İslam İnqilabının Ali Rəhbəri bu gün axşam saatlarında Prezident və nazirlərlə görüşdə milli qüdrət və izzət amillərinin möhkəmləndirilməsinin zəruriliyinə işarə edərək əhalinin dolanışığının ölkənin ən mühüm məsələlərindən biri olduğunu dedi. O, bazarın nizam-intizama salınması, məhsulların qiymətlərinin nizamsız şəkildə artımı ilə bağlı xalqda yaranmış narahatlıqların aradan qaldırılması istiqamətində daha ciddi tədbirlərin görülməsinin vacibliyini vurğulayaraq, iş, səy və ümid mühitinin “nə müharibə, nə sülh" qərarsızlığına son qoyması, istehsalın gücləndirilməsi, qəbul olunmuş qərarların nəticə əldə olunana qədər izlənməsi, mövcud fikir birliyinin yaradılması fürsətindən mühüm işlər görmək üçün istifadə edilməsi, mənzil probleminin həlli, xüsusilə hökumət qurumlarında israfçılıqdan çəkinmək, məsul şəxslər, söz və qələm sahiblərinin ölkənin və cəmiyyətin real və ümidverici güclü tərəflərinin çatdırılmasına diqqət yetirməsinin zəruriliyi ilə bağlı mühüm tövsiyələr verdi.
O, həmçinin sionist rejimin Qəzzada törətdiyi dəhşətli faciə və cinayətlərə işarə edərək bildirdi ki, bu vəziyyətlə mübarizənin yolu etiraz edən dövlətlərin, xüsusilə İslam ölkələrinin bu rejimlə ticarət və siyasi əlaqələrini kəsməsidir.
Həzrət Ayətullah Xamenei Prezidentə, məsul şəxslərə, idarə müdirlərinə və dövlət aparatının fəal əməkdaşlarına, xüsusilə 12 günlük müharibə sınağında sözün həqiqi mənasında fədakarlıq göstərmiş qurumlara təşəkkür edərək Prezidentin motivasiyası, ruh yüksəkliyini və çalışqanlığını yüksək qiymətləndirdi. O əlavə olaraq dedi: “Cənab Pezeşkiyanın Çinə çox yaxşı səfəri potensial iqtisadi-siyasi sahələrə yol açıb və bu faydalı nəticələr izlənilməlidir”.
O, xalqla əyani ünsiyyətdə olan məsul şəxslərə, söz və qələm sahiblərinə ölkənin gücü, qüdrəti və geniş imkanlarından danışmağı, zəiflik və acizlikləri gündəm etməkdən çəkinməyi tövsiyə etdi: “Bu sahədə məsul şəxslər, söz və qələm saihibləri ilə yanaşı, mətbuat və tele-radionun da üzərinə vəzifə düşür”.
İnqilabın Rəhbəri Prezidentin bu görüşdəki çıxışını güc, ümid və bacarığın tərənnüm edilməsinin bir nümunəsi kimi qiymətləndirərək dedi: “Motivasiya, iradə və güclü ruhiyyə istək və məqsədlərin gerçəkləşməsinə zəmin yaradır”.
Həzrət Ayətullah Xamenei xalqa xidmət fürsətinin hər keçən saatından faydalanmağın vacibliyinə işarə edərək dedi: “Əgər xidmət fürsətinin qədrini bilsək, az işləməkdən və işləri bir-birinin üzərinə qalaqlamaqdan çəkinsək, ayrı-ayrı məşğuliyyətlərə vaxt sərf etməsək, problemlər uzun müddətə deyil, orta müddətdə mütləq həllini tapar”.
O, əhalinin iqtisadi vəziyyəti və dolanışığı sahəsində daha ciddi tədbirlərin görülməsinin zəruriliyini vurğuladı: “Problemlərin həlli üçün xarici dəyişiklikləri gözləmək olmaz. Təbii ki, bu sahədə hər kəs üzərinə düşən vəzifəni yerinə yetirir, amma motivasiya, iradə, ümid, iş və fəaliyyət ruhiyyəsi ilə düşmənin təlqin etməyə çalışdığı "nə müharibə, nə sülh" vəziyyətinə qalib gəlmək lazımdır. Çünki bu vəziyyət ölkə üçün zərərli və təhlükədir”.
Həzrət Ayətullah Xamenei milli güc və izzətin möhkəmləndirilməsinin hökumətlərin vəzifəsi olduğunu dedi: “Bu amillərin ən önəmlisi xalqın ruhiyyəsi, motivasiyası, birliyi və ümididir. Bu amillər həm sözdə, həm də əməldə yaradılmalı, gücləndirilməli, zəiflədilməsinin qarşısı alınmalıdır”.
İnqilabın Rəhbərinin Nazirlər Kabinetinə verdiyi digər tövsiyə işlərin düzgün prioritetləşdirilməsinə diqqət yetirilməsi ilə bağlı oldu: “Prioritetlərin müəyyənləşdirilməsi idarəetmənin əsas prinsiplərindəndir və bu məsələdə təcililik və infrastruktur amillərinə diqqət yetirilməlidir”.
Həzrət Ayətullah Xamenei Prezidentin birinci müavini cənab Arifə dinamikliyi, çalışqanlığı və hökumətin qərarlarının izlənilməsinə xidmət edən iclasların təşkili istiqamətində göstərdiyi səylərə görə təşəkkürünü bildirərək vurğuladı: “Hökumətlərin vəzifəsi xalqın dolanışıq, təhlükəsizlik, səhiyyə, mədəniyyət və həyat tərzi kimi ümumi və ortaq ehtiyaclarını təmin etməkdir. Bu sahələrdə əsas prioritetləri və proqramları diqqətlə müəyyən etmək lazımdır”.
İnqilabın Rəhbəri qeyd etdi ki, islami qanunlar, məqsədlər və maarifin gerçəkləşdirilməsi dövlətin əsasını təşkil edir: “İmam ilk gündən məhz bu prinsipləri irəli sürdü. Kimsə bundan başqa nə isə deyirsə, səhv danışır”.
O, qərarların nəticə əldə edilənədək izlənməsinin ən önəmli işlərdən olduğunu bildirdi: “Cənab Prezident vilayət səfərləri, nazirliklərə baş çəkməsi, xalq və idarə rəhbərləri ilə yaxın təması ilə bu nəzarət və izləməni həyata keçirir. Bu ruhiyyə dövlət aparatında və orta məmurlar səviyyəsində də yaradılmalıdır. Yəni qərarlar idarəetmə müstəvilərində zəifləməməli, icraedici strukturun ən alt qatlarına çatana qədər qərarlardan əsər-əlamət qalmamasının qarşısı alınmalıdır”.
Həzrət Ayətullah Xamenei ölkədə konsensus yaratmaq imkanının olmasından məmnunluq hissi duyduğunu dedi: “Üç qüvvənin başçıları arasında birlik, həmrəylik və əməkdaşlığın olması təqdirəlayiqdir. Amma qərar hazırlayan və qərar qəbul edən strukturlar da bu prosesdə fəal olmalıdırlar”.
O, ölkədə müxtəlif yanaşmaların olmasına baxmayaraq, mövcud konsensus fürsətinin keçmişdəkindən daha böyük olduğunu bildirdi: “Bu fürsətdən önəmli işlər, o cümlədən dövlət aparatını yüngülləşdirmək, varlığı ilə yoxluğunun heç bir fərqi olmayan qurumların sayının azaldılması üçün istifadə edilməlidir”.
İnqilabın Rəhbərinin Prezident və Nazirlər Kabineti ilə görüşdə etdiyi çıxış ölkənin mühüm məsələsi olan iqtisadiyyatla bağlı verdiyi bir neçə tövsiyə ilə yekunlaşdı.
Onun ilk tövsiyəsi istehsala və istehsal müəssisələrinin fəaliyyətinin bərpa edilməsinə diqqət göstərilməsi ilə bağlı oldu.
Həzrət Ayətullah Xamenei dedi: “İqtisadiyyatı real və praktik şəkildə anlayan hər kəs İranın iqtisadi inkişafının açarının “istehsal” olması məsələsində həmfikirdir. Buna görə də istehsal məsələsinə xüsusi diqqət göstərmək lazımdır. Məsələn, bu müəssisələrin elektriki fövqəladə hallar istisna olmaqla heç vaxt kəsilməməlidir”.
“Əsas məhsulların vaxtında və tam təminatı” İnqilabın Rəhbərinin icra orqanlarının məsul şəxslərinə verdiyi başqa bir tövsiyəsi oldu. O dedi: “Əsas məhsulların ehtiyatları tam inamverici olmalıdır. Bu iş öz mənfəətlərini güdənlərin səbəb olduqları bahalaşmanın qarşısını almaqla xalqın süfrəsinə birbaşa təsir göstərir və ərzaq təhlükəsizliyi təhdidini aradan qaldırır”.
Həzrət Ayətullah Xamenei bəzi əsas məhsullarının idxalının monopoliyasını tənqid edərək bildirdi ki, bu, məsul şəxslərin əl-qolunun bağlanmasına səbəb olur: “Əsas məhsulların idxalına və bu işlə məşğul olanlara rəqabət mühiti yaradaraq məhsulları fərqli-fərqli mənbələrdən təmin edin. Bəzi mütəxəssislər bildirirlər ki, bu, ölkədə alışların valyuta və rialla tənzimlənən qiymətinin azalmasına səbəb olur”.
İnqilabın Rəhbəri xalqın mühüm əhəmiyyət daşıyan dolanışığı məsələsinə bir daha toxunaraq dedi: “Xalqın dolanışığı məsələsini elə tənzimləyin ki, insanlar təxminən on əsas məhsulu qiymət artımı narahtlığı keçirmədən ala bilsinlər. Qiymətlərdə bu gün-sabah ikiqat artım narahatlığı olmamalıdır”.
O, iqtisadi məsələlərdən başı çıxan bəzi mütəxəssislərin fikirlərinə işarə edərək xalqın heç bir narahatlıq keçirmədən əldə edə biləcəyi əsas məhsulların on çeşid olduğunu bildirdi.
Bazarın tənzimlənməsi məsələsi İnqilabın Rəhbərinin vurğuladığı başqa bir nüans oldu: “Bazarı elə idarə edin ki, insanlar bazarın buraxıldığını, qiymətlərin “bu gün və sabah”, “burda və orda” fərqli olduğunu hiss etməsinlər. Çünki bu hiss insanların ruhiyyəsinə zərər verir”.
O, həmçinin qış ayları üçün lazım olan qaz ehtiyatlarına diqqət yetirilməsinin, qaz çatışmazlığının idxal vasitəsilə aradan qaldırılması istiqamətində proqram işlənib hazırlanmasının zəruriliyini vurğulayaraq dedi: “Digər bir tövsiyə mənzil məsələsinə diqqət yetirilməsi ilə bağlıdır. Bu sahədə problemi qismən həll etməyə yönəlmiş təkliflər mövcuddur. Məsul şəxslər onları nəticə əldə edilənədək diqqət mərkəzində saxlamalıdırlar”.
Həzrət Ayətullah Xamenei neft istehsalının azalmasına səbəb olan köhnə üsullar və avadanlıqlar kimi amillərə işarə edərək dedi: “Problemlərin həlli, neftin çıxarılması və istehsalında dönüş yaradılması istiqamətində gənc mütəxəssislərin biliklərindən istifadə edin. Neftin ixracatı sahəsində də çox böyük fəallıq tələb olunur. Neft alıcılarının müxtəlif və çoxsaylı olması təmin edilməlidir”.
İstehlakın idarə olunması və israfdan çəkinməyin zəruriliyini vurğulayan Həzrət Ayətullah Xamenei ölkə resurslarının böyük hissəsinin dövlət sektorunda israf edildiyini dedi: “Su, elektrik, qaz və dövlət binalarında israf var. Bundan əlavə, lazımsız səfərlər, zərurətdən artıq müşayiətçilər və bahalı otellərdə qalmaq kimi israf hallarına da yol verilir ki, bunların qarşısı alınmalıdır”.
İnqilabın Rəhbəri çıxışının sonunda məlun sionist rejimin utanmadan, həya etmədən törətdiyi dəhşətli cinayət və faciələrə işarə edərək dedi: “Bu cinayətlər ABŞ kimi bir dövlətin dəstəyi ilə həyata keçirilsə də, bu vəziyyətlə mübarizə yolu bağlı deyil. Etiraz edən ölkələr, xüsusilə İslam ölkələri sionist rejimlə ticari, hətta siyasi əlaqələrini tamamilə kəsərək onu təcrid etməlidirlər”.
O qeyd etdi ki, sionist rejim dünyanın ən təcrid olunmuş və ən mənfur rejimidir: “Bizim diplomatiyamızın əsas xəttlərindən biri də dövlətləri bu cinayətkar rejimlə ticari və siyasi əlaqələri kəsməyə təşviq etmək olmalıdır”.
Görüşün əvvəlində Prezident ötən bir il ərzində hökumətin həyata keçirdiyi əsas proqramlar və göstərdiyi fəaliyyətlər haqqında hesabat verdi. O, enerjinin verilməsində balansın pozulması, quraqlıq və bəzi xarici problemlərin XIV hökumətin birinci ilindəki çətinliklərindən olduğunu bildirdi: “Enerjinin istehsala birbaşa təsirini nəzərə alaraq enerji problemini həll etmək üçün çox səy göstərdik ki, bu da ötən illə müqayisədə vəziyyətin yaxşılaşmasına səbəb oldu. Lakin hələ balans tam bərpa olunmayıb, elektrik və qazın məcburi kəsilməsinə görə xalqdan və istehsalçılardan üzr istəməliyik”.
Doktor Pezeşkiyan bu il elektrik istehlakının azaldılması istiqamətində Energetika Nazirliyinin həyata keçirdiyi proqramın effektiv olduğunu bildirdi: “Quraqlığın davam edəcəyi proqnozuna əsaslanaraq, su problemini həll etmək üçün qabaqcıl mütəxəssislərdən ibarət mütəxəssis komandaları yaradılıb”.
Prezident bildirdi ki, hökumət ilin sonunadək 7 min meqavatlıq günəş enerjisi istehsal edən stansiyaların quraşdırılması paroqramının həyata keçirilməsini nəzərdə tutub: “Keçən illə müqayisədə qışda daha az problem yaşanması üçün bu il yanacaq ehtiyatları 3 milyard m3 – dən çox artırılmışdır”.
Cənab Pezeşkiyan milli həmrəyliyin artırılmasının hökumətin gündəliyinə daxil edilmiş mühüm bir məsələ olduğunu dedi: “Əgər hamımız bir olsaq, heç bir güc iranlıları diz çökdürə bilməz. Son məcburi müharibədə xalqın həmrəyliyi düşmənin ümidsizliyə qapılmasına səbəb olduğu kimi, xalqın iştirakı ilə bütün problemlərin öhdəsindən gəlmək olar”.
Prezident bildirdi ki, hökumətin digər prioriteti iqtisadi inkişaf və inflyasiyanın idarə olunmasıdır: “Hökumətin genişlənməsi və xərclərinin artması inflyasiyanın əsas səbəblərindəndir. Biz parlament və digər qurumlarla əməkdaşlıq edərək inzibati strukturda islahat aparmaq, hökuməti kiçiltmək və çevikləşdirmək, həmçinin büdcə strukturunu dəyişərək fəaliyyətə əsaslanan ödəniş tətbiq etmək fikrindəyik. Bundan əlavə, inflyasiyanın digər səbəbi bank sistemindəki problemlərdir. Bu sahədə Mərkəzi Bankın vəzifəsi nəzarət və tənzimləmədir”.
Cənab Pezeşkiyan təhsil sistemində ədalətin geniş miqyası əhatə etməsinin hökumətin gündəliyinə daxil edilmiş məsələlərdən olduğunu dedi. O, yeni tədris ilində 2400 yeni məktəbin istifadəyə verilməsinə işarə edərək dedi: “Biz yerli meyarlar və xalqın iştirakına əsaslanaraq böyük məktəb tikintisi hərəkatını davam etdiririk”.
Prezident qeyd etdi ki, sosial rifahın artırılması və insanların dolanışıq xərclərinin azaldılması məqsədilə hökumətin həyata keçirdiyi tədbirlərdən biri 7 sosial təbəqəyə ərzaq talonlarının verilməsidir: “Hər ay əhaliyə talonlar verməkdə qərarlıyıq”.
Cənab Pezeşkiyan ailə həkimi və müraciət sistemi layihəsinin hökumətin səhiyyə sahəsindəki prioritetlərindən olduğunu bildirdi. Son məcburi müharibədə tibb və səhiyyə işçilərinin nümunəvi xidmətlərini yüksək qiymətləndirən cənab Pezeşkiyan hökumətin diplomatiya sahəsindəki proqramının xarici əlaqələrin inkişaf etdirilməsindən ibarət olduğunu dedi: “Ölkənin bütün qonşularla müxtəlif sahələri əhatə edən əlaqələri keçmişə nisbətən daha yaxşıdır. Bu əlaqə və əməkdaşlıqların gücləndirilməsi ilə Avropa və Amerikanin bizi sanksiyalarla dayandırmaq arzusu baş tutmayacaq”.
Doktor Pezeşkiyan İslam Respublikasının Rusiya, Çin, İraq, Türkiyə və Avrasiya ölkələri ilə olan mühüm anlaşma və razılaşmalarına işarə edərək dedi: “Tərəflər kağız üzərində yazılanların icrasında qərarlıdırlar”.
Prezident əsas dəhlizlərin, limanların və magistral yolların təkmilləşdirilməsi əsasında infrastrukturların inkişaf etdirilməsinin hökumətin diqqət mərkəzində olduğunu bildirdi. O vurğuladı ki, Zahidan-Çaharbar dəmiryolu ilin sonuna qədər təkmilləşdiriləcək: “Son müharibənin parlaq nöqtələrindən biri yük maşınlarının malların limanlardan daşınmasında göstərdikləri irimiqyaslı fəaliyyətlərdir”.
Cənab Pezeşkiyan bildirdi ki, hökumətin neft və qaz sahəsi ilə bağlı proqramına cari ildə neft istehsalını gündəlik 250 min barel artırmaq, 10 milyon kubmetrdən çox fleyr qazlarını toplamaq daxildir: “Bu qazın dəyəri 700 milyon dollardır. Hökumətin planı bütün fleyr qazları gələcək 1-2 il ərzində dövriyyəyə qaytarmaqdır”.
Prezident dedi: “Hökumət söz verir ki, var gücü ilə çatışmazlıqları ortadan qaldırmağa çalışacaq. İnanırıq ki, bütün problemlər Allaha təvəkkül, İnqilabın Ali Rəhbərinin rəhbərliyi, xalqın iştirakı və həmrəyliyi, bu gün üç qüvvə, habelə silahlı qüvvələr arasında mövcud olan müstəsna birlik və koordinasiya sayəsində həllini tapacaq və onların hamısını dəf edəcəyik”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir