Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İmam Xomeyninin (r.ə) vəfatının 36-cı ildönümü mərasimində etdiyi çıxış

Rəhman və Rəhim Allahın adı ilə. (1)

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz, qəlbimizin dostu və canımızın təbibi Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak, hidayət edən və hidayət olunan, məsum və əziz tutulan Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

Hər şeydən əvvəl İmam Xomeyninin (r.ə) pak ruhuna salavat göndərir, ibadət və zikr zamanı olan bu günlərdə Allah-Taaladan o böyük insana dərgahında ən ali dərəcələri nəsib etməsini diləyirəm. Sabah Ərəfə günüdür, Uca Yaradana dua, diqqət, zikr, təslimiyyət və təvəssülün baharıdır. İnşallah, hamımız bu fürsətdən yararlanmalıyıq. Mən xüsusilə gənclərə üzümü tutub deyirəm ki, Ərəfə gününün yaratdığı fürsətdən maksimum dərəcədə faydalansınlar; dua etsinlər, təvəssül etsinlər, diləklərini, ehtiyaclarını, hədəflərini Allah-Taalaya açıb desinlər, Yaradandan kömək və hidayət istəsinlər. Həmçinin xüsusilə gənclərə tövsiyə edirəm ki, Ərəfə günü İmam Hüseynin (ə) çox yüksək mənəvi hal və ilahi eşq ifadə edən duasından əlavə, İmam Səccadın (ə) duasını da oxusunlar; Səhifeyi-Səccadiyyənin 47-ci duasıdır. Əlbəttə, həcmcə böyük bir duadır; bacardığınız qədər, dua halətində ola bildiyiniz qədər oxuyun. Lazım deyil ki, insan vaxtı, halı, yaxud imkanı olmadığı halda, duanı axıra qədər oxusun.

Bugünkü çıxışımda mən əvvəlcə dahi İmam Xomeyni (r.ə) barədə danışmağa hazırlaşıram, ardınca isə milli əhəmiyyətli bir məsələ haqda müəyyən məqamları qısaca qeyd edəcəyəm;  düşünürəm ki, onları bilmək xalqımız üçün, inşallah, faydalı olacaq. Söhbətə buradan başlamaq istəyirəm ki, ölkəmizin, əlhəmdulillah, günbəgün çiçəklənməkdə, sabitləşməkdə, iqtidar əldə etməkdə olan siyasi sistemi böyük bir inqilabın nəticəsi olaraq ərsəyə gəlib. Həmin inqilabın lideri, banisi, o inqilab nəticəsində qurulmuş İslam dövlətinin memarı dahi bir şəxsiyyətdir. Bu gün onun vəfatından 30 ildən çox vaxt keçdiyinə baxmayaraq, beynəlxalq arenada varlığı hələ də hiss olunur, şəxsiyyətinin, həyata keçirdiyi inqilabın böyük təsiri müasir dünyada açıq-aydın müşahidə olunur: onun inqilabı qütbləşmiş qlobal düzənə hələ də öz təsirini göstərir. Onun inqilabının böyük dövlətlərin süqutuna təsiri var, Amerikanın dünyada öz mövqe və nüfuzunu kəskin surətdə itirməsinə təsiri var, bu gün dünyada sionizmə qarşı genişmiqyaslı nifrətin açıq-aşkar müşahidə olunmasına təsiri var; əksər xalqların, xüsusilə də gənclərin Qərb dəyərlərini çəkinmədən rədd etməsinə də təsiri var.  Bu gün Qərb dünyasında, Avropada, hətta Amerikada və onlardan asılı olan ölkələrdə Qərb dəyərlərindən cana doyma tendensiyası müşahidə olunur. Bütün bu sadaladıqlarımda görkəmli liderimiz İmam Xomeyninin rəhbərliyi ilə İran xalqının həyata keçirdiyi inqilabın mütləq şəkildə böyük rolu və təsiri olmuşdur. Dahi İmam Xomeyni xalqın köməyi ilə bax belə bir inqilab ərsəyə gətirmişdir.

Qəfil yaxalandılar; duyuq düşməmişdilər, güman etmirdilər ki, bir ruhani təkbaşına, hazırlıqsız, ixtiyarında elə bir diqqətəlayiq həcmdə maliyyə resursları olmadan xalqı meydanlara çəkib gətirə bilər. Bu ehtimal, bu güman Qərbdə heç kəsin ağlına gəlməmişdi.  İran İslam İnqilabı Qərb dünyasını qəfil yaxaladı! Ehtimal etmirdilər ki, bu xalq bir din aliminin liderliyi və istiqamətləndirməsi ilə əliyalın şəkildə təpədən-dırnağa silahlanmış hakim rejimə qalib gələ bilər; özü də elə bir rejimə ki, Şərqdən Qərbə qədər dünyanın bütün super-gücləri tərəfindən himayə olunurdu. Gümanlarına belə gəlmirdi ki, belə bir rejim xalqın inqilabı ilə süquta uğrayar. Ehtimal etmirdilər ki, bu inqilab, bu lider ölkədə uzun illər boyu özünə yer edib hər bir sahədə ağalıq edən amerikalıları və sionistləri süpürüb ata bilər, ölkədə onlardan heç bir əsər-əlamət qalmaz.

Onları növbəti dəfə qəfil yaxalayan isə İslam Respublikasının təşkil edilməsi oldu. İnqilabdan sonra hakimiyyətə sazişçi bir hökumət gəlmiş olsaydı – necə ki, əvvəldə Qərblə sazişə gedən bir hökumətin hakimiyyətə gətirilməsi cəhdləri müşahidə olunmuşdu – qərblilər İranda yenidən nüfuz əldə edib qanunsuz mənafeyini təmin edə biləcəklərinə ümidlənərdilər. Lakin İmam Xomeyni ölkədə hakimiyyətin islami əsaslar üzərində qurulacağı ilə bağlı birbaşa və aydın mövqe ortaya qoydu. Yəni İmam Xomeyni bu inqilab nəticəsində ərsəyə gələcək dövlətin məhz dini, islami əsaslara söykənəcəyini sözdə və əməldə açıq surətdə elan etdi. Məkrli planlar da elə buradan başladı. Qərblilər inqilabın, xalqımızın hansı yöndə irəlilədiyini hiss edəndən sonra düşmənin məkrli planları, təxribat cəhdləri, əziz xalqımız və vətənimiz üçün hazırlanan destruktiv layihələri işə düşdü.

Şəxsən mən son 2-3 əsrdə baş vermiş inqilabların tarixində ikinci belə bir inqilabi dövlət tanımıram ki, bir bu qədər ədavətlə, düşmənlərin məkrli təxribatçı planları ilə üzləşmiş olsun. Özunuz baxın, inqilabın əvvəlində hər yola əl atdılar: etnik nifrəti qızışdırmaq istədilər,  solçuları silahlandırmağa cəhd göstərdilər – İranda solçu meyilli qruplar az-çox var idi; onları silahlandırıb universitetlərdə yerləşdirmək istəyirdilər ki, vaxtı gələndə dövlətə qarşı istifadə etsinlər – Səddam Hüseyn kimi qaniçən canavara himayədarlıq edib onu sərhədlərimizə hücum etməyə təhrik və təşviq etdilər, hədəfli terrorlar həyata keçirdilər, Şəhid Mütəhhərini terror etdilər, Şəhid Beheştini, Şəhid Müfəttihi, Şəhid Rəcayini, mehrab şəhidlərini (2) aradan götürdülər, bu da kifayət etmədi, nüvə alimlərimizi, fəal inqilabçı gənclərimizi terrora qurban etdilər. Baxın, bütün bunlar İranda İslam İnqilabı nəticəsində qurulmuş dövlətin əleyhinə həyata keçirilmiş təxribat layihələridir.  Ondan sonra da kompleks sanksiyalar, amerikalıların Təbəsə hücumu kimi birbaşa hücumlar – məşhur bir hadisədir (3) və möcüzəvi bir şəkildə nəticələnmişdi – sərnişin təyyarəsinin səmada vurularaq yerə salınması (4) və digər bu qəbildən olan işlər; inqilabın əvvəlindən etibarən İslam İnqilabı nəticəsində qurulmuş dövlətə qarşı bu cür işlər başladı və əlbəttə ki, bu günə qədər də davam edir. Zənnimcə, tarix boyu dünyaca tanınan heç bir inqilab bir bu qədər növbənöv, kəskin, xəbis mahiyyətli plan və layihələrlə üzbəüz qalmayıb.

Bu məkrli layihələri kim həyata keçirirdi? Biri var bunu hansısa terror qruplaşmaları edə; amma İranda belə deyildi. Bütün bu xəbis, məkrli planlar imperialist dövlətlər, xüsusən də Amerika və İsrail tərəfindən, eləcə də Amerikanın CİA-sı, İngiltərənin Mİ 6-sı, İsrailin  MOSAD-ı kimi dünyaca məşhur casus təşkilatlarının vasitəsi ilə həyata keçirilirdi.

İslam dövləti, İslam Respublikası bütün bu məkrli plan və düşmənçiliklərin qarşısında duruş gətirib hamısını neytrallaşdırdı. Hesablasanız, dövlətimiz, bəlkə, minə yaxın məkrli planı neytrallaşdırıb, bəzilərinin də layiqli cavabını verib. Mühüm olan budur ki, onlar bu planları İslam Respublikasını zəiflətmək məqsədilə işə salırdılar, İslam Respublikası isə nəinki zəifləmədi, hətta bəlkə, güc və potensialı günbəgün daha da artdı. İslam Respublikasının növbənöv imkanları nəinki təkcə ölkə daxilində, hətta bəlkə ölkə sərhədlərindən kənarda da genişləndi. Elə bu məqamdaca mən İran xalqının diqqətinə çatdırmaq istəyirəm və qoy İranla maraqlanan hər kəs də bilsin ki, biz bundan sonra da, Allahın köməyi ilə, milli iqtidarımızı bacardığımız qədər artıracağıq. 

Bu yerdə mən lazımlı bir məqamı qeyd etmək istəyirəm, ardınca nəzərdə tutduğum əsas mövzuya keçəcəyəm. Həmin lazımlı məqam bundan ibarətdir ki, dünyanın hər yerində ictimai qiyamlar adətən emosiyaların köməyi ilə ərsəyə gəlir. Emosiyalar ictimai qiyamların formalaşmasına və qələbə qazanmasına yardımçı olur. O emosiyaların arxasında hansısa ideya və rasional düşüncə dursa belə, bir qayda olaraq o rasional baza həmin emosiyalardan doğan fikir və mühakimələrin arasında itib-batır, arxa plana keçir, əksər hallarda emosiyalar qiyamların rasional hədəflərini öz təsiri altına salır. Bəs nəticədə nə olur? Nəticədə emosiyalar sakitləşib yatışdığı zaman həmin inqilab uğrunda ərsəyə gəldiyi ilkin hərəkət kursunu dəyişir. O qiyamın arxasında duran rasional düşüncə öz təsir gücünü itirib arxa plana keçdiyi üçün hərəkət kursu dəyişir. Tarixdə bunun çoxsaylı nümunələri var. Məsələn, 18-ci əsr Fransa inqilabı Burbonlar sülaləsinin mütləq monarxiyasının devrilməsi naminə meydana gəlmişdi, lakin inqilab qələbə çaldıqdan, hətta kral və arvadı qətlə yetirildikdən sonra xalq arasında müxtəlif emosiyalar elə bir formada üstünlüyü ələ keçirdi ki, camaat nə üçün qiyam etdiyini, nəyin uğrunda mübarizə apardığını, nə məqsədlə meydanlara çıxdığını yaddan çıxardı. Təxminən 15 il sonra Fransada Napoleon imperiyası yarandı, o gedəndən sonra isə inqilabın taxtdan saldığı sülalə yenidən hakimiyyətə gəldi və monarxiyaya qarşı mübarizə aparan Fransa 70-80 il monarxiyanın hakimiyyəti altında yaşadı. Yəni o inqilabın arxasında duran ideoloji baza bütünlüklə aradan getdi. Bunu dünyanın, demək olar, bütün, yaxud əksər inqilablarında müşahidə etmək mümkündür.

Mənim əsas demək istədiyim budur ki, İmam Xomeyni İslam İnqilabını bu məhvedici bəladan qorudu, bu baxımdan ona toxunulmazlıq qazandırdı. Dahi İmam Xomeyni ilahi tədbir əsasında, Allaha və qeybə imandan doğan rasionallığı sayəsində elə etdi ki, bu bəla İslam İnqilabını haqlamasın. Yəni o elə etdi ki, emosiyalar – bəli, bizim inqilabımız da qızğın emosiyalarla müşayiət olunurdu – inqilabı öz ilkin, əsas və düzgün kursundan yayındıra bilməsin, xalqın hərəkat istiqaməti dəyişməsin, xalq o yoldan uzaq düşməsin.

İmam (r.ə) nə etdi? İmamın rasionallığının, yəni İmamın o işi həyata keçirməsinə səbəb olan rasional düşüncənin iki əsas dayağı var idi: birincisi, “vilayəti-fəqih”, ikincisi, milli istiqlal. Mən İmamın (r.ə) mübarək düşüncəsində yer alan, çıxışlarında dönə-dönə təkrarlanan o ideyanı “milli istiqlal” ifadəsi ilə formula edirəm. Düşündüyüm zaman bundan daha münasib bir ifadə tapa bilmirəm.

“Vilayəti-fəqih” barədə çox izah edilib, indi burada bu mövzuya girmək istəmirəm. “Vilayəti-fəqih” bu inqilabın dini aspektini qoruyub saxladı. “Vilayəti-fəqih” olmasaydı, dini stimulla, Allaha imandan doğan fədakarlıq əsasında ərsəyə gəlmiş bu inqilab din yolundan sapardı. Məhz buna görə də birinci dayaq “vilayəti-fəqih” idi. Bu, dahi İmam Xomeyninin rasional düşüncəsidir; ümumxalq hərəkatının arxasında duran, onu irəli aparan, yol göstərən rasional düşüncədir. “Vilayəti-fəqih” haqda bundan artıq danışmaq istəmirəm.

İkinci dayaq “milli istiqlaldır”. İmamın (r.ə) çıxışlarında tez-tez təkrarlanan, onun dönə-dönə vurğuladığı tezislərin əksəriyyəti “milli istiqlal” anlayışının içərisinə daxildir. Əlbəttə, istiqlal ətraf mühitlə, dünya ilə əlaqəni kəsmək demək deyil. Bəziləri bu kimi düşüncələrlə: “Biz özümüzü dünyadan təcrid etmişik”, – deməsinlər. İstiqlal, müstəqillik heç kimlə əlaqəsi olmamaq demək deyil. Müstəqillik o deməkdir ki, İran ölkəsi, İran xalqı öz ayaqları üstündə dura, ona-buna arxalanmaya, öz yolunu özü müəyyən edə, qərarlarını özü verə, öz işini də özü görə. “Milli istiqlal”ın mənası budur. “Milli istiqlal” o deməkdir ki, oturub Amerika və onun kimilərinin bizə yaşıl işıq yandırmalarını gözləməyək. Amerika və onun kimilərinin qarşımızda qırmızı işıq yandıracaqlarından nigaran olmayaq. Yolunu müəyyən edən də, qərarını verən də, lazım gəldikdə addım atan da İran xalqı özüdür. Başqaları, super-güclər, Amerika, digərləri istər razı olsunlar, istər olmasınlar, əhəmiyyətli deyil. Müstəqilliyin mənası budur. Dedik ki, bu milli istiqlal məfhumu İmam Xomeyninin çıxışlarında dönə-dönə yer alan tezisləri özündə ehtiva edir. Mən onlardan bir neçəsini qeyd etmək istəyirəm. 

Onlardan biri “Biz bacaracağıq!” prinsipidir. İmam (r.ə) bizə bacaracağımızı deməyi və buna inanmağı öyrətdi. Əvvəlki rejimdə bizə həmişə bunu demiş və buna inandırmışdılar ki, biz heç vaxt bacarmayacağıq, əlimizdən heç nə gəlmir. Bizim üçün mütləq başqaları nəsə etməlidir. İmam (r.ə) İran xalqının milli kimliyinə bu ideyanın 180 dərəcə əksini – “Biz bacaracağıq!” prinsipini aşıladı; yəni İran xalqında, İran gənclərində özünəinamı oyatdı. Elə bu məqamdaca onu deyim ki, bu “Biz bacaracağıq” düşüncəsi son dərəcə əhəmiyyətlidir. O qədər əhəmiyyətlidir ki, onu inkar etmək üçün layihələr hazırlayırlar. Bu son nüvə məsələlərində, Omanın vasitəçiliyi ilə keçirilən nüvə danışıqlarında Amerikalıların hazırladığı plan “Biz bacaracağıq!” ideyasının yüzdə-yüz əksinədir. İmam (r.ə) bizim gənclərimizdə, siyasətçilərimizdə özünəinam oyatdı. Onlar: “Biz bacararıq!” dedilər. Yaşadıq, gördük ki, həqiqətən də, bacarırlar. Bu illər ərzində hökumətlərin ölkənin quruculuğu istiqamətində gördüyü bu böyük işlər, bu elmi-texnoloji tərəqqi, ölkəmizin müdafiə gücü – vaxtilə biz bütün bunların reallaşa biləcəyinə inanmırdıq. Mümkün olmayacağını deyənlər də var idi, amma yaşadıq, sınadıq, gördük ki, xeyr, İran xalqı bacarır, biz bacarırıq. Bu, İmamın (r.ə) çıxışlarında dönə-dönə vurğulanan “milli istiqlal” tezisinin mühüm prinsiplərindən biridir.

Növbəti prinsip “müqavimət” prinsipidir. “Müqavimət”  odur ki, super-güclərin tələbləri qarşısında əyilməyəsən. Öz düşüncə və inancına uyğun olaraq, lazım bildiyini, inandığını, yaxud qadağan bildiyini edəsən, düşmənin iradəsi, məcburiyyəti, hegemonluğu qarşısında əyilməyəsən. Müqavimətin mənası budur. Milli istiqlalın tərkib elementlərindən biri də elə müqavimətdir.

Digər bir mühüm prinsip ölkənin müdafiə gücünün artırılmasıdır. İnqilabın əvvəllərində bizim müdafiə imkanlarımız məhdud idi, müdafiə sənayemizdə istehsal, demək olar, sıfıra bərabər idi. İstehsalımızın həcmi sıfır səviyyəsində idi. İmam (r.ə) bizə müdafiə gücümüzü artırmalı olduğumuzu öyrətdi. O vaxt gənc mütəxəssislərimiz müəyyən parametrlərə malik olan tank əleyhinə raket düzəldirdilər. Mən gedib bu barədə İmama (r.ə)  məlumat vermişdim. Mütəxəssislər o raketin nə vaxta hazır olacağını da demişdilər, mən də İmama (r.ə) dəqiq vaxt demişdim. İmam (r.ə) o qədər sevinmişdi ki, mən az-az hallarda onun simasında elə sevinc görmüşdüm! O bizi daim ölkənin müdafiə gücünü artırmağa təşviq edirdi. Nəticədə nə oldu? Nəticədə bu gün dünya ölkələrinin müdafiə gücünü dəyərləndirən mərkəzlər İranın müdafiə imkanları baxımından müəyyən sahələrdə regionda birinci olduğu qənaətinə gəlirlər. Yaxud təəccüblənirlər ki, sanksiyalara rəğmən, İran, misal üçün, kosmosa süni peyk göndərə bilir və s. İmamın (r.ə) çıxışlarında daim rast gəldiyimiz tövsiyələrdən biri də məhz ölkənin müdafiə gücünün durmadan artırılması ilə bağlıdır. 

Digər bir prinsip “maarifləndirmə” prinsipidir. İmam (r.ə) bunun vacibliyinə qəti surətdə inanırdı. “Maarifləndirmə” insanların bilməli olduğu məsələləri ictimaiyyətə uyğun dillə açıqlamaq deməkdir. İmam (r.ə) özü hərəkatın başladığı gündən – 1341-ci ildən etibarən – ömrünün son ilinə qədər xalqla söhbətlər etdi, hər şeyi camaata açıqladı. Mübarək ömrünün son ilində qələmə alınanlar ondan geri qalan ən dəyərli yazılı mirasdır; onların arasında xalqa, teoloji mərkəzlərə, din alimlərinə, universitetlərin tələbə-müəllim kollektivinə xitab edən çox dəyərli fikirlər var. Bir məqamı qeyd etməyim yerinə düşər ki, İmam (r.ə) xalqı maarifləndirdiyi zaman təkcə emosiyaları təhrik etmirdi. Həm emosiyaları oyandırır, həm də arqument gətirərək düşüncələri qane edirdi. Düşüncələrin tələbinə cavab verirdi! Həm qəlblər, həm də beyinlərlə danışırdı. Maarifləndirməni bu şəkildə etməyi bacarırdı. İmamın (r.ə) fəaliyyətinin əsas sütunu olan “milli istiqlal” tezisinin özündə ehtiva etdiyi prinsiplərdən biri də məhz maarifləndirmə, aydınlatmadır.

Digər bir prinsip “möhkəmlik” prinsipidir. Möhkəmlik bir qədər əvvəl qeyd etdiyim müqavimətdən fərqlidir. Möhkəmlik tutduğun yola mətanətlə davam etmək, doğru yoldan sapmamaq, ardıcıl surətdə irəliləmək deməkdir. Möhkəmliyin mənası budur.

Milli istiqlal bu və bəzi digər prinsiplərin məcmusudur. İmam (r.ə) İran xalqının milli kimliyinə bu prinsipləri aşıladı; xalqı, zehinləri, qəlbləri, gəncləri onlarla tanış etdi. Bu gün bizim gənclərimiz “özünəinam”, “Biz bacaracağıq!”, “müqavimət”, “yola ardıcıl davam etmək” kimi anlayışlarla tanışdırlar; beyinlər və qəlblər bunların nə demək olduğunu bilir. Bunu edən İmam Xomeyni olub, məhz elə buna görə də inqilabın mahiyyəti qorunub saxlanıb. İslam İnqilabını və onun nəticəsində ərsəyə gəlmiş dövləti öz ilkin hədəflərində, ən başda müəyyən edilmiş hərəkət kursunda qoruyub saxlayan da məhz İmamın (r.ə) bu rasional düşüncəsi oldu.

Bu gün bəzilərinin rasionallıqdan danışdığını, rasionallıq adı çəkdiyini görürük, amma “rasionallıq” deyəndə, onlar Amerikaya baş əyməyi nəzərdə tuturlar. Bunun rasionallıq olduğunu deyirlər! İstəyirlər ki, biz hegemon bir dövlətə təslim olaq. Bunu rasionallıq bilirlər! Lakin bu, rasionallıq deyil! Əsl rasionallıq İmamınkıdır. Məhz o rasionallıq bu xalqı irəli apardı, gücləndirdi, qüdrətli etdi, bütün dünyada ona nüfuz qazandırdı, qarşısında işıqlı bir gələcək açdı. İnşallah, ölkəmiz İmam Xomeyni tərəfindən əsası qoyulmuş bu rasionallıqla tərəqqi, dayanıqlı sabitlik və ictimai rifaha çata biləcək, həmçinin beynəlxalq arenada daha da yüksələcək. İmam Xomeyni (r.ə) barədə bu qədər.

Milli əhəmiyyətli bir məsələyə də toxunmaq istərdim; nüvə məsələsinə. Mən İran xalqına açıqlama vermək məqsədilə nüvə məsələsi ilə bağlı bir neçə cümlə demək istəyirəm. Əzizlərim! İran öz gənclərinin zəkası, elm adamlarının səy və çalışqanlığı sayəsində tam nüvə enerjisi tsiklinə sahib ola bilib. Yəni bu gün biz nüvə enerjisinin istehsalını uran filizindən başlamış elektrik stansiyasına qədər həyata keçirmək gücündəyik. Bu işi bizim gənclərimiz, alimlərimiz görüb. Hazırda dünyada bunu bacaran ölkələrin sayı, demək olar, 10-dan azdır. İran xalqı buna nail olmağı bacarıb.

Əvvəlcə bir şeyi qeyd edim: nüvə sənayesi yalnız enerji istehsalı üçün deyil. Bəziləri elə bilirlər ki, nüvə sənayesi təkcə saf və ucuz enerji istehsalı üçündür – əlbəttə ki, bu da var – nüvə sənayesindən yalnız bu əldə olunur; lakin belə deyil. Bu, nüvə sənayesinin yaratdığı imkanlardan yalnız cüzi bir hissəsidir. Nüvə sənayesi bir ana sənayedir; ana sənaye. Mütəxəssislər, bu işin biliciləri mənə bu məsələni ətraflı izah ediblər, ümidvaram, xalqımıza da daha çox izah edərlər. Nüvə sənayesindən çoxsaylı elm sahələri, o cümlədən dəqiq və həssas texnoloji sahələr, tibbi avadanlıqlar, aerokosmos, dəqiq sensorlar, elektron avadanlıqlar bəhrələnir. Bütün bu sahələr nüvə sənayesi ilə bağlıdır, ondan təsirlənir. O cümlədən atom fizikası, enerji mühəndisliyi, material mühəndisliyi kimi fundamental və mühəndislik elmləri; o cümlədən diaqnostika və müalicə mərhələlərinə aid tibbi və əczaçılıq tətbiqləri – bütün bunlar nüvə sənayesindən bəhrələnir. Nüvə sənayesi bəzi ağır xəstəliklərin müalicəsində ilk sözü deyir; istər diaqnostikasında, istərsə də müalicəsində. O cümlədən kənd təsərrüfatı və ekologiya ilə bağlı sənaye sahələri; bir sıra bu qəbildən olan sferalar mövcuddur ki, nüvə sənayesinə bağlıdır, yaxud ondan əhəmiyyətli dərəcədə təsirlənir. Nüvə sənayesi bir ana sənayedir, əsas sənaye sahəsidir. 

Nüvə sənayesində açar mövqeyə malik olan bir məqam var – zənginləşdirmə; uranın zənginləşdirilməsi. Düşmənlərimiz məhz bu uranın zənginləşdirilməsi məsələsini önə çəkiblər, bu məsələnin üzərinə barmaq qoyublar. Bütün möhtəşəmliyinə rəğmən zənginləşdirmə potensialı olmadan, nüvə sənayesinin heç bir faydası yoxdur, belə ki,  atom elektrik stansiyalarımızı işlədəcək yanacaq üçün başqalarına əl açmalı olacağıq. Bu ona bənzəyir ki, ölkənizdə neft ola, amma onu emaldan keçirib benzin istehsal etmək üçün zavod qurmağa ixtiyarınız olmaya. Neftiniz var, amma benzini başqasından almalısınız! O ölkə də istəsə, sizə benzin satır, ürəyi istəyən qiymətə satır,  istəməsə də satmır. Bəhanə gətirib satmır: “Filan işi görməsən, sənə benzin satmayacağam”, – deyir. Onların məqsədi budur. Bizim yüz AES-imiz olsa belə, uranı zənginləşdirə bilməsək, o AES-lər heç bir işimizə yaramayacaq. Ona görə ki, AES-in işləməsi üçün yanacağa ehtiyac var, o yanacağı ölkəmizin daxilində istehsal edə bilməsək, Amerikaya əl açmalı olacağıq. O da nüvə yanacağını bizə vermək üçün, ola bilsin, qarşımıza onlarla şərt qoyacaq. Başımıza gəlib, görmüşük. 80-ci illərdə 20 faizlik yanacağa görə Amerika prezidenti özü (5) bizə dost iki ölkənin başçısını vasitəçi salmışdı ki, İran bizə 3.5 faiz zənginləşmədən bir qədər versin, biz də ona lazım olan 20 faizliyi verək. Bizim 20 faiz zənginləşmiş urana ehtiyacımız olduğu üçün rəsmilərimiz bu şərti qəbul etdilər, barter etmək qərara alındı. Mən demişdim ki, onlar 20 faizliyi Bəndər-Abbasa gətirsinlər, biz yoxlayaq, görək, hər şey qaydasındadırsa, barter baş tutsun, 3.5 faizliyi verib 20-ni götürək. Elə ki, gördülər biz 20 faizliyin üzərində diqqətlə dayanmışıq, sözlərindən dönüb vermədilər!  Əlbəttə, bütün bu proseslərlə paralel olaraq, rəsmilərimiz bu məsələ ilə bağlı siyasi çəkişmələrlə məşğul olduğu əsnada alimlərimiz özləri ölkə daxilində 20 faiz zənginləşdirməyə nail oldular.

Amerikalıların birinci sözü budur ki, sizdə ümumiyyətlə nüvə sənayesi olmasın, İran nüvə sənayesinə sahib olmasın, radiodərmanlara görə bizə möhtac olun, nüvə enerjisinə görə bizə möhtac olun, suyun duzsuzlaşdırılmasında bizə möhtac olun, onlarla digər mühüm sahədə bizdən asılı qalın, İran heç bir şəkildə özü nüvə sənayesi yaratmasın. İranda yetişmiş minlərlə alim və tədqiqatçının hamısını – hazırda ölkəmizdə məhz o illərdə yetişdirilmiş minlərlə gənc nüvə alimi var – biz məyus etməli, işsiz qoymalı, öz ölkəmizin gələcəyinə ümidsiz etməliyik. Amerikalıların istədiyi budur, dediyi budur, bizdən bunu tələb edirlər. Amerikanın üzlü, həyasız başçıları müxtəlif ifadə üsulları ilə məhz bu istəyi irəli sürürlər. Onlar İranın inkişafının, İran xalqının özünütəminetməsinin əleyhinədirlər.

Mən bunları ona görə deyirəm ki, əziz xalqımız məsələnin mahiyyətindən müəyyən qədər məlumatlı olsun. Əlbəttə, bu mövzular xalqa daha çox açıqlanmalıdır. Bizim hay-küy salıb cəfəngiyyat danışan tədbirsiz Amerika dövlətinə hansı cavabı verəcəyimiz bəllidir. Məlumdur ki, biz nə cavab verəcəyik. Bir neçə il bundan əvvəl bir gün Amerika prezidentlərindən biri (6) demişdi ki, əlimdə olsaydı, İranın nüvə sənayesini ən xırda detallarına qədər söküb məhv edərdim. Əlbəttə, bunu deməklə özü etiraf etmişdi ki, əlində deyil, bacarmır, bunu edə bilmir. O gündən bu günə ölkəmizin nüvə sənayesinin detalları nəinki boşalmayıb, əksinə, daha da möhkəmlənib. O, dili ilə demişdi ki, detalları açıb boşalda bilmir. Demişdi ki, əlimdə deyil, bacarsaydım, edərdim. Qoy bu gün iş başında olanlar – Amerika və sionistlər də bilsinlər ki, bu mövzuda heç bir qələt edə bilməyəcəklər. Əlbəttə, bu sözləri deməzdən, bu açıqlamaları verməzdən qabaq bizim nüvə məsələsi ilə bağlı Amerika və digərlərinə əvvəlcə belə deyirik ki, siz kimsiniz? Nəyə görə bizim işimizə qarışıb: “İranda uranın zənginləşdirilməsi olmalıdır”, yaxud “Olmamalıdır”, – deyirsiniz? Sizə nə? Sizin nüvə imkanlarınız var, nüvə silahınız var, dünyanı yerlə yeksan etmək ixtiyarına maliksiniz, sizə nə İran xalqı uranı zənginləşdirir, ya zənginləşdirmir, nüvə sənayesi var, ya yoxdur? İran xalqı ixtiyarı öz əlində olan bir xalqdır. Sizə heç bir aidiyyəti yoxdur; siz nəkarəsiniz? Siz hansı hüquqi mövqedən çıxış edərək bu sözləri danışırsınız? Bizim dediyimiz budur. Nüvə məsələsi barədə də bu qədər. 

Və son olaraq İsrail rejiminin Qəzzada törətdiyi tükürpədici cinayətlərə toxunmaq istəyirəm. Doğrudan da, inanılmazdır! Onların bu cür cinayətkar planlar qurduğuna inanmaq olmur. Baxın, əvvəllər bunlar bir bomba atırdılar, bir-iki evə dağılırdı, 10-15 nəfər şəhid olurdu. Gördülər ki, yox, bu azdır. İndi nə edirlər? İndi “Yemək paylama” adı altında bir məntəqə düzəldirlər – Qəzzaya ərzaq daxil olmur axı – insanlar yemək payı almaq üçün o yerə axışırlar, bunlar da avtomatdan ardıcıl atəş açmaqla bomba ilə tələf etdiklərindən 10 qat çox insan qətlə yetirirlər. İnsan öldürmək onlara baha başa gəlirdi, daha ucuz yolunu tapıblar.  Əvvəl bomba sərf etməli idilər, indi güllə ilə işlərini görürlər. İnanılmazdır! Bu cinayət, həqiqətən də, insanı heyrətə gətirir. İnsan nə qədər alçaq, nə qədər xəbis, nə qədər mənfur və şər xislətli olmalıdır ki,  belə bir işi görə bilə! Əlbəttə ki, bu cinayətə Amerika da şərikdir, bunda Amerikanın da əli var. Məhz elə buna görə də biz dönə-dönə israr edirik ki, Amerika bu regiondan çıxmalıdır. 

Üzümü İslam dövlətlərinə tutaraq bir cümlə demək istəyirəm: bu gün İslam dövlətlərinin boynuna ciddi surətdə dini vəzifə düşür. Açıq demək istəyirəm ki, bu gün bitərəf qalmaq, kimisə, nəyisə nəzərə almaq, üzgörənlik etmək vaxtı deyil; bu gün susmaq vaxtı deyil.  Bu gün müsəlman dövlətlərindən hansısa sionist rejimi hansısa formada dəstəkləyərsə – istər əlaqələri adiləşdirməklə, istər Fələstinə yardım yollarını bağlamaqla, istərsə də sionistlərin cinayətlərinə açıqlama qazandırmaqla – əmin olsun ki, alnında əbədi xəcalət yükü qalacaq!  Əlbəttə, axirətin, Qiyamət gününün haqq-hesabı, Allahın cəzası da var və çox ağırdır, çox çətindir, Allahın qarşısında cavab verə bilməyəcək, amma təkcə bu deyil. Dünyada da xalqlar bu xəyanəti unutmayacaq. Və qoy dövlətlər bilsin ki, sionist rejiminə arxalanmaq heç bir dövlətin təhlükəsizliyini təmin etməyəcək. İsrailə arxalanmaqla təhlükəsizlik əldə edə bilməyəcəklər. Çünki sionist rejim, Allahın qəti hökmünə əsasən, süquta uğramaq üzrədir və inşallah, süqutu da çox çəkməyəcək. 

Pərvərdigara! İran xalqına Öz lütfünü günbəgün artır. İran xalqının düşmənlərini zəlil və məhv et. Pərvərdigara! İmam Xomeyninin ali hədəf və amallarını İran xalqı arasında gerçəkləşdir. Dövrün imamı Mehdi Sahibəzzamanın (ruhlarımız ona fəda olsun!) müqəddəs qəlbini bizdən, xalqımızdan, ümmətə xidmət edən hər kəsdən məmnun et. Dahi İmam Xomeyninin pak ruhunu Rizvan cənnətinin ən uca mərtəbələrinə çatdır.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

______________________

(1) İmam Xomeyninin (r.ə) məqbərə kompleksinin həyətində keçirilən bu mərasimin əvvəlində  hərəmin hamisi Höccətul-İslam Seyid Həsən Xomeyni çıxış etmişdir.  
(2) Ayətullahlar: Seyid Əsədullah Mədəni, Seyid Məhəmmədəli Qazi Təbatəbayi, Seyid Əbdülhüseyn Dəstğeyb, Məhəmməd Səduqi və Ətaullah Əşrəfi İsfahani  
(3) 1359-cu il 5 ordibeheşt tarixində (red: 25/04/1980) Amerika dövləti öz casuslarını azad etmək məqsədilə sübh çağı ABŞ prezidenti Cimmi Karterin nəzarəti altında hərbi əməliyyat keçirmişdir. Əməliyyat zamanı Amerikaya məxsus 6 təyyarə və 6 helikopter gecə ilə İranın hava sərhədlərinə daxil olmuş və yanacaq doldurmaq məqsədilə Təbəs çölündə eniş etmişlər. Səmaya qalxarkən qum fırtınası başlamış, 1 təyyarə və 1 helikopter toqquşmuş, hər ikisində bir neçə Amerika hərbçisi yanaraq həlak olmuşlar. Bu zaman amerikalılar helikopterləri buraxaraq qalan təyyarələrlə Təbəsdən qaçmışlar. Beləliklə, sözügedən əməliyyat uğursuzluqla nəticələnmişdir. 
(4) 1367-ci il tir ayının 12-də (red: 03/07/1988) İİR-ə məxsus sərnişin təyyarəsinin Bəndər-Abbasdan Dubaya yola düşərkən Fars Körfəzində ABŞ-nin “Vinsens” hərbi gəmisindən raket atəşinə tutulması nəticəsində aralarında 66 uşaq və 53 qadın olmaqla 290 sərnişin şəhid olmuşdur. Bir müddət sonra isə ABŞ hökuməti  “Vinsens” gəmisinin kapitanı Viliyam Rocersi “Şücaət” medalı ilə təltif etmişdir. 
(5) Corc Buş 
(6) Barak Obama