İslam İnqilabının Ali Rəhbəri bu gün səhər ölkənin müxtəlif bölgələrindən gəlmiş minlərlə qadın təmsilçiləri ilə görüşdə Həzrət Fatimeyi-Zəhranın (s.ə) bütün sahələrdə ən ali xüsusiyyətlərlə bəzənmiş səmavi bir insan olduğunu dedi. O, qadının ev və cəmiyyətdəki mövqeyi və hüquqları məsələsində İslam dininin hansı görüşdə olduğuna aydınlıq gətirərək kişilərin ayrı-ayrı məsələlərdə həyat yoldaşları və qadınlara qarşı necə davranmalı, nələri edib, nələri etməməli olduqları ilə bağlı məlumat verdi.
Həzrət Ayətullah Xamenei, iki dünya xanımının ibadət və itaətkarlıq, fədakarlıq və insanlara qarşı mehribançılıq, çətinliklər və müsibətlərə qarşı səbir, məzlumun haqqının cəsarətlə müdafiə edilməsi, maarifləndirmə və həqiqətlərin çatdırılması, siyasi düşüncə və fəaliyyət, evdarlıq, həyat yoldaşı vəzifəsi və övlad tərbiyəsi, İslamın ilk dövrlərinin mühüm hadisələrində iştirak və digər sahələrdəki saysız-hesabsız üstün cəhətlərinə işarə edərək dedi: “İranlı qadın, çox şükür ki, Peyğəmbərin (s) kəlamına əsasən, bütün dövrlərin bütün qadınlarının sərvəri olan belə bir günəşdən örnək götürür, öyrənir və onun məqsədləri istiqamətində hərəkət edir”.
O, İslamda qadının məqamının çox uca və yüksək olduğunu buyuraraq əlavə etdi: “Qadının kimliyi və şəxsiyyətini tərənnüm edən Quran ifadələri ən ali və ən mütərəqqi ifadələrdir”.
İnqilabın Rəhbəri bəşəriyyətin həyatı və tarixində qadın və kişinin oynadığı bərabər rol, mənəvi kamillik və ən uca məqamlara yetişməkdə qadın və kişinin bərabərsəviyyəli inkişaf imkanlarına malik olması ilə bağlı mövcud olan Quran ayələrinə işarə edərək dedi: “Bütün bu məqamlar, dindar olmalarına baxmayaraq, dini tanımayan insanların, habelə, dini kökündən qəbul etməyənlərin yanlış düşüncələri ilə ziddiyyət təşkil edir”.
O, qadınların cəmiyyətdəki hüquqlarını ehtiva edən Quran məntiqinə aydınlıq gətirərək vurğuladı: “İslam nöteyi-nəzərindən ictimai fəaliyyətlər, əmək və biznes sahəsi, siyasi fəaliyyətlər, əksər dövlət vəzifələri və digər vəzifələrə yiyələnməkdə qadın kişi ilə bərabər hüquqlara malikdir. Mənəvi yüksəliş, fərdi və ictimai səy və fəaliyyətlərdə onun üçün inkişaf yolu açıqdır”.
Həzrət Ayətullah Xamenei İslam nöteyi-nəzərindən Qərbin və kapitalizmin pozğun mədəniyyətinin tamamilə rədd edildiyini bildirərək əlavə etdi: “İslamda qadının məqamını qorumaq, çox güclü və təhlükəli olan cinsi istəkləri nəzarətdə saxlamaq üçün qadın və kişinin qarşılıqlı münasibətləri, geyim tərzi, qadının hicabı və evliliyə təşviq kimi məsələlərdə müəyyən məhdudiyyətlər və hökmlər mövcuddur. Bunlar qadının təbiətinə, cəmiyyətin həqiqi ehtiyac və mənafeyinə tam uyğundur. Halbuki Qərb mədəniyyətində bitib-tükənməyən dağıdıcı cinsi cazibələrin nəzarətdə saxlanılması qətiyyən nəzərə alınmır”.
İnqilabın Rəhbəri İslama görə qadın və kişinin çoxsaylı ortaq cəhətləri olan, lakin bədən və təbiətdən irəli gələn bəzi fərqliliklərə malik iki mütənasib ünsür olduğunu bildirərək buyurdu: “Bir-birini tamamlayan bu iki ünsür insan cəmiyyətinin idarə olunmasında, insan nəslinin davamlılığında, sivilizasiyanın inkişafında, cəmiyyətin ehtiyaclarının ödənməsində və həyatın idarə edilməsində mühüm rol oynayır”.
O, bu həyati rolun ifa edilməsi prosesində ailə qurulmasının ən mühüm işlərdən biri olduğunu qeyd etdi: “Yanlış qərb mədəniyyətində ailə institutunun unudulmasının əksinə olaraq, İslamda ailəni formalaşdıran ünsürlər kimi qadın, kişi və övladlar üçün müəyyən qarşılıqlı hüquqlar nəzərdə tutulmuşdur”.
İnqilabın Rəhbəri qadın hüquqlarından bəhs edən çıxışının başqa bir yerində ictimai və ailə davranışında ədalət prinsipinin qadınların ilk haqqı olduğunu dedi. O vurğuladı ki, hökumətin və cəmiyyətin bütün fərdlərinin vəzifəsi bu haqqı təmin etməkdir: “Qadının təhlükəsizliyi, hörməti, şərəf və ləyaqətinin qorunması onun əsas hüquqlarındandır. Qadının şərəf və ləyaqətini ayaqlar altında tapdalayan Qərb kapitalizmindən fərlqi olaraq İslam qadına tam şəkildə ehtiram göstərilməsini tələb edir”.
O, Həzrət Peyğəmbərin (s) “Qadın ev işlərini yerinə yetirən məmur və işçi deyil, güldür” hədisinə işarə edərək əlavə etdi: “Bu baxışa görə qadına tənələr yağdırmaq və göstəriş verməkdən əl çəkmək, onu bir gül kimi qorumaq lazımdır ki, o da evə öz rəngini və ətrini bəxş etsin”.
Həzrət Ayətullah Xamenei Quranda Məryəm və Asiyə (Fironun həyat yoldaşı) kimi iki mömin qadının misal gətirilməsinin bütün mömin qadın və kişilər üçün bir ölçü, qadının düşüncəsi və əməlinin dəyərinin əhəmiyyətini göstərən bir nümunə olduğunu bildirdi: “Qadının sosial hüquqları — eyni işə görə kişi ilə bərabər əməkhaqqı, çalışan qadınların və ya ailə başçısı olan qadınların sığortası, qadınlar üçün xüsusi məzuniyyətlər verilməsi və onlarla bağlı digər məsələlərə ayrı-seçkilik edilmədən riayət edilməli və bu hüquqlar qorunmalıdır”.
İnqilabın Rəhbəri qeyd etdi ki, evdə qadının ən mühüm haqqı və ehtiyacı ərinin məhəbbətidir. O, kişilərin öz həyat yoldaşlarına sevgi izhar etmələrini tövsiyə edən bir hədisi qeyd edərək buyurdu: “Qadının evdəki digər mühüm və böyük haqqı ona qarşı hər cür zorakılığın rədd edilməsidir. Qərbdə geniş yayılmış qadın qətlləri və qadınların ərləri tərəfindən döyülməsi kimi sapmalardan tamamilə çəkinmək lazımdır”.
İnqilabın Rəhbəri vurğuladı ki, ev işlərini qadına zorla yükləməkdən çəkinmək, qadının hamiləlik və övlad bəsləməsindən irəli gələn çətinliklərdə ərinin ona yardım etməsi, elmi və peşə inkişafı üçün yolun açıq saxlanması qadının digər hüquqlarındandır; qadın evin işçisi deyil, evin rəhbəri və idarəçisidir: “Həyat yoldaşlarının sabit və kifayət etməyən gəlirləri vaxtı və bahalıq şəraitində evi ustalıqla idarə edən qadınların qədri bilinməlidir”.
O, kapitalist baxışla İslamın qadına baxışını müqayisə edərək belə dedi: “İslamda qadının müstəqilliyi, qüdrəti, şəxsiyyəti və inkişaf etmək imkanı var. Kapitalist baxışda qadın kişiyə tabedir, şəxsiyyəti kişidə əriyir, şərəf və ləyaqəti qorunmur, hörməti saxlanmır. Bu baxış qadını maddi vasitəyə, şəhvət və əyləncə alətinə çevirir. ABŞ-də son günlər böyük səs-küyə səbəb olan cinayətkar qrupların fəaliyyəti də məhz bu növ baxışın nəticəsidir”.
Həzrət Ayətullah Xamenei ailə binasının dağıdılması, atanı tanımayan uşaqlar, ailə bağlarının zəifləməsi, gənc qızların ovlanması ilə məşğul olan bandalar, azadlıq adı altında cinsi pozğunluq və sərhədsizliyn sürətlə yayılması kimi fəsadların kapitalist mədəniyyətin son iki əsrdəki böyük cinayətlərindən olduğunu bildirdi: “Qərbin kapitalizmi hiyləgərliklə bu qədər böyük əxlaqsızlıq və pozğunluğun adını azadlıq qoyur. Hətta bizim ölkəmizdə də bunu yaymaq üçün eyni addan istifadə edirlər. Halbuki bu, azadlıq deyil, əsarətdir”.
O, Qərbin öz yanlış mədəniyyətini dünyaya ixrac etmək üçün göstərdiyi israra işarə edərək bildirdi: “Onlar iddia edirlər ki, qadına qoyulan müəyyən məhdudiyyətlər, o cümlədən hicab onun inkişafına mane olur. Lakin İslam Respublikası bu yanlış məntiqi puç etdi və göstərdi ki, müsəlman və İslami örtüyə riayət edən qadın bütün sahələrdə digərlərindən daha çox irəliləyə gedə və rol oynaya bilər”.
İnqilabın Rəhbəri qeyd etdi ki, elm, idman, intellektual, tədqiqat, siyasi, ictimai, sağlamlıq və tibbi sahələrdəki nailiyyətlər, uzunömürlülük, cihadın dəstəklənməsi və şəhidlərin həyat yoldaşlarının imkanlar yaradan əməkdaşlıqları qadınların İran tarixində əldə etdikləri misilsiz nailiyyətlərdir: “İran öz tarixi boyu alim, mütəfəkkir, fikir və düşüncə sahibi olan bu qədər qadının heç 1%-nə də malik olmamışdır. Qadınların bütün mühüm sahələrdə inkişaf və tərəqqisinə səbəb olan amil məhz İslam Respublikası olmuşdur”.
O, mühüm bir tövsiyə verərək KİV-ləri Qərb kapitalizminin qadınla bağlı olan səhv düşüncəsini təbliğ etməkdən çəkinməyə çağırdı: “Qadının hicabı, geyimi, qadın və kişinin əməkdaşlığı barədə danışarkən ölkə mediası qərblilərin dediklərini təkrarlamamalı və qabartmamalıdır. Əksinə, İslamın dərin, faydalı və effektiv baxışı ölkədə və beynəlxalq məkanlarda müzakirə edilməli, önə çıxarılmalıdır. Bu, İslamı təbliğ etməyin ən yaxşı yoludur və dünya ictimaiyyətinin əksər hissəsinin, xüsusilə də qadınların İslama maraq göstərməsinə səbəb olacaq”.
İnqilabın Rəhbərindən əvvəl şəhid general Qulaməli Rəşidin həyat yoldaşı, şəhid Əmin-Abbas Rəşidin anası, habelə şəhid general Hüseyn Səlaminin qızı qadınların ehtiyacları, məsuliyyət və vəzifələrindən danışdılar.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
