Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin ölkənin minlərlə qadın təmsilçisi ilə görüşü zamanı etdiyi çıxış

بسم الله الرّحمن الرّحیم و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین

Rəhman və Rəhim Allahın adı ilə. (1)

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə, pak, seçilmiş Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

Bütün hörmətli xanımlara, xüsusilə əziz şəhidlərimizin ailələrinə, ələlxüsus ölkəmizin və İslam Respublikasının iqtidarının təcəssümü olan bu yaxınlarda dünyasını dəyişən şəhidlərimizin ailələrinə xoş gəlmisiniz deyirəm. Burada çıxış edən xanımlara təşəkkür edirəm. Səsləndirilən fikirlər həm zəngin məzmunlu, həm də dərin mənalı idi; istər şəhid Rəşidin həyat yoldaşının, istər şəhid (Əmin Abbas) Rəşidin anasının, istərsə də şəhid Səlaminin qızı Səbiyyənin çıxışı olsun. Bu çıxışlar həm məzmun və məna baxımından bu xanımların və onların timsalında ölkənin bütün fədakar xanımlarının aydın fikir və yüksək düşüncəsinin göstəricisi idi, həm də mətn baxımından olduqca gözəl və könülaçan idi. Bütün xanımlara, xüsusilə də bu xanımlara təşəkkür edirəm. 

Bu günlər həzrət Siddiqeyi-Tahirəyə (ə) məxsus günlərdir. Mən əvvəlcə bu böyük şəxsiyyət haqqında bir-iki cümləni diqqətinizə çatdıracağam, ardınca bu günlərdə aktual olan qadın və qadın məsələləri barəsində qısaca söhbət edəcəyəm. 

Həzrət Zəhra (ə) haqqında, əgər o Xanımın (ə) fəzilətlərini sadalamaq istəsək, bu fəzilətlərin həddi-hüdudu yoxdur. Bu böyük şəxsiyyəti bir cümlə ilə tanıtmaq istəsək, onu deməliyik ki, digər Məsumlar (ə) kimi o Xanım (ə) da səmavi və kamil insandır; onlar insandırlar, amma səmaya, ərşə mənsub insanlardırlar. Dünyaya, Yerə mənsub olan bizlər isə onların dərəcə, məqam və nuraniliklərini görməyə qadir deyilik, hətta o məqamlara – Günəşə birbaşa baxa bilməyən insan kimi – nəzər sala, baxa bilmərik. Fatimeyi-Zəhranın (ə) dərəcəsi budur. O Xanım (ə) həyatın bütün yönlərində səmavi bir şəxsiyyət, səmavi bir insandır. İstər Allah-Taala qarşısındakı ibadət və itaəti olsun (o Xanımın (ə) ibadəti, gecələr etdiyi razü niyazı, başqalarına etdiyi xeyir-duaları haqqında eşitmisiniz), istərsə də insanlara göstərdiyi fədakarlıq və güzəşti olsun; yəni İlahi hikmətdə, mənəvi aləmdə və Allaha diqqətdə qərq olmasına rəğmən həm dünyanı yaddan çıxartmırdı, həm də insanları. Toy gününün axşamı gəlinlik paltarını dilənçiyə, fəqirə hədiyyə edir; üç gün yemək yemədiyi halda öz iftarını dilənçiyə verir; insanların qayğısına qalırdı. Müsibət və çətinliklər qarşısında səbirli idi. Kim Həzrət Zəhranın (ə) müsibətlərinə davam gətirə, dözə bilər? Səbir baxımından da o Xanım (ə) səmavi, ərşi bir insandır. Məzlumların haqqını cəsarətlə müdafiə etməkdə, həqiqəti aşkarlamaqda, siyasi düşüncə və fəaliyyətdə və s. səmavi insandır. Gördüyünüz kimi, bunlar xanım Fatimeyi-Zəhraya (ə) məxsus xüsusiyyətlərdir. Onun bir qadın olaraq, qadın cinsinə mənsub biri olaraq evdarlığı, həyat yoldaşına xidməti, övlad yetişdirməsi, Zeynəb (ə) kimi bir şəxsiyyəti yetişdirib ortaya çıxarması, imam Hüseyn (ə) və imam Həsən (ə) kimi şəxsiyyətləri öz ağuşunda tərbiyə etməsi o Xanımın (ə) özünəməxsus xüsusiyyətlərindəndir. Bir çox yaddaqalan tarixi hadisələrdə iştirakı; “Şi'bi Əbu Talib”də (Əbu Talib dərəsində) iştirakı, Mədinəyə hicrətdə iştirakı, Peyğəmbərin (s) bəzi qəzavatlarında fəal şəkildə iştirakı, o cümlədən “Mübahilə” hadisəsində iştirakı. Bunlar sonsuz bir siyahıdır. Xanım Fatimeyi-Zəhra (ə) sonu olmayan bu xüsusiyyətlərlə bəzənmişdir. Qısaca olaraq demək istəsək, Peyğəmbərin (s) özünün buyurduğu kimi deyəcəyik: 

سَیِّدَةُ نِساءِ العالَمین‌

“Hər iki aləmin xanımlarının sərvəri”. Rəvayətə əsasən, Peyğəmbərdən (s) soruşublar ki, “Hər iki aləmin xanımlarının sərvəri” cümləsi həzrət Məryəm haqqında buyurulmuşdur? Peyğəmbər (s) cavab verib ki: 

مَریَمَ‌ کانَت‌ سَیِّدَةَ نِساءِ عالَمِها

“Məryəm öz dövrünün, öz zəmanəsinin xanımlarının sərvəri idi”. (2) Fatimə (ə) isə bütün aləmlərin, tarixin bütün dövrlərinin xanımlarının sərvəridir. Fatimeyi-Zəhra (ə) budur! Siz belə bir şəxsiyyətdən dərs alırsınız, belə bir şəxsiyyətə doğru addımlayırsınız, məqsədi belə bir şəxsiyyətdən öyrənir və onu izləyirsiniz. Bu xüsusiyyətlər Allaha şükürlər olsun ki, ölkəmizin, cəmiyyətimizin qadınlarının diqqət yetirdikləri və diqqət etməli olduqları məqamlardır. Bu, xanım Fatimeyi-Zəhra (ə) haqqında. 

Qadınlarla bağlı məsələyə gəlincə, bu məsələ bu gün də dünyada öz aktuallığını qoruyur və bunun səbəbi qadınların keçmişdə də, hazırda da ədalətsizliyə məruz qalmasıdır. Mənim fikrimcə, “qadın” cinsi haqqında müzakirə olunan mövzular arasında iki mövzu digərlərindən daha mühümdür: bunlardan biri “qadının mövqeyi”, o biri isə “qadının hüquqları”dır. Bu iki mövzu müzakirə olunmalıdır. 

İslamda qadının mövqeyi çox uca və yüksəkdir. Qadın haqqında ən yaxşı sözləri, onun kimliyi və şəxsiyyəti haqqında ən yaxşı fikirləri biz bəlkə də Qurani-Kərimdə tapa bilərik; onlardan bəzisini mən burada qeyd etmişəm. 
Əvvəla, bəşər həyatının və bəşər tarixinin yaranmasında kişi və qadının rolu, kişi və qadının bərabərliyi:

اِنّا خَلَقناکُم مِن ذَکَرٍ وَ اُنثیٰ

“Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq”. (3) 

Bir neçə min illik tarixi olan – Allah bilir ki, daha neçə min il davam edəcək – bəşər silsiləsinin yaradılışında bu təşkilatın qurucusu bir kişi və bir qadındır; yəni Qurani-Kərimin təbirinə əsasən, bəşər həyatının bir yarısı kişi, digər yarısı qadındır.

İkincisi, ümumi öhdəlik. Allah-Taala insanları müəyyən bir məqsədə, müəyyən bir məqama çatmaq üçün yaratmışdır. Bu baxımdan da İslam məntiqində kişi və qadın arasında heç bir fərq qoyulmur; onlar eynidirlər, bərabərsəviyyəlidirlər:

وَ مَن یَعمَل مِنَ الصّالِحاتِ مِن ذَکَرٍ اَو اُنثیٰ‌ وَ هُوَ مُؤمِن

“Kişi, yaxud qadınlardan hər kim mömin olaraq yaxşı işlər görərsə...” (4)

Quranın bir neçə ayəsində qeyd olunduğu kimi, yaxşı əməl və imanın nəticəsi kişi və qadın üçün eynidir və bu xüsusiyyət onların hər ikisini xilas edə bilər. Mənim indi oxuduğum ayə “Nisa” surəsindən idi, amma bu mövzu bir çox başqa ayələrdə də qeyd olunmuşdur. 

Üçüncü, mənəvi kamilliyə və onun üsullarına çatmaq. Əgər qadın da kişi kimi imana, saleh əmələ malik olsa, mənəvi kamilliyə və ən uca məqamlara çatmaq ona da rahat olacaqdır və bir çox yollar üzünə açılacaqdır. Diqqət edin! Bütün bu məqamlar və bu sözlər dindar olmalarına baxmayaraq, dini tanımayanların, habelə dini kökündən qəbul etməyən insanların yanlış düşüncələri ilə ziddiyyət təşkil edir. Mübarək “Əhzab” surəsində buyurulur: 

اِنَّ المُسلِمینَ وَ المُسلِماتِ وَ المُؤمِنینَ وَ المُؤمِناتِ وَ القانِتینَ وَ القانِتاتِ وَ الصّادِقینَ وَ الصّادِقاتِ وَ الصّابِرینَ وَ الصّابِراتِ وَ الخاشِعینَ وَ الخاشِعاتِ وَ المُتَصَدِّقینَ وَ المُتَصَدِّقاتِ وَ الصّائِمینَ وَ الصّائِماتِ وَ الحافِظینَ فُرُوجَهُم وَ الحافِظاتِ وَ الذَّاکِرینَ اللَهَ کَثیراً وَ الذَّاکِرات‌

“Şübhəsiz, müsəlman, mömin, itaətkar, doğru sözlü, səbirli, təvazökar, sədəqə verən, oruc tutan, ayıb yerlərini (iffətlərini zinadan) qoruyan, Allahı çox zikr edən kişi və qadınlar üçün...” (5)

Kişi və qadının adı ayənin hər hissəsində yanaşı gəlmişdir; Allah-Taalanın bəndələri üçün, mömin bəndələr olan kişi və qadın üçün birinci dərəcəli və bərabərsəviyyəli on rütbə qeyd olunmuşdur. Bu xüsusiyyətləri daşıyan insanlar Allah-Taalanın inayətinə, əfvinə, lütfünə, həmçinin səmavi, mənəvi və İlahi məqamlara çatmağa layiq olan insanlardırlar. 

Qadının kişilərlə qarşılıqlı hüquqa sahib olması barəsində mübarək “Bəqərə” surəsində belə deyilir:

وَ لَهُنَّ مِثلُ الَّذی عَلَیهِنّ

“(Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır”. (6)

Bunlar Qurani-Kərimin məntiqidir. Görün, mömin, insan, uca şəxsiyyət olaraq, qadın və kişi arasında tam bərabərliyi necə və hansı üsullarla bərqərar edir!

İslam nöqteyi-nəzərindən qadınlar ictimai və siyasi fəaliyyətlərdə, əmək və biznes sahəsində, əksər dövlət vəzifələrində və həyatın bütün sahələrində fəal iştirak edə bilərlər. 

Qərbin yanlış və azğın mədəniyyətinin qadın haqqında təqdim etdikləri – bir az sonra bu barədə danışacağam – İslamda qəti şəkildə rədd edilir. İslamda qadın bu mövqeyə sahibdir; o, bu mənəvi yüksəlişlə, bu yüksək rütbələrlə, bu inkişaf imkanları ilə həm maddi həyatda yaşayır, həm də mənəvi dünyada hərəkət edir. 

İslamda qadınlara aid olan məsələlərdən biri də kişilərlə rabitədə müəyyən məhdudiyyətlərin olmasıdır. Qeyd olunan bu bərabərliklər var, amma kişi ilə qadın arasındakı münasibətlərdə məhdudiyyətlər də vardır ki, bunlar da İslamın xarakterik xüsusiyyətidir. Digər xüsusiyyətlər kimi, bu xüsusiyyət də Qərbin azğın mədəniyyətində qətiyyən nəzərə alınmamışdır; səbəbi də aydındır. Səbəbi budur ki, cinsi istək və meyillər olduqca güclüdür, onu cilovlamaq lazımdır və İslam dini onu öz qanunları ilə cilovlaya bilmişdir. Həmin qanunlara riayət olunmazsa, bu başlı-başınalıq bu gün Qərbdə baş verənlərlə eyni nəticələrə gətirib çıxaracaqdır. Amerika, Avropa və əksər Qərb ölkələrindəki azğın dəstələr və təşkilatların etdiklərini eşidirsiniz, xəbəriniz var. Bundan başqa qadın və kişilərin geyimlərindəki müəyyən məhdudiyyətlər də, bu kimi məhdudiyyətlərdəndir. Bu məhdudiyyətlər həm kişi, həm də qadın üçün nəzərdə tutulmuşdur. Geyim məsələsi sadəcə qadına aid məsələ deyildir. Qadının hicabı, kişi və qadın arasındakı fiziki məsafə, evliliyə təşviq də bu kimi məhdudiyyətlərdəndir; bu məhdudiyyətlər bu təhlükəli faktorları cilovlayan amillərdir. 

Qadının mövqeyi İslam mədəniyyətində məntiqə əsaslanır. Əvvəla, qadın çox uca bir mövqeyə sahibdir ki, mən buna qısaca toxundum. İkincisi isə tamamilə məntiqidir; yəni bu, qadının təbiətinə, cəmiyyətin ehtiyac və maraqlarına uyğundur. 

İslam dininə əsasən, qadın və kişi iki balanslı ünsürdür; tamamilə balanslı, bir çox ortaq cəhətləri olan, fiziki quruluşuna görə bir-birindən fərqlənən bəzi müxtəlif xüsusiyyətlərə malik ünsürlərdir. Bu iki ünsür həyatın idarə edilməsində, insan nəslinin davamında, sivilizasiyanın inkişafında və mənəvi ehtiyacların, xüsusilə mənəvi ehtiyacların ödənməsində mühüm rol oynamalıdırlar. Yəni qadın və kişi həm dünyanı, həm də öz daxili aləmlərini idarə etməlidirlər. Onların görməli olduqları mühüm işlərdən biri ailə qurmaqdır. Təəssüflər olsun ki, kapitalizm və Qərbin azğın mədəniyyətinin məntiqində ailə yaddan çıxmışdır. Bir az sonra ailə daxilində də müəyyən hüquqların mövcud olduğuna toxunacağam. Qadınlar, kişilər, övladlar və bu üç üzv arasındakı hüquqlar: kişi, qadın və övladlar arasında nəzərdə tutulmuş qarşılıqlı hüquqlar mövcuddur. 

İndi isə gəlin qadın hüququ, mövqeyi haqqında danışaq. 

Qadın hüquqlarına gəlincə, qadın üçün nəzərdə tutulmalı olan ilk hüquq ailədaxili və sosial münasibətlərdə ədalətli rəftar prinsipidir. Cəmiyyətdə ədalət, evdə ədalət. Bu, qadının birinci haqqıdır və mütləq təmin olunmalıdır. Bunu təmin etməkdə də hamı məsuliyyət daşıyır; həm dövlətlər və hökumətlər, həm də cəmiyyətin hər bir fərdi.

Qadının təhlükəsizliyi, hörmət, şərəf və ləyaqətinin qorunması da onun digər hüquqlarındandır. Qadının şərəf və ləyaqəti qorunmalıdır. Bədxah kapitalizmin məntiqi qadının şərəf və ləyaqətini məhv edir, ayaqlar altına atır. İslam dinində qadının şərəfi və ona hörmət ən əsas prinsiplərdən biridir. Bir hədisdə Peyğəmbər (s) belə buyurmuşdur: 

اَلمَراَةُ رَیحانَةٌ وَ لَیسَت بِقَهرَمانَة

“Qadın qəhrəmanə (işçi) deyil, ətirli bir güldür”.

Mən bu hədisi dəfələrlə söyləmişəm və bu hədisin dönə-dönə təkrarlanmasını bilərəkdən istəyirəm. “Qəhrəmanə” hansısa bir işi görən birinə, bir işin məsulu olan şəxsə deyilir. Məsələn, kiminsə bağı, baxçası, biznesi var. Bu kimi işləri görən, yükü öz üzərinə götürən şəxsə ərəb dilində “qəhrəmanə” deyilir. Peyğəmbər (s) buyurur ki, اَلمَراَةُ رَیحانَة – qadın ətirli bir güldür; qadın evdə gül kimidir. وَ لَیسَت بِقَهرَمانَة – Evin işçisi deyil ki, soruşasız: “Niyə bu işi görməmisən, niyə o işi görməmisən, niyə ev təmiz deyil?” رَیحانَة – Qadın ətirli bir güldür. Gülün qayğısına qalmaq, gülü gül kimi qorumaq lazımdır ki, o da sizə öz rəngindən, ətir və rayihəsindən bəxş etsin. Diqqət edin! İslam qadına belə bir baxışla yanaşır. Qadının əməlinin, düşüncəsinin və tutduğu yolun əhəmiyyətinin aydınlaşması üçün Quran heyrətamiz bir misal çəkir: 

وَ ضَرَبَ اللَهُ مَثَلاً لِلَّذینَ آمَنُوا امرَاَتَ فِرعَون

“Allah iman gətirənlərə Fironun zövcəsini (Məzahimin qızı Asiyəni) misal çəkdi”. (7)

Bu misalla Allah-Taala iman gətirənlərə bir nümunə gətirir, bir misal çəkir, bir göstərici müəyyən edir ki, həmin göstərici də yalnız qadınlar üçün deyil, bütün möminlər üçün nəzərdə tutulmuşdur; ضَرَبَ اللَهُ مَثَلاً لِلَّذینَ آمَنُوا – Allah bütün möminlər üçün göstərici təyin edir. Bəs o göstərici kimdir? Onlardan biri Fironun həyat yoldaşı, digəri isə İmranın qızı Məryəmdir. (8) Yəni dünyanın bütün kişiləri, bütün möminləri tutduqları yolun doğru olub-olmadığını bilmək istəyirlərsə, bu iki qadının həyatına baxsınlar; baxsınlar görsünlər ki, onlar necə hərəkət ediblər, necə davranıblar, nə ediblər; həmin yol onların qurtuluş yoludur. Bu, İslamın qadına yanaşmasıdır, baxışıdır. 

Qadının cəmiyyətdəki hüquqları qorunmalıdır; bunun üçün kişi və qadın arasında heç bir ayrı-seçkilik olmamalıdır, halbuki bu ayrı-seçkilik bu gün mövcuddur. Bu gün bir çox Qərb ölkələrində eyni işə görə qadınların aldığı əməkhaqqı kişilərin aldığı əməkhaqqıdan aşağıdır; günümüzdə vəziyyət belədir. Bu, tamamilə ədalətsizlikdir. Gördükləri işin müqabilində kişilərlə eyni şəkildə qiymətləndirilmə – əməkhaqqı baxımından – dövlət imtiyazlarının kişilərlə bərabər olması, məsələn, çalışan qadınlar üçün sığorta, ailə başçısı olan qadınlar üçün sığorta, qadınlar üçün xüsusi məzuniyyətlərin verilməsi və bu kimi onlarla digər məsələ. Bu hüquqlar qorunmalıdır. Bu, sosial hüquq haqqında. 

Evdə isə evin xanımının ən əsas haqqı “məhəbbət”dir. Evin xanımının ən əsas ehtiyacı, ən önəmli haqqı məhəbbətdir. Hədislərin birində buyurulmuşdur ki, kişilər həyat yoldaşlarına “Səni sevirəm” sözünü söyləsinlər; (9) yəni arvadı bunu bilsə belə, ər gərək sevgisini bəlli etsin. Bu, qadının ev mühitindəki birinci haqqıdır. 

Qadın üçün evdəki digər ən böyük və ən mühüm haqq ona qarşı zorakılıq göstərməməkdir. Azğın Qərb mədəniyyəti kişilərin qadınlara qarşı zorakılığı ilə doludur; doludur! Qərbdə qadınların ərləri tərəfindən qətlə yetirilməsi, döyülməsi halları vardır. Bu, ən mühüm azğınlıqlardan biridir. Bir hekayədə – əlbəttə, bu bir hekayədir, amma Amerika ilə bağlı bir reallığı əks etdirir – kişi evə gəlir və arvadını vəhşicəsinə döyür; belədir. Diqqət edin, hansısa bir mühitdə azğın bir mədəniyyət geniş hal alanda, nəticəsi də belə olur. Bəzən də qadın nə isə işlər görür, inadkarlıq göstərir, nalayiq şəkildə danışır, sanki ərinin əsəbləşib zorakılıq göstərməsini istəyir, ancaq bunun faydası olmur, ər zorakılığa əl atmır. Amma azğın mədəniyyət geniş hal aldıqda, nəticəsi də zorakılıq olur; ona görə də istənilən halda zorakılığa yol verilməməlidir. 

Evin idarə edilməsi. Evin rəisi, evin müdiri evin qadınları və xanımlarıdır. Hamiləlik zamanı irəli gələn çətinliklərdə ər həyat yoldaşına kömək etməlidir. Ev işlərini qadına yükləməmək lazımdır; ev işləri qadına yüklənməməlidir. Yetərsiz gəlirə rəğmən, qadınların evi idarə etmələri təqdir edilməlidir, qədirləri bilinməlidir; biz bu məqama çox az diqqət göstəririk. Məsələn, təsəvvür edin ki, kişi idarə işçisidir və sabit aylıq gəliri var, amma məhsullar da bahalaşıb, buna rəğmən ev idarə olunur, yəni hər bir iş vaxtında görülür, yemək vaxtlı-vaxtında hazır olur. Görəsən, bu işi kim görür? Evi idarə edən o məharətli insan kimdir? 

Qadının digər bir hüququ isə təhsildir, qadınlara məxsus bəzi müəyyən peşələrdə inkişaf vasitələrindən yararlanması üçün ona şəraitin yaradılmasıdır. Bunlar İslamın qadına baxışının qısa xülasəsidir. Bunlar xülasədir; yəni kimsə İslamın qadına olan baxışını izah etmək istəsə, buna yarım saatlıq, bir saatlıq toplantı yetmir; bundan daha uzun müddət lazımdır. Mənim bu barədə qeyd etdiklərim sadəcə xülasədir. 

İslamın qadına baxışının əks tərəfində isə Qərb baxışı, Qərb kapitalist baxışı durur. Bu, sözün həqiqi mənasında əks tərəfdir. İslamda qadın öz hərəkətində müstəqildir, inkişaf etmək imkanı var, öz qüdrəti, şəxsiyyəti və kimliyi var. Orada isə xeyr. Qadının şəxsiyyəti kişinin şəxsiyyətinə tabedir. Subay ikən sizin öz soyadınız olur, ailə qurduqda isə həmin ad üstünüzdən götürülür və ərin soyadı adınıza əlavə olunur! Bu bir əlamətdir; bu, qadın şəxsiyyətinin kişi şəxsiyyətində həzm olması, əriməsi deməkdir, bu, kişi kimliyində məhv olmaqdır. Əməkhaqlarında fərq qoyulması; qadının şərəf və ləyaqətinə hörmətsizlik; qadına maddi istifadə vasitəsi kimi baxmaq. Qadına maddi istifadə vasitəsi kimi baxılır – hansısa bir elit şəxs həyat yoldaşına hörmət qoya bilər, söhbət belə şəxslərdən getmir, söhbət ictimai baxışdan gedir – şəhvət vasitəsi kimi baxılır. Son vaxtlar Amerikada böyük səy-küyə səbəb olan cinayətkar bandaların fəaliyyətinin mənası da elə budur; yəni qadına əyləncə vasitəsi, bir alət, bir vasitə kimi baxılır. Bu mədəniyyət mühitə hakim olduqda, o qadının özü belə vasitəyə çevrildiyini başa düşmür, əksinə, qürur hissi keçirir; fəxr edir! 

Ailə institutunun və strukturunun dağıdılması. Qərb kapitalist sivilizasiya və mədəniyyətinin ən böyük günahlarından biri ailə strukturunu dağıtmaqdır. Qərbdə vahid və qarşılıqlı əlaqəli bir icma olaraq mövcud olan ailə çox azdır. Mən bir xarici müəllifin kitabında oxumuşdum ki, bir ər və arvad bir dəfə belə razılığa gəlir ki, günorta saat 4-də hər ikisi bir saatlıq, məsələn, çay içmək üçün evə gəlsinlər; uşaqlar da bilir ki, bu saatda ata-ana evdə olacaq. Ailənin bir yerə yığışması onlarda belədir ki, məsələn, günortadan sonra saat 4-də o qadın işdən evə gələcək, kişi də işdən evə gələcək, uşaqlar da – oğlan, ya qız – bu saatda evdə olacaq, daha sonra hər biri öz işinin ardınca gedəcəklər; ya işə gedəcəklər, ya nəsə iş görəcəklər, ya dostları ilə görüşəcəklər, ya da idman klubuna gedəcəklər. Onlar həmin bir saat ərzində də elə hey saata baxırlar ki, görsünlər, məsələn, saat 5-də görüş sona çatmalıydı, bu saat sona çatıb, ya yox? Ailənin vəziyyəti orada belədir! Atanı tanımayan uşaqlar, ailə bağlarının zəifləməsi, ailə strukturunun dağılması, gənc qızların ovlanması ilə məşğul olan bandalar, “azadlıq” adı altında cinsi əxlaqsızlığın gündən-günə sürətlə yayılması və sair! Qərbin kapitalist məntiq və mədəniyyətinin ən böyük günahlarından biri budur ki, bu qədər əxlaqsız işlər görürlər, sonra da adını “azadlıq” qoyurlar! Yoldan çıxarırlar, aldadırlar və bunun adı da “azadlıq”dır. Həmin mədəniyyəti burada da yaymaq istəyəndə, “Azadlıq bəxş edirik” – deyirlər! Əslində isə qadını kölələşdirirlər, əsir edirlər, amma adını “azadlıq” qoyurlar. Qadınların cəmiyyətdəki, həmçinin ailə atmosferindəki mövqeyi, yeri ilə bağlı bu böyük problem mədəniyyətə – yanlış və azdırıcı bir mədəniyyətə çevrilib. 

Təbii ki, Avropada keçmiş illərdə və əvvəlki əsrlərdə vəziyyət belə deyildi. Əsasən bu ötən əsrlərdə, təxminən ona yaxın dövrlərdə daha da güclənmiş və hazırkı vəziyyəti almışdır. Təəssüflər olsun ki, özləri də yaratdıqları bu mədəniyyəti bütün dünyaya ixrac etməkdə israr edirlər. Qərblilər və kapitalistlərin təkidi budur ki, bu mədəniyyət ixrac olunmalıdır. Bu məqsədlə də bir sıra arqumentlər gətirib deyirlər: “Əgər qadın hicablı olarsa, özü üçün bu məhdudiyyətləri müəyyənləşdirərsə, inkişafdan geri qalacaqdır!” Amma İslam Respublikası bu yanlış məntiqi alt-üst edib, puça çıxardı. İslam Respublikası göstərdi ki, müsəlman, inanclı, hicablı və islami geyimə riayət edən bir qadın bütün sahələrdə digərlərindən daha çox inkişaf edib irəliyə gedə bilər. O, həm cəmiyyətdə, həm də ailədə mühüm rol oynaya bilər; bu baxışla İnqilabın qələbəsindən sonra İslam Respublikasında bir çox qadınlarımız, gənc qızlarımız nailiyyətlər əldə etdilər; təhsil sahəsində, səhiyyə sahəsində, gələcəyə ümidli və nikbin olmaqda, elm və idman sahəsində, cihada dəstəkdə və s. O xanım düz dedi; (10) “Belə həyat yoldaşları olmadan, bizim əziz şəhidlərimiz bu mübarizə meydanında bu qədər fəal iştirak edib, belə bir qürurlu sona, yəni şəhadətə vara bilməzdilər”. Bu qadınlar bütün çətinliklərə dözdülər; məhz həmin qadınlar öz mübariz həyat yoldaşlarını cihad əzmi ilə elə bir şəkildə dəstəklədilər, onlara elə bir şəkildə yardım etdilər ki, o insanlar cihadın zirvəsinə ucala bildilər. 

Bu gün bizim xanımlar, bizim qadınlar intellektual və tədqiqat mərkəzlərində elə nailiyyətlər əldə etmişlər ki, bu, İran tarixində görünməmiş bir nailiyyətdir; şübhəsiz! Bizim İranda heç vaxt bu qədər qadın alimlərimiz, mütəfəkkirlərimiz olmamışdır. Heç vaxt bu qədər tədqiqatçı rəyləri təklif edə bilən, bu qədər həll yolları təklif edə bilən qadınlarımız olmamışdır; heç vaxt! Nəinki onların sayları çox deyildi, əksinə, indiki sayın onda biri qədər belə yox idi, hətta deyərdim ki, yüzdə biri qədər belə yox idi. Allaha şükürlər olsun ki, İslam Respublikası ölkədə elmin inkişafı ilə qadınları bu gün dünyada bu cür bir səviyyəyə çatdırmışdır; elmi, ictimai, siyasi və idman sahəsində, Allaha şükürlər olsun ki, qadınlarımız qabaqcıllar arasındadırlar. 

Son olaraq demək istədiyim budur: Mediaya tövsiyəm budur ki, qərblilərin yanlış düşüncələrini yaymaqda icraçı qüvvəyə çevrilməkdən çəkinsinlər. Ölkə mediamız Qərbin və kapitalizmin qadınlarla bağlı puç və yanlış düşüncələrini yayan vasitəyə, onların alətinə çevrilməməyə diqqət etsin. Qadının hicabı, geyimi haqqında söhbət olunanda, qadın və kişinin əməkdaşlığı haqqında danışılanda İslam Respublikasının daxili mediası onların sözünü təkrarlamasın, onların ifadələrini qabardıb böyütməsin. İslamı yaysın, İslam nəzərini açıqlasın. İslamın nəzəri qürurverici nəzərdir. Əgər biz bu düşüncəni, baxışı, bu mühüm və konstruktiv nəzəriyyəni əvvəlcə öz cəmiyyətimizdə, daha sonra beynəlxalq ictimaiyyətdə açıqlaya bilsək, şübhəsiz ki, dünya ictimaiyyətinin əksəriyyəti, xüsusilə də qadınlar İslama cəlb olunacaq. Bu, İslamı təbliğ etməyin ən yaxşı yoludur. Ümid edirəm ki, hamınız bu işdə uğur qazanacaqsınız.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

_________________________

(1) Bu görüşün əvvəlində “Xatəmul-Ənbiya” Qərargahının komandanı şəhid general-mayor Qulaməli Rəşidin həyat yoldaşı və İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı şəhid general-mayor Hüseyn Səlaminin qızı çıxış etmişlər. 
(2) “Əmaliye Səduq”, 73-cü məclis, səh. 486
(3) “Hucurat” surəsi, 13-cü ayədən
(4) “Nisa” surəsi, 124-cü ayədən
(5) “Əhzab” surəsi, 35-ci ayədən
(6) “Bəqərə” surəsi, 228-ci ayədən
(7) “Təhrim” surəsi, 11-ci ayədən
(8) “Təhrim” surəsi, 12-ci ayədən
(9) “Kafi”, c. 5, səh. 569
(10) Şəhid Qulaməli Rəşidin həyat yoldaşının sözlərinə istinad