بسماللّه الرّحمنالرّحیم و الحمد للّه ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة اللّه فی الارضین
Rəhman və Rəhim Allahın adı ilə.
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə, pak, seçilmiş Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.
Əziz qardaş və bacılar, Qumun şərafətli, mömin və inqilabçı əhalisi, çox xoş gəlmisiniz. Dey ayının 19-u (red: 09.01.1978) İranın şanlı tarix salnaməsinin ayrılmaz bir səhifəsidir; buna şübhə ola bilməz. Bu gün bütün tarix üçün iftixaredici bir gündür. Doğrudur, hərəkat dey ayının 19-dan başlamamışdı; əslində İslam hərəkatı 19 deydən 15 il əvvəl, əziz İmamımızın (r.ə) rəhbərliyi altında yaranmışdı. Bu 15 il ərzində İmamın (r.ə) bəyanatları, nəsihətləri, çıxışları zamanla, ardıcıl şəkildə cəmiyyətimizin düşüncəsinə nüfuz etdi, eləcə də İslam mütəfəkkirlərimizin ölkənin müxtəlif bölgələrindəki gənclərlə apardığı iş, məscidlərdə, müxtəlif mərkəzlərdəki fəaliyyətləri və s. bütün bunlar İslam hərəkatının təlimlərini formalaşdırdı. Bu, doğrudur; yəni İslam hərəkatının nəzəri təlimləri 15 il boyunca günbəgün xalqın düşüncəsində gücləndi, daha möhkəmləndi. Amma bu ideoloji və nəzəri xəzinənin ictimai hərəkata çevrilməsi üçün mühüm və həlledici bir hadisənin baş verməsinə zəruri bir ehtiyac var idi. Hərəkat haqqında ideyalar sadəcə insanların düşüncələrində idi, hərəkatın ideyası, maarif və prinsipləri xalqın – hamısını demirəm, əksəriyyətinin – böyük hissəsinin qəlbində özünə yer etmişdi, onlar hərəkatın prinsipləri ilə tanış idilər. Amma bu hərəkat həyata keçirilməli və düşüncələrdəki o ideyalar obyektiv bir reallığa, gerçəyə çevrilməliydi. Bunun üçün bir qığılcıma ehtiyac vardı. Məsələn, təsəvvür edin ki, sanki ölkənin dörd bir yanına olduqca böyük bir barıt kütləsi yığılmışdı və bu barıtı alovlandırmaq lazım idi. Qum hadisəsi, 19 Dey hadisəsi bax bu rolu oynadı. Həmin düşüncə tərzini real bir hərəkətə çevirdi. Əlbəttə, Qum hadisəsi qığılcım deyildi, əslində İlahinin iradəsi ilə göydən enən bir ildırım idi. Qum hadisəsi zahirdə bir neçə gün ərzində baş verib sona çatan hadisə kimi görünsə də, hadisənin mahiyyəti bundan ibarət deyildi. Qum hadisəsi bu prossesin başlanğıcını qoydu. Bu qığılcım Təbrizə, digər şəhərlərə, ölkənin dörd bir yanına yayıldı və birdən-birə bütün ölkə alovlara büründü. Qum hadisəsinin nəticəsi bu oldu.
Qum hadisəsini ona görə “ildırım”a bənzədirəm ki, 19 deydən sonra təxminən bir ildən az bir müddətdə, həmin ilin dey ayında monarxiya rejimi tamamilə İrandan uzaqlaşdırıldı. Pəhləvi dövləti həm yadellilərdən asılı, həm maddi-mənəvi cəhətdən çürük, həm zəif, həm də diktator bir dövlət idi. Dövlətlərin ən pisi idi; yəni bəlkə də son dövrlərdə dünyada Pəhləvi dövlətindən daha pis bir dövlət olmamışdır. Bu dövlət süqut etdikdə İslama və xalqa dayanıqlı bir dövlətin yaranması üçün zəmin yarandı; bu, dahi İmamın (r.ə) bizə verdiyi vəd idi. İmamın (r.ə) çıxışlarında əxlaqsız dövlətin yerinə xalqa dayanıqlı dövlətin gələcəyinə dair işarələr vardı; hakimiyyətdə diktator əvəzinə xalq olacaqdı, Amerika, sionist və siyasət aləminin digər rəzil fiqurlarından asılı olan dövlət yerinə müstəqil, başıuca bir dövlət olacaqdı. Qum hadisəsi buna şərait yaratdı.
Onu da qeyd edim ki, Qum kimi dağıdıcı bir hadisənin baş verməsinin səbəbi əslində Pəhləvi rejiminin öz yanlış siyasətləri idi; öz əlləri ilə öz süqutlarını hazırladılar, özləri özlərini bədbəxt etdilər. Necə? Yanlış hesablamalarla, səhv hesablamalarla; bu bütün dövlətlər üçün böyük bir təhlükədir. Bu gün də Amerika dövləti yanlış hesablamalara düçar olur; bu gün də Amerika məsələləri yanlış başa düşür, hesablamaları səhvdir. O gün Pəhləvi rejimini dəstəkləyən həm Amerika, həm də Pəhləvi rejimi yanlış hesablamalar aparır, məsələləri yanlış başa düşürdülər. 19 Dey hadisəsindən təxminən on gün əvvəl, bu hadisədən cəmi on gün əvvəl Tehranda səfərdə olan Amerikanın prezidenti (1) Pəhləvi sarayında yeni il şənliyində çıxış etdi. İçkili idi; cürbəcür içkilərlə və s. məst olmuşdu. Həmin çıxışında o deyib ki, İran sabitliyin hökm sürdüyü adadır. Bundan on gün sonra Qum hadisəsi baş verdi. Bu da onların İranı tanımadıqlarını göstərirdi. Deyib ki, İran sabitliyin hökm sürdüyü bir adadır. Şahın şəninə təriflər yağdırıb, mədh edib və deyib ki, İran belə bir yerdir və on gün sonra Qum hadisəsi baş verib. Onlar İranı tanımırdılar, hələ də tanımırlar. Bizim düşmənlərimiz İranı tanımırdılar və yanlış planlar çəkirdilər, bu gün də tanımırlar, ona görə də yanlış planlar çəkirlər. O gün çəkdikləri yanlış planlara görə məğlubiyyətə uğradılar və bu gün də yanlış çəkdiyi plana görə Amerika məğlubiyyətə uğrayacaqdır.
Bütün bunlar tarixi faktlardır. Qeyd etdiyim bu məsələlər təhlil deyil, bunlar ölkənin o dövrdəki problemləri haqqında oxuyub araşdırma aparan hər kəsə – siz gənclərin əksəriyyəti o dövrü görməmisiniz – aydın olacaq faktlardır. Bunlar tarixi faktlardır. Ona görə də bu tarixi faktlardan biz dərs çıxarmalıyıq. Tarixi faktlar hekayə deyil ki, oxuyub keçəsən; hətta hekayədən də dərs çıxarmaq lazımdır. Bu hadisədən çıxarılmalı olan dərsləri mən bir neçə cümlə ilə diqqətinizə çatdırmaq istəyirəm:
O gün İran xalqının topu, tankı, raketi, ağır silahları, hansısa bir hərbi texniki imkanları yox idi, amma qalib gəlmişdi. Niyə? Qarşı tərəfin həm top-tüfəngi, həm də tankı vardı; tankını küçəyə çıxartdı, xalqa atəş açdı, buna baxmayaraq məğlub oldu. İran xalqı ağır silahları olmadığı halda qələbə qazandı; o isə məğlub oldu, halbuki ağır silahları vardı. Niyə? Səbəb budur: Düzdür ki, İran xalqının ağır silahı yox idi, amma əvəzində mənəvi-ideoloji silaha sahib idi. Mənəvi-ideoloji silah isə bütün meydanlarda həlledici rola malikdir. Bəs İran xalqının mənəvi-ideoloji silahı nə idi? İran xalqının silahı dini təəssübü idi, imandan doğan qeyrət hissi idi, dahi İmamın (r.ə) onlara əmanət etdiyi və onlardan istədiyi məsuliyyət və vəzifə hissi idi. İmam (r.ə) hətta görkəmli din alimlərinin, müctəhidlərinin də məsuliyyətli olmasını tələb edərək fəryad edirdi: “Ey səssiz Nəcəf, ey sükuta qərq olmuş Qum!” (2) İmam (r.ə) xalqdan məsuliyyətli olmağı tələb edirdi və xalq da məsuliyyət hissini öz çiyinlərində hiss etdi. İran xalqının mənəvi-ideoloji silahı İrana, vətənlərinə bəslədikləri sevgi idi. Xalq amerikalı agentlərin, amerikalı muzdurların ölkədə necə at oynatdığını görürdü; təəssüflər olsun ki, hələ də bəzi ölkələrdə amerikalı agentlər: “Bunu et, onu etmə, bunu qoy, onu təyin etmə, bunu kənarlaşdır!” və s. bu kimi göstərişlər verirlər. O günlər İran belə bir vəziyyətdə idi, bunu isə xalq başa düşürdü, görürdü. Əlbəttə, vətəndaşların hamısı yüksək siyasi dairələrdə çalışmırdı, amma xəbərlər xalqa çatırdı; reallığı görürdülər. O günlər xalq İranın dövlət xadimlərinin – onlar əslində Amerikaya xidmət edirdilər; iranlı idilər, amma Amerikaya, sionist rejimə işləyirdilər – vətənlərinə etdikləri xəyanəti görürdü, başa düşürdü, əsəbləşirdi, hiddətlənirdi və bunlar onun ürəyində qalaqlanmışdı. İslam hərəkatı başlayanda qalaqlanmış, yığılmış bu qəzəb partladı, aşkar oldu və özünü göstərdi. Bu, mənəvi-psixoloji silah idi, bu, yumşaq silah idi. Xalqın əsas mənəvi silahı onun İslama olan inancı idi. Xalq dövlətin açıq-aşkar və ardıcıl şəkildə İslama qarşı mövqe tutduğunu görürdü: hicri-qəməri təqvimini dəyişdirdilər, İslam anlayışlarını dəyişdilər, islami məfhumları məktəb dərsliklərindən çıxartdılar, qeyri-islami anlayışları təbliğ etməyə başladılar. Bunları xalq görürdü. Ayıq-sayıq və diqqətli olan insanlar bunları başa düşürdü və xalqa çatdırırdılar. Bu, mənəvi-ideoloji silah idi; bu, mənəvi-ideoloji silah maddi texniki bazanın, top-tüfəngin, tankın qarşısına çıxdı və ona qalib gəldi.
Bütün bunlar keçmişə aiddir. Mən bunu demək istəyirəm ki, bu gün İran xalqı o vaxtkından daha yaxşı təchiz olunub, daha yaxşı silahlanmışdır; bu gün həm koqnitiv, psixoloji baxımından o vaxtkından güclüdür, hazırlıqlıdır, həm də maddi-texniki bazası və ənənəvi top-tüfəngi baxımından o günlə müqayisə oluna bilməz. Söhbət İslam Respublikasının düşmənləri ilə açıq-aşkar qarşıdurmadan, mübarizədən getdikdə, bəziləri irad tuturlar: “Cənab, niyə həmişə düşmənçilikdən danışırsınız? Niyə həmişə mübarizədən danışırsınız?” Bu insanlar qəflətdədirlər, diqqətsizdirlər. Bu qarşıdurmanı onlar başladılar, Amerika, Amerikadan asılı olan düşmənlərimiz başladılar. Niyə başladılar? Axı Amerika niyə İrana bu qədər nifrət edir, niyə İrandan bu qədər narahatdır? Niyə? Səbəbi aydındır; çünki bu ölkənin bütün sərvəti, maliyyə resurslarının hamısı bir vaxtlar Amerikanın ixtiyarında idi və İslam Respublikası gəlib bütün bunları onlardan aldı. Sizin də gördüyünüz kimi, bu gün Latın Amerikası ölkələrindən (3) birini blokadaya alıblar, ölkəyə qarşı tədbirlər həyata keçirirlər, sonra da utanmadan açıq-aşkar etiraf edirlər ki, məqsəd neftdir, biz bu işi neft əldə etmək üçün görürük! Burada da məqsəd neft idi; İranın nefti, yeraltı sərvətləri, əkin sahələri üçün idi. Tehran yaxınlığındakı bu geniş və münbit Qəzvin düzənlikləri bir zamanlar sionistlərin ixtiyarında idi və tədricən bu kimi ərazilərin sayını da çoxaldırdılar. Rejim Xorasan bölgəmizdə, Məşhədlə Quçan arasında yerləşən geniş bir ərazini bəhailərə, sionist və amerikalı ünsürlərə verməyə hazırlaşırdı. Əlləri hər tərəfə uzanırdı. İslam Respublikası gəlib onların bu əlini kəsdi. Aydın məsələdir ki, İslam dövləti ilə düşmənçilik edəcəklər.
Onlar ilk gündən etibarən düşmənçiliyə başladılar və İslam Respublikası onlarla qarşı-qarşıya durdu və bu düşmənçilik bu günə qədər də davam edir. Allahın yardımı sayəsində İslam Respublikası gündən-günə güclənib. Onların İslam Respublikasını məhv etmək üçün həyata keçirdikləri müxtəlif cəhdləri uğursuzluğa uğrayıb. Bu gün İslam Respublikası onların arzuladığının əksinə olaraq, Allaha şükürlər olsun, dünyada başıuca, güclü, qüdrətli və nüfuzludur. Məsələ budur. Onlar bu 47 il ərzində əllərindən gələn hər şeyi etdilər; bir ölkəyə qarşı edə biləcəkləri ən məkirli işləri gördülər. İranı hərbi sahədə, təhlükəsizlik sahəsində, mədəni sahədə hücuma məruz qoydular, iqtisadi sahədə sanksiyalar tətbiq etdilər, muzdurlar göndərdilər, bəzi iradəsiz insanları burada pul qarşılığında özlərinin muzduru etdilər. Bu illər ərzində bütün bu işləri həyata keçirdilər, amma məğlub oldular, heç nəyə nail ola bilmədilər. Bu gün İran, Allaha şükürlər olsun ki, İslam Respublikası sayəsində güclü bir dövlətdir; çünki İslam Respublikası hakimiyyətdədir. Əgər İranda İslam Respublikasının yerinə ondan-bundan asılı olan hansısa bir liberal demokrat, yaxud monarxiya rejimi hakimiyyətdə olsaydı, belə olmazdı. Bu, İslamın, xalqa söykənən dövlətin, İslam dövlətinin, yəni İslam Respublikasının sayəsindədir ki, İranı elmdə, texnologiyada, incəsənət və ədəbiyyatda, beynəlxalq siyasətdə, habelə bu kimi bir çox sahələrdə böyük nailiyyətlərə çatdıra bilmişdir. Bəziləri – əlbəttə, bunu əsasən xaricilər, ardınca da təəssüflər olsun ki, daxildə də onları dəstəkləyən, izləyən bir qrup insanlar irəli sürür – İranın dünyadan təcrid olduğunu deyirlər. Qətiyyən! İran, İran dövləti, İran İslam Respublikası təcrid olunmayıb. Bu insanlar özlərini aldadırlar. İran təcrid olunmayıb. Bu gün İran dünyada müstəqil, şücaətli və parlaq gələcəyi olan bir ölkə kimi qəbul olunur. Bu fəaliyyətlərin bir çoxu bizim gənclərin əməyinin məhsuludur.
Mən İran gəncləri haqqında da bir-iki kəlməni diqqətinizə çatdırmaq istəyirəm. Təbii ki, gənclərin hamısı eyni səviyyədə deyil, ümumiyyətlə insanların hamısı eyni səviyyədə deyil; gənclər, yaşlılar, insanlar, ruhanilər, tələbələr və digərləri arasında minimalizmə üstünlük verənlər var, hər cür olanı var. Amma ümumilikdə İran gənci düşmənin yalan iddialarının əksinə olaraq, İranın ən mühüm üstünlüyüdür. Ən böyük üstünlüyümüz gənclərimizdir. Müxtəlif hadisələr qarşısında üstünlüklərə ehtiyacımız var; bu gün ən mühüm üstünlüklərimizdən biri gənclərimizdir. Düşmən İran gəncini pis tanıtmağa çalışır. Demək istəyir ki, İran gənci siyasi cəhətdən yolunu azmış, Qərbdən asılı, dindən üz çevirmiş, əxlaqi cəhətdən laübalı, mənəvi cəhətdən çürük, ruhi cəhətdən zəif biridir; düşmən bu təsviri yaratmağa çalışır. İranlılar, xüsusən də İran gəncləri haqqında onların irəli sürdükləri, yaydıqları və analizlərində səsləndirdikləri bunlardır. Bu təsəvvür tamamilə yanlışdır; qətiyyən belə deyildir. İran gənci döyüş meydanında silaha sarılan, döyüş zamanı sinəsini sipər edən biridir. Müharibə vaxtı – istər 60-cı illərdə, yəni 8 illik məcburi müharibə zamanı, istərsə 12 günlük müharibə zamanı, istərsə də Hərəm Müdafiəsi zamanı – cəbhəyə göndərilməyən bu gənclərin bir çoxu yanımıza gəlib göz yaşı tökürdülər, xahiş edirdilər ki, bizi də göndərin, biz də cihad etmək istəyirik. Bu, döyüşkənlik deməkdir. Gənclər xidmətə hazırdırlar. Beləliklə, bu təsvir yüzdə yüz yanlışdır. Gənclərimizlə bağlı mən bir-iki məqama toxunmaq istəyirəm:
İran gənci döyüş zamanı silaha sarılır; siyasətdə aydın baxışı var, düşməni tanıyır, Amerikanı yaxşı tanıyır. Bir vaxtlar isə belə deyildi. Dini məsələlərdə diqqətli və məsuliyyətlidir. “Etikaf”, “22 Bəhmən” və “Qüds” günü yürüşləri, Ramazan ayında oruclu halda mərasimlərdə fəal iştirak onlara məxsusdur; daha çox onlar iştirak edir, bu kimi mərasimləri onlar təşkil edirlər. Son vaxtlarda geniş hal almış “Nime-yi Şaban”, Əmirəl-mömininin (ə), İmam Hüseynin (ə) və s. mövludları ilə bağlı keçirilən küçə şənlikləri gənclərə məxsusdur, bu fəaliyyətləri həyata keçirən gənclərdir. Dini bayramlar və əzadarlıq məclisləri gənclərlə dolub-daşır. Şəhidlərimizin dəfn mərasimlərini onlar təşkil edirlər; şəhidləri anan, hörmətlə yad edən, xatirəsini əziz tutan onlardır. Bizim gənclərimiz belədir. Keçən dəfə də dediyim kimi, (4) bir gündə kosmosa üç peyk göndərdik, (5) bütün bunları həyata keçirən gənclərimizdir. Nüvə sənayesində, kök hüceyrələrində, nanotexnologiya sahəsində, radiodərman vasitələrində dəqiq elmi araşdırmalar gənclər tərəfindən aparılır. Bizim gənclərimiz belədir. İnanclı gənclərimiz istər universitetlərdə olsun, istər teoloji mərkəzlərdə, istərsə də digər sahələrdə olsun bu xüsusiyyətlərə sahibdirlər və bu, həqiqətən də belədir. Gənclərimiz lazım gəldikdə, istənilən yerdə həm özünü fəda etməyə, həm araşdırma aparmağa, həm təhsil almağa, həm də siyasi arenada iştirak etməyə hazırdır; bizim gənclərimiz belədir.
Bəli, bəziləri də var ki, işləri-gücləri təxribat törətməkdir. Necə ki, dünən gecə Tehranda və bəzi başqa yerlərdə bir ovuc təxribatçı Amerika prezidentinə (6) xoş gəlsin deyə, öz ölkələrinə məxsus bir neçə inzibati binaya – məsələn, filan inzibati binanın divarına zərər vurmuşdu; çünki o, (ABŞ prezidenti) yersiz bir söz işlədib demişdi ki, əgər İran dövləti sizə qarşı nəsə etmiş olarsa, mən sizin – iğtişaşçıların və ölkəyə zərər vuranların – tərəfinizi tutacağam. Bu sözlər də onların ürəyini açır! Əgər o bacarırsa, qoy gedib öz ölkəsini idarə etsin. Öz ölkəsində müxtəlif cür problemlər baş verir. Onun əli mindən artıq iranlının qanına bulanıb. 12 günlük müharibədə generallarımız, alim və görkəmli şəxsiyyətlərimizdən əlavə, mindən artıq həmvətənimiz şəhid oldular. Həmin bu adam da özü etiraf etdi ki, hücum əmrini mən vermişdim, hərbi əməliyyata mən başçılıq etmişəm! Özü etiraf etdi ki, əli iranlıların qanına bulanıb. Sonra da deyir ki, mən İran xalqının tərəfindəyəm. Bir ovuc təcrübəsiz, diqqətsiz və düşüncəsiz adam da onun sözlərinə inanıb, onun istəyinə uyğun olaraq hərəkət edir, zibil qutularını yandırır ki, ona xoş gəlsin. Qoy hamı bilsin: İslam Respublikası neçə yüz min şərəfli insanın qızıl qanı sayəsində hakimiyyətə gəlmişdir. İslam Respublikası təxribatçıların qarşısında geri çəkilməyəcək, yadlara muzdurluq etməyə dözməyəcək! Kim olursansa, ol; əgər yadlara muzdurluq etsən, yadlar üçün çalışsan, həm xalq, həm də İslam dövləti səni muzdur kimi tanıyacaqdır. Bu, muzdurluq edənlər haqqında. Qoy dikbaşlıqla, təkəbbürlə orada oturub bütün dünya haqqında mühakimə yürüdən o insan (ABŞ prezidenti) da bilsin, adətən, dünyanın Firon, Nəmrud, Rza Xan və Məhəmmədrza Pəhləvi və onlar kimi istibdadçıları qürurun zirvəsində ikən devrilmişlər, bu da onlar kimi devriləcək!
Əziz gənclər! Dininizi, siyasi düşüncənizi, ölkənin inkişaf etdirilməsində hazırlığınızı, ciddiyyətinizi və birliyinizi qoruyun. Birliyinizi qoruyun. Bir yumruq kimi birləşmiş bir xalq istənilən düşmənə qalib gələ bilir. (7) İnşallah, Allah-Taala sizi, sizin bu birliyinizi qorusun. İnşallah, Uca Allah tezliklə İran xalqının hər bir üzvünün qəlbində qələbə qazanacaqları hissini daha da artırsın.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
_______________________________
(1) Cimmi Karterin 10.10. 1356 (red: 31.12.1977) tarixində İrana səfəri
(2) “Səhife-ye Emam”, c. 1, səh. 213. İmam Xomeyninin (r.ə) (12.02.1342) (red: 02.05.1963) tarixində Qumda ruhanilərlə keçirdiyi görüş zamanı etdiyi çıxışı: “Vay olsun, bu ölkəyə! Vay olsun, bu hakim dövlətə! Vay olsun, bu dünyaya! Vay olsun, bizə! Vay olsun, bu səssiz din alimlərinə! Vay olsun, səssiz Nəcəfə! Vay olsun, səssiz Quma! Vay olsun, səssiz Tehrana! Vay olsun, səssiz Məşhədə!”
(3) Venesuela Respublikası
(4) 13.10.1404 (red: 03.01.2026) tarixində “Əmirəl-möminin Əlinin (ə) mövludu günü və şəhid Süleymaninin şəhadətinin ildönümündə etdiyi çıxış”
(5) 07.10.1404 (red: 28.12.2025) tarixində İran “Paya”, “Zəfər-2” və “Kövsər” adlı üç peykini kosmosa buraxmışdır.
(6) Donald Tramp
(7) İştirakçıların şüarı: “Ey azad rəhbər! Biz hazırıq, hazırıq!”
