Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Ədliyyə Naziri, ədliyyə sisteminin yüksək vəzifəli şəxsləri və ölkə üzrə məhkəmə sədrləri ilə görüşü zamanı etdiyi çıxış

بسم الله الرّحمن الرّحیم الحمد لله ‌رب‌ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله ‌الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین عجّل‌ الله ‌تعالی ‌فرجه ‌الشّریف

Rəhman və rəhim Allahın adı ilə. (1)

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak, seçilmiş, məsum və möhtərəm Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha (Uca Allah onun şərəfli zühurunu tezləşdirsin).

Əziz qardaşlar, çox xoş gəlmisiniz. Bu görüşün müəyyən səbəblərə görə gecikməsinə baxmayaraq, inanıram ki, bu görüş həm məhkəmə sistemi, həm də ölkə üçün faydalı və effektli olacaqdır, inşallah. Məhkəmə sistemində işləyən, zəhmət çəkən şəxslərin, möhtərəm nazirdən tutmuş bütün fəal əməkdaşların hər birinə ayrı-ayrılıqda öz minnətdarlığımı bildirirəm. 

Cənab Mohseninin açıqladığı həyata keçirilmiş işlər, əlbəttə ki, çox sevindirici və yaxşı işlərdir. Mənim tövsiyəm budur ki, görülən işlərlə yanaşı görülməyən, lakin görülməli olan işləri də həmişə nəzərdə saxlayın. Yəni bu işlər arasında daim bir balans olsun. Bəzən insan yüz yaxşı iş görür və sevinir ki, yüz yaxşı iş görülüb. Diqqətlə baxanda görür ki, iki yüz yaxşı iş görməli idi, amma o, iki yüz işi yerinə yetirməyib. Ona görə də həmin sevinc hissi bir az azalır. Əlbəttə, mən bununla qətiyyən iddia etmirəm ki, ötən il məhkəmə sistemində vəziyyət belə olub; yox, çox iş görülmüşdür. Məndə hesabatları da var və həqiqəti əks etdirir. Amma görülən işlərlə görülməyən işlərin nisbətini və müqayisəsini  həmişə diqqətdə saxlayın.

Məhkəmə sistemi ilə bağlı mən hər il geniş araşdırma aparıram və bu barədə ətraflı söhbətlər də etmişəm. Fikrimcə, məhkəmə sistemi barədə deyilməli olan bütün sözlər və yerinə yetirilməsi tövsiyə olunan hər şey deyilib və bunları dəfələrlə təkrar etmişəm. İndi nə desəm, yenə də təkrar olacaq. Ona görə də bu gün mən sadəcə iki məqamı qeyd edəcəyəm və ardınca başqa bir məsələyə toxunacağam.

Birinci məqam, məhkəmə sistemi törədilmiş bu son cinayətlərin araşdırılması ilə bağlı istər ölkə daxilində, istərsə də beynəlxalq ədalət məhkəmələrində proseslərin gedişatına hüquqi qiymət verilməsinə nəzarət etməlidir. Bu, olduqca vacib işlərdən biridir. Biz bu işi ötən illərin bir çox hadisələrində görməli idik, amma bəzi səhlənkarlıqlara yol verdik; bu dəfə səhlənkarlıq etməməliyik. Əgər bu hadisəni izləmək, beynəlxalq, hüquqi və həmçinin daxili məhkəmələrə müraciət etmək, hətta iyirmi il çəksə belə, eybi yoxdur; bu iş mütləq görülməlidir. Cinayətkarlar cəzalandırılmalıdır. Hər halda hansısa beynəlxalq məhkəməni ittiham etmək mümkündür. Həqiqət də bu ola bilər ki, həmin məhkəmə hansısa süper gücdən asılı ola bilər; bir gün belə olar, bir gün elə. Bir gün də baxıb görərsiniz ki, heç kəsdən asılı olmayan, müstəqil bir hakim ortaya çıxdı. Amma burada mühüm olan budur ki, bu məsələyə tam ciddiyyətlə, var gücünüzlə, ayıq-sayıqlıqla və bütün aspektlərinə diqqət etməklə yanaşmalısınız, inşallah.

İkinci məqam, məhkəmə hakimiyyətinə verilən bütün tövsiyələrin xülasəsi bircə kəlmədir və o da vətəndaşların məhkəməyə etibar, etimad etməsidir; vəssəlam. Mən məhkəmə hakimiyyəti ilə keçirilən görüşlərdə dəfələrlə demişəm ki, biz elə bir iş görməliyik ki, ölkənin hər bir yerində – hansısa ucqar kəndində, ucqar şəhərində kimsə haqsızlığa məruz qaldıqda: “Məhkəməyə gedəcəyəm, məhkəməyə müraciət edəcəyəm!” sözünü deyə bilsin. Yəni elə bir şərait yaradılmalıdır ki, insanlar məhkəməyə müraciət etdikdə problemlərinin həll olunacağını hiss etsinlər. Belə bir güvən yaradılmalıdır. Bu iş çox çətin bir işdir, zəhmət tələb edən bir işdir. Təbii ki, hüquqi və cinayət məhkəmələrinin bir çoxunda həmişə bir tərəf razı, digər tərəf narazı qalır. Amma narazı qalan tərəf də görəndə ki, iş qanunla, vicdanla, dəqiqliklə aparılır, baş verənlərdən razı qalmasa da, qəlbinin dərinliklərində məhkəmə qərarını qəbul edir. Çalışın belə bir şərait yaradasınız; onların problemlərini məhkəmənin həll edəcəyinə dair vətəndaşlarda güvən və inam yaransın.

İnsanlarda bu inamı yaratmağın ən mühüm yollarından biri korrupsiya ilə mübarizədir: birinci növbədə məhkəmə sisteminin daxilində, ikinci növbədə sistemdən kənarda. Bu barədə mənim həm möhtərəm nazir cənab Mohseni ilə dəfələrlə söhbətim olmuşdur – o da öz növbəsində bir sıra işləri həyata keçirib – həm də əvvəlki məsul şəxslərlə söhbətim olub. Korrupsiya ilə mübarizə xalqda ümid və inam yaradır. Bu da digər bir məqam. Məhkəmə sistemi haqqında demək istədiyim iki məqam bundan ibarət idi.

Baş vermiş son hadisəyə gəlincə, İran xalqı bu sonuncu məcburi müharibədə çox böyük iş gördü. Bu böyük iş hərbi əməliyyatla bağlı deyildi; bu iş iradə, əzm, özünəinamla bağlı idi. Əgər bir xalq, bir ölkə, bir ölkənin hərbi qüvvələri Amerikanın gücü və onun regionda zəncirlənmiş köpəyi qarşısında dura biləcəyinə arxayındırsa, bu özünəinam çox-çox önəmli bir dəyərdir. Bir vaxtlar – həm bizdən əvvəl, həm də İnqilabdan əvvəl bizim gənclik çağlarımızda – Amerikanın adı insanları vahiməyə salırdı, o ki qala onunla mübarizə aparmaq olsun; istər dildə, istərsə də əməldə. Əvvəlki rejimin ünsürləri tərəfindən yazılan və uzun illər sonra ictimaiyyətə açıqlanan xatirələrində qeyd olunmuşdur ki, ölkənin yüksək vəzifəli şəxsləri dəfələrlə Amerikanın hansısa işinə görə narahat olurlarmış. Məsələn, neft məsələsində və digər müxtəlif məsələlərdə onlardan narazı idilər, qanları qaralırmış. Amma buna rəğmən, “səsinizi çıxarmayın” – deyirdilər. Hətta gizlində, xüsusi toplantılarda da onlara etiraz etməyə, nəsə deməyə cəsarət etmirdilər.

Bu gün o xalq elə bir səviyyəyə gəlib çatıb ki, bu gücün qarşısında düz dayanaraq onunla üz-üzə gəlməyə nəinki qorxmur, əksinə, onu qorxuya salır. Hərbi əməliyyat baxımından nə bacarırsa, həyata keçirir. Bu əməliyyat məsələsinin özü isə ikinci məsələdir. Birinci sırada duran bu sarsılmaz ruhiyyədir, müqavimətdir. Bu milli iradə, bu milli əzm bu ölkəni başıuca edəcək həmin hərəkətverici qüvvədir. Bu, “50 il sonra belə olmalıdır” – dediyim, İranı böyük İran edəcək həmin amildir. Bu iradə İranı o səviyyəyə çatdıracaq həmin əsas amildir.

İndi deyəcəyimi qoy hamı bilsin – həm dostlar, həm düşmənlər bilsin, həm də İran xalqı bilsin və bilir də – İran xalqı heç bir sahədə zəif tərəf kimi çıxış etməyəcək. Çünki biz zəruri vasitələrin hamısına sahibik; həm məntiqimiz, həm də hərbi gücümüz var. Biz istər diplomatik arena olsun, istərsə də hərbi arena olsun, Allah-Taalanın yardımı ilə əlidolu daxil olacağıq, inşallah. Sözsüz ki, müharibədə vurmaq var, vurulmaq var; bu məlumdur. Müharibədə həm vurmaq var, həm də vurulmaq. Müharibədə hansısa xoşagəlməz bir hadisənin baş verməyəcəyini gözləmək olmaz. Amma Allaha şükürlər olsun, Onun lütfü sayəsində əlimiz həm diplomatik arenada, həm də hərbi arenada doludur.

Əlbəttə, baş vermiş bu mühüm hadisədə, bu sonuncu hadisədə müharibənin olmasını biz dəstəkləmirdik. Qoy bunu hamı bilsin. Bəli, biz sionist rejimini xərçəng şişi hesab etsək də, ona havadarlıq etdiyinə görə Amerika rejimini cinayətkar bilsək də, biz müharibəyə can atmırdıq. Amma düşmən hücum etdikdə, bizim ona cavabımız sarsıdıcı oldu. Qoy hamı bu məsələyə diqqət etsin, hamı bunu bilsin. Çünki bu çox aydın bir məsələdir, halbuki düşmən onda şəkk-şübhə yaratmağa çalışır. Biz müharibəyə möhkəm və güclü şəkildə daxil olduq. Bunun dəlili və ən bariz sübutu da budur ki, müharibədə qarşı tərəf olan sionist rejimi Amerikaya sığınmağa məcbur oldu. Əgər beli bükülməmişdisə, burnu yerə sürtülməmişdisə, ehtiyacı yox idisə, özü təkbaşına müdafiəyə qadir idisə, bu şəkildə Amerikadan yardım istəməzdi. Amerikaya sığındı; yəni başa düşdü ki, İran İslam Respublikasının qarşısında duruş gətirə bilməyəcək. Əlbəttə, bu söylənənlər sionist rejimi haqqındadır, eyni şey Amerikaya da aiddir. Amerika da hücum edəndə bizim Amerikaya endirdiyimiz cavab zərbəsi çox həssas bir zərbə idi. İnşallah, qoy bir müddət keçsin, bir neçə ay, ya da bir neçə il, informasiya senzuraları aradan qaldırılsın, onda məlum olacaq ki, İran nələr edib. İranın hücum etdiyi o obyekt, Amerikanın bu regiondakı ən böyük strateji mərkəzi idi. Zərbə olduqca böyük zərbə idi. Əlbəttə, Amerikaya da, digərlərinə də bundan daha ağır zərbəni endirmək mümkündür, inşallah. Bu qeyd etdiklərim əməliyyat və bu kimi məsələlər barəsində idi.

Bu hadisədə olduqca mühüm olan digər bir məqam ümumxalq işi haqqındadır. Bu hadisədə təşkilati, hərbi, kəşfiyyat, təhlükəsizlik və s. yönlərdən başqa, ümumxalq işi də özünü göstərdi. Təcavüzkarlar belə bir hesablama aparmışdılar – həqiqətən də belə hesablamışdılar; bu, onların gördükləri işin bir hissəsi idi, oturub plan çəkmişdilər – əgər İrana, İranın strateji obyektlərinə hücum edilsə, İran hökuməti, İslam dövləti bəzi mühüm şəxsiyyətlərini itirsə, təbii ki, dövlət zəifləyəcəkdir. Elə bu zaman dövlətin içərisindəki “passiv” münafiqlərdən, şah tərəfdarlarından, muzdurlardan tutmuş təxribatçı və kriminal qruplaşmalara kimi hamısı aktivləşəcək. Düşmən özlüyündə belə bir hesablama aparmışdı ki, həmvətənlərinin maşınını yandırmaq üçün dollar alanlar hərəkətə keçəcək. Belələri hər cəmiyyətdə var axı. İntəhası, burada bir nüans var: əgər hökumət işini möhkəm görürsə, o vaxt bu qüvvələr passiv vəziyyətdədirlər. Qarşı tərəfin fikrincə, hökumət zəiflədiyi zaman belə qüvvələr aktivləşib cəmiyyətin arasına girir, xalqı təhrik edib bacardıqları qədər insanları küçələrə sürükləyirlər, bir sözlə, dövlətin işini bitirib işi sona çatdırırlar. Bu, o cənabların şirin xülyaları idi. 

Bəs reallıqda nə baş verdi? Reallıqda bunun əksi oldu; bu planın tam əksi oldu. Düşmənin hücumu göstərdi ki, bəzilərinin siyasi və digər sahələrdə apardıqları bir çox hesablamalar düzgün deyilmiş. Düşmənin iç üzü açıldı. Çıxışlarında heç vaxt bəlli etmədikləri gizli hədəfləri məlum oldu, xeyli dərəcədə aydınlaşdı. Hansısa bir iş, hansısa hərbi təxribat üçün oturub səkkiz, doqquz ay plan çəkirlər. Bəziləri fikirləşir ki, xeyr, heç bir xəbər yoxdur, ümumiyyətlə, pis heç bir şey yoxdur. Amma xalq başa düşmüşdü ki, belə deyil. Allah-Taala onların planlarını pozdu. Allah-Taala onların bu planını puç etdi. Allah-Taala xalqı dövlətin, hərbi qüvvələrin dəstəkləyicisi, yardımçısı olaraq meydana saldı. Xalq küçələrə axışdı, amma düşmənin planının, hesablamasının əks istiqamətində; canı və malı ilə dövləti dəstəkləmək üçün. Televizorda müxtəlif insanların çıxışlarını özünüz də gördünüz: fərqlı görkəmlərdə, fərqli simalarda, fərqli geyimlərdə. İnsanın heç ağlına da gəlməz ki, onlar bu cür fədakarcasına danışa bilərlər. Düzdür, sözlə əməl arasında fasilə var, amma danışmağın özü də, insanı danışdıran o motivin olması da çox mühümdür. Kimsə bunun belə olacağına inanmırdı, amma oldu və baş verdi. Bu insanlar bütün fərqlı siyasi baxışlarına, hətta bəzən qarşı tərəfin siyasi baxışına zidd təmayüllərinə, tamamilə fərqli dini çəkilərinə rəğmən, çiyin-çiyinə dayanaraq bu böyük birliyi, bu möhtəşəm milli vəhdəti yaratdılar.

Mənim demək istədiyim budur: bu birliyi qoruyun. Hamı bu birliyi qorusun; jurnalistlər bir cür, hakimlər bir cür, dövlət rəsmiləri bir cür, ruhanilər bir cür, imam-cümələr də bir cür. Bu milli birliyin qorunması qarşısında hər bir şəxs məsuliyyət daşıyır; bunu qoruyun. Bu nə fərqli siyasi təmayüllərlə, nə də fərqli dini çəkilərlə ziddiyyət təşkil etmir. Bu bir-birinin yanında çiyin-çiyinə dayanmaq ortaq bir həqiqətin müdafiəsi üçündür; ölkəni, dövləti və doğma İranı müdafiə etmək üçündür.

Əlbəttə, lazımlı olan işlər də var, zərərli olan işlər də. Bir sıra məsələlərə aydınlıq gətirilməsi, bəzən irəli sürülən səfsətələrin aradan qaldırılması lazımdır. Amma lüzumsuz iradların gündəmə gətirilməsi, onlar ətrafında mübahisə aparmaq və əhəmiyyətsiz məsələlər üzərində qalmaqal yaratmaq və s. bunlar zərərlidir. Bu məsələlər bir-birindən fərqlənir. Məsələn, qeyd etdiyim o səfsətə düşüncələri müxtəlif yollarla aradan qaldırmaq mümkündür; amma bunu ən yaxşı yolla həll etmək lazımdır ki, ölkəyə problem yaratmasın.

Dövlətə qarşı dildə, aşkarda sədaqət nümayiş etdirmək lazımlı və faydalıdır; bu həm lazımlıdır, həm də faydalıdır. Ya da sözügedən mövzularda dövlətin ümumi siyasətlərini təsdiqləmək, dəstəkləmək və qəbul etdirmək və s. bunlar lazımlıdır. Amma şəxslər arasında mövcud olan fikir ayrılıqlarını “bu filan siyasi cinahdandır, o filan siyasi cinahdan, bu belə deyir” və s. deyib, qabartmaq olmaz; xeyr, bunlar zərərlidir. Odur ki, bəzi məsələlər lazımlı, bəzisi isə zərərlidir. Biz bunları bir-birindən mütləq ayırmalıyıq.

Xalqda coşqu və ruh yüksəkliyinin olması lazımlıdır. Bu gün İran xalqında, xüsusilə də gənclərdə coşqu və ruh yüksəkliyi var; bu isə çox yaxşı, lazımlı cəhətdir. Amma səbirsizlik zərərlidir. Səbirsizlik etmək, israrla ayağını yerə döyüb: “Niyə olmadı, niyə etmədiniz, niyə görmədiniz” və s. etiraz etmək, bunlar zərərlidir. Başqa sözlə desək, bilməliyik ki, hansı iş düzgün, hansı iş zərərlidir. Beləliklə, mənim qeyd etdiyim tövsiyələr bunlardır.

Sonda vermək istədiyim tövsiyə isə budur ki, Allaha şükürlər olsun, bu gün fəaliyyətdə olan rəsmi qurumlar istər hərbi sahənin, istərsə də diplomatik sahənin məsulları olsun – hər ikisi, ikisi də lazımdır – öz işlərini düzgün şəkildə və doğru istiqamətdə var gücləri ilə yerinə yetirməlidir; intəhası, istiqaməti düzgün təyin etməyə diqqət etmək şərti ilə. Xüsusilə də diplomatik sahədə istiqamətin düzgün təyini olduqca mühümdür. İstiqamətlərə tamamilə diqqət edilməli, üzərində çalışmalı və həyata keçirilməlidir.

Hərbi sahədə, diplomatik və ya başqa sahələrdə kimsə hansısa məsul bir şəxsə etiraz edə bilər. Biz demirik ki, kimsə etirazını bildirməsin; niyə ki. Amma ilk növbədə etiraz və tənqidi bildirmək üçün istifadə olunan ton – məqbul tonda olmalıdır. İkincisi, mövzu araşdırılmalı və məlumat əldə etdikdən sonra etiraz bildirilməlidir. Bəzən qəzetlərdə və digər yerlərdə mən görürəm ki, bəzilərinin bildirdikləri etirazlar məlumatsızlıqdan irəli gəlir; hansı işlərin görüldüyünü, ya hansı işlər, məsələn, görülməli idi görülməmişdir, edilməli idi edilməmişdir. Bunlar məlumatsızlıqdan irəli gəlir. Ona görə də əvvəlcədən düzgün məlumat əldə etsinlər və nəzərlərini münasib tonla bildirsinlər. O məsullarımız da, inşallah, var gücləri və motivasiya ilə öz işlərini davam etdirsinlər. Bir az əvvəl bu cənabın (2) oxuduğu bu ayəyə əsasən, qoy hamı bilsin:

لَیَنصُرَنَّ اللهُ مَن‌ یَنصُرُه

“Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər”. (3)

Allah-Taala İslam dövləti altında, Quran və İslam çətiri altında İran xalqının qələbə çalacağına zəmanət vermişdir.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

__________________________

(1) Bu görüşün əvvəlində Hüccətul-İslam vəl-müslimin Qulamhüseyn Mohseni Əjeyi (Ədliyyə Naziri) məruzə ilə çıxış etmişdir.
(2) Cənab Əlirza Sobhani
(3) “Həcc” surəsi, 40-cı ayədən