Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Əlborz ostanının şəhidlərinin anım konfransının təşkilatçıları ilə görüşdəki çıxışı

بسم‌اللّه‌الرحمن‌الرّحیم الحمد للّه ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم 
المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین

Rəhman və Rəhim Allahın adı ilə. 

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə, seçilmiş Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

Əziz qardaş və bacılar, çox xoş gəlmisiniz! (1) Kərəc şəhərinin və Əlborz ostanının şəhidlərinin adını, xatirəsini yaşatmaq məqsədi ilə bu faydalı və həyati əhəmiyyətli işin təşkilində göstərdiyiniz səylərə görə sizə öz minnətdarlığımı bildirirəm. 

Cənabların qeyd etdikləri kimi, Əlborz ostanının özünə məxsus bir xüsusiyyəti vardır, o da bu yerin bir neçə onilliklərdən bəri ölkənin ayrı-ayrı yerlərindən buraya köçüb gəlmiş insanların yaşam mərkəzinə çevrilməsidir. Buna görə də bu şəhərdə həyata keçirilən hər hansı bir faydalı iş ölkənin digər yerlərinə də təsir göstərə bilər. Bir sözlə həm gördüyünüz iş olduqca diqqətəlayiq bir işdir, həm də Allahın xoşuna gələn və faydalı bir işdir. Bu işin təşkilatçılarına öz minnətdarlığımı bildirirəm. 

Burada diqqət ediləsi bir məqam vardır, o da budur ki, bu konfransın planları ilə bağlı verdiyiniz açıqlamalarda bir sıra maraqlı məsələlərə toxundunuz – çıxış edən hər iki cənab (2) vacib məqamları, bu fəaliyyətdən gözləntilərini dilə gətirdilər – amma bu dedikləriniz sizə, təşkilatçılara aid olan istəklərdir və mütləq həyata keçirilməlidir; bu barədə ciddi şəkildə fikirləşməlisiniz. Dediyiniz o kitabların oxucusu olmalıdır, o filmlərin izləyicisi olmalıdır və bunun üçün əlavə səyə ehtiyac var. Əgər iş ustalıqla yerinə yetirilməzsə, ya ardıcıl olaraq izlənilməzsə, ya da müxtəlif yönləri nəzərə alınmazsa, layiqincə və yerində həyata keçirdiyiniz bu səyləriniz nəticəsiz qalacaqdır. Elə iş görməlisiniz ki, bu səylər nəticə versin. Bu işin özü də əlavə səylərin həyata keçirilməsini tələb edir. Bunu demək istəyirəm ki, hansısa yaxşı bir işi həyata keçirmək haqqında fikirləşmək, o iş üçün müəyyən planlar hazırlamaq həmin işin yarısı deməkdir. Daha vacib olan ikinci yarısı isə o ideyanı ardıcıl şəkildə izləmək, nəticəyə çatdırmaq, reallaşdırmaqdır və siz işin bu ikinci yarısını həyata keçirməlisiniz. 

Burada olan digər bir məqam bu anım konfranslarının təşkili ilə bağlıdır. Bu anım konfranslarını biz nəyə görə təşkil edirik? Məcburi müharibə zamanı, ya da son dövrlərdə baş verən müharibə zamanı şəhid olanlar haqqında araşdırma apardıqda, ümumiyyətlə, şəhidlərin əksəriyyətinin həyatına baxdıqda onlarda elə bir motivasiya görürük ki, əslində həmin motiv onları təhlükə meydanına çəkib gətirmiş və nəticədə həyatlarını itirmişlər. Əlbəttə, bu motivasiyaya sahib olan bir çox başqa insanlar da var idi və Allaha şükürlər olsun ki, sağ-salamat evlərinə qayıdıblar. Bəs bu motivasiya nədən ibarətdir? Nəyə görə bir gənc öz rahat həyatından, ata-anasından, təhsilindən, iş-gücündən, arzularından, peşəsindən, hər bir şeydən əl çəkərək gedib özünü müharibənin əziyyətinin – bu meydanda olanlar orada nə cür çətinliklərin olduğunu bilirlər – içərisinə salsın?

Bu mühüm işi, bu əzəmətli addımı emosiyalar səviyyəsinə endirib onunla məhdudlaşdırsaq, o zaman şəhidlərə haqsızlıq etmiş olarıq. Əgər desək ki, kimlərsə çıxış edib, bu uşaqların hisslərini oyatmışdır və onlar da yola düşüb gediblər, bu sözlə bu hadisəyə, bu şəxslərə qarşı həqiqətən də haqsızlıq etmiş olarıq. Halbuki reallıq heç də belə deyildir. Burada başqa motivlər vardır və siz həmin o motivləri müəyyənləşdirməli, tapıb üzə çıxarmalısınız. 

Bu motivlərdən biri “Liqaullah” – Allah-Taalaya qovuşmaq şövqüdür. Biz bu gənclərin arasında sözün həqiqi mənasında “Liqaullah” aşiqləri olan şəxsləri görürük. Yəni bu, İmamın (r.ə) ariflərə və süluk sahibi olan böyük şəxslərə tövsiyə etdiyi həmin o sözdür: “Bir ömür ibadət etdiniz, Allah qəbul etsin, indi isə gedin o gəncin vəsiyyətnaməsini oxuyun. Bu gənc 70-80 illik bir yolu, bəzən bir neçə ayda, ya da bir neçə gündə qət edərək o ali dərəcəyə çatmışdır”. Bu şövqü, Allah-Taalaya olan bu şövqü gənclərin qəlbində yaratmaq lazımdır. Digər bir hiss “dini vəzifə hissi”dir; belə ki, bu, bir vəzifədir, gəncə də deyilmişdir və həmin vəzifə mütləq yerinə yetirilməlidir; məsələn, namaz kimi. Bunlar olmalıdır, bunları həyata keçirmək lazımdır. Başqa bir hiss “düşmənlə qarşıdurma hissi”dir; bu, olduqca mühüm bir hissdir. Gənc yeniyetməlik və uşaqlıq düşüncəsindən qopduğu zaman özünün gənclik şüurunun, dərkinin fərqinə vardıqda başa düşür ki, ölkəsi qarşısında yerinə yetirməli olduğu müəyyən bir vəzifəsi var. Başa düşür ki, onun evini, ölkəsini, mədəni irslərini, qalıcı miraslarını və s. oğurlamağa göz dikənlər var və onların qarşısında var gücü ilə dayanır. Bu və bu kimi digər hisslər insanda mövcud olan hisslərdir. Bu gənclərin bu hərəkətləri ilə bağlı onlarla mühüm motivin adını ard-ardına çəkmək mümkündür, hansı ki, cənablar hal-hazırda bu işi həyata keçirirlər. Bu motivləri biz gələcək nəsillərə aşılamalıyıq. Mənim sözüm budur. Mən demək istəyirəm ki, bu motivasiyanın yox olmasına imkan verməyin; bu motivasiya mütləq gələcək nəsillərə ötürülməlidir. Amma bəzi mədəni qurumların və səlahiyyətli orqanların, həmçinin bu barədə düşünməli olan şəxslərin davranışları bunu əks etdirmir; yəni bu ali məfhumların, bu dəyərlərin gənc nəslə ötürülməsi üçün lazım olan səyləri bir çox hallarda müşahidə etmirik. 

Bizim istedadlı, yaxşı gənclərimiz var. Bu gün mövcud olan bu imkanlar İnqilabın əvvəllərində, məcburi müharibə zamanı yox idi. Bu gün hər hansısa bir mətləbi, anlayış və mövzuları qarşı tərəfin düşüncəsinə aşılamaqla onu təsir altına salmaq üçün mövcud olan bu qabaqcıl vasitələr o günlər mövcud deyildi. Bu gün gənclərimiz bunlarla mübarizə aparırlar. Gündəlik namazlarını, gecə və nafilə namazlarını qılan, məscid əhli, sinəzən əhli və heyət əhli olanlar belə, böyük bir dalğa qarşısında əslində öz dini kimliklərini qoruyur və möhkəmləndirirlər. Bu mübarizə çox dəyərlidir. Biz bunun qədrini bilməliyik. Məncə, bizim bugünkü gənclərimiz olduqca yaxşı və hazırlıqlı gənclərdirlər. 

Bizim proqramımız bundan ibarət olmalıdır: bu şəhadətləri, İran xalqında bu əzəməti, bu fədakarlığı yaradan, vücuda gətirən bu dəyərləri aydınlatmaq və gələcək nəsillərə ötürmək lazımdır ki, ölkəmizi inkişaf etdirə və cəmiyyətimizi irəli apara bilək, inşallah. 

Xoşbəxtlikdən, mövcud olan bütün çətinliklərə, maddi sıxıntılara və bir çox problemlərə baxmayaraq, İnqilab və İslam yolunda irəliləmək üçün ölkədə bir çox müsbət cəhətlər və geniş hazırlıqlar müşahidə olunur. Bunu görmək mümkündür. Ümid edirəm ki, bu məqamlar gücləndiriləcək, bu istiqamətdə gördüyünüz işlər bəhrəsini verəcək və siz öz bölgənizdə bu işləri reallaşdıra biləcəksiniz, inşallah. 

Qeyd etdiyim kimi, bu kimi işləri təkcə ostanınızda keçirməklə kifayətlənməyin. Yəni bunu elə bir şəkildə həyata keçirin ki, ölkənin digər şəhər və rayonlarından olanlar bu sovqatı buradan orada yaşayanlar üçün apara bilsinlər və bu ideyanı, bu dəyər və hazırlığı onlara ötürmək üçün onları hazırlasınlar. Bu dəyərlər ölkənin digər bölgələrinə də ötürülsün, inşallah. 

Bu işi hansı məqsədlə etmisinizsə, o məqsədə çatmaqda Allah-Taala hamınızın köməyi olsun. Allah-Taala sizin və bütün qardaşların əməyini qəbul etsin. Mənim salamımı da Kərəcin əziz insanlarına, xüsusilə də əziz şəhid ailələrinə çatdırın. 

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

__________________________

1) Görüşün əvvəlində Höccətul-İslam vəl-müslimin Seyid Məhəmmədmehdi Həmədani (Əlborz ostanı üzrə vəliyyi-fəqihin nümayəndəsi və konqresin siyasi şurasının rəhbəri) Müctəba Abdullahi (Əlborz ostandarı və konqresin direktoru) və briqada generalı Əlirza Heydərniya (Əlborz ostanının “İmam Həsən Müctəba” (ə) korpusunun komandiri və konqresin baş katibi) məruzə ilə çıxış etmişdir. 
2) Konqresin siyasi şurasının rəhbəri və konqresin baş katibi