Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin yeni seçilmiş ölkə prezidenti və 13-cü hökumət kabinetinin üzvləri ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّة‌ الله فی الارضین

Əziz qardaşlar, çox xoş gəlmisiniz. Xalqa xidmətin əsas mərkəzlərində olmaq uğuru sizə nəsib olduğuna görə hamınızı təbrik edirəm. Allah-taala lütf göstərərək sizi İslam Respublikasına və İran xalqına xidmətin ən önəmli mərkəzlərində iştirak etməyə müvəffəq etmişdir. Bu müvəffəqiyyətin qədrini bilmək lazımdır. İslami Şura Məclisinə də öz təşəkkürümü bildirirəm ki, öhdəsinə düşən məsuliyyəti tez bir zamanda, yerində və vaxtında yerinə yetirdi. İnşallah, sizlər və ölkəmiz üçün gözəl, mübarək bir başlanğıc olar.

Hökumət həftəsi Şəhid Rəcayi və Şəhid Bahonərin adları ilə zinətlənmişdir; yəni şəhadətin adı və xatirəsi ilə ayrı bir gözəllik qazanmışdır. Şəhadət səadətinə nail olmuş o iki böyük, dahi, fəal şəxsiyyətə Allah rəhmət etsin. Hər ikisinin, həqiqətən də, niyyəti xalqa xidmət etmək idi, vaxtları qısa olsa da, bu meydana ixlasla daxil olduqlarını, xalqa xidmət arzusunda olduqlarını göstərdilər. Onların davranışı, iş üslubu da İslam dininə uyğun, xalqa yaxın, cihad xarakterli idi. Şəhid Rəcayi və Şəhid Bahonərin fəaliyyəti hazırda iş başında olan bütün rəsmi şəxslər üçün ibrətamizdir. 

Əziz qardaşlar, siz vəzifə məsuliyyətini öhdənizə çətin bir mərhələdə götürmüsünüz. İnşallah, Allah yardımçınız olsun. Mən də sizin üçün dua edəcəyəm və ümid edirəm ki, işlərinizdə uğur qazanacaqsınız. Hər halda, inflyasiyanı, xalqın rifahı ilə bağlı vəziyyəti, koronavirus məsələsini nəzərə alsaq, deyə bilərik ki, hazırda şərait çətindir. Əgər inşallah, bir yandan cihad əzmi ilə, yorulmaq bilmədən, gecə-gündüz çalışsanız, digər tərəfdən Allaha təvəkkül və təvəssülü daim özünüzə dəyərli bir sərmayə bilsəniz, mütləq, uğur qazanıb bütün problem və çətinliklərin öhdəsindən gələcəksiniz. Niyyətinizi Allaha bağlayın. Sizin tutduğunuz bu mövqedə Allaha bağlanan niyyət də yalnız xalqa xidmət ola bilər. Həqiqətən xalqa xidmət məqsədilə işə başlamağınız pak və ilahi bir niyyətdir. Allah-taala da bu niyyətə bərəkət verəcək.

Müxtəlif dövrlərdə mənim bütün rəsmilərə həmişə bir tövsiyəm olub, o tövsiyəni sizə də etmək istəyirəm: vaxt sürətlə keçir, bu 4 il tez başa çatır. Hər saatdan, hər fürsətdən istifadə edin, xalqa, İslama aid olan vaxtın zay olmasına imkan verməyin, zamanın sizin üçün yaratdığı bütün imkanlardan istifadə etməyə çalışın.

Əlbəttə, mən bu fikirdəyəm, ciddi olaraq bu fikirdəyəm ki, siz çox çalışıb işləməklə yanaşı, öz ailələrinizin problemləri ilə də yaxından məşğul olmalısınız. Mən bunu hamıya təkidlə tövsiyə edirəm ki,  hökmən öz ailələrinə kifayət qədər vaxt və diqqət ayırsınlar. Belə olmasın ki, vəzifə tutduğunuz, xalqa xidmət etdiyiniz dövrdə ailələriniz üzünüzü görməsin.

Və bütün əzminizi də bunun üzərində cəmləyin ki, inşallah, bütün idarəetmə sferalarında inqilabi və əlbəttə, rasional, düşünülmüş bir yenidənqurma ərsəyə gəlsin. Yəni ölkədəki müxtəlif sferalarda işlər İslam İnqilabının döşədiyi relslər üzərində sürətlə irəliləsin. Bütün sferalarda: iqtisadiyyatda, quruculuqda, xarici siyasət və diplomatiyada, xalqa xidmət sahələrində, elm, mədəniyyət və sairdə. Bütün bu sferalarda  bir inqilabi hərəkat meydana gəlməlidir. Dedik ki, görülən bütün işlər, bütün tədbirlər inqilabi xarakter daşımaqla yanaşı, hökmən rasional olmalıdır. İlk gündən bu günə qədər İslam Respublikasının seçdiyi düzgün iş metodu da məhz elə bu olub: rasionallıqla, hərtərəfli düşüncə ilə paralel gedən inqilabi hərəkat.    

Mənim sizə bir neçə əsas tövsiyəm var, onları qeyd edəcəyəm. Bir neçə başlıqdır, hər birinin ətrafında qısaca danışıb izah edəcəyəm. O başlıqlardan biri xalqa yaxın olmaq prinsipidir. Bəli, cənab Rəisi “xalqa yaxın dövlət” prinsipini öz administrasiyası üçün şüar olaraq seçmişdi. Həmçinin mənim seçdiyim başlıqlar arasında ədalətçilik, korrupsiyaya qaşrı mübarizə, xalqda, xüsusilə də gənclərdə ümid və güvən oyatmaq, hökumətin birliyi, dövlətin iqtidarı, dövlətin nüfuzu kimi məsələlər də yer alır. Mənim hər birinin ətrafında bir neçə cümlə danışmaq istədiyim vacib mövzular bunlardır.

Xalqa yaxın olmaq məsələsinə gəlincə; xalqa yaxınlıq geniş bir mövzudur və müxtəlif təzahür formaları var. O təzahür formalarından biri elə xalqın arasına gedib problemləri bilavasitə camaatın özündən eşitməkdir. Dünən cənab Rəisinin şəxsən Xuzistana gedib əhali ilə söhbət etməsi, camaatın arasında olması çox gözəl və təqdirəlayiq bir addımdır. Bu, dövlətin xalqa yaxın olmasının təzahürlərindən biridir və çox yaxşıdır. 

Xalqa yaxın olmanın digər bir təzahür forması isə xalqın həyat tərzini qəbul etmək, sadə insanların həyatı ilə yaşamaqdır; davranışlarda sərbəstlik və təvazökarlıq, dəbdəbədən uzaq olmaq, xalqa yuxarıdan-aşağı baxmamaq. Bu da xalqa yaxınlığın digər bir göstəricisidir. Bu gün dünyadakı hökumət dairələrində o aristokratik, təmtəraqlı davranışlar bir qayda halını alıb, bütün dövlətlərdə rəsmi şəxslər sanki xalqa bu cür yanaşmaya, bu həyat tərzinə mübtəla olublar. Belə şeylərdən çəkinmək lazımdır.

Camaatla söhbət etmək, problemlərin həlli yollarını insanlarla müzakirə etmək də xalqa yaxınlığın təzahürlərindən biridir. Problemlərinizi camaatla bölüşün. Problem varsa, həlli yolu da var. Əlbəttə, çalışın ki, danışıqlarınız camaatı məyus etməsin. Bəziləri bu məqama diqqət yetirmir, reallığa zidd, uyğunsuz sözlər danışırlar, bu da camaatı ümidsizləşdirir. Hər bir çətinliyin həlli yolu da var. Camaatla müzakirə edin, insanlarla söhbət edin, müxtəlif situasiyalarda xalqdan kömək istəyin; həm ideya almaq baxımından, həm də əməli cəhətdən. Haradasa hansısa səhvə yol verilibsə, camaatdan üzr istəyin (hamımız səhv edirik, gördüyümüz işlərdə səhvlər də az deyil). Xalqa yaxınlığın bu kimi müxtəlif aspektləri var. Etdiyiniz xidmətlər barədə xalqa hesabat da verin; doğrucul, mübaliğəsiz, şişirtməsiz hesabatlar. Hansı işləri gördüyünüzü doğrucul bir şəkildə açıqlayın. Xalqa yaxın olmaq budur, xalqın hökuməti olmağın bu cür aspektləri var.

Əmirəlmöminin Əli (ə) Malik Əştərə ünvanladığı mühüm hökumət fərmanında sadaladığım bütün bu aspektlərə toxunur. Dostlar, sizə də tövsiyə edirəm, o fərmana nəzər salın, oxuyun. O həzrət buyurur:

فَلا تُطَوِّلَنَّ اِحتِجابَکَ عَن رَعِیَّتِک

(əvvəldə “فَلا تَطولَنَّ”, yaxud “فَلا یَطولَنَّ” şəklində olduğu da ehtimal edilir). Yəni xalqdan uzun müddət kənar durma. Əlbəttə, vəzifəli bir şəxs daim camaatın içində ola bilməz, amma müəyyən mərhələlərdə hökmən xalqın arasında olmalısınız. “لا تُطَوِّلَنَّ” – xalqdan kənar durmağını uzatma. Ardınca bu mövzuda bir neçə cümlə də dedikdən sonra buyurur:

وَ اِن ظَنَّتِ الرَّعِیَّةُ بِکَ حَیفاً فَاَصحِر لَهُم بِعُذرِک‌‌

– camaatın düşüncəsində sənə qarşı nə isə bir düyün, bir şübhə yaranıbsa, get insanlarla üzbəüz, açıq danış, söhbət et, üzrxahlığını bildir. Baxın, hökumətlə camaat arasında belə bir münasibət olmalıdır; qardaşcasına, dostcasına.

(2) وَ اَعدِل عَنکَ ظُنونَهُم بِاِصحارِک

– hansısa şübhələri varsa, söhbətinlə, sözünlə, çıxışınla o şübhələri aradan qaldır. Mənim xalqa yaxınlıqla bağlı demək istədiklərim bunlar idi. Çalışın, bu şeylər sizdə həqiqətən də olsun. Müxtəlif idarəçilik sferalarının hamısında bu xüsusiyyətlər olmalıdır.

Növbəti məsələ ədalətçilik məsələsidir. Bütün dinlərdə olduğu kimi, İslam Respublikası və İslam dövlətinin də əsasını ədalətin bərqərar edilməsi təşkil edir. Allah-taala buyurur ki, biz peyğəmbərləri, səmavi kitabları:

 (3) لِیَقومَ النّاسُ بِالقِسط 

– insanların bir-biri ilə ədalətlə rəftar etməsi üçün göndərdik; məhz insanların ədalətli davranması, cəmiyyətdə ədalətin bərqərar olması üçün. Biz bu məsələdə geriyik, hələ çox işlər görməli, çalışmalıyıq. Fikrimcə, hökumət kabineti olaraq sizin tənzimlədiyiniz hər bir qanun layihəsinin, verdiyiniz hər bir direktivin ədalət prinsipini əks etdirən bir qoşması da olmalıdır. O metodun, o işin, o göstərişin ədalətə zərbə vura biləcəyindən, məzlum təbəqələrin haqqını tapdalaya biləcəyindən ehtiyatlı olmalısınız. Bu daim olmalıdır. İndi ya yazılı surətdə bir qoşma əlavə etməklə, yaxud tənzimləmə formasına diqqət etməklə – necə olursa-olsun buna nail olmaq lazımdır.

Bəzən hansısa administrativ metod, geniş yayılmış bir davranış ədalətə zərbə vurur. Həqiqətən də, bizdə belə hallar var. Bu günün özündə də ümumilikdə bizim fəaliyyətimizdə elə ənənələr, elə situasiyalar var ki, islahatlara ehtiyacı var. Müxtəlif sahələrdə, əsasən də imkanların bölgüsündə ədalətə riayət edilməsi məsələsində; ölkədə mövcud olan imkanlar, həqiqətən də, ədalətlə bölüşdürülməlidir. Hazırda isə bəzi sahələrdə, doğrudan da, belə deyil. Əlbəttə, mənim bunları dilə gətirməyim o demək deyil ki, bunun arxasında hansısa tədbirlər durur, lakin misal üçün, enerji sahəsində, neft sektorunda bu kimi hallar var. Elə bu yaxınlarda əvvəlki dövlətin rəsmilərindən biri mənə məlumat verdi ki, 1399-cu ildə gizli neft subsidiyalarının həcmi 63 milyard dollar olub! Bu məbləğ, bu subsidiya kimə çatır? Ölkənin neftindən, benzinindən daha artıq istifadə edən kimdir? Əhalinin böyük bir qismi bu subsidiyadan ümumiyyətlə istifadə etmir. Amma hesablayıblar, 63 milyard dollar – yəni 1500 trilyon tümən! 1399-cu ilin büdcəsindən də çoxdur! İndi neftlə bağlı mən bunu dedim, nə etmək, hansı tədbirləri görmək lazım olduğu barədə mənim heç bir tövsiyəm yoxdur. Araşdırıb baxmalısınız ki, nə etmək lazımdır. Mənim demək istədiyim odur ki, belə hallar da var. Bu şeylər ədalətə ziddir, diqqətli olmaq lazımdır. Varlı və yoxsul təbəqələr arasında məsafəni azaltmağa çalışmalıyıq. Yəni ölkədə mövcud olan imkanlar mümkün olduğu qədər ədalətlə bölüşdürülməlidir.

Az öncə qeyd etdiyim korrupsiya ilə mübarizə məsələsi də ədalətin təmin edilməsini tamamlayan bir amildir. Korrupsiyaya qarşı mübarizə aparmaq lazımdır. Ölkədə yaranan və ədalətə tam zidd olan önəmli bəlalardan biri də korrupsiyadır, haqsız imtiyazlar verməkdir. Biri var kimsə mühüm bir iş görür, siz ona hansısa mükafatı verirsiniz, bunun eybi yoxdur, amma biri də var kimlərəsə əsassız yerə üstünlük verilir,  o şəxslər ölkənin imkanlarından haqsız olaraq daha çox faydalanır. Nəyə görə? Bir müddət əvvəl gündəmə gəlmiş astronomik maaşlar məsələsi də bu problemin bir hissəsi, kiçik bir qolu idi.

Sevindirici haldır ki, yeni seçilmiş prezident hələ bundan əvvəl məhkəmə hakimiyyətində vəzifə postu tutduğu dövrdən bu məsələ ilə məşğul olmağa başlayıb. Bunun özü, doğrudan da, onu xalqa sevdirib, camaat arasında ona olan ümidləri artırıb. Bu mövzunun əsl yeri isə icraedici hakimiyyətdir. Yəni korrupsiyaya qarşı mübarizənin, korrupsiya üçün zəmin yaradan amillərin kökünü kəsməyin əsl yeri icraedici hakimiyyətdir. Məhkəmə hakimiyyətinin rolu ondan sonra gəlir. Siz öz işinizi görüb korrupsiyanın qarşısını alandan, korrupsiyaya şərait yaradan amilləri aradan qaldırandan və sair tədbirləri görəndən sonra hansısa mənfi hal baş verərsə, o zaman məhkəmə hakimiyyətinin öz işini görmək üçün növbəsi gəlib çatır. Hökumət strukturlarında şəxsi mənafe ilə ümumi mənafeyin toqquşması, rüşvət, mənimsəmə və sair bu kimi problemlər kökündən həll olunmalıdır.

Korrupsiyanın ən önəmli təzahürləridən biri Konstitusiyanın 44-cü maddəsi ilə nəzərdə tutulan siyasətlərin icrasında yol verilən qanun pozuntularıdır. Cənab Rəisi məhkəmə hakimiyyətində işlədiyi dövrdə çoxlu sayda belə hallar aşkarlamış və mənə məlumat vermişdi. Konstitusiyanın 44-cü maddəsinin siyasətləri – hansı ki bu siyasətlər ölkə iqtisadiyyatını sözün həqiqi mənasında çiçəkləndirə bilərdi – elə formada icra olunurdu ki, korrupsiya halları üçün şərait yaranmışdı. Əlbəttə, bu mübarizənin də öz üsul və vasitələri var; o cümlədən hələ bir neçə il əvvəl qanunla tənzimlənmiş təhlükəsizlik xidməti mexanizmləri və sair. Mən də dəfələrlə tövsiyə etmişdim ki, bu mexanizmləri işə salsınlar, fəaliyyətlərini əlaqələndirsinlər, bu mexanizmlər korrupsiya ilə uğurla mübarizə apara bilmək üçün dövlətimizə sözün həqiqi mənasında tam bir nüfuz qazandıracaq. Amma bu iş görülməyib, irəli getməyib. İnşallah, çalışın, bu mexanizmləri tam olaraq işə salın. O mexanizmlər işlərə tam nəzarət edə bilmək üçün hökumət kabinetinə, dövlətə mükəmməl bir sayıqlıq qazandıracaq.

Xalqın ümid və etimadını dirçəltmək məsələsi də çox önəmlidir, çünki xalqın etimadı dövlətin ən böyük sərmayəsidir. Xalq sizə etimad edib ümidlə yanaşarsa, sizinlə birgə addımlayıb sizə kömək edəcək. Xalqın etimadını qazana bilmək dövlət üçün ən böyük sərmayədir. Əlbəttə, təəssüflər olsun ki, xalqın etimadı bir qədər zədələnib və onu yenidən bərpa etmək üçün çalışmalı olacaqsınız. Bunun başlıca yolu da odur ki, rəsmilərin sözü ilə əməli bir ola. Xalqa nəyisə vəd etdiyiniz zaman o vədə əməl etsəniz, camaatda sizə qarşı etimad yaranacaq. Vəd verib əməl etməsəniz, yaxud siz “filan iş görülüb” dediyiniz halda, camaat reallıqda heç bir şey görməsə, insanların sizə qarşı etimadı yox olacaq. Buna, doğrudan da, ciddi surətdə riayət etmək lazımdır. 

Baxın, cənab Rəisi! Dünən siz Əhvazda, Xuzistanda camaata nələrisə söz vermisiniz, müəyyən göstərişlər vermisiniz. Diqqət yetirin ki, o şeylər doğrudan da reallaşsın. Qoy camaat görsün ki, sizin istədiyiniz, sizin dediyiniz hər bir şey reallaşır. Bunlar lazımlı işlərdir. Həzrət Əlinin (ə) Malik Əştərə məktubunda bu barədə də qeyd olunur:

اِیّاکَ وَ المَنَّ عَلی رَعِیَّتِکَ بِاِحسانِکَ اَوِ التَّزَیُّدَ فیما کانَ مِن فِعلِک

– əvvəla, “biz filan işi gördük” deyə camaata minnət qoymayın, ikincisi, gördüyünüz işi şişirtməyin. İnsan gördüyü işləri şişirtməməlidir.

اَو اَن تَعِدَهُم فَتُتبِعَ مَوعِدَکَ بِخُلفک

– məbada vədinizə xilaf çıxasınız, vəd verib, sonra sözünüzün üstündə durmayasınız. Malik Əştərə deyir ki, məbada bunu edəsiniz. Bu da çox önəmlidir. Əlbəttə, bəzən elə olur ki, vəd verirsiniz, amma imkan tapmırsınız, yəni o işdə nəsə təbii bir problem olur. Olsun, eybi yoxdur, bunu camaata izah edin, deyin ki, mən bu vədi vermişdim, bu problem qarşıya çıxdı, vədimizə əməl edə bilmədik, buna görə sizdən üzr istəyirik. Xalqla söhbət etməyiniz lazım olan hallardan biri də budur. Bu elə bir qədər əvvəl xalqa yaxınlıqla bağlı qeyd etdiyim məqamdır. Lakin ümumilikdə çalışın, verdiyiniz vədləri daim diqqətdə saxlayasınız.

Verdiyiniz vəd üçün təqvim müəyyənləşdirin. Həyata keçirməyə söz verdiyiniz işin nə qədər çəkə biləcəyini təxmin edin,  təqvim müəyyənləşdirin və günbəgün gedişatı izləyin. Mən hökumət qurumlarında dəfələrlə bunu demişəm ki, bizdə qaydalar, qanunlar və sair kifayət qədər çoxdur. Nə qədər istəsəniz qanunumuz, qaydamız, layihəmiz, proqramımız var. Çatışmayan təkcə işlərin gedişatını ciddi və ardıcıl surətdə izləməkdir. Bu da bir məqam.

Dövlətin birliyi, iqtidarı, nüfuzu çox önəmli məsələlərdir. Dövlətin birliyi o deməkdir ki, dövlətin daxilindən müxtəlif fikirlər səslənməsin. Biri bir şey deyə, o biri onun əksini söyləyə – bu, xalqın düşüncəsini, ictimai fikri bütünlüklə qarışdırır. Hökumət strukturunda birlik, həmrəylik olmalıdır, ondan sonra isə əməldə də bir-biri ilə qarşılıqlı əməkdaşlıq etməlidirlər. Bir sferaya aid olan işlərin çoxu digər bir neçə sfera ilə əlaqəlidir. Misal üçün, kənd təsərrüfatı sahəsi məcburi surətdə digər bir neçə sfera ilə bağlıdır. Əməkdaşlıq etmək lazımdır ki, işlər yaxşı getsin. Sənaye, digər müxtəlif sferalar da eynilə. Odur ki işlərin irəli getməsi üçün birlik lazımdır. İqtidar da lazımdır. Dövlət göstərməlidir ki, lazım bildiyi, qərara aldığı hər bir işi həyata keçirməyə qadirdir. Camaat özünü öz halına buraxılmış kimi hiss etməməlidir. Əgər siz dövlətin qüdrətini əməldə nümayiş etdirməsəniz və ölkədə özbaşınalıq hiss olunsa, siyasətləriniz qətiyyən irəli getməyəcək. Bu da çox önəmlidir. Dövlətin nüfuzu dedikdə isə hökumətin bütün sferalarında nə baş verdiyi haqda məlumatlı olmaq nəzərdə tutulur. Dövlət öz vəzifələrini iqtidar, həmrəylik və nüfuzla yerinə yetirməlidir.

Əlbəttə, bu, icraedici hakimiyyətdə gərəkli olan dəyişikliklərin bir qismidir. Cənab Rəisinin və bəzi digər namizədlərin seçki platformasında yer alan vacib işlərdən biri də icraedici hakimiyyətdə dəyişiklik yaradılması idi. İcraedici hakimiyyətdə dəyişikliklər həyata keçirmək önəmli bir işdir. Bu dəyişikliklərə daim ehtiyac var, onları həmişə nəzərdə tutmaq lazımdır. Əlbəttə ki, inkişafa doğru aparan dəyişikliklər üçün qanunçuluğa, şəffaflığın artırılmasına, maliyyə baxımından ciddi nəzarətə, korrupsiya üçün zəmin yaradan amillərin aradan qaldırılmasına, şəxsi mənafeyin ümumi mənafeyi üstələməsinin qarşısını almağa, qəbul olunan qanun və qərarların ciddiyyətlə tətbiqinə ehtiyac var.

Əlbəttə, kadrların gəncləşdirilməsi də çox vacibdir. Dövlətdə görüləsi ən mühüm işlərdən biri də dövlətin gəncləşdirilməsidir. Hökumətin strukturunda, orta idarəetmə səviyyəsində yüksək ixtisaslı gənclərdən – əlhəmdulillah, belə gənclərimiz az deyil – istədiyiniz qədər istifadə edin. Bu həm ölkədə hakimiyyət baryeri hissini aradan qaldırır – gənclər görəndə ki, meydana girib hərəkət edə, qərar qəbul edə bilirlər, hakimiyyəti baryer arxasında hiss etmirlər – həm də siz gələcəkdə yüksək administrativ postlar  üçün dəyərli, təcrübəli kadr ehtiyatı hazırlamış olursunuz. Bu gün meydana yeni girən gənclər 10 il sonra öz təcrübə və səriştəsi ilə ölkə üçün çox önəmli kadr ehtiyatı olacaq. Bu yetərli rəhbər kadrlar, həqiqətən də, dəyərli bir sərmayə olacaq.

Dəyişikliklər məsələsində ən mühüm məqamlardan biri də kollektiv düşüncədən istifadə etmək, rasionallığa əsaslanmaqdır. Hökumətdən kənar ekspertlərdən istifadə edin. Haradasa hansısa ekspertin fikrindən istifadə etmək mümkündürsə, əlinizdən gəldiyi qədər istifadə edin. Bu məsələdə partiya mənsubiyyəti və sair bu kimi məsələləri tamamilə bir kənara qoyun. Həmin şəxsin sizin qəbul edib-etmədiyiniz hansısa siyasi cinaha aid olduğuna baxmayın. Hökumətin daxilində siyasi mənsubiyyətindən asılı olmayaraq məcburən hər kəsin fikrindən istifadə olunur. Hökumətdən kənar mütəxəssislərin fikirlərindən də istifadə etmək lazımdır.

Bunlar ümumi tövsiyələrdir. Əlbəttə, bunlar üçün fəaliyyət planı qurmaq lazımdır. Mənim deməyim, sizin yadda saxlamağınız, yaxud qeyd götürməyinizlə kifayətlənsək, bunun xeyri olmayacaq. Bu cür söhbətlərin öyüd-nəsihət xarakteri almasının faydası yoxdur. Bu şeylər fəaliyyət planına çevrilməlidir. Plan tutulandan sonra, təbii ki, reallaşacaq. 

Ölkədə müəyyən prioritetlər də var ki, onların prioritet olduğuna diqqət yetirmək və daim icrasını nəzarətdə saxlamaq lazımdır. Mən bir neçəsini qeyd edəcəyəm. Yəqin ki, ən başlıcası iqtisadiyyat məsələsidir, ardınca mədəniyyət mövzusu, media, elm və digər mövzular gəlir. Bunlar ölkənin əsas prioritetləridir. Lakin əlbəttə, hazırda bizim təcili həllini gözləyən bir problemimiz də var ki, o da koronavirus məsələsidir. Bu gün sağlamlıq təcili diqqət tələb edən bir mövzudur. Əlbəttə, dövlətin bu istiqamətdə fəaliyyətini müsbət qiymətləndirmək olar, çox yaxşı işlər görülüb, məsələ daim diqqətdə saxlanıb, həm vaksin istehsalı, həm də xaricdən ölkəyə vaksin gətirilməsi üçün lazımi tədbirlər görülüb. Düzdür, ağızdan-ağıza bəzi şayiələr gəzir, amma əsasən onlara inanmağa dəyməz. Əsassız söz-söhbətdir. Çox yaxşı işlər görülüb, bu işləri davam etdirmək, daha da intensivləşdirmək lazımdır. Həm xəstəliyin müalicəsi, həm preventiv tədbirlər, həm müşahidə və skrininq – yoluxmaya şübhəli şəxslərin skrininqi çox vacib bir məsələdir – bütün bu tədbirlər hökmən vaxtında görülməlidir.

Ümumi vaksinasiya olduqca önəmlidir və mütləq, həyata keçirilməlidir. Və məntiqli karantin. Eşitdiyimə görə, ölüm hallarını kontrol altına ala bilmiş, bizdəki ilə müqayisədə ölüm halları – eyni zamanda yoluxma sayı – aşağı olan bəzi Qərb dövlətləri sərhədlərini möhkəm-möhkəm bağlayıblar, hətta yoluxma sayı yüksək olan qonşu ölkələrə belə – hərçənd onlar da inkişaf etmiş ölkələrdir – gediş-gəlişə qətiyyən icazə vermirlər. Ciddi nəzarət var. Biz də sərhədlərdə lazımi tədbirlərin görülməsinə, bu və ya digər bir xəstəliyin yeni ştamlarının ölkəyə daxil olmasına həddən artıq diqqət yetirməliyik. Bu çox önəmlidir.

Əlbəttə, mən dəfələrlə qeyd etmişəm ki, camaatın da öhdəsinə müəyyən vəzifələr düşür. Əziz xalqımız aşağıdakı 4 önəmli məsuliyyəti qəbul edib öhdəsinə götürməlidir: maska, məsafə, havalandırma və əllərin sabunla yuyulması. Bunları etmək çətin bir məsələ deyil, bunlar hamısı çox asan işlərdir. Bu qaydalara əməl etsələr, heç şübhəsiz, bu, yoluxma sayına öz təsirini göstərəcək və insanın ürəyini parçalayan o çoxsaylı insan ölümləri baş verməyəcək.

İqtisadiyyat, mədəniyyət, internet məkanı və diplomatiya ilə də bağlı deyiləsi sözlər var, amma bu gün bu iclasda  o mövzulara ətraflı toxunmaq mümkün deyil. İnşallah, gələcəkdə fürsət olsa, ömür vəfa etsə, söhbət edərik.

İqtisadiyyat məsələsinə gəlincə, bəli, hazırda ölkədə iqtisadi problemlər mövcuddur: yüksək inflyasiya əsas problemlərdən biridir, büdcə kəsiri var, aztəminatlı ailələrin dolanışıq problemi var (hansı ki bunlar çox önəmli problemlərdir), milli valyutanın dəyərinin azalması var (bu, həqiqətən də, utandırıcı bir məsələdir), əhalinin alıcılıq qabiliyyətinin azalması var, biznes mühitindəki problemlər var (mən də, iqtisadiyyat sferasının rəsmiləri də bir bu qədər vurğuladıq, deyildi, amma biznes mühitinin yaxşılaşdırılması sahəsində yenə də problemlər var), bank sistemində problemlər var. Ölkənin iqtisadi problemləri bunlardır, digər problemlər də var ki, onların hər biri üçün, həqiqətən də, ayrıca fəaliyyət planı hazırlayıb işləmək lazımdır. Bu problemlərin öz həllini tapması çox önəmlidir.

Əsas məqam odur ki, bizim iqtisadçılarımız və hazırkı hökumətin iqtisadiyyat rəsmiləri bu problemlərin həlli istiqamətində səylərini birləşdirməlidirlər. Az öncə qeyd etdiyim birliyin mühüm göstəricilərindən biri də bu olmalıdır: onlar iqtisadiyyatın bu mühüm sahələri ilə bağlı yekdil fikrə gəlib əməkdaşlıq şəraitində iş görməlidirlər. Cənab prezident söylədi ki, onun birinci müavini (4) koordinasiya məsələsinə cavabdehdir. Bu, çox önəmli bir işdir. Sadaladığım iqtisadi problemlərin həlli sahəsində koordinasiyalı fəaliyyət olmalı, bu vəzifə, inşallah, layiqincə yerinə yetirilməlidir.

Hansısa məsələdə fikir ayrılığı olsa belə, mən təkidlə tövsiyə edirəm ki, rəsmilər o fikir ayrılıqlarını xalq arasına daşımasınlar. Çünki iqtisadi məsələlərlə bağlı fikir ayrılıqları camaat arasında öz əksini tapanda bu, iqtisadi atmosferə real təsirini göstərir. Yəni xəyali problemlər xalqın əmək bazarında, iqtisadi mühitində real problemlərə çevrilir. Hər hansı bir fikir ayrılığı, problem varsa, qoy hökumət nümayəndələri bunu hökumətin özündə həll etsinlər, xalqa yansıtmasınlar.

İqtisadiyyat məsələsində mühüm məqamlardan biri də qabaqcıl iqtisadi sferalara diqqət ayrılmasıdır. Bəzi sahələr sözün əsl mənasında avanqarddır. Misal üçün, mənzil sektoru – mütəxəssislərin fikrincə, mənzil sektoru işə düşsə, digər çoxsaylı sahələr də işə düşəcək – yaxud polad sənayesi, avtomobil istehsalı, enerji, neft-kimya və sair bu kimi mühüm sənaye sahələri işə düşsə, digər sahələri də arxasınca aparacaq. Bu sahələri hərəkətə gətirmək lazımdır və xüsusilə bu sahələrdə rəsmilərin koordinasiyalı fəaliyyəti çox önəmlidir.

İqtisadi problemlərimizlə bağlı digər bir mühüm məqam pul yaratma və likvidlik məsələlərində bank sisteminə nəzarətin təmin edilməsidir. İqtisadçı mütəxəssislər bizə belə məlumat verirlər ki, pul yaratma istehsala mütənasib olmalıdır. Bu mütənasiblik yoxdursa, pul yaratmanın, likvidliyin artımının qarşısı alınmalıdır. Yəni bu məsələyə ciddi şəkildə diqqət ayırmaq lazımdır. Bu sahədə işlər düzgün qurulsa, bunun bərəkətləri çox olar: inflyasiyanın qarşısı alınar, istehsal rövnəqlənər, məşğulluq artar, milli valyuta möhkəmlənər və sair. Zənnimcə, ciddi önəm verilməli olan məqamlardan biri də budur.

İqtisadiyyatla bağlı qeyd olunası başqa məsələlər də var. Düşünürəm ki, burada 2 məqam daha əhəmiyyətlidir: birincisi, iqtisadi problemlərin həllində müvəqqəti  həll yollarının arxasınca getmək olmaz, çünki bunlar bəzən problemi daha da dərinləşdirir. O müvəqqəti çarə yolları bəzən problemi daha da artırır. Bu problemləri aradan qaldırmaq üçün əsaslı həll yolları tapmaq, Allaha ümid və təvəkküllə, vicdanla işləyərək möhkəm addımlarla, inşallah, irəli getmək lazımdır. İkinci məqam isə budur ki, iqtisadi problemlərin həllini sanksiyaların aradan qaldırılması ilə şərtləndirməyin. Sanksiyaların aradan qalxması bizdən, yaxud sizdən asılı bir şey deyil, başqalarından asılıdır. Problemlərin həlli istiqamətində planlar qurarkən sanksiyaların hələ mövcud olacağını fərz edin ki, inşallah, bu işdə nailiyyətlər qazana bilək. Bu problemlər, inşallah, sizin öz əzmkarlığınız, cihad niyyətli səy və tədbirləriniz sayəsində həll olunmalıdır və həll olunacaq da.

Mədəniyyət və media məsələlərinə gəlincə, mənim fikrimcə, ölkədə mədəniyyət sahəsində inqilabi yenidənqurmaya ehtiyac var. Bizim ölkənin mədəni strukturunda problemimiz var. Və inqilabi bir hərəkat lazımdır. Əlbəttə, “inqilabi hərəkat” deyərkən mən rasional, məntiqli bir hərəkatı nəzərdə tuturam. “İnqilabi hərəkat” düşünmədən, ehtiyatsız hərəkət etmək deyil. İnqilabi olmalıdır, fundamental addımlar atılmalıdır, lakin eyni zamanda müdriklik və dərin düşüncəyə söykənməlidir. Mədəniyyət, həqiqətən də, bazisdir. Bizim müxtəlif sferalarda yol verdiyimiz səhvlərin əksəriyyəti düşüncəmizə hakim olan mədəniyyətdən irəli gəlir. Əgər bu gün bizdə israfçılıq, korkoranə təqlidçilik, yanlış həyat tərzi varsa, bunlar hamısı mədəni problemlərdən qaynaqlanır. Məhz düşüncələrə hakim olan mədəniyyət praktikada bütün bu problemləri ortaya çıxarır. Göstəriş və dəbdəbənin üzərində qurulmuş təqlidçi həyatların bir qayda olaraq mədəni kökləri olur. Əslində, bütün bu reallıqların nəzəri qatında ölkədə bəzi  zehinlərə hakim olmuş yanlış, azdırıcı mədəniyyət yatır.

Kino, incəsənət, audio və videomedia kimi mədəni təbliğat vasitələrini rövnəqləndirməlisiniz. Mətbuat, kitab və sair də mədəni təbliğat vasitələridir, onları da sözün əsl mənasında çiçəkləndirmək lazımdır. Əlhəmdulillah, bu gün ölkəmizdə canıyanan gənclərin böyük bir ordusu mədəni məsələlərlə məşğuldur, meydandadırlar, işləyirlər. Hökumətlər, dövlətin mədəni qurumları bu gənc və canıyanan kollektivlərə kömək etsələr, heç şübhəsiz, böyük işlər görüləcək, kreativ addımlar atılacaq. O gənclərin bu sahədə yüzlərlə yenilikçi layihəsi var. Bəzən onlarla ünsiyyətdə olarkən görürsən ki, çox yaxşı ideyaları var, böyük işlər həyata keçirə bilərlər. Sadəcə, vəsait lazımdır, vəsait isə dövlətin ixtiyarındadır. Həmin gənclərə düşüncəli bir şəkildə maliyyə dəstəyi göstərmək lazımdır. İstedadları üzə çıxarın, dəstəkləyin, azadlıqlarını təmin edin. Əlbəttə ki, mən hüquqi prinsiplər çərçivəsində azadlığı nəzərdə tuturam.

Və əlbəttə ki, əxlaqsızlığa, mədəni sahədə pozğunluğa qarşı heç kimi və heç nəyi nəzərə almadan güzəştsiz mübarizə aparın. Yəni həqiqətən də, belə mövqe tutmaq lazımdır. Düşmənin yumşaq müharibəsinə qarşı durmağın əsl yolu da elə budur ki, biz mədəniyyət sahəsində düzgün istiqamətli fəaliyyətləri dəstəkləyək, təşviq və təqdir edək, yanlış hərəkətlərə isə qarşı çıxaq. Media və mədəniyyət sferası, bir yandan, böyük bir universitet ola bilər və elə belədir də, lakin digər bir tərəfdən yaxşılıqla fəsadın, haqla batilin qarşıdurma arenası, mədəniyyəti dünyada fəsad yaratmaqdan ibarət olanlarla mədəni savaş meydanıdır. Media və mədəniyyətə bu iki aspektdən yanaşmaq lazımdır.

Xarici siyasətlə də bağlı bir-iki cümlə deyək. Əlbəttə, xarici siyasət barədə deyiləsi sözlər çoxdur, inşallah, vaxtı və yeri gəldikcə deyiləcək. Qısaca onu deyə bilərəm ki, xarici siyasət çox önəmlidir, ölkədəki proseslərə xeyli dərəcədə təsirini göstərir. Diplomatiya sahəsində fəaliyyət dinamikamız artırılmalıdır. Diplomatiyada iqtisadi aspekti gücləndirmək lazımdır. İqtisadi diplomatiya çox əhəmiyyətli bir mövzudur. Bu gün görürük ki, əksər ölkələrin xarici işlər naziri olsa da, ölkə başçıları müxtəlif ölkələr, yaxud hansısa konkret ölkə ilə iqtisadi münasibətlərdə şəxsən təmasa keçib məsələləri diqqətdə saxlayır. Yəni müxtəlif ölkələrlə iqtisadi sferada əlaqələr çox mühümdür. Diplomatiyanın bu iqtisadi aspektini gücləndirmək lazımdır.

Və xarici ticarət də çox önəmlidir; xüsusilə də qonşularla. Bizim nəhəng sayda əhalisi olan, geniş xarici satış bazarı təşkil edən 14-15 qonşumuz var, lakin təkcə onlarla məhdudlaşmaq olmaz, digər ölkələrlə də eyni qaydada əlaqə saxlamaq lazımdır. Dünyada 200-dən artıq ölkə var. Çox az sayda, 1-2 dövlətlə bizim özümüzün əlaqə qurmaq niyyətimiz yoxdur, bəziləri ilə də, belə görünür, əlaqə qurmaq imkanımız yoxdur, lakin əksəriyyəti ilə çox yaxşı, davamlı iqtisadi əlaqələr qurmaq imkanı var. Sadəcə çalışmaq lazımdır.

Və diplomatiyanı nüvə məsələsinin təsiri altına da salmaq lazım deyil. Yəni ölkənin diplomatiyası nüvə məsələsindən asılı olmamalıdır. Yox, nüvə məsələsi ayrıca bir məsələdir və onu ölkəyə layiq, uyğun bir şəkildə həll etməlidirlər, diplomatiya isə daha geniş bir sferadır.  Nüvə məsələsində amerikalılar həyasızlığın həddini aşdılar. Həyasızlıqları, həqiqətən də, həddi aşıb: hamının gözü önündə özləri nüvə anlaşmasından çıxıblar, indi də elə danışırlar, elə bil, İran anlaşmadan çıxıb, elə tələbkarlıq edirlər, elə bil, öhdəliklərini pozan biz olmuşuq. Bir müddət Amerikanın bu davranışlarına İran tərəfdən heç bir  reaksiya verilmədi. Bir müddət sonra isə əvvəlcədən elan edilərək, diqqətə çatdırılaraq bəzi öhdəliklərdən imtina edildi. Hamısından yox, bəzilərindən. Öhdəliklərini yerinə yetirməyən onlar oldu.

Amerikaya havadarlıq edən Avropa ölkələri də eynilə; onlar da sözünün üstündə durmamaqda, cığallıqda Amerikadan geri qalmırlar. Onlar da eynən Amerika kimidirlər, amma danışanda söz oynadır, tələbkarlıq edirlər. Həmişə hansısa tələblər irəli sürürlər. Elə bil, uzun müddət danışıqları ciddiyə almayan, öhdəliklərinə əməl etməyən biz olmuşuq. Bunu edən onlar olub. Hazırkı Amerika administrasiyasının əvvəlkindən heç bir fərqi yoxdur. Yəni bu gün onların nüvə sahəsində İrandan tələb etdikləri elə Trampın tələb etdikləri, yüksək səviyyəli dövlət rəsmilərinin də: “Mümkün deyil, məntiqli, ağlabatan deyil”, – dedikləridir. Hazırkı administrasiyaları da bu gün eyni şeyi istəyir, heç bir dəyişiklik yoxdur. İntəhası o, bir cür deyirdi, bunlar bir başqa cür deyirlər.

Amerika, həqiqətən də, diplomatiyanın səhnəarxasında yırtıcı canavardır. Zahirdə diplomatik davranır, gülümsəyir, danışır, bəzən haqqı müdafiə edirmiş kimi fikirlər səsləndirir, batində isə bir canavardır, dünyanın əksər yerlərində müşahidə etdiyimiz kimi, vəhşi və yırtıcı bir qurddur. Əlbəttə ki, bəzən canavar, bəzən isə hiyləgər tülkü olur; müxtəlif sifətlərə düşür. Bunun bir nümunəsi də hazırda Əfqanıstandakı vəziyyətdir. Əfqanıstan bizə qardaş ölkədir; dilimiz bir, dinimiz birdir, eyni mədəniyyəti paylaşırıq. Əfqanıstanın problemləri, Əfqanıstanda yaşanan müsibətlər insana, doğrudan da, ağır təsir edir. Ardıcıl olaraq baş verən o hadisələr, cümə axşamı günü baş vermiş o olay (5), o qırğınlar, o problemlər, camaatın çəkdiyi o əziyyətlər – hamısı Amerikanın işidir. 20 il ərzində Əfqanıstanı işğal altında saxladılar, o 20 ildə əfqanlara cürbəcür zülmlər etdilər, toy məclislərini, yas məclislərini bombaladılar, gənclərini öldürdülər, bir çoxlarını səbəbsiz yerə zindanlara atdılar, ölkədə narkotik istehsalını on dəfələrlə artırdılar. Bütün bunları etdilər, amma Əfqanıstanın inkişafı üçün bircə addım belə atmadılar. Bu gün Əfqanıstan mədəniyyət, quruculuq işləri və sair baxımından 20 il bundan əvvəlki ilə müqayisədə geri olmasa belə, heç irəlidə də deyil; yəni heç bir iş görməyiblər. İndi də ölkəni belə rüsvayçı bir vəziyyətdə tərk edib gedirlər; Kabil aeroportundakı o vəziyyət, o izdiham, o problemlər. Əldə etdiyimiz məlumata görə, amerikalıların özləri ilə apardıqları, yaxud ölkədən çıxarmaq istədikləri əfqanların – bu illər ərzində onlarla, necə deyərlər, əməkdaşlıq etmiş insanların – o getdikləri yerdə vəziyyəti Əfqanıstandakından da betərdir. O insanları məskunlaşdırdıqları mərkəzlərdə saysız-hesabsız problemlər var. Amerikanın vəziyyəti budur.

İstənilən halda Əfqanıstan məsələsində biz əfqan xalqının tərəfindəyik. Hökumətlər gəlir və gedir. Bu illər ərzində Əfqanıstanda müxtəlif hökumətlər iş başına gəlib. Hökumətlər bir-birini əvəzləyir, gəlir və gedir, qalan isə əfqan xalqıdır. Biz əfqan xalqının tərəfindəyik. Bizim dövlətlərə olan münasibətimiz isə onların bizə münasibətindən asılıdır. Ümidvaram, Allah-taala əfqan xalqının taleyinə xeyirli sabahlar açacaq, onları bu vəziyyətdən qurtarıb ən gözəl vəziyyətə gətirəcək, onlara və bizə öz lütf və mərhəmətini nazil edəcək, inşallah.

Dua edirəm ki, Allah-taala İran xalqına müvəffəqiyyət nəsib etsin, problem və çətinliklərini ortadan qaldırsın. Və dua edirəm ki, yeni hökumətin rəsmiləri olaraq siz qarşınızda duran işləri uğurla həyata keçirəsiniz, bütün çətinliklərin öhdəsindən gələsiniz, dediklərinizə əməl edəsiniz, xalqı problemlərdən xilas edəsiniz, camaatı özünüzdən razı salasınız, inşallah. Xalqın razılığının arxasınca Allahın da razılığı  gələcək, inşallah. Saf niyyət, xalqın xidmətində durmaq istəyi, Allaha bağlanan niyyətlər, inşallah, sizin yardımçınız olacaq. Əziz şəhidlərimizə, dahi liderimiz İmam Xomeyniyə, Haqq yolunda çalışıb-vuruşmuş bütün bəndələrə Allah rəhmət eləsin.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

____________________

(1) Hökumət həftəsi münasibətilə və 13-cü hökumət kabinetinin təşkil olunduğu ilk günlərdə baş tutan bu görüşün əvvəlində ölkə başçısı Höccətül-İslam vəl-muslimin Seyid İbrahim Rəisi çıxış etmişdir.  
(2) Nəhcül-bəlağə, 53-cü məktub
(3) Hədid surəsi, 25-ci ayə
(4) Doktor Məhəmməd Moxber