Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin mübarək ramazan ayının 12-ci günü tələbələrlə görüşü zamanı etdiyi çıxış

بسم‌الله‌الرّحمن‌الرّحیم و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّةالله فی الارضین

Çox gözəl bir görüş idi. Tələbə qardaş və bacılarımın – mənim əziz balalarımın – burada toxunduğu bütün məsələlər diqqətəlayiq və qürurverici idi; doğrudur, ola bilsin ki, deyilənlər ölkənin tələbə ictimaiyyətinin fikirlərini, düşündüklərini tam olaraq əks etdirmirdi; bu, təbiidir; gənc dostumuz da qeyd etdi; mənim üçün bu, tamamilə başadüşülən və məqbuldur; deyilənlər tələbə ictimaiyyətimizin fikir və düşüncələrinin bir hissəsi idi, hamısı deyildi; bu, doğrudur, lakin burada səslənən fikirlər çox əsaslı, güclü və ölçülüb-biçilmiş fikirlər idi; mən, həqiqətən də, zövq aldım. Mən çıxış edənlərdən bəzilərinin bəzi fikirlərini qəbul etməyə bilərəm, amma mövzunun dəqiqliyini, zehnin – bu məsələləri formulə etmiş zehnin – itiliyini inkar etmək mümkün deyil. Qardaş və bacılarımız – həm çıxış edən o 2 tələbə bacımız, həm də qardaşlar – çox gözəl danışdılar. Onların bu nigarançılığı, universitetlərlə əlaqəli müxtəlif məsələlərə mövqe bildirmək istəyi yerində idi. Mən özüm üçün qısa qeydlər götürdüm; çıxışlar ətraflı surətdə videoyazıya da alınıb, göstəriləcək, yəqin ki, mən də görəcəyəm; yəqin ki çıxışlarda toxunulan məqamları – ya tam olaraq, ya da xülasəsini – bir daha görəcəyəm və mənim üçün faydalı ola biləcək hissələrdən, inşallah, istifadə də edəcəyəm. Lakin düşünürəm ki, burada iştirak edən möhtərəm rəsmilər – istər Elmlər Nazirliyinin olsun, istər Azad Universitetin, istərsə də universitetlərlə əlaqəli digər sahələrin rəsmiləri – bu gənclərdən istifadə etməlidir; bu fikirlərdən, bu beyinlərdən istifadə etmək lazımdır. Çıxışların səviyyəsi çox yüksək, məsələlərin dərki çox güclü və düzgün idi; insan bundan zövq alır. Bu görüşlər illərdir ki davam edir (dəqiq neçə il olduğunu bilmirəm; xeyli vaxtdır; hər il tələbələrlə görüşürük; aşağı-yuxarı 20 ilə yaxındır; dəqiq yadımda deyil) mən açıq-aydın hiss edirəm ki, ölkəmizin tələbə ictimaiyyətinin düşüncə səviyyəsi inkişaf edib, yüksəlib. Bizim gözləntimiz, bizim ehtiyac duyduğumuz da elə budur. Əlbəttə ki, gəncdirlər, gözləntiləri, istəkləri var, çoxu da reallaşmır və təbii ki, giley-güzarları var, bu, öz yerində, amma bu fikirlər, bu söhbətlər öz təsirini göstərir. Elə düşünmək lazım deyil ki, burada səslənən fikirlər yalnız sözdür, danışdıq, qurtardı-getdi. Xeyr, burada edilən söhbətlər ölkə universitetlərinin və ümumilikdə ölkənin gələcəyinə tam təsir göstərir. Bunlar ümumilikdə ictimaiyyətin düşüncəsinə təsir edir; bu çıxışlar çox önəmlidir. Mən də vurğulayacağım bəzi məqamları özüm üçün qeyd götürmüşəm; mənim deyəcəklərim də, demək olar ki, bu əziz balalarımın fikirlərinin davamıdır. 

Mən tələbələr və universitetlər, onlara olan yanaşma, onlardan olan istək və gözləntilər barədə bir qədər danışmaq istəyirəm; bu barədə söhbət edəcəyəm. Bir qədər də tələbə təşkilatları barədə danışacağam; çıxış edən dostlarımız tələbə təşkilatlarının nümayəndələri olduğuna görə təşkilatlar barədə də söhbət etmək istəyirəm. Əvvəlcə bir giriş verim. 

Bizim siyasi leksikonumuzda mühüm bir açar söz var: “imperializm sistemi”. Bu, çox mənalı bir sözdür. İmperializm sistemi nədir? Mən keçmişə ötəri bir nəzər salıb bu ifadənin köklərini araşdırmaq, daha sonra isə mövzunu bugünümüzlə əlaqələndirmək istəyirəm. İmperializm sistemi dünya ölkələri arasında qlobal qütbləşməyə əsaslanan bir sistem deməkdir; ölkələr arasında açıq-aşkar gedən və günbəgün artan bir qütbləşməyə; imperializm sistemi budur. Həmin qütblərdən birində ağalıq, hökmranlıq edənlər, digərində isə birincilərin hökmranlığına, ağalığına tabe olanlar durur. Belə bir qütbləşmə mövcuddur. Dediyim kimi, bu ifadənin, bu açar sözün ətrafında danışılası sözlər çoxdur. Bu illər ərzində mən bu mövzuda müəyyən söhbətlər etmişəm, amma siz tələbələr öz aranızda, keçirdiyiniz konfranslarda bir araya gəlib bu mövzuda düşünsəniz, bu məsələni birlikdə təhlil etsənis, daha çox və daha yaxşı fikirlər yürüdə bilərsiniz. Hər halda, dünyada ölkələr 2 qrupa ayrılıb (bu, 2-3 əsr bundan əvvəldən üzü bəri baş verən bir prosesdir): imperialistlər və imperializmin ağalığı altında yaşayanlar. Bir qayda olaraq və ya əksəriyyət etibarilə imperialistlər həmişə Avropa dövlətləri olub; bu, necə baş verib? Bunun da öz səbəbləri var. Bu ölkələr hansı xüsusiyyətlərə sahib olub ki, sonda belə bir nəticə alınıb? Onlar yaradılış baxımından hansısa imtiyazlara sahibdirmi, təfəkkür, psixologiya baxımından müəyyən üstünlükləri varmı, yoxsa hansısa amillərin təsiri ilə dünyanın hansısa bölgəsi, hansısa dünya ölkəsi başqalarına münasibətdə üstünlük əldə edir? Bütün bunların öz səbəbləri, öz dəlilləri var ki, indi mən o söhbəti açmaq istəmirəm; yəni söhbətimizin mövzusu bu deyil. Hər halda, belə bir qütbləşmə baş verib: imperialist ölkələr və müstəmləkələr yaranıb. 

Və bunun fonunda ölkələr arasında müəyyən cəhətlərdən ikiyə ayrılmalar, bölgülər baş verib; o cümlədən inkişaf və durğunluq baxımından qruplaşma gedib; yəni imperialist dövlətlər durmadan, sürətlə, günbəgün inkişaf edib – yəni inkişaflarının sürəti də durmadan günbəgün artıb – müstəmləkə altında olan ölkələr isə durğunluq yaşayıb, geri qalıb. Burada mühüm bir məqam var. Elə güman olunmasın ki, müstəmləkə altında olan ölkələr, yəni Asiya, Afrika, yaxud bəzi Latın Amerikası ölkələri, misal üçün, elə əvvəldən elmdən, mədəniyyətdən, sivilizasiyadan xəbərsiz olub. Xeyr, belə deyil. Cəvahirləl Nehrunun (1) “Dünya tarixinə baxış” kitabına nəzər salın. Həmin kitabda Nehru açıqlayır ki, ingilislər Hindistana girəndə bu ölkədə sənaye var idi; o dövr üçün inkişaf etmiş sənaye; yəni o dövr üçün modern sayılan sənaye məhsulları istehsal edirdi; eynilə başqa ölkələr də. İngilislər Hindistana girəndən sonra bunun qarşısını aldılar; yəni elə etdilər ki, Hindistanın yerli sənayesi ümumiyyətlə dayansın, geriləsin, idxal sənayesinə, ingilis mallarına ehtiyac yaransın; bunu planlı surətdə həyata keçirirdilər. Və bu hər yerdə baş verdi. İranda da eyni proses getdi. Əlbəttə, İran, Hindistan və bəzi digər yerlər arasında fərq bundan ibarətdir ki, İran rəsmən müstəmləkə deyildi; xaricilərin mütləq nüfuzu var idi, amma müstəmləkə yox idi. Hindistan isə rəsmən müstəmləkə idi. Sözümün canı budur ki, ölkələr inkişaf və durğunluq baxımından iki qrupa ayrılıb. 

Həmçinin novatorluq və təqlidçilik baxımından da bir bölgü mövcuddur; yəni imperialist ölkələr həyat tərzində, elmdə, imkanlarda hər gün yeni bir təşəbbüslə çıxış ediblər, imperializmin ağalığı altında yaşayan ölkələr isə heç bir təşəbbüs göstərmədən və ya bunu etmələrinə heç bir imkan yaradılmadan daim birinciləri təqlid ediblər; daim onlar innovasiyalarla çıxış edib, bunlar da kənardan baxaraq onları təqlid ediblər. 

Müstəqillik və asılılıq bölgüsü; siyasi müstəqillik və asılılıq; İngiltərə kimi kiçik bir ölkə müstəqil idi, amma Hindistan, Pakistan və sonradan Banqladeşi özündə birləşdirən Hindistan yarımadası kimi nəhəng bir ərazi onun nüfuzu altında və siyasi cəhətdən ondan asılı idi. Və ya İran kimi zəngin mədəni keçmişi olan bir ölkə siyasi cəhətdən asılı idi; istər Qacar dövrünün axırlarında, istərsə də Pəhləvi dövründə. Kimdən asılı idi? Tutalım, İngiltərə kimi kiçik bir dövlətdən; yəni bu şəkildə də bir bölgü mövcud idi: siyasi müstəqillik və siyasi asılılıq. 

Özünəinam və passivlik; ayırımın bir növü də budur; imperialistlər özünəinamlı idi, öz sözünü deyir, tələblərini irəli sürür, bütün dünyanın onlara aid olduğunu düşünürdülər, sayı heç də az olmayan müstəmləkə ölkələri isə passivliyə, özünəinamsızlığa, ümidsizliyə məhkum idi.

Öz dünyagörüşünü, mədəniyyətini və adət-ənənələrini ixrac etmək; imperializm sisteminin, belə demək mümkünsə, məntiqi nəticələrindən və vacib şərtlərindən biri də budur ki, inkişaf edən, yeni-yeni təşəbbüslər göstərən, özünəinamlı ölkələr öz adət-ənənələrini və dünyagörüşünü ağalıq etdikləri ölkələrə transfer edirlər; həmin ölkələr də bunu qəbul edir; kitab formasında, cürbəcür araşdırmalar və sair formasında; bunların hamısının tarixdə açıq-aydın sübutları var; maraqlanıb araşdırsanız, hamısını tapa bilərsiniz. Üstəlik bütün bunlardan əlavə, bu vəziyyətin davam etməsi üçün də konkret planlar cızırdılar; yəni imperialistlər başqaları üzərində ağalıqlarının əbədi olaraq, dəyişmədən bu şəkildə davam etməsi üçün dəqiq elmi proqramlar hazırlayırdılar. Dünyada belə bir vəziyyət yaranmışdı. Son 2-3 əsrdə yer üzündə vəziyyət bu şəkildə olub. Sözsüz ki, bu müddət ərzində müəyyən hadisələr baş verib, bəzi ölkələr bu girdabdan qurtulmağa müvəffəq olub; əlbəttə, tamamilə olmasa da, müəyyən qədər; misal üçün, İngiltərənin müstəmləkəsi və ağalığı altında olan ABŞ siyasi və iqtisadi cəhətdən asılılıqdan xilas olub, mədəni cəhətdən isə yox; mədəni cəhətdən tamamilə Avropanın təsiri altında və Avropa qarşısında passiv mövqedə olub və bu vəziyyət bu günə qədər də davam edir. Və ya misal üçün, Hindistan iqtisadi və siyasi cəhətdən müəyyən qədər asılılıqdan yaxa qurtara bilib, mədəni cəhətdən isə yox; mədəni asılılıqdan qurtula bilməyib, bəzi şeylər hələ də var. Mən özüm Hindistanın şəhərlərindən birində meydanın ortasında bir heykəl görmüşdüm; kimin heykəli olduğunu soruşanda vaxtilə həmin şəhəri idarə etmiş ingilis zabitinin olduğunu öyrənmişdim. Allah, sən saxla! İllərlə mübarizə aparıb ölkənizdən qovduğunuz zalımın indi heykəlini niyə qoymusunuz? O heykəl oradaca durmuşdu; bəlkə, hələ indi də var; Hindistanın cənub əyalətlərindən birində. Analoji hala mən Afrikada da rast gəlmişəm. Afrika ölkələrindən birində turistik məkan olan bir meşədə də (təsəvvür edin ki, bizi ora gəzib-görmək üçün aparmışdılar) mən bir heykəl görmüşdüm. Kimin heykəli olduğu ilə maraqlanmışdım, cavab vermişdilər ki, həmin ölkədə hakimiyyətdə olmuş bir ingilisindir; orada adı da yazılmışdı; meşə də onun adına idi! Yəni mədəni cəhətdən asılılıqdan qurtula bilməyiblər. Dünyanın vəziyyəti budur. 

Bizim inqilabımız və İslam Respublikası isə belə bir vəziyyət qarşısında sinəsini sipər edərək İranı bu girdabdan tam olaraq çıxarmağa müvəffəq olub; bu olduqca önəmlidir. Deyə bilərsiniz ki, “Necə yəni “tam”? Avropa mədəniyyətinin bir çox elementləri hələ də ölkəmizdə var”; bəli, belədir, amma bunlar pozuntu hallarıdır. İslam İnqilabı dünyagörüşü baxımından, ideologiya baxımından, mədəniyyət baxımından, iqtisadi və siyasi baxımdan, ölkənin bütün sferalarının idarəçiliyi baxımından Qərbə tam zidd mövqedədir. İmam Xomeyninin İslam Respublikası üçün elan etdiyi: “İslam Respublikası nə Şərqlədir, nə də Qərblə” – şüarının mənası da məhz bu idi; ölkəmiz və dövlətimiz imperializmin təsirinə heç bir şəkildə tabe olmur. Əlbəttə ki, bütün bunlar qanundur, qəbul olunur, müəyyən məqamlarda da pozuntu halları baş verir; bu, ayrı söhbətdir; qanunun olmaması və ya bunun əksinə olması isə başqa bir söhbətdir. İslam Respublikasında bütün bu prinsiplər qanunlarda öz əksini tapıb; imperializm sistemində müstəmləkə altında olan ölkəyə göstərilən təsir və təzyiqlərdən xilas olmaq, bu çərçivələri qoparıb atmaq bizim dövlətimizin qəti və mübahisəsiz qanunudur.

İslam Respublikası müqavimət göstərə, mübarizə apara bildi; yəni İslam Respublikası əleyhinə, həqiqətən də, bütün vasitələrdən istifadə olundu. Bayaq gənc dostlarımız bu gün baş vermiş hadisəyə toxundular, çox da gözəl danışdılar; onlar demişkən, qoy bugünkü nəsil, bu günün tehranlıları görsün ki, terror nədir; terror aktı nədir; necə olur ki, bir hadisə nəticəsində, misal üçün, 2,3,5 nəfər günahsız insan həyatını itirir və onlara hücum edənlər kimlərdir. Bu vəziyyət 2-3 ildir ki, ölkəmizdə daim, hər yerdə və geniş miqyasda davam edir. Bir vasitə kimi bundan istifadə ediblər, müharibədən istifadə ediblər, çevriliş planından istifadə ediblər, təbliğatdan istifadə ediblər, sanksiyalardan istifadə ediblər, bu dövlətin, bu inqilabın, bu möhtəşəm hərəkatın əleyhinə bütün vasitələrdən istifadə ediblər, amma uğur qazana bilməyiblər. Uğur qazanan İslam İnqilabı olub; inkişaf edib, irəli gedib, özünü beynəlxalq aləmə qəbul etdirib, İslam dövlətini ərsəyə gətirib.

“Bu dövlət quruluşu uğurlu deyil” – deyə mızıldanan bəzi insanlar var. Nəyə görə? “Filan nazirlik yaxşı işləmir”. Xeyr, əgər bu dövlət uğurlu olmasaydı, indiyə qədər onu on dəfə udub həzm etmiş olardılar, yox olub aradan gedərdi. Bu dövlətin uğurlu olmasına ən böyük sübut elə onun özüdür, bu günə qədər varlığını davam etdirməsidir. Bir dövlətin öz ayaqları üzərində möhkəm durub heç kimi və heç nəyi nəzərə almadan açıq-açığına öz sözünü deməyi, öz qəti mövqeyini dünyada açıq şəkildə elan etməyi (baxmayaraq ki, necə bir düşmənçiliklə üz-üzə olduğumuzu da bilirik, düşmənçiliklərdən bixəbər deyilik; dövlətimizin rəsmiləri də, xalqımız da bilir, bununla belə, möhkəm durur, müqavimət göstərir) – bu, çox önəmli bir məsələdir, çox heyrətamiz bir faktdır! Bu dövlətin uğurlu olmağının ən böyük əlaməti budur ki, öz ilkin hərəkət kursunu qoruyub saxlaya bilib; hələ mən bayaq qardaşlarımızdan bəzilərinin qeyd etdiyi çoxsaylı nailiyyətləri demirəm. Mən özüm də bunu həmişə tövsiyə edirəm; Allahın ordusunda olan mömin və inqilabçı gənclər İslam dövlətinin qazandığı nailiyyətləri heç vaxt yaddan çıxarmamalıdırlar. Bu nailiyyətlər bir-iki deyil, minlərlədir. Misal üçün, bayaq vurğulandı ki, nə vaxtsa, tutalım, hindistanlı və ya filippinli həkimlərə müraciət olunan bir ölkədə bu gün ən yaxşı, ən peşəkar mütəxəssislər var. Hələ bu, mənim nümunə olaraq qeyd etdiyim kiçik bir məqamdır, bu qəbildən olan uğurlar onlarla, yüzlərlədir və bütün bunlar diqqətəlayiqdir.

Hər halda, bu inqilab bizə həm öz milli kimliyimizi, həm də ideallarımızı qazandıra bilib; bu, önəmli bir məqamdır. Biz həm öz milli kimliyimizə qovuşduq, kim olduğumuzu, məğlub olmuş, qlobal siyasət və imperializm tərəfindən udulub həzm edilmiş bir xalq olmadığımızı dərk etdik, dərk etdik ki, biz varıq, biz bizik, kimliyimizi və ideallarımızı bildik, həm də İslam İnqilabı bizə ideallar bəxş etdi; çoxsaylı ideallar; az sonra onlar barədə də danışacağam.

Bəli, bu çirkin çərçivə dağıdıldı və elə buna görə də, təbii olaraq, bir qarşıdurma, mübarizə başladı. Yaxşı, belə olan halda bəs qarşı tərəfdə duranlar kimlərdir? O gün mən İmam Xomeyni (r.ə) məqbərəsində də bunu söylədim; güclü dövlətlər, böyük imkanlara sahib olan güclər, son dərəcə böyük nüfuz və təsirə malik cərəyanlar; bu gün nəinki təkcə Avropada, bəlkə Amerikada da administrasiyaları hakimiyyətə gətirən və hakimiyyətdən aparan siyasi cərəyanlar! İstədikləri administrasiyanı iş başına gətirir, istədiklərini yola salırlar. Bu cərəyanlar hamısı İslam Respublikasının qarşısında duraraq öz güc və imkanlarını sınayıb, əlindən gələn zərbəni vurub. Bir mübarizə başlayıb: sərt, yarısərt və yumşaq mübarizə; hər 3 formada mübarizə gedir. Bu mübarizənin meydanlarından biri də universitetlərdir.

Universitetlərin kollektivi istər-istəməz bu mübarizəyə qoşulub; ilk gündən! Hələ inqilabi mübarizənin getdiyi dövrdən; inqilabi mübarizəni aparan elə tələbələr idi! Bu inqilabın qələbə çaldığı, bu dövlətin qurulduğu gündən bəri də universitetlər mübarizə və qarşıdurma vəziyyətindədir. Mübarizə çoxlarından yan keçmədi, amma ən mühüm mərkəzlərdən biri universitetlər və tələbələr idi. O zaman – inqilabın əvvəllərində düşmən əsas diqqətini universitetlər və tələbələr üzərində cəmlədi və onlara hakim kəsildi; yəni universitetləri ələ aldı. Sizdən çoxunuz o vaxt heç dünyaya gəlməmişdiniz, sözsüz ki, heç tələbə də deyildiniz, amma mən o vaxtlar hər həftə Tehran Universitetində tələbələrlə görüş keçirirdim. Hər həftə Tehran Universitetinin məscidinə gedirdim; namaz, çıxış, sualları cavablandırmaq; tələbələr yığışırdılar, suallar verirdilər, şübhədə qaldıqları məqamlar olurdu, deyirdilər, biz də cavablandırırdıq. Tehran Universitetinin içində sözün əsl mənasında müharibə gedirdi, atışmalar olurdu; iş o yerə çatmışdı ki, bir gün həftədə bir dəfə çərşənbə axşamı və ya çərşənbə günləri təşkil etdiyimiz həmin toplantılardan birinə getdiyim zaman bir neçə adam mənə yaxınlaşıb söylədi ki, universitetə girməyim, təhlükəlidir. Özümüzün də bir neçə mühafizəçimiz var idi, onlar da: “Getməyin, təhlükəlidir”, – dedilər. Mən söylədim ki, olmaz, mən universitetə getməliyəm, yəqin ki, insanlar məsciddə məni gözləyir. Gedib universitetə daxil olduq. Xəlvətcə! Atışma gedirdi, bir-birini vururdular! Bax bu Tehran Universitetindəcə! Universitetin məscidinə gəldim, gördüm ki, heç kəs yoxdur, tələbələr də gəlməyib, qorxublar. Gənclərin qorxduğu yerdə də ki, biz onlardan qabaq qorxduq; geri qayıtdıq. (2) Universitetlərdə belə bir vəziyyət hökm sürürdü. Universitetlər, doğrudan da, döyüş meydanına çevrilmişdi; səbəbi isə düşmənin nüfuz və təsiri idi. Qarşı tərəfdə duranlar kimlər idi? Solçular da var idi, şahın tərəfdarları da var idi! Həmişə bir-birinə qarşı çıxanlar İslam İnqilabı, İslam dövləti və İmam Xomeyninin əleyhinə əl-ələ verib birləşmişdilər; müttəfiq olmuşdular. SAVAK-çıların uşaqları da var idi (nəticə etibarilə SAVAK-çıların da arvad-uşağı, tələbə övladları olurdu); onlar da var idi, solçu marksistlər də var idi; “xalq fədailəri”, “mücahidlər” və bu kimi bir çoxları (yəqin ki, onların haqqında eşitmisiniz və ya oxumusunuz) hamısı müsəlman tələbələrə qarşı idi. Əlbəttə ki, inqilabçı müsəlman tələbələr universitetləri fəth etdi; bunu biləsiniz. İnqilabçı müsəlman tələbələr həm polemikalarda universitetləri fəth edə bildilər, həm də döyüşlərdə; yəni baş verən o hadisələrdə müsəlman tələbələr universitetləri fəth etməyi bacardılar; düzdür, daha sonra universitetlərin işi müvəqqəti olaraq dayandırıldı və sair. İntəhası sonradan müsəlman tələbələrin öz arasında da ixtilaflar yarandı. Müsəlman tələbələr universitetləri fəth etdilər, casus yuvasını ələ keçirdilər, amma özləri daxildən məğlub oldular! Zənnimcə, bu, diqqət etməyə dəyən bir məqamdır. Bu nəyə görə baş verdi? Ona görə ki onların hadisələri təhlil etmə qabiliyyəti və bir kollektiv olaraq mahiyyəti zəif idi. Emosiyalar var idi, kifayət qədər də kəskin idi (o dövrdə tələbə gənclərdən bəziləri həbsdən, sürgündən yenicə qurtulmuş bizləri inqilabçı hesab etmirdilər; yəni yeri gələndə bizi ittiham edirdilər; o adamlar indi də var; bəziləri indi də yaşayır; yəni həqiqətən də, ortodoks idilər; qatı və ortodoksal inqilabçılar idi; çox sərt, qatı) intəhası o düşüncə tərzi ilə o adamlarda lazımi mahiyyət yox idi, ona görə də həssas bir məqamda zərbə aldılar. Hadisələr çoxdur, mən hamısını bir-bir qeyd etmək istəmirəm; sadəcə, universitetlərdə baş verən hadisələrin köklərinə toxunmaq istədim. 

Demək istədiyim budur ki, bu illər ərzində universitetlərin əleyhinə, onları mübarizə meydanından kənarlaşdırmaq üçün çox səylər göstərilib; səbəbi də odur ki, universitetlər olduqca önəmlidir. Universitetlərin inqilaba xidmət etməyi çox önəmlidir; effekti digər ictimai təbəqələrdən qat-qat çoxdur. Əvvəla, hamısı gəncdir, bağlantıları azdır, hər an işə keçməyə hazırdırlar, beyinləri işləyir, dərrakəlidirlər; bunlar çox vacib məqamlardır; bundan başqa, cəmiyyətə təsir etmə gücünə malikdirlər; yəni inqilabçı tələbələr ətrafına təsir göstərə bilər; ailəsinə, münasibətdə olduğu insanlara, dostlarına və içində olduğu sosial mühitə təsir göstərir. Elə buna görə də universitetləri öz inqilabi mahiyyətindən məhrum etmək üçün çox çalışıblar, çox işlər görüblər, bu sahədə çox siyasətlər həyata keçiriblər. Təəssüf ki, inqilabın, yəni inqilabi ruhiyyənin, mübarizə ruhiyyəsinin, Allahın ordusunda olmaq ruhiyyəsinin universitetlərdən kənarlaşdırılmasına bizim öz içimizdən də kömək edənlər çox olub. Bunlar başlanğıc idi. Sizə bir şeyi demək istəyirəm: əlbəttə, mən bilirəm ki, bu cür görüşlərdə ölkəmizin ali məktəblərində təhsil alan tələbə kollektivi özünün bütün müxtəlifliyi – cürbəcür qrupları, stimulları, meyilləri ilə iştirak etmir; mən bunu bilirəm. Mən ölkə universitetlərində hökm sürən vəziyyət barədə məlumatsız deyiləm, lakin mən sözümü bütün inqilabçı, inqilabi məsələlərə etinasız yanaşmayan tələbələrə xitabən deyirəm. İslam İnqilabını sevənlər, onu sözün əsl mənasında bu ölkənin nicatı və xoşbəxt gələcəyinin təmin olunması üçün vasitə hesab edənlər – mənim sözüm onlaradır. Mən deyirəm ki, siz tələbələr özünüzü bu mübarizənin ön sıralarında görməlisiniz. Ortada bir mübarizə var, hələ də davam edir, başa çatmayıb, ola bilsin, heç bu yaxın vaxtlarda başa çatmasın, davam etsin; siz özünüzü bu mübarizənin ön sıralarında görməli, bu sıralarda yer almalısınız. Qarşıdurma meydanını görməlisiniz. Böyük problemlərdən biri budur ki, bəziləri ortada gedən qarşıdurmanı hiss etmir, qarşıdurma meydanını görmür, bizim bir qarşıdurma içində olduğumuzu anlamır. Bu mübarizənin sizinlə də əlaqəsi olduğunu nəzərə alın. Hər bir tələbə özündə insani, milli, dini, ictimai və beynəlxalq məsuliyyət hiss etməlidir; tələbələrdən gözlənən budur. 

Tələbələrin ölkədə gedən proseslərə yanaşması; mən tələbələrin burada ifadə etdiyi tənqidi yanaşmanı yüzdə-yüz dəstəkləyirəm. Əlbəttə, ola bilsin ki, bəzi tənqidləri haqlı hesab etmirəm; istər icraedici hakimiyyətlə bağlı olanlar olsun, istər məhkəmə hakimiyyəti ilə, istərsə də Ali Rəhbərlik Baş İdarəsi ilə. Səslənən tənqidlərdən bəziləri haqlı, bəziləri isə haqsız ola bilər, lakin bu tənqidi yanaşmanın özünü mən yüzdə-yüz dəstəkləyir və alqışlayıram. Mənim fikrimcə, universitetləri bu tənqidi, narahat, nigaran yanaşmadan məhrum etmək olmaz. Bir bu tənqidi yanaşmadan, bir də ideallara can atmadan. Tələbələr idealların arxasınca getməlidirlər. Çatışmazlıqların, əyintilərin üzərinə sual işarəsi qoymalıdırlar; tələbələr çatışmazlıqları, əyintiləri, nöqsan və eyibləri görməli, onlar haqda sual verməlidirlər. Ola bilsin ki, qarşı tərəfin həmin məsələdə keçərli bir üzrü var, amma bu, sizin sual verməməyiniz üçün səbəb olmamalıdır; siz sual verin, soruşun. Tələbələrdə sual vermək, yaxşı olan şeylərə çağırış etmək, pisliklərdən çəkindirmək, dəyər və idealları ciddi surətdə tələb etmək psixologiyası həmişə arzulanandır və təqdirəlayiqdir. 

Bir də: tələbələr müvəqqəti uğursuzluqlardan məyus olmamalıdır; buna diqqət yetirin; haradasa hansısa sözü demişdik, olmadı, filan yerdə filan məqsədi qarşıya qoymuşduq, reallaşmadı – belə şeylərə görə pessimizm və ümidsizlik əhval-ruhiyyəsinin sizə hakim olmasına əsla imkan verməyin. Uğursuzluqlardan məyus olmaq məsləhət olsaydı, biz istər inqilabi mübarizə dövründə, istərsə də 8 il davam etmiş məcburi savaşda yüz dəfə pessimizmə qapılıb geri çəkilməli idik. Gecə ilə adamın evinə tökülüşüb arvad-uşağının gözü qarşısında döyür, əllərini qandallayıb aparırdılar; hələ bu harasıdır, bundan da artığını edirdilər. Əgər insan zərbə almaqla və ya o əziz qızımız demişkən, kötəklənməklə ruhdan düşməli, narahat olmalı olsaydı, onda gərək inqilabi mübarizə dövründə mübarizə aparan insanlar o vaxt ruhdan düşüb məyus olaydılar; amma olmadılar. Onlar ruhdan düşsəydilər, mübarizə qələbə ilə nəticələnməzdi. Müharibədə də eynilə; müharibə vaxtı dəfələrlə olurdu ki, vəziyyət bizim təsəvvür etdiyimiz və ya öncədən proqnozlaşdırdığımız kimi olmurdu. Tutalım, “Ramazan” əməliyyatında elə bilirdik ki, əməliyyat uğurla həyata keçəcək, yay fəsli idi, hava da isti idi, ramazan ayı idi də, amma uşaqlarımızdan çoxu şəhid oldular, əməliyyat da uğursuzluqla nəticələndi. Ruhdan düşdükmü? Ruhdan düşdülərmi? “Kərbəla – 4”də də eynilə, “Vəl-fəcr”ə hazırlıq əməliyyatında da eynilə. “Vəl-fəcr”ə hazırlıq əməliyyatında bəsicilərdən böyük bir qrupu cəbhəyə getmişdi; bir məntəqə də seçmişdilər, təxminən, arxayın idilər də ki, əməliyyat uğurla keçəcək, biz irəliləyəcəyik (əməliyyat İraq Əmarəsinin qarşısında keçirilirdi) amma hər şey puç oldu, əməliyyat çox qəribə formada bir uğursuzluqla nəticələndi. Əgər insan hər etapda üzləşdiyi uğursuzluqdan ruhdan düşməli olsaydı, heç bir şey yoluna-qaydasına düşməzdi. Yaşadığınız etapda qarşınıza çıxan, müvəqqəti uğursluzluqlar həyatda qətiyyən sizi məyus etməsin. 

Daha bir məqama toxunmaq istəyirəm, bunu bir qədər əvvəl də qeyd etdim; qazanılmış uğur və nailiyyətləri həmişə nəzərinizdə saxlayın; onlardan bəziləri, həqiqətən, misilsizdir; yəni İslam İnqilabı ilə fəxr edin. Baxın, əzizlərim! Bu gün dünyanın super-dövlətlərinin Qərbi Asiya regionunda izlədiyi siyasətlər puça çıxıb, yürüməyib; onlar özləri də bunun səbəbinin İslam Respublikasının regiondakı nüfuz və iqtidarı olduğunu deyirlər; bu olduqca önəmlidir. Onlar İraq, Suriya və ya digər ölkələrin başına isədikləri oyunu açmaq niyyətində idilər, amma bunu edə bilmədilər. Bu çox önəmlidir; sizin istədiyiniz də elə bu idi; inqilabın istədiyi bu idi. İnqilabın istəyi gerçəkləşdi, Amerika və onun havadarlarının – təkcə Amerikanın yox – istəyi isə gerçəkləşmədi. Bu, bizim çoxsaylı qələbələrimizin, irəliləyişlərimizin, müvəffəqiyyətlərimizin yalnız bir nümunəsidir; bunları heç vaxt yaddan çıxarmayın. Düşmənin işlətdiyi hiylələrdən biri “siz bacarmırsınız”, “siz məğlub oldunuz”, “siz heç bir işin öhdəsindən gələ bilməzsiniz”, “sizin kitabınız bağlanıb” deməkdir. Düşmənin işlətdiyi hiyləgər metodlardan biri də budur. Onun bu hiyləsinə heç bir vəchlə uymayın. Əlbəttə, ölkə daxilində də düşmənin bu arzusunu dilinə gətirib yüksək səslə deyənlər var; düşmənin ölkəmizdə formalaşdırmaq istədiyi ictimai rəyi burada qəzetlər, internet (indi daha internet də var) və ixtiyarlarında olan digər ruporlar vasitəsilə təbliğ edib yayan insanlar yox deyil. Elə buna görə də mən deyirəm ki, o narahatlığı, o xəbərdarlıq etmə niyyətini, hökumətin nöqsanlarına, problemli cəhətlərinə olan o tələbkar yanaşmanı yüzdə-yüz dəstəkləyirəm.

Əlbəttə, burada haşiyəyə çıxaraq bir şeyi də qeyd edim ki, hökumətdəki problemlərə bir həkim kimi – çarəsini tapmaq, əlac etmək niyyəti ilə yanaşmaq lazımdır. Həkim bəzən xəstəsini danlaya da bilər, acı söz də deyə bilər, amma məqsədi onu müalicə etməkdir. Bunun əksinə, düşmənə göstərilən münasibət isə qəti, barışmaz, onun özünün göstərdiyi münasibətə uyğun, yəni düşmən münasibət olmalıdır. Daxildə, hökumətə göstərilən münasibətdə isə yox; canıyananlıqla, problemlərə əlac etmək və sair bu kimi niyyətlərlə hərəkət etmək lazımdır. Əlbəttə, siz xarici düşmənə göstərdiyiniz münasibətdə, ona qarşı seçdiyiniz danışıq tərzində, mövqedə və sairdə azadsınız. Düzdür, diplomatiya aləmində müəyyən formallıqları gözləmək lazımdır; bunu diplomatların öhdəsinə buraxaq; qoy onlar istədiklərini etsinlər, gedib o formal qaydalara istədikləri kimi əməl etsinlər. Siz isə tələbələr olaraq, tələbə təşkilatları olaraq sözünüzü açıq-açığına, qətiyyətlə və yüksək səslə deyin.

Universitetlərlə bağlı bir məqamı da qeyd edim, yaddan çıxmasın: universitet elm ocağıdır. Mənim bütün bu danışdıqlarımın mənası o deyil ki, universitetlər artıq elm ocağı yox, siyasi fəaliyyət mərkəzidir. Xeyr, universitetin əsas dayağı elmdir. Bu nə deməkdir? Bu o deməkdir ki, universitetlər həm alim istehsal etməli, həm elm istehsal etməli, həm də elmə və alimə düzgün istiqamət verməlidir; universitetlərdə bu 3 əsas cəhət olmalıdır. Alim istehsal etmək – yəni alim yetişdirmək; elm istehsal etmək barədə artıq illərdir ki danışırıq; yəni elmin hüdudlarını aşaraq irəli getmək. Biz hələ ölkəmizdə bu işi İslam Respublikası quruluşuna layiq bir səviyyədə həyata keçirə bilməmişik. Əlbəttə, müəyyən işlər görülüb, lakin geriyik. Elmi cəhətdən irəli getməyi bacarmalıyıq; elm irəliləsə, texnologiya da irəliləyəcək; texnologiya irəli gedəndə bunun həyatımıza da böyük təsiri olacaq; texnologiya irəli gedəndən sonra dünyanın gözləri sizə dikiləcək, başqaları sizə ehtiyac duyacaq; insanların həyatına təsir göstərməyə başlayacaqsınız. Bunlar çox önəmli məsələlərdir. Məhz buna görə mən həmişə elm, texnologiya və bu kimi məsələlərin əhəmiyyətini vurğulayıram; bu şeyləri yaddan çıxarmayın. Elmi inkişafın bütün subyektləri – möhtərəm nazirimizdən tutmuş rektorlara, professor-müəllim heyətinə, tələbələrə, dərs proqramına, tədris prosesinə, laboratoriyalara və sairə qədər – bütün bunlar hamısı məhz bu prinsiplər əsasında fəaliyyət göstərməlidir; yəni elm istehsal etmək, alim istehsal etmək və bu ikisini düzgün istiqamətləndirmək üçün çalışmalıdır. Bu üçüncüyə diqqət yetirin: elmə və alimə düzgün istiqamət vermək. Maddiyyatçı sivilizasiyada elm və alim bəşəriyyətin bədbəxtliyi üçün vasitə olub: atom bombasının, kimyəvi silahların, cürbəcür təhlükəli virusların yaranmasına yol açıb (təəssüflər olsun ki, bu gün güclü dövlətlər bu virusları müxtəlif yollarla toplumlarda yayır). Elm belə bir istiqamət götürüb, doğru yoldan sapıb. Elm düz yolda olmalı, insanın xeyrinə, mükəmməlləşməsinə xidmət etməlidir. Tələbələr və onlarla bağlı məsələlər barədə bu qədər.

Tələbə təşkilatlarına gəlincə; əlbəttə, mən bilirəm ki, ölkəmizdə cürbəcür tələbə təşkilatları var; mən bunu ötən il də dedim ki, “birdəfəlik istifadə üçün nəzərdə tutulan” bəzi təşkilatlar da var; misal üçün, seçki öncəsi yaradılan bəzi tələbə təşkilatları kimi. Və ya tələbə təşkilatlarının başqa bir növü də var ki, birdəfəlik istifadə üçün olmasa da, ümumiyyətlə dini-inqilabi qurumlarla mübarizə məqsədilə yaradılır; bunlarla işim yoxdur. Mən o təşkilatlara müraciət edirəm ki, hansı adı daşıdıqlarından asılı olmayaraq, inqilaba, dinə, İslam dövlətinə, bu möhtəşəm mübarizəyə inanırlar; fərqi yoxdur hansı ad altında fəaliyyət göstərirlər; sözüm onlaradır.

Əvvəla, ideallara can atmağı unutmayın; həmişə ideallara doğru gedin. Bizim ideallarımız hansılardır? Ədalətli, azad, mütərəqqi, mömin, ibadət edən, rifah səviyyəsi yüksək olan, yumruq kimi birləşmiş, güclü, möhkəm bir cəmiyyət qurmaq – bütün bunlar bizim ideallarımızdır. Bu dəyərlər naminə və Allah yolunda canından belə keçməyə dəyər. “Nisa” surəsinin o şərif ayəsində də buyurulduğu kimi:

وَ ما لَکُم لا تُقاتِلونَ فی سَبیلِ اللهِ وَ المُستَضعَفینَ مِنَ الرِّجالِ وَ النِّسآءِ وَ الوِلدان

“(Ey müsəlmanlar) Sizə nə olub ki, Allah yolunda və aciz kişi, qadın və uşaqların qurtuluşu uğrunda vuruşmursunuz?” (“Nisa” surəsi, 75-ci ayədən)

Belədir; öz ölkənin, əzilənlərin və zülmə məruz qalanların qurtuluşu yolunda vuruşmaq, ölüb-öldürmək əmri verilib. İndi əlbəttə ki, bu ayə vuruşmaq, ölüb-öldürmək barədədir; o qardaşımız bu məqama diqqət yetirsin ki, bu ayə cihad barədə yox, vuruşmaq barədədir; cihad bir şeydir, vuruşmaq, ölüb-öldürmək başqa bir şey; aralarında mütləq ümumi-xususi əlaqəsi var. Odur ki bu, İslamın prinsipidir, İslamın əsas götürdüyü istiqamətdir. Bu ideallara doğru getmək lazımdır. Sizin hədəfiniz sadaladığım bu ideallardır, elə bir cəmiyyətdir. Daim ideallara can atmağı unutmayın.

Reallıqları görmək; reallıqları görməyə çalışın. Bir dəfə mən ramazan ayında hökumət rəsmiləri ilə burada keçirdiyimiz görüşdə (3) söylədim ki, mənə həmişə: “Realist olun”, “Reallıqları görün” – deyirlər; bununla demək istəyirlər ki, əngəlləri görün, maneələrin fərqinə varın. Mən: “Reallıqları görün” – deyəndə isə bunu nəzərdə tuturam ki, müsbət reallıqları görün. Gənc və istedadlı insanlarımızı, onların yüksək imkanlarını, xalqımızın fövqəladə istedad və potensialını, yeraltı resurslarını, ölkəmizin əlverişli coğrafi mövqeyini, İslam Respubikasının əldə etdiyi inkişafı; bunları görün, bunlar hamısı reallıqdır. Bütün bunlar görüləsi, diqqət yetiriləsi reallıqlardan yalnız bir qismidir.

Reallıqların digər bir qismi isə bundan ibarətdir ki, siz idealları rəhbər tutur, ideallara doğru can atırsınızsa, bilməlisiniz ki, insan öz ideallarına möcüzə ilə çata bilməz; ortada problemlər, əngəllər var; bu maneələrin arasından yol tapıb keçmək lazımdır; reallığı görmək budur. Bax bu gün siz burada çox yaxşı çıxış etdiniz, əngəlləri ard-arda sadaladınız; görəsən, bu əngəllərin arasında sizi irəli aparacaq bir yol var, ya yox? O yolu axtarıb tapın. Mən sizə deyim ki, o yol, mütləq və heç şübhəsiz, vardır; axtarıb onu tapın. Reallığı görmək budur. Əlbəttə ki, bütün bunlar üçün nəzəri – qərbmeyilli adamlar demişkən, “teoretik” – bəhslərə ehtiyac var. Bütün bu dediklərim üzərində düşünülməli olan işlərdir.

Üçüncü tövsiyəm: tələbə təşkilatları seyrçi mövqedə durmamalı, fəal rol oynamalıdır. Təşkilatlar yalnız oturub, irəliləyiş müşahidə olunan hansısa hadisəyə sevinərək, geriləmə olan hansısa hadisədən kədərlənməməlidir. Təşkilatlar fəal olmalı, hər iki halda aktivlik nümayiş etdirməlidir; seyrçi olmamalıdır.

Növbəti tövsiyəm: tələbə təşkilatları universitetlərdə inqilabi diskursun üstünlüyünü təmin etmək üçün ciddi və hərtərəfli surətdə çalışmalıdır. “Artıq universitetlərdə iş görmək olmur” – deməyin. Eşitdiyimə görə, bəziləri universitetlərdə artıq heç bir iş görmək mümkün olmadığını deyirlər. Xeyr, dostlar, universitetlərdə çox işlər görmək olar; işi elə universitetlərdə görmək lazımdır. Univesitetlərdə işi kim görməlidir? Siz. Universitetlərdə işi siz tələbə təşkilatları görməlisiniz. Əlbəttə ki, bu sözləri mən təkcə bu gün bu görüşdə iştirak edənlərə yox, hamıya ünvanlayıram. Mən ölkədəki bütün cihad ruhlu elm və maarif ocaqlarına, mədəni və ideoloji mərkəzlərə daim bu sözü deyirəm ki, hər biriniz çalışın; müstəqil şəkildə; hərbi terminlə desək, sərbəst atəşlə. Əlbəttə, müharibədə komanda verən bir mərkəzi qərargah olur, amma qərargahla əlaqə kəsildiyi və ya qərargahda hansısa problem yarandığı zaman komandirlər “Sərbəst atəş!” əmri verir. Sizlər də yumşaq müharibənin zabitlərisiniz – danışmışıq axı; yumşaq müharibənin zabitləri sizsiniz – mərkəzdə nə isə bir problem yarandığını, qərargahın meydanı düzgün idarə edə bilmədiyini hiss etdiyiniz məqamda sizin üçün atəş sərbəstdir; yəni özünüz düşünüb qərar verməli, yol tapıb hərəkət etməli, tədbir görməlisiniz. 

Bəzən hiss edirsən ki, siyasi, ideoloji, mədəni və sair bu kimi funksiyalar daşıyan mərkəzi qurumların işində boşluq var, işləmirlər; bu, həqiqətən də, bəzən hiss olunur. Misal üçün, ölkəmizdə mədəniyyət sferasında bu qədər problemlər var; başlasam, bəlkə 10-a yaxın mühüm problem sadalaya bilərəm. Tutalım, kino məsələsi önəmli bir məsələdir; yəni ölkədə kinomotoqrafiyanın necə idarə olunması, haradan dəstək alması (hazırda bəzən kinofilmlərə xaricdən də dəstək tapırlar) önəmli bir mədəniyyət problemidir; ölkədə incəsənətin, kino sahəsinin idarə edilməsi xırda bir məsələ deyil. Bu kimi onlarla problem saymaq olar; amma bir də görürsən ki, hansısa mahnını iftardan qabaq yayımlayıb-yayımlamamaq bir nömrəli problemə çevrilir; bunun üçün bizə məktubla müraciət edirlər! (4) Əsas məsələləri ikinci-üçüncü dərəcəli məsələlərdən seçib fərqləndirə bilməyən, ümumiyyətlə heç bir əhəmiyyətə malik olmayan, təfərrüat mahiyyətli bir məsələni əsas problem kimi önə çəkərək şişirdən bu kimi qurumlarda nə isə bir boşluq olduğu məlum məsələdir. Mərkəzi qurumların işində bu şəkildə boşluq olduğu zaman, bayaq qeyd etdiyim kimi, sərbəst surətdə atəş açmağın məqamı gəlir.(5)

Real ünsiyyət qurmağa çalışın; internet yaxşı bir şeydir, əlverişli bir imkandır, amma kifayət deyil. Bəziləri mesajlarını çatdırmaq üçün yalnız internetdən – tviter və sairdən yapışıblar. Bunun xeyri yoxdur. Real ünsiyyət lazımdır, bir masa arxasında oturmaq, çıxışlar etmək, müxtəlif nəşrlər çap edib yaymaq, iki və üçnəfərlik müzakirələr təşkil etmək, analitik görüşlər keçirmək və buna bənzər başqa işlər görmək lazımdır; üzvlərinizlə bu formatda görüşməlisiniz.

Növbəti tövsiyə: bir neçə başlıca açar söz var ki, onları yaddan çıxarmayın; “hakimiyyətdə xalqın rolu” – həmin açar sözlərdən biri budur; bu bir açar sözdür. Yaxşı, inqilabçı uşaqlardan bəziləri mənim elə hey: “Seçkidə iştirak edin, seçkidə iştirak edin” – deməyimə təəccüblənirlər; camaatı daim seçkidə iştiraka təşviq etdiyim üçün məndən gileylidirlər. Cənablar! Bir şeyi yaddan çıxarmayın ki, xalqın seçki qutusuna arxa çevirdiyi gün fəlakət olar; fəlakət budur; düşmən də bunu istəyir. Əhalimizin 90 faizinin seçkidə iştirak etməyəcəyi günü necə gözlədiklərini, arzuladıqlarını, bu barədə dilə gətirib nələr dediklərini sizlər məndən əvvəl eşitmiş olarsınız, mən də eşitmişəm. Misal üçün, elan edildi ki, iyirmi neçə faiz seçici seçki məntəqəsinə gəlməyib. Deyirlər, yox, bu bəs deyil, gərək elə edək ki, 90 faiz seçkidə iştirak etməsin; fəlakət o zaman olar. Mən bunu görürəm. Əhalinin seçkiyə qatılması böyük bir nemətdir. “Xalq hakimiyyəti” – bu da başlıca açar sözlərdən biridir; bunu unutmayın. Bəli, əgər siz xalqın bu və ya digər şəxsə səs verməyini istəyirsinizsə, çalışın insanlar sizin istədiyiniz adama səs versinlər. Xalqın seçki məntəqələrinə gəlişinin qarşısını almayın.

Bayaq qeyd etdiyim müstəqillik məsələsi də olduqca önəmlidir; o “2030” məsələsi – “2030-cu ilədək inkişaf planı” da bu qəbildəndir; burada məsələ müstəqillik məsələsidir. İndi bəzi adamlar gəlib deyir ki, tutalım, biz qeydlərimizi etmişik, filan-filan şeyləri qəbul etmədiyimizi bildirmişik; söhbət bunlardan getmir. Tutalım, o sənəddə İslam dininə açıq-aşkar zidd olan heç bir şey yoxdur – hərçənd, sözsüz ki, var; bizim o sənəd barədə düzgün məlumat almadığımızı düşünənlər yanılır; bizim aldığımız məlumatlar kifayət qədər doğru məlumatlardır – mənim dediyim odur ki, ölkəmizin təhsil sistemi, təhsil proqramı ölkədən kənarda yazılmamalıdır; mən bunu deyirəm. Siz deyirsiniz ki, məsələn, bunda, İslam dininə zidd bir şey yoxdur; istər olsun, istərsə də olmasın, bura İrandır, bura İslam Respublikasıdır, buranın xalqı böyük bir xalqdır. Nəyə görə bizim təhsil sistemimizi UNESCO və ya BMT-də oturanlar yazmalıdır? Bax bu, həmin o müstəqillik məsələsidir. Müstəqilliyin aspektləri bu yerlərə qədər gəlib çıxır.

“İmperializm sistemini rədd etmək” məsələsi başlıca açar sözlər sırasına daxildir; “azadlıq” başlıca açar sözlərdəndir; azadlığın mənasını düzgün açıqlamaq lazımdır; “ədalət” məsələsi əsas açar sözlərdəndir; və sair bu qəbildən olan mövzular.

Bu mövzuları açıqlamalı, izah etməlisiniz. Yəni mənim tələbə təşkilatlarına tövsiyəm budur ki, bu əsas və önəmli açar sözləri düzgün izah etsinlər. Bunun üçün İmam Xomeyninin çıxışlarından və sairdən istifadə edə bilərsiniz.

Daha bir tövsiyəm isə budur ki, danışığınızda və davranışınızda dindarlığın, möminliyin tələblərinə riayət edin. İllər öncə bir tələbə təşkilatının keçirdiyi tədbirdə şəriətə zidd bir olay baş vermişdi (doğrudur, həmin təşkilat bizimlə də əlaqə saxlayırdı; kifayət qədər də isti münasibətlərimiz var idi); o hadisə barədə eşitdiyim gün mənim heç yadımdan çıxmır. Çox narahat olmuşdum; ona görə yox ki, onlar günah etmişdilər – əlbəttə ki, buna görə də narahat olmağına dəyərdi – düşünmüşdüm ki, olmaya bunlar yollarını dəyişiblər; sonra gördüm ki, həqiqətən də, elə imiş; yəni doğrudan da:

ثُمَّ کانَ عاقِبَةَ الَّذینَ اَسآؤُا السّوایٰ‌ اَن کَذَّبُوا بِایٰتِ الله‌

“Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!” (“Rum” surəsi, 10-cu ayədən)

– insan üzərinə düşən şəri vəzifəyə uyğun hərəkət etməyəndə, ibadəti bir kənara buraxanda Allah-taala da hidayətini ondan çəkir.

Bir də sizə atdığınız addımlarda cəsarətli olmağı tapşırıram. Bəzən bəzi tələbə təşkilatları düşünür ki, misal üçün, filan işi görsək, filankəs və ya filan qurum narahat olacaq və sair. Siz addımınızı atın, intəhası o addımın yanlış olduğunu dərk etdiyiniz anda dayanın, yəni yolun o yerindən geri qayıdın. Demək istədiyim budur ki, bir iş görərkən, addım atarkən cəsarətli olun. Əlbəttə ki, insan hər hansı bir addımı atdığı zaman o işi hərtərəfli düşünüb-daşınmalıdır.(6)

Daha bir tövsiyəm isə xanım tələbələrimizədir. O iki tələbə bacımız, insafən, çox yaxşı çıxış etdilər və hər ikisi çox gözəl məqamlara toxundular. Mən tələbə təşkilatlarının üzvü olan tələbə bacılarımıza tövsiyə edirəm ki, “Qərbdə qadın” mövzusunu da araşdırsınlar. Biz bu məsələni daha az araşdırırıq. Əlbəttə, illər öncə görüşlərimizdən birində bir bacımız – yadımda deyil tələbə idi, ya müəllimə – bu mövzuda çox gözəl və ətraflı danışmışdı, amma mənim fikrimcə, bu sahədə hələ işləmək lazımdır və işləmək üçün meydan da var. Bu da belə.

Və son olaraq demək istəyirəm ki, qoy tələbə təşkilatları tələbə ictimaiyyətinə ümid və optimizmi aşılasınlar. Özləri də optimist olsunlar, universitetlərə, tələbələrə də ümid, optimizm əhval-ruhiyyəsi aşılasınlar; pessimizm atmosferinin yaranmasına imkan verməsinlər.

Sonda iki məqamı da qeyd edim. Birincisi, korrupsiya məsələsi; dostlarımız da dedilər, kənardan da bu barədə eşitmişdim. Baxın, mənim yanaşmam, mənim fikrim budur ki, ölkəmizdə korrupsiya sistematik xarakter daşımır. Bunu deyənlər boş danışır. Sistematik korrupsiya başqa bir şeydir; bu, şah dövründə var idi. Sistem özü təbii olaraq korrupsiyaya yol açır, bu işə rəvac verirdi; yəni o sistemdə sağlam bir adam tapmaq çətin idi. Bu gün isə elə deyil; düzdür, korrupsiya var, çox pis formaları da var, amma bu təzahürə ayrı-ayrı hallarda rast gəlinir və buna qarşı mübarizə aparmaq lazımdır. Sizin vurğuladığınız şəffaflıq məsələsi çox doğru və gözəl bir məsələdir, mən bunu özüm üçün də qeyd götürdüm, bu, öz yerində, intəhası belə deyil ki, korrupsiya sistematik xarakter daşıya. Korrupsiyaya ayrı-ayrı hallarda rast gəlinir və buna əlac etmək mümkündür.

İkinci məqam: müəyyən qüvvələr ölkəni Qərb mədəniyyəti içərisində batırmağa, Qərb mədəniyyətinə meyli ölkədə günbəgün daha da artırmağa çalışır; bu bir reallıqdır, bu var. Bəziləri Qərb mədəniyyətinə olan inam və etiqadları üzündən, bəziləri isə nəfslərinin zəifliyi, xaraktersizlikləri, dəyərlərə qarşı diqqətsizlikləri ucbatından ölkəni Qərb mədəniyyətinə sarı çəkir; bu var; lakin bilin ki, onlar inqilabı öz kursundan uzaqlaşdıra, ölkəni Qərb mədəniyyətində qərq edə bilməyəcəklər; belə bir şey əsla baş verməyəcək. Hazırda, Allaha şükürlər olsun ki, yetişən və əhatəsi geniş olan, İslam İnqilabına, İslam dininə mənən bağlı olan bu nəsil belə bir şeyin baş verməsinə imkan verməyəcək və hər keçən gün də, heç şübhəsiz, bu nəsil daha da genişlənəcək və ideoloji, intellektual baxımdan dərinləşəcək; necə ki sizin bu gün burada etdiyiniz çıxışlar, səsləndirdiyiniz fikirlər sizdən əvvəlki tələbələrin, məsələn, 5 il öncə burada səsləndirdiyi fikirlərdən daha dərin və daha güclü idi.

İran xalqı irəli addımlayır, irəliləməkdədir; bu cür işlər, bu gün törədilmiş (7) atəşbazlıq imitasiyasına bənzər hərəkətlər xalqın iradəsinə heç bir təsir göstərməyəcək; bunu hamı bilsin; bunlar İran xalqının və ölkəmizin rəsmilərinin iradəsinə təsir göstərmək üçün həddən artıq cılız hərəkətlərdir və əlbəttə, bayaq dostlarımızın da qeyd etdiyi kimi, bu hadisələr özləri onu göstərir ki, əgər İslam Respublikası bu fitnə-fəsadın əsas mərkəzi olan o nöqtənin üzərində möhkəm durmasaydı, indiyə qədər biz ölkə daxilində bu cəhətdən çox problemlərlə üzləşərdik. İnşallah, bunların kökü kəsilər.

Pərvərdigara! Bu əziz gənclərə günbəgün daha çox uğurlar nəsib et. Pərvərdigara! Bu əziz gənclərimizin hamısını, eləcə də bizi doğru yolda sabitqədəm et. Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, bura toplaşmış bu qardaşlarımıza öz lütf, mərhəmət və inayətini əta et, onların hacətlərini yerinə yetir. Bu əzizlərimizi və bu həqir bəndəni bu mübarək ayda, xüsusilə də qədr gecələrində ruhən günbəgün daha da saflaşmağa, təmizlənməyə müvəffəq et. Dahi liderimiz İmam Xomeynini və şəhidlərimizi Qiyamət günü məhşərə Peyğəmbərlə (s) birgə gətir. İmam Mehdi Sahibəz-zamanın (ə.f) müqəddəs qəlbini bizdən razı və məmnun et.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

_________________________

(1) Hindistanın müstəqillik hərəkatının və Hindistan Milli Konqresinin liderlərindən olan Cəvahirləl Nehru. 
(2) Ali Məqamlı Rəhbər özü və görüş iştirakçıları gülür. 
(3) Hökumət rəsmiləri ilə görüş (30.04.1392) 
(4) Görüş iştirakçıları gülür 
(5) Görüş iştirakçıları gülür
(6) Bu yerdə Ali Məqamlı Rəhbər əlini qaldırıb sual vermək istəyən bir tələbənin cavabında: “Siz danışdığınız yerdə mən əlimi qaldırsam, siz sözünüzə ara verməzsiniz. Mən də ara vermirəm” – deyir, Ali Məqamlı Rəhbər özü və iştirakçılar gülür. 
(7) İran parlamenti və müqəddəs İmam Xomeyni (r.ə) məqbərəsi qarşısında törədilmiş, bir neçə nəfərin şəhid olması və yaralanması ilə nəticələnmiş terror hadisəsi nəzərdə tutulur.