Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın məzunlarının buraxılış mərasimində etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

و الحمد للّه ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا‌ ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة اﷲ فی الارضین 
(السّلام علی الحسین و علی علیّ‌بن‌الحسین و علی اولاد الحسین و علی اصحاب الحسین الَّذین بذلوا مهجهم دون الحسین (علیه ‌السّلام

Əziz gənclər, sizi bu mərasim və bu gün münasibətilə təbrik edirəm. Sizlər inqilabçı İran xalqının övladları və pak inqilab ağacının şirin bəhrəsisiniz. Bu dediklərim həm bu gün akademiyada təhsilini bitirərək zabit rütbəsi alıb İnqilab Keşikçiləri Korpusunun sıralarına qatılan məzunlara, həm də akademiyaya bu il qəbul olunmuş, bu gün paqonunu alıb, inşallah ki, təhsilini bərəkətlə davam etdirəcək kursantlara aiddir.

Bu gün mən siz əzizlərimlə iki-üç məsələ barədə söhbət etmək istəyirəm: birincisi, bu akademiyanın özü barədə, ikincisi, İslam İnqilabı Keşikçiləri Korpusu barədə, üçüncüsü isə İslam Respublikası və ölkəmizlə bağlı mühüm bir məsələ barədə.

Akademiyaya gəlincə –  istər Hərbi Təhsil Kompleksi olsun, istərsə də ayrılıqda İmam Hüseyn (ə) adına Hərbi Akademiya – qeyd etməliyəm ki, bu akademiya Allahın böyük bir   nemətidir; istər burada təhsil alan bütün tələbələr üçün, istər burada çalışıb xidmət edənlər  üçün, istərsə də, inşallah, buranın məzunlarının bərəkətindən bəhrələnəcək hər kəs üçün. İlahi bərəkətdir. Bu akademiya çox mühüm bir təhsil müəssisəsidir. Mən israr edirəm ki,  Keşikçi Korpusun möhtərəm rəsmiləri bu akademiyanın problemləri ilə ciddi surətdə maraqlansınlar, onun inkişaf və yüksəlişi üçün əllərindən gələni əsirgəməsinlər. Əlbəttə ki, akademiyanın möhtərəm komandanı çox gözəl, inkişafın göstəricisi olan və daha böyük uğurlardan müjdə verən bir məruzə təqdim etdi. Sizin nümayiş etdirdiyiniz proqram da Keşikçi Korpusda xidmət edən gənclərin ardıcıl təşəbbüskarlığından xəbər verirdi. Ümumilikdə bugünkü mərasim çox gözəl, mənalı və dolğun məzmunlu idi. Buna baxmayaraq, dəfələrlə qeyd etdiyimiz kimi, uğurlardan məmnunuq, sevinirik, amma qane olmuruq. Bu hərəkatı bundan sonra da eynilə davam etdirmək lazımdır. Həm akademiyada təhsil və təlim-tərbiyənin səviyyəsi baxımından, həm də qeyd edəcəyim digər məsələlər baxımından. O cümlədən yeni kadrların cəlb olunması da çox önəmlidir. Bu məsələnin üzərində ciddi durmaq lazımdır. Təhsil proqramının məzmunu çox önəmlidir; təhsil proqramı ciddi surətdə dərin məzmunlu olmalıdır. 

Korpus komandanının toxunduğu məqamlar çox əhəmiyyətlidir. Mən onun fikirləri ilə tam razıyam. Dünya və bəşər elminin gələcəyi yeni ortaya çıxan o məsələlərə yönəlir və Allaha şükürlər olsun ki, biz də o sahələrdə geri qalmamışıq. Dərin biliklər, hərtərəfli inkişaf, rəhbər kadrların lazımi səviyyədə ixtisaslaşması, nizam-intizam – bütün bu məsələlərə mümkün qədər ciddi diqqət ayırmaq lazımdır. Mən akademiyada bütün işlərdə ciddi-nizam intizamın vacib olduğunu xüsusi vurğulamaq istəyirəm. Eyni zamanda ciddi nizam-intizamla yanaşı, komandirlər, yüksək rütbəli zabitlər və şəxsi heyət arasında mehriban qardaşlıq münasibəti olmalıdır. Təşkil olunduğu ilk gündən Keşikçi Korpusda bu xüsusiyyət önə çəkilib, belə ki korpusun yüksək vəzifəli zabitləri şəxsi heyətin üzvlərinə həmişə doğma qardaş kimi yanaşıblar. Digər bir mühüm məsələ isə budur ki, akademiyada dərs deyən müəllimlər inqilabi məsələlərə, İslam İnqilabı Keşikiçiləri Korpusuna qətiyyətlə inanan şəxslər olmalı və öz fəaliyyətlərində bu məsələləri daim diqqət mərkəzində saxlamalıdırlar. Bizim əziz dostlarımız, qardaşlarımız, Keşikçi Korpusun rəsmiləri bu akademiyanın problemlərinə ciddi diqqət ayırmalıdırlar. Bu akademiya çox önəmlidir və inşallah, ölkədə gedən əsas proseslərdə önəmli rol oynayacaq.

Mənim toxunmaq istədiyim ikinci mövzu Keşikçi Korpusla əlaqəlidir. Allaha şükürlər olsun ki, Keşikçi Korpus bu gün həm ölkə daxilində, həm də ölkədən xaricdə böyük hörmət və nüfuza malikdir. Nə qədər gözlənilməz olsa da, buna düşmənin də köməyi olub. Amerikalılar Keşikçi Korpusa qarşı aqressiv və düşmənçi münasibət göstərməklə onun nüfuzunu daha da artırıblar. Bizim alqış və təqdirimizə səbəb olan bu fakta düşmənin köməyi bundan ibarət olub. Allahın düşməni Allahın bəndələri ilə düşmənçilik edir, bu isə Allahın bəndələrini daha əziz edir, onların simasını daha da aydınlaşdırır. 

Keşikçi Korpus üçün daim öyrəniləsi bir dərs var. Əlbəttə, bir neçə gün bundan öncə (2) mən korpusun komandanları ilə korpus barədə ətraflı söhbət etmişəm, deyiləcək məsələləri müəyyən qədər demişəm, lakin bu gün də vurğulamaq istəyirəm ki, Keşikçi Korpusun önündə daim bir dərs var. O dərs Qurani-Kərimin aşağıdakı ayəsində öz əksini tapır:

وَ اَعِدّوا لَهُم مَا استَطَعتُم مِن قُوَّةٍ وَ مِن رِباطِ الخَیلِ تُرهِبونَ بِه عَدُوَّ اللهِ وَ عَدُوَّکُم‌

“(Ey möminlər) Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri (münafiqləri) qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük edin”. (“Ənfal” surəsi, 60-cı ayədən)

Ayədə diqqət yetiriləsi bir neçə məqam var:

Əvvəla, “اِعداد” – yəni hazırlamaq, kifayət qədər hazır vəziyyətə gətirmək; yəni hansısa hədlə əsla qane olmayın. Ayənin özündə də qeyd olunan bütün sahələrdə bu hazırlığı bacardığımız qədər artırmalıyıq. Keşikçi Korpus hazırlığını günbəgün daha da artırmalıdır. Ayəyə əsasən, hazırlığınızı möhkəmləndirməli olduğunuz nöqtələr bunlardır:  əvvəla, “قُوَّة”, ikincisi isə “رِباطِ الخَیل”. “قُوَّة” – güc, qüdrət, “رِباطِ الخَیل” ifadəsi isə alət və texniki vasitələr mənasındadır; müxtəlif alət və vasitələr. Hər dövrün özünə uyğun alət və vasitələri var. Məqsəd nədir?

تُرهِبونَ بِه عَدُوَّ اللهِ وَ عَدُوَّکُم

– həmin alət və vasitələrlə Allahın düşmənini və öz düşməninizi qorxutmaq. “تُرهِبون” – “qorxutmaq” təkcə onların sizdən qorxmasına nail olmaq mənasında deyil. Xeyr, bu, çəkindirici bir qorxu olmalıdır. Düşmən sizin gücünüzdən, hazırlığınızdan qorxuya düşsə, bu qorxu onu çəkindirəcək. Elə etməlisiniz ki, düşmən sizin gənc, fədakar, mömin və stimullu kişilərinizin heybətindən qorxuya düşsün. Bunun özü onu çəkindirəcək faktorlardan ən önəmlisidir.

Ayənin “اَعِدّوا لَهُم مَا استَطَعتُم مِن قُوَّة” hissəsində qeyd olunan “قُوَّة” sözü güc, qüdrət mənasındadır. Bu qüdrət özünü müxtəlif aspektlərdən göstərə bilər: əvvəla, təşkilati baxımdan qüdrət; yəni struktur, təşkilat güclü, qüdrətli, möhkəm və hərtərəfli inkişaf etmiş olmalıdır. Keşikçi Korpusda bu məsələyə ciddi diqqət yetirilməlidir.

Elmi və professional baxımdan qüdrət; müxtəlif bəşər toplumlarının bütün nailiyyətləri başlanğıcda elm sayəsində əldə olunub. Məhz elm sayəsində onlar güc-qüdrət, sərvət, beynəlxalq nüfuz və hörmət qazanıblar. Elə buna görə də İslam dinində elmin əhəmiyyəti bu qədər vurğulanır. Deməli, qüdrətin mühüm bir hissəsi elmdən ibarətdir.

Taktika və strategiya baxımından qüdrət; İslam İnqilabı Keşikçiləri Korpusu bir hərbi struktur olaraq taktiki və strateji sahədə öz hazırlığını daim yüksəltməli, inkişaf etməlidir.

Sayıqlıq və hərəkətə keçməyə hər an hazır olmaq baxımından qüdrət; qəflət mütləq surətdə qəbuledilməzdir; həmişə ayıq-sayıq olmaq lazımdır. Əmirəl-möminin Əli (ə) buyurur:

مَن نامَ لَم یُنَم عَنه

– səngərdə sizi yuxu aparıbsa, bu o demək deyil ki, qarşı cəbhənin səngərindəkini də yuxu aparıb. Ola bilsin ki, o, oyaqdır. Səngərdə daim ayıq-sayıq və istənilən an hərəkətə keçməyə hazır olmaq lazımdır. Qüdrət polad kimi möhkəm əzm deməkdir. Qüdrət güclü və xalis iman, günbəgün artan stimul deməkdir. Bütün bunlar güc-qüdrətdir.

اَعِدّوا لَهُم مَا استَطَعتُم مِن قُوَّة

Qüdrət o deməkdir ki, siz bütün bunları hazır vəziyyətə gətirməlisiniz. Qüdrət əzmkar və stimullu gənclər yetişdirməkdir. İmam Hüseyn (ə) adına Hərbi Akademiya bu baxımdan qüdrətin təzahürüdür. Bu akademiyada əzmkar və imanlı gənclər yetişdirilir. Bunlar hamısı qeyd etdiyim şərif ayədə haqqında danışılan “قُوَّة” –  yəni güc-qüdrətdir.

“وَمِن رِباطِ الخَیل‌” – yəni alət və vasitələr. Texniki vasitələr müasir tələblərə cavab verməlidir. Şah diktaturası dövründə biz bu baxımdan həm xaricdən asılı idik, həm geri idik, həm də naşı idik. Bəzi şeylərimiz var idi, amma onlardan istifadə etməyi bacarmırdıq! Bu, tağut hakimiyyəti üçün səciyyəvi xüsusiyyətdir. Bu gün isə texniki vasitələr ən son standartlara cavab verməli, sizin özünüzə aid olmalı, bu sahədə xaricdən asılılığınız olmamalıdır.  Siz özünüz o vasitələri istehsal edib ərsəyə gətirməlisiniz. Sahib olduğunuz texnika sözün həqiqi mənasında sizinki olmalıdır. Modern olmalıdır. Elə texnikalar var ki, ola bilsin, 10 il bundan qabaq istifadə olunub, amma bu gün işə yaramır. Baxın görün, bu gün bizə nə lazımdır. Texniki təchizatınız günün tələblərinə uyğun olmalıdır. Növbənöv, çeşidli olmalıdır. Quruya, səmaya, kosmosa, dənizə, sərhədə, ölkənin içərilərindəki ərazilərin coğrafi şəraitinə –  hər yerə uyğun olmalıdır. Kəşfiyyat, əməliyyat və sair üçün tələb olunan hər cür texnikanız olmalıdır. Texniki təchizatın çeşidli olması da vacib diqqət yetirilməli olan məsələlərdəndir. Kiberməkan da bu gün artıq önəmli texniki vasitələrdən birinə çevrilib; hazırda texniki vasitələrdən biri də müharibə oyunlarıdır; bunlara diqqət yetirməlisiniz. Odur ki ayədə iki önəmli məqama toxunulur: qüdrət və texniki vasitələr. Bacardığınız qədər  –  مَا استَطَعتُم  – bu sferalarda hazırlığınızı artırmalısınız. 

Şah diktaturası dövründə anbarlarımız Amerika istehsalı olan silah və texnika ilə dolu idi və onlar elə amerikanlara da aid idi. Bizim o şeylərin əksəriyyətini heç açıb baxmağa, detalları ilə tanış olmağa, mümkün olarsa, hansısa detalı dəyişməyə belə haqqımız yox idi. Orduda baş verən məsələlərdən məlumatlı olan hərbçi qardaşlarımız o vaxt mənə demişdilər ki, bəzən hansısa texnikanı təmir etmək üçün onu bütövlükdə təyyarəyə qoyub Amerikaya göndərməli olurlar. Burada texniki təchizata cavabdeh olan zabitlərin, yaxud hərbi mühəndislərin onu açıb baxmasına, təmir etməsinə icazə vermirdilər. Buna icazə verilmirdi. Yəni anbarlar silahla dolu idi, amma o silahlar başqalarının idi, icazəsi başqalarının əlində idi. Onların dediyi yerdə istifadə olunmalı idi. Onlar icazə verməsəydi, istifadə oluna bilməzdi. Düşmənin o silah zavodlarını xalqın pulu ilə, xalqın xərci ilə saxlamalı idilər. Şah diktaturasının hakimiyyətinin dayaqlarından biri bu idi, digəri isə o idi ki, biz Amerikanın göstərişi ilə regionun jandarmı rolunu ifa etməli idik. Yəni inqilabdan əvvəl İranda hakimiyyətdə olan tağut rejimi regionu Amerika üçün maneəsiz bir vəziyyətdə saxlamalı, Amerikaya qarşı səslənən istənilən etirazı boğub susdurmalı idi. Yəni İran xalqının pulu və İranın insan potensialı hesabına başqalarının mənafeyi təmin olunmalı idi. Bu günsə vəziyyət 180 dərəcə əksinədir. Bu gün İran xalqı özü üçün çalışır, öz iradəsi ilə iş görür, öz güc və imkanları ilə hərəkət edir və öz ölkəsinin mənafeyinə uyğun olanı edir. Qüdrət bütün bunları nəzərə almaqdır.

Bu gün İslam dünyası Ərbəin yürüşlərinin timsalında qüdrətin göstəricilərindən birini müşahidə edir;

وَ اَعِدّوا لَهُم مَا استَطَعتُم مِن قُوَّة

Ərbəin yürüşü İslamın qüdrətidir, həqiqətin gücüdür, islami müqavimət cəbhəsinin gücüdür. Milyonları özündə birləşdirən nəhəng bir izdiham yola düşərək Kərbəlaya, Hüseynə, fədakarlıq və şəhadətin dünyanın bütün azadlıqsevər insanları üçün nümunə olan iftixar zirvəsinə sarı irəliləyir. Ərbəinin yarandığı ilk vaxtlarda da ilk ərbəinin əhəmiyyəti bu qədər olub. İlk ərbəinin əhəmiyyəti bundan ibarətdir ki, o, Aşuranın ruporu, güclü təbliğat vasitəsi idi. Aşuradan Ərbəin gününə qədər – hansı ki bir rəvayətə görə, Əhli-Beytin (ə) Kərbəlaya geri döndüyü gündür – o 40 gün Bəni-Üməyyə və Süfyanilərin zülm dolu dünyası içərisində haqqın məntiqinin hökmranlıq etdiyi günlərdir. Həzrət Zeynəb və Həzrət Səccadın fəryadları əsl rupor rolunu oynayırdı. Özü də harada? Kufədə, Şamda – qatı zülmün hökm sürdüyü məkanlarda. Bunlar ən böyük təbliğat vasitəsi idi. Aşuranı qoruyub saxlayan və bu günümüzə gətirib çatdıran da məhz bunlar olub. Ərbəin gününün, Ərbəin olayının kökü, tarixi budur. O zaman Əhli-Beyt (ə) bu 40 günlük hərəkatla böyük bir tufan qoparmışdı. O boğucu repressiyalar şəraitində bir tufan qalxmışdı. O dövrdə repressiya və təzyiqlər o qədər şiddətli idi ki, İmam Hüseynin, Peyğəmbər balasının, Peyğəmbər nəvəsinin, Xanım Zəhranın ciyərparəsinin ətrafında cəmi 72 nəfər qalmışdı. Belə bir dövrdə Kufədə Təvvabin olayı yarandı, Mədinənin, Şamın vəziyyəti tamamilə dəyişdi, belə ki Süfyanilər rejimi süquta uğradı. Bunu edən məhz Həzrət Zeynəb və Həzrət Səccadın əzəmətli Ərbəin hərəkatı oldu.

Bu gün də dünyada eyni şey baş verməkdədir. Bu gün də bəşəriyyətə hay-küylü və dolaşıq təbliğatın hakim olduğu şəraitdə Ərbəin hərəkatı misilsiz bir rupor və təbliğat vasitəsidir. Dünyada ikinci belə bir təzahür yoxdur ki, bir şəhər, yaxud bir ölkədən yox, müxtəlif ölkələrdən, İslamın təkcə bir firqəsindən yox, müxtəlif firqələrindən olan milyonlarla insan, hətta qeyri-müsəlmanlar yola düşüb yürüyə. Hüseynin yaratdığı vəhdət budur. Siz çox doğru olaraq qeyd etdiniz ki,

الحسین یجمعنا

 – Hüseyn bizi birləşdirir. Həqiqətən də, belədir; Hüseyn nəhəng bir birlik yaradır. Qəlbi Hüseyn eşqi ilə döyünən o insanlar yola düşüb minlərlə addım atır, hamı birlikdə o mənəviyyat mədəninə, azadlıq sevgisinin mənbəyinə doğru yürüyür və öz eşqini maddiyyatçı dünyaya görk edir. Bu hərəkat, inşallah, miqyas baxımından günbəgün daha da genişlənməli və əlbəttə ki, məna və məzmun baxımından da daha da dərinləşməlidir. Sevindirici haldır ki, bu gün bizim gördüyümüz işlər, İmam Hüseynə (ə) həsr etdiyimiz əza məclisləri mənəviyyatın, İslam məfkurəsinin, dini təlimlərin genişləndirilməsi baxımından 40-50 il bundan əvvəlki ilə müqayisədə daha dərin, daha dolğun məzmunludur. Eynilə Ərbəin məsələsi də, inşallah, günbəgün daha dərin dərk və məzmun əsasında təbliğ olunmalıdır. Elm və hikmət adamları bu mövzular ətrafında düşünməli, işləməli, çalışmalıdırlar.

Mənim toxunmaq istədiyim üçüncü məsələ isə bu baxımdan İslam Respublikasının tutduğu yol və istiqamətlə bağlıdır. Biz İslam İnqilabının əvvəlindən bəri bir hərəkata start vermişik. İdeallarımız, xalqımızın yaşayışı, ölkəmizin quruculuğu, insanların mənəvi tərbiyəsi sahəsində irimiqyaslı hərəkatlar həyata keçirilib və böyük nailiyyətlər də əldə olunub. Əlbəttə, çatışmazlıqlar çoxdur, problemlərimiz də az deyil, amma uğur və nailiyyətlərimiz problemlərdən daha çoxdur. Ölkədə bu günə qədər həyata keçirilmiş hərəkat onun miqyasını dərk edə bilənlər üçün heyrətamiz bir hərəkatdır. Bəli, bu belədir, lakin işləri davam etdirmək üçün bu hərəkatın istiqaməti məlum olmalıdır. Bizim hərəkatımızın istiqaməti haradır? Biz İmam Hüseyn (ə) ardıcıllarıyıq, odur ki hərəkatımızın istiqamətini də İmam Hüseyn (ə) müəyyən edib. İmam Hüseyn (ə) Kərbəlaya gedən yolda mənzil etdikləri yerlərdən birində xütbə söyləyərək belə deyir:

اَیُّهَا النّاسُ اِنَّ رَسولَ الله صَلَّی اللهُ عَلَیهِ وَ آلِهِ قالَ مَن رَأَی سُلطاناً جائِراً مُستَحِلّاً لِحُرُمِاتِ الله ناکِثاً لِعَهدِ الله ... یَعمَلُ فی عِبادِ الله بِالجَورِ وَ العُدوانِ و لَم یُغیِّرُ عَلَیهِ بِقَولٍ وَ لا فِعلٍ کانَ حَقّاً عَلَی الله اَن یُدخِلَهُ مَدخَلَه

Çox dərin mənalı, heyrətamiz bir xütbədir. Xütbədə, əvvəla, bütün insanlara xitab olunur; biz də insan olduğumuz üçün, deməli, bizə də xitab olunur. Təkcə möminlərə, həmin gün imamı müşayiət edən dəstəyə xitab olunmur, bütövlükdə bəşəriyyətə xitab olunur. Təkcə o zaman üçün yox, ta bu günə qədər bütün zamanlar üçün xitab olunur. İmam Hüseyn Peyğəmbərin (s) dilindən nəql edir, öz hərəkatının fəlsəfəsini açıqlayır. Söyləyir ki, mən Peyğəmbərin sözünə əməl edirəm, bu işi görməyi mənə Peyğəmbər tapşırıb. Peyğəmbər  nə buyurub?

مَن رَأَی سُلطاناً جائِرا

Buyurub ki, kim zülm edən bir güc görürsə  (“sultan” sözü təkcə padşah mənasında deyil; “sultan” – hər hansı bir güc, qüvvə deməkdir; hazırkı dövrdə “sultan” küfr və imperializm cəbhəsidir, sionizm və Amerikanın durduğu cəbhədir; bu gün sultan bunlardır; gördüyünüz kimi, bu gün imperializmin zülmü dünyanın hər yerinə yayılıb:  müharibə və konfliktlər yaradır, xalqları istismar edib qanlarını sovurur, onlara təzyiq göstərir, vətəndaş müharibələrini qızışdırır və digər faciələr törədirlər)

یَعمَلُ فی عِبادِ الله بِالجَورِ وَ العُدوان

 –  diqqət edin: “یعمل فی المؤمنین” – “möminlərə qarşı zülm edən” demir; sizin üzərinizdə vəzifə yaradan səbəb o gücün möminlərlə pis davranması deyil; xeyr, buyurur ki,

یَعمَلُ فی عِبادِ الله بِالجَورِ وَ العُدوان

– Allahın bəndələrinə zülm edən, insanlarla pis davranan; Allahın bəndələri ilə pis davranan  istənilən güc, istənilən cəbhə, istənilən zülm mərkəzi; ardınca nəticəni deyir, vəzifəni müəyyən edir:

و لَم یُغَیِّر عَلَیهِ بِقَولٍ وَ لا فِعل

 – kim belə bir gücü görür və ona qarşı çıxmır, onun əleyhinə mövqe seçmir, ona müxaliflik etmirsə (indi bu müxalifət bəzən sözlə, bəzənsə əməllə –  hər iki formada ola bilər; bəzən zülmkar gücə qarşı iş görməyiniz lazım gəlir, bəzənsə iş görmək üçün şərait münasib olmur, ən azı onun əleyhinə mövqe seçməyiniz lazımdır; baxın, bunlar bu gün bizim öhdəmizə düşən vəzifələri müəyyən edir),

کانَ حَقّاً عَلَی اللَّهِ اَن یُدخِلَهُ مُدخَلَه

– Allah-taala öz üzərində haqq bilib ki, o şəxsi həmin o zalımı düçar edəcəyi yerə və aqibətə –  yəni Cəhənnəmə düçar etsin. Yəni zülmün, haqsızlığın, Allahın bəndələrinə qarşı pis davranan güclərin əleyhinə mövqe seçməyən və hərəkət etməyən hər kəs o zalımların müqəddəratına ortaq olacaq. Məsələ belədir. İmam Hüseyn (ə) buyurur ki, mənim hərəkatımın səbəbi budur, mən bu işi buna görə gördüm.

İmam Hüseynin (ə) hərəkatı barədə mən vaxtilə ətraflı danışmışam. Bəziləri deyirlər ki, İmam Hüseyn (ə) bunu hakimiyyəti ələ almaq üçün edib. Mömin insanlar arasında da bu sözü deyənlər var. Belə fikirləşənlər yanılırlar. Bəziləri də deyirlər ki, İmam bu hərəkəti şəhid olmaq üçün edib. Mən deyirəm ki, İmam Hüseyn bu hərəkəti öhdəsinə düşən vəzifəni yerinə yetirmək üçün edib. Əgər öhdəsinə düşən vəzifəni yerinə yetirdiyi əsnada insanın hakimiyyətə gəlmək ehtimalı da varsa, bunun nə eybi var? Şəhid olacağı ehtimalı varsa, bunun nə eybi var? Məqsəd o işi görə bilmək, öhdənə düşən vəzifəni yerinə yetirə bilməkdir. Məsələ bundan ibarətdir. İslam Respublikasının qarşısında bu durur. Bizim Amerikaya güzəştə getməməyimizin səbəbi budur. Məhz buna görə biz, Allahın köməyi ilə, düşmənin təbliğat təzyiqlərinin qarşısında geri çəkilmirik. Çünki üzərimizdə bir vəzifə var. O vəzifəni yerinə yetirməsək,

کان حقّاً علی الله ان یدخلنا مدخله‌

 – Allah-taala bizi də o zalımı düçar edəcəyi aqibətə – Cəhənnəmə düçar edəcək. Bizim vəzifəmiz budur. İslam Respublikası budur. Məhz buna görə İmam Xomeyni bu mübarizəyə başladığı ilk gündən Amerikanın əleyhinə çıxmışdı. İmam Xomeyni hələ sürgün olunmamışdan qabaq burada – Qum şəhərində kütlənin qarşısında çıxış edərkən Amerika barədə danışmışdı. Həmin nitqində İmam Xomeyni söyləmişdi ki, bu gün bizim ölkəmizdə xalqın ən çox nifrət etdiyi şəxs Amerika prezidentidir. (3) Mən 50 il bundan əvvəl olan məsələdən danışıram. İmam Xomeyni uzaqgörən, gözüaçıq bir insan idi, həqiqəti görür, dərk edirdi. Və Quranın bu ayəsinə ümidi, inamı sonsuz idi:

وَ لَیَنصُرَنَّ‌ اللهُ مَن یَنصُرُه

“Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər”. (“Həcc” surəsi, 40-cı ayə)

İnanırdı ki, kim Allaha kömək etsə, Allah da ona, mütləq, kömək edəcək. Və etdi də.

Əziz gənclər, mən sizə demək istəyirəm ki, bu yola qüdrətlə davam edib irəli gedin. Təkcə siz yox, İran xalqının bütün gəncləri, öz ilahi və insani vəzifəsini yerinə yetirmək istəyən bütün pak qəlblər, günah və çirkinliyə bulaşmamış saf ruhlar din və bəşəriyyətin düşmənlərinə qarşı müqavimət yolunda möhkəm dursalar, Allah-taala onlara, mütləq, dəstək olacaq;

وَ لَیَنصُرَنَّ‌ اللهُ مَن یَنصُرُه

Bu 40 ildə biz, Allahın köməyi ilə, qalib olduğumuz kimi, gələcəkdə  –  İslam İnqilabının ikinci addımında və gələcək addımlarında da bütün əngəlləri üstələyəcək və düşmənə qalib gələcəyik.

Ümid gənclərədir; bu o demək deyil ki, gənc olmayanların üzərinə heç bir vəzifə düşmür; yox, gənc olmayanların, yaşlıların da öz vəzifələri var. Dahi liderimiz İmam Xomeyni ahıl vaxtlarında da gənclər kimi hərəkət edir, gənclər kimi danışır, gənclər kimi düşünürdü. İntəhası istənilən cəmiyyətdə hərəkətverici qüvvə gənclərdir. Gənclər özlərini, düşüncələrini hazır vəziyyətə gətirməli, düşmənin hiylələrini sezə bilməlidirlər. Düşmənin hücumlarının ilk hədəfi sizsiniz, sizin düşüncənizdir, sizin şüurunuza hakim olan təfəkkür tərzidir. Düşmənin birinci hədəfi budur. Bu təfəkkürü cürbəcür hiylələrlə dəyişməyə çalışırlar. Təfəkkür dəyişəndən sonra, təbii ki, hərəkətlər, davranışlar da dəyişəcək. Onların sizin təfəkkürünüzü dəyişmələrinə, stimulunuzu zəiflətmələrinə imkan verməyin. İmkan verməyin ki, düşmən öz məkrli planları ilə sizin daxili iman gücünüzü və yüksək əzminizi məhv etsin. Möhkəm durun, Allaha təvəkkül edin, inşallah, Allah-taala sizinlədir.

اَنَّ اللهَ مَعَ المُتَّقین

 – Allah-taala təqvalıların tərəfindədir,(4) Onun yolunda hərəkət etməyə hazır olanların tərəfindədir və mücahidlərə yardım edəcək, inşallah.


Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

____________________

(1) İmam Hüseyn (ə) adına Hərbi Akademiyada baş tutan bu mərasimin əvvəlində İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Səlami və akademiyanın komandanı briqada generalı Əli Fəzli məruzə etmişlər.  
(2) İslam İnqilabı Keşiçiləri Korpusunun Ali Komandanlar Şurasının üzvləri ilə görüş (10.07.1398)  
(3) Səhifeyi-İmam, c.1, səh. 420
(4) “Bəqərə” surəsi, 194-cü ayə