بسم الله الرّحمن الرّحیم و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی
محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین
Rəhman və Rəhim Allahın adı ilə.
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə, pak, seçilmiş Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.
Bu gün qeyri-adi bir insanın mövlud günüdür; o, həm doğulduğu yer baxımından, həm də uca şəxsiyyəti baxımından qeyri-adi bir insandır. Onun doğulduğu yer Kəbədir. Biz tarixdə Allahın evində, Kəbədə dünyaya gələn başqa birisini tanıyırıq? Dünyaya gələn insan isə Əli Murtazadır (ə). Bir az sonra onun barəsində bir neçə kəlməni diqqətinizə çatdıracağam. Bu səbəbdən, bu böyük insanın təvəllüdü baxımından rəcəb ayının 13-ü müstəsna və misilsiz bir gündür.
Eyni zamanda bu gün olduqca dəyərli və əziz şəhidimiz Şəhid Süleymaninin də ildönümüdür. Şəhid Süleymani haqqında, Allaha şükürlər olsun ki, çox şeylər deyilib, çox şeylər yazılıb. Mən həyat və fəaliyyətini yaxından izlədiyim bu əziz şəhidimiz haqqında bir kəlmə deməli olsaydım, deyərdim ki, Süleymani iman, ixlas və əməl sahibi olan bir insan idi; o, bu üç xüsusiyyətə sahib idi. O, imanlı insan idi; yəni gördüyü işə inanırdı, uğrunda çalışdığı hədəfə dərindən iman bəsləyirdi, Allaha, İlahinin yardımına imanı vardı; imanlı insan idi. O, ixlaslı insan idi; ad-san üçün, insanların onu tərifləməsi üçün çalışmazdı. Allaha xatır, hədəfə xatir ixlasla çalışırdı, işləyirdi. Nəhayət, o, əməl sahibi olan insan idi. Bəziləri çox yaxşıdırlar, çox şeyləri başa düşürlər, amma əməldə bir şey görünmür; yəni düşüncədə, dildə ifadə etdikləri ideyalarında həqiqi əməldən əsər-əlamət görünmür. Şəhid Süleymani isə əməl sahibi idi. Harada ona ehtiyac olduğunu hiss etsəydi, o yerdə də hazır olardı; istər Kirmandakı İnqilabi hərəkatı qoruyub ona rəhbərlik etmək olsun, istərsə oradakı amansız cinayətkarlarla mübarizə olsun, istər Qüds Qüvvələri və Hərəmin Müdafiəsi, istərsə də İŞİD-lə mübarizə olsun. O, həm hərbi, həm siyasi, həm də tərbiyə sahəsində fəaliyyət göstərən bir insan idi. O, təkcə hərbiçi deyildi. Biz onu hərbiçi kimi tanıyırıq, ancaq regionun ən həssas və ən mühüm siyasi məsələlərində şəhid Süleymani ən təsirli, ən faydalı və bəzi yerlərdə isə bənzərsiz rol oynayırdı. Tərbiyə məsələsində də əməl sahibi idi; tabeliyində olan, ona qoşulan, onunla birgə döyüşən insanlar da ondan dərs alırdılar. O, bu insanları tərbiyə edirdi, yetişdirirdi. O, bizim dövrümüzdə yaşamış hərtərəfli və mükəmməl bir insan idi.
Bir neçə gün bundan əvvəl hələ də ona qan bahası borcu olanlar onunla bağlı boş-boş sözlər danışdılar, şəhid Süleymani haqqında mənasız sözlər səsləndirdilər. (1) Halbuki şəhid Süleymani bərəkətli ömründə onların sözlərini öz əməli, öz hərəkəti ilə puça çıxarmışdı. Allaha şükürlər olsun, düşmənin acığına onun məzarı hər il əvvəlki illərə nisbətən daha da müqəddəs və ehtiramlı olur. Elə bu il sizin də gördüyünüz kimi – mən də televizorda görürəm – uzaq yerlərdən, hətta başqa ölkələrdən böyük insan izdihamı axın edərək, bu şəxsin məzarını ziyarət etmək üçün gəlirlər. O, iman, ixlas və əməl sahibi olan bir insan idi.
Bu gün bu görüşdə şəhid Süleymani ilə yanaşı, digər əziz şəhidlərimizin də xatirəsi yad olunur. Həmin şəhidlərin bəzilərinin ailələri – istər hərbi sahənin, istər elm sahəsinin, istərsə də bu 12 günlük müharibədə şəhidlər sırasına qoşulan əziz xalqımızın üzvləri olsun – burada iştirak edirlər. Yaxından tanıdığımız şəxslər haqqında onu deyə bilərik ki, onların həyatı başdan-başa cihad idi, onlar sadəcə cihadı fikirləşirdilər. Allah-Taala yolunda dayanmaq bilmirdilər, durmadan çalışırdılar; şəhidlik də arzuları idi, şəhid olmağı arzu edirdilər. Həm şəhid hərbiçilərimiz, həm şəhid alimlərimiz – yaxından tanıdığım bəzi alimlər – şəhadət aşiqləri idilər, şəhadəti gözləyirdilər. Bu görüş adları tarixdə əbədi yaşayacaq bu şəhidləri anmaq, onlara ehtiram, hörmət göstərmək məqsədi ilə təşkil olunmuşdur. Biz onların mübarək adlarından istifadə edərək tarixdə irəliləməliyik.
Bu gün diqqətinizə çatdırmaq istədiyim mövzulara gəlincə, sizinlə iki-üç qısa mövzunu bölüşmək istəyirəm. Bunlardan biri Əmirəl-möminin (ə) haqqında qısa bir söhbətdir. Digər söhbət – həm Əmirəl-mömininin dövründə, həm də bugünkü gün mövcud olan – haqq və batilin mübarizəsinin anlaşılmasında mütləq diqqət yetirilməsi lazım olan bir amil haqqındadır. Digəri isə ötən həftə baş vermiş son hadisələr və xalqımızın keçirdiyi etiraz aksiyaları haqqındadır ki, bu məsələyə də qısaca toxunacağam.
Əmirəl-möminin (ə) haqqında tarix, bədii ədəbiyyat və hədislərdə deyilmiş və yazılmış sözlər o dərəcədə çoxdur ki, mən düşünmürəm ki, başqa bir şəxs barəsində bu qədər danışılsın, bu qədər mədh edilsin; hətta qeyri-müsəlmanlar, qeyri-şiələr, böyük şəxsiyyətlər, görkəmli alimlər onun haqqında kitablar yazmışlar. İbn Əbil Hədidin “Nəhcul-bəlağə”yə yazdığı şərhi çoxcildli qalın və böyük bir kitabdır. “Nəhcül-bəlağə”yə, o böyük insanın sözlərinə, Malik Əştərə yazılmış məktuba və onunla əlaqəli olan tarixi hadisələrə və s. yazılmış şərhlər bədii ədəbiyyatda o qədər çoxdur ki, qeyd etdiyim kimi, bunun misli-bərabərini tapmaq mümkün deyildir. Əmirəl-möminin (ə) haqqında qələmə alınmış bütün bu xüsusiyyətlərdən danışmaq üçün mən ikisini seçmişəm; belə ki, Əmirəl-möminin (ə) bu iki xüsusiyyətin zirvəsində dayanır və bu gün biz bu iki xüsusiyyətə daha çox ehtiyac duyuruq. Bunlardan biri Əmirəl-mömininin (ə) “ədalət”in zirvəsində olmasıdır, digəri isə onun “təqva”nın zirvəsində dayanmasıdır. Ədalət və təqva.
Bu gün İslam Respublikasının ədalətə, təqvaya daha ciddi ehtiyacı var; əlbəttə, bu gün İslam Respublikası keçmişlə müqayisədə həm ədalət, həm də təqva məsələsində irəliləyiş əldə edib; amma çatmalı olduğumuz nöqtə ilə gözləntimiz arasında hələ də məsafə var. Ona görə də Əmirəl-mominini (ə) nümunə olaraq görməli və bu yolda o zirvəyə doğru addımlamalıyıq.
Dedik ki, Əmirəl-möminin (ə) ədalətin zirvəsində dayanır və həmin zirvə ədalətin ən yüksək nöqtəsidir. Yaxşı, bəs Əmirəl-möminin (ə) ədaləti necə bərqərar edirdi? O, bunu müxtəlif yollarla həyata keçirirdi; bəzən ədaləti nəvaziş göstərməklə, yoxsullara, yetim uşaqlara, başsız ailələrə xidmət etməklə göstərirdi. O, ədaləti bəzən bu şəkildə bərqərar edirdi. Bəzən də ədaləti tam əksinə, “Zülfüqar”la, haça uclu iti qılıncı ilə icra edirdi; o silahla ki, tarix boyu heç bir silah “Zülfüqar” qədər mədh olunmamışdır. Bəzən də ədaləti gözəl, səlis nitqlə, hikmətlə, ərəb ədəbiyyatının səviyyəsinin fövqündə duran ifadələrlə, məsələn, “Nəhcül-bəlağə” vasitəsilə bəyan edirdi. O, ədaləti öz hakimlərinə, valilərinə məktub yazmaq və onlara ədalət dərsi vermək kimi yollarla izah edirdi. Yəni insan Əmirəl-mömininin (ə) Malik Əştərə (2) yazdığı hökumət fərmanına baxanda görür ki – bu fərman səhvən “əhdnamə” adlandırılmışdır, əslində əhdnamə deyil, fərmandır; hökumət fərmanıdır – bu fərman ədalətlə, cəmiyyəti ədalətli cəmiyyətə çevirən məzmunlarla doludur. O, ədaləti bəzən də bu şəkildə icra edirdi: yəni həm mehribanlıqla, həm İlahi qəzəbi nəzərə alaraq və dini təəssübkeşliklə, həm gözəl nitqlə, həm də hikmət və aydınlaşdırma yolu ilə. Bu “Təbyin cihadı”nın, həqiqətləri anlatmağın mənbəyi Əmirəl-möminindir (ə).
Təqvaya gəlincə, o, bunu necə nümayiş etdirirdi? Onun (ə) təqvasını biz bəzən ibadət mehrabındakı əməlində görə bilərik. O, mələklərin qibtə etdiyi bir şəkildə ibadət edərdi; yəni Əmirəl-mömininin (ə) ibadəti, namazı, Rəbbinə olan yalvarışı, Onunla söhbəti mələkləri heyrət və riqqətə gətirərdi. Bəzən də bu təqvanı müsəlmanların birliyini qorumaq məqsədi ilə göstərdiyi səbir və sükutunda müşahidə edə bilərik. Bu, Əmirəl-mömininin təqvasının ən mühüm nümunələrindən biridir. Ona məxsus olan haqq ondan alınır, Əmirəl-möminin (ə) bu haqqı qılınc gücünə ala bilərdi, amma bu halda müsəlmanlar arasında ixtilaf yaranacaqdı. Bu ixtilafın qarşısını almaq üçün o, səbir edir, səssiz qalır və onlarla əməkdaşlıq etməyə məcbur olur. Bəziləri Əmirəl-mömininin (ə) 25 il evdə oturduğunu deyirlər; xeyr, Əmirəl-möminin (ə) evdə oturmamışdı; o, meydanda idi, dövrün xəlifələrinə, insanlara göstərişlər verirdi, istiqamətləndirib bələdçilik edirdi. Yəni səbir və sükutla öz təqvasını nümayiş etdirirdi. Bəli, insan haqqının alındığını görür, amma daha böyük bir məsləhət naminə susur; bu, təqvadır. Bizim kimilər dözə bilməzdi, əgər hansısa haqqımız əlimizdən alınsaydı, dünyanın sonunun gəldiyini fikirləşərdik; biz diqqət etmirik, amma o Həzrət (ə) diqqət edirdi. O dahi şəxsiyyətin təqvası bəzən çətin hadisələr qarşısında sinəsini sipər etməklə özünü göstərirdi; məsələn, “Leylətul-məbit” hadisəsində. Budur təqva. O, Peyğəmbərin (s) yerində yatır, halbuki gedişata görə o gecə həyatını itirəcəyinə əmin idi. O, “Uhud” müharibəsində də, “Hüneyn” döyüşündə də təqva nümayiş etdirdi, möhkəm dayandı. “Xeybər” müharibəsində də təqva göstərdi, düşməni yerləyeksan etdi. O, Peyğəmbərin (s) əksər qəzvələrində ön sırada dayanardı. Bu, təqvadır. Təqva sadəcə ibadət mehrabında olmur, döyüş meydanında da təqva özünü göstərir; insanı saxlayır, qoruyur, irəli aparır. Əmirəl-möminin (ə) təqva sahibi olduğuna görə düşmən müqabilində sinəsini sipər edirdi, möhkəm dayanırdı.
Bu iki xüsusiyyət: Əmirəl-mömininin (ə) ədaləti və Əmirəl-mömininin (ə) təqvası. Bu gün ölkəmizdə və cəmiyyətimizdə bizim həm ədalətə, həm də təqvaya ehtiyacımız var. Həm xalqımızın hər bir üzvünün, həm də xüsusilə ölkə məsullarının təqvasına ehtiyacımız var. Bizim buna ehtiyacımız var, bu xüsusiyyət gərək tamamilə gerçəkləşdirilsin. Allaha şükürlər olsun ki, gözə çarpacaq dərəcədə təqvaya əməl olunduğunu görmək mümkündür, amma bu, hamını əhatələməlidir, hərtərəfli olmalıdır. Adına, şəxsiyyətinə aşiq olduğumuz, adı dilimizdən düşməyən, mədh etdiyimiz, mədhini oxuduğumuz o İmam (ə) məhz belə bir insandır; bu, ədalətdəki davranışı, o da təqvadakı davranışı.
Təxminən min ildən çox bir müddətdə şiələr cəmiyyətdə Əmirəl-mömininin (ə) ədalətini tətbiq etmək fürsətini əldə etməmişdilər, çünki hökumətləri yox idi. Amma artıq bu gün heç bir bəhanə, heç bir səbəb qalmayıb. Bugünkü hökumət İslam hökumətidir, ələvi hökumətidir, imamətə söykənən hökumətdir. Biz bu gün ədalət yolunu izləməliyik. Ədalət bir cəmiyyətin idarə edilməsində izləməli olduğumuz ən vacib və ən əsas şərtdir. Amma bəzən təqvamızın qarşısını alan bəzi əngəllər meydana çıxır; bəzən öz prinsiplərimizdə qorxu hissi keçiririk, şübhə edirik, bəzən dostları, bəzən də düşmənləri nəzərə alırıq. Halbuki bu mülahizələr olmamalıdır, gərək bunlar olmasın. Mülahizələri – əsassız mülahizələri – nəzərə almadan ədalət və təqvanın genişləndirilməsi istiqamətindəki proqrama doğru hərəkət etməliyik. Bu, Əmirəl-möminin (ə) haqqında.
Qeyd etdim ki, Əmirəl-möminin (ə) haqqında bir məqam vardır və o məqam bizim cəmiyyətdə, hökumətdə, İslam dövlətində bu gün mütləq nəzərə alınmalıdır; o məqam budur, Əmirəl-möminin (ə) iştirak etdiyi heç bir döyüşdə məğlub olmamışdır, heç bir döyüşdə. O, bütün döyüşlərdə fateh idi; hətta “Uhud” döyüşündə belə. “Uhud” döyüşündə digərləri döyüş meydanından qaçdılar, amma Əmirəl-möminin (ə) qalib gəldi. Onun və Peyğəmbərin (s) ətrafındakı bir-iki şəxsin şücaəti, dirənişi zəif iradəli şəxslərin döyüş meydanından qaçışını kompensasiya etdi. Yəni Əmirəl-möminin (ə) bütün döyüşlərində qalib gəlmişdi. Buna bənzər hadisə “Hüneyn” və digər döyüşlərdə də baş vermişdi. Xilafəti dövründə üç döyüş baş verib və hər üçündə də Əmirəl-möminin (ə) qalib gəlib; Siffeyndə də qalib gəlmişdi. Siffeyndə tarixin gedişatının dəyişməsinə bir addım qalmışdı; əgər Malik Əştər o gün çatmaq üzrə olduğu o yerə özünü çatdıra bilsəydi, tarixin gedişatı dəyişəcəkdi, amma o, Əmirəl-mömininin (ə) əmri ilə geri döndü. O gün də, bu gün də mövcud olan problem ondadır ki, heç bir döyüşdə məğlub olmayan Əmirəl-möminin (ə) bir çox məqamlarda hədəflərini reallaşdırmaqda ikən onun qarşısına maneələr çıxardırlar. Yəni bu gün bizim “yumşaq müharibə” adlandırdığımız o yolu tapmışdılar. Bəziləri belə fikirləşir ki, bu cür hadisələr, töhmətlər, aldatmalar, şərlər, nüfuzlar ancaq bu günə aiddir; xeyr, eyni amillər Əmirəl-mömininin (ə) dövründə də mövcud idi. İşi görən camaatdır; Allahın vəlisi isə insanların yardımı olmadan heç bir iş görə bilməz:
هُوَ الَّذی اَیَّدَکَ بِنَصرِهِ وَبِالمُؤمِنین
“O Allah ki, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi”. (3)
Əmirəl-mömininin (ə) şücaəti, qüdrəti, polad iradəsi qarşısında düşmənin onun ətrafındakıları aldatmaqdan, azdırmaqdan başqa çarəsi qalmadı. Belə ki, “Siffeyn” döyüşündə Quranları nizələrin başına keçirməklə bu işi gördülər. Bu kimi işlər sonralar da baş verdi. İmam Həsənin (ə) dövründə də baş verdi. Yumşaq müharibə budur. Yumşaq müharibə aldatmaqla, yalanla, töhmətlə, vəsvəsə ilə, səfsətə dəlillər ilə insanlarda tutduqları yol haqqında tərəddüd yaratmaqdır; insanları şübhəyə salmaq deməkdir. Yumuşaq müharibə budur. Bu müharibə bu gün də davam edir; bu işi bu gün də görürlər. Yumşaq müharibədə məqsəd isə xalqı ruhdan salmaqdır. Müxtəlif sferalarda görünən, işləməyə, fəaliyyətə hazır olan insanlarda bədbinlik, məyusluq yaratmaq üçün yumşaq müharibə vasitələri ilə meydana daxil olurlar. Bütün təfərrüatları tarixdə qeyd olunan bu işi o vaxt – yəni Əmirəl-mömininin dövründə həyata keçirirdilər. Müxtəlif şəhərlərə, kəndlərə gedib insanlara hücum edir, zülm edirdilər, sonra da bir nəfər çıxıb şayiə yayırdı ki, bunlar Əli (ə) tərəfindən göndərilibdir. İnsanlarda şübhə yaradırdılar. Həmin hərəkətlər bu gün də eyni ilə təkrar olunur. Əlbəttə, İran xalqı çətin sınaq meydanlarında, onun iştirakına və köməyinə ehtiyac duyulan hər yerdə möhkəm dayandığını göstərib. Bu iş bütünlükdə İran xalqına məxsusdur, hansısa bir dəstəyə, qrupa aid deyildir. Dayanmalı yerdə dayanır, kömək lazım olduğu yerdə kömək edir, şüar səsləndirməli yerdə şüar səsləndirir, qarşısındakı düşməni məyus etməli olduğu yerdə məyus edir. Bu motivasiya düşməni narahat edir. Ona görə də o, insanlardakı bu motivasiyanı müxtəlif bəhanələrlə süstləşdirməyə, zəiflətməyə çalışır.
Bu gün düşmənin, eyni zamanda daxildəki bəzi naxələf və bəsirətsiz insanların yumşaq müharibə meydanında istifadə etdikləri vasitələrdən biri bu xalqın nailiyyətlərini, imkan və bacarıqlarını danmaqdır; bu xalqın imkanlarını inkar etməkdir. Bu xalq böyük xalqdır, böyük işlər də görə bilir və görür də; hal-hazırda da iş görür. Əgər hansısa bir xalqın qazandığı nailiyyətlərdən xəbəri olmazsa, imkanlarını görməzsə, əldə etdiyi inkişafına inanmazsa, təhqir olunacaqdır. O, təhqir olunduqda, özünü alçalmış gördükdə isə düşmənə təslim olacaqdır. Bu, düşmənin izlədiyi və həyata keçirdiyi bir hiylədir.
Əgər bu günün elit, bacarıqlı gənci bir gündə kosmosa üç peyk göndərirsə, (4) bu, heç də kiçik bir nailliyyət deyil. Bu, böyük bir nailliyyətdir. Bu günün elit və bacarıqlı gənci bir neçə ay ərzində ölkənin elektrik enerjisinin tutumuna dörd min meqabayt əlavə edib ölkə şəbəkəsini gücləndirir. Bu günün elit gənci müxtəlif elmi sahələrdə, o cümlədən aerokosmik, biotexnologiya, müalicə metodlarında – yəni tibb sahəsində, nanotexnologiyada, raket istehsalında, müdafiə sənayesində və s. dünyanı heyrətə salıb, özü də sanksiyalar dövründə. Bunlar misilsiz sərvətlərdir, bu sərvətləri görmək, təqdir etmək lazımdır. Biz belə sərvətə sahibik. Mən deyəsən, əvvəlki çıxışlarımda da (5) bir-iki dəfə qeyd etmişdim ki, bir neçə il bundan əvvəl sionistlərin raket sənayesi üzrə bir alimi (6) etiraf edib demişdir ki, filan növ İran raketini atmağı məşq edərkən görüntülərinin yayımını gördüm. Mən sanksiyalar dövründə, blokada şəraitində bu raketi istehsal edən şəxsi belə böyük işi görə bildiyinə görə alqışlayıram. Müdafiə sənayesində, müalicə sahəsində və s. bu gün bir sıra böyük işlər görülür. Amma düşmən bunları gizlədir. Təəssüflər olsun ki, daxildəki bəzi şəxslər də əldə olunmuş bu nailiyyətləri, bu böyük işləri gizli saxlayır və ictimaiyyətə çatdırmırlar. Halbuki ölkədə çox böyük işlər görülür və ölkə irəliləyir.
Düşmənin İran xalqından ilk öncə müharibəni dayandırmasını istəməsi, daha sonra “sizinlə müharibə etmək istəmirik” mesajını göndərməsi – əlbəttə, xain düşmən fırıldaqçı və eyni zamanda yalançıdır, biz onun sözlərinə etibar etmirik – onu bu addımı atmağa vadar edən amil nə idi? Bunun səbəbi İran xalqının qüdrətidir, İran gənclərinin bacarığıdır. Mənim eşitdiyimə görə və mənə verilən məlumata əsasən, keçən həftə orbitə bu peykləri buraxan mütəxəssislərimizin, bir gündə üç peyki kosmosa göndərib orada yerləşdirən gənclərimizin orta yaş həddi 26-dır! 26 yaşlı gənclər; bunlar ölkənin möhtəşəm resurslarıdır, insan resursları kiçik sərvət deyildir. Sonra da o amerikalı boşboğaz (7) oturub İran xalqı haqqında danışır, gah təhqiramiz sözlər işlədir, gah da vədlər verir; yalan və saxta vədlər. Əlbəttə, xoşbəxtlikdən, bu gün İran xalqı Amerikanı tanıyıb, amma bir vaxtlar tanımırdı. Bu gün dünyada Amerikanın maskası yırtılıb, bütün dünyada rüsvay olub, artıq onu bütün dünya tanıyır, bu, İrana məxsus bir şey deyil. Xalq artıq düşməni tanıyıb; bu çox böyük bir uğurdur. Biz çox çalışırdıq ki, xalqa dəlillər gətirək, amma 12 günlük müharibədə xalq özü reallığı gördü, müşahidə etdi. Hətta ölkə problemlərinin həlli yolunu Amerika ilə danışıqlarda görənlər belə, nə baş verdiyini anladılar; Amerika ilə danışıqların ortasında, İran hökuməti danışıqlar aparmaqla məşgul olduğu bir vaxtda Amerika dövləti pərdə arxasında müharibə planını hazırlamaqla məşğul imiş! Amma xalq oyaqdır, xalq ayıq-sayıqdır.
Beləliklə, yumşaq müharibəyə, düşmənin şübhə və şayiələr yaratmasına qarşı diqqətli olmaq lazımdır. Hər hansısa bir televiziya, radio kanallarına, informasiya mərkəzlərinə xərclənən bu qədər pullar – milyardlarla pul xərclənir – İran xalqına qarşı daima yalan və reallığın əksinə ifadələrin yayılması, bütün bunlar səbəbsiz deyildir. Bunun çox önəmli bir dəlili vardır. Bu yolla ölkəni daxildən zəiflətmək istəyirlər. Onlar gördülər ki, 12 günlük müharibədə xalq möcüzəvi bir birliyə sahibdir, ona görə də bu birliyi pozmağa çalışırlar. İran xalqı diqqətli olmalıdır. Ən mühüm məsələ düşmənin düşmənçiliyinə diqqət etmək və daxili birliyi, vəhdəti qorumaqdır. Quranın təbiri ilə desək:
اَشِدّاءُ عَلَی الکُفّارِ رُحَماءُ بَینَهُم
“... onlar kafirlərə qarşı sərt, öz aralarında isə rəhmlidirlər”. (8)
Mən ötən həftə keçirilən etiraz aksiyaları haqqında da bir neçə kəlməni diqqətinizə çatdırmaq istəyirəm. Birincisi, bazarlar və bazarlarda ticarətlə məşğul olan tacir təbəqəsi, İslam dövlətinə və İslam İnqilabına ən sadiq təbəqədir. Biz onları çox yaxşı tanıyırıq. Ona görə də “bazar ictimaiyyəti” adı altında İslam Respublikasına qarşı çıxmaq mümkün deyil. Bəli, bu aksiyalarda iştirak edənlər daha çox bazarlarda ticarət ilə məşğul olanlar idi, etirazlarında da haqlı idilər. Mən həm televizordan eşitdim, həm də təhlillərdə gördüm. Bazarlarda ticarət ilə məşğul olanlar milli valyutanın vəziyyətini, dəyərdən düşməsini, milli valyutada həmçinin xarici valyutanın biznes mühitində yaratdığı qeyri-sabitliyi görəndə deyir ki, mən bu şəraitdə alver edə bilmirəm; doğru da deyir. Bu problemi ölkənin məsul şəxsləri də təkzib etmirlər və mənim ondan da xəbərim var ki, möhtərəm Prezident və digər yüksək vəzifəli rəsmilər bu problemin həll yolunu axtarırlar. Bu real bir problemdir və onu da sizə deyim ki, bu problemdə də düşmənin əli var. Bazar ticarətçilərinin xarici valyutanın qiymətindəki bu artım, hesab-kitabsız artım, qeyri-sabitlik və daim artıb-enməsi qarşısında çıxılmaz vəziyyətə düşməsi, bu, təbii deyildir; bu, düşmənin işidir. Əlbəttə ki, müxtəlif tədbirlər görülərək bu problemin qarşısı alınmalıdır və çalışırlar da; həm Prezident, həm aidiyyəti qurumların rəhbərləri, həm də bəzi digər məsullar bu problemi həll etməyə çalışırlar. Bazar ticarətçilərinin etirazı buna görədir və etirazlarında da haqlıdırlar. Burada mühüm olan məqam isə budur ki, təhrik edilmiş bir qrup düşmən muzduru bazar ticarətçilərinin arxasında gizlənərək İslamın, İranın və İslam dövlətinin əleyhinə şüarlar səsləndirir; mühüm olan budur. Etiraz etmək düzgündür, amma etiraz iğtişaşdan fərqlidir. Biz etirazçılar ilə dialoqa getməliyik, məsul şəxslər etirazçılar ilə dialoq qurmalıdırlar, igtişaşçılarla isə dialoq qurmaq faydasızdır. İğtişaşçıları mütləq yerində oturtmaq lazımdır. Bir qrupun müxtəlif adlar altında ölkədə təxribat, qeyri-sabitlik yaratmaq məqsədi ilə mömin, dürüst və inqilabçı bazar ticarətçilərinin arxasında gizlənib, etirazlardan sui-istifadə edərək iştişaşlar törətməsi qətiyyən qəbuledilməzdir; qətiyyən. Düşmənin əməlini tanımaq lazımdır, düşmən sakit oturmur, hər bir fürsətdən istifadə edir. Baxıb gördülər burada bir fürsət yaranıb, həmin fürsətdən də istifadə etmək istədilər. Əlbəttə, məsul şəxslərimiz meydanda idilər və həmişə də olacaqlar. Mühüm olan xalqdır. Mühüm olan Süleymanini Süleymani edən o amillərdir; iman, ixlas, əməldir. Mühüm olan düşmənin yumşaq müharibəsi, şayiələri qarşısında laqeyd qalmamaqdır; bunlar mühümdür. Mühüm olan budur ki, insan düşmənin ölkəsinə, məsul şəxslərinə, dövlətinə, xalqına nəyi isə zorla qəbul etdirməyə çalışdığını görəndə var gücü ilə qarşısında dayanıb sinəsini sipər etsin. Biz düşmənin qarşısından geri çəkilməyəcəyik. Biz Uca Allaha arxalanaraq və xalqın dəstəyinə inanaraq, inşallah, İlahinin yardımı sayəsində düşməni diz çökdürəcəyik!
Ümid edirəm ki, Allah-Taala əziz şəhidlərimizi öz övliyaları ilə birlikdə məhşur edəcək, gənclərimizi qoruyacaqdır. İnşallah, siz əzizlərimizi Əmirəl-mömininin (ə) viladətinin bərəkətindən bəhrələndirəcək və şəhid ailələrinin qəlblərinə səbir, təskinlik və aramlıq bəxş edəcəkdir.
Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.
____________________________
(1) ABŞ Prezidenti Donald Tramp Benyamin Netanyahu (İsrailin Baş Naziri) ilə görüşdükdən sonra şəhid Süleymani haqqında əvvəllər də dediyi bu sözü yenidən təkrar etmişdir: “O, Amerika əsgərlərinin ölümünə səbəb olmuşdur”.
(2) “Nəhcül-bəlağə”, 53-cü məktub
(3) “Ənfal” surəsi, 62-ci ayədən
(4) 07.10.1404-ildə (28.12.2025) İran "Paya", "Zəfər-2" və "Kövsər" adlı üç peykini kosmosa buraxmışdır.
(5) 12. 07.1397-ci ildə (04.10.2018) Bəsicilərlə keçirilmiş “Bəsicilərin xidməti” adlı konfransdakı çıxış
(6) Yossi Rabin (İsrailin ballistik raket proqramının keçmiş direktoru)
(7) Donald Tramp
(8) “Fəth” surəsi, 29-cu ayədən
