İslam İnqilabının Ali Rəhbəri mübarək Məbəs bayramında müxtəlif təbəqələrdən olan minlərlə insanla görüşdə İslamın bugünkü insan cəmiyyətində - İslamın ilk dövrlərində olduğu kimi - bir təkamül yaratmaq, cəhalət, zülm, zorakılıq, qorxu və imperializmə məruz qalmış cəmiyyətləri islahat və xilasa nail olmuş şərəfli cəmiyyətlərə çevirə biləcək çox böyük bir potensiala malik olduğuna işarə edərək son fitnənin ayrı-ayrı yönləri, İslam Respublikasının bu amerikan fitnəsinin ssenari müəlliflərinə və təşviqatçılarına qarşı mövqeyinə aydınlıq gətirdi. Xalqın tarixi 22 Dey (12 yanvar) hərəkatını yüksək qiymətləndirən Ali Rəhbər vurğuladı: "İran xalqı fitnənin belini qırdı. Amma bu fitnənin mahiyyəti və məqsədlərini, eləcə də həm “təlim keçmiş”, həm də “aldadılmış” amilləri yaxşı tanınmalıdır".
Həzrət Ayətullah Xamenei İran xalqını, İslam ümmətini və dünyanın bütün azadlıqsevərlərini bəşəriyyət tarixinin ən mühüm bayramı münasibətilə təbrik edərək İslamın əzəmətli peyğəmbərinin peyğəmbərliyə seçildiyi günü Quranın təvəllüd günü, bəşəriyyətin kamil insan tərbiyəsini ehtiva edən ilahi proqramdan xəbərdar olduğu, İslam sivilizasiyasının başlanğıcı, ədalət, qardaşlıq və bərabərlik bayrağının ucaldıldığı gün adlandıraraq əlavə etdi: "Əlbəttə ki, Məbəsin fəzilətlərini dərk etmək bizim kimilərin gücü daxilində deyil. Bu, Əmirəl-mömininin (ə) dili ilə bəyan edilməli və Nəhcül-bəlağəni mütaliə etməklə dərk olunmalıdır".
O, İslamın insan yetişdirmə və sivilizasiya yaratma qüdrəti ilə bağlı açıqlama verərək Məbəsdən əvvəlki Ərəbistanın mənəvi tənəzzül və fəsad, hər tərəfi əhatə etmiş cahillik, bədbəxtlik, zülm, zorakılıq, təkəbbür, təəssübkeşlik, nadanlıq, dərin ədalətsizlik və ayrıseçkilik kimi xüsusiyyətlərinə toxunaraq dedi: "Peyğəmbər (s) vəhyə, ağıl və imana söykənən ilahi proqrama əsaslanaraq belə geri qalmış, tənəzzülə uğramış bir xalqdan Əbuzər, Əmmar və Miqdad kimi örnək alınacaq şərəfli insanlar tərbiyə etdi. İslamın bu bənzərsiz potensialı bu gün də böyük dəyişikliklər yaratmağa qadirdir".
İnqilabın Rəhbəri müasir dövrdə bir çox insan cəmiyyətlərinin, xüsusilə də Qərb cəmiyyətlərinin zahiri görünüşü və ritorikasının cahillik dövründən fərqli olmasına baxmayaraq, eyni dərin əxlaqi fəsadlara, zülmə, ədalətsizliyə, zorakılığa və imperializmə düçar olduqlarını bildirərək dedi: "İslam, mömin və inanclı müsəlmanlar — dərin və ümumi imanla hərəkət etmək şərtilə — bugünkü dünyanı məhvolma və fəsad dərəsinə yuvarlanmaqdan xilas edərək, islah, nicat və şərəf zirvələrinə, cəhənnəmdən cənnətə doğru apara bilərlər".
Həzrət Ayətullah Xamenei "Məyus və qəmgin olmayın. Əgər imanınız olsa, siz qalibsiniz!" ayəsinə istinad edərək əlavə etdi: "Müsəlmanların bəşəriyyəti xilas etmə qüdrətinin əsas şərti «Əbuzər imanı»na sahib olmaqdır. Əlbəttə, İslam Respublikasında fərdi şəkildə həm tanınmış, həm də tanınmayan şəhidlərimiz arasında Əbuzər xislətli insanlarımız olub, lakin mühüm olan belə bir imanın bütün cəmiyyəti bürüməsidir."
İslam İnqilabının Rəhbəri çıxışının ikinci hissəsində xalqı bir qədər narahat edən və ölkəyə müəyyən ziyanlar vuran son fitnədən söz açaraq dedi: "Bu fitnə Allahın yardımı, millətin, məsul şəxslərin və peşəkar məmurların əli ilə yatırıldı. Lakin biz bu fitnənin mahiyyətinin nə olduğunu, niyə ortaya çıxdığını, tərkib hissəsinin hansı şəxslərdən ibarət olduğunu və düşmən qarşısında davranışımızın necə olacağını bilməliyik".
Son fitnənin amerikan mahiyyətinə malik olduğunu vurğulayan Ayətullah Xamenei amerikalıların müxtəlif məkrli planlardakı əsas məqsədinə aydınlıq gətirərək dedi: "Amerikanın təkcə indiki prezidenti deyil, ümumiyyətlə, ABŞ-nin məqsədi və daimi siyasəti İranı udmaq, öz hərbi, siyasi və iqtisadi ağalığını ölkəmizdə yenidən bərqərar etməkdir. Çünki belə böyük əraziyə, əhaliyə, imkanlara, elmi və texnoloji tərəqqilərə malik, həm də belə həssas coğrafi mərkəzdə yerləşən bir ölkə onlar üçün dözülməzdir".
İnqilabın Rəhbəri Qərb rəsmilərinin əvvəlki fitnələrdəki müdaxilə səviyyəsinin əsasən mətbuat nümayəndələri və ikinci dərəcəli siyasətçilərlə məhdudlaşdığını qeyd edərək əlavə etdi: "Lakin son fitnənin spesifikliyi onda idi ki, ABŞ prezidenti şəxsən özü fitnəyə müdaxilə etdi, danışdı, təhdid etdi və fitnəkarları həvəsləndirərək onlara: “İrəli gedin, qorxmayın, biz sizi hərbi cəhətdən dəstəkləyirik” – mesajı verdi".
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ABŞ Prezidentinin təxribatçılar və qatillərdən "İran xalqı" deyə bəhs etməsi millətə qarşı böyük bir böhtandır: "ABŞ Prezidenti fitnəkarları açıq şəkildə həvəsləndirdi, pərdə arxasında isə ABŞ və sionist rejim onlara yardımlar etdi. Buna görə də biz həm tələfatlara və dəymiş ziyanlara görə, həm də İran xalqına atdığı böhtana görə ABŞ Prezidentini cinayətkar hesab edirik".
O, fitnənin meydandakı subyektlərinin mahiyyətini izah edərkən dedi: "Meydanda aktiv olanlar iki qrup idi; birinci qrup Amerika və İsrailin casusluq xidmətləri tərəfindən diqqətlə seçilmiş, böyük məbləğdə pullar verilmiş, necə hərəkət etmək, od vurmaq, qorxu yaratmaq və polisin əlindən qaçmaq kimi istiqamətlərdə təlimlər görmüşdü. Bu xəbis və cinayətkar subyektlərin böyük bir hissəsi hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinin uğurlu əməliyyatları nəticəsində həbs edilmişdir".
İnqilabın Rəhbəri bildirdi ki, fitnənin meydandakı subyektlərinin ikinci qrupu birinci qrupun təsiri altına düşmüş yeniyetmə və gənclərdən ibarət idi: "Bu qrupun sionist rejim və ya casus orqanları ilə heç bir əlaqəsi yox idi. Əslində, onlar başçıların təsiri altına düşən təcrübəsiz şəxslər idi, həyəcan yaradaraq etməməli olduqları işlərə və təxribatlara əl atdılar".
Həzrət Ayətullah Xamenei əlavə etdi: "Bunlar piyada qüvvələr idi və missiyaları məkanlara, evlərə, idarələrə və sənaye mərkəzlərinə hücum etmək idi. Təəssüflər olsun ki, nadan və məlumatsız amillər xəbis və təlim keçmiş subyektlərin rəhbərliyi altında 250 məscidin dağıdılması, 250-dən çox təhsil və elm mərkəzinin yararsız vəziyyətə salınması, habelə elektrik sənayesi mərkəzlərinə, banklara, tibb müəssisələrinə və ərzaq mağazalarına ziyan vurulması kimi pis işlər və böyük cinayətlər törətdilər; insanlara zərər vurmaqla yanaşı, bir neçə min nəfəri də qətlə yetirdilər".
O, bir qrup gəncin bir məsciddə mühasirəyə alınaraq diri-diri yandırılması, yaxud üçyaşlı qızın, müdafiəsiz və günahsız kişi və qadınların öldürülməsi kimi hədsiz dərəcədə qeyri-insani və tamamilə vəhşicəsinə hərəkətlərə işarə edərək dedi: "Bu işlər fitnənin öncədən hazırlanmış planının bir hissəsi idi. Onlar həm soyuq silahlarla, həm də xaricdən gətirilərək belə cinayətləri törətmək üçün fitnə ünsürləri arasında paylanmış odlu silahlarla təchiz olunmuşdular".
İslam İnqilabının Rəhbəri İran xalqının fitnənin belini qırdığını vurğulayaraq dedi: "İran xalqı 22 Dey (12 yanvar) tarixinidəki milyonluq yürüşü ilə bu günü özünün çoxsaylı fəxarətlər kitabında tarixi bir günə çevirdi və boşboğazların çərənçi ağzından möhkəm bir yumruq vuraraq fitnəni yatırtdı".
O, sionistlərə bağlı olan dünya mətbuatı və xəbər agentliklərində azsaylı fitnəkarların sayının şişirdilməsi, digər tərəfədn isə İran xalqının 22 Dey (12 yanvar) tarixindəki izdihamının inkar edilməsi və ya kiçildilməsinin onların həmişəki vərdişlərindən irəli gəldiyini bildirdi: "Reallıq bu işlərlə dəyişmir. Reallıq millətin Tehranda və digər şəhərlərdə öz gözləri ilə gördüyüdür".
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, son fitnədə Amerikanın İran xalqı tərəfindən məğlub edilməsi ABŞ və sionizmin 12 günlük müharibədəki məğlubiyyətinin davamdır: "Onlar bu fitnəni daha böyük işlər görmək üçün geniş hazırlıqlarla başlatmışdılar; əlbəttə ki, millət fitnəni söndürdü, amma bu yetərli deyil, Amerika öz əməllərinə görə cavab verməlidir".
O bildirdi ki, Xarici İşlər Nazirliyi də daxil olmaqla aidiyyəti qurumlar ABŞ son cinayətlərinə hüquqi müstəvidə baxılmasına çalışmalıdırlar: "Biz ölkəni müharibəyə sürükləmirik, amma daxili cinayətkarları və onlardan daha pis olan beynəlxalq cinayətkarları boş buraxmayacağıq; bu iş öz qaydasında və düzgün üsullarla həyata keçirilməlidir".
İslam İnqilabının Rəhbəri vurğuladı: "Allahın yardımı ilə İran xalqı fitnənin belini qırdığı kimi, fitnəkarın da belini qırmalıdır".
O, çıxışının yekun hissəsində Amerika-Sionist fitnəsinə qarşı müzəffər mübarizədə məsul şəxslərin, hüquq-mühafizə orqanları, təhlükəsizlik qüvvələrinin, Sepah və Bəsicin gecə-gündüz bilmədən göstərdikləri fədakarlıqlara və canfəşanlılqara işarə edərək dedi: "Ölkənin məsul şəxsləri hamısı əməkdaşlıq etdi, millət isə son sözü dedi və öz vəhdəti ilə işi qətiyyətlə başa çatdırdı".
Həzrət Ayətullah Xamenei xalqın vəhdətinin qorunması ilə bağlı verdiyi həmişəki tövsiyəsini təkrarlayaraq dedi: "Fraksiya, siyasi və qruplaşmalar arasındakı konfliktlər xalq arasında yayılmamalıdır; hamımız İslam dövləti və əziz İranın müdafiəsində bir yerdə, çiyin-çiyinə və vahid olmalıyıq".
O, müxtəlif sahələrin məsul şəxslərinin səylərinə, Prezidentin və ölkənin digər rəhbər şəxslərinin meydanın mərkəzindəki fəaliyyətlərinə işarə edərək əlavə etdi: "Bəzilərinin bu fəaliyyətlərdən xəbərsiz olub sadəcə irad tutması düzgün deyil. Mən belə mühüm beynəlxalq və daxili şəraitdə ölkə rəhbərlərinə, Prezidentə və digərlərinə qarşı təhqirə yol verilməsinin qəti şəkildə əleyhinəyəm; istər parlamentdə, istərsə də ondan kənarda olan şəxslərə bu işi qadağan edirəm".
İnqilabın Rəhbəri ölkədə baş verən belə bir hadisə zamanı meydanda xalqın yanında dayanan məsul şəxslərə minnətdarlıq edilməsinin vacibliyini vurğulayaraq dedi: "Keçmişdə bəzən elə məsul şəxslər olurdu ki, meydandan və xalqdan uzaq gəzir, hətta xalqın əleyhinə sözlər də danışırdılar. Lakin bu dəfə məsul şəxslər xalqla birgə hərəkət etdilər və eyni hədəf üçün çalışdılar. Bu ruh yüksəkliyinin qədri bilinməlidir".
Həzrət Ayətullah Xamenei şəxsən Prezidentin və digər qüvvələrin rəhbərlərinin öz işlərini, üzərlərinə götürdükləri böyük xidməti vəzifələri yerinə yetirmələrinə imkan verilməsini qətiyyətlə tövsiyə edərək əlavə etdi: "İqtisadi vəziyyət yaxşı deyil və xalqın güzəranında, həqiqətən, problemlər var. Hökumət rəsmiləri bəzi sahələrdə, o cümlədən əsas malların və heyvanların yem ehtiyatlarının təmini, habelə əhalinin ehtiyacı olan ərzaq və malların tədarükü istiqamətində həmişəkindən ikiqat artıq ciddiyyətlə çalışmalıdırlar. Əgər xalq və məsul şəxslər öz vəzifələrini düzgün şəkildə yerinə yetirsələr, Rəbbimiz görülən işə mütləq bərəkət verəcəkdir".
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
