və təvəssül adamı idi. Biz bunun hərtərəfli şahidi olmuşduq. Prezidentlikdən əvvəl, hətta Ədliyyə sisteminə rəhbərlik etməzdən əvvəl də görmüşdük, bilirdik. O, itaət və təvəssül adamı idi; qəlbi Allah-Taala ilə üns bağlamışdı. O biri tərəfdən, o, bu mənəvi cəhətə qəlbən sahib idi. Digər tərəfdən isə qəlbi xalqa qarşı şəfqətlə, sevgi ilə dolu idi. Xalqdan gileylənməzdi, onlara bədbin yanaşmazdı, xalqın gözləntilərindən narazılıq etməzdi. Camaatla keçirdiyi görüşlərdə insanların onun yanına gələrək şikayət etdikləri, danışdıqları, bəzən də sərt danışdıqları hallar çox olmuşdu. Bunlara rəğmən xalqa qarşı mehriban idi, bu cür rəftarlardan, yanaşma və hərəkətlərdən narahat olmurdu.

Digər bir tərəfdən isə İslami vəzifəsini yerinə yetirmək narahatçılığını da çəkirdi. Qəlbi həm Allahla idi, həm xalqla idi, həm də İslami vəzifəsini yerinə yetirib-yetirməməsindən, yetərli olub-olmamasından narahat idi. Bu onun hər zamankı qayğısı idi. Onunla davamlı olaraq keçirdiyimiz görüşlərdə işini, vəzifəsini yerinə yetirməyin narahatçılığını çəkdiyini və üzərinə düşən məsuliyyətin ağırlığını hiss etdiyini insan görürdü. O, Ədliyyə sisteminin  rəhbəri oldu, ancaq və ancaq İlahi vəzifəsini yerinə yetirmək üçün. Mən bunun yaxından şahidi olmuşam. Prezident seçkilərində iştirak etdi, təkcə İlahi vəzifəsini yerinə yetirmək üçün. Çoxları məsuliyyət hissi daşıdıqlarını iddia edir, mən isə İlahi vəzifəsini yerinə yetirmək məqsədi ilə onun bu işlərə girdiyini bilirəm. Bu işlərə, həm ora (ədliyyəyə), həm də bura (prezidentliyə) məsuliyyət hissi keçirdiyi üçün girmişdi. Onun qəlbi belə döyünürdü, belə hərəkət edirdi. Bu onun qəlbi haqqında.

Onun danışıq tərzi; o, xalqla birbaşa, açıq və dürüst danışırdı. İnsanlarla üstüörtülü danışmazdı, oxu atıb yayı gizlətməzdi; açıqsözlü, aydın və dürüst. Ona tapşırılmışdı ki, xalqa desin: “Biz bacarsaq, bu işi yerinə yetirəcəyik”. Bacarmadıqda isə desin ki, “Bacarmırıq”. O da bu tapşırığa əməl edirdi; açıq-aydın və dürüst.

Onun bu açıqsözlülüyü və dürüstlüyü diplomatik danışıqlarda da özünü göstərir və tərəfləri təsir altına salırdı. Dolaşıq sözlərin və gizli niyyətlərin məkanı olan diplomatik danışıqlarda o, “əyrini-əyri, düzü-düz” deyir, tərəfləri təsir altına salırdı. Ona etibar edirdilər, bilirdilər ki, dedikləri düzdür. Prezidentliyi dövründə verdiyi ilk müsahibəsində jurnalist ondan soruşdu: “Siz Amerika ilə danışıqlara gedəcəksiniz?” O, dərhal və konkret şəkildə dedi: “Xeyr”; Və etmədi. Düşmənə icazə vermədi ki, “Mən İranı təhdid ilə, şirnikləndirməklə, hiylə ilə danışıqlar masasına gətirə bildim” deyə, iddia etsin. Buna imkan vermədi. Tərəflərin birbaşa danışıqlarda israrlı olmasının səbəbi bundan irəli gəlir. Başlıca səbəbi budur. O, buna imkan vermədi. Sözsüz ki, indi olduğu kimi, onun da zamanında dolayı danışıqlar olmuşdu; təbii ki, nəticəsiz. İndi də hansısa bir nəticəyə gələcəklərini güman etmirik; nə olacağını bilmirik.

Danışıqlardan söhbət düşmüşkən, mən haşiyəyə çıxaraq qarşı tərəfə bir xəbərdarlıq etmək istəyirəm. Bu dolayı danışıqlara girib müzakirələr aparan Amerika tərəfi boş-boş danışmamağa çalışsın. “İrana uranı zənginləşdirməsinə icazə verməyəcəyik” demələri çox böyük qələtdir. Bunun üçün kimsə onun-bunun icazəsini gözləmir. İslam Respublikasının öz siyasəti, öz metodları var və öz siyasətini də davam etdirəcəkdir. Əlbəttə, mən başqa bir vaxt onların uranın zənginləşdirilməsi məsələsi üzərində niyə israrla dayandıqlarının səbəbini və niyə Qərbin, Amerikanın və bəzi ölkələrin “İran uranı zənginləşdirməməlidir” məsələsini İran xalqına açıqlayacağam, inşallah. Bunu İran xalqına başqa bir vaxt açıqlayacağam ki, qoy xalq onların əsl məqsədinin nə olduğunu bilsin.

Onun danışıq tərzi belə idi; dürüst, nöqsansız, səmimi və konkret. Bunlar çox dəyərlidir. Əgər biz bu tərzdə danışmağın – yəni şəhid Rəisinin metodu olan açıqsözlü və dürüst danışmağın – əhəmiyyətini başa düşmək istəyiriksə, bunu bəzi Qərb ölkələrinin başçılarının danışıqları ilə müqayisə etməliyik. Belə ki, sülh və insan haqları iddiaları ilə uzun illərdir dünyanın qulağını kar ediblər, daim sülhdən, insan haqlarından dəm vururlar. Amma minlərlə məzlum uşağın – hələ azyaşlı olmayanları demirəm – qətli qarşısında susurlar! Qəzzada qısa müddət ərzində minlərlə, bəlkə 20 mindən çox uşaq şəhid oldu. İnsan haqlarından bu qədər danışanlar nəinki bunun qarşısını almadılar, əksinə, hələ zalıma kömək də etdilər! Onların sülh iddiasını, insan haqları iddiasını, yalan danışan dillərini şəhid Rəisi kimi prezidentdə olan dürüstlük və açıqsözlülüklə müqayisə edin; burada onun əhəmiyyəti aydın olacaq. Bəli, belə bir danışıq, belə bir qəlb.

Üçüncüsü isə əməldir. Şəhid Rəisi daim işləyirdi, daim! Gecə-gündüzü yox idi, yorulmaq bilmirdi. Ona tez-tez deyirdim ki, “Ehtiyatlı ol, orqanizm davam gətirməyə bilər, adam birdən düşür sonra işləyə bilmir”. O isə deyirdi ki, “Mən işdən yorulmuram”. Daim iş, daim iş. Keyfiyyətli iş, xidmət işi. İki cür xidmət işi var. Biri xalqa birbaşa xidmətdir. Tutaq ki, bir şəhərə su borularının çəkilməsi və suyun çatdırılması lazımdır, bir yer yol istəyir, başqa bir yerdə iş yerlərinin yaradılması və s. işlərin görülməsi lazımdır. İş yerlərinin yaradılması, fəaliyyətini dayandırmış neçə min istehsal müəssisələrinin yenidən bərpa edilməsi, 3-4 il ərzində tamamlanmalı olan, amma 10-15 il icra edilmədən qalmış bir sıra işləri o, araşdırdı və bu işlərin bir çoxunu müxtəlif şəhərlərdə həyata keçirdi. Həmin şəhərlərin əhalisi bu xidmətlərin yaxından şahidi olmuşdu və bunları hiss etmişdilər. Bu xalqa göstərilən xidmətin bir növüdür.

Başqa bir növ xidmət də İran xalqının milli etibarı, izzəti istiqamətində göstərilən xidmətdir. İran xalqının etibarı! Beynəlxalq maliyyə mərkəzlərinin verdiyi hesabata əsasən, İran iqtisadi artımının sıfıra yaxın faizdən beş faizə yüksəlməsi milli qürurdur, milli etibardır, bu ölkənin inkişafının göstəricisidir. Bu, baş verdi və buna bənzər hallar da dəfələrlə baş vermişdir. Müxtəlif beynəlxalq iqtisadi forumlarda öz üzvlüyünü isbatlamaq və onlara daxil ola bilmək İran xalqı üçün beynəlxalq qürurdur. Prezidentin BMT Baş Assambleyasında Qurani-Kərimi və ya şəhid Süleymaninin şəklini əlinə alıb havaya qaldırması bir xalq üçün izzətdir, şərəfdir və xalqı ucaldan bir addımdır. Bu da xidmətin ikinci növüdür. Bu əziz şəhid bu illər ərzində hər iki xidmət növünü yerinə yetirdi.

Bu çıxışdan gəldiyim nəticə budur: önəmli olan budur ki, şəhid Rəisi və onun gənc əməkdaşlarının davranışında şəhid Rəcainin Kələntəri (9) Abbaspur (10), Qəndi (11), Nili (12) kimi əməkdaşlarında olan həmin motivasiya və nuraniyyəti insan müşahidə edir. Həmin nuraniyyət, həmin ruhiyyə, həmin motivasiya və həmin məsuliyyət hissi, həm də 40 ildən sonra! Bu çox önəmlidir. Bu, İnqilabın gücüdür. Bu, onu göstərir ki, bu İnqilab güclü bir inqilabdır. Bu dahi İmamın (r.ə) “fəthul-futuh”udur (“böyük zəfəri”dir). İmam (r.ə) “böyük zəfəri”i fədakar və bacarıqlı insanların İnqilab vasitəsi ilə tərbiyələnməsi, yetişməsi kimi xarakterizə edirdi. Bu, baş verdi.

İnqilab qələbə çaldığı il, 57-ci ildə (red: 1979-cu il) şəhid Rəisi 18 yaşlı bir gənc idi; şəhid Ali Haşim 16 yaşlı bir yeniyetmə idi. Şəhid Əmir Abdullahian İnqilabın əvvəllərində 14 yaşlı bir oğlan uşağı idi; şəhid Maleki Rəhməti hələ dünyaya gəlməmişdi. Bunlar İnqilabın yetişdirdikləri şəxsiyyətlərdir. Şəhid Rəisi Məşhəddən, Ali Haşim Təbrizdən, Rəhməti Marağadan, Əmir Abdullahian Damğandan, Musəvi İsfahanın Fereydunşəhrindən, Mustəfəvi Gonbəd Qabusdan, Dəryanuş Nəcəfabaddan, Qədimi Əbhərdən; bu gənclər bu ölkənin müxtəlif yerlərində doğulub, boya-başa çatıb yetişdilər. İnqilab yüz minlərlə belə gənci yetişdirə bildi və yetişdirdi; onların arasında İran xalqına görkəmli beynəlxalq şəxsiyyətlər və görkəmli milli simalar bəxş etdi. Bu, İnqilabın xidmətidir, bu İnqilabın qüdrətidir. İnqilabın üstünlüyü ondadır ki, 89 yaşlı qoca şəhid Ayətullah Əşrəfini (13) və 18-19 yaşlı gənc şəhid Arman Əliverdi kimiləri qırx illik fasilə ilə eyni yolda yerləşdirə, səfərbər edə və hərəkətə gətirə bilmişdir. Şəhid Əşrəfilərin, şəhid Səduqilərin, İnqilabın əvvəllərində şəhid olmuş qocaların şəhadətə yetişdikləri kimi bu gənclər də həmin yolda şəhid oldular. Uzun illər belə qüvvələri səfərbər edə biləcək qüdrətə malik olan bu İnqilab məğlubedilməzdir.

Gəlin İnqilabın dəyərini bilək, bu quruculuğun, İran xalqının bu əzəmətli hərəkatının, bu inkişafın qədrini bilək. Allah-Taaladan kömək istəyək və bu yolu davam etdirək. İnşallah, İran xalqı insanlığa unudulmaz bir dərs töhfə verəcək və Allahın lütfü sayəsində bu xidməti bütün dünyaya, bütün bəşəriyyətə hədiyyə edəcəkdir.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. 

_______________________

(1) Hüccətul-İslam seyid Məhəmməd Ali Haşim (Təbriz imam-cüməsi və vəliyyi-fəqihin Şərqi Azərbaycan ostanı üzrə nümayəndəsi)
(2) Cənab Hüseyn Əmir Abdullahian (Keçmiş Xarici İşlər Naziri) 
(3) Briqada generalı pilot seyid Tahir Mustəfəvi, biriqada generalı pilot Möhsin Dəryanuş, polkovnik-leytenant Behruz Qədimi
(4) Cənab Malek Rəhməti 
(5) Briqada generalı seyid Mehdi Musəvi
(6) “Qəsəs” surəsi, 83-cü ayədən
(7) “Qəsəs” surəsi, 4-cü ayədən
(8) “Zuxruf” surəsi, 51-ci ayədən
(9) Şəhid Musa Kələntəri (Şəhid Rəcai hökumətində Yol və Nəqliyyat Naziri) 07/04/1360-ci ildə (red: 28/06/1981) İslam Respublikası Partiyasının ofisinin partladılması nəticəsində şəhid olmuşdur.
(10) Şəhid Həsən Abbaspur (Şəhid Rəcai hökumətində Energetika Naziri) 07/04/1360-ci ildə (red: 28/06/1981) İslam Respublikası Partiyasının ofisinin partladılması nəticəsində şəhid olmuşdur. 
(11) Şəhid Mahmud Qəndi (Şəhid Rəcai hökumətində Poçt, Teleqraf və Telefon Naziri) 07/04/1360-ci ildə (red: 28/06/1981) İslam Respublikası Partiyasının ofisinin partladılması nəticəsində şəhid olmuşdur. 
(12) Şəhid Hüseyn Nili Əhmədabadi (1362-1364-cü h.ş. ilində Mədən və Metal ehtiyatları Naziri) missiyasını yerinə yetirərkən 1368-ci h.ş. ilində şəhid edilmişdir. 
(13) Ayətullah Ətaullah Əşrəfi Esfahani (Kirmanşah imam-cüməsi)