Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Rəhbəri minlərlə şagird və tələbə ilə görüşdə dedi:

İran İslam Respublikası ilə ABŞ arasındakı ixtilaf taktiki deyil, zatidir

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei 13 Aban - “Şagirdlər Günü və Qlobal İmperializmə Qarşı Milli Mübarizə Günü” - münasibətilə bu gün səhər minlərlə şagird, tələbə və 12 günlük məcburi müharibə şəhidlərinin ailələrindən bir qrupu ilə görüşdə İslam İnqilabına qarşı məkrli plan hazırlayan ABŞ səfirliyinin ələ keçirildiyi 13 aban 1358-ci il tarixini (04.11.1979-cu il) “Qürur və Qələbə Günü”, habelə “İmperialist ABŞ dövlətinin həqiqi kimliyinin aşkara çıxdığı gün” kimi qiymtələndirdi. O, bu günün milli yaddaşa həkk edilməsinin zəruriliyini vurğulayaraq ABŞ-nın İran xalqı ilə düşmənçiliyinin 28 mordad çevrilişindən başladığını və hələ də davam etdiyini dedi: “İran İslam Respublikası ilə ABŞ arasındakı ixtilaf zati ixtilaf, iki cərəyanın – ABŞ və İran İslam Respublikasının – maraqlarının toqquşmasıdır. ABŞ lənətlənmiş sionist rejimə verdiyi dəstəyi tamamilə dayandıracağı, hərbi bazalarını bütövlükdə regiondan çıxaracağı və bölgənin işlərinə heç bir şəkildə qarışmayacağı təqdirdə amerikalılarin İranla əməkdaşlıq təklifi – özü də yaxın gələcəkdə deyil, daha sonralar – araşdırıla bilər”.

İnqilabın Rəhbəri habelə vurğuladı: “Ölkənin bir çox problemlərinin həlli və təhlükəsizliyinin təmin edilməsi yalnız idarəçilik, elm, hərbi və motivasiya baxımından güclənməklə mümkündür. Hökumət isə öz səlahiyyət və məsuliyyəti altında olan sahələrdə işləri qətiyyətlə və güclü şəkildə həyata keçirməlidir”.

Həzrət Ayətullah Xamenei bu görüşdə həmçinin ABŞ-nın İran xalqı ilə düşmənçiliyinin tarixi keçmişi, eləcə də 13 aban 1358-ci il tarixində (04.11.1979) casus yuvasının ələ keçirilməsi hadisəsinin ayrı-ayrı yönlərinə aydınlıq gətirərək dedi: “ABŞ səfirliyinin gənclər tərəfindən ələ keçirilməsi hadisəsi iki aspektdən - həm “tarixi”, həm də “kimlik” baxımından araşdırıla bilər”.

O, tələbələrin ABŞ səfirliyini ələ keçirmək üçün cəsarətli addım atdıqları 13 aban 1358-ci il hadisəsini tarixi cəhətdən İran xalqının qürur və qələbə günü kimi qiymətləndirərək əlavə etdi: “İranın tarixində həm qələbə günləri, həm də zəiflik və süqut günləri olmuşdur; hər iki növ hadisə milli yaddaşda qorunub saxlanmalıdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Mirzə Şirazi tərəfindən müstəmləkə xarakterli tütün müqaviləsinin ləğv edilməsi, Vüsuqud-Dövlənin müqaviləsinin etibardan salınması, mərhum Müddərris və onun silahdaşlarının səyləri nəticəsində İngiltərə üzərində qazanılan üstünlük İranın müasir tarixinin şirin hadisələri və zirvə günlərindəndir.

O, tələbələrə, şagirdlərə və kitabsevərlərə bu hadisələr haqqında mütaliə etmək və müzakirə aparmaq barədə ciddi tövsiyələr verərək dedi: “Şirin və qürurverici hadisələrin qorunub saxlanması ilə yanaşı, 1299-cu ildə ingilislərin Rza xan vasitəsilə etdikləri çevriliş, sonra Rza xanın şah olması, ölkədə baş vermiş faciələr, çətinliklər, misilsiz istibdad və diktatura, xaricilərin ölkə üzərindəki ağalığı kimi acı hadisələrin unudulmamasında da diqqətli olmalıyıq”.

O, 13 aban 1358-ci il tarixinin və ABŞ səfirliyinin ələ keçirilməsinin tarixdə və milli yaddaşa həkk olunmasının, habelə xalqın bu hadisədən xəbərdar olmasının vacibliyini vurğulayaraq bu böyük hadisənin kimlik baxımından əhəmiyyət daşıdığını qeyd etdi: “Səfirliyin ələ keçirilməsi həm Amerika Birləşmiş Ştatlarının hökumətinin həqiqi simasını, həm də İslam İnqilabının zatı və həqiqi kimliyini aydın şəkildə ortaya çıxardı”.

İnqilabın Rəhbəri imperializm (istikbar) sözünün Qurandakı mənasına işarə edərək onun özünü üstün saymaq mənasında olduğunu dedi: “Bəzən bir şəxs və ya bir dövlət özünü üstün hesab edir, amma başqalarının hüquq və maraqlarına toxunmur.  Belə olan surətdə o, düşmənçilik yaranmasına səbəb olmur. Lakin bir zamanlar İngiltərə, günümüzdə isə ABŞ kimi dövlətlər özlərinə xalqların həyati maraqlarına müdaxilə edərək onlara vəzifə təyin etmək, yaxud hökumətin güclü, xalqın isə ayıq olmadığı ölkələrdə hərbi bazalar yaratmaq, xalqların neftini və sərvətlərini talamaq  haqqı tanıyırlar. Bu bizim düşmən olduğumuz və əleyhinə şüar verdiyimiz həmin imperializmdir”.

O, ABŞ-nın İran xalqı ilə düşmənçiliyinin tarixi keçmişindən söz açaraq dedi: “Məşrutə inqilabından sonra, təxminən 40 il ərzində İran ya hərc-mərclik və anarxiya, ya xarici dövlətlərin müdaxiləsi, ya da Rza xanın sərt istibdadı və amansız diktaturasına məruz qaldı. Nəhayət, 1329-cu ildə (1950–1951) Allahın lütfü ilə ölkədə ingilislərin qarşısında dayanan, demək olar ki, tamamilə pulsuz şəkildə ingilislərin ixtiyarında olan nefti milliləşdirən Milli Müssəddiq hökuməti quruldu”.

Həzrət Ayətullah Xamenei Müssəddiq hökumətini devirmək üçün İngiltərə və onun müttəfiqlərinin qurduqları məkrli planlara işarə edərək Müsəddiqin İngiltərənin şərindən xilas olmaq üçün Amerikadan kömək istəməsi sadəlövhlüyü və qəflətindən danışdı: “Amerikalılar Müssəddiqin üzünə gülümsədilər, amma arxadan ingilislərlə əlbir olub çevriliş təşkil etdilər; milli hökuməti devrib qaçmış şahı İrana qaytardılar”.

O, milli hökumətin devrilməsinin İran xalqına vurulmuş ağır bir zərbə olduğunu dedi: “Xalqımız ABŞ-nı, onun imperialist xislətini və təhlükəli simasını 1332-ci ilin 28 mordad çevrilişində tanıdı. Həmin çevrilişdən və şahın geri qayıdışından sonrakı 25 il ərzində Məhəmmədrza şahın amansız və sərt diktaturası Amerikanın dəstəyi və yardımı ilə davam etdi”.

ABŞ-nın İslam İnqilabı ilə ilk qarşıdurmasının ABŞ Senatının qəbul etdiyi düşməncəsinə qərar olduğunu bildirən İnqilabın Rəhbəri Məhəmmədrza şahın Amerikaya qəbul edilməsinin İran xalqında böyük qəzəb doğurduğuna işarə edərək dedi: “İran xalqı hiss etdi ki, amerikalılar şahı Amerikaya yerləşdirməklə 28 mordad (1953) çevrilişini təkrarlamaq və onu yenidən İrana qaytarmaq üçün zəmin hazırlamaq niyyətindədirlər. Buna görə də xalq qəzəblə küçələrə axışdı, tələbələrin iştirakı ilə baş vermiş nümayişlər və xalq hərəkətanın bir hissəsi ABŞ səfirliyinin ələ keçirilməsi ilə nəticələndi”.

O qeyd etdi ki, tələbələrin ilkin qərarı səfirlikdə iki-üç gün qalmaq və İran xalqının qəzəbini dünya ictimaiyyətinə çatdırmaq idi: “Amma tələbələr səfirlikdə işin mahiyyətinin gözlədiklərindən daha dərin olduğunu, ABŞ səfirliyinin İslam İnqilabını məhv etmək üçün məkrli plan hazırlayan bir layihə mərkəzi olduğunu göstərən sənədlər tapdılar”.

İnqilabın Rəhbəri dünyadakı səfirliklərin normal vəzifəsinə, yəni məlumat toplayıb öz ölkələrinə ötürmək fəaliyyətinə işarə edərək dedi: “ABŞ səfirliyinin işi təkcə məlumat toplamaq deyildi. Onlar fitnə otaqları yaradaraq əvvəlki rejimin qalıqlarını, bəzı hərbçiləri və digər şəxsləri İnqilaba qarşı təşkilatlanmaq niyyətində idilər. Tələbələr bu məsələni başa düşdükdən sonra səfirliyi öz nəzarətləri altında saxladılar”.

O, ABŞ səfirliyinin ələ keçirilməsi hadisəsinin Amerika ilə İran arasındakı problemlərin başlanğıcı kimi izah edilməsinin düzgün olmadığını vurğuladı: “Bizim ABŞ ilə problemimiz 13 aban 1358-ci il tarixindən (4 noyabr 1979-cu il) deyil, 28 mordad 1332-ci il tarixindən (1953-cü ilin 19 avqust çevrilişi) başlayıb.

Bundan əlavə, səfirliyin ələ keçirilməsi İnqilaba qarşı qurulan böyük planı və təhlükəni üzə çıxardı. Tələbələr bu mühüm işi görməklə və sənədləri bir yerə toplayıb yanaşı qoymaqla məkrli planın mahiyyətini ifşa etdilər”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, İnqilaba qarşı olan müxtəlif düşmənçilik və məkrli planların əsas səbəbi şirin bir tikənin ABŞ-nin ağzından çıxması və İranın sərvətləri üzərindəki ABŞ hakimiyyətinə son qoyulmasıdır: “Onlar İrandan asanlıqla əl çəkmək istəmirdilər. Buna görə də elə ilk gündən fəaliyyətlərini İslam Respublikasına deyil, bütün İran xalqına qarşı başlatdılar”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İslam İnqilabından sonrakı illər ərzində Amerikanın İran xalqına qarşı davamlı düşmənçilik aparması Böyük İmamın “Var gücünüzlə səsinizi Amerikaya qarşı yüksəldin” sözünün doğru olduğunu göstərir: “Onların düşmənçiliyi sırf dildə olan dşümənçilik deyildi. Sanksiyadan tutmuş məkrli plan, İslam Respublikasının əsl düşmənlərinə kömək etmək, Saddamı İran üzərinə hücum etməyə təhrik etmək və bu yolda ona hərtərəfli yarıdm göstərmək, İranın 300 sərnişini olan sərnişin təyyarəsini vurmaq, informasiya müharibəsi və İran xalqının maraqlarına zərbə vurmaq üçün birbaşa hərbi hücum təşkil etməyə qədər – hər nə bacarırlar etdilər. Bütün bunlar ona görə oldu ki, ABŞ-nin imperialist mahiyyəti İslam İnqilabının müstəqillik istəyən mahiyyəti ilə düz gəlmirdi. Amerika ilə İslam Respublikasının ixtilafı taktiki və hər hansiı hadisə ilə bağlı deyil, zati bir ixtilafdır”.

İnqilabın Rəhbəri “Amerikaya ölüm” şüarını ABŞ-nin İran xalqı ilə düşmənçiliyinin səbəbi kimi izah edənlərin tarixi saxtalaşdırdıqlarını bildirdi: “Bu şüar ABŞ-nin xalqımıza qarşı belə düşmənçilik etməsinə səbəb olacaq bir məsələ deyil. Amerikanın İslam Respublikası ilə problemi mahiyyətdən doğan ziddiyyət və maraqların toqquşmasıdır.”

O, bəzi şəxslərin “Biz Amerikaya təslim olmadıq, bəs, görəsən, onunla heç vaxt əlaqəmiz olmayacaq?” sualına cavab olaraq dedi: “Birincisi, Amerikanın imperialist təbiəti təslimçilikdən başqa heç nəyi qəbul etmir.

Bunu bütün ABŞ prezidentləri istəyirdilər, sadəcə, dillərinə gətirmirdilər. Amma indiki prezident bunu açıq şəkildə dilə gətirərək Amerikanın həqiqi mahiyyətini üzə çıxardı”.

Həzrət Ayətullah Xamenei bu qədər qüdrəti, sərvəti, intellekt və düşüncə tarixi, ayıq və motivasiyalı gəncləri olan bir xalqın təslim olmasını gözləməyin mənasız olduğunu qeyd edərək dedi: “Uzaq gələcək barədə bir söz demək olmur, amma hal-hazırda hamı bilməlidir ki, bir çox problemlərin yeganə çarəsi güclənməkdir.”

O vurğuladı ki, ölkəni gücləndirmək lazımdır: “Hökumət öz səlahiyyətində olan sahələrdə, silahlı qüvvələr hərbi işlərdə, gənclər isə təhsil və elmi fəaliyyətlərdə işi ciddi və güclü şəkildə aparmalıdırlar. Çünki ölkə güclənərsə və düşmən bu güclü xalqla qarşı-qarşı gəlməyin heç bir faydasının olmayacağını, əksinə, zərər görəcəyini anlayarsa, o zaman ölkə təhlükəsizlik və toxunulmazlıq əldə edəcək.

Buna görə də hərbi, elmi, idarəçilik gücü, motivasiya, xüsusilə gənclərin mənəvi-ruhi gücü vacib və zəruridir”.

İnqilabın Rəhbəri amerikalı rəsmilərin İranla əməkdaşlıq etmək istəklərinə dair bəzi açıqlamalarına toxunaraq vurğuladı: “İranla əməkdaşlıq istəyi ABŞ-nin lənətlənmiş sionist rejimlə əməkdaşlığı və ona yarıdm göstərməsi ilə düz gəlmir”.

O qeyd etdi ki, sionist rejimin rüsvay olmasına və dünya ictimaiyyəti tərəfindən qınanmasına baxmayaraq, ABŞ-nin bu rejimə davamlı dəstəyi və himayəsi ola-ola İrana əməkdaşlıq təklif etməsi mənasız və qeyri-məqbuldur: “Əgər ABŞ sionist rejimə olan dəstəyini tam dayandırarsa, hərbi bazalarını regiondan çəkərsə və müdaxilələrindən əl çəkərsə, onda bu məsələ üzərində düşünmək olar. Təbii ki, bu da indiki və yaxın gələcəyə aid məsələ deyil”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda gənclərə ölkənin dünəni, bu günü və sabahına dair əsas siyasi məsələlər barədə maariflənməyi və məlumat əldə etməyi, elm və maarif cəmiyyətləri yaratmağı, ölkənin acı və şirin hadisələrini araşdırmağı tövsiyə etdi: “Elm ölkədə inkişaf etməlidir. Bir neçə il əvvəl elmi tərəqqi və hərəkətimiz çox yaxşı idi, amma indi bir qədər zəifləmə müşahidə olunur.

Universitet rəhbərləri, tədqiqatçılar və tələbələr ölkənin elmi inkişaf sürətinin azalmasına imkan verməməlidirlər”.

O vurğuladı ki, ölkənin hərbi qüdrəti inkişaf etdirilməlidir: “Hərbi sektor Allahın lütfü ilə gecə-gündüz çalışmaqda və irəliləməkdədir, İran xalqınin heç bir qüvvə tərəfindən təslim edilə və diz çökdürülə bilməyəcək qədər güclü bir xalq olduğunu göstərmək üçün bundan da irəli gedəcək”.

İnqilabın Rəhbəri bu görüşdə Həzrət Fatimeyi-Zəhra (s.ə) və Həzrət Zeynəb (s.ə) adlarının çəkilməsi münasibətilə gənclərə bu parlaq zirvələrə əməli şəkildə itaət göstərilməsini tövsiyə edərək dedi: “Ətrafınızdakı insanları da bu böyük şəxsiyyətlərin davranışlarına diqqət yetirməyə və onlardan dərs almağa təşviq edin”.

Həzrət Ayətullah Xamenei Allahın saleh bəndələrinin arzuolunan namazı, hicabın dini, Zəhra və Zeynəbə aid bir məsələ kimi nəzərdə tutulması, Quranla ünsiyyət, hər gün Quran oxunması, mənəvi məsələlərlə əlaqələrin qorunmasının gənclər üçün zəruri məsələlər olduğunu dedi: “Bu qarmaqarışıq dövrdə gənc yalnız bir halda “Amerikaya ölüm” şüarını gerçək mənada söyləyə və dövrün fironlarının gücü və təhdidləri qarşısında dayana bilər ki, daxili, dini, etiqad və Allaha etimad baxımından güclü olsun”.

İnqilabın Rəhbəri gənclərin qəlbən Allaha bağlılığının davamlı olmasının ölkənin nailiyyətlərinin davamlılığına və düşmənlərlə mübarizə gücünün artmasına səbəb olduğunu dedi.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /