بسم الله الرّحمن الرّحیم و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّة الله فی الارضین
Rəhman və Rəhim Allahın adı ilə.
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.
Çox xoş gəlmisiniz. Milli qüdrətin, inkişafın və gəncliyin gücünün göstəricisi olan bu görüşdə sizlərlə bir yerdə olduğum üçün çox şadam. İstər idman sahəsində, istərsə də elmi sahədə medal qazananlar xalqımıza sevinc bəxş etdilər. Siz öz əzminizlə, səyinizlə İran xalqını sevindirdiniz, gəncləri ruhlandırdınız; bu, olduqca böyük dəyərdir. Fikrimcə, bu il, bu son aylarda zəhmətinizin nəticəsində qazandığınız bu medallar digər illərdəki medallarla müqayisədə ikiqat üstünlüyə malikdir. Niyə görə? Ona görə ki, biz yumşaq müharibənin məngənəsindəyik və yumşaq müharibədə düşmən xalqı ruhdan salmağa, ona ümidsizlik aşılamağa, öz bacarıqlarına qarşı onda məyusluq hissi yaratmağa çalışır. Siz isə medal qazanmaqla düşmənin bu istəyinin əksinə hərəkət etməyi bacardınız və iranlı gəncin bacarığını və İran xalqının gəncliyinin timsalında təzahür edən qüdrətini əməl meydanında nümayiş etdirdiniz. Ona görə də, belə demək olar ki, bu dəfəki medalların ikiqat dəyəri var; bu, düşmənə verilə biləcək ən sərt cavab idi və siz də onu verdiniz.
Bizim doğma İranımız ümid rəmzidir; ümid simvoludur. Bəzilərinin gənclər, gənc nəsil və digərlərinin ruh düşkünlüyü haqqında səsləndirdikləri bu azdırıcı fikirlər araşdırılmamış sözlərdir. İran ümidin təcəssümüdür. İranlı gənclər istedadlı və bacarıqlıdırlar. Bizim iranlı gənclərin bacarığını, qabiliyyət və gücünü müəyyənləşdirməyimiz, bununla bağlı məlumatımızın olması çox vacibdir. İranlı gənclər zirvələri fəth edə biləcək xüsusiyyətə sahibdirlər, elə sizin idman sahəsində və ya elmin hansısa sahəsində “Dünya çempionu” zirvəsini fəth etdiyiniz kimi. Siz zirvəni fəth etdiniz. İran gəncləri özünü zirvələrə yüksəldə biləcək bacarığa sahibdir, əlbəttə, qətiyyətli olmaq şərti ilə. Onlar belə bir qabiliyyətə sahibdirlər. Amma bunun üçün lazım olan şərt qətiyyət və səydir. Ölkəmizdə inqilabdan sonra bəzi sahələr spontan şəklində inkişaf etdi. İnkişaf spontan şəklində baş verdi. Onlardan biri də gənclərimizin builki idman sahəsindəki nailiyyətləridir. Onlar güləş, voleybol və idmanın digər növlərində özlərini dünyaya nümayiş etdirə bildilər. Keçmişdə biz bu nailiyyətlərə sahib deyildik; bizim belə bacarığımız yox idi. Bəlkə də bu il ümumilikdə nümayiş etdirilən uğurlar ölkənin idman tarixində misli görünməmiş bir hadisə idi.
Olimpiada da eləcə; elmi olimpiada da yeniyetmələrimiz zirvələri fəth etdi, öz rəqiblərinə əsl, sanballı müsabiqədə qalib gəldi; yəni İran beynəlxalq müsabiqənin birincisi oldu. Sizin gördüyünüz hər bir iş, əslində, İranın adına, xalqın adına yazılır. Bu idmançılarımızın yüksəldərək nümayiş etdirdiyi bu bayraq çox dəyərlidir. Hər bir idmançının qələbə qazandıqdan sonra etdiyi bu səcdələr, bu dualar çox dəyərlidir; bu, İran xalqının simvoludur.
Gənc olimpiada iştirakçıları parlayan ulduzdurlar və əgər öz üzərlərində çalışsalar, on ildən sonra günəşə çevriləcəklər. Bu mənim israrımdır; məsul şəxslərdən israrla tələb edirəm ki, bu gəncləri əldən buraxmasınlar. Qoy gənclər də indiyə kimi əldə etdikləri ilə kifayətlənməsin, işləsinlər, özlərini inkişaf etdirsinlər. Əgər bu “ulduz” inkişaf edərsə, on il sonra “günəş”ə çevriləcəkdir. Böyük işlər görmək mümkündür. Əlbəttə, biz İnqilabın əvvəllərindən gənclərimizin belə bir rolu oynayacağını görürdük. Bildiyiniz kimi – əgər gənclərimiz də bu barədə kitablarda oxuyublarsa – İnqilabın əvvəllərində, yəni İnqilab qələbə çaldıqdan iki il sonra düşmənlər ölkəni 8 il sürən məcburi bir savaşa sürüklədilər. İnqilabın əvvəllərindən başlamış bu 8 illik müharibə bir çox imkansızlıqlarımıza, yoxluqlarımıza rəğmən, İranın qələbəsi ilə sona çatdı. Yəni İran hər tərəfdən dəstək alan öz düşmənini – Səddamı məğlub etməyi bacardı. Bu işi kim gördü? Gənclər! Təşəbbüs göstərən gənclər idi. Biz bunu yaxından müşahidə edirdik. Bu gənclər həmin günlərdə hərbi cəhətdən elə təşəbbüslər nümayiş etdirdilər ki, bununla saysız-hesabsız imkanlara sahib olan düşmənə qalib gəlməyi bacardılar. Bu vəziyyət döyüş meydanına məxsus idi.
Elm sahəsində də belədir. Elmi mübarizə meydanında da vəziyyət belədir. Bu gün gənclərimiz uzun illərdən sonra bir çox elmi tədqiqat mərkəzlərində aparılan araşdırmalar baxımından dünyada ən yüksək yerlərdə aparıcı mövqeləri tuturlar. Birinci sıradadırlar; yəni ilk onluqda dayanırlar. Gənclərimiz nanotexnologiyada, lazer, nüvə sənayesində, müxtəlif hərbi sənaye sahələrində, mühüm tibbi araşdırmalarda çox böyük nailiyyətlər qazanmışlar. Elə bir neçə gün bundan əvvəl mənə məlumat verdilər ki, bizim mühüm tədqiqat mərkəzlərimizdən biri müalicəsi olmayan bir xəstəliyin – indiyə kimi müalicəsi olmayan xəstəlik hesab olunurdu – müalicəsini tapmışlar; bu nailiyyətlər çox mühümdür. Gənclərimiz çalışırlar, ölkəmiz irəliyə doğru hərəkət edir, işləyir. Siz gənclər əməyin, zəhmətin təcəssümüsünüz. Gənclərimizin hazırkı vəziyyəti budur.
Düşmən bu nailiyyətləri görmək istəmir. Birincisi, görmək istəmir və mümkün olduqca bu nailiyyətlərin qarşısını almaq istəyir. Elmi, texniki irəliləyişi, xidməti sektorlardakı inkişafları, idman sahəsindəki uğurları düşmənin görməyə gözü yoxdur. Bundan başqa, mövcud olan və qarşısını ala bilmədiyi nailiyyətləri də çalışır ki, doğru ilə yalanı bir-birinə qataraq saxtalaşdırsın. Düşmənin işi budur; bəzi nöqsanları şişirdir, bəzi aydın həqiqətləri isə gizlədir, əksini deyir. Siz idman, ya da elm sahəsində zirvələrə yüksəlməklə, əslində, İran mühitinin aydın, parlaq mühit olduğunu nümayiş etdirirsiniz; İran mühitinin tutqun, qaranlıq mühit olduğunu iddia edən düşmən təbliğatının əksinə olaraq, siz bu kimi müsabiqələrdə iştirak etməklə İran mühitinin parlaq mühit olduğunu nümayiş etdirirsiniz. Onlar çalışırlar ki, iranlı gənc özünə inamını itirsin. Düşmənin məqsədi məhz budur.
Sözsüz ki, gənclər öz səylərini daha da artırmalıdırlar. Gənclər tükənməz enerjiyə sahibdirlər. Gənclik heyrətamiz, bitməz-tükənməz enerji qaynağıdır. Hansı işi görsəniz, nə qədər səy göstərsəniz, bu enerjidən nə qədər istifadə etsəniz, bu enerji daha da güclənəcəkdir. Gənclik enerjisi elə bir enerjidir ki, nə qədər çox çalışsan, bir o qədər artır, bir o qədər güclənir. Odur ki, gənclər səylərini daha da artırmalı və istedadlarını öz xalqının yolunda sərf etməlidirlər; önəmli olan budur. Bəziləri başqa bir ölkədə yaşamaq istəyə bilər, amma onu da bilməlidirlər ki, orada əcnəbi olaraq qalacaqlar. Başqa ölkəyə gedənlər orada nə edirlərsə etsinlər, hansı mövqeyə çatırlarsa çatsınlar, orada yenə də qərib olacaqlar. Bura isə sizin evinizdir, sizin torpağınızdır, sizindir, özünüzünküdür, övladlarınıza, öz nəslinizə aiddir. İranlı gənc bunlara diqqət etməlidir. Qərib bir şəxs başqa bir ölkədə xatircəm halda yaşaya bilməz. Özünüz də görürsünüz, Amerikada və başqa ölkələrdə immiqrantlarla – öz ifadələri ilə desək – necə davranırlar; çünki onlar əcnəbidirlər və əcnəbi olduqlarına görə onlarla elə rəftar edirlər: şiddətlə, aqressiya ilə, laqeydliklə, tam qəddarlıqla. Bu qeyd etdiklərim olimpiada iştirakçılarımız və yaxşı proqram icra edən əzizlərimiz haqqında idi.
Bu əziz yeniyetmələrimiz də, həqiqətən, yaddaqalan bir çıxış göstərdilər. Mən heç vaxt – burada göstərilən istisna olmaqla – bu uşaqların etdiyi bu cür qədim idman hərəkətlərini görməmişdim. Əlbəttə, yeniyetmələr gərək ağır atletika ilə məşğul olmasınlar; onlar bacardıqları qədər gimnastika ilə, yüngül atletika ilə məşğul olmalıdırlar, bu kimi idman hərəkətlərini etsinlər, amma ağır atletika növünü bir neçə il sonraya saxlasınlar. Bu dediklərim idman və olimpiada haqqında idi.
Son günlərdə bəziləri tərəfindən doğma İranımıza qarşı təhqiramiz fikirlər səsləndirilib; və bununla bağlı mənim nəsə söyləməməyim mümkün deyil. Amerika prezidenti (1) işğal olunmuş Fələstin torpaqlarında səviyyəsiz sözlərlə, təlxəklik edərək ümidsiz sionistlərə ümid verməyə, onlarda ruh yüksəkliyi yaratmağa çalışdı. Amerika prezidentinin işğal olunmuş Fələstin ərazilərinə səfəri, orada gördüyü işlər və səsləndirdiyi sözlər haqqında mənim təhlilim bundan ibarətdir. Sionistlər ümidsizliyə uğrayıblar; 12-günlük müharibə müddətində onlar elə bir zərbə aldılar ki, belə bir zərbə alacaqlarına inanmırdılar, belə bir zərbəni gözləmirdilər və ona görə də məyusluğa düçar olublar. O şəxsin oraya səfərinin məqsədi onları ruhlandırmaq, onları bu ümidsiz vəziyyətdən xilas etmək idi. Onun dediyi o sözlər məyus rəhbərlərə deyilən sözlərdir. Onlar iranlı gənc tərəfindən hazırlanmış İran raketinin öz odlu-alovlu şöləsi ilə onların bəzi strateji əhəmiyyətli tədqiqat mərkəzlərinin dərinliklərinə qədər nüfuz edərək oraları külə çevirə biləcəklərini gözləmirdilər. Onlar bunu gözləmirdilər, amma bu baş verdi. Bizim raketlərimiz sionistlərin bəzi strateji tədqiqat mərkəzlərinin dərinliklərinə qədər nüfuz edərək onları məhv etməyi bacardı. Həmin raketləri iranlı gənclər hazırlayıblar; biz onları heç kimdən almamışıq və ya icarəyə götürməmişik. Bu raket iranlı gəncin əlinin zəhmətidir, bu raket iranlı gəncin kimliyidir. İranlı gənc fəaliyyət sahəsinə daxil olanda, çalışanda, səy və əzmkarlıq göstərəndə, elmi infrastrukturlar yaradanda və bu kimi işləri həyata keçirəndə belə böyük işləri ərsəyə gətirmiş olur. Bu raketləri bizim Silahlı Qüvvələrimiz və hərbi sənayemiz hazır vəziyyətdə saxlamışdı; onlardan istifadə olundu və bu raketlərdən hələ də varımızdır. Lazım olsa, başqa bir vaxt yenə də ondan istifadə edəcəklər. Qeyd etdiyim kimi, mənim gəldiyim qənaət budur: bu adamın orada etdiyi boşboğazlıqlar, səsləndirdiyi ucuz sözlər və göstərdiyi səfeh hərəkətlər qarşı tərəfi ruhlandırmaq üçün idi; çünki onlar ruhdan düşüblər. Amma burada diqqət edilməli bir neçə məqam var:
Birinci məqam budur ki, Amerika Qəzza müharibəsinin əsas ortağıdır, tərəfdaşıdır; buna şübhə ola bilməz. Onun özü də çıxışlarında etiraf etmişdir ki, biz Qəzzada birlikdə işləmişik. Əslində, bunu etiraf etməsəydi də, hər şey aydın idi. Onların silahları, texnikaları sionistlərin ixtiyarına bol-bol verilir ki, müdafiəsiz Qəzza xalqının başına yağdırılsın. Amerika bu cinayətlərdə sionistlərlə şərikdir. “Biz terrorizmlə mübarizə aparırıq” deyirlər; 20 mindən artıq azyaşlı, körpə və yeni doğulmuş uşaq bu müharibədə şəhid oldu. Bu uşaqlar terrorçu idilər? Dörd-beş yaşlı uşaqları, yeni doğulmuş körpələri, 20 min uşağı siz qətlə yetirdiniz! Bu uşaqlar terrorçu idilər? Əsl terrorçu sizsiniz! İŞİD-i yaradan, onu bölgənin başına bəla edən, sonra isə onlardan gələcəkdə yenidən istifadə etmək üçün qoruyub saxlayan sizsiniz. Hal-hazırda vəziyyət belədir; İŞİD-in bəzi üzvləri Amerikanın əlindədir, “istədikləri vaxt, istədikləri yerdə onlardan istifadə etsinlər” deyə, onları müəyyən yerlərdə qoruyub saxlayırlar. Terrorçu sizsiniz! Terrorçu Amerikadır! Rəsmi statistikalara əsasən, iki illik Qəzza müharibəsində 70 min insanı qətlə yetiriblər.
12 günlük müharibədə törətdikləri kütləvi qırğından, 1000 nəfərdən artıq insanın başına yağdırdıqları bombalardan və onları şəhid etmələrindən əlavə, bizim alimlərimizi də terror etdilər. O, iranlı alimləri terror etməyi ilə öyünür; bəli, alimləri terror etdiniz, Tehrançi (2) və Abbasi (3) kimi şəxsiyyətlərimizi terror etdiniz, amma elmlərini terror edə bilməzsiniz! “İranın nüvə sənayesini bombalatdıraraq yox etdik” – deyə, fəxr edirlər. Eybi yoxdur, siz elə bu xəyalda da qalın! Amma ümumiyyətlə, siz kimsiniz ki, nüvə sənayesi olan hansısa bir ölkənin işinə müdaxilə edib, “nə edib” və “nə etməməli” olduğunu deyəsiniz? Siz dünyanın ağasısınız? İranın nüvə imkanları və nüvə sənayesinə malik olub-olmamasının Amerikaya nə dəxli var? Bu müdaxilələr yersiz, səhv və zorakılıqdır.
Eşitdiyimə görə, indi Amerikanın bütün ştatlarında xalq küçələrdə onun əleyhinə şüar səsləndirir. (4) Verilən məlumatlara əsasən və sizin də bildiyiniz kimi, Amerikanın müxtəlif ştat və şəhərlərində 7 milyon insan bu şəxsə qarşı şüar səsləndirir. Əgər sizin həqiqətən də gücünüz varsa, gedin onları sakitləşdirin! Onları sakitləşdirin və evlərinə qaytarın! Başqa ölkələrin işlərinə müdaxilə edirsiniz, hərbi obyektlər tikirsiniz. Terrorçu Amerikadır; terrorizmin əsl simvolu Amerikanın özüdür!
O deyir ki, “Mən İran xalqının yanındayam”; yalan deyir. Amerikanın neçə illərdir tətbiq etdiyi bu dolayı sanksiyalar və bir çox ölkələrin də qorxudan ona qoşulması kimə qarşıdır? Bu sanksiyalar İran xalqına qarşıdır. Siz İran xalqının dostu deyil, düşmənisiniz.
O deyir ki, mən danışıq adamıyam, İranla danışıq aparmaq istəyirəm! Halbuki zorakılıqla, nəticəsi əvvəldən bəlli olan danışıq, danışıq deyil, zorakılıqdır. Və İran xalqı da belə təzyiqə boyun əyməyəcək və əymir də. Bunun adı danışıq deyildir. “Gəlin oturaq müzakirə aparaq və nəticəsi də bu olsun” təbiri bunun müzakirə olmadığını əvvəlcədən bəlli edir; bu zorakılıqdır. Bu cür təzyiqlərlə İranı, digər ölkələr kimi, təsir altına salmaq, diz çökdürmək mümkün deyil.
Deyir ki, bu bölgədə – onların təbirincə Yaxın və Orta Şərqdə, bizim təbirimizcə isə Qərbi Asiyada – ölüm, yoxluq və müharibə hökm sürür. Müharibələri siz başladırsınız, Amerika müharibə yaradandır. Ümumiyyətlə, müharibələri meydana gətirən elə Amerikadır, savaşları əmələ gətirən odur. Terrorla yanaşı, müharibə alovunu da körükləyir. Bu müharibələr, bu ölümlər onların məhsuludur. Onların gördükləri işlər, Amerikanın bu bölgədə gördüyü işlər bundan ibarətdir. Bu qədər hərbi bazalar nə üçündür? Amerika bu regionun müxtəlif ölkələrində niyə bu qədər hərbi bazalar təsis edir? Sizin burada nə işiniz var? Bu regionun sizə nə aidiyyəti var? Bu region buranın öz sakinlərinə məxsusdur. Bütün bunlara əsasən, bu şəxsin açıqladığı mövqe tamamilə səhvdir, əksəriyyəti yalandır və zorakılıqdan xəbər verir. Hərçənd zorakılıqla bəzi xalqlara təsir göstərə bilir, amma Allahın yardımı ilə İran xalqına heç vaxt təsir edə bilməyəcək.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
__________________
(1) Donald Tramp HƏMAS və sionist rejim arasında atəşkəs müqaviləsi imzalamaq üçün Misirə səfər etməzdən əvvəl sionist Knessetdə çıxış etmişdir. O, bu çıxışında sionist rejimini tamamilə dəstəklədiyini yenidən təkidlə elan etmişdir. Bununla yanaşı, İranın nüvə obyektlərinə hücumu da mövcud atəşkəsin bərqərar olması üçün zəruri hesab etdiyini bildirmişdir. Həmçinin nə Amerikanın və nə də sionist rejimin İran xalqı ilə heç bir düşmənçiliyinin olmadığını və onların sülh içində yaşamalarını istədiklərini iddia etmişdir.
(2) Şəhid Dr. Məhəmməd Mehdi Tehrançi
(3) Şəhid Dr. Feridun Abbasi
(4) ABŞ-da milyonlarla insan Donald Tramp administrasiyasının korrupsiyası və səmərəsizliyinə etiraz olaraq ölkə miqyasında etiraz aksiyalarına qatılmışdır.
