Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin bəsicilərlə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1) 

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفیٰ محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة ‌الله فی الارضین

Əziz bəsicilər, İran xalqının gözlərinin nuru, gələcəyə ümidi olan əziz gənclər, çox xoş gəlmisiniz. Bəsic həftəsi münasibətilə sizi də, özümü də, bütün İran xalqını da təbrik edirəm. Keşikçi Korpusun komandanına və Bəsic Təşkilatının sədrinə dəyərli çıxışlarına görə təşəkkürümü bildirirəm. Düşünürəm ki, Keşikçi Korpusun komandanı cənab Salaminin analitik fikirləri yazıya alınıb gənclərə təqdim olunsa, çox yaxşı olar. Çünki onun çıxışı çox gözəl və yüksək səviyyədə idi.

Bu gün mən əsasən bəsic haqda danışacağam, amma bəsic barədə söhbətə keçməmişdən əvvəl böyük İran xalqına son bir neçə gündə nümayiş etdirdiyi möhtəşəm davranışlara (2) görə öz dərin təşəkkürümü bildirməyi lazım bilirəm. Mən xalqımızın qarşısında təzim edirəm. Həqiqətən də, İran xalqı güclü və əzəmətli olduğunu bir daha sübut etdi. Mən israr edirəm ki, xalqımızın hər bir nümayəndəsi özünün bu əzəmət və iqtidarına diqqət yetirsin. Dərindən düşünülmüş, genişmiqyaslı və çox təhlükəli bir plan hazırlanmışdı, kifayət qədər pul da xərcləmişdilər – böyük məbləğdə pul xərcləyiblər – zəhmət də çəkmişdilər ki, münasib fürsətdə, həssas bir məqam yaranan kimi öz təxribatçı fəaliyyətlərinə start versinlər, qətllər baş versin, müxtəlif obyektlərə od vurulsun və sair şər əməllər törədilsin. Bu yanacaq məsələsi ortaya çıxan kimi də: “Fürsətdir”, – deyə düşünüb öz qüvvələrini meydana yeritdilər. Amma bu plan xalqın vasitəsilə məhv edildi. Bəli, polis qüvvələri, bəsicilər, Keşikçi Korpus və başqaları o bir neçə gündə meydana girib çox çətin qarşıdurma şəraitində öz işlərini gördülər, öhdələrinə düşən vəzifəni yerinə yetirdilər, lakin bu bir həftə ərzində xalqın gördüyü iş meydanda həyata keçirilən bütün işlərdən daha yüksəkdə dururdu və daha önəmli idi. Yəni bu hərəkat Zəncan və Təbrizdən start götürərək ölkənin bütün şəhərlərinə, hətta eşitdiyimə görə, bəzi kəndlərə belə yayıldı və son olaraq srağagün də Tehranda o əzəmətli nümayiş baş tutdu. 

Düşmən – bu alçaq, cılız, həqir insanlar yox; o əsl düşmən – yəni dünya imperializmi, dünya sionizmi, özünün əsas siyasi monitorlarının arxasında oturub dünyadakı vəziyyəti seyr edənlər bu hərəkatın nə demək olduğunu yaxşı dərk edirlər. Onlar İran xalqının bu əzəmətli hərəkatı qarşısında ağızlarından yumruq yemiş kimi olur, geri otururlar. Buna görə Allaha şükürlər edir və xalqımıza dərin təşəkkürümüzü bildiririk. Bu həqir bəndənin (3) təşəkkürünün bir qiyməti, dəyəri yoxdur. İnşallah, Allah-taala özü bu əzəmətli xalq hərəkatına görə xalqımıza sağ ol deyir və deyəcək. 

Bəsicə gəlincə; əvvəla, İslam Respublikasında təşkil olunan bəsicin – zəif və yoxsul təbəqənin səfərbərliyinin dünyada analoqu yox idi. Bu təşkilat qurulduğu zaman dünyada analoqu yox idi. Bəsicin heç bir şeyi kimdənsə götürülmə, dünyada hansısa xalqdan və ya dövlətdən kopyalama deyil. Əsla! Bu, tam olaraq, yüzdə-yüz inqilabi ideologiyaya, islami təfəkkürə əsaslanan bir hərəkat idi. Allah-taala onu dahi liderimiz İmam Xomeyninin (r.ə) qəlbinə saldı və bu təzahür ölkəmizdə reallaşdı. Belə demək mümkündür ki, bəsic bütün dünyada ən böyük mədəni, sosial və hərbi şəbəkədir. Mən dünyanın heç bir yerində bu qədər genişmiqyaslı, üzvlərinin sayı bu qədər çox olan bir xalq şəbəkəsi barədə eşitməmişəm. Bu yalnız bizim ölkəmizdəki bəsicə aiddir. Bəsic ən böyük şəbəkədir. O vaxt böyük lider İmam Xomeyni bu misilsiz təzahürü necə icad etmişdi? Sizlər İmam Xomeynini görməmisiniz, biz isə onunla illərlə birlikdə olmuşuq. Böyük İmamımızın hünəri bunda idi ki, o bu misilsiz təzahürü ölkənin şəhərlərinin arxa küçələrindən, dalanlarından yaradaraq formalaşdırdı. Bəsic şəklində təcəssüm edən bu gözəl həqiqət xalqın içindən baş qaldırdı. İnsanların içindən, evlərin arasından başlanğıc götürdü. Bunu İmam Xomeyni etdi. 

Bəsicin təşkil olunması təhdidin fürsətə çevrilməsinin tam bir nümunəsi idi. Diqqət edin: 1358-ci ilin 13 abanında casus yuvasının ifşa olunması olayı baş verdi. Bu olayda amerikalılar təhqir olunduqları üçün buna reaksiya verərək ölkəmizi təhdid etməyə başladılar. Həm sözlə təhdid edirdilər, həm də hərbi gəmiləri Fars Körfəzinə doğru tökülüşmüşdü; yəni əməli təhdid də var idi. Bəli, İran xalqı kimi o dövrdə nə hərbi qüvvəsi, nə müdafiə imkanları, nə raketi, nə doğru-dürüst döyüş təyyarələri olan bir xalqa qarşı qəflətən Amerika bütün varlığı ilə mübarizəyə qalxmış və onu təhdid edirdi. Bu, təhdiddir, elə deyilmi? 13 aban hadisəsindən 1 ay keçməmişdi ki, 1358-ci il azər ayının 5-də İmam Xomeyni bəsicin təşkil olunması barədə fərman imzaladı. Yəni 13 aban hadisəsindən sonra 1 aydan da az vaxtda Amerikanın təhdidi qarşısında bu əzəmətli hərəkat, bu əzəmətli iştirak, bu böyük güc nümayişi ərsəyə gəldi. Bu o deməkdir ki, əslində, bəsic təhdidin fürsətə çevrilməsinə səbəb oldu. Bəsicin həqiqəti budur. Əgər kimsə o təhdiddən qorxuya düşsəydi,  məsələn, fərz edək ki, İmam Xomeyni sözündən geri dursaydı və ya düşmənin zərbə vura biləcəyindən ehtiyatlansaydı, bu əzəmətli hərəkat təşkil olunmasaydı, bilmək olmaz, ölkənin müqəddəratı necə olardı. Bəsicin varlığı o təhdidin belə bir böyük fürsətə çevrilməsinə səbəb oldu. Deməli, bəsicin əsl məntiqi budur: təhdidləri dəf etmək və onları fürsətə çevirmək. Hazırda bizə qarşı bir çox təhdidlər var, onların hər biri bəsicilərimizin təşəbbüsü ilə bir fürsətə çevrilməlidir. Təhdidlər nə qədər çoxdursa, fürsətlər də bir o qədər çoxdur. Odur ki təhdidlər bizim üçün artıq təhdid deyil, əksinə, bəsicin bərəkəti sayəsində təhdidlər bizim üçün fürsət yaradır. 

Burada bir önəmli məqam var, o da bundan ibarətdir ki, imperializm sistemi əsasən ədalət və azadlığın əleyhinədir. “İmperializm sistemi” ifadəsi siyasi lüğətə bizim daxil etdiyimiz bir ifadədir; imperializm sistemi dedikdə zalımların qurduğu sistem başa düşülür; bu sistemin başında zalımlar durur və onlar dünya ölkələrini iki dəstəyə ayırıblar: imperialistlər və imperializmə boyun əyənlər. Üçüncü dəstə yoxdur, heç kim müstəqil olmamalıdır. İmperializm sistemi budur. Bu sistem həm azadlığa, həm də ədalətə ziddir. Ədalətə necə zidd olduğunu özünüz görürsünüz: imperializm sisteminin ABŞ və bəzi Avropa ölkələri kimi zəngin ölkələrinin özündə belə, insanlar yol kənarında acından ölürlər. Evsiz-eşiksiz adamlar yayda küçələrdə istidən, qışdasa soyuqdan dünyalarını dəyişirlər. Bu ölkələrdəki sərvətin əsas hissəsi məhdud saylı bir qrupun əlində cəmlənib. Qalanları bir qarın çörək üçün dəridən-qabıqdan çıxıb işləməlidirlər. İşləmək imkanı olmayanlarsa küçədə yaşamaq məcburiyyətindədir. Bu sistem ədalətə ziddir. Öz ölkələrində vəziyyət bu cürdür. Dünya xalqlarına qarşı da çəkinmədən əllərindən gələn ədalətsizliyi edirlər. 

İmperializm sistemi azadlığa da qarşıdır. Xalqların ən mühüm azadlığı ümumilikdə ölkələrinin azadlığıdır; yəni suverenlik. Bir dəfə mən söyləmişdim ki, suverenlik bütöv bir xalqın azadlığı deməkdir. Biz suverenlikdən danışırıqsa, bir xalqın azadlığından, azad şəkildə öz işlərini idarə edə bilməsindən danışırıq. İmperializm sistemi bu azadlığın əleyhinədir. Bir vaxtlar müstəmləkəçiliklə, sonra neo-müstəmləkəçiliklə, hazırda da günümüzün metodları ilə –  yumşaq savaş taktikaları ilə xalqların atasına od vurublar. Əlbəttə, lazım olan yerdə çəkinmədən hərbi güclə də təsir göstərirlər. Hazırda amerikalılar Suriyada Fərat çayının şərqindəki bölgəyə girirlər, özləri də deyirlər ki, biz neft üçün gəlmişik. Məgər ora sizin evinizdir? Başqa bir ölkənin ərazisidir, amma deyirlər ki, burada neft var, biz də neft üçün gəlmişik. Yəni bunu açıq-aşkar deməkdən xəcalət də çəkmirlər. Və ya icazəsiz durub gəlib İraq kimi bir ölkəyə girirlər, nə hökuməti itirib-axtarırlar, nə paytaxtı itirib-axtarırlar, orada özlərinin bazası var, o bazaya gedirlər. Yəni xalqların azadlığını, müstəqilliyini rəsmən təhqir edirlər. Odur ki imperializm sistemi ədalətə də, azadlığa da ziddir. 

İslam dini isə ədalət və azadlığın bayraqdarıdır. İslam ədalətin də, azadlığın da bayraqdarıdır, özü də heç kimin qarşısında üzgörənliyi olmayan, qətiyyətli bir bayraqdarı. İslam öz sözünü gizlətmədən zülm və ədalətsizliyə qarşı açıq-açığına mübarizə aparır. İnqilabın əvvəllərində amerikalılar bu inqilabın əleyhinə çıxıb sanksiyalar və cürbəcür problemlər yaratdıqları zaman keçmiş Sovet İttifaqı Əfqanıstana girdi. İmam Xomeyni elə həmin gün Sovet İttifaqına etirazını elan etdi, xatırladığım qədər, onların səfirini çağırıb İmamın dilindən sovetlər ölkəsinin Əfqanıstana girməsi ilə bağlı ona etiraz bildirdilər. Yəni o vaxt dünyada hamı deyirdi ki, axı siz Amerikaya müxalifsiniz, Sovet İttifaqının bu addımına bu şəkildə qarşı çıxmayın. İmam Xomeyni bu sözü əsla qəbul etmədi. O vaxt mən ölkə prezidenti idim, beynəlxalq toplantılarda iştirak edirdik, o dövrdə Amerika ilə Sovet İttifaqı dünyanın iki super-gücü olaraq bir-birinə qarşı idilər. Biz isə onların ikisini də baltalayırdıq; həm Amerikanı, həm də Sovet İttifaqını; heç kimi və heç nəyi nəzərə almadan. İslam dini bu cürdür, əsl İslam bu cürdür. İslamdan dəm vurduqları halda, dünyanın kapitalist, yaxud sosialist cinahının – bir vaxtlar bu da var idi – imperializminə boyun əyməyə hazır olanlar İslamdan uzaqdır. İslam dini imperializmə qətiyyətlə qarşıdır. Yəni ədalət və azadlığın tərəfdarıdır.    

Odur ki qarşıdurma və mübarizə qaçılmaz surətdə var, mövcuddur. Hazırda müəyyən səbəblərdən hərbi qarşıdurma yoxdur, lap yaxşı, amma növbənöv digər qarşıdurma şəkilləri var. Hər bir bölgədə müəyyən şərtlər ucbatından qarşıdurma mütləq xarakter alıb. Amma mühüm olan budur ki, İslamın hansı bölgədə olmağından, hansı formatda özünü büruzə verməyindən asılı olmayaraq, az öncə qeyd etdiyim səbəblərdən imperializm sistemi bu dinə qarşıdır. İntəhası bu din İslam Respublikası kimi öz əhalisi, dövləti, ordusu, silahlı qüvvələri, elmi-akademik imkanları olan bir siyasi rejim, dövlət formatında ortaya çıxıb özünü büruzə verdiyi zaman onların düşmənçiliyi birə-yüz artır. İmperializmin hansısa ölkədəki hansısa islami yönlü siyasi partiyaya qarşı olan düşmənçiliyini İslam Respublikasına qarşı olan düşmənçiliyi ilə müqayisə etmək olmaz. İslam Respublikası möhkəm surətdə bərqərar olunmuş, geniş əraziyə, bütün lazımi dövlət strukturlarına, söz demək, təsir göstərmək, dünyanın bütün bölgələrində iştirak etmək gücünə sahib olan, səksən milyondan artıq əhalini idarə edən bir dövlətdir. Onların belə bir dövlətə qarşı olan düşmənçiliyi artıq qeydi-adi bir düşmənçilikdir. Bu elə bir həqiqətdir ki, ona diqqət yetirməyən şəxs öz siyasi kursunda səhvə yol verəcək. İmperializm sistemi bütün varlığı, gücü, xəbisliyi ilə İslam dövlətinə qarşı durmaq, onunla mübarizə aparmaq niyyətindədir, bu onların qəti qərarıdır. Mən dəfələrlə demişəm: Amerika və onu dəstəkləyən imperializm sistemi İranla bağlı, İran xalqı və İslam Respublikası əleyhinə görə bildiyi hər bir işi görüb. Nəyi etməyiblərsə, mümkün olmadığına, hansısa səbəblər buna mane olduğuna görə etməyiblər. Düşmənçilikdə nə mümkün idisə, ediblər. Nəticəsi də gördüyünüz kimidir: bu möhtəşəm, bu pak ağac, Tuba ağacı günbəgün daha da güclənib. Bu möhkəm bina hər gün ötən günkündən daha da sarsılmaz şəkildə düşmənə boy göstərir. Məhz bu yerdə müqavimət sözü məna kəsb edir. “Müqavimət qüvvələri”, “müqavimət hərəkatı”, “müqavimət cəbhəsi” deyərkən biz bunu nəzərdə tuturuq. Yəni müasir dövrdə İslam adlı bir həqiqət baş qaldırıb. 50-100 il əvvəl belə bir nəhəng hərəkat yox idi. Bu gün isə var, imperializmin yaxasından möhkəm yapışaraq azadlıq və ədalət uğrunda çalışır. Bu gün artıq bu yaranıb. Onların hər cür imkanları var, bu imkanları sərf edərək bu həqiqətə qarşı mübarizə aparmaq, onu geri oturtmaq istəyirlər. Məhz burada Quranın buyurduğu kimi:

فَلِذّْلِکَ فَادعُ وَاستَقِم

“ (Ya Peyğəmbər!) Buna görə də sən (xalqı tövhid dininə) dəvət et və sənə əmr edildiyi kimi (bu yolda) səbatlı ol”.  (“Şura” surəsi, 15-ci ayədən)

– həm insanları haqqa dəvət etmək, həm də möhkəm olmaq lazımdır. Müqavimət budur.

Ölkəmizdəki Bəsic Təşkilatının – yəni sizin təşkilatınızın tam adı nədir? Zəiflərin Səfərbərlik və Müqavimət Qüvvələri. Zəiflər kimlərdir? Bu təşkilatın adındakı “zəiflər” sözünü kasıb, yoxsul insanlar mənasında izah edirlər, yaxud son zamanlar – yəni son bir neçə ildə geniş yayılıb, bəla və müsibətə düçar olmuş təbəqə kimi mənalandırırlar. Xeyr, Quran zəiflər deyərkən bunları nəzərdə tutmur. Quran buyurur:

وَنُریدُ اَن نَمُنَّ عَلَی الَّذینَ استُضعِفوا فِی الاَرضِ وَنَجعَلَهُم اَئِمَّةً وَ نَجـعَلَهُمُ الورِثین

" Bis isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və (Fironun mülkünə) varislər edək". (“Qəsəs” surəsi, 5-ci ayə)

“Zəiflər” deyərkən bəşər dünyasının potensial rəhbərləri, öndərləri nəzərdə tutulur. “Zəiflər” ifadəsinin mənası budur: yer üzünün və orada olanların varisi olacaq kəslər. Bəsic – zəiflərin səfərbərliyi bu deməkdir. “Zəiflər” deyərkən yer üzünün potensial vərasət sahibləri, xəlifələri, bəşər aləminin potensial lider və öndərləri nəzərdə tutulur. 

Bəli, deməli, qərara almışıq ki, müqavimət göstərək. Müqavimət üçün mənəvi baza lazımdır. Mən məhz bunun üzərində təkidlə durur, israr edirəm. Müqavimət göstərmək istəyirsinizsə, mənəvi  bazanız olmalıdır. Mənəvi baza maddi və hərbi bazadan daha önəmlidir. Hərbi baza top-tüfəngdən, tank, raket və sair bu kimi texniki imkanlardan ibarətdir. Mənəvi baza isə sizin öz daxilinizdə, qəlbinizdə olan və hərəkətlərinizin, davranışınızın mahiyyətinə təsir göstərən  bir sıra həqiqətlərdir. Mən özəlliklə gəncləri nəzərdə tuturam. Özünüz də görürsünüz ki, mən gənclərə çox bağlıyam, bir qayda olaraq gələcək haqda danışarkən onlara böyük ümidlər bəsləyirəm. İntəhası ölkənin yeni İslam sivilizasiyasına doğru möhtəşəm hərəkatının avanqardı olacaq gənclər hansı gənclərdir? Bu gənclər necə olmalıdır? Mənəvi baza məsələsi məhz burda önəm kəsb edir. Bu gənclər stimullu, imanlı, ağıllı, oz güc və imkanlarının qədrini bilən, zəhmətkeş, təşəbbüskar, Allaha təvəkkül edən, özünəinamlı gənclər olmalıdır. Düşmənin bizim gənclərimiz üçün arzuladığının tam əksinə. Düşmən istəyir ki, ölkəmizin gəncləri stimulsuz, imansız, ümidsiz, şəhvət əsiri, tənbəl, işsiz-gücsüz olsunlar, gileylənməkdən başqa heç bir şey bilməsinlər, işləməsinlər, narkomaniyaya düçar olsunlar, naqis olsunlar. Gənclərimizi bu cür görməyi arzulayırlar. Ölkəmizin gəncləri üzərində apardıqları işlərin hədəfi budur – bizim lazım bildiyimizin tam əksi.        

Bəsici bir gənc – əla növ gəncdir. Bizim bütün ümidlərimiz bunadır və elə belə də olmalıdır. Yəni stimullu, imanlı, Allaha bağlı, təvəkkül edən, özünə inanan, təşəbbüskar və əməksevər olmalı, öz gəncliyinin, ona verilmiş bədən nemətinin qədrini bilməlidir. Bizdə özündə bu keyfiyyətləri əks etdirən, bu cür əzəmətli bir toplumun olmağı –  Allaha şükürlər olsun ki, elə var da və həmin toplum ölkə üzrə geniş miqyasda yayılmış bəsicilərimizdir –  təbii ki, bəşəriyyətin, ədalət və azadlığın düşmənlərinin bizə qarşı olan düşmənçiliyini daha da artıracaq.   Bir qədər sonra mən bəsicin fəaliyyətlərinin miqyası ilə bağlı bir neçə cümlə qeyd edəcəyəm, qoy xalq bilsin; siz özünüz bilirsiniz, qoy camaatımız da bilsin. İmperializm sistemi, imperiazlim cəbhəsi ölkənin digər strukturları ilə müqayisədə daha çox, yaxud ilk növbədə bəsiclə düşmənçilik edir. Nəinki təkcə İranda, başqa hansı yerdə bəsic tipli bir təşkilat varsa, ona münasibətləri bu cürdür. Misal üçün, bunlar İraqdakı Xalq Səfərbərlik Qüvvələri ilə də eyni dərəcədə düşməndirlər, Livandakı “Hizbullah”la da. Bunlar da stimullu, Allaha bağlı gəncləri özündə birləşdirən təşkilatlardır. Əlbəttə ki, imperialistlər bizim ölkəmizdə təkcə bəsicə düşmən deyil. Dediyim kimi, bəsicə daha çox düşməndirlər, amma bütün xalqla düşmənçilik aparırlar. Bəs bütün xalqa düşmən olmalarının səbəbi nədir? Son bir neçə gündə baş tutan ümumxalq yürüşləri bu səbəbi çox yaxşı müəyyənləşdirir. Səbəb odur ki, bizim xalqımız düşmənin meydanda olduğunu, fəaliyyətə keçdiyini hiss etdiyinə baxmayaraq, fiziki varlığı ilə meydanlara çıxmaqdan çəkinmir və çıxır da. Bu bir həftə, həqiqətən də, İran xalqının əzəmət və möhtəşəmliyinin zirvəsi idi. Onları bizə düşmən edən budur. Onlara ürək qızdıran hər kəs də İran xalqına bu cür yanaşır.

İntəhası mütləq bir fakt da var ki, onların düşmənçiliyinin heç bir təsiri yoxdur. Yəni qələbə zəmanət altındadır. Bunu sizə deyim. İran xalqının, bəsicin, ölkəmizdəki bu əzəmətli inqilabi cərəyanın qələbəsi zəmanət altına alınıb. Allah-taala Quranda buyurur:

اِن یَنصُرکُمُ اللهُ فَلا غالِبَ لَکُم

“Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz”.  (“Ali-İmran” surəsi, 160-cı ayə)

Allah yardımçınız olsa, heç kəs sizə qalib gələ bilməz. Yaxşı bəs Allah insana necə yardımçı olur?

اِن تَنصُرُوا اللهَ یَنصُرکُم‌‌

“Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər”. (“Muhəmməd” surəsi, 7-ci ayə)

Siz Allahın dininə, ilahi tendensiyaya, Allahın məntiqinə, Allahın yoluna yardım edib dəstək olsanız, Allah da sizdən öz dəstək və yardımını əsirgəməyəcək. Bu gün bu var. Ölkəmizdə nəhəng bir inqilabi cərəyan ilahi hədəfləri izləyir, islami cəmiyyət qurmaq uğrunda çalışır, ölkədə ilahi şəriətin gerçəkləşməsini tələb edir, bunu qarşısına məqsəd qoyub. Bu, Allah naminə görülən işdir, Allahın yoludur, Allaha yardım etmək deməkdir. Allaha yardım olunanda Allah da öz yardımını edir, Allah yardım edəndən sonra isə: “فَلا غالِبَ لَکُم” – heç kəs sizə qalib gələ bilməz.

Əlbəttə ki, bəsicin 2 fəaliyyət müstəvisi var. Buna, mütləq, diqqət etmək lazımdır. Bunlardan biri müharibə meydanında cihaddır. Elə buna görə siz hərbi təlimlər keçirsiniz. 8 illik Müqəddəs Müdafiə savaşı dövründə bəsicin iştirakı öz möcüzəsini göstərdi. Döyüş meydanlarında bizim hərbi birləşmələrimiz bəsicin iştirakı sayəsində daha da ürəklə vuruşurdular. Ondan sonra da ölkədə baş verən müxtəlif olaylar zamanı bəsic hər dəfə ağır hərbi meydanlara atılaraq ölkəmizi və xalqımızı müdafiə edib. Eynilə yumşaq müharibə meydanlarında, yəni elm, xalqa xidmət, quruculuq, dini təbliğat, mədəniyyət sferalarında da bəsicilər hərbi meydanlarda olduğu kimi fəal iştirak ediblər; fəal iştirak etməlidirlər də; çalışmalıdırlar, hərəkət etməlidirlər.

Bəsicin sıralarında Hüseyn Fəhmidə, Behnam Məhəmmədi, Mohsen Hücəci və İbrahim Hadidən tutmuş şəhid nüvə alimlərinə qədər müxtəlif simalar olub. Bu şəxsiyyətlərin kimliyinə nəzər salın! Görün onlar arasında sosial status baxımından nə qədər fərq var. Buna baxmayaraq, bəsicin sıralarında onlar yan-yanadır. Şəhid nüvə alimləri də bəsicidirlər, adlarını çəkdiyim o insanlar da. Himmət, Bakiri, Zeynəddin, Hüseyn Xərrazi və digərləri Keşikçi Korpusda xidmət edirdilər, amma bəsici idilər. Səyyad İİR Ordusunun zabiti idi, amma bəsici idi; Babayi də həmçinin. Onların göstərdiyi fəaliyyət bəsici fəaliyyəti idi. Xasiyyətləri, davranış tərzləri bir bəsiciyə uyğun idi. Çəmrana, Aviniyə, Kazimiyə və sairə qədər hamısı bəsicidirlər. Bizə kök hüceyrələri sahəsindəki nailiyyətləri ərməğan etmiş Kazimi Aştiyani ölkəmiz üçün eynilə Hüseyn Xərrazi və Hüseyn Fəhmidə qədər bəsicidir. Bunlar hamısı bəsicilərdir, bəsic budur. Yüzlərlə digər şanlı şəxsiyyətlər bəsicidir, bu geniş sıralar bəsicin təzahürüdür.

Mənim əzizlərim! Bütün bu adları sadalamaqla mən onu demək istəyirəm ki, bu insanlar örnəkdir, nümunədir. Dünyanın istənilən yerində gənclərin bir örnəyə ehtiyacı var. Bu şəxsiyyətlər gənclər üçün örnəkdir. Bu örnəkləri daim yaşadın, həmişə göz önündə tutun. Əlbəttə ki, kitablar, bioqrafiyalar yazılır, amma bunlar kifayət deyil. Bu insanların həyat yolunu və şəxsiyyətini bir örnək, bir nümunə kimi müasir dünyada yayılmış cürbəcür metodlarla daim göz önündə saxlayın. Ən gözəl örnək bunlardır. Ən gözəl örnəkləri bəsicdə tapmaq olar. Bu şəxsiyyətləri yenidən yetişdirin; belə simalar bəsicin sıralarında hər gün üzə çıxmalıdır. İmam Xomeyni (r.ə) demişdir: “Bəsic pak bir ağacdır”.(4) Pak ağac isə, müqəddəs Quranın buyurduğuna əsasən,

تُؤتیِّ اُکـُلَها کُلَّ حینٍـ بِ‌ـاِذنِ رَبِّهـا

“Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər”.  (“İbrahim” surəsi, 25-ci ayə)

–  hər zaman, bütün dövrlərdə öz barını verəcək.

Yaxşı, sizə bir neçə tövsiyəmi də edim. Hazırda bəsicin yaranmasından 40 il ötür, artıq qazanılmış təcrübədən istifadə etmək vaxtıdır. Bu 40 ilin təcrübəsinə bacardığınız qədər diqqət yetirməli və ondan yararlanmalısınız. Mən burada bir neçə tövsiyə qeyd etmişəm. Allaha şükürlər olsun ki, dəyərli dostlarımız diqqətli və məsuliyyətlidirlər. Keşikçi Korpusun və Bəsic Təşkilatının möhtərəm rəsmiləri görülməsi vacib olan işlərə kifayət qədər diqqətlə yanaşırlar. Mənim tövsiyələrim də aşağıdakılardır:

Birinci tövsiyəm: bütün sferalarda – yəni bir qədər əvvəl sadaladığım bütün sahələrdə: hərbi sferada, yarıhərbi sferada, yumşaq müharibədə – işə hazır olun. Ölkənin bütün küçə və məhəllələrində səfərbər olmuş bir şəkildə hazır strategiya və taktikanız olsun. Cürbəcür olaylara qarşı hazır strategiya və taktikanız olsun; həm hərbi və yarıhərbi müdafiə sferasında, həm də digər müxtəlif sferalarda. Qəfil yaxalanmayın; çalışın heç bir hadisədə qəfil yaxalanmayın. Komitələrin 60-cı ildə yaşadığı təcrübə çox yaxşı bir təcrübədir, ondan istifadə olunmalıdır. 1360-cı ildə İslam İnqilabı komitələri müxtəlif məhəllələrdə, müxtəlif yerlərdə, hər yerdə iştirak edirdi; özü də həmişə iştirak edirdi. O bölgədə baş verən istənilən hadisədə ilk növbədə komitədən olan qardaşlarımızı görürdün. Əlbəttə ki, onlar işdə təzə idilər, nə hazırda sizin olduğunuz qədər məlumatlı idilər, nə də sizin qədər imkanlara sahib idilər, amma daim meydanda hazır idilər. Bu daimi iştirak çox önəmlidir.

Növbəti tövsiyəm: yumşaq müharibədə heç vaxt düşmənə əks-reaksiya verməyin. Əlbəttə, düşmənin cavabını vermək lazımdır, lakin qarşılıq olaraq hərəkət etməkdən, əks-reaksiya verməkdən daha yaxşısı ilk addımı özü atmaq, təşəbbüs göstərməkdir. Düşməninizdən həmişə bir addım öndə olun, onun nə etmək istədiyini, hansı hərəkətləri etmək niyyətində olduğunu öncədən proqnozlaşdırın və ondan öncə neytrallaşdırıcı, qabaqlayıcı tədbirlər həyata keçirin. Məharətli bir şahmatçı kimi; şahmatçılar qarşı tərəfin hansı addımı atacağını öncədən ehtimal edərək ondan əvvəl elə bir hərəkət edir ki, rəqibi gözləmədiyi vəziyyətlə üz-üzə qalıb planlaşdırdığı gedişi edə bilməsin. Həmişə düşməndən öncə hərəkət edin.

Məscidlə əlaqənizin zəifləməsinə imkan verməyin. Bəsic məscidlərdə yaranıb, məscidlərdən cəbhələrə yola salınıb, şəhidlərin pak nəşləri məscidlərə qaytarılıb. Bəsicilik bir qayda olaraq məscidlə əlaqəli bir fəaliyyət kimi mənalandırılıb. Məscidlərdən uzaqlaşmayın. Əlbəttə ki, məsciddə də özünüzü İslam əxlaqına uyğun aparın. Orda olmağınız ikitirəliyə, konfliktə, dava-dalaşa səbəb olmasın.

Müqavimət qüvvələrinin sırasına daxil olmasalar belə, bəsicin hədəfləri istiqamətində çalışan kollektivlərlə səmərəli əməkdaşlıq etməyə çalışın. Ölkədə bütün sferalarda belə kollektivlər var; universitetlərdə, universtetlərdən kənarda, digər müxtəlif yerlərdə. Onlar bəsici müqavimət qüvvələrindən olmasalar da, işləri, fəaliyyətləri bəsicin hədəfləri istiqamətindədir. Onlarla əməkdaşlıq edin, əl-ələ verib səmərəli fəaliyyət göstərin.

Bəsicin xidmətlərini ictimaiyyətə çatdırın. Bəsicin saysız-hesabsız, böyük xidmətləri var, amma camaatın çoxunun bunlardan xəbəri yoxdur. Əksəriyyət bu barədə məlumatsızdır. Bəsic hansısa regionda böyük bir iş həyata keçirdiyi zaman o bölgənin camaatı bu barədə xəbər tutur, qalanları isə bilmir. Burada mənim üçün bir neçə statistik məlumatı qeyd edib gətirmişdilər – əlbəttə ki, bunları mənə Bəsic Təşkilatı özü təqdim etməyib, kənardan almışam – çox maraqlıdır: 11 min yerli cihad qrupu 40 min xidmət layihəsini həyata keçirməyi öhdəsinə götürüb və bu layihələrin tən yarısını təhvil verib. Bu rəqəmlərin böyüklüyünə baxın. Xidmət sektorunda fəaliyyət göstərən 11 min cihad qrupu və həyata keçirilmiş bir bu qədər xidmət layihəsi! Bu yaxınlarda tələbə bəsici 4500 tələbənin iştirakı ilə problemlərin həllinə fokuslanmış və mütəxəssislərin aparıcı rolunu önə çəkən hərəkata start verib. Biz bunu tələbələrə daim tövsiyə edirik. Böyük, önəmli bir işdir, bizim həmişəki tövsiyələrimizdən biridir. Tələbə bəsicinə start veriblər, iş görürlər. Müxtəli məhəllələrdə 12 min “qərzül-həsənə” (təmənnasız borc – red.) fondu təsis edilib. Məncə, hələ bundan da çoxdur, mənə verilən məlumatda 12 min göstərilir. Tayfaların bəsici, qadınların bəsici, “Malik Əştər” festivalı daha yüksək mövqe qazanmağa başlayıb. Bütün bunlar qürurvericidir. Universitet müəllimlərinin bəsic qrupu bir neçə ay bundan qabaq inqilabın 40 illiyində pessimist, necə deyərlər, ruhən çökmüş insanların o məktubuna cavab olaraq 900 nəfərin imzaladığı bir məktub yayımladı. Onlar bir məktub yazmışdılar, 900 nəfər universitet müəllimi məsələyə qoşulub çox yüksək səviyyədə, müfəssəl, arqumentlərlə əsaslandırılmış bir məktub yazdı. Bu elə meydanda var olmaq, vaxtında iştirak etmək deməkdir. Nazirliklərin bəsic heyətləri cümə namazlarında xidmət masaları təşkil edir, xalqla yaxın təmasda olur, qayğı və problemlərini dinləyir. Kənd təsərrüfatı bəsici 30 min aqronomla – rəqəmlərə diqqət edin – buğda, taxıl, qarğıdalı və sair bu kimi 5 əsas məhsulun istehsalını öhdəsinə götürüb. Bunlar bəsicin həyata keçirdiyi işlərin sadəcə bir neçə nümunəsi idi. Möhtərəm bəsic rəsmiləri bu işlər barədə ictimaiyyətimizə peşəkar formada məlumat verməlidirlər. Qoy xalq bilsin ki, bəsic yalnız xalqın ümumi və xüsusi mülkiyyətinə, evlərinə od vurub xaraba qoymaq tapşırığı almış şəxslərin şər əməlləri qarşısında polis qüvvələri və digər rəsmi qurumlarla çiyin-çiyinə onların təhlükəsizliyinin keşiyində durmur, həm də bu qəbildən olan böyük xidmətləri həyata keçirir. Bunlar çox əhəmiyyətli məsələlərdir və əziz xalqımız hökmən bu barədə məlumatlandırılmalıdır.

Daha bir tövsiyəm: bəsici qüvvələri geniş miqyasda yayılmaqdan əlavə, həm də çevik olmalıdır. Bəsic Təşkilatının bürökratik əngəllərə düçar olmasına imkan verməyin. Bir sıra bürökratik xarakterli məsələlər var ki, onlar müxtəlif kollektivlərin əl-ayağını bağlayıb işini ləngidir. Bəsicin əl-ayağının bağlanmasına imkan verməyin.

Və son olaraq bunu qeyd etmək istəyirəm: bilin ki, bəsic düşmənin məkrli planlarına kəskin surətdə məruz qalır. Düşmən bəsicin içinə nüfuz etməyə çalışır. Bunu bilin, bunu unutmayın. Bayaq bəsicin əhəmiyyətindən danışarkən sadaladığımız dəlillər ucbatından düşmən bəsic əleyhinə plan qurmaq, bu təşkilata daxildən nüfuz edərək problemlər yaratmaq üçün özünün bütün imkan və səylərini səfərbər edib. Əlbəttə ki, bu, böyük bir hərəkat, böyük bir mübarizə və qarşıdurmadır. Bunu da bilin ki, Allahın köməyi ilə, siz bütün bunlara qalib gələcəksiniz.

Bu pak ağacı, bu mübarək fidanı torpağımıza əkmiş dahi liderimiz İmam Xomeyniyə Allah rəhmət etsin. Bu yolun əziz şəhidlərinə, bu illər ərzində bəsic üçün zəhmət çəkib dünyadan getmiş rəhbər işçilərə və sıravi bəsicilərə Allah rəhmət etsin. İnşallah, Allah-taala hamınıza mənəvi dəstək olsun. Bəsic həftəsi və Bəsicilər günü münasibətilə hamınızı təbrik edirəm.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

_________________

(1) Görüşün əvvəlində İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Səlami və Bəsic Təşkilatının sədri briqada generalı Qulamrza Süleymani çıxış etmişlər  
(2) Ali Məqamlı Rəhbər son günlər baş vermiş iğtişaşları qınamaq məqsədilə ölkənin bir neçə şəhərində baş tutmuş spontan xalq yürüşlərini nəzərdə tutur
(3) Ali Məqamlı Rəhbər bu sözlərlə özünü nəzərdə tutur 
(4) Səhifeyi-İmam, c.21, səh 94