بسم الله الرّحمن الرّحیم الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی
و علی آله الاطیبین الاطهرین المنتجبین الهداة المهدیّین سیّما بقیّة الله فی الارضین
Rəhman və Rəhim Allahın adı ilə.
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak, hidayət edən və hidayət olunan Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyatullaha.
Görüşdə iştirak edən əziz qardaş və bacıları, İran xalqını və bütün dünya müsəlmanlarını, həmçinin dünyanın azadlıqsevər insanlarını bu böyük və mübarək Məbəs bayramı münasibətilə təbrik edirəm. İnşallah, o günlərin xatirəsi qəlbimizi nurlandırar və Məbəsin mahiyyətindən bəhrələnmək üçün bizə doğru yolu göstərər.
Əziz Peyğəmbərimizin (s) peyğəmbərliyə seçildiyi gün olduqca mühüm bir gündür; başqa sözlə, bəşər tarixində bu gündən daha mühüm bir gün yoxdur. Besət günü, əslində, Qurani-Kərimin doğulduğu gündür; o Quran ki, başdan-başa hikmət və nurdur. Əmirəl-mömininin (ə) ifadəsi ilə desək “parlaq nur” günüdür. Bu barədə o Həzrət (ə) belə buyurur:
اَلنّورُ السّاطِع
“Quran parlaq nurdur”. (1)
Bu gün kamil insanın tərbiyə olunduğu gündür; yəni bu gündən etibarən bəşəriyyətə nümunəsi məsum İmamlarımız (ə) olan kamil insanın tərbiyə olunması üçün İlahi proqram təqdim olunur. Bu gün İslam sivilizasiyasının xəritəsinin çəkildiyi gündür; yəni məhz bu gün İslam sivilizasiyasının başlanğıcı və bizim üçün əlçatan olan o böyük xəritəsi, tarixi və qalıcılığı yarandı. Bu gün ədalət, bərabərlik və qardaşlıq və s. bayrağının ucaldıldığı gündür. Bizim kimilər Məbəs gününün fəziləti haqqında danışa bilməz; yəni Peyğəmbərin (s) besətinin əhəmiyyətini ifadə edə bilməyimiz üçün bizim dərkimiz, dilimiz, qəlbimiz yetərsizdir, məhduddur. Amma Əmirəl-möminin (ə) danışa bilər və danışmışdır da. Siz “Nəhcül-bəlağə”ni mütaliə edin; “Nəhcül-bəlağə”nin ikinci xütbəsi Peyğəmbərin (s) besəti, onun peyğəmbərliyə necə, hansı şəraitdə və hansı vəziyyətdə seçilməsi haqqındadır. Bu barədə “Nəhcül-bəlağə”nin digər xütbələrində də qeyd olunmuşdur.
Mən bu gün besətlə bağlı yalnız bir məqama toxunacağam. Bu məqam hazırkı problemlərin həlli istiqamətində indiyə kimi səsləndirdiyimiz digər bütün fikirlərdən daha faydalı ola bilər. Həmin məqam budur: Peyğəmbərin (s) besəti əsl insan sivilizasiyasının təcəssümüdür. Yəni əgər bəşəriyyət mükəmməl şəkildə yaşamaq istəyirsə, besətdə təqdim olunmuş İlahi proqrama uyğun yaşamalıdır; məhz bu proqramla mükəmməl şəkildə yaşamaq mümkündür.
Bəs bu hadisə harada baş verdi? Besət harada və hansı şəraitdə təzahür etdi? Besət təsəvvür edilə biləcək ən pis şəraitdə baş verdi və əxlaq, əməl, ideoloji, mənəvi baxımdan o dövrün insan cəmiyyətlərinin ən pis, ən xəbis, ən inadkar, ən əsəbi, ən zalım, ən qəddar hesab edilən insanları arasında baş qaldırdı. Ərəbistanın o dövrdəki görünüşü belə idi. Əmirəl-möminin (ə) o dövrün vəziyyəti haqqında belə buyurub:
فَالهُدیٰ خامِلٌ وَ العَمیٰ شامِل
“Hidayət itib-batmış, korluq və azğınlıq yayılmışdı”. (2)
Hidayət məşəli tamamilə sönmüşdü, yəni varlıq aləmindəki saf həqiqətlərə hidayət üçün heç bir yol qalmamışdı; korluq, azğınlıq da ümumi hal almışdı. Əmirəl-möminin (ə) Məkkə və Mədinənin – Peyğəmbərin (s) göndərildiyi o bölgənin insanlarının vəziyyətini bu şəkildə təsvir edir. Nadan, savadsız, inadkar, təəssübkeş, əxlaqsız və təkəbbürlü – sahib olduqları bütün bu alçaq xüsusiyyətlər ilə yanaşı təkəbbürlülük də edirdilər – zalım idilər, aralarında sinfi ayrıseçkilik hökm sürürdü. Ən yuxarı təbəqədə oturanı da pis idi, ən aşağı təbəqədəki də; zalımları da, məzlumları da, kölələri də, ağaları da. Belə bir şəraitdə Məbəs meydana gəldi, İslam dini doğuldu, Qurani-Kərim nazil oldu.
İslam dini ağıl və iman prinsiplərinə söykənən bir dindir. Bütün İslam proqramları ağıl və imanla ölçülməli, dərk olunmalı və əməl edilməlidir. Onların isə nə ağlı, nə də imanları vardı. Peyğəmbər (s) belə bir cəmiyyətə daxil oldu; yəni Peyğəmbər (s) İlahinin bu buyruqlarını, vəhyini, kəlamını bu xüsusiyyəti daşıyan insanlara tilavət etdi və 13 il müddətində – 13 il uzun bir müddət deyil – həmin insanların arasından Əmmar, Əbuzər, Miqdad kimi insanlar tərbiyə edib yetişdirə bildi. Bu insanların arasından! Bir müəllim bütün şagirdləri etinasız, ağılsız, diqqətsiz, istedadsız, dərsə maraqsız olan bir sinfə girir və müəyyən bir müddət ərzində təmiz, qüsursuz, nöqsansız, hazırlıqlı, savadlı və anlayışlı uşaqlar yetişdirməyi bacarır. Bax belə bir vəziyyəti – hələ bundan da min qat artığını gözünüzün qabağına gətirin, o zaman Peyğəmbərin (s) besəti dövründəki Məkkənin vəziyyəti sizə aydın olacaqdır. Yəni İslamın, İlahi dinin, şəriət və maarifin gücü o qədər böyükdür ki, elə insanlardan bu cür tayı-bərabəri olmayan, şərəfli insanlar yarada bilir. Əbuzər kiçik adam deyildi, amma elə həmin Əbuzər cahiliyyət dövründə bir başqa cür idi, Əmmar və digərləri başqa cür idi.
Toxunduğum bu məsələlər bu gün bizim üçün olduqca mühümdür. Mən belə bir iddia irəli sürüb demək istəyirəm ki, İslam bu gün də belə bir gücə malikdir. Günümüzdəki bir çox insan cəmiyyətləri də həmin sifətlərə məruz qalıb, intəhası, fərqli bir danışıqla, başqa bir metodla; o dövrdəki zülm bu gün də var, həmin təkəbbür bu gün də var, həmin fəsad bu gün də mövcuddur.
Yəqin ki, son aylarda dünyada baş verən xəbərləri siz də eşitmisiniz; fəsad adası yaradıblar, (3) bu zarafatdırmı? Əxlaqda və əməldə deqradasiya, zülm, güc diktəsi, zorakılıq, müdaxilə, əlləri yetən hər kəsi vurmaq, bacardıqları hər yerə əl uzatmaq və s. İnsanlar həmin insanlardır, sadəcə danışıqları, zahiri görkəmləri dəyişmişdir, bu gün odekolon, qalstuk, kostyum və gözəl geyimlərlə ortalıqdadırlar. Onlar eynidirlər, dəyişməyiblər. Bu gün bir çox cəmiyyətlərin insanları – əlbəttə, mən bunu bütün insanlara aid etmirəm – xüsusilə Qərb insanları bu bəlaya düçar olmuşdur; insan hüquqları tapdalanır, zəiflər öldürülür.
Həmin Əbu Cəhllər, həmin ibn Muğeyrə Məxzumilər bu gün də mövcuddur. Bu ayə اِنَّهُ فَکَّرَ وَ قَدَّرَ ibn Muğeyrə haqqındadır:
اِنَّهُ فَکَّرَ وَ قَدَّرَ * فَقُتِلَ کَیفَ قَدَّرَ
“O (Quran barəsində) fikirləşdi və (orada deyilənləri öz ürəyində) ölçdü-biçdi. Ölüm olsun ona! Necə ölçdü-biçdi?! (Peyğəmbərə sehrbaz dedi)”.
“Qutilə” – yəni ölüm olsun ona.
فَقُتِلَ کَیفَ قَدَّرَ * ثُمَّ قُتِلَ کَیفَ قَدَّرَ * ثُمَّ نَظَرَ * ثُمَّ عَبَسَ وَ بَسَر
“Ölüm olsun ona! Necə ölçdü-biçdi?! (Peyğəmbərə sehrbaz dedi) Yenə də ölüm olsun ona! Necə ölçdü-biçdi?! Sonra (qövmünün üzünə) baxdı. Sonra üz-gözünü turşutdu, qaşqabağını tökdü”. (4)
Mübarək ayənin sonuna kimi bu cür davam edir. Bu cür insanlar bu gün də var; onlar milyonlarla insana hökmranlıq edir, tabeçiliyində olanları özləri ilə Cəhənnəmə aparırlar. Qurani-Kərim Firon barəsində belə buyurur:
یَقدُمُ قَومَهُ یَومَ القِیامَةِ فَاَورَدَهُمُ النّار
“(Firon) Qiyamət günü qövmünün önündə gedib onları atəşə (Cəhənnəmə) aparacaq...”. (5)
Firon bu dünyada olduğu kimi, Qiyamət günü də öz qövmünün rəhbəri, öndəri olacaqdır. Onu Cəhənnəmə tərəf aparacaqlar və arxasınca gedənləri də Cəhənnəmə atacaqlar. Bu insanlar özləri Cəhənnəmə tərəf gedirlər, mənəvi cəhətdən, sözün əsl mənasında, Cəhənnəmdədirlər və xalqlarını da Cəhənnəmə tərəf aparırlar. Bu, bugünkü dünya haqqında.
İslam dini isə həmin İslamdır. Bu İslam bugünkü dünyanı alt-üst etmək gücünə malikdir, bunu mütləq bacarar. Biz – təkcə özümüzü nəzərdə tutmuram – İslam tərəfdarları, İslama etiqad bəsləyənlər, İslama inananlar dünyanı fəsad dərəsinə yüvarlanmaqdan islah, nicat və şərəfin zirvəsinə doğru yüksəldə bilər. Cəhənnəmdən Cənnətə doğru çəkə bilər; bu, bu gün də mümkündür. Buna bu gün də nail olmaq olar, amma bir şərti var:
وَ لا تَهِنوا وَ لا تَحزَنوا وَ اَنتُمُ الاَعلَون
“Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz!” (6)
اَنتُمُ الاَعلَون (Allahın yanında yüksəkdə durursunuz) mənası budur: dünyanı arxanızca apara bilərsiniz, amma kimlər? اِن کُنتُم مُؤمِنین – Möminlər. Bunun üçün iman lazımdır. Allaha şükürlər olsun ki, inancımız var, şükürlər olsun. Amma bu iman Əbuzərin sahib olduğu iman deyildir. Əməlimizi, rəftarımızı, qəlbimizi düzəltməliyik. Əgər bu işi görə bilsək, Quranın, İslamın, Peyğəmbərin (s) tövsiyələrinə qulaq asa bilsək, “Nəhcül-bəlağə”də deyilənlərə əhəmiyyət verib əməl etsək, Peyğəmbərin (s) o gün sahib olduğuna biz də sahib olacağıq, Peyğəmbərin (s) o gün edə bildiklərini biz də edə biləcəyik; dünyanın gedişatını islaha doğru döndərə biləcəyik. Ləyaqətsiz şəxslərin hakim olduğu cəmiyyətləri mənəvi cəhətdən inkişaf etmiş insanpərvər cəmiyyətlərə çevirə bilməyimiz mümkündür, əlbəttə ki, inşallah, “əgər möminsinizsə” ifadəsi reallaşarsa. Odur ki, ehtiyatlı olmalıyıq, bildiklərimizə əməl etməliyik və günahdan çəkinməliyik. Bizim bu gün sahib olduğumuz iman Əbuzərlər yaradacaq imandan deyildir. Əlbəttə, xoşbəxtlikdən, İslam Respublikasında fərd olaraq Əbuzər xislətli tanınmış böyük, adlı-sanlı və hətta naməlum şəhidlərimiz də olmuşdur. Belələri olmuşdur, amma insan cəmiyyətlərinin hamısı dəyişməlidir, islah bütün cəmiyyətləri başdan-başa əhatə etməlidir.
Bəli, besət belə bir gündür, besət günü insanlara belə bir iman təqdim olundu və həmin imanı qəbul edən Əmirəl-möminin (ə) kimi bir şəxs idi. Bu imanı Əli ibn Əbi Talib (ə) qəbul etdi, Xanım Xədicə (ə) qəbul etdi; birinci mərhələdə onlardan başqa kimsə yox idi. Bu qeyd etdiklərim Məbəs haqqında idi.
İndi isə baş vermiş son fitnə haqqında da bir neçə kəlməni diqqətinizə çatdırmaq istəyirəm. Bir fitnə baş verdi, insanları narahat etdi, onlara zərər vurdu, ölkəyə müəyyən ziyanlar vurdu – fitnədə belə şeylər olur – Allaha şükürlər olsun ki, sonra bu fitnə İlahinin lütfü ilə və xalqın, vəziyyəti dəyərləndirməyi bacaran məsul şəxslərin və məmurların əli ilə yatırıldı. Bu fitnənin mahiyyətini başa düşmək lazımdır. Bununla bağlı mən bir neçə mətləbə toxmaq istəyirəm. Biz ilk öncə fitnənin mahiyyətini – nə olduğunu və niyə yarandığını başa düşməliyik. İkincisi, bu fitnəni törədənlər hansı vasitələrdən istifadə etdilər? Onlar kimlər idilər? Hadisəyə kənardan baxanda gənc birini görürsən, yaxşı bəs məsələnin əsli nədən ibarətdir? Digər bir məsələ isə budur ki, düşmənin bizə qarşı törətdiyi bu hadisə müqabilində biz hansı mövqeyi sərgiləməli və necə davranmalıyıq? Bunlarla bağlı bir neçə məsələni qısaca diqqətinizə çatdıracağam.
Əvvəla, fitnənin mahiyyəti haqqında. Bu, Amerika fitnəsi idi. Aydın idi. Planı amerikalılar çəkmişdilər, onlar hazırlamışdılar. Amerikalıların məqsədi – mən bunu İslam Respublikasında qırx ildən çox dövlət təcrübəsi olan biri kimi tam qətiyyətlə, açıq-aydın deyirəm – İranı ələ keçirmək, “mədəyə ötürmək” idi. Onların bu ölkə üzərindəki hökmranlığı xalqın, gənclərin, ölkənin dörd bir yanındakı insanların və dahi İmamın (r.ə) əli ilə məhv edildi. Onlar İnqilabın əvvəlindən indiyə qədər həmin hakimiyyəti yenidən bərpa etmək fikrindədirlər; yəni İranı yenidən hərbi, siyasi və iqtisadi hakimiyyətlərinin altına almaq istəyirlər. Onların məqsədi budur. Bu təkcə Amerikanın indiki prezidentinə aid deyil; (7) yəni söhbət hazırda prezident olan şəxsdən getmir, Amerikanın bütün siyasətindən gedir. Amerikanın siyasəti belə bir starteji coğrafi bir mərkəzə, imkanlara, böyük əraziyə, çoxsaylı əhaliyə malik olan bir ölkəyə davam gətirə bilmir, dözə bilmir. Elmi, texnoloji və ayrı-ayrı sahələrdə inkişafa malik olan belə bir ölkə amerikalılar üçün dözülməzdir. Sözügedən ayədəki kimi:
اِنَّهُ فَکَّرَ وَ قَدَّرَ * فَقُتِلَ کَیفَ قَدَّرَ
Ölçüb-biçir ki, nə etsin. Onlar bütün bunlara dözə bilmirlər. Bu onlar haqqında.
Əlbəttə, keçmişdə ölkəmizdə bu kimi fitnələr baş verdikdə – indiyə kimi bir çox fitnələr baş vermişdir – adətən, Amerikanın mətbuat nümayəndələri, ya da ikinci dərəcəli siyasətçiləri və ya Avropa ölkələri məsələyə müdaxilə edirdilər. Bu dəfəki fitnənin xüsusiyyəti ondan ibarət idi ki, Amerika prezidentinin şəxsən özü bu fitnəyə müdaxilə etdi, bu barədə danışdı, fikrini bildirdi, təhdid və fitnə ünsürlərini təşviq etdi. O, Amerikadan bu şəxslərə mesaj göndərir ki – onların kim olduqlarını sonradan deyəcəyəm – irəli gedin, qorxmayın. Onlara deyib ki, “Sizin arxanızdayıq, sizi hərbi cəhətdən dəstəkləyirik”. Başqa sözlə, Amerika prezidenti özü birbaşa fitnəyə müdaxilə etmişdi və onun bir parçası olmuşdu. ABŞ prezidenti fitnə yaradan, yanğınlar törədən, qanunsuz işlər görən, insanları öldürən bu qrupu “İran xalqı” kimi qələmə verdi; yəni İran xalqına böyük böhtan atıb dedi ki, “Bunlar İran xalqıdır və mən İran xalqını müdafiə etmək, qorumaq istəyirəm”. Bu, cinayətdir. Gətirdiyim bu dəlillər faktlardır, yəni gizli bir şey yoxdur, o, bunları açıq şəkildə dedi və fitnəçiləri həvəsləndirdi. Bundan əlavə, pərdə arxasında da onlara kömək etdiklərinə dair əlimizdə sübutlarımız da var; həm onlar (Amerika), həm də sionist rejimi kömək ediblər. Bunu da az sonra qısaca diqqətinizə çatdıracağam. Biz Amerika prezidentini həm tələfatlara və dəymiş ziyanlara görə, həm də İran xalqına atdığı böhtan və töhmətə görə cinayətkar hesab edirik.
İkinci mətləb fitnənin amilləri və meydanda aktiv olanlar haqqındadır. Bu şəxslər kimlər idilər? Onlar iki qrup idilər: birinci qrup Amerika və İsrailin kəşfiyyat orqanları tərəfindən diqqətlə seçilmiş, müəyyənləşdirilmiş, bir çoxlarını xaricə aparmış, bəzilərinə isə necə hərəkət etmək, yanğın törətmək, panika yaratmaq, polisin əlindən necə qaçmaq kimi təlimləri elə buradaca keçmişdilər; onlara böyük məbləğdə pul da ödənilmişdi. Bir qrup bunlardan ibarət idi. Bu qrupun başçıları həmin bu adamlar idilər və özlərini də “lider” adlandırırdılar: “Biz bu qrupun lideriyik”; yəni qrup rəhbəriyik deyirdilər. Bir qrup bunlar idi. Allaha şükürlər olsun ki, bunların bir çoxu həbs olunub. Hüquq-mühafizə və təhlükəsizlik qüvvələri bu məsələ ilə əlaqədar böyük iş gördülər. Bu xəbis və cinayətkar amillərin bir çoxu – bunlar cinayətkarlardır – artıq həbs olunmuşdur.
İkinci qrupdakıların sionist rejimi və ya hansısa bir kəşfiyyat orqanları ilə heç bir əlaqəsi yox idi. Bu qrup danışaraq təsir altına salınan sadəlövh yeniyetmə və gənclərdən ibarət idi. Onları emosional cəhətdən qıcıqlandırırdılar; gənclər, yeniyetmələr də təbiətcə emosional olduqları üçün meydana atılır və görməməli olduqları işləri görür, etməməli olduqları pislikləri edirdilər. Bunlar əlbuyruqçusu olan “piyadalar” idilər; missiyaları da hansısa bir bölməyə, evlərə, idarələrə, banklara, sənaye və elektrik sənaye mərkəzlərinə və s. hücum etmək idi. Missiyaları bundan ibarət idi. Həmin qrup başçıları, liderləri bunları ətraflarına toplamışdılar; hər biri on, iyirmi və ya əlli nəfəri toplayıb onlara: “Bura gedin, bu işi görün, bu cinayəti törədin” deyə, göstərişlər verirdilər. Təəssüflər olsun ki, onlar da bu əmrləri gerçəkləşdirirdilər. Çox cinayət törətdilər. Bu fitnədə nadan və məlumatsız ünsürlər xəbis və təlim keçmiş o amillərin rəhbərliyi altında bir çox ziyanverici işləri həyata keçirtdilər, böyük cinayətlər törətdilər. 250 məscid, 250-dən çox elm və təhsil mərkəzi dağıdılıb məhv edildi, bir çox elektrik sənaye mərkəzlərinə, banklara ziyan vuruldu, tibb müəssisələrinə, camaatın ərzaq mağazalarına və xalqa zərər vurdular. Bunlar bir neçə min insanı öldürdülər; bəzilərini qeyri-insani qəddarlıqla, yəni tamamilə vəhşicəsinə qətlə yetirdilər. Məscidlərdən birinə hücum ediblər, bir neçə nəfər gənc məscidi qorumaq məqsədi ilə ora daxil olub və bunlar da məscidin qapısını bağlayıb məscidə od vurublar. Məscid yandırıldı və həmin gənclər alovda diri-diri yandı! Bir az sonra mən bu məsələyə də toxunacağam ki, bunun özü də bir plan idi, bunun özü də əvvəlcədən hazırlanmış ümumi planın bir hissəsi idi; əvvəlcədən qərara gəlmişdilər ki, bu şəkildə davransınlar, bu cür hərəkət etsinlər. Bunlar küçə və bazarlardakı vətəndaşları, günahsız insanları, üç yaşlı bir qızı, (8) müdafiəsiz, günahsız kişi və qadınları qətlə yetirdilər. Silahları vardı; həm odlu, həm də soyuq silahları vardı. Onları təchiz etmişdilər. “Bu cinayətləri gerçəkləşdirsinlər” deyə, həmin silahlar xaricdən gətirilib fitnəçi ünsürlər arasında paylanılmışdı. Bu da fitnə amilləri haqqında; fitnə amilləri bu qeyd etdiklərimdən ibarət idi.
Əlbəttə ki, İran xalqı 22 Dey (red: 12 yanvar) tarixindəki milyonluq yürüşü ilə fitnənin belini qırdı. 22 Dey də 22 Bəhmən kimi tarixi bir günə çevrildi. Başqa sözlə, İran xalqı 22 Dey günü tarix yaradaraq, özünün iftixarları siyahısına daha bir iftixar əlavə etdi. 22 Dey tarixində İran xalqı bir neçə milyon əhalisi olan Tehran şəhərində və digər şəhərlərdə izdihamlı yürüşləri ilə boşboğaz iddiaçıların ağzından möhkəm bir yumruq vurmağı bacardı. Allaha şükürlər olsun, onlar belə bir iş görərək fitnəni yatıra bildilər. Bu, İran xalqına məxsus olan bir işdir.
Sözsüz ki, əksər qlobal xəbər agentlikləri sionistlərə məxsus olduğundan, sionistlərlə həmrəy olan dünya mətbuatı bu azsaylı fitnəçilərin sayını şişirdərək “Bunlar İran xalqıdır” deyə, təqdim edirdilər. Amma Tehran və digər şəhərlərdəki xalqın bu möhtəşəm izdihamının adını belə, dilə gətirmirdilər. Bəziləri hətta fitnəçilərin sayını bir neçə milyon olaraq qeyd etmişdir! Onların həmişəki vərdişləri budur. Onlar bu cür işləməyə öyrəşiblər və bu şəkildə işləyirlər; burada xüsusi bir şey yoxdur. Lakin reallıq tamamilə fərqlidir. Reallıq – sizin gözlərinizlə gördüyünüz, öz şəhərlərinizdə, ya da Tehranda müşahidə etdiklərinizdən ibarətdir.
Bizim rəftarımıza gəlincə, bəli, İran xalqı Amerikanı məğlub etdi. Amerikalılar bu fitnəni –əvvəllər də qeyd etdiyim kimi – daha böyük məqsədlər üçün geniş hazırlıqlarla başlatmışdılar. Bu fitnə daha böyük işlər üçün bir hazırlıq idi. Amma İran xalqı Amerikanı məğlub etdi. İran xalqı bundan əvvəlki 12 günlük müharibədə Amerika və sionistləri məğlub etdiyi kimi, Allahın yardımı ilə bu gün də Amerikanı məğlubiyyətə uğratdı. Bu doğrudur, amma bu, kifayət deyil. Bəli, biz fitnəni yatırtdıq, amma bu, yetərli deyil; Amerika öz əməllərinə görə cavab verməlidir, Amerika buna görə məsuliyyət daşımalıdır. Bizim ayrı-ayrı orqanlarımız – XİN-dən tutmuş digər müxtəlif aidiyyəti orqanlarımıza kimi – hamısı bu məsələni araşdırmalı, izləməlidirlər. Biz ölkəni müharibəyə sürükləmirik; biz ölkəni müharibəyə tərəf aparmaq istəmirik, amma ölkə daxilindəki cinayətkarları da boş buraxmayacağıq. Xarici cinayətkarlar daxili cinayətkardan daha betərdir; onların da yaxasını buraxmayacağıq. Bu məsələ düzgün metodlarla araşdırılmalı, izlənilməli və İran xalqı Allahın yardımı ilə fitnənin belini qırdığı kimi, fitnəkarın da belini qırmalıdır.
Diqqətinizə çatdıracağım sonuncu məsələ budur. Bu hadisədə Amerika və sionist fitnəsinə qarşı bu mübarizədə hüquq-mühafizə orqanları, təhlükəsizlik qüvvələri, Keşikçi Korpusu və Bəsic həqiqətən də fədakarlıq nümayiş etdirdilər, həqiqətən canfəşanlıq göstərdilər; düşmənin geniş hazırlıqlarla, böyük xərclərlə təşkil etdiyi fitnəni gecə-gündüz yorulmadan çalışaraq tamamilə söndürüb, yox etdilər. Bu fitnəni aradan qaldırmaq üçün canlarını fəda etdilər. Ölkənin məsul şəxsləri də əməkdaşlıq etdi. İran xalqı da son sözünü söylədi və öz vəhdəti ilə hadisəni qətiyyətlə başa çatdırdı. Mən yenə də həmişəki tövsiyələrimi vermək istəyirəm: Birincisi, xalq arasındakı vəhdət qorunmalıdır; fraksiya, siyasi və qruplaşmalar arasındakı konfliktlər xalq arasında yayılmamalıdır. Bir olun. İslam Respublikasının, ölkəmizin, əziz İranımızın müdafiəsində hamı bir olsun, çiyin-çiyinə dursun.
Məsullar da – müxtəlif sahənin məsulları – həqiqətən zəhmət çəkdilər, yaxşı işlər gördülər. Möhtərəm Prezident (9) və ölkənin digər rəhbər şəxsləri də fəal şəkildə çalışdılar, meydanda idilər, işləyirdilər. Gəlin başqalarının işindən xəbərsiz olduğumuz halda “niyə belədir, niyə elədir?” deyib, daim irad tutmayaq. Xeyr, hamı zəhmət çəkdi. Mən belə bir mühüm beynəlxalq və daxili şəraitdə ölkə rəhbərlərinə, Prezidentə və digərlərinə qarşı təhqirə yol verilməsinin qəti şəkildə əleyhinəyəm, buna imkan vermərəm və bunu qadağan edirəm; istər parlamentdə olsun, istərsə ondan kənarda, hər hansısa bir yerdə. Biz onların qədrini bilməliyik; biz ölkədə baş verən belə bir hadisə zamanı xalqdan uzaq durmayan məsul şəxslərin qədrini bilməliyik. Keçmişdə bəzən belə hadisələr zamanı xalq meydanda olduğu halda, sadəcə tamaşa edən, hətta xalqın əleyhinə sözlər danışan məsul şəxslər də olmuşdu. Bu dəfə isə belə olmadı, məsullar xalqın yanında idilər, xalqın arasında idilər, xalqla birlikdə hərəkət etdilər, eyni hədəf üçün çalışdılar, zəhmət çəkdilər. Bunun qədri bilinməlidir; bu, olduqca mühümdür. Mənim şəxsən Prezident, hakimiyyətin üç qolunun rəhbərləri, digər qüvvələrin rəhbərləri, həmçinin ölkənin fəal məsulları ilə bağlı israrla etdiyim tövsiyəm budur ki, imkan verin bunlar öz işlərini görsünlər və üzərlərinə götürdükləri bu böyük vəzifəni yerinə yetirsinlər.
Əlbəttə, iqtisadi vəziyyət yaxşı deyil, xalqın güzəranında həqiqətən də bir sıra problemlər var; mənim bundan xəbərim var. Hökumət rəsmiləri də bu məsələ ilə əlaqəli ikiqat çalışmalıdırlar. Strateji məhsulların, heyvan yem ehtiyatlarının təminində, əhalinin ehtiyacı olan zəruri qida və ümumi ehtiyaclarının tədarükündə dövlət məsulları həmişəkindən daha artıq çalışmalıdırlar; tam ciddiyyətlə səy göstərməlidirlər. Buna şübhə ola bilməz. Həm onların, həm də xalqın vəzifəsi var; vəzifəmizə əməl etməliyik. Əgər vəzifəmizə düzgün şəkildə əməl etsək, Allah-Taala işimizə bərəkət verəcəkdir. Pərvərdigara, işlərimizə bu bərəkəti nəsib et.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
_____________________________
(1) “Nəhcül-bəlağə”, 2-ci xütbə
(2) “Nəhcül-bəlağə”, 2-ci xütbə.
(3) Virciniya adalarından birində ABŞ-ın gənc qadın və yetkinlik yaşına çatmayan qız uşaqlarından cinsi istifadə məqsədi ilə yaratdığı istismar yuvası; bu ada sahiblərinin qonaqlarının əksəriyyəti dünyanın hər yerindən və cəmiyyətin ən yüksək təbəqələrindəndir.
(4) “Müddəssir” surəsi, 18 və 22-ci ayələrdən
(5) “Hud” surəsi, 98-ci ayədən
(6) “Ali İmran” surəsi, 139-cu ayədən
(7) Donald Tramp
(8) Melina Əsədi – silahlı terrorçular tərəfindən şəhid edilmiş kermanşahlı üç yaşlı qız
(9) Dr. Məsud Pezeşkian
