Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Ali Məqamlı Rəhbərinin İİR Ordusunun 86-cı eskadronunun ekipaj üzvləri ilə görüşü

Mərhəmətli və Bağışlayan Allahın adı ilə (1)

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفیٰ محمّد و علی آله الطّیّبین الطّاهرین المعصومین سیّما بقیّة الله فی الارضین

Siz əzizlərin hər birinə “xoş gəlmisiniz” deyirəm. Əziz qardaşlar və bacılar, İran xalqının qürur mənbəyi olan insanların övladları! İnşallah ki, hamınız müvəffəq olasınız.

Bu iclas təqdir və təşəkkür məqsədi daşıyır. Hər birinizə səmimi qəlbdən təşəkkür edirəm. Həm böyük bir işə imza ataraq Yer kürəsinin ətrafına fırlanmağı bacaran (2), ölkəmizin dənizçilik tarixində analoqu olmayan bir işi görmüş 86-cı eskadrona, həm sizin ailələriniz (ailələr haqqında daha sonra danışacağam), həm HDQ-nin komandanlarına, həm eskadronla davamlı şəkildə əlaqə yaratmaq üçün ordunun nəzdində təşkil edilmiş Zülfüqar Strateji Qərargahına (belə ki, bir neçə dəfə sorğu göndərdim, qərargahın eskadrondan tamamilə məlumatlı olduğunu öyrəndim), həm dəstək verən orqanlara (texniki qurumlara, meteoroloji qərargaha  və s.) təşəkkür edirəm. Bu böyük işin öhdəsindən gələ bilməyinizdə, 86-cı eskadronun üzvlərinin bu uğura imza ata bilməsində, bu böyük əməliyyatı Allahın izni ilə yerinə yetirə bilməyinizdə bir qrup insan iştirak etdi.

Bu münasibətlə HDQ-nin şəhidlərini, Peykan freqatının (3) gənc yaşlı fədakar şəhidlərini, habelə İslam Respublikası ordusunun şəhidlərini yad etməyi zəruri hesab edirəm. Biz hamımız onlara və onların ailələrinə borcluyuq. Mənim əzizlərim, İnqilabdan bu günə qədər sələflərinizin gördüyü işlər sizin bugünkü uğurunuza zəmin olmuşdur. Onların qədrini bilmək lazımdır. Ordu və SEPAH dənizdə çox fədakarlıqlara imza atdılar və bu fədakarlıqlar nəticə verdi. Siz onların yetişdirdiyi yamyaşıl bitkilərin çiçək açdığı güllərisiniz, siz onların əkdikləri ağacların şirin meyvələrisiniz. Bu gün biz qürurverici bir məqamda dayanmışıq. Silahlı Qüvvələrin hörmətli komandanı və eskadronun möhtərəm komandanı yaxşı açıqlamalar verdilər. Televizorda da bəzi məsələlər qeyd edildi. Amma sizin hərəkatınızın hekayəsi bununla bitmir; gördüyünüz işin, bəyan edilməsi zəruri olan, daha böyük və müfəssəl bir hekayəsi vardır. Bu məqam qürurverici məqamdır. Bu məqama biz əvvəlki səy və təlaşlarımız sayəsində nail olmuşuq.

86-cı eskadronun gördüyü böyük iş ölkəmizin dənizçilik tarixində baş vermiş ilk hadisədir. Əgər pəhləvi və qacarların rüsvayçı illərini bir kənara qoysaq, ondan əvvəl də bizim donanmamız olub, pis də olmayıb. Amma bizim əvvəl malik olduğumuzla sizin gördüyünüz iş arasında çox böyük bir məsafə var. Bu, sizin eskadronun imza atdığı böyük bir iftixardır, üç yüz əlli nəfərlik bir heyət təcrübəli və işbilən bir kapitanın rəhbərliyi ilə 65 min kilometr – bütün dünyanı bir dəfə dövrə vurmaq – su yolunu qət etməyi və təqribən səkkiz ay (yəni 232 gün) suyun üzərində qalmağı bacarıbsa, bu, çox böyük bir işdir. Dünyanın məşhur dəniz qüvvələri arasında bu işi görməyi bacaranlar azdır. Siz bacardınız, üç okeandan keçərək vətənə başıuca qayıda bildiniz. Sizin gördüyünüz iş çox mənalı bir işdir. Buna dəniz səyahəti və ya hərbi bir hadisə kimi baxmaq olmaz. Sizin işinizin dərinliyi var, mən bu dərinliyə toxunmaq istəyirəm.

Birincisi, bu böyük hərəkət göstərir ki, hərbi qüvvələrimizdə həm əzmkarlıq, həm iradə, həm də özünəinam yüksəkdir. Bu, çox mühümdür. Üç mühüm amil: əzmkarlıq göstərmək, möhkəm iradəni işin əsasına çevirmək, sonra da özünə güvənmək; yəni “Biz bacararıq”. Bu məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi hərbi bilik və layihələşdirmə qüdrətidir. Bu qəbildən olan əməliyyatların çox böyük bir hissəsini layihələşdirmə təşkil edir. Bunun sayəsində bir heyət belə bir layihəni bu şəkildə həyata keçirə bilir. Bu, çox mühümdür, o cümlədən hərbi bilik. Məsələnin başqa bir aspekti isə şücaət, qətiyyət, çətinliklərə dözüm göstərmək bacarığıdır.

Biz indi asanlıqla “səkkiz ay” deyirik. İki gün, üç gün su yolu ilə səfər edənlər səkkiz ayın nə olduğunu, bu çətinliklərə dözməyin nə qədər mühüm olduğunu anlayarlar. Baxın, sizin işiniz bu həqiqətdən xəbər verir. Bu həqiqətin hər bir cəhəti əhəmiyyətlidir. Yəni, fərz edin ki, bir hərbi heyət belə bir işi layihələşdirib, belə bir əməliyyatı həyata keçirə bilir. Bu, çox əhəmiyyətli bir məsələdir; özünə inam və özgüvən mühüm bir işdir. O cümlədən bacarıqla müşayiət olunan effektiv idarəetmə başqa bir cəhətdir. Bacarıqlı, effektiv, məharətli idarəetmə də çox önəmlidir. Əməliyyatın ön xəttində, cəbhə arxasında, qeyd etdiyim strateji qərargahı yaratmaq, SQ-in komandanının və ordu rəhbərliyinin dəniz sularında hərəkət edən heyətlə davamlı əlaqədə olması da məsələnin çox mühüm bir tərəfidir. Hesabatlarda deyildiyi kimi – özümdə qeyd götürməmişəm – amma zənnimcə, bu müddət ərzində qərargahda təqribən səksən iclas təşkil edilmişdir. Bunlar hamısı tərifəlayiq lazımlı işlərdir. Bu sadalananlar gördüyünüz işin əhəmiyyətinin bir parçasıdır. Daha sonra qeyd edəcəyimiz kimi, bu iş açıqlanmalıdır və bunun da öz yolu var.

Başqa bir məsələ ailələrin roludur. İndi bu hörmətli xanım bir neçə kəlmə söz danışdı. Amma məsələ deyilənlərdən daha böyükdür. Narahatlıqlar kiçik şey deyil. Sizin əzizləriniz səkkiz ay suyun ortasındadır, dənizdədir: narahatlıq, həyəcan, təşviş, darıxmaq, uşaqların suallarına cavab vermək. Ata və analar bir cür, həyat yoldaşları isə başqa cür narahatlıq keçirirlər. Onlar səbr etdilər, dözdülər, qürur duydular. Eskadron sahillərimizə yetişdikdə, daxil olduqda mən ailələrin videogörüntüsünü gördüm. Adam hiss edir ki, xanımlar, həyat yoldaşları, atalar, analar belə böyük işə imza atdıqları üçün gənclərlə fəxr edirlər. Bu qürur hissi çox önəmlidir. Bu qürur hissi həm sizin özünüzə, həm də başqalarına belə böyük bir işə imza atmaq motivasiyası verir. Əgər ailələr narahatlıqlarını büruzə versəydilər, narazılıqlarını bildirsəydilər, gedən adam da peşman olardı. Allaha həmd olsun ki, ailələr sınaqdan yaxşı çıxdılar, yaxşı səbr etdilər, fəxr etdilər və qürur duyduqlarını göstərdilər.

Mən elə burada əziz şəhidlərin ailələrini yad etmək və onların qarşısında baş əymək istəyirəm. Allaha həmd olsun ki, ailə üzvləriniz geri döndü, onları qucaqladınız, onları gördünüz. Şəhid ailələrinin boş qalmış yerləri isə dolmadı. Nəyimiz varsa, bu fədakarlıqlara borcluyuq. Nəyimiz varsa, bu böyüklüyə borcluyuq. Mən şəhidlərin ailələri ilə hər dəfə görüşəndə deyirəm ki, Allah sizin kölgənizi İran xalqının başı üzərindən əskik etməsin.

Bir neçə məsələ də HDQ-nin bu böyük addımı haqqında demək istəyirəm. Birincisi budur ki, sizin gerçəkləşdirdiyiniz bu iş وَ اَعِدّوا لَهُم مَا استَطَعتُم مِن قُوَّةٍ وَ مِن رِباطِ الخَیل‌“ (4)” ayəsinin bir nümunəsidir. Quran açıq şəkildə, heç bir yozuma ehtiyac duymadan “اَعِدّوا لَهُم” düşmənləriniz qarşısında, “مَا استَطَعتُم” bacardığınız qədər hazır olun göstərişi verir: “Düşmənlərin qarşısında hazır olun, hər nə qədər bacarırsınızsa”. Baxın bu, Qurandır. Bu, bir dini ehtimal, zəif bir hədis deyil, aşkar Qurandır. “وَ اَعِدّوا لَهُم مَا استَطَعتُم” – bacardığınız qədər hazırlıqlarınızı artırmalısınız. Sizin gördüyünüz bu iş bu ayənin nümunəsidir. Hazırlıqlarınızı artırın, bacarıqlarınızı göstərin. Sizin bu addımınız sizdən əvvəl həyata keçirilmiş səylərin məhsulu olsa da, özündən sonra gerçəkləşdiriləcək daha böyük işlər üçün bir qayda və zəmin oldu. Bu qorxutmanı: اِعداد“ (5)” siz gerçəkləşdirdiniz. Buna görə də birinci məsələ “وَ اَعِدّوا لَهُم مَا استَطَعتُم” ayəsinin nümunəsi olan 86-cı eskadronun hərəkətidir.

Bu işiniz silahlı qüvvələrimizin özgüvənini artırdı, hərbi bacarıqlarımızın səviyyəsini yüksəltdi, inkişafın – “Biz bacararıq” inancına əsaslanan inkişafın – əsasını təşkil edən “Biz bacararıq” inancını düşüncələrdə gücləndirdi. Düşmən də bunu gördükdə əl-ayağını yığışdırmağa məcbur olur. Təbii ki, bu, belədir. Həmin ayədə deyilir: “تُرهِبُونَ بِهِ عَدُوَّ اللَه”. Düşmənin sizin hazır olduğunuzu hiss etməsi üçün hazırlıqlarınızı artırın. Düşmənləri hücuma həvəsləndirən amillərdən biri qarşı tərəfin passiv, zəif və tərəddüd içərisində olduğunu hiss etmələridir. Bu, düşməni hərəkətə keçməyə cürətləndirir. Ancaq görəndə ki, yox, siz oyaqsınız, hazırsınız, qüdrətlisiniz, bilirsiniz, təbii olaraq hesablaşırlar.

Digər məsələ budur ki, sizin gördüyünüz bu iş dənizçilik sahəsində HDQ-nə və HQ-ə qiymətli təcrübələr bəxş etdi. Yəni Sakit okeandan keçmək kimi yeni bir təcrübələr yaratdı. Dənizçilik tariximizdə belə bir işimiz olmamışdı; çətin boğazlardan keçməmişdik. Kiçik bir işarə edildi. Bu boğazların bəzisindən keçmək çətindir, peşəkarlıq və bacarıq tələb edir. Bunu sizlər yerinə yetirdiniz. Siz heç bir hadisə baş vermədən, insidentsiz bu çətin boğazlardan keçdiniz. Evlərinizdən minlərlə kilometr uzaqlarda dənizə xas olan hadisələrlə qarşılaşdınız, müxtəlif vəziyyətlərlə üz-üzə gəldiniz, mübarizə apardınız. Yanacaq, elektrik, səhiyyə və müalicə işlərində özünütəmin təcrübəsi göstərdiniz. Yəni bu macəralarla dolu səfər boyu həm yanacaq, həm elektrik, həm enerji, həm də tibb sahəsində özünütəmin imkanına malik olduğunuzu göstərdiniz, cərrahiyyə əməliyyatı edə bildiyinizi göstərdiniz. Bunlar çox dəyərli təcrübələrdir. Mərkəzlə əlaqədə də yeni təcrübələr əldə edə bildiniz. Mühüm olan bu rabitədir. Əlaqə saxlamaq bacarığı – bu çox mühüm bir məsələdir. Bunlar sizin təcrübələriniz oldu, bunlar elmi ehtiyatlardır. Qeyd etdiklərim, bu nailiyyətlər, hamısı elmi ehtiyatlardır və universitetlərdə tədris olunmalıdır. HDQ-nin universitetlərində və bu sahəyə aid olan mərkəzlərdə bunlar dərs vəsaiti ola bilərlər.

Gördüyünüz bu işdə mövcud olan nüanslardan biri də budur ki, siz İranın beynəlxalq aləmdəki mövqeyini yüksəldə bildiniz. Demək istədiyim budur ki, bu işinizin siyasi qiyməti onun hərbi qiymətindən çox olmasa da, az da deyil. Dəniz sularında belə bir böyük hərəkətə imza atmaqla İranın bu qədər qüvvəsinin, gəncinin, elmi imkanının, belə böyük bir işi görə biləcək bacarığının olduğunu göstərməyin özü, ölkə üçün beynəlxalq səviyyəli bir sima qazandırdı. 

Sizin bu dəniz səyahətiniz bir neçə əhəmiyyətli dərsi ehtiva edir. Birinci dərsi  Allahı tanıma dərsidir. Dəniz Allahın varlığının ayələrindən biridir. Duaların birində belə oxuyuruq: یا مَن فِی البِحارِ عَجائِبُه“(6)” Dəniz yaradılış qəribəliklərinin və heyrətamizliklərinin mərkəzidir. Dənizin əzəməti, okeanların sahilsizliyi, ucsuz-bucaqsızlığı, müxtəlif gözəllikləri, bəzi yerlərdə qəzəbi, lütfkarlığı, heyrətamiz dəniz canlıları – bunlar hamısı Allahın ayələridir. Bunlar hamısı Allahın nişanələridir. Dəniz, əslində, Allahın ayələrinin bir sərgisidir. Deməli, bu dəniz səyahətinin birinci dərsi Allahı tanımadır. İnsanın Allaha olan inancı güclənir, Allahın ayələrini öz gözləri ilə görür.

İkinci dərs inqilab dərsidir. Bu dəniz səyahəti İran İslam İnqilabının qiymətini və əhəmiyyətini bizim üçün, sizin üçün, bu hadisədən xəbərdar olan hər kəs üçün işıqlandırdı. Niyə? Çünki bu biliyi, bu qüdrəti və bu özgüvəni bizə İnqilab verdi. Bu qətiyyəti, belə böyük bir işə cəsarət etməyi bizə İnqilab verdi. İnqilabdan əvvəl belə məsələlər yox idi. Utancverici pəhləvi və qacarlar dövründə bütün bu sahillər və bütün bu imkanlara baxmayaraq, dənizi tanımırdıq, dəniz qüvvələrimizin başı başqa işlərə qarışmışdı. Xoşbəxtlikdən sizlər o günləri görmədiniz. O vaxtın dəniz qüvvələrində nə baş verdiyi barədə bizə onların arasında olan insaflı və təmiz insanlar məlumat verdilər. O vaxt belə böyük işlərdən əsər-əlamət yox idi. Bunu İnqilab hədiyyə etdi, qüvvələrimizə təqdim etdi və biz bu işi görməyi bacardıq.

Deməli, ikinci dərs İnqilab dərsi oldu. İnqilab dənizi passivlikdən xilas edərək dənizçiliyi xatırlatdı.

Bu hərəkətinizin sonrakı dərsi təhlükəsizlik dərsi olmuşdur. Sizin uzaq regionlarda, Sakit və Atlantik okeanlarının ucqar nöqtələrində olmağınız ölkənin təhlükəsizliyinə kömək idi. Siz göstərdiniz ki, dəniz hamıya məxsusdur. Azad sular heç kəsin malı deyil. Bu supergüclər bacarsalar, digərlərinin əllərini okeanlardan kəsmək üçün onları da öz adlarına çıxararlar. Dünya əhalisinə aid olan məsələlərdə özününküləşdirmə supergüclərə xas olan cəhətlərdəndir, ABŞ-a xas olan xüsusiyyətlərdən biridir. Siz bunu sındırdınız. Bu səfərdə sizə qarşı düşməncəsinə hərəkətlərə yol verilsə də, hərəkətinizi başa çatdırmamağınız və ya ümumiyyətlə, pozmağınız üçün bəzi işlər görsələr də, siz onlara qalib gəldiniz. Siz sübut etdiniz ki, azad sular hamıya məxsusdur. Sizin gördüyünüz işin parlaq nəticələrindən biri azad suların hər kəsə məxsus olduğunu göstərməyiniz oldu. Siz: “Biz icazə vermərik ki, filan gəmi filan boğazdan keçsin” fikrinin böyük bir səhv olduğunu göstərdiniz. Niyə? Çünki azad sular hamıya məxsusdur, hamı keçməlidir, hamı gedib-gəlməlidir. Dəniz və hava bütün xalqlar üçün azad olmalıdır. Bütün ölkələrin gəmiçiliyi və su nəqliyyatının təhlükəsizliyi təmin edilməlidir. Bu gün amerikalılar tankerlərə hücum edir, dəniz quldurlarına kömək edirlər. Bu, onların böyük bir qanun pozuntusudur. Bizim regionda buna yol verilir. Başqa yerlərdə də, məlumatımız olduğu qədər az-çox buna yol verirlər. Bunlar beynəlxalq bir qanunun pozulmasıdır və buna göz yumulmamalıdır. Siz dənizin hamı üçün təhlükəsiz olması qanununu əməli şəkildə yerinə yetirdiniz. Bu da başqa bir dərsdir.

Qeyd etdiyim bütün bu dərslərdən və sizin bu hərəkətinizlə bağlı söylədiklərimdən bir nəticə çıxarmaq lazımdır. O da budur ki, hər kəs uğurların, müvəffəqiyyətlərin, böyük kamilliklərin, müxtəlif nailiyyətlərin, həyata keçmiş ümidlərin səy və fəaliyyətlərdən doğduğunu, çətinliklər bahasına başa gəldiyini bilməlidir. Rahatlıqla, bir guşədə oturub baxmaqla, həsrət və “ah” çəkməklə, nıqqıldamaqla heç bir iş baş vermir. Çətinliklərə dözmək, çalışmaq lazımdır. Uğur əldə etmək üçün iş görmək lazımdır. İnsanın bir dəstə adamın dırmaşdığı bir zirvəyə baxıb: “Biz orada olmaq istəyirik” deməsi kifayət etmir. Oraya çıxmaq istəyirsinizsə, bu yolda edilən hərəkətin çətinliyini özünüz üçün hamar edin. Əks təqdirdə, oraya yetişə bilməzsiniz. Bunu siz göstərdiniz. Bu, mühüm bir dərsdir.

Çıxışımın sonunda qısaca olaraq iki məsələni qeyd etmək istəyirəm. Birincisi, sizin bu səkkiz aylıq səfəriniz televiziya və kino üçün yaxşı bir material ola bilər. Sənət adamları meydana çıxsınlar. Bu müddət ərzində baş vermiş hadisələr bir neçə səhifəlik və ya bir neçə dəqiqəlik çıxışa sığacaq bir məlumat deyil. Başınıza gələn hadisələrin heç bir detalı diqqətdən qaçmamalıdır. 350 nəfər idiniz; hər birinizin hissləri, işi, düşüncəsi, fikri var idi. Hər biriniz bir iş görürdünüz, xoşunuza gələn və gəlməyənlər var idi. Bunlar ümumilikdə böyük, öyrədici və dərin məzmunlu bir hekayədir. Bu işin tanınması üçün o, bir incəsənət, film, televiziya proqramı qəlibində təqdim edilə bilər. Bundan o tərəfi artıq bu işi görəcək sənət adamlarının işidir.

Sonda qeyd etmək istədiyim və ölkənin məsul şəxslərinə aid olan məsələ dənizə diqqət məsələsidir. Biz dənizə elə də böyük əhəmiyyət vermirik. Bu gün dünya ticarətinin 90%-i dənizlər vasitəsilə həyata keçirilir. Dəniz nəqliyyatı beynəlxalq nəqliyyatın ən mühüm hissəsidir. Xoşbəxtlikdən biz də bir neçə min kilometr dəniz sərhədi olan ölkələrdənik. Ölkəmizin şimalında dəniz var, cənubunda dəniz var, okean var. Biz bundan (dənizdən) çox istifadə etməliyik. Aidiyyatı sahənin məsul şəxsləri oturub bu məsələ üzərində düşünməlidirlər, proqram, layihə işləyib hazırlamalıdırlar. Əlbəttə, bir müddət olar, bu istiqamətdə iş görülməyə başlanıb. Amma daha geniş müstəvidə hərəkət etmək lazımdır. Biz dənizdən çox istifadə etməliyik.

Ölkələr var ki, təkcə quru sahəsi ilə əhatə olunublar. Əslində, onlar bir neçə ölkə arasında həbs olunublar. Harasa getmək istədikdə həmin ölkələrdən tranzit icazəsi almalıdırlar. Dənizləri yoxdur. Mənim prezident olduğum vaxt konvensiyaların birində dövlət başçılarından biri bizimlə görüşmək istəyirdi. Gəlib yanımda oturdu. Verdiyi birinci sual bu oldu:

- Sizin dəniziniz varmı? 

- Bəli, – deyə cavab verdim. Yaxşı ki, dəniz varımızdır. Həmd olsun Allaha, həm də çoxdur. 

- Xoş halınıza, bizim yoxumuzdur, – dedi.

Problemi bu idi. Dilə gətirdiyi birinci problem dənizlərinin olmaması, dənizin olub-olmaması məsələsi idi. Həqiqətən də, belədir. Dənizdən istifadə etmək lazımdır. Biz müxtəlif və uzun dəniz sərhədlərindən istifadə etməli, milli maraqlar üçün bu məsələ üzərində işləməliyik.

Bu il Həzrət Bəqiyyətullahın (ruhumuz ona fəda) diqqətləri sayəsində məhərrəm izdihamlı və şövqlə keçdi. Düşmənlər məhərrəmin sönük keçirilməsinə çalışırdılar. Amma onların istədiklərinin tam əksi baş verdi. Bu ilin “Aşura ongünlüyü” əvvəlki illərin Aşura ongünlüklərindən daha izdihamlı, daha dinamik, canlı və faydalı oldu. Allahın işi belədir. Allah üçün görülən, İlahi məqsədlər istiqamətində olan işə Uca Allah yardım göstərir.

Ümidvaram, inşallah həmişə müvəffəq, başıuca olacaqsınız. Siz, sözün əsl mənasında, mənim övladlarımsınız. Sizə dua edirəm. Ümidvaram, inşallah həyatın bütün hadisələrində, həyatın böyük sınaqlarında bu imtahanda olduğu kimi müvəffəqiyyət əldə edəcəksiniz.

Allahın salamı, bərəkəti və rəhməti üzərinizə olsun!

_______________________

1. Bu görüşün əvvəlində İran İslam Respublikasının HDQ-nin komandanı admiral Şəhram İrani, İran İslam Respublikasının HDQ-nin 86-cı eskadronunun komandanı ikinci dərəcəli admiral Fəttahi və eskadron heyətinin üzvlərindən birinin həyat yoldaşı çıxış etdi.
2. İran İslam Respublikasının HDQ-nin 86-cı eskadronu 09 mehr 1401-ci il tarixində öz səfərinə başladı və Yer kürəsinin ətrafına 65 min kilometr məsafə qət etdikdən sonra 30 ordibehişt 1402-ci il tarixində Bəndər Abbas limanına yan aldı.
3. Peykan freqatı 07 azər 1359-cu il tarixində “Mirvarid əməliyyatı” adlı bir əməliyyatda İraqın dəniz təchizatı və HDQ-nə böyük bir xəsarət yetirmiş, nəhayət, vurulmuş və ekipaj üzvləri şəhid olmuşdular.
4. Ənfal surəsi, 60-cı ayənin bir hissəsi: “Düşməninizi qorxutmaq üçün düşmənlərə qarşı ixtiyarınızda olan bütün qüvvələri və döyüş atlarını hazır vəziyyətə gətirin”. 
5. Hazırlamaq, hazır etmək.
6. Zadul-məad, s. 437, Cövşən-kəbir duası: “Ey dənizləri qəribəliklərlə dolu olan varlıq!”